Sual 5. Sosial-pedaqoji fikir və ideyaların təşəkkülü və inkişafı Cavab: Pedaqoji fikir tarixi sosial-pedaqoji ideyalarla zəngindir. Bu ideyalar uzun müddət sosial pedaqoji axarda deyil, ümumi pedaqoji kontekstdə aradırılmışdır. Sosial pedaqogikanın ilkin rüşeymləri və ənənələri hələ Qədim dünyada çox bəsit formada yaranmışdır. Antik dünyanın böyük mütəfəkkirləri kimi fəlsəfi-etik fikrin inkişafında önəmli rol oynamış Sokrat, Platon, Aristotel, Demokrit həm də dünyanın ilk sosial pedaqoqları olmuşlar. Belə ki, e.ə. V əsrdə Demokrit tərbiyənin içtimai şəraitlərdən asılı olduğu fikrinə gəlmiş, Platon, Aristotel (e.ə.V-IV əsrlərdə) tərbiyəni insanın inkişafının şərti hesab etmiş, cəmiyyətin taleyini onun vətəndaşlarının inkişafından asılı olduğunu söyləmişlər. Sokrat, Platon və Aristotelin quldarlıq cəmiyyətində quldar balalarının təlim-tərbiyəsi sistemini yaratması bu baxımdan diqqəti xüsusilə cəlb edir. Belə ki, quldar balalarının təlim-tərbiyə sistemi mahiyyətcə sosial-pedaqoji sistem idi. Antik dövr mütəfəkkirlərini ilk növbədə quldarlıq cəmiyyətinin tərbiyə potensialı maraqlandırırdı. Onlar bu tərbiyə potensialını məhz sosial-pedaqoji ölçülərlə dəyərləndirirdilər. Avropada intibah dövründə humanizm problemləri xüsusilə önəmli olmuşdur. Dövrün sosial-pedaqoji ideyaları da bu zəmində əmələ gəlmiş və formalaşmışdır. Əgər Fransua Rable uşaqlara humanist münasibəti tərbiyə işində ön plana çəkirdisə, Mişel de Monten dövrün məktəblərini həqiqi həbsxanalara bənzədərək onların xüsusiyyətlərini qul tərbiyəsi anlamında açıqlayırdı. “Hökmünü məhəbbət üzərində deyil, zor kökündə quran məktəblər qul tərbiyə edir” onun gəldiyi qənaət belə idi. XVII-XVIII əsrlərdə Y.A.Komenski, C.Lokk, K.Helvetsi, D.Didro, J.J.Russo feodal məktəb sisteminə qarşı ciddi mübarizə aparırdılar. Çex pedaqoqu Yan Amos Komenski dünya pedaqoji fikrinin və məktəb sisteminin inkişafı və təkmilləşməsinə böyük təsir göstərmişdir. Leybnitsin fikrincə, Komenskinin pedaqoji elmin inkişafında xidmətlərini Dekart və Bekonun fəlsəfənin, Kopernikin də astronomiyanın inkişafında göstərdikləri ilə müqayisə etmək olar.
Komenski tərəfindən irəli sürülmüş tərbiyənin təbiətə uyğunluğu ideyası sonralar böyük pedaqoji nəzəriyyəçilər Russo, Pestalotsi, Disterverq və başqalarının yaradıcılığında da xüsusi yer tutmuşdur. Onun “Real aləm şəkillərdə” adlı kitabı bir çox ölkələrdə 150 il dərs vəsaiti kimi istifadə olunmuşdur. Böyük alman şairi Höte dərs aldığı həmin kitabı “nümunəvi kitab” adlandırmışdı.
Y.A.Komenski tərbiyənin roluna çox yüksək qitymət verərək deyirdi ki, “tərbiyənin gücü ilə istənilən uşaqdan insan yaratmaq olar” fikrini deyirdi. XVIII əsrin fəlsəfi-pedaqoji fikrinin inkişafında əhəmiyyətli rol oynamış J.J.Russo “azad tərbiyə” nəzəriyyəsinin yaradıcısı kimi dövrünün mütərəqqi fikirli insanlarının rəğbətini qazanmışdır. O azad tərbiyənin tərəfdarı idi.
XIX əsrin sonu-XX əsrin əvvəllərində sosial pedaqogika –
a) xalqın mədəni səviyyəsini yüksəltmək məqsədilə cəmiyyətin tərbiyə imkanlarının inteqrasiyası(P.Natorp)
b) evsiz-eşiksiz uşaqlara sosial kömək, onlara qəyyumluq, yetginlik yaşına çatmamışlar arasında cinayətkarlığın profilaktikası (Q.Nol, Q.Boymer) kimi başa düşülürdü.
XX əsrin əvvəllərində Görkəmli alman pedaqoqu P.Natorp Disterverqin işini davam etdirdi. P.Natorpun 1911-ci ildə nəşr etdirdiyi “Sosial pedaqogika” kitabı bu dövrdə elmi fikrin böyük uğuru kimi diqqəti cəl edirdi. Bu kitab “Sosial pedaqogika” adı ilə nəşr olunmuş ilk kitab idi. I Dünya müharibəsini fəlakətləri yüzlərlə, minlərlə uşağın taleyinə qara kölgə salmışdır. Evsiz-eşiksiz qalmış yetim uşaqların tərbiyəsi dövrün aktual sosial pedaqoji probleminə çevrilmişdi. Yanuş Korcak Polşada, A.S.Makarenko Rusiyada bu sahədə fədakarlıqla axtarışlar aparırdılar. Korçak məşhur polşa içtimai xadimi və pedaqoqu olmuşdur. Sənəti həkimlik olsa da o, bu sənətini yetimxananın direktoru vəzifəsinə dəyişir. 1911-ci ildən yaratdığı “yetimlər evi”nin direktoru olur və bu illərdə uşaqların ailədə sosial adaptasiyasına aid maraqlı əsərlər yazır. Sonrakı illərdə sosial pedaqogikanın predmeti haqqındakı müzakirələr səmərəli oldu. 60-70-ci illərdə təhsilin sosiologiyası sahəsində R.Qurovanın rəhbərliyi ilə maraqlı tədqiqatlar aparıldı.Müxtəlif demoqrafik amillərin xalq maarifinə təsiri İ.Bolotin, uşaqların tərbiyəsi probleminə ailə tiplərinin sosial-pedaqoji təsiri A.Alferovun tədqiqatlarında əsaslı şəkildə işləndi.