II BAŞLIQ
{Sokratın üstünə atılan ikinci suç da ağ yalan idi: o gəncliyi pis yollara çəkmirdi}
Sokratın gəncliyi pis yollara çəkməsi üzrə danışılan uydurmalara, bir çoxlarının necə inandığını düşünəndə, büsbütün çaşıb qalıram,- Sokrat, onun yuxarıda sadaladığım yetkinliklərindən başqa, qadınlarla yaxınlıq etməkdə, yeyib-içməkdə, bir sözlə bu sayaq bütün istəklərində, hamıdan artıq özünü saxlamağı bacarırdı, bundan başqa da, soyuğa, istiyə, ağır əməklərə çox dözümlü idi, özünü də dolanışığında elə ölçü-biçili olmağa öyrətmişdi, əlində olan azacıq axça ilə də qolayca keçinə bilirdi. O özü belə bir ömür sürürdüsə, başqalarını necə tanrıları danmağa, yasaları pozmağa yönəldə, qadın düşkünlüyünə, harınlığa, iş-gücdən yayınmaq kimi yaramazlıqlara öyrədə bilərdi? Oysa, o çoxlarını bu yaramazlıqlardan çəkindirər, yetkin olmağa alışdırardı, bir sözlə onları ərdəmli kimsələr olmağın gərəkliyinə inandıradı. Burada o, kimsəni danlaq-dansaqla, uzun-uzadı öyüdlərlə yola gətirməyə çalışmazdı, öz kimliyini bir örnək olaraq, necə vardısa, qarşısındakına tanıtmağa çalışardı, onun mənliyində bütün aydınlığı ilə gözə çarpan, bu yetkinlikləri görüb duyduqdan sonra, dinləyiciləri Sokratın öyüdlərini eşitsələr, onun dediyi yolu tutsalar, özlərinin də belə bir insanlıq ucalığına çata biləcəklərinə ürəkdən inanardılar.
O, öz sağlamlığını bərk qoruyardı, kim öz sağlamlığına qayğı göstərməzsə onu qınayıb, bu yoldan çəkindirərdi. Yeyib-içməkdə qarınqululuq eləyənləri bəyənməzdi, ağızda dadı qalan, mədəni gücə salmayan yeməyi yararlı sayardı: bu sayaq yemək yeməyi o, sağlamlığa yarayan, insanın könlünü düşkün istəklərlə yormayan, gərəkli bir iş sayardı. Bununla yanaşı, geyimdə, ayaqqabıda, habelə bunun kimi, əyin-başla, yaşamla bağlı işlərdə, varlı görünmək istəyənləri, özünü gözə soxanları da sevməzdi.
Ancaq öz qazancını güdən adamları tutduqları yoldan daşındırmağa çalışar, onları bu düşkünlükdən çəkindirərdi, özü də yanına bilik öyrənmək üçün gələn dinləyicilərindən axça götürməzdi. Başqasından qazanc güdməməyi, insan özgürlüyünü qorumağın başlıca yolu sanardı; bilik öyrətdiyi üçün axça alanları qınayar, bunlar özləri özlərini qul yerinə satırlar, deyərdi. O belələrinin yanlışa qapıldıqlarını düşünərdi: özlərinə, yaxşılıq eləməyin öyrətmənləri deyən bu adamlar, necə olur buna görə axça alır, yaxşılıq eləməyi öyrətdikləri adamları özlərinə arxadaş eləyə bilməyin qazancını görmürlər, yoxsa, ərdəmlik öyrətdikləri bu adamların əmək itirəcəyindən, verdiklərinin qarşılığını qaytarmayacağındanmı qorxurlar? Sokrat öncədən kiməsə, nəyisə öyrədəcəyini boynuna götürməzdi, eləcə onun dediklərinə inanan kimsələrlə, biryolluq arxadaş olmağa çalışar, bunu özünün qazancı sayardı. Belə bir kimsənin, gəncləri pis yola çəkdiyini necə dilə gətirmək olar? Yox, onlara yaxşılıq eləməyi öyrətmək pis yola çəkməkdirsə, onda mənim deyiləsi başqa sözüm yoxdur!
Məhkəmədə, Sokratı suçlayanlardan biri demişdi: -And olsun Zevsə, Sokrat öz dinləyicilərinə, qoyulmuş yasalara sayğısız yanaşmağı öyrədir: “Onun deməsinə görə, dövlət qulluğuna götürülən adamları, çöp atmaqla(püşk atmaqla) seçmək saçmalıqdır, kim görüb, gəmi yönətimçisini, doğramaçını(dülgəri), fleyta çalanı, yoxsa başqa bir iş yiyəsini bu sayaq seçələr, baxmayaraq, onların yanlışından törəyə biləcək sıxıntıları, dövlət qulluqçularının yanlışından törəyən ağrı-acılarla yanaşı belə qoymaq olmaz; belə danışıqları ilə o, oturuşmuş dövlət quruluşunu gənclərin gözündən salır, onları dövlət quruluşunu güc işlədərək yıxmağa yönəldir”.
