Ona iş stajı lazımdı. Özü də elə iş ki, istəyirsən gəl, istəmirsən gəlmə. Elə bircə adın orda olsun.
Maaş da ki, çox olmasa, hər halda xırda-xuruş cib xərcinə yarayardı. Nə olar ki, elə təki Allah
eləsin, uşaq çox fərasətli uşaqdır, gələcəkdə instituta girəndən sonra özünü hökmən göstərəcək.
Bu belə, sonra...
Yayın cırhacırında Rəşidin bağından çex, ya da alman pivəsi əskik olmur. Çünki pivələr
tramvay-trolleybus parkının mağazasından gəlirdi. Rəşidin özü o qədər də pivəbaz deyildi.
Ancaq qonaqlara belə tapılmayan şeyləri təklif eləmək ona ləzzət verirdi. Özü də elə adamlara
təklif eləyirdi ki, belə pivələrin qədrini bilən olsun.
Dillərinə Bakı pivəsi vurmazdılar! Üçüncü də, təzə işlər müdirinin vasitəsilə Rəşid avqust ayında
Yessentukidəki mədə-bağırsaq sanatoriyasına getmək üçün bir putyovka düzəltmişdi. Yenə də
özü üçün yox, dostlarının birinin xəstə anası üçün. Çünki vaxtında həmin dostun Rəşidə bir
yaxşılığı keçmişdi. Buna görə Rəşid də, Şahlarbəy demişkən, “borclu qalmaq” istəməyib,
dostunun yaxşılığından çıxmışdı. Ən nəhayət, dördüncüsü... daha yoruldum, həvəsim gəlsəydi,
bu səbəblərin sayını iyirmiyə, lap otuza çatdıra bilərdim. Onda görərdiniz ki, bir işlər müdirinin
Rəşidə və dostlarına nə qədər xeyri dəyə bilər. Haçan gəlsəydin, danışdıqları elə belə-belə
şeylərdən idi. Amma bu xeyirin nədən ibarət olacağını əvvəlcədən tapmaq çox çətin idi. Nə
qədər fikirləşirdinsə fikirləş, fərqi yox idi, axırda gözləmədiyin ağlına sığmaz bir şey ortaya
çıxırdı. Çox qəribə idi.
Kamil əmi heç vaxt Rəşidin belə söhbətlərini eşitməmişdi. Amma başa düşmüşdü. Bir dəfə
dedim ki, onlar yalnız öz xeyirlərini güdürlər və bu barədə çox ustadırlar. Onların bu ustalığına
heyran qalıram. Həmin gün qəzetlərdə maraqlı bir xəbər çıxdı. Yazırdılar ki, alimlər Şimal
çaylarından bəzisinin axarını dəyişəcəklər, onlardan biri isə geri axıb Xəzər dənizinə töküləcək.
Kamil əmi bu xəbəri ucadan oxudu. Və bildirdi ki, daha dənizimiz qurumayacaq, əksinə, yaxın
illərdə yenə də əvvəlki səviyyəsinə qalxacaq. Kamil əmi qəzeti yerə qoyub, bu layihənin
bəşəriyyət tarixində ən əzəmətli layihələrdən biri olduğunu dedi. Özü də dedi ki, kaş bu məsələ
həyata keçəndən sonra nələr baş verəcəyini görəydim.
Rəşid də fikrə getdi. Sonra qayıdıb dedi ki, doğrudan da çox mühüm və sevindirici məsələdir,
ona görə sevindirici məsələdir ki, təsərrüfatımıza böyük xeyri olacaq. Məsələn, qiymətli
balıqların miqdarı artacaq, gəmiçilik inkişaf eləyəcək. Bu layihə həyata keçiriləndən sonra
dənizin suyu mütləq qalxacaq, bir halda ki, qəzetlərdə yazıblar, deməli, belə də olacaq. Onda,
çox güman ki, şəhərin dənizkənarı hissəsi su altında qalacaq. Söz yox ki, hər şey öz qaydasına
250
düşəcək, çünki Bakı Soveti razı olmaz ki, vətəndaşlar narahatlıq keçirsinlər. Bütün işlərin
başlanğıcında olduğu kimi, bu işdə də təsadüflər ola bilər. “Şükür Allaha, – deyə o, Adiləyə tərəf
döndü, – mənzilimizi dəniz sahilinə dəyişməmişik, belə bir fikrimiz vardı. Amma gözəl
mənzildi, böyük, dənizə də axar-baxardı. Söz yox ki, daha dəyişmək lazım deyil”.
