171
SAYMAN ARUZA DİLƏKÇƏM
Çox düşündüm bu diləkçəni sizə nəzmlə yazıb, amma sonra fikrimdən
qəti şəkildə döndüm. Səbəbi də bu oldu ki, güman edirəm nəsrə daha çox
maraq var. Ona görə də hələlik ki, sizinlə öz duyğularımı bir məqalə halında
bölüşmək istəyirəm. Hələ uşaq vaxtlarımdan bizim xalqın, yəni Azərbaycan
türklərinin bəxti gətirməyən bir xalq olduğunu tam mənasıyla dərk etməyə
başladım. Hələ körpə vaxtlarımdan boğazımda kilidlənib qalan qəhər bu
gün də məni boğmaqdadır. Deməli, mən bütün yaşadığım ömrü qəhərlə
keçirmişəm. Bu qəhərin mahiyyətində isə ikiyə parçalanmış millətimizin
fars və rus əsarətində əzilməsi, mənfur imperialistlər tərəfindən hayların
(ermənilərin) üstümüzə qısqırdılması dayanır. Bir neçə ilin söhbətidir.
Qayınım bizə əl telefonunda kimdənsə götürdüyü kiçik bir video-sü-
jet gətirmişdi. Həmin videoda fars-molla rejiminin qadın və kişiləri dar
ağacından asma səhnəsi nümayiş etdirilirdi. Orta əsrlərə məxsus dəhşətli
bir görüntü… Mən özümdən asılı olmayaraq əllərimlə üzümü möhkəm-
möhkəm tutdum ki, bu dəhşətli səhnəni görməyim, çünki bu vəhşətli
mənzərəyə dözə bilmədim. İndi də cəzalar var, özü də ondan da qorxunc,
amma o cəzaları bütöv toplum qarşısında səhnələşdirmirlər və müqəddəs
kitabımız Quranın heç bir surə və ayəsində öz toplumuna bu cür cəzadan
bəhs edilmir… Deməli, molla rejimi düzgün yolda deyil. Allah onları
düz yola qaytarsın, əgər düz yolda olsaydı oradakı çoxsaylı Azərbaycan
türklərinin səsini boğmazdı, onları yazılı ana dilindən məhrum etməzdi,
orta məktəblərdə oz dillərində oxumağa icazə verərdi. Ən nəhayət, onları
doğma torpaqlarından dünyanın hər yerinə səpələməzdi.
Mən hələ heç Təbrizə ayaq basmamışam, Güneyimizi görməmişəm.
Bilirsiz niyə? Ona görə ki, fars rejiminin həmvətənlərimizə qarşı tutduğu
acı mövqe ilə barışa bilmirəm. Təbriz, Urmiya, Xoy, qurumaq təhlükəsi
ilə üzbəüz qalmış Urmu gölü üçün burnumun ucu göynəyir, amma mən
torpaqlarımızı işğal altında saxlamış mürtəce bir hakimiyyətin bayrağının
altından keçib Güneyə getmək istəmirəm. Sizə bu məktubu boğula-boğula,
qəhər içində yazıram. Bu məktubu mənə yazmağa məcbur edənlərin
acığına demək istəyirəm ki, qeyrətli həmvətən, istedadlı soydaş, ruhdan
düşmə, ilahinin göndərdiyi həqiqi sözə-sova tapınanlar sizin yanınızdadır.
İyirmi ildi torpaqlarımızın, Qarabağımızın imperiya dəstəyilə ermənilər
tərəfindən zəbt edilməsi fonunda Quzey Azərbaycanımız nisbi
müstəqillik
172
qazanıb, bu millətimizin itkiləri, göz yaşları, ağrı-acıları hesabına olub…
və bu gün də işğal davam edir… Millətimiz otaylı-butaylı tikanlı sərhədləri
dağıdıb bir-biri ilə qucaqlaşanda mən elə bilirdim ki, bizi mənən, ruhən heç
kim bir-birimizdən ayıra bilməz, amma düşmənlərimiz həm çöldə, həm də
içəridədirlər. Onlarla mübarizədə bizlər ayıq-sayıq olmalıyıq. Bu yaxınlarda
eşitdim ki, sizə qarşı içəridən basqılar var. Açığı, çox sarsıldım, İlahi, biz
hələ birləşmək üçün nə qədər mübarizə yolu keçməliyik? Əslində Bakı
Quzeyli-Güneyli hər birimiz üçün, Anadolu türkləri demişkən, baş kənddir,
paytaxtdır və məsum-məlul müstəqilliyimiz güneyli-quzeyli hər birimizin
tale payıdır. And olsun Pişəvərilərin, Səttarxanların, Məmmədəminlərin
şərəfli ruhuna ki, bu belədir!!! Ona görə tutduğunuz kürsüdən heç yerə
çəkilməyin. Bu Bakı BÜTÖV AZƏRBAYCANINDIR. Sizə kimsə ögey
gözlə baxırsa, bu bizim, ürəyində VƏTƏN sevgisi olanların hər biri
üçün yaradır. Bizim hər birimiz bu yaranın dərinləşməsinə yox, bütöv
Azərbaycanımızın sabahına xidmət etməliyik. Bu yolda sizə könül dolusu
uğurlar diləyi ilə…
22.07.2012
Dostları ilə paylaş: