salındı və onun üzərinə müxtəlif yeməklər düzüldü. Sayı 140 olardı.
Bunu yığışdırıb yerinə meyvələrlə dolu və digər yeməklərlə bəzə-
dilmiş (sayı 150 olardı) süfrə açdılar. Mənə burada “xoş gəldin”
deyildi. Ertəsi gün isə məni ova dəvət etdilər. Ov əyləncəli keçdi.
Dönəndə oranın adətilə tikilmiş uzun paltar təqdim etdilər və məni
geyindirib xanın yanına apardılar. Əlini öpdüm. Sonra o məni
yanında oturtdu və naharı birlikdə etdik. Söhbət əsnasında ovun
necə keçdiyi barədə xəbər aldı. Qayıdarkən mənə əla at bağışladı.
Yolu davam etmək üçün hətta bələdçi və nəzarətçi də verdi.
Nəhayət, Ərdəbilə çatarkən xaricilər və müxtəlif səyahətçilər üçün
nəzərdə tutulmuş ağ daşdan tikilmiş karvansarayda yerləşdirildik.
Burada hamı ərzaq və at üçün yemlə təmin olunur” (14, 109-113).
268
Hər hansı bir səyyahın və ya tacirin müəyyən bir evə qonaq sifəti ilə
müraciət etməsi və yüksək səviyyədə qəbul olunması qonaqpər-
vərlik adətinin Azərbaycanda mühüm əhəmiyyət kəsb etdiyinə
dəlalət edir. Şah İsmayıl Xətai yazır:
Yenə mehman gördüm, könlüm şad oldu,
Mehmanlar, siz bizə səfa gəldiniz!
Qar-qış yağar ikən, bahar-yaz oldu,
Mehmanlar, siz bizə səfa gəldiniz! (39, 182).
Varlı adamların, dövlətlilərin həyətlərində qonaqlar üçün ayrıca
tikili mövcud olurdu. Belə tikililər, adətən, ümumi həyətin münasib
yerində inşa edilirdi. Karvansarayların olmadığı yerlərdə (əsasən
dağlıq bölgələrdə və kəndlərdə) buna daha çox ehtiyac duyulurdu.
Qonaq üçün ayrıca ev tikilməsi ölkəmizdə qonaqpərvərliyin
geniş yayılması ilə əlaqədardır. Belə evlər görkəmi, yaraşığı və
sahmanı ilə diqqəti cəlb etməlidir.
Qonaq evinin bəzədilməsi də mühüm şərtlərdən hesab olunur.
Bu həm ev sahibinin zövqünü, həm də qonağa hörməti əks etdirən
əlamətdir. Evin və ya qonaq üçün ayrılmış otağın bəzədilməsi onun
rahatlığını və tam sərbəstliyini təmin etmək məqsədi daşıyır. Hər bir
ailə belə evlərin və ya otaqların əsasən xalçalarla bəzədilməsinə üs-
tünlük verir. Özü də “qonaq otaqlarını bəzəmək üçün bir neçə xalça-
dan ibarət dəst xalçalar ölçüsünə, formasına və kompozisiyasına gö-
rə müxtəlif olur: otağın orta hissəsinə sərilmiş iri xalça (xalı), yuxarı
tərəfdə yerə salınan “baş” xalça və ortadakı iri xalçanın yanlarında
salınan “kənarə xalça” (40, 75). Bundan əlavə, qonaq otaqları yataq
ləvazimatı ilə təchiz olunur və müxtəlif əşyalarla, hətta musiqi aləti
ilə tamamlanırdı. Ev sahibinin qonaq qarşısında böyük məsuliyyət
daşıması ilə bərabər, qonağın da özünü necə təqdim etməsi, ədəb-
ərkanı da vacib sayılır. Qarşılıqlı anlaşma və səmimi münasibət öz
növbəsində qonağın davranış tərzində təzahür edirdi. Ədəb
qaydalarına uyğun hərəkət etmək, təmkinini pozmamaq, düşdüyü
yad mühitdə, oranın adətinə müvafiq davranmaq kimi xüsusiyyətlər
269
də qonağın üzərinə düşən məsuliyyətdir. Qonaq qətiyyən ailənin
daxili işlərinə qarışmamalı və yersiz müdaxilə etməməli idi.
Beləliklə, ev sahibi və qonağın qonaqpərvərlikdə mövcud dav-
ranış qaydalarına riayət edərkən hərəkətləri ölçülü olmalı, bir-birini
tamamlamalı, xalqın adətlərinə uyğun şəkildə icra olunmalı,
qarşılıqlı səmimiyyətlə müşayiət edilməli idi.
Azərbaycanda olarkən lütfkar və nəzakətli tacirlər tərəfindən
dəfələrlə qonaq edilən, mehribanlıq, gülər üz görən XVII əsr alman
alimi Adam Oleari öz məlumatlarında qeyd edir ki, azərbaycanlılar
bizim üçün yeni, çoxdan arzu etdiyimiz bir xalq idi ki, biz onlarla
daha yaxından tanış olmağa can atırdıq. Müəllif qonaqlıq mərasi-
mində müsiqinin müşayiətindən və musiqi alətlərindən də söhbət
açır (33, 148-149).
Adətə görə, çalğı olan məclisdə ona qulaq asmamaq, başqa bir
işlə məşğul olmaq, çox danışmaq ədəb qaydalarından kənar
sayılırdı.
Şamaxıda varlı bir adamın evində qonaq qalan Aleksandr Düma
xatırlayır ki, ev yiyəsi onun şərəfinə yaxşı süfrə açmış, şam və çıraq
yandırılmış, xalça ilə bəzədilmiş xüsusi bir otaqda hər cür rahatlı-
ğının təmin olunmasına imkan yaratmışdı. Hətta A.Düma özünün
qaldığı otaqda masa üzərində kağız və qələm belə qoyulduğunu
qeyd edir (22, 80).
Qonaq evinin və ya otağının bəzədilməsi heç də formal xarakter
daşımırdı. Evin içi və ya qonaq otağı yüksək zövqlə bəzədilir-
di. Qonaq burada qaldığı müddətdə qonaq otağının içindəki hər
şey məhz ona məxsus olurdu. Bu da xalqımızın qədim adətlərin-
dəndir. Bu o demək idi ki, otaqda olan hər bir əşya qonağın
istifadəsinə və ixtiyarına verilirdi, lazım gəlsə, hətta ona bağışlana
da bilərdi. Əlbəttə, ev sahibləri qonaq evlərinin daxili görkəmi ilə
yanaşı, xarici görkəminin də yaraşıqlı olması üçün əllərindən gələni
əsirgəmirdilər. Orta əsrlərdə tikilən evlərin quruluşu müxtəlif
olurdu. Azərbaycan ərazisinə qədəm basan səyahətçilər burada
tikilən evlərin quruluşu barədə də məlumat vermişlər. Evlərin bəzisi
kərpicdən, digərləri isə daşdan və bir qayda olaraq, dördbucaq
270
şəklində tikilirdi. Şotlandiyalı həkim Bel göstərir ki, evlərin dam
örtüyü hamar və dairəvi vəziyyətdədir. Evin içərisi təmiz və
rahatdır. Döşəməyə xalça salınır. Divarların müxtəlif çiçəklərlə
bəzədilməsi və rəsmlər çəkilməsi evlərin görkəmini daha da
gözəlləşdirir (14, 401). Azərbaycandakı evlərin quruluşu barədə
Qafqazla yaxından tanış olan rus tarixçisi, Rusiya Akademiyasının
həqiqi üzvü P.Q.Butkov da xəbər verir. Xanın evini təsvir edən
P.Q.Butkov yazır ki, bu, Narınqalada yüksəklikdə daşdan tikilmiş
ikimərtəbəli evdir. Dördbucaqlı şəklində tikilən evi Qış Sarayına
bənzədən müəllif qeyd edir ki, evin ortasında hovuz vardır. Evin
şəhərə baxan tərəfində şüşəbənd mövcuddur. Otaqlar təsvirlərlə
bəzədilmişdir, rənglər isə olduqca canlıdır. Şəkillər qədim döyüş,
məhəbbət və ov səhnələrinə həsr edilmişdir. Tavana gül rəsmləri
həkk olunmuşdur. Hər tərəfdən otaqlara qapılar açılır. Otaqlarda
güzgülər və digər bəzək əşyaları mövcuddur, onların pəncərələri
müxtəlif balaca şüşələrdən ibarətdir ki, bu da füsunkar rəngli qövsi-
qüzehi xatırladır. Evlərdə pərdələr də asılmışdır (14, 419-420).
Müasir dövrümüzdə qonaqların saxlanması məsələsinə öz
əsərlərində toxunan görkəmli yazıçı İsmayıl Şıxlı da bu barədə öz
müşahidələrini belə qələmə almışdır. Bir dəfə yazıçı Bərdədə ona
qohumluğu çatan Həsən Qiyasbəylinin (Qazağın Kəmərli kəndindən
idi, Səməd Vurğunun yaxın dostu olmuşdu) dörd-beş gün qonağı
olur. Ürəyi də süfrəsi kimi açıq, ucaboylu, şəxsiyyətli bu adamın
qəribə təbiəti varmış. Ataları tez öldüyündən üç-dörd bacı-qardaş
yetim qalmışlar. O danışırmış ki, adımız bəy olsa da, kasıb idik.
Atamın ölümündən bir neçə ay sonra bir gün gördük ki, kəndin
ortasından keçən çayın o üzündəki təpəlikdən kəndə enən torpaq
yolla beş-on atlı gəlir. Anamız təlaşla gələn qonaqların atamızın
dostları olduğunu söyləyir. Evdə heç nə olmadığından qonşuya
göndərilən uşaqlar bütün lazımi azuqəni əldə edirlər. Hətta oduna
qədər borc alırlar. Atlılar evə çatanadək köməyə yetişən qonum-
qonşu sayəsində xəmir yoğrulub heyvan kəsilir, samovar buğlanır.
Düz bir həftə yemək-içmək olur. “Bilmədik aşığı kim çağırdı.
Həyətdə boyun-boyuna verən erkəkləri kim göndərdi, un dolu
271
çuvalları, odun dolu arabaları kim göndərdi, kim gətirib həyətə
boşaltdı. Bilmədik bizə əl-ayaq verən, odun doğrayan, heyvan kəsib
kabab çəkən, xəmir yoğurub kündə salan, sac asıb fətir yayan,
bulaqdan su daşıyıb samovar qaynadanlar kimlərdir? Qonaqlar
gedəndən sonra toydan avazımış kimi oturub nəfəsimizi dərdik və
gördük ki, evimizdə düz üç-dörd aylıq azuqə var. O gündən Allah
bizim ruzimizi verdi. Süfrəmiz həmişə bol, evimiz qonaq-qonaqçalı
oldu” (41, 56-58). Buradan da aydın göründüyü kimi, əl tutmaq,
yardım etmək qonaqpərvərlikdə ən əsas xüsusiyyətlərdəndir. Bir də
ki, qonağı ev yiyəsi yola sala bilmədikdə el yola salar. Bu,
qonaqpərvərliyin məhdud ailə çərçivəsindən çıxıb el-oba işinə
çevrilməsinin bariz nümunəsidir. İnsani münasibətlər xeyirxahlıq
yolu ilə əldə oluna bilər. İnsanların bir-birinə əl tutub kömək etməsi
mənəviyyat qanunu və ən şərəfli iş hesab olunurdu.
Qonaqların saxlanmasında karvansarayların da böyük rolu
olmuşdur. Karvansaraylar bir sıra Şərq ölkələrində olduğu kimi,
Azərbaycanda da mövcud olmuşdur. Şəhərlərdə və mühüm ticarət
əhəmityyətli yollar üzərində salınan karvansaraylar mehmanxana
tipli tikili kimi geniş yayılmışdı. İri ticarət mərkəzlərində onların
sayı daha çox olurdu. Azərbaycanın bütün ərazilərində karvan-
sarayların tikilməsində müəyyən bir oxşarlıq vardı. Karvansaray-
larda istirahət otaqları ilə yanaşı, eyni zamanda yeməkxana, axurlar,
anbarlar, dükanlar və s. olurdu. Azərbaycan ərazisinə müxtəlif
məqsədlərlə təşrif buyurmuş qonaqları məhz müvəqqəti sığınacaq
yerləri olan ev tipli karvansaraylarda yerləşdirirdilər. Azərbaycana
müxtəlif zamanlarda gəlmiş və ölkəmizin ayrı-ayrı şəhərlərində
olmuş səyahətçilər və tacirlərin demək olar ki, əksəriyyəti belə
karvansarayların mövcudluğundan bəhs etmiş, hətta onların daxili
və xarici görünüşü barədə söz açmağı belə unutmamışlar.
1561-1563-cü illər ərzində Səfəvilər dövründə Azərbaycana
gəlmiş ingilis səyyahı, tacir Antoni Cenkinson yaraşıqlı Ərdəbil
şəhərində yalnız kömək məqsədilə əcnəbiləri və səyyahları yerləş-
dirmək üçün ağ daşdan tikilmiş karvansarayda qaldığını qeyd
272
edərkən göstərir ki, burada hamıya yemək verilməklə yanaşı, hətta
atlar belə yemlə təmin olunurdu.
1615-16-cı illərdə I Şah Abbasın yanına göndərilmiş qasid Qri-
qori Şaxmatov Azərbaycanda olması haqqında məlumat verir. Lakin
onun qonaqpərvərlik haqqında məlumatı bir o qədər də zəngin
deyildir. O burada qaldıqları müddətdə yalnız at, araba və azuqə ilə
təmin olunduqlarını qeyd etməklə kifayətlənmişdir. Karvansaraylar
barədə məlumatlar zəngindir. 1615-ci ildə I Şah Abbasın yanına
göndərilmiş rus səfiri Mixail Petroviç Baryatinski yolboyu karvan-
saraylarda qalmalarından bəhs etmişdir. O, eyni zamanda, yeri
gəlmişkən, Usub xan tərəfindən göndərilmiş ərzaq məhsulları (kürü,
yağ, üzüm, giləmeyvə, armud, alma, şaftalı, gilənar, şərab, çörək,
qoyun, toyuq və s.) barədə də söz açmışdır.
1623-cü ildən səyahətə çıxan Moskva taciri Fyodor Afanas-
yeviç Kotov Azərbaycanda çoxlu karvansarayın olduğu barədə
məlumat verir.
XVII əsr rus zadəganı, dini-siyasi xadim Artemi Suxanov Gən-
cədə nahar edib karvansarayda qaldığını qeyd edir. XVIII əsr rus
dövlət xadimi Artemi Petroviç Volınski də həmçinin karvansaraylar
haqqında məlumat vermişdir (14, 350). Yuxarıda adı çəkilən şotlan-
diyalı həkim Bel 1715-1718-ci illərdə Azərbaycan ərazisindəki
karvansaraylar haqqında yazır ki, əhatəsində səyahətçilər üçün sığı-
nacaq və atlar üçün tövləsi olan, mərkəzi hissəsində həyəti yerləşən
dördbucaqlı tikililəri karvansaray adlandırırlar. Müəllif fikrinə da-
vam edərək göstərir ki, belə binaların böyüklüyü və genişliyi onu
inşa edən şəxsin səxavətindən və biliyindən asılıdır. Adətən, belə
binalar su mənbələrinə yaxın yerlərdə salınır və karvansaraylar
arasındakı məsafənin uzunluğu demək olar ki, bir günlük yol olur.
Belə karvansaraylar Şərqdə mehmanxanaları əvəz edir və qeyd
etmək lazımdır ki, onlar səyyahlar üçün çox rahatdır. Karvansa-
raylar içərisində elələri vardır ki, orada təxminən beş yüz adam və
onların atları yerləşdirilə bilərlər. Adətən, burada yalnız qoruqçu
yaşayır ki, o da lazım olanda səyyahların qida məhsullarına ehti-
yacını və başqa tələbatlarını yerinə yetirirdi. Bu məlumatlarla yana-
273
şı, Bel həmçinin dağılmış karvansaraya da rast gəldiyini qeyd
etmişdir (14, 392). Eyni zamanda o, burada nəinki öz rahatlığını
təmin etmək, həmçinin xarici tacirlərin mallarını belə satması üçün
əlverişli şəraiti olan karvansaraylardan da söhbət açır. 1670-1673-cü
illərdə Azərbaycan ərazisində olmuş hollandiyalı dənizçi Yan Streys
karvansaraylar haqqında ətraflı məlumat verməsə də, Ərdəbil
şəhərində gözəl bir karvansarayda qaldığını söyləmişdir.
1684-cü ildə Azərbaycanda olmuş alman alimi Kempferin Binə
kəndinin camaatı tərəfindən necə qarşılandığı barədə verdiyi məlu-
mat maraq doğurur: “Axşam düşəndə biz Binə camaatının qonaq-
pərvərliyinin şahidi olduq. Onlar bizi karvansarayda gecələməyə
qoymadılar. Kənddə əhali bizi çox mehribanlıqla qarşılayıb xalça-
larla bəzədilmiş mənzilə apardılar. Biz içəri girən kimi kənd əhalisi
salamlaşmaq üçün axışıb gəldilər. Gələnlər özləri ilə üzüm, alma,
nar və başqa yeməli şeylər gətirirdilər. Gecədən xeyli keçənə qədər
əhali bizimlə söhbət etdi, musiqi çaldılar, xorla mahnılar oxudular,
kollektiv rəqs etdilər və s.” (42, 37)
Kənd mühitində qonaqpərvərliyin icrası haqqında Abdulla Şaiq
“Köç” hekayəsində məlumat verir. O, yaylağa köç edən bir ailədən
söhbət açır. Belə ki, bu ailə hələ öz alaçığını qurmadığından ondan
əvvəl köç edənlərdən birinin alaçığına qonaq düşməli olur. Bu heka-
yədə ailənin necə mehribanlıqla qarşılanmasından, dərhal bütün qa-
dınlar və uşaqların yığışmasından, güləruz və mehriban münasibət-
lərindən bəhs edilir. Kərim babanın dili ilə “Qonaqları incitməyin,
yoldan gəliblər, qoyun bir az rahat olsunlar”, - deməsi qonağa mü-
nasibətin təzahürüdür (43, 12). El qaydasına görə, qonağı qəbul et-
dikdən sonra onu müəyyən müddət tək buraxmaq məsləhətdir ki, bir
qədər dincini alsın, rahatlansın və yorğunluğu çıxsın. Bu vaxt qonaq
təkbaşına qalıb sərbəstləşir, düşdüyü yeni mühitə uyğunlaşmağa
başlayır. Lakin bu müddət də çox uzun olmamalıdır. Çünki qonağa
qarşı laqeyd qalmaq olmaz.
Əgər evə təşrif buyuran qonaq tanış adam deyildisə və onun ev
sahibinin evində qalması müvəqqəti xarakter daşıyırdısa, onda ev
yiyəsi qonağı yormamaq üçün onun yanında həddən artıq çox qal-
274
mağı düzgün hesab etmirdi. Qonağın nə vaxt gəldiyinin də rolu var
idi. Belə ki, qonaq axşam gəlirdisə, ona yemək verildikdən sonra tə-
cili olaraq yataq salınırdı. Qonaq yaxın adam, tanış, yaxud qohum
olardısa, bu halda ev yiyəsi onunla daha çox təmasda olmağa üstün-
lük verirdi. Belə olduqda nəinki ev yiyəsi, hətta onun qohum-əqrə-
bası da yığışıb qonağı əyləndirməyi özlərinə borc bilir və onun hər
bir arzusu ilə maraqlanıb, ən kiçik xahişini belə həvəslə yerinə yeti-
rirdilər. Bu qonaq ailə üzvlərindən birinə çevrilirdi. Qonaqla ev sa-
hibi bir-birini bütün işlərindən agah edir, səmimi ünsiyyətdə olur,
yeri gəldikcə bir-birinin dəyərli məsləhətlərini dinləyir, lazımi şey-
lərin əldə olunmasında və ya tədarükündə bir-birinə köməklik
göstərirdilər.
Ravəndinin Səlcüqilər sülaləsinin tarixindən bəhs edən “Könül-
lərin rahatlığı və sevinc əlaməti” əsərində deyilir: “Noz-nozulə hər-
bi hissə və dövlət məmurlarının əhalinin evinə qonaq düşməsi de-
məkdir. Mənbələrin verdiyi məlumata görə, vergi yığanlar və dövlət
məmurları bir yerə getdikdə əhali onları yer və azuqə ilə təmin
etməyə məcbur idi... Rəvəndinin yazdığından məlum olur ki, dövlət
məmurları bir yerə getdikdə onu mənzil və azuqə ilə təmin etmək
bir mükəlləfiyyət idi” (44, 122). Bu fikri qeyd etməklə bütövlükdə
əhali arasında belə bir adətin təzahürünün şahidi oluruq ki, camaat
hətta vergi verəndə belə, öz qonaqpərvərlik ənənələrinə sadiq
qalmalı, məqsədindən asılı olmayaraq, evinə gələn adamı qəbul edib
yola salanda sanki qanun şəklinə salınmış davranış qaydalarına
riayət etməli idi. Həqiqətən də qonaqpərvərlik adəti zaman, dövr
baxımından deyil, məhz insanların qonağa münasibətindən doğan
bir hal kimi qiymətləndirilməlidir.
XVII əsrin türk səyyahı Evliya Çələbinin məlumatına görə,
Bakıda qonaqları qarşılamaq üçün xüsusi mehmandar vəzifəsi
olmuşdur.
Azərbaycanda qonağa çox böyük hörmət bəslənilir. Qonağın
yüksək təsir gücünə malik olması bu və ya digər məsələyə münasi-
bətdə mühüm əhəmiyyət kəsb edir. Bəzi hallarda qonaq müşahidə
etdiyi müəyyən hadisənin təsiri altında məsələyə müdaxiləni və öz
275
nüfuzundan istifadə etməyi zəruri sayır. Bu məsələ “Səyahətnamə”
əsərində öz əksini tapıb. Evliya Çələbi Təbriz xanının yanında olar-
kən necə qarşılandıqlarını təsvir etmişdir. O yazır ki, “... xan yerin-
dən qalxıb “Səlamü əleykum” dedi. Çünki əski Əcəm adəti belədir
ki, otağında oturan ev sahibi içəri girən müsafirə salam verir. Daha
əvvəldən qanunları bildiyimə görə, “Vəəleyküm səlam, şanı böyük
xanım”-dedim. Ardınca sıra Mustafa paşa ağasına gəlincə, ona da
salam verildi. O da salamı aldı. Və hər birimiz Təbriz divanxa-
nasında yerimizi tutduq... xana həddindən çox lütfkarlıq, itaətkarlıq
göstərib xoş rəftarla yarınmağa çalışdım” (45, 94).
Sözlərinə davam edərək müəllif qeyd edir ki, xana salamlar və
cəvahirli xəncərlə yanaşı, iki cins at göndərildiyini bildirdikdə, Təb-
riz xanı qiymətli daşlarla bəzədilmiş xəncəri divan əhlinə göstərib
kəmərinə taxdı və bərbəzəkli yüyən və gəmli, yəhərli, qayışlı, köh-
lən atları görüb sevindi və dedi ki, haqq bərəkət versin... və nəhayət
atları minib bir neçə dəfə dolaşdı. Bu görüşdə Evliya Çələbigilə
ziyafət hazırlandı. Ziyafətdə Evliya Çələbi xandan xahiş edir ki, “bu
bədbəxt xanı da, zəncirli olsa da, yeməyə çağırın”. Evliya Çələbinin
xahiş etdiyi adam Urmiya xanı idi ki, o, Təbriz xanının dediklərini
yerinə yetirə bilmədiyinə görə qandallanıbmış. Evliyagil bu mənzə-
rəni görüb çox məyus olurlar. Şah qonağının sözünü yerə salmır və
“İran torpağı qanununda bu, mümkün deyildir”- desə də, istər-istə-
məz qonağın xahişini qəbul edir. Bu fakt onu göstərir ki, qonağın
qəlbini qırmaq olmaz, onun ricası nə qədər qəbuledilməz və ümumi
qanuna zidd olsa belə, onu nəzərə almamaq və qulaqardına vurmaq
özü də bir o qədər qonaqpərvərlik adətinin qaydaldarına ziddir.
Deməli, qonaq xahişi hər şeydən üstündür (45, 96).
Evliya Çələbigil qonaq qalacaqları yerə getdikdən sonra Təbriz
xanından onlara “bir yuvarlaq güləbətinli yastıq, beş dəst gecə
geyimi, güləbətinli yorğan, üç yüz quruş, bir boğça, əlbisə (paltar),
ənbər (ətir) və bir qara mil-mil əcəm atı hədiyyə gəldi” (45, 97).
Müəllifin məlumatlarında “konak” (dayanacaqlarda müsafirlər
və onların miniklərinin və yüklərinin yerləşdirilməsi üçün tikilmiş
xüsusi binalar) və “karvansaray” (mehmanxana tipli yaşayış üçün
276
nəzərdə tutulan binalar) sözlərinə də rast gəlmək mümkündür (45,
138-139).
Ş.Bidlisinin məlumatlarından aydın olur ki, parça alverilə məş-
ğul olan tacirlərin özlərinə məxsus böyük olmayan karvansarayları
mövcud idi (13, 109). Ötəri deyilmiş bu ifadə bizə belə bir fikri
söyləməyə əsas verir ki, karvansaraylar ayrı-ayrı sahələrlə məşğul
olan tacirlərə məxsus olurdu.