Kamil əmi təəccüblə ona baxırdı. Elə “onların bu bacarığına heyran qalıram” sözlərini də ondan
sonra dedi. Nailə tez söhbəti dəyişdi. Gördü ki, söhbətin gedişatından Rəşid narazıdır, istəmir ki,
ona heyran qalsınlar. Bircə Adilə üz vurmurdu, elə hey danışırdı, gedənə qədər dil-boğaza
qoymadı. Onlar gedəndən sonra Nailə Kamil əmini məzəmmət elədi ki, qonağı incik saldın.
Kamil əmi də üzr istədi. Ancaq yenə də dedi ki, Rəşidi görməyəndə özünü daha yaxşı hiss eləyir.
Nailə razılaşmadı. Dedi, Rəşid zərərsiz, xoşrəftar adamdı. Onun həddən artıq xırdaçı olması,
özünü ziyalı kimi göstərməyə çalışması isə onun nöqsanıdı. Ancaq bunlar o qədər də qorxulu
deyil. Maraqla gözləyirdim, gözləyirdim ki, görüm Kamil əmi nə deyəcək. Bunun cavabında
Kamil əmi nə desə yaxşıdır.
O, təntənəli bir ahənglə bizə bildirdi ki, iki nəfər sadəlövh və cahil adama, yəni mənimlə Nailəyə
bildirməyi özünə vətəndaşlıq borcu hesab edir ki, Rəşid və onun kimi adamlar xüsusi elmi-
tədqiqata möhtac olan bir ictimai hadisədir.
Nailə gülüb onun çox mübaliğə elədiyini, yəni məsələni çox şişirtdiyini bildirdi. Dedi ki, Rəşid
kimi adamlar elə bütün dövrlərdə vardı. Həmişə öz xırda-mırda işləri ilə məşğul olublar. Heç
vədə öz hədlərini aşmayıblar. Cızığından çıxmayıblar. Buna görə də ləyaqətli adamlar üçün heç
vaxt qorxulu olmayıblar və olmayacaqlar da.
Özləri də heç bir ictimai hadisə-zad deyillər.
Daha Kamil əminin ona nə cavab verdiyini eşitmədim, çünki söhbətin elə bu yerində nənəm
gəlib məni çağırdı. Sən demə, gecəyarıdan keçibmiş.
Qaba düyü tökdüm, Rəşidin dostu ilə vidalaşıb getdim. Pillələrimizi qalxanda bir maşının qapısı
çırpıldı və gurultu ilə uzaqlaşdı.
Gətirib düyünü verdim. Adilə söhbət eləyirdi. Mən də qulaq asırdım (onsuz da günortaya qədər
bir işim yox idi). Adilə Rəşiddən danışırdı. Deyirdi ki, şəkər xəstəliyindən şübhələnib. Elə-belə
xəstə adama oxşamır. Hər səhər idman eləyir, qantel oynadır, amma bir tərəfdən də yaman
dərmanbazdır, cürbəcür vitamin həbləri atır.
Əsəbləri sakitləşdirən dərman içir. Bir şeyi başa düşmürdüm. Başa düşmürdüm əsəbini niyə
sakitləşdirir. Onun bir dəfə də olsun hirsləndiyini, ya həyəcanlandığını görməmişəm. Sən demə,
şəkər xəstəliyindən qorxurmuş. Adilə bu xəstəliyin necə ağır xəstəlik olduğunu bizə başa saldı.
Üstəlik müalicəsi olmadığını da dedi. Buna görə də Rəşid qət eləyibmiş ki, özünü axıra qədər
yoxlatdırsın.
Əvvəlcə aparıb qanını analizə verib, sonra da özüylə şəhərə bir şüşə sidik aparıb, onu da analiz
üçün... O gün Rəşid Adiləyə deyib ki, səhər onu nazirliyə, rəisinin yanına çağırıblar, guya bərk
həyəcanlanıbmış, çünki rəis çox tündməcaz adamdır. Nazirlik başqa binada yerləşdiyinə görə,
elə bağdan birbaş ora gedib. Rəisin kabinetinə girəndə məlum olub ki, narahatlığa bir əsas
yoxdur. Əksinə, rəis çox mülayim danışıb, hətta Rəşidi eyhamla başa salıb ki, vəzifəsini
böyütmək fikrindədir. Bu xoş xəbərdən sonra Rəşid işə qayıdanda kefi doxsan doqquz vururmuş.