Mən isə belə düşünürəm, bilgəlik ucalığına çatan, başqalarına düz yol göstərməyi bacaran kimsələrin hamısı, toplumda nəyisə güc işlətməklə yoluna qoymağa qarşı çıxırlar: güclə baş verəcək dəyişikliklərin adamlar arasında yağılıqlar, qırğınlar törədəcəyini anlayır, bundansa adamları gərəkən dəyişikləkləri dinc yolla aparmağa inandırır, onları biri-birini sevməyə, qarşılıqlı anlaşma içində yaşamağa çağırırlar; kiməsə qarşı güc işlədəndə, o bundan yana, istər-istəməz yanıqlı olur, ona elə gəlir, sanasan əlindən nəyinisə alıblar, ancaq kimisə görülən işin düzgünlüyünə inandıranda, onda bu işə sevgi yaranır, ona düz yol göstərdiklərini, yaxşılıq elədiklərini düşünür. Ona görə də, bilgə adamlar başqalarına qarşı güc işlətməzlər, bu sayaq davranış, qolunun gücü olan, ancaq anlağı olmayan adamlardan törəyir. Bundan başqa, gücə arxalanıb iş görmək istəyən adamın gərək çoxlu yoldaşları da olsun; ancaq insanlara nəyisə aşılamağı, sözlə bacaran kimsə, öz işini tək də görə biləcəyindən arxayındır. Belələrinin kimisə öldürmək istəməsini düşünmək belə yersizdir: kiminsə, ona qulaq asan, görmək istədiyi gərəkli işə yaraya bilən adamı öldürmək istəməsi, açıq-aydın bir dəlilik olmazdımı?
Sokratı suçlamağa çalışanlar deyirdilər: “Ancaq, Sokratın Kritiylə Alkiviad adında iki keçmiş arxadaşları, bizim yurdumuza sayagəlməz yamanlıqlar eləyiblər. Oliqarxların hakimiyyəti dönəmində Kritiy, öz qazancını güdməkdə, başqalarına qarşı yeri gəldi, gəlmədi güc işlətməkdə, qaniçənlikdə ad çıxarmışdı, Alkiviad isə, demokratların dönəmində, özünün pozğunluğu, yekəbaşlığı, qol gücünə arxalanmağı ilə hamını bezdirmişdi”.
Bu deyilən kimsələrin yurdumuza qarşı yamanlıqlar elədiyi hamıya bəlli olduğundan, mən də onları sudan quru çıxarmaq istəmirəm, ancaq onların Sokratla olmuş ilişkilərinə aydınlıq gətirmək istəyirəm. Bunu Afinada artıq hamı bilir, bunların ikisi də, öz qılıqlarına görə, ad-san qazanmaq düşkünü idilər, onlar başqalarına ağalıq eləmək, hamıdan üstün görünmək üçün, dəridən-qabıqdan çıxırdılar. Onlar bunu da bilirdilər, Sokrat çox azacıq axça ilə öz gərəksələrini ödəyir, əyləncələrdən uzaq gəzir, ancaq onunla söz güləşdirmək istəyənləri də yerində oturtmağı hamıdan yaxşı bacarır. İndi yuxarıda sizlərə kim olduqlarını tanıtdığım adamların, Sokratın yanına gəlməkdə amacları, onun kimi yaşamağı, onun kimi öz qazancını güdməməyi öyrənmək ola bilərdimi? Yoxsa onlar, Sokratdan yaxşı danışmaq bacarığını, bir də görəsi işlərində gözüaçıq olmağı öyrənmək istəyirdilər? Mənim inamıma görə, birdən tanrılar onlara, ya bütün ömürlərini Sokrat kimi yaşamağı, ya da ölümü seçməyi buyursaydılar, onlar ölməyi üstün tutardılar. Bu onların davranışlarından da bəlli idi: toplum içrə olan işlərdə, öz arxadaşlarını üstələyə biləcəklərini duyan kimi, Sokratdan aralanıb, dövlət qulluğuna cumdular, onların nə istədikləri də hamıya bəlli oldu. Bununla bağlı onu deyə bilərəm, Sokrat öz dinləyicilərinə siyasi biliklər verməzdən öncə, onlara öz duyğularına, istəminə yiyəlik eləməyi öyrədərdi. Buna qarşı deyəcək bir sözüm yoxdur. Ancaq, mənim bildiyimə görə, bütün oyrətmənlər, başqalarına öyrətdiklərini özləri də öz yaşamlarında büsbütün yerinə yetirəndə, dedikləri sözlərin kəsəri qat-qat artıq olur. Sokrat üçün ancaq bunu deyə bilərəm, o özünün gündəlik yaşamı ilə arxadaşlarına çox yaxşı örnək olmaqdan başqa, insanların çiyninə düşən daşıyası yüklərdən, başqalarına yaxşılıq eləməyin gərəyindən çox gözəl danışmağı da bacarırdı. Onlar da Sokratın yanında olduqca, özlərinə yiyəlik eləməyi bacarırdılar, bunu Sokratdan qorxduqlarına, yoxsa onun özlərinə əl qaldıra biləcəyindən çəkindiklərinə görə yox, belə yaşamağın insana yaraşdığını düşündüklərindən edirdilər.