M.Nemətova qeyd edir ki, Bakı-Şamaxı yolu üzərində yerləşən
Perekeşkül kəndi yaxınlığındakı XIX əsrdən etibarən əhəmiyyətini
itirib qaraçıların vaxtaşırı sığındığı, məhz buna görə də yerli əhali
tərəfindən «Qaraçı karvansarası» adlanan «karvansara daxili plan-
laşmasına görə üç hissəyə bölünür. Mərkəzdə uzunsov həyət yerləş-
mişdir ki, bundan şimalda yerləşən üçdə bir hissəsi çatma daş tağ-
tavanla örtülmüşdür. Yan hissələr simmetrikdir. Bunların şimalında
yerləşən üçdə iki hissəsi ortadan yardımçı çatma tağla iki yerə bö-
lünür. Bu hissələrin heyvanlara məxsus tövlələrdən ibarət olduğuna
şübhə yoxdur. Çünki buranın gen və hündür çatma tağlı qapıları
yalnız heyvanlara məxsus ola bilər. Yan bölmələrin qalan üçdə bir
hissəsi iki otaqdan və onların qarşılarındakı dar artırmalardan
ibarətdir. Yuxarıda qeyd etdiyimiz həmin dar pəncərələr bu otaqlara
aiddir. Bu otaqlar karvan sahiblərinə xidmət üçün düzəldilən qonaq
otaqlarıdır» (5, 98). Təkcə İçərişəhər ərazisində müxtəlif karvansa-
rayların olması onu deməyə əsas verir ki, Azərbaycan orta əsrlərdə
gediş-gəlişin çox geniş olduğu diyardır və buraya müxtəlif
yerlərdən qonaqlar gəlirdilər.
Məlumdur ki, orta əsrlərdə, islam dininin geniş yayıldığı bir
dövrdə bütün müsəlman ölkələrində şəriətdə əks olunmuş məcburi
davranış qaydalarına riayət olunmuşdur. Ən müxtəlif səpgili və
geniş məsələləri əhatə etməklə, şəriətdə insanların həyat tərzini
müəyyənləşdirən məsələlər də öz təcəssümünü tapmışldır. Bu
baxımdan bir sıra qaydalara riayət edilməsi zəruri sayılmışdır.
Azərbaycanda da, bir sıra müsəlman ölkələrində olduğu kimi,
şəriətdə təqdir olunan qaydalar hökm sürmüşdür ki, bu da bilavasitə
qonaqpərvərlik zamanı özünü göstərir. Məsələn, şəriətə görə
277
“yeməkdən qabaq və yeməkdən sonra əllər yuyulmalı və dəsmalla
silinməlidir. Həm də Qərbdən fərqli olaraq, müsəlman Şərqində
qonaqlar əl yumaq üçün xüsusi otağa və ya guşəyə çəkilmirlər,
məhz süfrə başında əyləşən qonaqlara zərif qabda su və ləyən
gətirirlər. Süfrə başında oturmazdan əvvəl əl və üz yuyulmalıdır.
Qonaqlar yerlərindən qalxmadan əllərini yuyurlar. Etikaya görə, əl
yumaq qaydası belədir: qonaqların birincisi əlini yuyandan sonra
növbə ondan sağ tərəfdə oturan qonağa çatır. Beləliklə, onların
hamısı növbə ilə əlini yuyur. Yeməkdən sonra da aftafa-ləyən
gətirilir. Yeməkdən əvvəl əlini axırıncı yumuş qonaq yeməkdən
sonra əlini birinci yuyur. Bir qayda olaraq, qonaqların əlinə suyu
xidmətçi, yaxud ev sahibinin yetkinlik yaşına çatmayan qızları və
ya oğulları tökürlər. Xüsusi hörmət əlaməti olaraq fəxri qonaqlara
suyu ev sahibinin özü gətirir. Burada sinfi etika öz ifadəsini tapır.
Yüksək vəzifəli kübar özündən aşağı zümrəyə mənsub adamın
evinə qonaq gəlmişdirsə, onun əllərini yuması üçün suyu ev
sahibinin özü gətirir. Ev sahibi hamıdan əvvəl yeməyə başlamalı və
hamıdan sonra yeməkdən əl çəkməlidir. Yeməyə başlamazdan əvvəl
Allahın adını çəkib “bismillah” deyirlər. Əgər süfrəyə müxtəlif
xörəklər gətirilirsə, hər dəfə Allahın adı ayrıca çəkilir” (46, 129).
Qaydadır ki, başqalarına nisbətən süfrədən çox tez əl çəkmək
olmaz, digər qonaqlar da yeyib qurtarana qədər səbr edib gözləmək
lazımdır. Əgər başqaları əlini çəkibsə, mütləq digərləri də ac olsalar
belə, əllərini süfrədən çəkməlidirlər. Qonaq yanında yaxşı davranış,
mövcud şəraiti düzgün qiymətləndirmək, mehmana layiq olduğu
səviyyədə qulluq göstərmək, vəziyyətin incəliklərini duymaq ev
sahibinin üzərinə düşən məsuliyyətdir. Hər yerdə və bütün hallarda
qonaqa böyük hörmət edilir, onun istək və arzuları nəzərdən
qaçırılmır. Bu xüsusiyyət hamı tərəfindən icra olunan adət şəklinə
çevrilmidi.
1602-1604-cü illərdə Şah Abbasın dövründə alman imperatoru
II Rudolf tərəfindən təyin olunmuş səfir Kakaşın katibi Tektander
şahın yanında qonaq olarkən süfrə açıldıqdan sonra oraya dəvət
olunanlara, ilk növbədə, hərəyə növbə ilə su verildiyini qeyd etmiş-
278
dir (14, 181). Əlbəttə, burada müəllif suyun nə məqsədlə verildi-
yini açıqlamasa da, bizə məlumdur ki, təmizlik məqsədilə çörəkdən
qabaq süfrəyə suyun gətirilməsi məhz əl yumaq üçündür. Qonaqlıq
süfrəsindən bəhs edən Nizami Gəncəvi də bu məsələyə toxunaraq
“Əl yumaq üçün müşklə dolu tabaqlar”dan söz açarkən qonaqpər-
vərlikdə qəbul olunmuş adətə işarə etmişdir (24, 203). Bu adət
ondan ibarətdir ki, yeməkdən əvvəl süfrə ətrafına toplaşanların
hamısı əlini yuyub sildikdən sonra yeməyə başlaya bilərdilər.
Qul Əli də «Qüsseyi-Yusif» əsərində yazır:
Qızıl-altun tas-aftaba əlnə verdi,
Götürübən ol məclisə iltər imdi (76, 86).
Əsərdən göründüyü kimi, qonaqlıq mərasimi zamanı ilk növbə-
də əllərin yuyulması üçün məclis iştirakçılarına su dolu aftafa və
ləyən gətirilir. Şair «adil kişi ğəribləri sövər imdi» - deməklə qərib-
likdən gələn insanlara da qonaq kimi davranıldığına işarə edərək
onların da sevilib sayılmasına işarə etmişdir. Buradakı şairin diliylə
verilən “sövər” kəlməsi sevər anlamını verir. Onun işlətdiyi sur
sözü də qonaqlıq mənası daşıyır (76, 169). Müəllif hətta qonaqlıq
süfrəsindən də yazır:
Qonaqlara telim dürlü aşlar gəldi,
İxvanların qonaqlayu öndər imdi (76, 123).
Suli Fəqih «üç gün bunları çün qonuqladı»-deməklə qonaqpər-
vərlik adətinə toxunmuşdur (78, 46).
Müxtəlif mərasim və bayram şənliklərində təzahür edən qonaq-
pərvərlik adəti xalqımızın xarakterini, onun mənəvi zənginliyini ay-
dınlaşdırmağa imkan yaradır. Uzun sürən tarixi dövrlər ərzində qo-
naqpərvərlik mövcud olmuş, əsrlər boyu məişətimizdə kök çalmış,
insanların demək olar ki, gündəlik həyat tərzinə sirayət etmişdir. Bu
isə insanların daxili aləminin saflığından və mənəvi dünyasının
zənginliyindən xəbər verir. Təsadüfi deyildir ki, insanların ən şə-
279
rəflisi əliaçıq və səxavətli adamlar sayılır. İmkan daxilində qonağın
tələblərini yerinə yetirən, bacardığı qədər xeyirxahlıq edənlər ən
hörmətli insanlar hesab olunurlar.
Şamaxıda Mahmud bəy adlı varlı bir adamın evinə qonaq dəvət
olunan və Azərbaycan ərazisində göstərilən qonaqpərvərliyi gözlə-
diyindən daha da üstün sayan Aleksandr Düma göstərir ki, buradakı
qonaqlıq məclisində musiqiçilər və rəqqasələr də var idi. Belə məc-
lislərə hətta Qafqazda məşhurlaşmış Şamaxı rəqqasələri dəvət olu-
nurdular (22, 83). Düma bu qonaqlıq məclislərinin musiqinin mü-
şayiəti ilə keçdiyini göstərir. Göründüyü kimi, evə gələn qonağı ev
sahibi təkcə yemək və yataqla təmin etməklə kifayətlənmir. Qona-
ğın tam sərbəstliyini təmin etmək və onu əyləndirmək məqsədilə
məclisə müğənnilər və rəqqasələr də dəvət edirdi. Bu hal geniş
yayılmışdı. Azərbaycan feodal mühitində belə qonaqlıq mərasimləri
tez-tez keçirilirdi.
Ecazkar təsir gücünə malik musiqimiz və gözəlliyi, təravəti ilə
ürəkləri riqqətə gətirən rəqslərimiz qonaqlıq məclislərinin yaraşığı
olmuş, insanlara yüksək sevinc hissi bəxş etmişdir. Azərbaycanın
XX əsr dahi bəstəkarı Üzeyir Hacıbəyov “Azərbaycan musiqi
həyatına bir nəzər” məqaləsində yazır:
“Azərbaycanın bir çox mahallarında toy və düyün zamanı,
yaxud bayram və başqa bir şadlıq günlərində camaat hamısı bir yerə
yığılıb ikitərəfli olaraq” çalıb-çağırarlar. “Xanəndə və sazəndə dəs-
təsi əksər ovqat üç nəfərdən ibarət olar ki, onlardan biri oxuyar,
təğənni edər, digəri “tar” və üçüncü isə “kamança” çalar; bu dəstə-
nin əhli bütün muğam və dəstgahları lazımınca bilməlidirlər” (47,
216). Müəllif fikrinə belə davam edir: “Aşıq dəstəsi dəxi əksərən üç
nəfərdən olub, bunlardan biri həm oxuyar, həm də “saz” çalar, iki
yerdə qalanı isə alət nəğmədən olan “balaban” çalar; balabançının
ikincisinə “zü” tutan və yaxud “dəmkeş” deyirlər ki, bunun vəzifəsi
hava çalmaq olmayıb, yalnız bir sədanı uzatmaqdan ibarətdir;
balaban çalanlar “tütək” və “zurna” dəxi çalarlar; bu halda bunların
xanəndəsi dəf (təbil) çalmalıdır: aşıq dəstəsi çox vaxt muğamat və
dəstgahlardan bixəbər olub, “repertuar”ları xalq mahnılarından və
280
nağıllarından əmələ gəlir; nağıl vaxtı aşıqlar otaq içində gəzişə-
gəzişə icrayi-hünər edib yeri gələndə söz ilə və yeri gələndə hava ilə
şirin-şirin nağıllar söyləyib oxuyarlar. Böyük toylara həm xanəndə
və həm də aşıq dəstəsi çağırarlar və növbəylə oxudarlar” (47, 217).
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan ziyalıları arasında da
özünəməxsus münasibətlər mövcud olub. Mir Mövsüm Nəvvabın
yaratdığı “Məclisi fəramuşan” məclisinə daxil olan şairlər bir-
biri ilə, həm də Xan qızı Xurşudbanu Natəvanın rəhbərlik etdiyi
“Məclisi-üns”-ün üzvləri ilə şerləşirdilər. Nəvvabın Şuşada yarat-
dığı “Musiqiçilər məclisi”ndə musiqi sənətinə dair bir sıra məsələlər
müzakirə olunurdu (48). Bu ədəbi məclislər də özünəməxsus tərzdə
icra olunan qonaqpərvərlik deyilmi?
Qonaqpərvərlik adətində qəbul olunmuş əsas şərtlərdən biri də
qonağa hədiyyələr bəxş edilməsi idi. Bu, qonaqpərvərlikdə qəbul
edilmiş adi bir hal idi. Qonaq ev sahibinə müəyyən bir şey bağış-
lamağa, ev sahibi isə öz növbəsində qonağını müxtəlif hədiyyələrlə
yola salmağa çalışırdı. Bu adət günümüzə qədər gəlib çatmış və indi
də yaşamaqdadır.
1613-14-cü illərdə Moskvadan gəlmiş rus səfiri Mixail Nikitiç
Tixonov Azərbaycanda şah tərəfindən onlara bəxş olunan müxtəlif
hədiyyələrdən bəhs etmişdir. 1615-ci ildə daha bir rus səfiri, Mixail
Petroviç Baryatinski də Şah Abbas sarayında fəaliyyəti dövründə
ona göstərilən hörmət və müxtəlif şəxslər tərəfindən ona təqdim
olunan bəxşişlər barədə söhbət açmışdır (14, 216).
