Sərraf Şiruyə
202
HƏLƏ MƏN
Fələk asıb bir tənəzzül nənnisi,
Sağa-sola yellənəcəm hələ mən.
Daş tökülüb axarımın yoluna,
Bir çuxurda sellənəcəm hələ mən.
Say deyirsən, mən yoxluqdan nə sayım?
Dada yetmir nə havarım, nə hayım.
Kömək üçün nə əmim var, nə dayım,
Öz-özümə küllənəcəm hələ mən.
Elə sanma şairlikdə bir dağam,
Təzə-təzə qönçələnən budağam.
Kələ-kötür, çayır tutan torpağam,
Baş-ayağa bellənəcəm hələ mən.
Baxma şeirim gəzir dildə, dodaqda,
Beş-üç kəlmə yazar körpə uşaq da.
Yüz sorğu var, yüz sınaq var qabaqda,
Yoxlanacam, əllənəcəm hələ mən.
Şiruyəni salma yersiz sorağa,
Pərvanələr qonar yanan çırağa.
Tələsimə, çoxdu məndən qabağa,
Lap axırda dillənəcəm hələ mən.
|