Azərbaycan polisinin tarixi çox da uzaq deyil. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az
sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil
Azərbaycanın polis orqanları yaradıldı. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin
mənafeyinə ləyaqətlə xidmət etdi, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın
qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdi.
AXC süqut etdikdən sonra, bolşevik diktaturası bütün milli dövlət və hüquq-mühafizə
strukturlarını, o cümlədən milli polisi ləğv etdi. Əvəzində "milis" adlandırılan bir qurum yaradıldı.
Milisin vəzifəsi insanların təhlükəsizliyini qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaqdan d-ha çox
bolşevik rejiminin qorunmasına, azadfikirli insanların təqib və həbs edilməsinə yönəldilmişdi. Sovet mili-
si mövcud olduğu 70 il ərzində dövlətin repressiya aparatı rolunu oynamışdır.
Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olundu, onun funksiya və
vəzifələri dəqiqləşdirildi. Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi
bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Daxili işlər orqanlarının və daxili qoşunların
şəxsi heyətinin 931 nəfəri bu müharibədə şəhid olmuşdur. Polisin sıralarında xeyli sayda "Milli Qəh-
rəman" adına, habelə orden və medallarla təltifə layiq görülənlər vardır.
Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq
standartlara uyğunlaşdırılır. Prezident H. Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si
Azərbaycan Polisi Günü kimi qeyd olunur.
19
22 İYUL
MİLLİ MƏTBUAT VƏ JURNALİSTİKA GÜNÜ
Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana
dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də
çapdan çıxmışdı. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər
ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü.
"Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol
oynamışdır. Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet
bağlanmışdı.
Azərbaycan mətbuatının ilk müjdəçisi "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu.
XIX əsrin sonlarında "Ziya", (1879), "Kəşkül" (1880), "Kaspi" (80-90-cı illər) qəzetləri nəşrə başlamışdı.
XX əsrin əvvəllərində C. Məmmədquluzadə, M. Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə,
Ü. Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin
mübarizə öz nəticəsini verdi. "Şərqi-rus" (1903), "Həyat" (1905), "Açıq söz" (1915), "Azərbaycan "
(1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxdı. 1906-cı ildə "Molla Nəsrəddin"
jurnalının nəşrə başlanması ilə Azərbaycan mətbuatında siyasi satiranın əsası qoyuldu. Redaktoru Xədicə
xanım Əlibəyova olan "İşıq" jurnalının bütün əməkdaşları qadınlardan ibarət idi.
Sovet hakimiyyəti dövründə bütün sovet respublikalarında olduğu kimi Azərbaycanda da mətbuat
sovet ideologiyasının ruporuna çevrilmişdi. Azad və demokratik mətbuatdan söhbət belə gedə bilməzdi.
Yalnız bolşevik rejiminin, kommunist ideyalarının təbliği ilə məşğul olan qəzet və jurnallar nəşr
olunurdu. Mətbuat üzərində ciddi senzura hökm sürürdü. Kommunist Partiyasının orqanı olan "Pravda"
(bu qəzetin dilimizə tərcüməsi "Həqiqət" olsa da, səhifələri qərb demokratiyasına qarşı iftiralarla, ictimai
və iqtisadi-siyasi həyatın müxtəlif sahələrinə aid yalan informasiyalarla dolu idi) qəzetinin ilk nömrəsinin
çapdan çıxdığı gün - 5 may Mətbuat Günü kimi qeyd olunurdu.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış
mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət
göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı
gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.
20
1 AVQUST
AZƏRBAYCAN ƏLİFBASI
VƏ AZƏRBAYCAN DİLİ GÜNÜ
Azərbaycan xalqının dünya sivilizasiyasına bəxş etdiyi nadir töhfələrdən biri də Qobustan və
Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələrdir. Tarixi faktlar sübut edir ki, bu qiymətli əsərləri
yaradarkən xalqımız müxtəlif yazı növlərindən və əlifbalardan istifadə etmişdir. Qədim Manna dövlətində
yerli yazı növü ilə yanaşı, heroqliflərdən də istifadə olunduğu məlumdur. Ulu əcdadlarımız olan al-
banların 52 hərfdən ibarət əlifbası vardı.
Ölkəmizdə İslam dininin yayılması ilə əlaqədar ərəb əlifbasından geniş istifadə olunmuş, yüz illər
boyu ərəb dili din, elm və təhsil dili rolunu oynamışdır. Lakin əsrlərlə müxtəlif xalqların mədəni
əlaqələrinə xidmət etmiş ərəb qrafikası dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilmir,
onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmırdı. Bu çatışmazlıqlar M. F. Axundzadə
başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarında əlifba islahatı keçirmək ideyaları yaratmışdı.