Səfirliyin tərkibində 1636-38-ci illər ərzində Azərbaycanda ol-
muş alman alimi Adam Oleari də xalqımıza xas olan qonaqpərvərlik
haqqında, burada onlara verilən müxtəlif növ tələbat mallarından
ibarət hədiyyələr barədə söhbət açmışdır. O göstərir ki, Sultan
Şahverdi tərəfindən onlara hədiyyə olaraq iki at, iki öküz, on iki
qoyun, 20 toyuq, üç böyük küp çaxır, bir küp təmiz su, iki səbət
alma və 5 kisə buğda unu təqdim edildi (14, 260). Göründüyü kimi,
bağışlanan hədiyyələr müxtəlif çeşidli olurdu. Belə ki, buraya
geyim şeyləri, xəncərlər, növbənöv parçalarla yanaşı, həm də səfəri
davam edən şəxslərə ərzaq şeyləri və gündəlik tələbat malları daxil
281
idi. Bundan əlavə, onlara naxışlı corab (həm qadın, həm də kişi
üçün), yaşlı kişilər üçün ipək parçadan tikilmiş tənbəki torbası, at
üçün rəqimə, heybə, xalça və s. şeylər də hədiyyə edilmişdi. Göstə-
rilən bu xüsusiyyət xalqımızın geniş qəlbli, səxavətli olduğunu bir
daha sübuta yetirir. “El-oba çörəyi ilə tanınar”-deyib ulularımız.
Yəni el-oba həmişə çörək verən səxavətli insanları ilə fəxr etmişdir.
Səxavətli, qonaqpərvər, əltutan kişilər haqda “çörək verən adam-
dır”-deyə, şəxsiyyətinə alqışlar söyləmişlər.
Qonaq evə gələndə necə alqışla qarşılanırsa, özü də həmin evi
alqışla tərk edir. Ev sahibinin qayğısı müqabilində qonaqlar onu
aşağıdakı kimi alqışlayırlar:
Allah evini şen etsin!
Allah çörəyini bol eləsin!
Süfrən açıq olsun!
Ruzi bərəkətin bol olsun!
Evindən qonaq-qaran əskik olmasın!
Ucaların ucası olasan!
Ocağınız nurlu, bərəkətli olsun!
Qonaqpərvərliyin bütün tələbləri gündəlik həyat normalarına və
qaydalarına uyğun gəlirdi. Bu adət, əvvəllər olduğu kimi, xanlıqlar
dövründə də öz mövcudluğunu qoruyub saxlamışdı. Bəzən ictimai-
siyasi baxışları üst-üstə düşməsə belə, xanlar arasındakı görüşlər
yüksək qonaqpərvərlik şəraitində keçirilmişdir. Hətta “Xan divan
yığıncağında olan üzvlərinə qonaqlıq düzəldirdi” (50, 24). Bayram-
larda, təntənəli günlərdə və ya başqa xanlıqlardan nümayəndələr
qonaq gəldikdə onların qarşısına əsnaflar öz bayraqları ilə çıxmalı
idilər (50, 61). Bunu Ş.Bidlisi də qeyd etmişdir. O yazır ki, Təbrizdə
Əmir Mübarizəddini əyanlar, sənətkarlar və qalan zümrələr məra-
simə riayət edərək bəxşişlərlə qarşılamağa gedirlər. Müəllif başqa
bir yerdə onu da qeyd edir ki, şaha təqdim olunan hədiyyələrin sayı
9 olur. 9 rəqəmi isə türklərdə müqəddəs rəqəm sayılır (13, 79;206).
282
Fətəli xanın Nuxa şəhərində bir neçə gün qonaqlıq və şadlıqlar
keçirib Gəncəyə yola düşdüyü də məlumdur (50, 41). Mirzə
Adıgözəl bəy Naxçıvan hakimi Heydərqulu xanın Pənah xana
qonaq gəldiyini təsdiqləyir (51, 38).
XIX əsr salnaməçisi Mirzə Yusif Qarabaği “Tarixi-Safi”
əsərində qeyd edir ki, Nadir şahın sərkərdələrindən biri olan Urmiya
hakimi Fətəli xan Pənah xandan oğlu İbrahimxəlili bir neçə günlüyə
qonaq göndərməsini rica edir və ona lazımi qonaqpərvərlik göstəri-
ləcəyini, bunun Qarabağ xanlığına böyük başucalıq gətirəcəyini
xüsusi vurğulayır (52, 22). Lakin tarixdən məlum olduğu kimi, bu
qonaqpərvərliyin mənfi nəticələri olmuşdur. Belə ki, Fətəli xan vədə
əməl etməyib onu da özü ilə aparır. Qeyd edək ki, bəzən qonaq-
pərvərlikdən sui-istifadə olunduğu hallara da təsadüf edilirdi. Bu,
nadir hallarda özünü göstərir və əsasən siyasi motivlər zəminində
baş verirdi. Müəllif qonaqpərvərlik barədə belə yazır: “Qarabağ
xanı İbrahimxəlil “Avar və Dağıstan hakimi Ümmə xanın bacısı
Bikə ağaya evlənərək onunla qohum oldu. Dağıstan ölkəsindən ona
kömək gəlirdi və çox vaxt ləzgilərin qoşunlarını yanında qonaq
sifətilə Qarabağ kəndlilərinin hesabına saxlayırdı” (52, 24).
Göründüyü kimi, nəinki ayrı-ayrı insanlar, hətta yeri gəldikdə qoşun
belə lazımınca qonaq saxlanılır və ehtiram görürdü.
Rzaqulu bəy Mirzə Camal oğlu “Pənah xan və İbrahim xanın
Qarabağda hakimiyyətləri və o zamanın hadisələri” əsərində Nadir
şahın ölümündən sonra şahlıq taxtına əyləşən Əliqulu xan Adilə
peşkəşlər adlı-sanlı adamlarla göndərildiyindən, öz növbəsində
Pənah xana da layiqli sovqat və hədiyyələr, onun kəndxudalarına isə
xələtlər bağışlandığından bəhs etmişdir (52, 213). Burada da siyasi
məqsədlərlə səfər edən qonaqların hədiyyə aparması və onların da
eynilə bəxşişlərlə qayıtması məsələsinə toxunulmuşdur.
Xanlıqlar dövründə qonaqlıq məclisinin təsviri yazıçı Yusif
Vəzir Çəmənzəminlinin “Qan içində” əsərində öz əksini tapmışdır.
Burada xanların qonaqlıq süfrəsi təsvir edilir. Qiymətli xalı döşən-
miş taxtın üstündə Qarabağ hökmdarı İbrahimxəlil xanın, ətrafında
ağaların, bəylərin əyləşdiyi göstərilir. Tacir və əsnaflar da məclisə
283
yığışmışdılar, “onlar divar boyu döşənmiş ipək döşəklərin üzərində
dizi üstə ədəblə oturmuşdular və bir kəlmə belə kəsmirdilər.
Məclisə Vaqiflə Mirzə Əliməmməd ağanın gəldiyini görcək bütün
məclisdəkilər ayağa qalxır (xan və oğlundan başqa), onlara yuxarı
başda yer göstərilir. Gələnlər oturanlara təzim edərək yuxarı başa
keçib göstərilən yerdə əyləşirlər. Yeni gələnlər oturan kimi təkrar
xana və ətrafdakılara təzim edirlər, cavabında da yerdə oturanlar
nizam ilə əyilib-qalxırlar”. Y.V.Çəmənzəminli bu qonaqlıq süfrəsini
belə təsvir edir: “Otağı başdan-başa tutmuş, yeri sumağı rəngdə olan
incə haşiyəli xalının ortasına, ətrafı zəncirli tirmə süfrə salınmış,
üstünə qızıl, gümüş qablarda şirni, çərəz və şərbətlər düzülmüşdü”.
Müəllif “Qızlar bulağı”nda da ev sahibinin qonağa hörmətini
əsirgəmədiyindən bəhs edir (53, 399).
Azərbaycana gələn dövlət xadimlərinə, hərbçilərə, yazıçı və
alimlərə göstərilən qonaqpərvərliyə dair çoxlu tarixi fakt qeydə alın-
mışdır. Bu barədə H.Quliyev yazır: “I Pyotrun Dərbənddə yaşayan
azərbaycanlılar, knyaz Dolqorukinin Bakı və Salyan əhalisi, Şamaxı
hərbi qubernatorunun Şuşa əhli tərəfindən, A.Bestujevin Quba,
M.Y.Lermontovun Qusar camaatı, Qazan Universitetinin professoru
İ.Beryozinin A.Bakıxanov tərəfindən mehribancasına qarşılanması
və onlara göstərilən qonaqpərvərlik buna misal ola bilər” (42, 36).
Bu fikri daha da qüvvətləndirmək üçün faktlara müraciət etmək
yerinə düşərdi. A.A.Bestujev-Marlinski yazır: “Lakin burada Fətəli
xanın evi boş deyildi. Əksinə, burada o qədər qonaq dolu olurdu ki,
səs-küydən o hətta ağlın səsini belə eşidə bilmirdi” (54, 35). Müəllif
Dərbənddə yaşayan İsgəndər bəyin qonaqları evə dəvət edərkən
“buyurun əfəndilər, xoş gəlmisiniz” deməsini və əlini ürəyinin
üstünə qoyub onlara azca baş əyməsini, qonaqları otağa dəvət etmə-
sini xüsusilə vurğulayır. Salamlaşan qonaqların xalça üzərində
ayaqlarını qatlayaraq (bardaş nəzərdə tutulur-Ş.B.) oturduqlarını
göstərir. Bestujev-Marlinski qeyd edir ki, evdəkilərin və qohumların
hal-əhvalı xəbər alınır və bundan sonra gəlişlərinin məqsədi bəyan
edilir. Müəllifin məlumatlarında maraq doğuran cəhət onun qonaq-
pərvərliyin tərbiyə ilə bağlı məqamını düzgün sezməsidir. O gös-
284
tərir ki, qonaqpərvərlik, gülərüzlülük, mədənilik - başqaları üçün;
həlimlik və ayıq-sayıq diqqət - uşaqlara, bir sözlə, birgəyaşayışın və
ailə məişətinin bütün dəyərləri bir yerdə. O, uşaqların da necə ağıllı
olduğunu söyləyir. Belə ki, onlar analarının hər sözünü və baxış-
larını başa düşüb ata qayğısını qiymətləndirirlər (54, 58;182).
Yuxarıda qeyd olunanlar bizə belə bir qənaətə gəlməyə imkan verir
ki, tarixən azərbaycanlılar onların böyüklərin bir-birinə münasi-
bətindən bəhrələnmiş və tövsiyələrilə tərbiyə almışlar.
Ərəb işğallarından sonra Azərbaycanda köçürmə siyasətinin
nəticəsi olaraq bir sıra ərəb mənşəli tayfalar məskunlaşmağa başla-
dılar. Bununla əlaqədar aşağıdakı məlumat diqqəti xüsusilə cəlb
edir. Məlumatda VII əsrdən etibarən Dərbənddə məskunlaşmış
ərəblərdən söhbət gedir. Ərəblərin hələ də öz dillərində danışması,
bu yerlərdə beş əsrdən artıq bir müddətdə məskunlaşıb firavan
yaşadıqları, özlərinə məxsus torpaq sahələrinə malik olduqları və
Dərbənd hakimlərinin onlara hörmətlə yanaşdıqları, maraqlarını
qoruduqları barədə məlumat verilir (55, 225). Göründüyü kimi,
Azərbaycanın hansı bölgəsində, nə zamandan etibarən köç salıb
məskunlaşdıqlarından asılı olmayaraq, yerli əhali tərəfindən yaxşı
qarşılandıqlarını, daim qayğı gördüklərini qeyd edən bu gəlmələr öz
şəraitlərindən məmnundurlar.
Uzun əsrlər keçib, Azərbaycanda tarix boyu müxtəlif mənşəli
gəlmə tayfalar yerli əhali ilə qaynayıb-qarışıb və milli zəmində heç
bir fərq hiss etməyiblər. V.L.Veliçko bu barədə haqlı olaraq yazır:
“Heç şübhəsiz ki, azərbaycanlıların qanı alicənab qandır; onlar tə-
biətən xeyirxah, ürəyigeniş, cəsarətlidirlər, əqli və mənəvi inkişafa
qadirdirlər” (56, 155). Elə bu xüsusiyyətlərə görədir ki, müxtəlif
dövrlərdə deportasiya olunmuş xalqlar məhz Azərbaycan ərazisində
məskunlaşıb yaşaya bilmişlər. Bu baxımdan Axıska türkləri də istis-
na deyil. Bütün bu deyilənlərə baxmayaraq, müasir dövrdə Azər-
baycan torpaqlarına edilən qəsdlər, nankor ermənilərin yalançı
iddialarını hər vəchlə ortaya atmaları və çirkin əməllərlə ərazimizi
işğal edib soydaşlarımızı didərgin vəziyyətə salmaları acı bir həqi-
qətdir. Bir vaxtlar İran və Türkiyədən Qarabağa köçürülərək məs-
285
kunlaşmaları münasibətilə abidə qoyan azğınlar bu gün həmin abidə
üzərindən yazını yox edir, ərazilərimizi işğal altında saxlayırlar.