Ancaq ovqatının bu şirinliyi nahar fasiləsinəcən davam eləyib, poliklinikaya analizə getmək
istəyəndə də elə bu əhvaldaymış. Birdən Rəşid görür ki, bağdan gətirdiyi şüşə yadından çıxıb
251
rəisin stolunun üstündə qalıb. Evə qayıdanda vəziyyəti çox pis olub. Adilə ona təcili iynə vurub.
Nə qədər çalışıb ki, Rəşidi sakit eləsin, bir şey çıxmayıb.
Rəşid elə öz sözünün üstündə durub ki, rəis çox tündməcaz adamdı, dilxor olacaq. Elə biləcək ki,
qəsdən eləmişəm. Adilə ilə çox məsləhətləşdilər. Gah deyirdi ki, gözləyim, qoy şüşəni rəsmi
surətdə qaytarsınlar. Gah da deyirdi ki, gedim özüm geri istəyim.
Bazar ertəsi işə gələndə də bu barədə fikirləşirdi. Axır ki, rəisin katibəsi Rəşidə zəng elədi ki,
gəlib şüşəni aparsın. Katibə Rəşidlə çox mülayim danışıb, amma Rəşidin ürəyi sakit olmur, hələ
də məsələnin nəynən qurtaracağını gözləyir. Qanındakı şəkərin miqdarının artmasını da bu
məsələyə bağlayır, deyir ki, iş şüşə əhvalatında deyil, onun qorxusu başqa şeydəndi. Qorxur ki,
heç nədən böyük bir əmma çıxartsın. Amma aparıb yoxlatdırıb, məlum olub ki, heç bir şəkər
xəstəliyi-filan yoxdur.
Eyvanda süfrə açdıq. Bu gün ən çox xoşladığım yemək hazırlanmışdı – yarpaq dolması, ət kətəsi,
göy kətəsi, balqabaq kətəsi...
Axır ki, Rəşid də gəlib çıxdı. Gələndə özü ilə bir zənbil “Borjom” da gətirdi. Onun dediyinə
görə, “Borjom” çox xeyirli sudur, bədənə nə lazımdısa onun içində hamısı var.
Oğlunu qucağına alıb nazlaya-nazlaya oxşadı, ay mənim dovşan balam, ay mənim sərçə balam,
ay mənim ördək balam...
Hər səhər işə getməmişdən oğlunun çarpayısına yaxınlaşıb salam verir: “Sabahın xeyir, əziz
yoldaş naçalnik”. Sonra da oyanmasın deyə ehtiyatla öpüb gedir.
Adilə uşağı onun əlindən almaq istədi, Rəşid vermədi: “Dəymə, belə yaxşıdı, oğlum qucağımda
olanda çörək boğazımdan rahat gedir. Bir də ki, onsuz da yorulub əldən düşmüsən. Bir az
dincəlsənə”.
Sonra da hamıya nuşcanlıq dilədi.
Uşaq tox olduğu üçün sakit oturub hamının üzünə gülürdü. Çox yaxşı oğlandı: elə hey gülür...
Bir dəfə eşitməmişəm ki, ağlasın, ya şıltaqlıq eləsin. Ancaq axırda oturmaqdan yoruldu – nə
qədər bizim yeməyimizə baxsın? Yerə düşdü, Rəşid onu yenə qucağına aldı. Dedi ki, qoy atan
çörəyini rahat yesin. Axı atan sənin üçün işləyib pul qazanmalıdır. Onda uşaq əlini Rəşidin döş
cibinə saldı.
Rəşid gülüb mənə göz vurdu. Dedi ki, görürsən hərifi, pul lazım olub. Götür nə qədər istəyirsən.
Atanın pulları sənə qurbandır. Nə qədər götürsən heç uf da demərəm. Oğlan ordan bir kağız
çıxartdı, əlində oynadırdı. Rəşid heç buna fikir vermirdi. Başı qarışıq idi, dolmaya qatıq tökürdü.
Adilə kağızı uşağın əlindən alıb öz yanında süfrənin üstünə qoydu. Sonra kağıza baxdı. Kağızda
bir telefon nömrəsi var idi, ad-zad da yazılmamışdı. Adilə yaman fikrə getdi.