Lakin o vaxt bu ideyanı həyata keçirmək mümkün olmamışdı.
1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradıldı. Bu Komitəyə
Azərbaycan (türk) dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırığı verildi. Bu yeni əlifbaya keçilməsi
yolunda atılmış ilk ciddi addım oldu. 1923-cü ildən etibarən latın qrafikalı əlifbaya keçmə prosesi
sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinə əsasən 1929-cu
il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Bu hadisə
Azərbaycanda savadsızlığın ləğv olunmasında mühüm rol oynadı.
Lakin Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi və bunun nəticəsində SSRİ-
də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsi qorxusu Sovet imperiyası
rəhbərliyində Azərbaycan əlifbasının yenidən dəyişdirilməsi planlarını yaratdı. Nəticədə 1940-cı il
yanvarın 1-dən kiril qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul olundu.
Sonralar kiril qrafikasının Azərbaycan dilinin fonetik səs sisteminə uyğunlaşdırılması üçün
Azərbaycan kiril qrafikasında müəyyən dəyişikliklər aparıldı. Yarım əsrdən çox bir müddət ərzində kiril
qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra latın qrafikalı Azərbaycan əlifbasının
bərpası üçün tarixi şərait yarandı. Nəticədə 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi
barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı.
Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı
mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti H. Əliyev
2001-ci il avqustun 9-da fərman imzalamışdır. Bu fərmanla avqustun 1-i Azərbaycan Respublikasında
Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilmişdir.
21
5 AVQUST
HƏRBİ DONANMA GÜNÜ
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın hərbi-dəniz donanması da yaradıldı.
Belə ki, 1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi
gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər
hərbi-dəniz donanması təşkil olundu. Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin
qorunmasında mühüm addım oldu. Lakin bu addım general Denikinin başçılıq etdiyi Cənubi Rusiya
Silahlı qüvvələrinin ("Könüllü ordu" da deyirdilər) kəskin etirazı ilə qarşılandı. Silahlı qüvvələrin hərbi-
dəniz donanmasının vitse-admiralı Gerasimovun Azərbaycan hökumətinə verdiyi notada Azərbaycan
Xəzər hərbi-dəniz donanmasının ləğv edilməsi tələb edilirdi. Burada qeyd olunurdu ki, Xəzərdə hərbi
donanma saxlamaq hüququ yalnız Rusiyaya məxsusdur. Bu əsassız nota Azərbaycan Dövlət Müdafiə
Komitəsində müzakirə edildi. Cənubi Rusiya Silahlı qüvvələri baş komandanlığına göndərilən cavab
notasında bildirilirdi ki, Xəzərdə donanma saxlamaq hüququ Azərbaycan dövlətinin suveren hüququdur.
Azərbaycanın limanları və ticarət gəmiləri vardır. Bu gəmilər Azərbaycan bayrağı altında üzəcəkdir.
Azərbaycan hökumətinin qətiyyəti və göstərdiyi diplomatik səylər öz nəticəsini verdi. Denikin
beynəlxalq ictimaiyyətin sərt reaksiyası ilə üzləşdiyindən öz iddialarından əl çəkdi.
Azərbaycan hökumətinin Hərbi Nazirliyi hərbi donanmanın maddi-texniki bazasının
gücləndirilməsinə diqqəti artırmışdı. 1919-cu ilin sonlarında general İbrahim ağa Usubovun başçılıq
etdiyi Azərbaycan hərbi missiyası donanma üçün xaricdən 6 birtoplu qırıcı kater, 12 qırıcı kater, 6 sualtı
qayıq, 92 gəmi topu, 10 sahil topu, simsiz teleqraf qurğuları və s. almışdı.
Azərbaycan Hökuməti rus donanmasının admiralı, Şimal qütbünə ekspedisiyanın iştirakçısı, türk
əsilli İslamovu milli donanmanın yaradılması işinə kömək göstərmək üçün 1919-cu ilin yayında
Azərbaycana dəvət etmişdi. "Astrabad", "Qars" və "Ərdəhan" hərb gəmilərinin komandirliyi azərbaycanlı
kapitanlara tapşırıldı. Hərbi donanmanın maddi-texniki bazasının və kadr təminatının gücləndirilməsi
planları aprel işğalı nəticəsində həyata keçirilməmiş qaldı. Az sonra bolşeviklərin gəlişi ilə Azərbaycan
hərbi donanması ləğv olundu.