Cəmiyyətdə ən mühüm ünsiyyət saxlamaq vasitəsi olan qonaq-
pərvərlik adəti müxtəlif xalqların, eləcə də eyni xalqın və ya müx-
təlif etnik qrupların üzvləri, hətta bir sıra sosial təbəqələr arasında
geniş yayılmışdır. Qonaqpərvərlik bir-birindən uzaqda yaşayan
millətləri bir-birinə doğmalaşdırır, bu da tərəqqiyə, mədəni inkişafa
xidmət edir. Gündən-günə möhkəmlənən qarşılıqlı əlaqələr, yaxın-
laşma, zənginləşmə obyektiv inkişaf prosesidir.
Xalqımızın bir sıra nümayəndələri bu və ya digər səbəblər
üzündən başqa ölkələrdə yaşamalı olmuş, gün-güzəran qurmuşlar.
Buna baxmayaraq, onların əksəriyyəti doğma vətəndən uzaq olsalar
belə, öz adət və ənənələrinə sadiq qalmış, onları öz məişətində
yaşatmağa çalışmışdır. Fikrimizi təsdiq etmək üçün aşağıdakı misalı
nəzərə çatdırmağı lazım bilirik. İbrahim bəy Azərbaycan tacirlərin-
dən birinin oğludur. Onun atası Misirdə yaşadığı illərdə öz adət-
ənənələrinə sadiq qalmış və məişət tərzini dəyişməmişdi. Onun
qonaqlıq məclisləri maraqlı keçirdi, çünki “qonaqlıq məclislərində
onların məşğələsi İranın tarix kitablarını və keçmiş şahların əh-
valatını oxumaqdan ibarət olardı”. Bu onu göstərir ki, qonaqpərvər-
liyin icrası yalnız yaxşı süfrə bəzəyib qonağı yola salmaqdan ibarət
deyildir. Qonaqpərvərlik həm də fikirləri, düşüncələri bölüşmədir.
O, intellektual səviyyənin daha da inkişafı üçün bir vasitə, mədə-
niyyət və mənəviyyat ətrafında fikir mübadiləsi deməkdir. Qiraət
etməklə bilik sahibi olmaq, tarixin incəliklərinə vaqif olmaq kimi
xüsusiyyətlər həmin məclislərdə mühüm yer tutmuşdur.
Atasının İbrahim bəyə vəsiyyətində çox maraqlı məqam da
nəzərimizi cəlb edir. Belə ki, o qeyd edir: “... az qonaq get, qoy
sənin yanına çox qonaq gəlsinlər. Yəni qonaq getməyə yox, qonaq
çağırmağa daha artıq rəğbətin olsun” (57, 22; 25). Görəsən, bunu
vəsiyyət etməyə atanı vadar edən səbəb nədir? Nə üçün o, başqa
məsələlərlə yanaşı, məhz qonaq qəbul etməyi də vəsiyyət edir?
Kənd həyatında müşahidə olunan qonaqpərvərlik adəti özünə-
məxsusluğu ilə daha da fərqlənirdi. Burada dinin də müəyyən dərə-
286
cədə təsiri, rolu şübhəsizdir. Ümumiyyətlə, dinin yayıldığı ərazilər-
də cəmiyyətin inkişafına onun təsiri inkaredilməzdir. Qonaqpərvər-
lik və din bir-biri ilə, müəyyən mənada, sıx tellərlə bağlıdır. Təsadü-
fi deyil ki, qonaq Allah müsafiri sayılır. Bu xüsusiyyət Azər-
baycanda geniş yayılmışdır. Məsələn, Allah qonağı istəmirsinizmi?
- sualına ev sahibinin cavabı belə olur ki, “Allaha da qurban olum,
qonağına da”. Qonaq da bilir ki, heç vaxt getdiyi yerdən rədd cavabı
almayacaq, dəvətsiz də gedə bilər və kobud söz eşitməz. Ona görə
də qətiyyətlə hər hansı bir evin qapısını utanmadan döyə bilər.
Saleh bəy özünün “Əllər” əsərində Şuşadan Ağdamın Yuxarı
Muğanlı kəndinə köçdüklərindən, uşaq vaxtı burada yaşayıb nələri
müşahidə etdiyindən söhbət açarkən orada qonaqpərvərliyin icrasını
belə təsvir etmişdir. Maraqlıdır ki, müəllif Ağdama köçərkən
onların ailəsinə adət üzrə sığınacaq verildiyini deyir. Saleh bəy
əsərində kənd ailəsinin qonaqpərvərliyini təsvir edir. “Hər bir kəndli
özü üçün iftixar hesab edərdi ki, onun qapısını qonaq döysün,
evində qalsın və razılıqla xudahafizləşsin. Qonaqlar isə, aydındır ki,
çöldən varlı görünən evin... qapısını döyərdilər. Qonaq tanış
olmayan şəxs olanda deyərdi: “Allah qonağıyam” və onu “Allaha da
qurban olum, qonağına da!” - sözləriylə içəriyə dəvət edərdilər.
Qonaq əl-üzünü yuyar, dua oxuyar, əyləşərdi yerdə. Varlı evlərdə,
məsələn, Əbdülbağının evində də masa vardı, amma masa arxasında
oturmaq adəti yox idi. Qonağın altına mütləq döşəkcə salar,
qoltuğunun altına mütəkkə qoyardılar və bundan sonra söhbət
başlanardı, ordan-burdan. Kənar aləmlə demək olar ki, əlaqəsi
olmayan kənd əhli, ev sahibi üçün bu söhbət, aydındır ki, çox
maraqlı idi. Bu arada yemək hazırlanırdı, ataların tapşırdığı qanun
üzrə: “Varın verən utanmaz”- kimisi imkanı vardı, quzu kəsirdi,
kimisi çolpa, o birisi yumurta çığırtması hazırlayır, eləsi də olurdu
ki, şor-çörək təklif edirdi. Süfrə qonağın qabağında açılar, çörək,
sonra yemək gələrdi və “bismillah ərrəhman ərrəhim”dən sonra
başlayardılar yeməyə. Çörək yeyən zaman danışmaq olmaz-günah-
dır. Quran belə tələb edir... Yeyib qurtarandan və “şükr əlhəm-
dülillah” deyəndən sonra süfrədən çörək, sonra qab-qacaq və sairə
287
yığışdırılırdı. Bundan sonra “qonaq üçün” ehtiyatda saxlanan,
evdəki ən yaxşı meyvə və xüşgəbar-qoz, fındıq, tut qurusu, kişmiş
gətirilirdi. Yadımdadır, böyüklər və hətta böyük uşaqlar ən yaxşı
meyvələri və digər yeməli şeyləri nə özləri yeyər, nə də kiçik
uşaqlara verərdilər və ciddi surətdə deyərdilər: “bu, qonaq üçün-
dür”. Və hamı ailənin bu tabusuna riayət etməli idi.
Yeməkdən sonra söhbət (xüşgəbarla birlikdə) davam etdirilirdi
və indi bu, daha şirin və maraqlı olurdu. Söhbət də həmin kişi
məclisində gedərdi. Qadınlar əvvəldən axıradək ayrıca oturar və
çörək yeyərdilər (əgər yeməyə bir şey vardısa - yemək az olanda
hamısı gətirilirdi kişilərin süfrəsinə). Qonaqlıq və gecələmə əvəzinə
pul almaq, hətta təklif etmək belə olmazdı: bu, ev sahibi üçün xalq
qarşısında bədnamlıq, Allah hüzurunda küfr olardı” (58, 59).
Evində yedirdib-içirdib yola salmaq, qonağın müxtəlif ehtiyac-
larını təmin etmək o qədər təbii hal almışdı ki, bunu başqa cür tə-
cəvvür etmək belə mümkün deyildi. Qonaqlar arasında ayrı-seçkilik
qoyulmurdu. Kasıblara belə əl tutmaq özü də qonaqpərvərliyə xas
xüsusiyyətlərdən idi.
Mirzə Fətəli Axundovun “Hekayəti-Müsyo Jordan həkimi-
nəbatat və dərviş Məstəli şah-cadükəni-məşhur” əsərində Qarabağın
Təklə-Muğanlı obasının bəyi Hatəmxan ağanın evində Fransadan
gələn qonağın qalmasından bəhs olunur. Müəllif Şəhrəbanu xanı-
mın simasında Qarabağ qadınlarının qonağa necə qulluq edib, süf-
rə açdığını təsvir edərək yazır: “Müsyö Jordana qaymaq gərək, bo-
zartma gərək ki, gedib öz ölkəsində deməsin ki, Qarabağ elatının
arvadları mərifətsiz olurlar, qonağa hörmət edə bilmirlər” (59, 44).
Y.V.Çəmənzəminli “Evdar arvad” məqaləsində isə belə yazır:
“Ev bir məmləkətə bənzəyir, evdar arvad da onun padşahına. Pad-
şah yaxşı olsa, məmləkət də nizam və qayda ilə dolanar. Şərt bir qa-
zan bişmişi ocağın üstünə qoyub qaynatmaq deyil, arvad gərək evin
hər bir dairəsinə nəzər yetirsin. Ən əvvəl təmizliyə diqqət versin. Ev
hər gün silinib süpürülməlidir, otaqlarda hər şey öz yerində qayda
ilə qoyulub baxanlara səliqə nə olduğunu duydursun. Külfət üzvləri-
nin təmiz libas geyməyinə evdar arvad çalışmalıdır. Mətbəxin niza-
288
mı da xanıma bağlıdır: aşbaz da hazırlasa, xanımın gözü bişmişin
üstə olmalıdır ki, külfət təmiz və dadlı xörəklər yeyə bilsin. Evdar
arvad səy etməlidir ki, israf olunmasın, evin məkulatı hədər yerə da-
ğılmasın. Bacarıqlı arvad evdə qış üçün tədarük görər, cürbəcür mü-
rəbbələr bişirər, turşular və şorabalar (duzlu xiyar və qeyri) hazırlar,
göyərti və meyvə qurudar, riçal qayırar. Qoçaq arvad hər şeydən
mənfəət götürər, həyətdə qəşəng ləklər saldırıb göyərti əkdirər; to-
yuq, xoruz saxlar, kürt düşəni vaxtında basdırar, cücə çıxardarlar.
Mümkün olsa inək saxlarlar ki, südü ilə balalar bəsləsinlər... xülasə,
evdar arvadın vəzifəsi çox çətindir. Böyük hünər və qanacaq istəyir.
Evə bir qonaq gəldikdə kişinin başını uca eyləyən arvad olur. Lazı-
mi bir qayda ilə qonağı qarşılayır, söhbətlərlə məşğul edir. Sonra
çörək masasına dəvət eyləyir. Buraların səliqəsi evdar arvadın ləya-
qətli olub-olmadığını göstərir” (49, 156). Müəllif burada qadınların
rolunu lazımınca dəyərləndirə bilmişdir. Qadınlar öz üzərlərinə
düşən məsuliyyəti həmişə yaxşı başa düşmüşlər. Onlardakı təlaş,
qonağı layiqincə yola salmağı bacarmaq həyəcanı təbii haldır.
Yazıçı Ə.Haqverdiyevin də yaradıcılığında qonaqpərvərliyə yer
verilmişdir. O göstərir ki, öncə qonaqlara çay verilir, sonra kabab
hazırlanır və bir şaqqa ət də yol azuqəsi kimi qoyulur. Layiqincə
qonaq eyləyib evində bir gecə saxlayan qocadan bəhs edərkən onun
bir kök qoyun da bağışladığını qeyd edən müəllif, evdən gedən
mehmana verilən hədiyyəni xatırladır (61, 182-183). Yəni hədiyyə-
nin nə olduğu vacib deyil, əsas onun ürəkdən bağışlanmasıdır. Elə
bütün qonaqpərvərliyin özü təmiz ürəklə icra edilməlidir. Çünki
ürəyiaçıqlılıq, dürüstlük, saflıq, mərhəmətlilik, rəhmdillilik, yardım-
sevərlik yüksək mənəvi dəyərlər olmaqla, insanın daxilindəki ən
yaxşı keyfiyyətləri açmaq üçün imkan yaradır və insanlarda önəmli
əhəmiyyət kəsb edən xüsusiyyətlərdir. Böyüklər tərəfindən bizlərə
daim xoşrəftarlılıq tövsiyə olunub. Qonağı layiqincə yola salmaq ev
sahibini rahat edir və o, daxilən məmnunluq hissi keçirir. Əsrlər
boyunca ailədə uşaqlar qonağa hörmət ruhunda tərbiyə edilmiş və
bu hiss onlarda dönə-dönə aşılanmışdır. Bu keyfiyyət hər bir ailədə
mühüm yer tutmuşdur. Başqa cür ola da bilməzdi, çünki qonaq
289
gələcəkdə ailənin (evi tərk etdikdən sonra) yaxşı adının təbliğat-
çısına çevrilirdi. Bu adət vasitəsilə böyüklərə hörmət, kiçiklərə
qayğı göstərmək tövsiyə olunmuşdur.