Özünü filosof adlandıranların bir çoxu deyirlər: düzə qulluq edən əyri yola getməz, özünə yiyəlik eləyən yaramazlıq eləməz, nəyisə öyrənməyi bacaran adam biliksiz kimsələrə qoşulmaz. Mən isə başqa sayaq düşünməkdəyəm: sağlamlığını qorumayan kimsə, yaxşı işləməyi bacarmadığı təki, öz könlünü yetkinləşdirməyin qayğısına qalmayan adam da, ürəkaçan işlər görə bilməz, belə bir yolsuzluqda azan kimsə, nəyi eləməyi, nədən çəkinməyi, düzgün ayırd eləyə bilmir. Buna görə də oğlunu yaxşı insan olaraq böyütmək istəyən atalar, onları yaramaz adamlara qoşulşmağa qoymurlar, onlar uşaqlarının—yaxşı adamlarla oturub durarsa, yaxşılıq öyrənəcəyini, pis adamlara qoşularsa, yaman günlərə qalacağını anlayırlar. Bu konuda şairlərin örnək ola biləsi sözləri də var, onlardan biri belə deyir:
Doğru yol tutanlarla, yoldaş olub dolansan,–yaxşılıq qazanarsan,
Əyri yol gedənlərə, qoşulsan itirərsən,–az-çox yaxşı nəyin var!
bir başqası isə deyir:
Yetkin saydığın kimsə, birdən yanıla biər, bunu gözdən qaçırma.
Şairlərin dediklərinin düzgünlüyünə inanıram: onları da dönə-dönə oxumayanda unudursan, öyrətmənin də sözü, qulaqardına vurulanda beləcə unudulur. Öyüdü unudursansa, onun sənə aşıladıqlarını da yadırğayırsan; bunların ardınca, öpözünün(ruhunun) səni yaxşılıqlara çağıran səsini də eşitməz olursan. Mən bunu çox görmüşəm, içkiyəmi, qadın düşkünlüyünəmi yuvarlanan kimsələr, eləyəsi ilə eləməyəsini ayırd eləmək bacarıqlarını itirirlər: buçağacan axçalarını əllərində saxlamağı yaxşı bacaranlar, belə düşkünlüklərə qapılandan sonra, olan-qalanları büsbütün əllərindən çıxır; əliboş qalanda isə, öncələr özlərinə sığışdırmadıqları ən alçaq yollarla belə, axça qazanmaqdan çəkinmirlər. Yoxsa belə çıxır, qabaqlar mənlikli olan adamın sonradan dönüb qanacaqsız olmasi, düzlüksevər kimsənin birdən də əyriliyə uyması, habelə bunun kimi olayların baş verməsi, ucdantutma bütün insanların qanında vardır? Bu konuda anladığımı, doğru sandığımı sizlərə demək istəyirəm: biryolluq yaxşı, qanacaqlı bir kimsə ola bilmək üçün, çox uzun sürədə, ara vermədən çalışıb, özünü buna alışdırmalısan. Bəlli olduğu üzrə, bu elə bədənin yaradılışından doğan bi gerçəklikdir,—onda bir yandan arılı-durulu duyğularla dolu olan könül vardırsa, başqa yandan, lap elə bu könülün qonşuluğunda yer alan, kirli duyğulardan törəyən düşkünlüklər də vardır, bax bu ikincisinin insanın istəmini üstələməsindən yana, adamlar düz yoldan azırlar, bu da onları, könüllərinin uca diləklərinə çatmaq üçün çalışmaqdansa, bədənlərinin yaramaz istəklərində ilişib qalmağa, onların dustaqlığında ömürlərini sovmağa sürükləyir.
Ona görə də, Kritiylə Alkiviad Sokratın yanında olduqca, onunla arxadaşlıq etdikcə, öz alçaq istəklərini üstələyə bilirdilər. Sokratdan uzaqlaşandan sonra, Kritiy Fessaliyaya qaçdı, orada düz yolda olmayan adamların arasında dolaşmağa başladı. Alkiviad isə üzdən çox gözəgəlimli olduğundan, toplumun yüksək qatlarından olan qadınlar onu öz torlarına salmağa başladılar(onun bir çox varlı kişilərlə yatağa girdiyini deyənlər də vardır), belə alçaq işdəklərlə də o, doğma şəhərdə, qonşu şəhərlərdə tanınmaq üçün ona yardım edən çoxlu adlı-sanlı adamlar tapa bildi, belə iyrənc yollarla xalqın sayğısını qazanan Alkiviad, özünü yetkinləşdirməyin daşını atdı, sözün düzü, onun bu sayaq davranışını mən, lap elə qoşulduğu ilk gimnastika yarışmasında uğur qazanıb özündən çıxan, öz bacarığını artırmaq üçün çalışmağı başlı-başına buraxan atletin saçmalığına da bənzədirəm. Bax elə bu sadaladıqlarım nədənlərdən,–yüksək soydan olmasına arxalanıb, pul-parası ilə öyünüb, yüngül yolla qazandığı ad-sana uyub yekəbaşlıq eləyən, özü-özünü korlayan bu adamların,–Sokratdan ayrılandan sonra belə alçaq kimsələrə çevriləcəyi gözlənilən deyildimi? Bütün bunların baş verməsində Sokratın da suçu olduğunu demək olarmı? Sokrat onları gənclik dəliqanlığı çağlarında, yanlışlardan çəkindirəndə, onların könlünü yaxşılıqlara kökləyəndə, onda bu indiki “suç qarayaxaları” nədən ağızlarına su almışdılar, nədən onda gəlib, Sokratı öymürdülər? Yaşamda baş verən dolaşıq işləri, bir kimsə bu sayaq ayırd eləmir. Hansı fleytaçı, kifaraçı, ya başqa bir öyrətmən olsun, öz öyrəncisini yetkincə öyrədəndən sonra, onun başqa bir öyrətmənin yanına gedib, onun yanında yanlışa qapılıb, korlanmasına görə sorunlu ola bilər? Kiminsə oğlu yaxşı adamların arasında dolanıb, özünü qanacaqlı aparırsa, sonradan başqalarına qoşulub, yaramaz birisinə çevrilirsə, buna görə atası, onun ilkin tanışlarınımı qınamalıdır? Bu ata, ikincilərlə tanışlıqdan sonra oğlunun korlandığını görüb, onun birinci tanışlarına bir az da artıq alqışlar deməzdimi? Bunu hamı birsəslə demirmi, törəyə uyğun yaşayan atalar, öz oğullarının yanlışına görə suçlu sayıla biməzlər? Düzgünlük budursa, onda Sokrata da belə yanaşılmalı idi: o hansısa saçmalıq eləmişdisə, buna görə onu yaramaz adam saymaq olardı; onun bütün ömrünü ərdəmli yaşadığı bəllidirsə, onda nədən başqalarının suçu ondan sorulmalıdır?
