SİRLƏr xəZİNƏSİ



Yüklə 0,58 Mb.
səhifə7/17
tarix31.01.2017
ölçüsü0,58 Mb.
#6766
1   2   3   4   5   6   7   8   9   10   ...   17

ALTINCI SÖHBƏT



VARLIĞIN QÜDRƏTİ
Bu sehirli pərdədə möcüzə göstərən var,

Sehrkar qüdrətilə ecazkardır, ecazkar.

Qəlbinin gözlərilə seyrə dal bu pərdəni

Gördüyün hər möcüzə hər an sehrlər səni.

Qubarlı pərdədəki quldurlar gəlməz saya,

Keşikçidir fələyə, talançıdır dünyaya.

Köləlik ziyasıdır gözlərinin gövhəri,

Könülün köləsidir onlar əzəldən bəri.

Ətalətdən uzaqdır gərdişi kainatın.

Varlığa həvalədir hər işi kainatın.

Fələyin köhlənləri yəhərlidir əzəldən,

Yalmanına yatmayan qəhərlidir əzəldən.

Bu cavan hərəkətli qoca fələkdən qabaq,

Ululuq şan-şöhrəti uca fələkdən qabaq,

Əlimizlə qurmuşuq eşqin uca taxtını,

Eşq ilə sınamışıq insanlığın baxtını.

Xeyrin, şərin yükündən insan çətin daşına,

Şikar kimi bağlanıb yəhərinin qaşına.

Dünya sirli saraydır, sirdaş da sönsən ona.

Torpaq acgöz bir quşdur, ən gözəl dənsən ona

Xilas eylə canını sinə sökən bu quşdan,

Zümrüd kimi havalan, görünməz ol uçuşda.

Qəfəsdəki can quşun İsa deyil, bəs nədir?

Yerdə qanad açsa da, məskəni göylərdədir.

Ya söküb caynağıyla uçursun qəfəsini,

Ya göyə caynağında uçursun qəfəsini.

Qoy müqəddəs yurduna pənah aparsın daha,

Sən də ki, qanadında sığın ülvi dərgaha.

Bu yerin dəhlizindən xilas olanda canın -

Əbədi təmizlənər ləkədən onda canın.

Nə ağa, nə qaraya yovuşarsan əbədi,

Ülviyyət aləminə qovuşarsan əbədi.

Öz yanında görərsən hər-bir peyğəmbəri sən.

O calallı dərgahda olarsan bir pəri sən.

İki dünya yolunda yolçuluğun əbəsdir,

Könülə qovuşmağa yarım nəfəs də bəsdir.

Kim varlıq cövhərini bu gildən yaradıbdır,

Ruhunun Kəbəsini könüldən yaradıbdır.

Qalsın tozlu dəridə çirki, pası ruhunun,

İşıqlı könüldədir hər cilası ruhunun.

Sürmə çəkən nəsimdir nərgizin gözlərinə

Mis iksirlə dönübdür kimyagərin zərinə.

Bədənin ovxalanan bir ovuc gildi sənin,

Əzəl gündən sirdaşın yalnız könüldü sənin.

Öz könlünə qul ol ki, sultanlığa çatasan,

Ağla, cana hökm edib köləliyi atasan

Könül nərmə-nazikdir, bürüyər heyrət canı,

Ətirli göbək kimi sərtliyə öyrət canı.

Sənə cildən toxunan libas geymək eyibmi?

Əcdadın zərli cübbə, ipək paltar geyibmi?

Ceyranın sərt dərisi - gözəlliyin şüası.

Yazılar dərisinə məhəbbətin duası.

Müşkü yaxşı saxlayır ahunun sərt göbəyi,

Ətri kimi dağılar bürünərsə ipəyi.

İncisən, gir sədəfə daş-qaş deyən olmasın,

Şəkərsən, görünmə ki, basıb yeyən olmasın.

Gah gecətək, əriyib şəfəqi ol səhərin,

Gah da ki, sal ahınla qoynuna yol səhərin.

Zülmətli gecələrdə qatlaş ağır zəhmətə

Mərhəmətin, şəfqətin nuru yağır zəhmətə

Şöhrətə zəhmətilə ucalıbdı ərənlər,

Məsləkinin yolunda qocalıbdı ərənlər.

Müsibət - rahatlıqdı, bəhrələndi nəbilər,

Müsibət səfasını ondan qaçan nə bilər?

Şirin meyin mayası, bil ki, acıdır, acı,

Fəlakət xudbinliyin əlacıdır, əlacı.

Dünya bir xəzinədir, keşikçisi - əjdaha,

Xəzinəyə can atan qoy rahat yatsın daha.

Sərv ol, çətirə döndər ay nurunu gecələr,

Şam olub, yana-yana yay nurunu gecələr

Zəhmət fəryad deyildir, bir şadlıqdır insana,

Zəhmətinin axırı rahatlıqdır insana

Düşünmə ki, qəsdinə durub haçandır fələk.

Qapılar bağlasa da, qapı açandır fələk.

Çıxar nicat yoluna bir gün karvanı ömrün,

Sevinc qəm darğasıtək olar sarvanı ömrün.



OVÇU İLƏ TÜLKÜNÜN HEKAYƏTİ
Bir tuşqul ovçu vardı, quşu göydə vurardı,

Dərə keçib, dağ, aşar, bənd-bərədə durardı.

Bir tulası vardı ki, cürəti şir cürəti,

Qaçışına çatmazdı Günəşin də sürəti

Ən heybətli kərgədan qorxusundan əsərdi,

Maralı aslan dişi xəncər kimi kəsərdi.

Köməyilə vəhşilər bir şikardı ovçuya,

Gərəkliyi hər zaman aşikardı ovçuya.

