Sual 4. Mill
ət anlayışı
Hazırda yer kürəsində 3 minə yaxın xalq yaşayır. Etnik qrupların ümumi sayı 10 min həndəvərindədir. Dövlətlərin sayı
isə 200-dən çox deyil. Beynəlxalq münasibətlər sistemində millətlərarası münasibətlər dövlətlərarası münasibətlər kimi
başa düşülür və siyasi xarakter daşıyır. Politologiyada millət anlayışına üç əsas yanaşma var: siyasi-hüquqi yanaşma;
sosiokulturaloji yanaşma; bioloji yanaşma. Siyasi-hüquqi anlayış bu və ya digər dövlətin vətəndaşlarının cəmini
özündə ehtiva edir. Bu, millət anlayışına etatist (dövlət) yanaşmadır. Yəni millət deyildikdə dövlət nəzərdə tutulur,
millət dövlətlə assosiasiya olunur. Siyasi-hüquqi yanaşmaya görə etnik mənsubiyyətindən asılı olmayaraq dövlətin
bütün vətəndaşları eyni milləti təmsil edirlər. Beynəlxalq hüquqda millət vətəndaşların birliyi, yaxud siyasi anlam kəsb
edən bir toplumdur. Siyasi anlamda millət beynəlxalq arenada, öz milli maraqlarından, milli sərhədlərindən və digər
milli atributlarından çıxış edən milli dövlətdir. BMT-nin üzvləri də məhz siyasi mahiyyət kəsb edən millət-dövlətlərdir.
(Buna görə də BMT «millətlər» təşkilatı adlanır). İngilis dilində «nation» anlayışı təkcə xalqı, etnosları deyil, bütöv
ölkəni, dövləti, başqa sözlə siyasi birliyi özündə ehtiva edir. «The Amercan Nation» termini isə «amerikan milləti»,
«amerikan xalqı», «amerikan dövləti» anlamlarını verir. Sosiokulturaloji yanaşmada dil, mədəniyyət, din, adətənənə
ətrafında birləşən hər-hansı bir toplum millət sayılır. Bu yanaşma imkan verir ki, millətə mənəvi mədəniyyətə, tarixi
inkişafa, davranış stereotiplərinə, həyat tərzinə və məişətinə görə bir-birlərindən fərqlənən insanların birliyi kimi
yanaşılsın. Lakin burada həssas məsələ millətin təkcə dini birlik əsasında formamalaşmamasıdır. Ola bilər ki, müxtəlif
dövlətlərin millətləri eyni dinə sahib olsun. Ancaq bu o demək deyil ki, dini birlik «müsəlman milləti», «xristian
milləti» anlamını verir. Milli şüur və milli özünüdərk olmadan millət yaranmır. E. Qellnerin dediyi kimi «milləti insan
yaradır, başqa sözlə millət insanların inamlarının, maraqlarının və adətlərinin məhsuludur». Bu yanaşmaya görə
millətin formalaşmasında əhəmiyyətli rol oynayn amil dildir. XIX əsrdə Azərbaycanda başlanan kültür hərəkatının da
başlıca hədəfi milləti ancaq dini birlik ideyaları ətrafında deyil, dil amili ətrafında bir araya gətirmək idi. Bu dövrün
bütün mütəfəkkirlərinin gəldiyi qənaət belə idi ki, dil olmadan milli özünüdərk, milli şüur formalaşmır, milli
özünüdərk, şüur formalaşmadan da millət yaranmır və öz müstəqilliyini qazanmağı bacarmır. Eyni zamanda öz ana
dilini itirən millət tədricən varlığını da itirməyə başlayır və son nəticədə hansısa millətin içərisində əriyib itir. Tarixdə
belə nümunələr az deyil. Bu gün elə millətlər var ki, onların ancaq adı qalıb. Dünyanın əksər ölkələri (ABŞ, İngiltərə,
Fransa, İspaniya, İtaliya, Skandinaviya ölkələri, Latın Amerikası ölkələri və s.) millət anlamına yuxarıdakı iki
aspektdən yanaşır. Bəzi məsələlərdə bu iki əsasdan çıxış edənlərin arasında fikir ayrılığı olsa da, elə məsələlər var ki,
onlar eyni mövqedə dayanırlar. Məsələn, birinci və ikinci əsası qəbul edənlərin mütləq əksəriyyət millətin üçüncü
nöqtədə-qan qohumluğu əsasında formalaşmadığıı fikrinin tərəfdarıdır. Üçüncü, bioloji yanaşma tərəfdarlarını birinci
və ikinci yanaşma tərəfdarlarından ayıran da, məhz, millətin qan qohumluğu əsasında formalaşması məsələsidir.
Almanlar və yaponlar millət dedikdə təkcə Almaniyanın, Yaponiyanın sərhədləri daxilində deyil, onun hüdudlarından
kənarda yaşayan bütün almanları, yaponları nəzərdə tutur. Bu ölkələrin konstitusiyalarına görə damarından alman və
yapon qanı axanlar alman və yapon millətinin nümayəndələridir. İsrail milləti də məhz bu prinsipə üstünlük verir.
Lakin alman və yaponlardan fərqli olaraq yəhudilər üçün təkcə yəhudi olmaq azdır, eyni zamanda hakim dinin,
iudaizmin daşıyıcısı olmaq vacibdir. Deməli İsrail milləti həm qan qohumluğu əsasında, həm də vahid bir din ətrafında
formalaşmış millətdir. Yapon, alman və yəhudi yanaşmalarını qəbul etməyənlər çoxluqdadır. Onların məntiqinə görə
insan sosial varlıqdır və şəxsiyyət kimi doğulmur, şəxsiyyət kimi formalaşır. Digər tərəfdən isə müasir qloballaşma
şəraitində «təmiz qanı» qoruyub saxlamaq müşkül məsələdir. İndi dünyada qarışıq nigahdan yan keçən ölkələr, demək
olar ki, yoxdur. Əsasən də Avropada qarışıq nikahların sayı günbəgün artır, necə deyərlər Qərb toplumlarının «rəngi»
sürətlə dəyişir. Beləliklə, millət anlayışının universal tərifi aşağıdakıdır: millət- insanların tarixən formalaşmış
birliyidir. Hər hansı bir dövlətin vətəndaşlarına xas olan ümumi xüsusiyyətlər bunlardır: dil birliyi, iqtisadi həyat
birliyi, mədəniyyət və adətənənə birliyi, eyni zamanda, başqa millətdən fərqli xüsusiyyətlərin qavranılmasına kömək
edən fərdi və kollektiv şüur, özünüdərk.
|