Fərman vaxtı və yay vaxtı
Gündüz işığından işdə və məişətdə səmərəli istifadə etmək və bununla da elektrik enerjisinə qənaət etmək məqsədi ilə 1930-cu il 16 iyundan keçmiş Sovetlər ittifaqında (o cümlədən Azərbaycanda) bütün saatlar dilim vaxtına nəzərən 1 saat qabağa çəkilmişdir. Beləliklə vaxt qonşu şərq dilim vaxtı ilə hesablanmağa başlanmışdır. Bu vaxta fərman vaxtı (Tf) deyilir. Fərman vaxtı:
Tf=Tn+1h (1)
və yaxud:
Tf = To+nh+1h (2)
və yaxud:
Tf = Tλ-λh+nh+1h (3)
Aydındır ki, iki məntəqənin fərman vaxtlarının fərqi həmin məntəqələrin dilim nömrələrinin fərqinə bərabərdir:
Tf2- Tf1=n2-n1 (4)
(3) ifadəsinə əsasən fərman vaxtı ilə yerli vaxt arasında belə əlaqə vardır:
Tf -Tλ=(n-λ)+1h (5)
Azərbaycanda fərman vaxtı (2)-ə əsasən:
Tf = To+3h+1h= To+4s
Bakıda:
Tf - Tλ=(3h-3h19m24s)+1h=40m36s
Yəni Bakıda fərman vaxtı Bakının yerli orta vaxtından 40m36s uzundur.
Məişətdə yerli vaxt dedikdə fərman vaxtı nəzərdə tutulur. Qeyd edək ki, 1981-ci ildən 1992-ci ilə qədər və 1997-ci ildən 2016-cı ilədək Azərbaycanda yaz-yay və payız-qış mövsümlərinə uyğun vaxt sisteminə-yay vaxtına keçilmişdi. Bu qaydaya görə hər il mart ayının axırıncı bazar gününə keçən gecə qabaqcadan müəyyən edilmiş vaxtda saatların göstərişi bir saat irəli çəkilərək yay vaxtına keçirilir. Yəni Ty=Tf+1h olur. Oktyabrın axrıncı bazar gününə keçən gecə isə yenidən qabaqcadan müəyyən edilmiş vaxtda saatların göstərişi bir saat geriyə çəkilir, yəni yay vaxtı ləğv olunur, fərman vaxtına qaytarılır. Bir sıra ölkələrdə bu vaxt sistemindən hal-hazırda istifadə olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinəsinin 17.03.2016-cı il 131 saylı qərarı ilə Azərbaycanda yay vaxtına keçid ləğv olunmuşdur.
Dostları ilə paylaş: |