Rəşid ondan soruşdu ki, niyə belə fikrə getmisən, sonra iştahan küsər. Adilə kağızı götürüb
yerindən qalxdı, pəncərəyə yaxınlaşdı, əl çantası orda idi. Hara getdi, çantasını da özüylə aparır,
hətta çimərliyə gedəndə də, mağazaya gedəndə də, kinoya, qərəz ki, hər yerə... Gərək gözünün
qabağında olsun. Çünki üzüklərini, qolbaqlarını, başqa qiymətli şeyləri də çantada gəzdirir. Nə
qiymətli şey varsa ordadır. Hə, pəncərəyə yaxınlaşıb çantadan qeyd dəftərçəsini çıxartdı, nəyisə
tapıb tutuşdurdu, dayandı, sonra bizim yanımıza qayıtdı. Sifəti ağappaq ağarmışdı. Özü də
əsiməsim əsirdi. Ağzını açanda heç səsini də tanımadım. Kişi səsi kimi xırıltılı və kobud idi:
252
– Donuz oğlu, donuz!!! Yenə köhnə əməlinə qayıtmısan?
Rəşid ağzında nə vardısa, hamısını uddu. Az qala boğulacaqdı.
– Nə olub? Sənə nə olub?!
Vallah, bir mərəkə qalxdı ki, gəl görəsən! Mən o vaxtacan arvadın belə söyüş söydüyünü
eşitməmişdim. Nə gizlədim, bu sözlərin hamısını bilirdim. Ancaq bunları arvad deyəndə, başqa
cür olur, min dəfə pis səslənir. Özü də o danışmırdı, bağırırdı. O, xırıltılı səslə bağırırdı. Elə
bağırırdı ki, çox güman sahildə də eşidilirdi.
Rəşid ona yaxınlaşmaq istədi. Hardan, ona yaxınlaşmaq olardı?!
Adilə az qala onun gözlərini çıxardacaqdı. Əlini atdı, amma gözünə dəymədi, təkcə yanağında
iki qırmızı zolaq qaldı. Uşaqlar ağlaşırdı.
Mən də dayanıb neyləyəcəyimi bilmirdim. Bu vaxt nənəm ona bir stəkan su gətirdi. Guya
evimizdə hər gün belə şeylər olurmuş kimi, sakit səslə dedi:
– Siz çəkilin, görmürsüz, arvadın ürəyi gedir, – deyə balaca uşaq kimi, Adiləyə su içirtməyə
başladı.
O, bir az sudan içdi, təəccüb elədim ki, bu iki-üç qurtum suyu necə içdi. Dişləri stəkana dəyib
taqqıldayırdı. Adama elə gəlirdi ki, stəkanı çeynəmək istəyir. Suyu içəndən sonra yenə də söyüşə
başladı.
Əvvəlcə heç nə başa düşə bilmirdim. Sonra məsələ aydınlaşdı.
Heç demə kağızda Nailənin telefon nömrəsi yazılıbmış. Adilə gedib öz qeyd dəftərçəsindəki
nömrə ilə bunu tutuşdurub. Nömrəni onun dəftərinə Nailə özü yazmışdı.
Nənəm kənara çəkildi. Adilə yenə Rəşidin üstünə şığıdı:
– Mən kim olduğumu sənə göstərərəm, görərsən! Yadından çıxıb ki, hər şey mənim adımadır –
mənzil də, maşın da, əmanət kitabçası da! Yadından çıxıb?! Eybi yoxdur, yadına salaram! Hər
şeyi sənə başa salaram. – Sonra gedib taxtda oturub gözünün yaşını yeddi yerdən axıtdı. Bir
azdan sakit oldu, başını əllərinin arasına alaraq sakit-sakit ağlayırdı. Özü də elə yazıq-yazıq
ağlayırdı ki, elə bil əziz bir adamı ölmüşdü.
Bu dəfə Rəşid bir stəkan su doldurub ona yaxınlaşdı:
– Sakit ol, götür sudan iç.
O, Rəşidi itələdi.
– Özün sakit ol. Yeri, yeri, get, bir də boşanmaq üçün ərizə ver!
Hələ qabağımda diz çöküb yalvaracaqsan. O vaxt diz çökməyin yadından çıxıb? Ancaq daha bu
dəfə ərizəni cırmayacağam. O səfərkinin də payını indi alacaqsan!..
