AŞIQ ŞENLİK: Aşıq Şenlik (Həsən Qədir oğlu) 1853-cü ildə Qars vilayətinin Çıldır mahalının Suxara kəndində doğulmuş, 1912-ci ildə vəfat etmişdir.
Şenliyin yaşadığı dövrdə Qars vilayəti bir müddət rus imperiyası tərəfindən zəbt olunmuş, Şenlik gah Borçalı mahalında, gah da Qarsda yaşamalı olmuşdur.
Şenlik nəinki aşıq sənətini öyrənir, o həm də qısa müddətdə mollaxana və mədrəsədə ərəb və fars dillərinə yiyələnir, İslam dininə və şəriət qanunlarına bələd olur. Şeirlərində o, ərəb, fars sözlərini tez-tez işlədir, dini və şəriət qanunlarını bildiyi aydın duyulur.
Şenlik Aşıq Ələsgərlə bir məclisdə görüşüb-deyişib və dost kimi ayrılmışlar. Şenlik Ələsgəri özünün ustadı kimi qarşılamışdır.
Şenliyin zəngin mövzulu lirikası, ümumən, aşıq lirikasının kamil nümunələrindəndir.
Şenlik xeyli məhəbbət və qəhrəmanlıq dastanları yaratmışdır. “Lətif şah”, “Sevdəgar şah və Gülnaz”, “Salman bəy və Durna”, “Məhəmməd və Güldanə”, “Əhməd və Gözəl” dastanları onun adı ilə bağlıdır.
MOLLA CUMA: Molla Cuma (Süleyman Saleh oğlu Molla Oruc) 1854-cü ildə Şəki diyarının Layiski kəndində doğulmuşdur. İlk təhsilini Aşağı Göynük kəndində Hacı İbrahim əfəndinin mədrəsəsində almışdır. Mədrəsədə ərəb, fars dillərini, islam təlimini öyrənmiş, bir neçə il sonra mədrəsədən uzaqlaşmışdır.
Atası Saleh əkinçiliklə məşğul olduğundan Süleyman da gəncliyindən əkinçiliyi və təsərrüfatı özünün əsas peşəsi seçmişdir. Bununla belə Süleymanda gəncliyindən özünü büruzə verən fitri istedad, şeirə vurğunluq tədricən onun ruhunda, qəlbində yuva qurmuş, onu el arasında hazırcavab, sinədəftər aşıq kimi tanıtmışdır.
Süleyman tezliklə el arasında Molla Cuma kimi məşhurlaşmış, Süleyman adı unudulmuşdur.
Mədrəsədə dərs alması, eləcə də şəxsi mütaliəsi və klassik Azərbaycan, türk, ərəb, fars şairlərini öyrənməsi, fitri istedadı, həm də İsmi Pünahının onun qəlbinə nur çilənməsi Molla Cumanı qüdrətli sənətkar aşıq şair kimi məhşurlaşmışdır.
Molla Cuma 1920-ci ilin may ayında rus ordusu Şəkinin kəndlərinə hücum edərkən öldürülmüş, meyiti öldürülənlər arasından tapılmışdır.
Molla Cuma həm divan ədəbiyyatının, həm də aşıq poeziyasının demək olar ki, bütün şəkillərindən istifadə edərək zəngin bir irs qoymuşdur. O, gəraylı, qoşma, müxəmməs, divani, bayatı, təcnis, müsəddəs, mürəbbə, tərcibbənd, zəncirləmə, dübeyti və s. şəkillərdə sözün nadir və kamil nümunələrini yaratmışdır.
Aşığın poeziyasında təbii olaraq bəşəri ideyalar: insanın mənəvi aləmi, paklığı, ülviliyə, kamilliyə, qarşılıqlı məhəbbətə səsləyən incə hissləri özünəməxsus bədii təşbihlərlə təsvir və tərənnüm olunmuşdur. Və başqaları..