O, özü pis iş tutmayıb, ancaq başqa birinin yaramazlığını bəyəndiyini desəydi belə, buna görə onu ancaq qınamaq olardı. Keçmişdə, Sokrat Kritiyin Evtidem adında gənc bir oğlana pis gözlə baxaraq, onu öz yatağına sürükləmək istədiyini sezmiş, Kritiyi bu işdən çəkindirməyə çalışmışdı. Sokrat ona belə bir öyüd vermişdi: sevimli saydığın insana yalvar-yaxar eləyib, ondan özünün alçaq bir istəyini yerinə yetirməyi dilənməkdən də iyrənc bir iş ola bilməz. Kritiy bundan sonra da pis yoldan çəkilməyəndə, Sokrat hamının yanında(Evtidem də ordaydı), açıqca demişdi: məncə Kritiyin qanında donuzluq var, donuz özünü daşa sürtməyi sevdiyi təki, o da Evtidemə sürtünmək istəyir. O gündən sonra Kritiyin Sokratı görməyə gözü yox idi, “Otuzlar” deyilən yığnaq hakimiyyəti ələ keçirəndə Kritiy da onların arasında idi, sonra Harikllə birgə yasavericilik bölümünə başçılıq eləyəndə bunu Sokratın üzünə vurmuş, ona başqalarına söz incələməyi öyrətməyi yasaq eləmişdilər. O, necə olursa olsun, Sokrata yamanlıq eləmək istəyirdi, ancaq bilmirdi bunu necə eləsin, əli boşa çıxanda, qara kütlənin filiosofları hoydu-hoyduya götürməyi sevdikləri yollara əl atmağa başladı, Sokratın adından uydurma sözlər qoşub, onu gözdən salmağa çalışdı: nə mən, nə də başqaları Sokratdan, onun adına çıxılan belə sözləri eşitməmişdik. Sonra baş verənlər də elə bunu göstərdi: “Otuzlar”, suçu olmayan çoxlu yaxşı adamları öldürdülər, bir çoxlarını da güclə yasanı pozan işlərə sürüklədilər, bütün bunları görən Sokrat, o günlərdə belə bir söz demişdi: “Naxırda inəklər sınıxırsa, onların sayı azalırsa, üstəlik naxırçı da öz işini bacarmadığını boynuna almırsa, bu bizdə istər-istəməz acı bir gülüş doğurardı; bundan da gülüncü odur, birisi dövlətin başında ola-ola insanların dolanışığı günü-gündən pisləşə, onların sayı ildən ilə azala, ancaq bu adam utanıb-qızarmadan, ağızdolusu, özünün yaxşı dövlət başçısı olduğunu deyə”. Çuğullar Sokratın bu sözlərini Kritiylə Hariklə çatdıranda, onlar Sokratı çağırıb bəlli yasanı göstərdilər, ona gənclərlə danışmağı yasaqladılar. Onda Sokrat, bu yasada ona qaranlıq qalan yerləri öyrənmək üçün, onlardan söz soruşmaq istədiyini dedi, onlar boyun qaçırmadılar.
-Yaxşı, - deyə Sokrat sözə başladı, - mən bu yasanı pozmayacağıma söz verirəm; ancaq bilməyərəkdən, anlamazlıqdan yasanı pozmayım deyə, sizdən göstəriş almaq istərdim: Niyə görə siz, söz danışmağın incəliklərini öyrənməyi yasaqlayırsınız, sizcə bu yasa, düz danışmağı, yoxsa yalan danışmağı yasaqlayır? Bu yasa, düz danışmağı yasaqlayırsa, onda gərək bundan sonra, Afinada hamı düz danışmaqdan çəkinsin, yalan danışmağı öyrənsin; yox, bu yasa, yalan danışmağı yasaqlayırsa, onda gərək hamı düz danışmağı öyrənməyə çalışsın, eləmi?