Bu gün də qonaq olaraq birinin evinə təşrif buyurmuş şəxs
imkanı daxilində ev sahibinə müxtəlif hədiyyələr təqdim etməyi
zəruri sayır. Öz növbəsində ev sahibi də qonağı lazımi səviyyədə
qarşıladıqdan sonra yola salarkən ona cüzi də olsa, nə isə bir şey
bəxş etməyə çalışır. Deməli, əsrlərin sərhədini aşaraq bu, günümüzə
qədər gəlib çatmış qonaqpərvərliyə xas keyfiyyətləri xalqımız
qoruyub saxlamağa çalışır.
Qonaqlara xidmət bununla bitmiş hesab olunmur. Bəzən evinə
ən əziz qonağı gəlmiş adam yalnız evdə onun qulluğunda durmaqla
kifayətlənməyib, bulaq başına, meşənin qoynuna aparmağı da zəruri
sayır. Burada da süfrə açılıb kabab bişirilir.
Qonaqpərvərlik bayramlarda xüsusi xarakter daşıyırdı. Rama-
zan bayramında iftara qonaq dəvət etmək və ya gedərkən şirni apar-
maq, qurban bayramında isə qurbanlıq ətindən də götürüb yaxın qo-
humlara, qonşulara paylamaq məqsədilə qonaq olmaq artıq bir ənə-
nə, borc halını almaqla yanaşı, həm də savab sayılır. Belə ki, bu
bayramlarda nəfsi qorumaqla bərabər, oruc tutanlara ziyafət ver-
mək, imkanı olanların mərhəmət göstərib allah yolunda qurban de-
dikləri heyvanların ətinin bölüşdürülərək paylanması kimi keyfiy-
yətlər insanları bir-birinə isinişdirir və daha da yaxınlaşdırır. Xüsu-
sən də Novruz bayramı günlərində hamı bir-birinə qonaq gedərdi,
küsülülər barışar, hədiyyə təqdim olunar, şirnilər paylanardı.
Qonaqpərvərlik adəti xüsusən bayram mərasimlərində özünü
qabarıq göstərirdi. Öz zənginliyi və rəngarəngliyi ilə seçilən Novruz
bayramı mərasimlərində Hollandiya dənizçisi Yan Streys də iştirak
etmişdir. Dənizçi azərbaycanlıların Novruz bayramını necə qeyd et-
diklərindən söhbət açır. O, eyni zamanda qonaq olduğu xanın açdığı
süfrənin təsvirini verir. Bununla yanaşı, müəllif daha sonra yazırdı
ki, bizim zadəganlar, mən də onlarla birlikdə, gah bu, gah da digər
azərbaycanlının yanına yeməyə qaçırdıq və möhkəm əmin idik ki,
müsəlmanların yemək-içməyi ilə bizim boş, ac qarınlarımız arasın-
290
da din ayrılığı barədə heç bir narazılıq yaranmayacaq. Bu isə öz
növbəsində, Azərbaycanda qonağa hörmət barədə fikrimizi təsdiq
etməyə əsas verir. Doğrudan da yurdumuzda qonaqlara heç bir fərq
qoyulmamış, dini və milli mənsubiyyətlərinə görə əsla ayrı-seçkilik
edilməmişdir. Burada yardımsevərlik, xeyirxahlıq, səmimilik, dü-
rüstlük, sadəlik və müxtəlif xalqlara münasibət məsələləri bir-biri
ilə çulğalaşmışdır.
Etnoqrafik materiallar Ordubad bağbanları arasında xüsusi bir
qonaqpərvərliyin mövcudluğunu təsdiq edir. Bu adət bostanpozma
adlanırdı. Məhsul yığımından sonra bağbanlar qonaq çağırır və onu
yola salarkən yetişdirdikləri müxtəlif məhsullardan pay qoyurlar
(42, 39). Göründüyü kimi, el-oba heç vaxt bir-birindən kömək əlini
əsirgəməyib, dara düşənə birgə səylə yardım etməyə çalışıb.
Əvəzsiz yardımetmə halları bu gün də mövcuddur.
Azərbaycanda qonaqpərvərlik vasitəsilə icra olunan digər adət-
lərdən biri də damazlıq adətidir. Belə ki, heyvanı olmayan kəndli
qonaqlıq edib ən yaxın adamlarını evinə dəvət edir və elə bu məc-
lisdə gələnlər ona hansı heyvanı bağışlaya biləcəklərini elan edirlər.
Ertəsi gün vəd etdikləri heyvanı göndərirlər.
Müasir dövrdə qonaqpərvərliyə bir sıra hallarda xüsusi diqqət
yetirilir ki, bu da özünü ad günləri, elçilik, nişan və toy mərasimləri
zamanı daha qabarıq şəkildə büruzə verir.
Ad gününü təbrik etmək dəb halını almışdır. Bu zaman ad günü
qeyd olunan şəxsə müxtəlif hədiyyələr təqdim edilməsi həmin mə-
rasimin şərtlərindən biridir. Hədiyyə verərkən onun gərəkli olacağı-
na diqqət yetirmək lazımdır. Təbii ki, qonaqlıq zamanı ev sahibi tə-
rəfindən süfrəyə müxtəlif çeşidli yeməklər və şirniyyat məmulatı
düzülür.
Hələ qədim dövrlərdən başlayaraq indiyədək davam edən qo-
naqpərvərlik adətinin, xüsusilə elçilik, nişan və toy mərasimləri
zamanı icrası daha diqqətəlayiqdir. Belə ki, burada qonaqpərvərlik
özünəməxsus tərzdə icra olunur. Qız evinə oğlan evi hədiyyələr
təqdim edir. Ev sahibi də gələn qonaqları lazımi qaydada qarşılayıb
yola salmağa ciddi riayət etməyə çalışır.
291
Müasir dövrümüzdə qonaqlıq süfrəsinə təqdim olunan yeməklər
daha fərqlidir. Buraya müxtəlif növ salatlar daxildir. Bu yemək növ-
lərindən sonra toyuq soyutması və ya qızartması, yaxud yarpaq dol-
ması, dovğa və nəhayət, balıq kababı və s. də təqdim olunur. Qo-
naqlar üçün açılan süfrənin müxtəlif çeşidli yeməklərlə bəzədilməsi
qonaqlara hörmətlə yanaşı, həmçinin Azərbaycan mətbəxinin
zəngin yemək növlərinə malik olduğunu da sübuta yetirir.
Azərbaycan süfrəsində qonaqlara verilən yeməklər çoxçeşidli,
zəngin və rəngarəngdir. Yeməklər bəzən etnoqrafik zonalar üzrə
fərqlənir. Lakin bir məqam aydındır ki, bütün zonalarda ən çox təq-
dim olunan yemək plovdur və onun özünün də müxtəlif çeşidləri
vardır. Belə ki, plov süfrəyə ləvəngi, fisincan, çığırtma, səbzi qo-
vurma və s. ilə birgə təqdim edilir. Plovla bərabər kabab da mühüm
yer tutur. Qonaqlıq süfrəsinə qurudlu xəngəl, balıq qızartması, ba-
dımcan və yarpaq dolması, düşbərə, qutab və bu kimi onlarla milli
yemək növlərini də təqdim etmək mümkündür.
Şərq dünyasında, xüsusən də müsəlman aləmində, bir qayda
olaraq, qonağa böyük ehtiram göstərilməsi nəsihətinə əməl edil-
mişdir. Bu, Məhəmməd peyğəmbərin qonağa münasibətə dair kə-
lamlarında da öz əksini tapmışdır. Peyğəmbərimiz buyurur: “Qo-
nağa hörmət edəndə qeyri-səmimiliyə yol verməyi qadağan edi-
rəm”. Birisi ziyarət etmək üçün sizə gəlirsə, ona ehtiram göstərin.
Bir icmanın başçısı sizə gəldimi, onu ehtiramla qarşılayın. “Şübhə
yoxdur ki, adamın öz qonağını qapıya qədər ötürməsi ən vacib şərt-
lərdən biridir”. Göründüyü kimi, qonağa ehtiram etmək Məhəmməd
peyğəmbər tərəfindən də tövsiyə olunurdu. Peyğəmbərin məşhur
kəlamlarından birində buyurur ki, üç duanın qəbul olunacağına şüb-
hə yoxdur: məzlumun duası, qonağın duası və ata-anasın övladına
etdiyi dua (60, 103; 120-121).
Azərbaycan xalqının real həyat tərzinin mühüm cəhətlərini
özündə əks etdirən şifahi xalq yaradıcılığı incilərində, tarixi salnamə
olan dastanlarımızda, nağıllarımızda, əfsanələrimizdə, aşıq yaradı-
cılığı nümunələrində, atalar sözlərində, bayatılarımızda qonaq və
ona münasibət haqqında geniş məlumat verilir. Qonağa hörmət
292
edilməsi şifahi xalq yaradıcılığından kənarda qala bilməzdi. Bir
neçə nümunə ilə fikrimizi sübuta yetirək.
“Kitabi-Dədə Qorqud” dastanında deyilir ki, qonağı gəlməyən
qara evlər yıxılsa hey”. Bu o deməkdir ki, əgər bir evə qonaq təşrif
buyurmursa, deməli, o ev, ev deyil və yıxılması qalmasından vacib-
dir. Bu, qonağın hər bir evdə necə böyük ehtiram sahibi olmasına
dəlalət edir. Elə həmin dastanda ən yaxşı qadın evin dirəyi hesab
olunur ki, onu da bu cür dəyərləndirirlər: “Ozan, evin dayağı oldur
ki, yazıdan-yabandan evə bir qonaq gəlsə, ər adam evdə olmasa, ol
onu yedirər, içirər, ağırlar, əzizlər, göndərər” (62, 12-14). Ümumiy-
yətlə, el arasında təkcə qadınlar deyil, bütün insanlar qiymətlən-
diriləndə ilk növbədə onun qonağa münasibəti, səxavəti əsas meyar
kimi götürülür və xalq arasında da məhz belə adamlar böyük hörmət
və nüfuz sahibi olurlar.
Dastanda xanlar xanı xan Bayandırın ildə bir kərə toy edib
Oğuz bəylərini qonaqlaması barədə də bəhs olunur (62, 16). Farüq
Sümərin də İbn Fədlanın verdiyi məlumata əsaslanaraq oğuzların
doğrucul, namuslu və qonaqpərvər olduğunu söyləməsi dastandan
bəlli olan bu fikri bir daha təsdiqləyir (64, 69). Burada XIII əsrin
görkəmli Azərbaycan mütəfəkkiri Nəsirəddin Tusinin səxavət haq-
qında yazdığını xatırlatmaq yerinə düşür: O yazır: “Səxavət ona de-
yilir ki, mal-dövlətin sərf edilməsi necə lazım, necə layiqsə, elə də
yerinə yetirilsin və sona qədər bu cürə də davam etdirilsin. Səxavət
elə bir növdür ki, onun da özünə daxil olan bir çox növləri vardır...
lakin “səxavət” cinsinə daxil olan fəzilətlər səkkizdir: birinci - kə-
rəm, ikinci - əliaçıqlıq, üçüncü - əfv, dördüncü - mürüvvət, beşinci
- xeyirhaqlıq, altıncı - yardım, yeddinci - pay, səkkizinci – üzüyum-
şaqlıq” (63, 86-87). Deməli, “Elm aləminin şahı” adlandırılan
Nəsirəddin Tusi haqlı olaraq səxavətin özündə də müəyyən
xüsusiyyətlərin birləşdiyini vurğulayır.
Tədqiqatçı Ə.H.Həşimov bu barədə yazır: “İnsanpərvərlik hissi
Azərbaycan xalqının süfrəsini də ürəyi kimi açıq və geniş etmişdir.
Nağıllarımız içərisində eləsini tapmaq olmaz ki, orada zəhmət
adamı “qonaq istəyirsənmi? - sualına : -”gözüm üstə yerin var!” -
293
deyə cavab verməsin. Həm də bu, gəlişigözəl söz demək xatirinə
verilən cavab deyil, zəhmətkeş azərbaycanlının ürək sözüdür, onun
geniş qəlbinin təcəssümüdür. Azərbaycanlılara görə, “evin yaraşığı
uşaq” olduğu kimi, “süfrənin yaraşığı da qonaqdır”. “Qonaq sevənin
süfrəsi boş olmaz”, “Qonaqsız ev uğursuz olur” və s. (65, 40).
