Sual 4. Günah və utanc sosial nəzarətin mexanizmləri kimi. Sosiotipik davranışın tənzimləyiciləri arasında əxlaq normaları, yəni düzgün və düzgün olmayan davranışlar haqqında təsəvvürlər sistemi mühüm yer tutur.
Fərdi şüur səviyyəsində normaları reallaşdıran motivlər kimi “qorxu”, “utanc”, “borc hissi”, “namus”, “vicdan”, “simanın qorunması”, “günah hissi”, “şəxsi mənlik hissi” və s. çıxış edə bilər. Tədqiqatçılar isə konkret mədəniyyətlər çərçivəsində bunların arasında qorxu, utanc və günah hissinə xüsusi əhəmiyyət vermişdilər.
Qorxu – insanın hər hansısa qaydanı pozduğu və ya pozacağı halda “onunla nə ediləcəyi” haqqında həyəcanndır. Y.M.Lotmanın qeyd etdiyi kimi qorxu nəinki insana, həm də heyvanlara xasdır, lakin qorxudan başqa əxlaqi normalara riayəti təmin edən xüsusi insani, mədəniyyətin formalaşdırdığı mexanizmlər mövcuddur. Bunlar xarici qiymətləndirməyə orientasiya kimi utanc (ətrafdakılar nə deyəcək, nə düşünəcək) və özünüqiymətləndirməyə orientasiya kimi günah (hansısa daxili normanın yerinə yetirilməməsi fərddə vicdan əzabı yaradır) hissidir. İnsan davranışının bu tənzimləyicilərini nəzərdən keçirən Benedikt qərb mədəniyyətinin günahını şərq mədəniyyətinin utancı ilə qarşılaşdırmışdır.
O, utancın tipik nümunəsi kimi “utanc hissinin xeyirxahlığın əsas əlaməti hesab olunduğu” Yaponiya mədəniyyətini nəzərdən keçirmişdir. Hər hansısa bir qrupa mənsubiyyətin fərdiyyətin qorunmasından daha mühüm hesab olunduğu və sosial davranışın əsas mexanizmi kimi utancın çıxış etdiyi mədəniyyətdə insanlarda öz davranışlarını başqalarının əxlaqi qiymətləri ilə müqayisə etmək vərdişi formalaşır. Yaponlarda utanc hissi hələ uşaqlıqdan, ictimai fikrə bələdləşmə, gülüş və təcrid olunma obyektinə çevrilmə ilə tərbiyə olunur.
Klassik günah mədəniyyəti kimi isə Benedikt ilkin amerikan sakinlərindən puritan mədəniyyətini nəzərdən keçirmişdir. Amerikan tədqiqatçılarının XX əsrdə ABŞ-da əxlaq normalarının yetərincə yumşalması haqqında fikirlərinə baxmayaraq bütün psixoloqlar müasir amerikanın nə dərəcədə güclü vicdan əzabına əsaslandığını bilir. Əsrlər boyu qərb mədəniyyətində uşaqların tərbiyəsi sərt intizama və fiziki cəzalara əsaslanmışdır.