– Heç ayıb deyil? – Rəşid macal tapan kimi sözə başladı, özü də çox yavaşdan, nəvazişlə
danışırdı. Elə bil nə isə anlaşılmayan bir şeyi başa salırdı. – Axı belə şey sənin ağlına hardan
253
gəlib? Heç bilirsən ona niyə zəng eləmək istəyirdim? İstəyirdim onları barışdıram, deyirdim, qoy
ailə dağılmasın. Dedim, qoy zəng eləyim, sonra fikrim dəyişdi. Dedim ki, adamdır, ağlına
cürbəcür fikir gələr, daha zəng eləmədim. İndi özün görürsən ki, sən mənim can-ciyərim ola-ola
belə fikirləşəndə gör başqaları nə fikirləşər? Vallah, zəng eləməmişəm, o balalarımızın canına
and olsun ki, zəng eləməmişəm.
Yalan deyirəmsə, gözüm çıxsın... İnanmırsan? Sən ki, məni tanıyırsan.
Adilə daha yavaş-yavaş ağlayırdı.
– Səni lap yaxşı tanıyıram. Get bu nağılı onlara danış, bəlkə sənə inanalar!
– Sakit ol, – Rəşid yenə də onu sakit eləməyə çalışırdı. Yaman dilxor olmuşdu. – Yazıqsan, gör
özünü nə kökə salmısan? Yaman vasvası adamsan! Yaxşı, razıyam, qoy sən deyən olsun, səhv
eləmişəm.
İndi başa düşürəm ki, gərək əvvəlcə səninlə məsləhətləşəydim.
Bəlkə də gərək elə ikimiz bir yerdə zəng eləyəydik. Xahiş eləyirəm, sakit ol.
– O, arvadı ilə belə xoş danışsa da, mənə elə gəlirdi ki, ondan zəndeyi-zəhləsi gedir...
Çıxıb getdilər. Qabaqda Adilə gedirdi, dalınca da Rəşid. Bir əli ilə oğlunu sinəsinə basmışdı. O
biri əli ilə də Adilənin qoluna girmişdi.
Dallarında da qızları gəlirdi. Biz də nənəmlə oturub birbirimizin üzünə baxırdıq – bu da bizim
yeməyimiz!
Dinməz-söyləməz süfrəni yığışdırdıq. Sonra nənəmdən soruşdum:
– Sən bilirdin ki, Rəşid Kamil əminin bağını alıb bacısının adına saldırmaq istəyirmiş? – Arvad
elə bil heç məni eşitmirdi. Fikrə getmişdi.
– Nə fikrə getmisən, ay nənə?
– Şahlarbəy yadıma düşdü, Allah rəhmət eləsin. Kişinin eyvanda oturub nərd oynamağını
yadıma saldım. Zərifəyə uduzanda kişi yaman hirslənərdi.
Mən yenə dedim:
– Yəqin bizim bağı da almaq istəyir, indi ki, Kamil əmi ilə razılığa gələ bilməyiblər, deməli,
bizimkini alacaq.
– Kim bilir, bəlkə də ürəyindən keçir, – deyə nənəm cavab verdi. – Bir-iki ildən sonra alar də...
Onda bağ kimə lazım olacaq?
Atan-anan dəli keçi kimi dağları gəzir, yay gələn kimi o dağ sənin, bu dağ mənim. Daha dərə-
təpə, düz qoymayıblar.
– Ata-anam? Bəs biz adam deyilik? Bizə ki, bu bağ lazımdır!
254
– Sən də gələn yay onlarla gedəcəksən. Elədir, ya yox? Mən də ki, bir-iki illik qonağam, bağsız
da keçinərəm.
– Yox, – razı olmadım, – burda olacaqsan. Mən də gəlib tez-tez sənə baş çəkəcəyəm, yaxşı?
– Nə deyirəm, qoy sən deyən olsun, – nənəm başımı sığalladı.
– Yaxşı Rəşid bura gəlib bağ söhbəti salsa, onda özün deyərsən ki, biz heç nə satmırıq. Hə, indi
get nənən üçün su gətir... Belə-belə şeylər barədə fikirləşmək sənin üçün hələ tezdir, uşaqsan.
– Mən uşağam? Balaca olsam da mövhumatçı deyiləm! Nənə, sən yəqin bilirsən ki, bayquş
gələndə adam ölər?
