Sual 29‼️ M.P.Vaqifin “Görmədim” müxəmməsinin təhlili
Görmədim” yalnız Molla Pənahın yaradıcılığında deyil, ümumiyyətlə, ədəbi fikir tarixində bəşərin şərinə, insani cinayətlərə, ictimai varlığın eybəcərliklərinə, naqis insan ehtiraslarına, nəfsi istək və əməllərə qarşı yazılmış ən kəskin ittiham şeirlərindəndir, ictimai lirikanın dəyərli örnəklərindəndir. Müxəmməs əruz vəzninin rəməl bəhrindədir. Burada sanki müəllif yalnız bütün sosial gerçəklikdən deyil, öz yaradıcılığından, ömrü boyu yazdıqlarından, orada təbliğ və təlqin etdiyi fikirlərdən də imtina edir. Həyatı boyu vəsf etdiyi insan gözəlliyindən yox, insan şərindən və eybəcərliyindən söhbət açır.Şair bəşəri bir küll halında seyr edir, onun istək və əməllərini sadalayır və göstərir ki, sultandan gədaya, əqidə yolçusu sayılan dərvişə qədər hər kəs dünya malının əsiridir. Danışılan sözlərin hamısı yalan və böhtandan ibarətdir. Deyilənlər bütünlüklə hiylə, fitnə fənnidir. Onlarda gözəllik varsa da, bu, zahiridir. Niyyətlər, sözlər və əməllər ancaq pul, sərvət, mal-dövlət qazanmağa yönəlmişdir. Nə başçılar layiqli əməl sahibi, nə də itaətkarlar dürüst itaət əhlidir. İxtiyar sahiblərinin insafı və səxavəti, insaf və səxavət sahiblərinin isə sərvəti, pulu yoxdur. Yəni xeyirlə şərin yeri tərsinə düşmüşdür. Cəmiyyət üzvlərinin bədxahlığa, pisliyə yön alması şairi sarsıdır. O, görür ki, nə yaxşılıq etməyin faydası, nə kiminləsə səmimi dostluğun aqibəti yoxdur. Müəllif cəmiyyətin bütün təbəqələrini, zümrələrini, mənsəbli-mənsəbsiz üzvlərini nəzərdən keçirir. Elm, din, iman və etiqad sahibi, yəni guya əqidə, bilik, saf mənəviyyat və əməl sahibi hesab olunanları da Təhlil süzgəcindən keçirir. Təəssüf ki, onların da “nəfsi-əmmarə” əlində “sərbəsər” əsir olduqlarını, həqqi batil edib böyük günahlar işlətdiklərini, şeyxlərin hiyləgər, kələkbaz, abidlərin isə onlardan da betər olduqlarını görür. Heç kəsdə həqqə layiq ibadət görməyən şair belə hesab edir ki, yer üzündə ədalətdən, insafdan, xeyirxahlıqdan, sədaqətdən danışmaq mümkün olmadığı kimi, saf iman və pak etiqaddan da söhbət açmaq mümkün deyil…“Görmədim” müxəmməsində sənətkar cəmiyyətə qarşı müxalif və inkarçı mövqedədir. Sanki sosial bəlalara, insan fitrətindəki pisliyə qarşı uzun illər içərisində yığılan mənfi enerji ömrünün sonunda bir vulkan kimi püskürür.
Dostları ilə paylaş: |