MİNNƏTDARIQ, MİNNƏTDAR
Dünya gözəlliyi insan üçündür,
Göyə, yerə minnətdarıq, minnətdar.
Bar verən torpağa, nurlu günəşə,
Neçə kərə minnətdarıq, minnətdar.
Sərraf Şiruyə
114
Biganə deyilik keçmişimizə,
Babalar igidlik öyrədib bizə.
İgidlər çalışıb ağ günümüzə,
Ərənlərə minnətdarıq, minnətdar.
Füzuli layiqdi hər haqqı-saya,
Nizami hikməti nurdu dünyaya.
Vurğun dühasına, Aşıq Alıya,
Ələsgərə minnətdarıq, minnətdar.
YOX-YOX
Cahil bazarında, nadan önündə,
Zərə zər qiyməti vеrilər? Yox-yox!
Sınmış könüllərin uçan tağları,
Naşı əlləriylə hörülər? Yox-yox!
Əgər xata dəysə bir kəsə dostdan,
Ölüncə ürəyi çıxarmı yasdan?
Yеtişməmiş mеyvə, dəyməmiş bostan,
Zavala düşməsə dərilər? Yox-yox!
Ay Şiruyə, qəflətdəsən, bir oyan,
Sənət yollarında nə dur, nə dayan.
Cavanlıqda ucalmayan, artmayan,
Qoca yaşlarında irilər? Yox-yox!
|