– Ölməyi vacib deyil, sənə dedim ki, ya ölər, ya da başına bir bədbəxtlik gələr.
– Yəni bir şey olmaya bilməz?
– Yox. – Nənəm diqqətlə mənə baxdı. Sonra yaxınlaşıb yanımda oturdu. – Qurban olum, sən
nigaran olma. Sənə heç nə olmayacaq.
Nə qədər ki, mən burda səninləyəm, lap arxayın ol. Bayquşun gəlib-gəlməməyinin sənə dəxli
yoxdur. Başa düşdün? – O yenə də başımı sığalladı.
Gör söz gəlib hara çıxdı? O elə bilir ki, mən özümdən nigaranam!
Çox qəribə vəziyyətdir. Nə ki mənim başıma gəlməli pis şeylər var, öz üstünə götürmək istəyir?
Günah-münah bilmirəm!
Kamil əmi gələn kimi gedib yalvaracağam ki, o bayquşu güllə ilə vursun. Təəccüblüdür, görəsən
harda qalıb belə? Adətən, Rəşid gələndən qırx-qırx beş dəqiqə sonra o da gəlib çıxırdı, uzaq başı
bir saata.
Bir az kitab oxudum, bir az da televizora baxdım. O vaxtacan hava qaraldı, amma Kamil əmi
gəlmədi ki, gəlmədi. Çıxıb eyvanda oturdum.
Yağış başladı. Əvvəlcə adicə yağış idi, sonra elə yağdı ki, gəl görəsən! Mən neçə vaxtdı belə şey
görməmişdim. Bilmirəm bu gün niyə belə olub – səhər duman, axşam leysan. Nənəm də eyvana
çıxdı. Dedi ki, bu yağışın heç yeri deyil – ənciri korlayacaq. Heç bilmirəm bu da əlamətdi, ya
yox? İndi ki, nənəm deyir, deməli, əlamətdir. O biri tərəfdən də bunu hava haqqında məlumat
kimi qəbul eləmək olar. Baxaq görək on gündən sonra əncir necə olacaq?
Kamil əmi də gəlib çıxmır. Heç belə gecikməmişdi. Dalbadal ildırım çaxır. Adama elə gəlir ki,
kim isə yuxarıda elektrik xəttinə qayçı keçirir. Bir dəfə axmaqlıq eləyib mən də belə iş tutdum.
Fors göstərmək istəyirdim. Əvvəlcə qığılcım çıxdı, sonra da indiki kimi, ozon qoxusu gəldi.
Əvvəlcə nənəm danladı, anam da işdən qayıdandan sonra mənə bərk acıqlandı. Bəlkə Kamil
əminin başına bir iş gəlib? Belə tufanda nə desən olar! Keçən il qumun içində qəhvəyi rəngli
şüşəyə bənzər bir şey görmüşdüm. Dedilər ki, guya ildırım yeridir, bura ildırım düşüb. İndi gör
belə şey adama dəysə nə olar? Sonra da deyəcəklər ki, bayquşun ucbatından olub! Doğrudan, bu
vaxtacan harda qaldı axı?!
Nənəm yenə eyvana çıxdı.
255
– Bu qaranlıqda niyə oturmusan? Əyninə bir şey geysənə!
Soyuqdan gör necə büzüşmüsən?
– Deyirəm, görəsən, Kamil əmiyə bir şey olmayıb ki?
– Bu hardan ağlına gəlib?
– Elə-belə. İndiyəcən gəlib çıxmayıb.
– Özündən şey uydurma... Heç nə olmayıb, odur ey, gəlir, bu da sənin Kamil əmin!
Elə sevindim ki, daha nə deyim, heç özüm də bilmirdim niyə sevindim. Yaşlı bir adam şəhərdən
bağlarına qayıtmışdı. Elə yeriyir ki, elə bil heç yağış-zad yağmır, tələsmir, tənəklərin üstündən
adlayaadlaya keçir. Mən də öz yerimdə oturub sevinirəm! Yaxşı ki, bundan heç kimin xəbəri
yoxdur.
– Hara?
– Bu saat gəlirəm. Bircə şey soruşub qayıdıram.
– Əyninə bir şey geyməmiş heç yana buraxmaram. Sonra əziyyətin mənim üstümə düşəcək.
Bağ lap yaxında idi. Amma özümü ora yetirənəcən tamam islandım. Eyvandakı talvarın altında
dayandım. Nə qədər ki, həyətdə yüyürürdüm, hər şeyi görürdüm, dalbadal ildırım çaxırdı.
