Ürəyin quruluşu və işi.
Ürək yastılaşmış konusabənzər əzələvi orqandır. Onun yuxarı və arxaya baxan enli tərəfi əsası, aşağı, sola və önə baxan ucu isə zirvəsi adlanır.
Ürək dörd kameraya bölünür: yuxarı hissədə sağ və sol qulaqcıq, aşağıda isə sağ və sol mədəcik yerləşir. Sağ və sol hissə bir-birindən arakəsmə ilə ayrılır. Sağ mədəcikdən ağciyər kötüyü vasitəsilə kiçik qan dövranı və sol mədəcikdən aorta vasitəsilə böyük qan dövranı başlanır. Sağ qulaqcığa yuxarı və aşağı boş vena, ürək venaları açılır.
Bəzi hallarda ürək fəaliyyətinin sinir tənziminin pozulması ürəyin işində aritmiyaya səbəb olur, yəni ürəyin yığılıb-boşalması ritmi pozulur. Ürək fəaliyyətinin sürətlənməsi və bunun nəticəsində nəbzin tezliyinin artması taxikardiya, azalması — bradikardiya adlanır.
Ürəyin işi reflektor xarakter daşıyır.
Ürək əzələlərinin ritmik işi — təqəllüsü və boşalması mərkəzi sinir sistemindən ürək nahiyəsinə yönələn iki cüt efferent sinirlərlə çatdırılan impulslar hesabına olur.
Bunlar simpatik və azan sinirin lifləridir. Simpatik sinirlərin tərkibində qüvvətləndirici və sürətləndirici ayırd edilir. Azan sinir qıcıqlandırıldıqda ürəyin təqəllüsü tormozlanır və hətta ürək diastola fazasında dayanır.
Ürəyin işi ürək əzələsinin müəyyən ardıcıllıqla ritmik surətdə yığılıb-boşalmasından ibarətdir.
Dostları ilə paylaş: |