SSRİ dağıldıqdan sonra Azərbaycanda da hərbi-dəniz donanmasının təşkilinə şərait yarandı.
1992-ci il aprelin 7-də Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələri Qərargahı, mühafizə və təminat
rotası yaradıldı. Xəzər Hərbi-dəniz donanmasının 25%-i və Ali Hərbi Dənizçilik məktəbi Azərbaycan
Respublikasının ixtiyarına verildi. 1992-ci il iyunun 26-da "Bakılı" keşikçi gəmisində Azərbaycan
Respublikasının dövlət bayrağı qaldırıldı. 1996-cı ildə Ali Hərbi Dənizçilik Məktəbi əsasında Dəniz
Akademiyası təşkil olundu. Azərbaycan Prezidenti H. Əliyevin fərmanına əsasən hər il avqustun 5-i
Azərbaycan Respublikası Hərbi Donanma Günü kimi qeyd olunur.
22
15 SENTYABR
BİLİK GÜNÜ
Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə elm
öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir. Bu haqda Hz. Məhəmməd Peyğəmbərin (s.) və onun bir
çox səhabələrinin hikmətli sözləri və hədisləri vardır. İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və
ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən "Mənə bir hərf öyrədənin köləsi olaram" demişdi.
Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn
səyi əsirgəməmişdir. Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa
Bakıxanov, Mirzə Kazımbəy, Yusif Məmmədəliyev kim yüzlərlə nəhəng alim və filosoflar olmuşdur ki,
onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər.
Ölkəmizdə Bilik günü məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin
gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 av-
qust 2004-cü il tarixli fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən
başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.
23
18 SENTYABR
MİLLİ MUSİQİ GÜNÜ
Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy
Hacıbəyovun doğum günüdür. Həmin gün təkcə musiqisevərlərin deyil, həm də bütün xalqımızın
bayramıdır. Çünki elə bir azərbaycanlı tapmaq olmaz ki, onun qəlbində Üzeyir bəyə məhəbbət, onun
ölməz sənətinə hörmət hissi olmasın. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi
ənənəsinin əsasını maestro Niyazi qoymuşdur. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin
vəfatından sonra hər il bu günü qeyd edərmiş. Üzeyir bəyin doğum gününün musiqi tariximizin ən
əlamətdar hadisəsi kimi anılması tez bir zamanda ənənə halını almışdır. 1995-ci ildə isə Prezident Heydər
Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli
Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır.
Üzeyir Hacıbəyov 1908-ci il yanvarın 18-də Bakıda H. Z. Tağıyevin teatrında tamaşaya qoyulan
"Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin
əsasını qoymuşdur. O, həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Ü. Hacıbəyovun
"Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarında o dövr Azərbaycan
məişəti, xalq adət və ənənələri öz əksini tapmışdır.
Ü. Hacıbəyov milli musiqi xəzinəsini yeni janr və formalarla zənginləşdirən bir sıra əsərlər, o
cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan
dahiyanə "Koroğlu" operasını bəstələmişdir. O, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də yeni
Azərbaycan Respublikasının Dövlət himnlərinin musiqisinin müəllifidir. Üzeyir bəy elmi mu-
siqişünaslığın, musiqi təhsilinin əsasını qoymuş və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına
rəhbərlik etmişdir. O, müasir bəstəkarlıq məktəbinin beşiyi başında durmuş, onun qabaqcıl dünya
bəstəkarlıq məktəbləri ilə yanaşı dura bilməsi üçün fədakarcasına çalışmışdır. Dahi bəstəkarın yaratdığı
musiqi inciləri dünya şöhrəti qazanmış, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuşdur.
Görkəmli musiqi xadimləri onu "professional Şərq musiqisinin atası" adlandırmışlar. Azərbaycan və
dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Ü. Hacıbəyovun anadan olmasının
100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunmuşdur.
24
20 SENTYABR
NEFTÇİLƏR GÜNÜ
1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gün
oldu. Həmin gün xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün
dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalandı. Bu kontraktlar Azərbaycanın
neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açdı.
Azərbaycan ilk dəfə idi ki, 6 ölkəni təmsil edən dünyanın məşhur 10 xarici neft şirkəti ilə belə
böyük miqyasda saziş imzalayırdı. Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu,
xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. "Əsrin müqaviləsi" həm də Azərbaycanda yeni
neft-qaz kontraktlarının bağlanmasına güclü təkan verdi.