Hər yer işıqlanırdı. Amma bura qaranlıqdı, iki addımlıqdan gözgözü görmürdü. Evin qapısı
açıqdı, Ancaq xeyri nə idi, içəri eyvandan da qaranlıqdı. Elə bil heç evdə adam yoxdu. Qapqara
zülmət! Kənardan içəri adlaya bilmirdim. Bircə küləyin vıyıltısı, bir də yarpaqları döyəcləyən
yağışın səsi eşidilirdi. Meynə yarpaqlarına dəyən yağış lap karton səs verirdi.
– Axşamın xeyir! – deyə o, yaxınlaşıb işığı yandırdı. Sonra yenə də qayıdıb kresloda oturdu. Yaş
paltarını da dəyişib eləmədi.
Üzümə baxdı, gülümsəmədi, sifəti çox yorğun idi.
Elə kənardan soruşdum:
– Kamil əmi, siz öləcəksiniz? – Amma özüm də başa düşdüm ki, axmaq söz danışdım. Ancaq
neyləyə bilərdim, özümü saxlaya bilmirdim.
Doğrudan da sual o qədər axmaq sual idi ki, özüm də mat qalmışdım. Axırıncı sözü güclə dedim.
O gülümsəyib dedi:
– Öləcəyəm.
Öz-özümə fikirləşirdim ki, indi “salamat qalın” deyib getməliyəm.
– Necə ki? Bu barədə əlində bir məlumat-zad var?
İndi ona nə deyim?
256
Səsimi çıxarmadım. Yerindən qalxıb mənə yaxınlaşdı, çiyinlərimi qucaqlayıb dedi:
– Lap islanmısan, pencəyini çıxart, mən də çay qoyum.
Oturub bir az söhbət elədik. Dedi ki, bazar ertəsi aylıq hesabat verməlidir. Ona görə də bu gün
idarədən gec çıxıb. İşlərini sahmana saldığı üçün ləngiyib. Danışdıqca, hiss eləyirdim ki, işindən
çox narazıdır, işini ürəkdən sevmir.
Sonra gözlənilmədən söhbəti dəyişib dedi:
– Əlbəttə, öləcəyəm, bəs sən nə bilirdin? Ancaq belə tezliklə yox.
Heç bilirsən nə qədər görüləsi işim var? Lap istəsəm də indi ölə bilmərəm. Gərək bu işlərin
hamısını sahmana salım.
Aydın məsələdir ki, iş deyəndə idarədəki işini nəzərdə tutmur.
Onda belə çıxır ki, ölənəcən beləcə gecə-gündüz makinanı taqqıldadacaq.
Əvvəllər heç olmasa ucadan oxuyardı. İndi yazdığını da oxumur...
– Axı nəyə lazım? Siz elə hey yazırsız, amma heç kim çap eləmək istəmir.
Bu sözləri deyəndə o mənim üçün çay süzürdü. Birdən gözünün altı səyridi, qaşlarını çatdı,
stəkanı qabağıma qoyub diqqətlə mənə baxa-baxa başını buladı:
– Əhsən! – O, gülümsünüb ikinci stəkana da çay süzdü. – Əhsən, əcəb dostsan!
Adi vaxtlarda axşam saat on olan kimi nənəm məni evə səsləyirdi.
Amma indi on birə on beş dəqiqə qalmışdı, heç onun səsi gəlmirdi.
– Səbr elə, məni çap eləyəcəklər. Bilmirəm nə vaxt eləyəcəklər, sabah, bir aydan, bir ildən sonra,
amma gec-tez eləyəcəklər.
O vaxtacan gərək mənim sözümə inanasan. Heç olmasa sənsə inan, xahiş eləyirəm. – O çox ciddi
xahiş eləyirdi.
O matros paltarı geymiş balıqçı oğlan yadıma düşdü. Birinci dəfə görsəm də, nədənsə elə ilk
dəqiqədən onun da sözünə inanırdım.
O deyəndə ki, üçüncü nərəni də tutacaq, heç şübhə eləmirdim.
– Sizə inanıram. And içirəm, Kamil əmi.
– Çap eləməyinə eləyəcəklər, – deyə o, fikirli halda cavab verdi, – Ancaq belə məlum olur ki, Dostları ilə paylaş: |