Hər şikara cumanda qəlbinə nur saçardı,

Gecə keşikçi, gündüz ov dalınca qaçardı.

Şirürəkli ovçunun şir tulası yox oldu,

Bu itiyin xiffəti ürəyinə ox oldu.

Dedi: "Məni qoruyar, ovumu izləyərdi,

Bir tazımın dırnağı yüz aslana dəyərdi".

Hayıfsınıb əzabdan od tutdu, nə tutdu o,

Dözüb şirin canını öz dişinə tutdu o.

Hövsələ daralanda sanma dözmək asandı,

Zərrə qədər səbriylə sanki dirhəm qazandı.

Bir tülkü yaxınlaşıb ələ saldı ovçunu,

Söylədi: "Nə yaxşı ki, bu dərd aldı ovçunu.

Eşitdim ki, gəbərib o zirək tazın sənin,

Tazın ölüb getsə də, olmasın yasın sənin.

Dünən səndən ayrılıb, şikara cumdu tazın,

Ovdan ötrü həlakdı, gözünü yumdu tazın.

Budur, öz ovçusuna özü şikardır indi,

İki aylıq bolluca yeməyin vardır indi.

Ürəyini kababtək dur, yaxşıca çək şişə.

Beyni - sənə yem olsun, dərisi - mən "dərvişə".

Əvvəl yağlı yeməyə yaman çoxdu iştahın,

İndi yağlı tülküyə niyə yoxdu iştahın?

Bir gün qan udmalıydın yağımızı yeməkdən,

Sarılıq tutmalıydın yağımızı yeməkdən.

Qorxum yoxdur torundan, zəhri yarandan daha,

Qurtarmışam ölümdən, müdhiş yarandan daha.

Artıq uzaq gəzirsən, niyə bizdən bezmisən?

Heç saya da salmırsan, əlimizdən bezmisən?"

Ovçu dedi: "Məsəldir: hər gecə hamilədir,

Nə doğacaq bilinmir, gör necə hamilədir?!

Şadam ki, dünya evi darısqaldır əzəldən,

Qəm gedər, şadlıq gələr, adi, haldır əzəldən.

Ağalığı - ədanı, köləliyi - təşvişi

Yer üzünə bəxş edib bu fələyin gərdişi

Bu ulduzlar, fələklər, bax, dövr edir həmişə,

Əzab da, rahatlıq da keçib gedir həmişə.

Şadlıq sarsa könlümü sonu qəmdir-kədərdir,

Şadlıq gəldi-gedərsə, qəm də gəldi-gedərdir.

Hər gecənin bir nurlu, günəşli gündüzü var,

Hər yoxuşun enişi, hər təpənin düzü var.

Buna qurdla Yusifin macərası deyərəm,

Qurd Yusifi yeyibsə, mən də onu yeyərəm.

Aldada bilməz məni qurduğun hiylə, kələk,

Sənin kimi şikarı tazısız qoymaz fələk".

Ovçu belə deyəndə hər yan toza büründü,

Toz tazının dalınca pərdə kimi süründü.

Ora-bura şütüdü o şikarın hərisi,

Şir dişiylə tülkünün parçalandı dərisi.

Dedi ki, pusqudayam, gərək qəsdə girəm mən,

Tülkü yaxşı bilir ki, şikar vaxtı şirəm mən.

İtməyimdən səbrinin kasası doldu sənin,

Tülkünü parçaladan inamın oldu sənin.

Mütiliyim boynuma xalta salıb əzəldən,

Vəfam ixtiyarımı əldən alıb əzəldən.

Kimin ki ixtiyarı sədaqətə bağlıdır,

Taleyinin axırı səadətə bağlıdır.

Məslək yolu ülviyyət yoludur kainatın,

Yüksəliş, təmiz niyyət yoludur kainatın.

Şərəfə yüksələrsən hökmün, qətiyyətinlə,

Daşın dönər qızıla müqəddəs niyyətinlə.

Əzminlə, inamınla, dolanarsan hər yanı,

Atəşdən su alarsan, qurudarsan dəryanı.

Kimə ki, inamıyla bəxti yardır dünyada,

Tanrının nemətilə bəxtiyardır dünyada.

Cibintək, mığmığatək qan sormağa can atma,

Tamahın neştəriylə ürəyini qanatma.

Qapına gələn nemət qismətindir, yeyərsən,

Ruzi verən kimsəyə min-min alqış deyərsən.

Kimdə varsa comərdlik, yollan onun üstə sən.

Ruzini, nemətini yalnız ondan istə sən.

Comərdin qapısını kim ki, kəsib cahanda,

Ona dünya neməti olub nəsib cahanda.

Həqiqət carçıları bağlı qapı açandır,

Bizim kimi qul deyil, tağlı qapı açandır.

Xarabat guşəsində keçir ibadətləri,

Saf şərabı bal kimi içməkdir adətləri.

Vəfasız ömrə görə dərdə, qəmə batma sən,

Yüz ilin sərvətini yığmağa can atma sən.

Sanma başdan-binadan dərd yolunu kəsibdi,

Hər qismətin, nemətin əzəl gündən nəsibdi.

Hər canlıya nəsibdi qüdrətin naz-neməti,

Qismətinə sevinən ucuz tutmaz neməti.

İnsan oğlu əlləşib darınıbdır həmişə,

Hamı öz qismətindən barınıbdır həmişə.

Məslək yolu seçənlər tamaha baş əyərmi?

Dövlətin artsın deyə əlləşməyə dəyərmi?

Çarpışmağı bacarsan havadarın tapılar.

Üzünə açıq olar bütün bağlı qapılar.

Nizaminin eşq odu sanma külə dönəndi,

Qüdrətin al Günəşi sönsə, o da sönəndi.





Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin