1. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunun
ilkin dövrü
AXC dövründə müstəqil milli ordu quruculuğu tarixini iki dövrə bölmək
olar. Birinci dövr Azərbaycanın müstəqilliyinin elan edildiyi gündən
1918-ci ilin oktyabr ayının sonlarına qədər olan bir müddəti əhatə edir.
Müstəqilliyin elan edilməsindən sonra Azərbaycanda və onun ətrafında
formalaşan mürəkkəb hərbi-siyasi şəraiti, Azərbaycanın müstəqilliyinə
qənim kəsilmiş bolşevik-daşnak cütlüyünün yaratdığı real təhlükənin ara-
dan qaldırılması zərurətini nəzərə alaraq Azərbaycan hökuməti 1918-ci
il iyun ayının 4-də Osmanlı dövləti ilə imzaladığı dostluq müqaviləsinin
4-cü maddəsinə uyğun olaraq bu ölkədən hərbi kömək istədi [22, 104].
Osmanlı dövlətindən bu müraciətə müsbət cavab verildi və nəticədə
Azərbaycana gələn Osmanlı hərbi qüvvələri ilə Azərbaycanın milli hərbi
qüvvələrinin bazasında Qafqaz İslam Ordusu yaradıldı [2, 45].
Nazirlər Şurasının sədri Fətəli xan Xoyski sonralar ölkə parlamentində
etdiyi çıxışlarından birində Qafqaz İslam Ordusunun yaradılması ilə bağlı
bildirirdi ki, müstəqillik elan edildikdən sonra Azərbaycanın öz ordusu
yox idi. Həmin dövrdə ölkə daxilində hərbi böhran isə dərinləşməkdə
davam edirdi. Belə bir şəraitdə Hərbi Nazirliyin formalaşdırılmasına xeyli
vaxt ayrılması lazım gələ bilərdi. Ona görə də təcili addım kimi Osmanlı
hərbi qüvvələrinin Azərbaycana dəvət edilməsi və onun bazasında Qaf-
qaz İslam Ordusunun yaradılması məqsədəuyğun bilindi [24, 39].
Bu qərarın nəticəsi kimi Nazirlər Şurasının 1918-ci il mayın 28-də elan
edilmiş birinci kabinəsində hərbi nazir vəzifəsi nəzərdə tutulsa da, 1918-
|