01.05.1997
MƏNİ BAĞIŞLA
Nurlu sabahımın parlaq günəşi,
Üzmə ürəyimi min bir baxışla.
Yanan ocağımın odu, atəşi,
Əgər bacarırsan məni bağışla.
Sözün sözüm ilə düz gəlməyəndə,
Bir acı tənbehə üz gəlməyəndə,
Könül savaşına söz gəlməyəndə,
Əgər bacarırsan məni bağışla.
Taleyin şərqisi gah zildi, gah bəm,
Gözdə gah ələmdi, gah nəş‘ədən nəm,
Əbədi deyil ki, acı-şirin dəm,
Əgər bacarırsan məni bağışla.
Yaşın çoxluğunu il deyəndə də,
Ürək deməyəni dil deyəndə də,
O göz yaşlarını sil deyəndə də,
Əgər bacarırsan məni bağışla.
Dinlə Şadimanı könül sirdaşım,
Bir acı tənədən çatılsa qaşım,
Qəlb buludlayanda, axsa göz yaşım…
Əgər bacarırsan məni bağışla.
24.04.1997
|