Təsadüfi deyildir ki, nağıllarımızda xeyir qüvvənin təmsilçiləri
xeyirxah, səxavətli, yoxsullara əl tutub kömək edən adamlar sayılır.
Əbəs yerə deyilməyib ki, “mərd igidlər süfrə açar, ad alar” (66,
182). Bu barədə Molla Vəli Vidadi belə yazır:
Səxavət olmayan kəsdə şücayət feli-nadirdir.
Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm
(38, 388).
Molla Pənah Vaqif isə belə deyir:
Sən gəldin, nur doldu evə otağa,
Gəldiyin yollara canım sadağa,
Durub qurban olmaq sən tək qonağa
Nuşdur canımıza, qurban olduğum (38, 415).
Koroğlu dastanında deyilir ki, Koroğlu bir qarının qapısını dö-
yüb, gecə onu qonaq saxlamasını xahiş edir. Qarı da “qonaq Allah
qonağıdı”, - deyir (67, 188). Koroğlunun özü isə qonağı barədə
“Qonaq ki, var, mənim əzizim, iki gözümdü”, - söyləyir (67, 243).
Dastanda xanın qurduğu məclisin təsviri isə belə verilir: “Elə ki,
xan üzrxahlığını elədi, yemək-içmək başlandı, saqi girdi məclisə.
Ələmqulu xan dəlilərə burada bir qonaqlıq verdi, bir qonaqlıq verdi
ki, nə deyim. Yedilər, içdilər, çalğıçılar çaldı, oxuyanlar oxudu,
gecədən də bir az keçmiş məclis dağıldı” (67, 268. Koroğlu:
Çənlibeldə köçüm, qonum,
Atlasdan biçilər donum,
Ortadan qalxmaya xonum,
Gündə yüz qonağım ola!.. – deyir (67, 274).
294
Yuxarıdakı misralarda dərin köklərə malik olan qonaqpərvərlik
öz parlaq ifadəsini tapmışdır. Göründüyü kimi, məişətdə həlledici
rol oynayan qonaqpərvərlik adəti görk səciyyəsi daşımır, yaşam
tərzinin bir parçası kimi, arzuolunan bir hal kimi təqdir edilir. Bu
adətin yaranması cəmiyyətin özünün tələbatı ilə baş vermiş, məhz
bu zəmində də müəyyən qaydalar formalaşmışdır.
Toponimlərlə bağlı rəvayətlərdə də qonaqpərvərliyin izləri öz
təzahürünü tapmışdır. Məsələn, Şuşa adı ilə bağlı maraqlı bir rəva-
yət vardır. Belə ki, “vaxtilə Pənah xan Bərdə xanına qonaq gəlir.
Bərdə xanı möhtərəm qonağın rəğbətini qazanmaq üçün onun şərə-
finə ov təşkil edir. Onlar Qarabağın tərifli atlarını minib nökərləri,
tazıları ilə yaxındakı uca dağlara, sıx meşələrə ova çıxırlar. Bu dağ-
lardan ətrafı seyr edən Pənah xan heyran qalıb öz-özünə deyir: “Bu
nə gözəl yerdir. Nə gözəl, aydın, saf havası var. Elə bil şüşədəndir.
Uzaqdan hər şey ayna kimi görsənir. Burada hər-həlbət gözəl bir
şəhər salmaq lazımdır” (66, 46). Qarabağın yüksək yerində Şuşa
şəhəri belə salınır.
Xalqlar, o cümlədən insanlar arasında dağılmaz körpü salan qo-
naqpərvərlik adəti haqqında dastanlarımızda xeyli məlumat vardır.
Burada xalqın bütün təbəqələrinə (həm yuxarı, həm də aşağı) məx-
sus olan mehmannəvazlıq öz əksini tapmışdır. Dövrün hadisələrini
əks etdirməklə yanaşı, xalqın real həyat tərzi ilə səsləşən dastan-
larımızda xeyirxah hisslər, vətənpərvərlik, azadlıq uğrunda müba-
rizə duyğuları ilə yanaşı, qonaqpərvərlik adəti də tərənnüm olunur.
Məsələn, “Tahir-Zöhrə” dastanında deyilir: “-Anasını çağırıb dedi: -
Mən qoyunu arxaca yığıb gələnə kimi sən xörəyi hazır elə. Gərək
elə eyləyəsən ki, bizim əziz qonağımız inciməyə. Arvad o saat
xörəyi bişirib dəmə qoydu... qarı qalxıb əlüstü süfrə salıb, xörəyi
qablara çəkdi, gətirib ortaya qoydu” (68, 49). Bu sözlər xüsusən
bacarıqlı qadınların üzərinə düşən öhdəliyin layiqincə yerinə
yetirilməsinə bir işarədir.
“Aşıq Qərib” dastanında da Qərib Xacənin evində qonaq qalar-
kən onun üçün tədarük görüldüyü qeyd edilir və göstərilir ki, “Qərib
295
sözünü tamam etdi, qonaqlar yeyib-içdikdən sonra hərə öz mən-
zilinə getdi. Qərib üçün Xacə yer salıb otaqların birində onu rahat
etdi” (68, 175,178). Burada uzaq diyardan gələn və gəldiyi yerdə
heç bir qohum-əqrəbası olmadığı halda hörmətlə qəbul edilən aşıq-
dan söhbət gedir. El-oba dolaşaraq oymaq-oymaq gəzib saz-söhbəti
ilə məclislərə yaraşıq verən saz ustaları - aşıqlar və şairlərin yara-
dıcılığını mahnılarda yaşadan xanəndələr ziyafətlərin əvəzsiz
iştirakçılarına çevrilirdilər. Bu bir həqiqətdir ki, bir-birini tamam-
layaraq məclisi rövnəqləndirən musiqiçilər və öz ifaları ilə ruhu
oxşayan aşıqlar qonaqlar üçün böyük zövq mənbəyi olurdular. Bu
da xalqımızda qonağı hərtərəfli razı salmaq meylinin son dərəcə
qüvvətli olduğundan xəbər verir.
“Qurbani” dastanında qonağa münasibətə dair nəsihətamiz məs-
ləhətlər elə dolğun təsvir edilmişdir ki, bütövlükdə böyüklərin
kiçiklərə verdiyi öyüd kimi səslənir.
Sən nüdrətən bir məclisə varanda,
Yaxşı əyləş, yaxşı otur, yaxşı dur!
Dindirəndə mərifətdən xəbər ver,
Görən desin qardaşımdan yaxşıdır.
Dəllək Murad, bir vaxt gələr qonağın,
Ona məsrəf olar dügilə yağın,
Bircə gülər üzün, açıq qabağın,
Şirin dilin hamısından yaxşıdır (68, 203).
Bu ibrətamiz kəlamlarda qonaqlıqda ədəb-ərkan qaydalarına
riayət etməyin örnəyi verilir. Dastanlarımızda qonaqpərvərlik adəti
gündəlik yaşam tərzinin bir parçası və icrası mütləq zərurət tələb
edən keyfiyyət kimi ön plana çıxır. Bu adət eyni zamanda sadə
adamların münasibəti, tərbiyəsi kimi işıqlandırılır.
“Məhəmməd-Güləndam” dastanında isə belə bir məqam var:
Canımın yiyəsi, ay gözüm nənə,
Qonağın könlünü xoş gəldin söyər.
296
Sana nəsyətdi bu sözüm, nənə.
Qonağın könlünü xoş gəldin söyər (68, 424).
Burada “söyər”, yəni “sevər” mənasında verilmişdir. Dastandan
göründüyü kimi, qonağı qarşılarkən ilk növbədə ona gülər üzlə “xoş
gəldin” deməklə könlünü oxşamaq olar, çünki “xoş gəldin” sözünə
təbəssümlü bir cavab hər şeyə dəyər. Dastanlarımızda bütün insan-
larla bərabər, müxtəlif xalqlara da hörmət hissi aşılamaq tərənnüm
edilir.
Şifahi xalq ədəbiyyatı nümunələrindən olan əfsanələrdə də qo-
naqpərvərlik adəti öz təcəssümünü tapmışdır. Məsələn, “Bülbül
nəğməsi” əfsanəsində qonaqpərvərlik belə təsvir olunur: “Bir axşam
onların qapısını bir qoca döydü, bircə gecə yatmağa, dincəlməyə bir
bucaq istədi. Qardaşlar qocanı hörmətlə qarşıladılar. Evin ən yaxşı
döşəyini onun altına saldılar, ən yaxşı mütəkkəni onun dirsəyinin al-
tına qoydular, ən yumşaq yastığı onun başının altına rahatladılar.
Çörəyin, xörəyin, çayın ən dadlısını, tamlısını onun süfrəsinə düz-
dülər (66, 39). Göründüyü kimi, evin ən yaxşı neməti qonağa ve-
rilir. Hər kəs qonağı naminə istənilən cəfaya və fədakarlığa hazır
olduğunu nümayiş etdirir.
“Xacə Nəsirəddin Tusi ilə bostançı” rəvayətində Nəsirəddin Tu-
sinin yoldan ötərkən bir bostançı ilə söhbətindən bəhs edilir. N.Tusi
bostandakı qarpızların keyfiyyətini kəsilməzdən əvvəl xəbər verən
qocanın bu qabiliyyətini yoxlamaq məqsədilə xeyli qarpız kəsib nuş
edir. O, bostançının qarpızların keyfiyyətini yüksək dəqiqliklə
müəyyənləşdirdiyindən təəccüblənir və xarab etdiyi qarpızlar
müqabilində qocaya pul təklif edir. Lakin qoca onu öz qonağı kimi
qəbul etdiyindən heç bir vəchlə pul götürmür (66, 94).
Nəsillərdən-nəsillərə keçib, əsrlərin sərhədini aşan müdrik
atalar sözlərində qonaq və ona hörmət barədə belə deyilir:
Qonaq bərəkət gətirər.
Qonaq sevənin süfrəsi boş olmaz.
Qonaq süfrənin yaraşığıdır.
297
Qonaq evin gülüdür.
Qonağa da qurban olum, gəldiyi yollara da.
Qonağın ruzisu özündən qabaq gələr.
Qonaqsız ev - susuz dəyirman.
Gəlmək qonaqdan, yola salmaq ev yiyəsindən (69, 91-92).
Xalqımız arasında qonağa olan münasibət inam və etiqadlarda
da özünəməxsus şəkildə əks olunmuşdur. Məsələn,
İki nəfər baş-başa verərsə, deyərlər evə qonaq gələcək.
Gözləri yol çəkən adamın evinə qonaq gələr, deyərlər.
Guya başından bir tük ayrılıb üzünə düşsə, deyərlər
qonağın gəlir.
Səfərə gedənin dalınca su atarlar, deyərlər qoy aydınlıq
olsun (66, 3-5).
Qonaqpərvərlik inanclarda da öz əksini tapıb. Belə ki, “Elimizin
sınanmış inanclarına yaxşı bələd olan nənələrimiz xəmirə bulaşmış
əllərinə baxaraq onun çırtladığını görəndə, tez əl-ayağa düşər, ay
qız, ay gəlin, hazırlaşın, evə qonaq gələcək”,- deyərdilər. Qonağın
gələcəyini qapı ağzında ayaqqabının ayaqqabı üstünə düşməsi də sı-
nanmışdı ellərimizdə. Bir də görürdün ki, söhbət əsnasında deyər-
dilər: -vay, sağ gözüm səyriyir” və ya sevinir, deməli, qonağımız
gələcək” (70, 55). Yozumlarda deyilir ki, «Yerə qaşıq düşəndə ar-
vad qonağı gələr». Pişik əl-üzünü yalayarsa, qonaq gələcəyinə
inanılır.
Qonağın hər bir evdə gözlənildiyi barədə misalları baya-
tılarımızda da izləmək mümkündür. Məsələn:
Əzizim, binə gəlsin,
Köç gəlsin, binə gəlsin.
Yar sevdiyim obadan
Gələn var, yenə gəlsin (71, 66).
298
Qonaqpərvərliyin xalqımız arasında müqəddəs bir adət olmasını
bir çox dəlillər sübut edir. Hətta təsviri incəsənət nümunələrində əks
olunan ziyafət məclisləri də qonaqpərvərliyin məişətimizdə tutduğu
mövqedən xəbər verir. Buna misal olaraq yalnız orta əsr rəsm
əsərlərinə diqqət yetirmək kifayətdir (72).
Xalq mahnılarında də qonaq arzuolunan şəxsdir. Məsələn:
”Azərbaycan maralı”nda deyilir:
Mən qurbanam gözlərə,
Şirin-şirin sözlərə,
Bir qonaq gəl bizlərə,
Azərbaycan maralı (66, 442).
“Əmim oğlu”:
Gedin deyin xoruza, əmim oğlu,
Göydə aydır Firuzə, əmim oğlu,
Bu gecə banlamasın, əmim oğlu,
Qonaq gələcək bizə, əmim oğlu (66, 448).
