STATİSTİK MÜŞAHİDƏNİN ƏSAS PROQRAM-METODOLOJİ MƏSƏLƏLƏRİ
Müşahidənin məqsədi
Müşahidə obyekti
Müşahidə vahidi
Müşahidənin proqramı
Statistik formulyarlar
Proqram-metodoloji məsələ dedikdə burada müşahidənin məqsədi, obyekti və vahidi nəzərdə tutulur.
Müşahidənin məqsədi. Statistik müşahidənin aparılmasında, hər şeydən əvvəl, onun vəzifələrinin müəyyən edilməsinin xüsusi əhəmiyyəti vardır. Statistik müşahidənin vəzifələrini bilmədən onun aparılmasına başlamaq olmaz. Müşahidənin vəzifəsi öyrənilən ictimai hadisənin xüsusiyyətindən, təcrübə və elmi ehtiyacından asılı olaraq müəyyən edilir. Statistik müşahidənin vəzifələri dövlət idarəetmə orqanlarının ehtiyaclarına müvafiq olaraq müəyyən edilir.
Azərbaycan Respublikasında statistika işlərinin planlaşdırılması Dövlət Statistika Komitəsi (DSK) tərəfindən həyata keçirilir və həmin işlərə metoloji cəhətdən də rəhbərlik edir.
Müşahidə obyekti. Müşahidənin vəzifələrini müəyyən etdikdən sonra, müşahidə obyekti ona müvafiq olaraq müəyyənləşdirilir.
Statistik tədqiqatdan keçəcək icitmai-iqtisadi hadisələrin məcmuyu müşahidə obyekti adlanır. Məsələn, əhalinin siyahıyaalınması aparıldıqda bütün şəxslərin məcmuyu müşahidə obyekti olur. Sənayenin siyahıyaalınmasında-bütün sənaye obyektləri müşahidə obyekti olur.
Müşahidə obyektinin düzgün müəyyən edilməsinin mühüm əhəmiyyəti vardır.
Statistik müşahidənin təcrübəsində tədqiqat obyektinin sərhəddini müəyyən etmək üçün bəzi şərti əlamətlərdən-senzdən istifadə edilmişdir. Müşahidə obyektinin sərhəddini müəyyən edərkən əvvəlcədən müəyyən edilmiş bir və ya bir neçə əlamət senz adlanır. Sənaye statistikasında uzun müddət aşağıdakı senzdən istifadə edilmişdir. İri sənayeyə mühərrikləri olan və eyni zamanda fəhlələrinin sayı 16 və daha çox olan müəssisələr, mühərrikləri olmadıqda isə fəhlələrinin sayı 30 və daha çox olan müəssisələr daxil edilirdi.
Müşahidə vahidi. Statistik müşahidə obyektinin hər bir elementi müşahidə vahididir. Statistik müşahidəni təşkil edərkən müşahidə vahidini düzgün, elmi cəhətdən əsaslandırılmış qaydada müəyyən etmək lazımdır. Buna nail olmaq üçün müşahidə obyektini keyfiyyətcə təhlil etmək lazımdır. Ancaq müşahidə vahidinin düzgün müəyyən edilməsi nəticəsində ictimai hadisə haqqında düzgün, dolğun məlumat toplamaq mümkündür.
Müşahidə olunacaq obyektdən asılı olaraq ayrı-ayrı zavodlar, fabriklər, fermer təsərrüfatları, məktəblər, fəhlələr, fermerlər və s. müşahidə vahidi ola bilərlər.
Müşahidənin proqramı. Hər bir müşahidə elmi əsasda tərtib edilmiş proqram üzrə aparılır. Müşahidənin proqramı cavab toplanılacaq sualların siyahısından ibarətdir. Toplanılacaq məlumatın keyfiyyəti, onun yararlılığı müşahidə proqramının nə dərəcədə yaxşı işlənib hazırlanmasından asılıdır.
Müşahidənin proqramı statistik tədqiqatın məqsəd və vəzifəsindən, obyektin məzmunundan asılı olaraq tərtib edilir. Müşahidənin proqramını tərtib etmək üçün öyrənilən obyekt haqqında dərin biliyə malik olmaq lazımdır. Məsələn, kənd təsərrüfatının iqtisadiyyatını, təşkilini mükəmməl bilmədən dövlət kənd təsərrüfatı müəssisələrinin hesabatlarının proqramını tərtib etmək olmaz.
Müşahidənin proqramına qabaqcıl nümunələri, istehsalda istifadə edilməmiş ehtiyatları aşkar etməyə imkan verən sualları daxil etmək lazımdır. Bununla belə müşahidənin proqramını hədsiz-hesabsız suallarla mürəkkəbləşdirmək olmaz.
Müşahidəni apararkən toplanılan məlumatın tam, dolğun və müqayisəli olmasını təmin etmək üçün lazımi tədbir görülməlidir.
Statistik formulyarlar. Müşahidənin proqramında nəzərdə tutulan suallara cavab ayrıca işlənib hazırlanmış xüsusi statistika formulyarlarında yazılır.
Doldurulmamış formulyarlar sadəcə olaraq blank adlanır. Blankda müşahidənin sualları göstərilir və həmin suallara cavab yazmaq üçün boş yer qoyulur.
Hər bir statistika formulyarının məcburi ünsürlərindən biri titul və ünvan hissələrinin olmasıdır. Formulyarın titul hissəsində, adətən, statistik müşahidənin adı, müşahidə aparan orqanın adı və həmin formulyarın hansı təşkilat tərəfindən və nə vaxt təsdiq edildiyi göstərilir. Formulyarın ünvan hissəsində soruşulan (tədqiq edilən) müşahidə vahidinin, yaxud hesabat təqdim edən müəssisənin, idarənin, təşkilatın ünvanı qeydə alınır.
Statistik formulyar iki sistemə ayrılır: 1) fərdi kartoçka, 2) siyahı sistemi.
Kartoçka sistemində hər bir kartoçkada bir müşahidə vahidi və onun əlamətləri qeydə alınır.
Formulyarın siyahı sistemində bir siyahıda-blankda bir neçə müşahidə vahidi haqqında suallara cavab yazılır.
Kartoçka sisteminə nisbətən siyahı sisteminin bir sıra üstünlükləri və mənfi cəhətləri vardır.
Müşahidənin proqramındakı sualların sayı çox olduqda siyahı formulyarları çox böyük olur, bu da iş üçün əlverişli deyil. Belə hallarda kartoçka sisteminin tətbiqi məqsədəuyğundur.
Siyahı formulyarının tətbiq edilməsinin müşahidə prosesində bir sıra üstün cəhətləri vardır. Məsələn, formulyarın ünvan hissəsinin yazılması işləri xeyli azalır, qeydçinin əmək məhsuldarlığı artır.
Dostları ilə paylaş: |