Harikl çımxırdı:
-Sokrat, sənə dediklərimizi başa düşmürsənsə, onda bir az da anlaşıqlı deyirəm: sənə gənclərlə danışmaq büsbütün yasaqdır.
Onda Sokrat soruşdu:
-Anlaşılmazlıq olmasın deyə, məni başa salın, adamları neçə yaşına kimi gənc saymaq olar?
Harikl dedi:
-Onların dəliqanlı çağı, Gənəşik Toplantısına qatıla bilməyən dönəmi; yəni, sən otuz yaşa çatmamış adamlarla danışa bilməzsən.
-Birdən mən nəsə almaq istəyirəm, satıcının da yaşı otuzdan azdır, ondan almaq istədiyim nəsnəni neçəyə satdığını da soruşmamalıyam? - Sokrat dedi.
-Belə sözləri soruşmaq olar,- deyə Harikl dilləndi. - Ancaq Sokrat, görürəm, sən bildiyin sözləri soruşursan; gəlsənə, bəlli olan sözləri soruşmaqla bizə başağrısı verməyəsən.
-Birdən bir gənc məndən bildiyim bir sözü soruşsa, örnək üçün: Harikl harada yaşayır, ya da Kritiyi hardan tapmaq olar? - onda dillənə bilərəmmi?
-Belə sözləri demək olar, - Harikl dedi.
Bu yerdə Kritiy dedi:
-Bax Sokrat, sən bu çəkməçilərdən, doğramaçılardan, dəmirçilərdən əl çəkməlisən, onların adını ara vermədən dilə gətirməkdən yazıqlar lap üzülüb gediblər.
-Deməli,- Sokrat dedi,- bu adamların işinə yarayan: düzlükdən, inancdan, habelə bu kimi konulardan da danışmaq olmaz?
-And olsun Zevsə, elədir, - Harikl dilləndi, - çobanlardan da danışma; yoxsa bir də gördün inəklərin sayı azalıb.
Beləliklə də çuğulların, Sokratın inəklərlə bağlı dediyi sözləri onlara çatdırdıqları bəlli oldu, Sokratdan nə üçün yanıqlı olduqları da üzə çıxdı.
Beləliklə də, Sokratla Kritiyin necə tanış olmasından, onların aralarında nə baş verməsindən danışıldı. Sizə düzgünlüyünü sınayıb yoxladığım bir söz də deyim: kimliyindən asılı olmayaraq, bir kimsəni, bəyənmədiyi adamdan nəyisə öyrənməyə sürükləmək baş tutası bir iş deyil. Kritiylə Alkiviad, Sokratı bəyəndiklərinə görə onun yanına gəlməmişdilər, onlar qabaqcadan qarşılarına dövlətə başçılıq eləmək amacı qoymuşdular. Sokratın yanında olduqları çağlarda da, onların,–görkəmli dövlət qulluqçularının çənəsinin altını kəsdirməyi, başqaları ilə danışmaqdan qat-qat üstün tutduqları gözə çarpmaqdaydı. Belə deyirlər, Alkiviad iyirmi yaşına çatmamışdan, ona ağsaqqallıq eləyən, o çağın dövlət başçısı olan Perikllə* aralarında, yasalarla(qanunlarla) bağlı belə bir danışıq olmuşdu.
-Perikl, de görək, - Alkiviad belə başlamışdı, - yasaların nə demək olduğunu mənə başa sala bilərsənmi?
-Çalışaram, - Perikl demişdi.
-Səni and verirəm tanrılara, mənə bunun niyəsini başa sal, - Alkiviad demişdi, - elə bir ucdan eşidirəm, hey deyirlər, yasaları gözləmək adamlara baş ucalığı gətirir, bunu da çox görmüşəm, birini öyüb deyirlər, o yasaları gözləyən adamdır, elə isə mən ola bilər, yasaların nə olduğunu bilməzlikdən adamlara gərəyincə sayqı göstərmərəm, eşidib-bilən mənə nə deyər?
-Sən yasaların nə demək olduğunumu bilmək istəyirsən, Alkiviad?- Perikl soruşmuşdu.- Onda qulaq as deyim: yasalar—xalqın bir yerə yığışıb səs çoxluğu ilə bəyəndiyi, yazıya aldığı, toplumda nəyin eləyəsi, nəyin eləməyəsi olduğunu anladan, bütün göstərişlərdir.
-Xalq bununla yaxşılığımı, yoxsa yamanlığımı, gündəmə gətirmək istəyir?
-Ancaq yaxşılığı, yamanlığı yox, oğlum, - Perikl dedi.
-Birdən xalq yox, deyək oliqarxların hakimiyyətində olduğu kimi, bir bölük adam yığışıb, nəyi necə eləyəsini yazırlar,- onda bu nədir?
-Dövləti yönətən adamların öz aralarında gənəşib, nəyi etmək olar deyə verdiyi göstərişlərin hamısı da elə yasa adlanır.
-Birdən dövlətin başında duran tiran, yurddaşları üçün nəyi etmək olar deyə bir göstərişlər yazırsa, budamı yasa sayılır?
-Elədir, hakimiyyət tiranın əlində olduqca, onun bu sayaq yazdıqları da yasa sayılır,- Perikl dilləndi.
-Gücü çatdığına görə özbaşınalıq eləmək necə, - Alkiviad soruşdu, - bu nə adlanır, Perikli? Bu, güclünün gücsüzə basqısı,–onun eləmək istəmədiyini qarşılıqlı anlaşma yolu ilə yox, qolgücünə elətdirməsi deyilmi?
-Məncə belədir, - Perikl dedi.
-Deməli, yurddaşlarının eləmək istəmədiyi nələrisə yazıb, sonra da bunu onlara qolgücünə elətdirən tiran özbaşınalıq eləyir, eləmi?
-Bunu düz deyirsən, - Perikl dedi. - Mən sözümü geri götürürəm, tiranın yurddaşlarının ürəyincə olmayan yazdıqları yasa sayıla bilməz.
-Azlıqda olan bir bölük adamın, çoxluqda qalan bölümün ürəyincə olmayan nələrisə yazması, hakimiyyətindən yararlanıb onlara güclə bunu elətdirməsi, qolugüclülükmü, yoxsa nəmi adlanmalıdır?
-Mənə elə gəlir, - Perikl dedi, - kimsə başqasına, onun ürəyincə omayan nəyisə elətdirirsə, bunu yazıb yazmamasından asılı olmayaraq, bu qolugüclülükdür, yasa yox.
-Belə çıxır, xalqın çoxluğunun anlaşıb yazdığı, bununla da öz üstünlüyündən yarınıb, varlı adamların istəmədiyi nələrisə onlara elətdirməsi də qolugüclülük adlanmalıdır, yasa yox?
-Elədir, Alkiviad, - Perikl dillənmişdi, - sənin yaşında olanda biz də belə konularda danışmağı yaxşı bacarardıq, belə sorğuların üstündə baş sındırardıq, görünür, indi də bunlara baş qoşmaq sırası sənindir.
Alkiviad isə ona belə demişdi:
-Ah, nə yaxşı olardı, Perikl, sənin bu işlərdə öz-özünü üstələməyi bacardığın o günlərində, mən də sənin yanında ola bilsəydim!
Beləliklə də, onlar başqa dövlət qulluqçuları üzərində üstünlüklərini duyunca, Sokratın yanına gəlməyin daşını atdılar: onsuz da onlar Sokratın yanına gəl-get eləyəndə də onu bəyənmirdilər, Sokratın, onların yanlışlarını birbaşa üzlərinə deməsi döşlərinə yatmırdı. Onlar, ancaq dövlət qulluğunda başqalarından üstün ola bilmək üçün, bir ara Sokrtatın yanına gəlib, ondan öyrənmişdilər.
Ancaq Kriton, Herefont, Herekrat, Hermogen, Simmiy, Kebet, Fedon kimiləri, Sokratın yanına hansısa dövlət görəvi tutmağı öyrənməkdən yana yox, yetkin insan olmaq üçün nə etməyi, insan olaraq görəsi olduqlarını necə yaxşı yerinə yetirməyi anlamaq üçün; evindəkilərlə, doğmalarla, arxadaşlarla, yurddaşlarla nə sayaq düzgünlüklə davranmağı öyrənməyə görə gəlirdilər. Onlardan biri də, nə gəncliyində, nə yaşa dolanda, saçma-sapan davranmamışlar, onları kimsə nədəsə suçlamayıb da.
-Ancaq Sokrat, - bunu məhkəmədə onu suçlayanlardan biri deyirdi, - oğullara atalarının üzünə ağ olmağı öyrədir: o, dinləyicilərinə, onun öyüdlərinə qulaq asarlarsa, öz atalarından üstün olub, onların öyüdlərinə qulaq asmadan da keçinə biləcəklərini aşılayır, başı çatmayan ataları qandallamaq gərək olduğunu deyir, bununla da, elə bilikli adamın, oxumamışları qandallamasının düzgün olduğunu ortaya atır.
Özlüyündə isə, Sokratın bu konuda dediklərinin özəti belə idi: başqalarından çox bildiyi üçün onları qandallamaq istəyən adam, bundan ən azı ona görə çəkinməlidir, birdən ondan artıq biliyi olan başqaları, bu sayaq davranışı görüb, onu düzgün sayarlar, beləliklə də başqasına qarşı elədiyi yamanlıq qayıdıb özünün də başına gələr. Buna görə də o, dəliliklə, qanmazlığı biri-birindən ayırd etmək üçün araşdırmalar aparırdı: dəliləri özü-özlərinə qarşı da, başqalarına qarşı da yamanlıq törədə biləcəklərinə görə, qandallamaq gərək olduğunu söyləyirdi, qanmazlıq eləyənləri isə, necə olursa olsun, bilənlərdən öyrənməyə yönəltməyi, onları bunun üçün çalışdırmağı, görüləsi ən gərəkli işlərdən biri sayırdı.