“Sevgili yar”:
Sevgili yarım, qaşların alıb canımı neylim,
Aşiq olmuşam sənə mən, düşübdür sənə meylim.
Ağ buxaqda xalın görüb heyranın ollam,
Gəl məni qonaq eylə, gözəl, mehmanın olam (66, 451).
İstəkanı noxudu, haxışta,
Evdə qonaq çoxudu, haxışta.
Qonaqların içində, haxışta,
Bircə qardaş yoxudu, haxışta (66, 110).
Qədim el havalarında da (“Qonağam sizə”, “Evlərinin altı qa-
ya”, “Qaragöz”) qonaqdan söz açılır (73, 107, 121, 128). Xalq ara-
299
sında qonaqlıqla bağlı məzəli əhvalatlar da yayılmışdır. Hətta bəzən
qonaqla bağlı yer adlarına da təsadüf edilir. Belə ki, Azərbaycanın
Quba bölgəsində Qonaqkənd adlı şəhər tipli qəsəbə vardır.
Qonaqlıqla bağlı təbii ki, xoşagəlməz məqamlar da yox de-
yildir. Lakin folklorda buna nadir hallarda təsadüf edilir və yalnız
üzlü qonaqlara aiddir. Məsələn, “Avara qonaq ev yiyəsini də avara
qoyar; Qonaq bu il burdadır, gələn il də sərasər; Qonağa get
deməzlər, altından palazı çəkərlər (66, 156-167).
Tomirislə bağlı belə bir rəvayət vardır: “...onlar üçün (massa-
getlər nəzərdə tutulur -Ş.B.) çoxlu mal kəsilsin, bizim düşərgədə
qonaqlıq düzəldilsin, süfrəyə yeməkdən başqa bolluca çaxır və hər
cür xuruş qoyulsun. Bütün bu işlər görüldükdən sonra mənim məs-
ləhətim budur ki, düşərgədə qoşunun işə yaramayan bir hissəsi sax-
lanılsın və qalanları çayın qırağına qaytarılsın. Əgər mən öz zən-
nimdə yanılmıramsa, düşmən bu qədər neməti görüncə özünü onun
üstünə atacaq, biz də böyük şücaət göstərib ad qazanacağıq” (66,
89). Bu tarixi rəvayətdə qonaqlıq süfrəsinə dəvət etdiyi adamlara
qarşı İran hökmdarı Kirin mənfur hərəkəti təsvir edilmişdir. Torpaq-
larını genişləndirmək niyyəti ilə Tomirislə nikah sevdası baş tutma-
dığını görən Kir onun oğlunu qonaq dəvət edir, qonaqlar yeyib-içib
sərxoş olduqdan sonra hücum edib onları öldürür. Nəticə etibarilə
Tomiris Kiri məğlub etsə də, “qonaqlıq” ona oğlunun həyatı baha-
sına başa gəlir.
Ev sahibi qonağın təhlükəsizliyinə, adətən, təminat verirdi. Be-
lə ki, ev sahibi qonağın bütün rahatlığı ilə bərabər, sağ-salamat yola
salınması, heç kəs tərəfindən ona xətər yetirilməməsi üçün cavab-
deh olurdu. Təsadüfi bir qonağın və ya hər hansı bir səyyahın müəy-
yən evdə mehman olduğu müddətdə, onun qayğısına qalmaq ev
yiyəsinin üzərinə düşürdü. Qonağın malının mühafizəsinə təminat
da buraya daxil idi. Qonaq evi tərk etdikdən, yəni yola salındıqdan
sonrakı vəziyyət ev sahibinin səlahiyyətindən kənar sayılırdı. Am-
ma qonağın evi tərk etdikdə müəyyən bir xahişi və ya arzusu olar-
dısa, təbii ki, onun istəyini yerinə yetirmək üçün ev sahibi əlindən
300
gələni əsirgəməz və lazım gələrsə, qonağını müəyyən yerədək ötür-
məyi və ya lazımi yerə aparmağı özünə borc bilərdi.
Qonaqpərvərlik bəşər tarixinin müxtəlif dövrlərində eyni dərə-
cədə əhəmiyyət kəsb etmişdir. İstər qədim dövrlərdə, istərsə də
müasir dövrümüzdə qonağa hörmət edilməsinin zəruriliyi Azər-
baycan üçün səciyyəvi xarakter daşımışdır. Qonağa hörmət uzun
əsrlər boyu hər bir ailənin, hər bir evin borcu sayılmışdır, qonaq isə
müqəddəs, toxunulmaz bir şəxs hesab olunmuşdur. Heç şübhəsiz ki,
bir sıra adətlər kimi, qonaqpərvərlik adəti də bəşəriyyətin inkişaf
prosesi ilə əlaqədar olaraq bir sıra dəyişikliklərə məruz qalmışdır.
Qədim el adəti olan qonaqpərvərlik geniş yayılmış, uzunömür-
lü, xalqımızın müəyyən ənənələrini özündə ehtiva edən və onları bu
günümüzədək qoruyub saxlayan bir mərasimdir.
Məlum olduğu kimi, zaman-zaman qonaqpərvərlik ənənələri
inkişaf edərək, nəsildən-nəsilə ötürülmüş və daha da təkmilləş-
mişdir. Toylarda, bayramlarda və digər şənliklərdə kədəri unutdu-
rub, əhalini sevincə ruhlandırmaq məhz qonaqpərvərliyə xas olan
cəhətlərdir. Qonaqpərvərlik müasir dövrün xüsusiyyətlərinə daha
çox uyğunlaşdırılmış və yeni keyfiyyət dəyişikliklərinə məruz qal-
mışdır. Əsrlər boyu yalnız bir münasibət dəyişməz qalmışdır ki, o
da qonağa böyük hörmətdir. Ev sahibi bu yolda bütün imkanların-
dan istifadə edir. Qonaqları təbiətin füsunkar güşələri ilə tanış
etmək, onları mənzərəli yerlərə gəzməyə aparmaq da ev sahibinin
başını uca edən xüsusiyyətlərdəndir.
Qonaqpərvərlik ictimai həyatımızda, məişətimizdə, münasibət-
lərimizdə mənəvi keyfiyyətlərin hərtərəfli ifadəsinə xidmət edir. Cə-
miyyətin tərəqqisinə yönəldilmiş bir adət kimi mədəniyyətlərin
yaxınlaşmasına və çulğalaşmasına gətirib çıxarır. Əmin-amanlığa
çağıran bu adətlə xalqlar arasında yaranan ünsiyyət və təmas müsbət
nəticələr verir.
Azərbaycanda icra olunan qonaqpərvərlik adəti bir çox xalqlar
üçün örnək ola bilər. Bu adət hər bir dövrdə və təbii ki, hər bir cə-
miyyətdə xalqın zövqünü, həyat təcrübəsini və əxlaqını nümayiş et-
dirir, zəngin mənəvi keyfiyyətlərinin bariz nümunəsi kimi ön plana
301
çıxır, insanlar arasında həssas münasibətlərin təzahürü kimi forma-
laşır. İnsanların həyatındakı özünəməxsus əlamətlər rəngarəngliyi
ilə seçilən keyfiyyətlərlə yanaşı, onların dünyagörüşünə, təfəkkür
tərzinə, o cümlədən qonaqpərvərliyə də sirayət edir.
Bütun bunlar xalq yazıçısı Mehdi Hüseynin “Bir ay və bir gün”
əsərində öz əksini tapmışdır. Yazıçı Türkiyə səfərinin xatirəsi kimi
qələmə aldığı əsərində qürbət eldə həmyerlimiz və türk ailəsi tərə-
findən necə mehribanlıqla qarşılandığından böyük həvəslə söhbət
açır. M.Hüseyn yazır: “Bazar günüdür. Hamı dincəlir. Tofiq (Türki-
yədəki keçmiş sovet səfirliyinin mədəniyyət attaşesi T.Qədirov) -
“Səfirimizin şəxsi qonağı olsan da mənim ixtiyarımdasan, - dedi.
Çayı bizdə içəcəyik...” Bu andan sonra mənim üçün ləzzət, Tofiqin
ailəsi üçün isə əziyyət başlandı. Düz 22 gün. Bu müddətdə gülər üz-
dən, həmvətənlərimə xas nəvaziş və qayğıkeşlikdən qeyri bir şey
görmədim”. Burada qonaqpərvərlik insanların mənəvi hissləri və sə-
mimi duyğularının, eyni zamanda qaynar həyatının bariz nümunəsi
kimi təqdim olunur. Yazıçı qonaq olduğu türk ailəsi haqqında da
xoş sözlər söyləmişdir. M.Hüseyn qeyd edir ki, türk professoru Kə-
nan Akyüzün evinə qonaq dəvət olunarkən onlara hədiyyə gətirdiyi
valı (“Koroğlu” operasından Bülbülün ifasında ariya) təqdim edir.
Onlar Bülbülün səsini eşidib çox məmnun olurlar. Müəllif türklərin
qonaqpərvərliyindən bəhs edir, bu əsnada onların söhbətləri barədə
məlumat verir.
Qonaqpərvərliklə bütöv nəsillər tərbiyələnmişdir. Əsrlər boyu
maddi sərvətlərimiz dağıntıya məruz qalsa belə, bir sıra mənəvi sər-
vətlərimiz, o cümlədən qonaqpərvərlik adəti qorunub saxlanılmış və
nəsillərdən-nəsillərə ötürülmüşdür. Qonaqpərvərlik vasitəsilə xalqın
mənəvi keyfiyyətləri ön plana çıxmış olur. Bu adətin əhəmiyyəti də
bundadır. Göründüyü kimi, məhz bu cəhətlərinə görə Azərbaycan
qonaqpərvərliyi yazarlar tərəfindən yekdilliklə təqdir edilir. Azər-
baycanın xalq yaradıcılıq nümunələrində, şair və yazıçıların əsərlə-
rində istər-istəməz qonaqpərvərlik haqqında söhbət açılması onun
xalqın məişətində necə mühüm yer tutduğunu sübut edir. Xalqımı-
302
zın mənəvi dəyərləri sırasında qonaqpərvərliyin önəmli yeri danıl-
mazdır.
Azərbaycan xalqının mənəvi sərvəti olan qonaqpərvərlik adə-
tində zəngin ənənələrimiz, xalqın məişət tərzi öz təcəssümünü tapır
və mövcud olduğu dövrün səciyyəvi xüsusiyyətlərini əks etdirir.
Humanist mahiyyətli Azərbaycan qonaqpərvərliyi öz əhəmiyyətini
və təsir qüvvəsini bu gün də itirməmişdir.
Qonaqpərvərlik yalnız evə gələni qarşılayıb-yola salmaqla bit-
mir. Xəstəni yoluxmaq məqsədilə kiməsə qonaq getmək olar. Həcc
ziyarətindən qayıdıb gələnlərə baş çəkib qonağı olmaq da bir adət
halını almışdır. Xüsusən də Ramazan, Qurban və Novruz bayram-
larında və toy mərasimindən sonra qonaq getmək və dəvət etmək,
əsrlərdən bəri elimizin-obamızın məişət normasına çevrilmişdir.
İnsanlar düşüncəsinə, yaşam tərzinə və dünyagörüşünə görə bir-
birindən fərqlənirlər. Hər kəsin özünəməxsus daxili aləmi, adət və
vərdişləri vardır. Buna baxmayaraq, qonaqpərvərlik zamanı bütün
bu fərqlər sanki yox olub gedir. Çünki söhbət məhz ümumi və
mübahisə doğurmayacaq mövzunu əhatə edir, burada insanlar nə isə
öyrənir, əlavə məlumat toplayır və maraq dairəsi daha da genişlənir.
Bu da qonaqpərvərliyin ünsiyyət vasitəsi olduğunu göstərir.
Qonaqpərvərlik xalqın həyat tərzi ilə dərin köklərlə bağlıdır.
Təsadüfi deyil ki, hələ qədimlərdən ev tikiləndə, icmanın müxtəlif
işlərində, eyni zamanda toy məclislərində insanlar bir-birinə qonaq
getməyi, yardım təklif etməyi özlərinə borc bilmişlər. Hətta ev inşa
edildikdən sonra da el-obanı qonaq dəvət etmək bir qayda olmuş-
dur. Azərbaycan şairi Kişvəri (XV əsrin sonu-XVI əsrin əvvəli)
bunu belə qələmə almışdır:
Ev bina eylab, əcəbdir elni mehman eylaman (26, 350).
Azərbaycanda indiyədək qorunub saxlanılan adətlərdən biri də
səfərdən qayıdanlara qonaq getməkdir, onlara baş çəkib görüşləri və
təəssüratlarını bölüşmək, hal-əhval tutmaqdır. Bu barədə Məsud ibn
Nəmdar yazır:
303
Səfərdən gələnlərlə görüşmək bir adətdir,
İnsanlıqda bu özü ədalət, nəzakətdir (74, 32).
Göründüyü kimi, mehmanpərvərlik xoş bir duyğu kimi
tərənnüm edilir.
Dostları ilə paylaş: |