K r i t o n. Mənim artıq deməyə bir sözüm yoxdur, Sokrat.
S o k r a t. Kriton, gəl bunları qatlayıb bir qırağa qoyaq, tanrının göstərdiyi yolu tutub gedək.
FEDON
EXEKRAT, FEDON E x e k r a t. Fedon, de görüm, Sokrat qazamatda ağu içəndə sən də onun yanında idin, yoxsa bu deyilənləri başqalarından eşitmisən?
F e d o n. Yox, Exekrat, mən özüm orada idim.
E x e k r a t. Ölümündən qabaq o nə danışırdı? Ölümünü necə qarşıladı? Bax bunları çox bilmək istərdim. Bilirsən də, bizim fliuntlular Afinaya ayaqüstü dəyib qayıdırlar, oradakı arxadaşlarımızdan da son çağlar buralara kim gəlibsə, baş verənlərdən bitkin bir soraq verə bilmir, bildikləri ancaq budur: Sokrat ağu içib öldü.
F e d o n. Yoxsa sizlərin, Sokratın məhkəməsindən, orada baş verənlərdən də bilginiz yoxdur?
E x e k r a t. Yox, məhkəmədə baş verənləri bizə yerli-yataqlı danışıblar. Düzü, bizim üçün anlaşılmaz qaldı, nədən Sokratı məhkəmə qurtarandan çox sonra öldürüblər? Bilmirsən, bu necə olub, Fedon?
F e d o n. Yerinə düşən bir gözlənilməzlikdən! Məhkəmədən bir az öncə, afinalılar Delosa göndərəcəkləri gəmini çiçək tutamları(əklilləri) ilə bəzəmişdilər.