48. Siyasi rejim anlayışı. Totalitar, avtoritar, liberal və demokratik siyasi rejimlər.
Siyasi rejim bunu ifadə edir ki, dövlətin cəmiyyətdəki idarəçiliyi, yəni dövlət hakimiyyəti demokratik parlamentarizm metodlarına, yoxsa antidemokratik (totalitar) formalara əsaslanır. Beləlilə, siyasi rejimin totalitar, avtoritar, liberal və demokratik növləri mövcuddur.
Qeyri-demokratik rejimlər sırasında avtoritar rejim aparıcı yer tutur. Onun fəaliyyəti hüquqa zidd olan hakimiyyət praktikasını ifadə edir. Bu cür rejimlərə misal olaraq Şərq despotizmini, orta əsrlərdəki mütləqiyyət üsul idarəsini göstərmək olar. Son yüzillikdə isə avtoritar rejim həm də hərbi polis və faşizm formasında təzahür edir.
Qeyd edək ki, avtoritar və totalitar rejimlər bir-birinə çox yaxındır və bəzən eyni mənada işlənilir. Totalitar latınca tam, ümumi məcburiyyət mənasını verir. O ictimai həyatın bütün sahələrinin sərt dövlət nəzarətinə tabe edilməsi ilə səciyyələnir. Nəinki irimiqyaslı hadisə və proseslər, hətta hakim ideologiyaya zidd düşünən ayrı-ayrı şəxslər də dövlətin diqqətindən kənarda qalmır. Bu rejim öz sərtliyinə görə XX əsrin despotizmi adlandırılır. Totalitar siyasi rejim şəraitində kütləvi informasiya vasitələri də ancaq dövlətin xəttini yeridir. Şəxsiyyət hüquqsuz vəziyyətə düşür, o nəhəng dövlət maşınının sadə bir vintciyinə çevrilir. Bu rejim həm də aşağıdakılarla səciyyələnir: sərt hakimiyyət piramidasının mövcudluğu, kütləvi terror və represiya, daxili və xarici düşmən axtarmaq cəhdləri və sair.
Totalitarizmin əksini təşkil edən siyasi rejim demokratiya (xalq hakimiyyəti deməkdir) adlanır. Bu rejim ilk dəfə qədim Yunanıstanda meydana gəlmişdir. Sosial-fəlsəfi fikir tarixində demokratiyaya münasibət birmənalı olmamışdır. Məsələn, Platon ona nifrət bəsləyirdi. Aristotel də demokratiyanı o qədər xoşlamırdı. Yeni dövrdə isə kapitalizmin təşəkkülü ilə əlaqədar olaraq mülkiyyətçilərin hüquqlarını müdafiə edən dövlət quruluşuna rəğbət artdı. Təsadüfı deyildir ki, bu dövrün təlimləri (C.Lokk, Ş.Monteskye) qanunların müdafiə olunmasına siyasi azadlığın mühüm təminatı kimi yanaşırdılar.
XVIII əsrin sonlarından etibarən demokratiya anlayışının «sağdan» tənqidi (E.Berk, A.Tokvil və başqaları) baş verdi. Müasir dövrdə demokratiyanın liberal (insan hüququ konsepsiyasına əsaslanan), eqalitar (ümumi bərabərliyə arxalanır) və üzvi demokratiya adlanan növləri vardır. Son illərdə axırıncı formanın tərəfdarları çoxalmaqdadır. Bu forma ayrıca bir fərdə və ya kütləyə deyil, bütövlükdə xalqa əsaslanır. Bir çox müəlliflərin fikrincə məhz üzvi demokratiya xalqın öz siyasi taleyini müəyyən etməsinə imkan verir. Bəzən belə bir fikir də söylənilir ki, qərb ölkələrində demokratiyanın liberal-demokratik və totalitar-eqalitar formaları üstünlük təşkil edir. Buna görə də həmin ölkələr üzvi demokratiyaya keçmək iqtidarında deyildir. Bu münasibətdə şərq ölkələri tamamilə başqa vəziyyətdədir. Həmin ölkələrin xalqlarında «kollektiv qeyri-şüuri» forma Qərbə nisbətən daha çox inkişaf etmişdir, Qərbdə isə fərdi rasional psixologiya üstünlük təşkil edir.