"Əsrin müqaviləsi" tezliklə öz bəhrəsini verdi. 1997-ci il noyabrın 12-də "Çıraq-1"
platformasında "Əsrin müqaviləsi" üzrə ilkin neftin hasilatına başlandı. 2005-ci ilin fevralında isə "Azəri-
Çıraq-Günəşli" yataqlarının Mərkəzi Azəri hissəsində ilkin neftin hasilatına başlandı.
"Əsrin müqaviləsi"nə ilkin qoşulan şirkətlər bunlardır: "AMOKO", "Yunokal", "Pennzoyl"
(ABŞ), "Britiş Petroleum, "Remko" (Böyük Britaniya), "Statoyl (Norveç), "LUKoyl" (Rusiya), "Türk
Petrolları" (Türkiyə), "Delta" (Səudiyyə Ərəbistanı). Sonradan müqaviləyə "İtoçu" (Yaponiya), "Ekson",
"Amerada Hess" (ABŞ) şirkətləri də qoşuldu. Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya
olunduqdan dərhal sonra neft-qaz əməliyyatlarının idarə edilməsi və əlaqələndirilməsi məqsədi ilə
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradıldı.
Ölkəmizin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin və qazının dünya
bazarına nəql edilməsindən ibarətdir. Bu sahədə "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri
layihəsinin hazırlanması və reallığa çevrilməsi mühüm rol oynayır. Bu layihənin də baş memarı, onun
bünövrəsini qoyan, həyata keçirilməsinə şəxsən rəhbərlik edən Heydər Əliyev olmuşdur.
1998-ci ildə Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan Prezidentləri "Bakı-Tbilisi-Ceyhan"
Əsas İxrac Boru Kəmərinin inşa edilməsi haqqında ilk saziş imzaladılar. ATƏT-in İstanbul sammitində
(1999, 18 noyabr) ABŞ prezidenti Bill Klintonun iştirakı ilə Azərbaycan, Qazaxıstan, Gürcüstan və
Türkiyə Prezidentləri tərəfindən layihənin dəstəklənməsinə və qısa müddətdə həyata keçirilməsinə
yönəlmiş İstanbul Bəyannaməsi imzalandı.
2002-ci il avqustun 18-də Səngəçal terminalında "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru
Kəmərinin təməli qoyuldu. Bu böyük layihə artıq reallığa çevrilmişdir. 2005-ci il mayın 25-də kəmərin
Azərbaycan, 13 oktyabrında isə Gürcüstan hissələrinə ilkin neftin doldurulması mərasimi keçirilmişdir.
2006-cı ilin yazında isə kəmərin Türkiyə hissəsi istifadəyə veriləcəkdir.
"Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri dünyada bənzəri olmayan mühəndis qurğusudur.
Bu layihə Şərq-Qərb enerji dəhlizinin əsasını təşkil edir. Ümumi uzunluğu 1762 km olan kəmərin 443
kilometri Azərbaycan, 249 kilometri Gürcüstan, 1070 kilometri isə Türkiyə ərazisindən keçir. Kəmər ildə
50 milyon ton, sutkada isə 1 milyon barrel xam neft ötürmək qabiliyyətindədir H. Əliyevin bu layihənin
gerçəkləşdirilməsində əvəzsiz xidmətləri qiymətləndirilərək "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru
Kəmərinə onun adı verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti H. Əliyevin fərmanı ilə hər il sentyabrın 20-si "Neftçilər
Günü" kimi qeyd olunur.
25
1 OKTYABR
PROKURORLUQ İŞÇİLƏRİ GÜNÜ
Hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları öz peşə
bayramlarmı təntənə ilə qeyd edirlər. Bu günün qeyd olunması tarixi zərurətdən yaranmışdır. Ümummilli
lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli
qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas
tutaraq hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü
kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalamışdır.
Məhkəmə orqanlarından fərqli olaraq, bir çox dövlətlərdə prokurorluq müstəqil institut kimi xeyli
sonralar yaranmışdır. Dövlət idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun əsası ilk dəfə
XIV əsrin əvvəllərində Fransada kral IV Filip tərəfindən qoyulmuşdur. Onun vaxtında kral mənafelərinin
prokurorluq tərəfindən təmsil edilməsi Qanunla (25 mart 1302) təsbit edilmişdi. Həm Qərb ölkələri, həm
də Rusiya prokurorluqlarına bir örnək kimi təsiri olan Fransa prokurorluğunun təşkili və fəaliyyəti
haqqında qanun isə 1586-cı ildə qəbul olunmuşdur.
Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının yaranma tarixi Azərbaycan Xalq
Cümhuriyyəti dövrünə (1918-1920) təsadüf edir. 1918-ci il noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən
"Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə" təsdiq edilmişdir. F. Xoyski, X. Xasməmmədov,
A. Səfikürdski, T. Makinski AXC-nin ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olmuşlar. Olduqca
mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən AXC-nin Məhkəmə palatasında, Bakı və Gəncə dairə
məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri daxilində böyük işlər görmüşlər.
AXC-nin süqutundan sonra dövlət orqanları ilə yanaşı, prokurorluq və istintaq orqanları da ləğv
olundu. Sovetləşmənin ilk illərində bütün hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını
həyata keçirməli olan xüsusi orqanın yaradılması zəruriliyini nəzərə alaraq Azərbaycan SSR MİK-in 11 iyul
1922-ci il tarixli "Azərbaycan SSR-nin dövlət prokurorluğu haqqında" Dekreti ilə Azərbaycan SSR-də
sovet prokurorluğunun əsası qoyuldu. Xalq ədliyyə komissarları Ə. Qarayev, S. Çivanov, B. Vəlibəyov,
B. Talıblı, H. Hacıyev, A. Sultanova və başqaları həm də Azərbaycan SSR-in baş prokurorları olmuşlar.
1936-cı ilin iyulunda Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən
çıxarılaraq birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə ayrıca qurum kimi fəaliyyətə başlamışdır.
Kommunist partiyasının mütləq hakim olduğu Sovet hakimiyyəti dövründə prokurorluq bu rejimə və
partiya liderlərinə xidmət edən bir orqan olmuşdur.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının Prokurorluğu sinfi
mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına,
cinayətkarlıqla mübarizəyə, qanunçuluğun qorunmasına xidmət edən orqana çevrilməklə sivil və
demokratik inkişaf yoluna qədəm qoymuşdur.
26
18 OKTYABR
MÜSTƏQİLLİK GÜNÜ
Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.
Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki,
Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı.
Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması
səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci
tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli
müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali
Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu
mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.
1991-ci il... Meydanlar kükrəyirdi. Azadlığın yaxınlaşdığını duyan xalq öz əzəli və əbədi
arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirmək üçün hər şeyə hazır idi. Bu xalq artıq meydan
hərəkatında bərkimiş, Yanvar qırğınını görmüşdü. İmperiyanın tankları da artıq azadlığa gedən yolun
qarşısını kəsməyə qadir deyildi. Özünün istiqlal mübarizəsində neçə-neçə şəhid və qurbanlar vermiş
Azərbaycan addım-addım, inadla müstəqilliyə doğru gedirdi. 1991-ci ilin bir payız günü uzun-uzadı
qızğın müzakirələrdən sonra "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul
olundu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.
Bir tərəfdən imperiyanın dağılmağa başlaması, digər tərəfdən xalqın artmaqda olan təzyiqi
respublikanın hakim dairələrini manevr etmək məcburiyyətində qoymuşdu. Yuxarılarda belə hesab
edirdilər ki, bu sənədin qəbul edilməsi xalqı sakitləşdirəcək, hakimiyyətin ömrünü uzatmağa imkan
verəcəkdir. Ona görə də təsadüfi deyildi ki, "Konstitusiya Aktı" ilkin mərhələdə yalnız quru kağız olaraq
qalır, Azərbaycan yenə də Moskvadan idarə edilir, rejim Kremlin dediyi ilə oturub dururdu. Lakin indi
bunlar arxada qalmışdır.
Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi.
Referendum bülleteninə bir söz yazılmışdı: "Siz "Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan
Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktı"na tərəfdarsınızmı?" Səsvermə hüququ
olanların 95%-i dən çoxu referendumda iştirak etdi. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət
müstəqilliyinə tərəfdar çıxdı.
Müstəqilliyi elan edilmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət
göstərməyə başlamışdı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublikasını ilk olaraq
1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr
1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992)
və b. dövlətlər tanıdılar.
Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə (2 mart 1992) onun beynəlxalq aləmdə de-fakto
tanınmasına başlandı.
Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi.
Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ
müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səbatsız, səriştəsiz adamların yeritdikləri səhv siyasət
və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini
reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə
bu təhlükə sovuşdu.
İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi
sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub
saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi
dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir.
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə
çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb.
Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. "Əsrin
müqaviləsi" çərçivəsində reallaşan "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri artıq neftimizi dünya
bazarına çıxarmaq əzmindədir. Bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm
də xalqımızın daha firavan yaşamasında mühüm rol oynayacaqdır.
27
6 NOYABR
TELEVİZİYA VƏ RADİO İŞÇİLƏRİ GÜNÜ
Dostları ilə paylaş: |