-Sokrat, - yenə də onu suçlayanlardan bir başqası deyir, - nəinki oğullara atalarına qarşı sayğısızlıq göstərməyi aşılayır, onlara başqa doğmalarına da saymazlıq göstərməyi öyrədir: buna inandırmaq üçünsə durub deyir, adam nə ağrınanda, nə də məhkəməyə düşəndə,–doğmaları onu çəkdiyi ağrı-acılardan, düşdüyü dardan qurtara bilmir, birincidə yaxşı həkim, ikincidə bacarıqlı araçı(vəkil) ona yardım eləyir.
Onun adına qara yaxmaq üçün əldən-ayaqdan gedənlərin söylədiklərindən belə çıxır, sanasan Sokrat deyirmiş, yeri düşəndə öz yaxınlarına yardım göstərə bilməyən doğmaların, toplumda tutduqları yüksək görəvləri qara quruşa də dəyməzmiş; deməyəsən Sokrat, dinləyicəlirinə belə yanlış düşüncələr də aşılayıb deyirmiş, ancaq yeri gələndə nə eləyəcəyini bilən, bildiyini sözə çevirib deməyi, dediklərini isə işə keçirməyi bacaran kimsələrə sayğı göstərməyə dəyər, bütün yerdə qalanları isə saya salmamaq da olar. Bunların deməsinə görə, Sokrat gənclərə özünün hamıdan çox bildiyini, istərsə, başqalarını da özü təki çox bilikli bir kimsələrə çevirə biləcəyini aşılamaqla yanaşı, bir də istəyirmiş onlar Sokratdan başqa, bir kimsəyə sayqı göstərməsinlər. Kim də olmasa mən bilirəm, o, atalarla, doğmalarla, arxadaşlarla bağlı nələr danışırdı; bax onun belə bir söz dediyini eşitmişdim: “İnsan öləndə, ona düşünmək bacarığı verən öpözü(ruhu) bədənindən çıxır, bundan sonra isə o, necə doğma bir kimsə olursa olsun, ölən kimsənin bədənini evdə saxlamırlar, aparıb basdırırlar. Yaşayanda da özümüzü necə çox istəsək də, özümüz öz bədənimizdə gərəksiz saydığımız nələrisə kəsib atırıq, bunu başqalarının yardımı ilə elədiyimiz də olur. Tutalım, dırnaqlarımızı, saçımızı, qabarlarımızı özümüz kəsib atırıq, ancaq həkimə də gedib başqa çox ağrılı olan nələrisə kəsdiririk də, dağladırıq da, necə ağrısaq da, incisək də bunu eləyirik, üstəlik buna görə, kiməsə axça da ödəyirik; Ağız suyunu bacardıqca uzağa tüpürməyə çalışırıq, onun ağzımızda qalmasının bir yararı yoxdur, tüpürməsək, ola bilsin, nəyisə korlaya da bilər”. Sokratın belə sözlər danışdığı olub, ancaq onun öz dinləyicilərini, atalarını diri-diri basdırmağa, öz bədənlərini tikə-tikə doğramağa çağırdığını deyənlər, ağ yalan danışırlar; yuxarıda örnək olaraq göstərdiyim sözləri ilə də o, dinləyicilərinə bunları aşılamaq istəyirdi: mənliyində insanlığa yaraşmayan nə varsa onlardan əl çəkməlisən; başqalarından yardım gözləyirsənsə, sən də başqalarının işinə yarımalısan; zirək, gözüaçıq olmağa çalışmalısan; atan, qardaşın, doğmaların sayğılı adamlardısa, onların görəvi, ad-sanı sənin iş-gücünə yarayırsa, buna arxayınlaşıb əl-qolunu yanına salıb durmamalısan, sən də onların ad-sanını ucaldan işlər görməyə çalışmalısan.
Məhkəmədə Sokratı bir də onda suçlayırdılar, sanasan o, tanınmış şairlərin şeirlərindən ən yaramaz yerlərini seçib dinləyicilərinə oxumaqla, bu şairlərin ad-sanı ilə özünün yaramaz düşüncələrini doğrultmağa çalışarmış, yan-yörəsindəki dinləyicələrini quldurluğa çağırarmış, tiranlığa qulluq göstərməyə öyrədərmiş. Örnək olaraq Sokratın, Hesioddan bu sözləri oxuduğunu göstərmişdilər:
Qara işdə çalışmaqla üz qaralmaz, işsiz dolanmaqdır üz qaralığı!
Bunların deməsinə görə, Sokrat bu şeiri oxumaqla dinləyicilərinə, yaramaz, utancverici işlər görməkdən çəkinməməyi, qazanc gətirən ən alçaq işlərdən də boyun qaçırmamağı aşılayırmış. Özlüyündə isə, Sokratın bu şeirlə dinləyicilərinə aşılamaq istədiyi bu idi: insan üçün ən yararlısı, ən gərəklisi, əməyə qatlaşıb işləməkdir, işsiz-gücsüz gəzmək insanı korlayır, yaramaz eləyir; yaxşı, gərəkli bir əməyə qatlaşmağın işləmək demək olduğunu; zər atıb qumar oynamağın, habelə bunun kimi pis öyrəncələrə qapılmağın isə işsizlik demək olduğunu anlatmaq üçün də, elə bu şeir parçasını oxuyurdu:
Qara işdə çalışmaqla üz qaralmaz, işsiz dolanmaqdır üz qaralığı.
Məhkəmədə Sokratı, Homerin Odisseylə bağlı dediyi bu şeir parçasını oxumaqla da, dinləyicilərini pis yola çəkməkdə suçlayırdılar:
Çarla gəlsə üz-üzə, soy-köküylə öyünən, bir döyüşçü görərsə,
Kəsib qarşılarını, gözlərinin içinə, qaba sözlər deyərdi:
“Siz ey boş ad-sanıyla, öyünüb ürəyində, qorxub tir-tir əsənlər,
El içinə çıxmayın, arınıza qısılın, girin dalda bucağa”.
Xalq içində səsini, başına atıb kimsə, çığır-bağır salanda
Əl ağacıyla onu, döyüb qısnardı küncə, üstünə kükrəyərdi:
“Otur, tərpənmə, dinmə, yamanlıq dağarcığı, gör başqası nə deyir!
Dinlə, səndən çox bilən, yurd yolunda savaşan, iş bacaran ərləri,
Nə yurd üçün savaşda, nə xalq gənəşiyində, bir işə yaramırsan”.
Bunların deməsinə görə, Sokrat bu şeiri örnək gətirməklə, Homerin yoxsulları, qara kütləni, əzişdirməyə çağırdığını deyirmiş, dinləyicilərinə də belə yaramaz düşüncələr aşılayırmış. Sokrat belə bir sözü ən azından ona görə deyə bilməzdi, adamları ancaq yoxsul olduğuna görə döyən olsaydı, onun özü də yoxsul olduğu üçün, onlarla bir yerdə döyülməli olacaqdı, Sokrat, özünü döydürməyə çağıracaq kimi gülünc olan birisi deyildi; onun demək istədiyi isə ancaq bu idi: xalqa sözüylə, işiylə yaxşılığı keçməyən, gərək olanda orduya, dövlətə, yurddaşlarına yardım göstərməyən, bundan başqa, durub bir yandan da azğınlıq eləyən kimsələr, ad-sanlı soydan, varlı olmasından asılı olmayaraq, cilovlanmalıdırlar. Sokratın öz xalqına sayğısını, yurddaşlarına sevgisini hamı bilirdi, bunu bir kimsə də dana bilməz. Neçələri, istər Afinadan, istər yurddışından olsun, onun danışıqlarına qulaq asmaq üçün əldən gedərdilər, ancaq o, bu danışıqlarına görə kimsədən axça götürməzdi, öz bildiklərini qızırqanmadan hamıyla bölərdi; elələri də tapılırdı, ondan axça ödəmədən öyrəndikləri biliyi, gedib başqalarına çoxlu axça almaqla öyrədirdilər, axça ödəməyənlərlə danışmaq belə istəmirdilər. Sokrat öz doğma şəhərinin bəzəyi idi, onun adı ilə Afina dünyada tanınırdı,- Sokratın öz şəhərinə göstərdiyi qulluq Lixin Sparta üçün elədiklərindən də artıq idi. Lix yadellilərə Himnoped bayramı günlərində qonaqlıq verməsi ilə ad çıxarmışdı, Sokrat isə bütün ömrü boyu ara vermədən, yanına gələnlərə öz varını - bildiklərini verməkdən usanmazdı, onun yanına gələnlər Sokratın öyrətdiyi gərəkli biliklərdən yüklərini tutub gedərdilər.
Ona görə də, mənim düşüncəmə görə, Sokrat belə yüksək insanlıq dəyərlərinin daşıyıcısı olan bir kimsə olduğundan, yurddaşları, öldürmək nədir, ona ən yüksək sayğılar göstərməliydilər. Elə yasalar baxımından yanaşanda da bu belə olmalı idi. Yasalara görə: oğurluq, quldurluq eləyən, cibə girən, ev yaran, adamları qul eləyib satan, tanrılara sayğısızlıq göstərən kimsələrə ölüm kəsilməlidir; Sokrat isə belə işlərdən çox uzaq olan birisi idi. Bundan başqa, onun yurdu qarşısında: nə bir uduzulmuş savaşda, nə dövlətə qarşı qalxışmada, nə satqınlıqda, nə də başqa bir uğursuzluqda əli olmamışdı. Gündəlik ömründə də başqasının malını əlindən almaq, kiminsə evini yıxmaq təki işlər əlindən gəlməzdi; çoxluğun gündəlik yaşamlarında uyduğu yaramazlıqların birində də onu suçlamaq olmazdı. Mən bilmirəm, onu nə adla suçlayıb məhkəməyə çəkmişdilər? Tanrıları tanımamaq nədir, onlara hamıdan artıq tapınardı; gəncliyi pis yollara çəkməyimi yazmaq istəyirdilər adına, yaramaz istəklərə uyan arxadaşlarını bundan çəkindirmək üçün əlindən gələni etdiyini hamı görmürdümü? – onlara, gözəl, yüksək duyğular aşılayıb yaxşılıqlara yönəldən o deyildimi, bununla o, insanların da, onların ocaqlarının da, dövlətin də, çiçəklənməsi üçün var gücü ilə çalışmırdımı? Bu sayaq əməklərinə görə o, yurddaşlarının böyük sayğılarını qazanmalı deyildimi?
Dostları ilə paylaş: |