Torpaq çərşənbəsi
Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında
"Yer çərşənbəsi", "İlaxır Çərşənbə" və ya "Torpaq çərşənbəsi" adlanır.
İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.
Əfsanəyə görə adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatunun
yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar. Onlar əl-ələ verib:
Zəm-zəm gəldi, Atəş gəldi, Yel gəldi,
10
Təzə ömür, təzə məhsul, il gəldi.
- deyə oxuya-oxuya işıqlı dünyaya çıxırlar.
İlaxır çərşənbələr arasında Torpaq çərşənbəsi mərasim, ayin, etiqad, oyun və şənliklərlə ən
zənginidir, çünki həmin günün mərasimləri həm Suya, həm Oda, həm Yelə, həm də Torpağa inamı əks
etdirir. Həmin gün insanlar torpaq sahələrinə çıxır, torpağı təmizləyir, bostan və dirriklərdə müxtəlif
ayinlər, kütləvi şənliklər keçirir, əmək nəğmələri oxuyurlar. Bu çərşənbənin axşam şənlikləri daha gur
olur: evlərdə üzərlik yandırılır, tonqallar qalanır, məşəllər yandırılır, bacalardan torbalar sallanır, qurşaq
atılır, qulaq falları qurulur və s.
Yer çərşənbəsi günü təzə ilə xoş arzular, ailəyə səadət, xoşbəxtlik arzulanır. Həmin gün hamı öz
evində olmalı, yalnız övladlar valideynlərinə baş çəkərək öz evlərinə qayıtmalıdırlar.
Torpaqla bağlı atalar sözləri:
- Torpağa əyilən namərdə əyilməz.
- Torpağa xor baxsan, o sənə kor baxar.
- Torpaq müqəddəsdir.
- Torpaqda itki olmaz, kötüksüz bitki olmaz.
İnanclar:
- Çərşənbə günü təzə evə köçən bəlaya düşər.
- Axır çərşənbə axşamı küsülülər barışarlar.
- Axır çərşənbə gecəsində nəhs danışmaq olmaz.
- Axır çərşənbə gecəsi ərə verilən qızı tonqalın başına dolandırar və deyərlər: "Qoy odlu-ocaqlı
olsun!"
- Çərşənbə gecəsi suyun üstündən tullanıb deyərlər:
Atıl-ütül çərşənbə,
Çilləm tökül çərşənbə,
Baxtım açıl çərşənbə...
Kos-Kosa. Axır çərşənbə xalq tamaşaları ilə də zəngin olur. Bunlardan biri də "Kos-kosa"dır. Bu
tamaşada oxunan nəğmələr xalq arasında indi də məşhurdur:
A Kos-Kosa, gəlmisən,
Gəlmisən meydana sən.
Almayınca payını
Çəkilmə bir yana sən.
Beş yumurta payındı.
Olmaya aldanasan.
Səməni. Baharın gəlişindən əvvəl suda isladılmış toxumdan səməni göyərdirlər. Həyat, bolluq
nişanəsi olan səməni baharın ilk müjdəçisi hesab olunur. Buna görə də bayram ərəfəsində səməni
göyərtmək Novruzun ən müqəddəs ayinidir. Səməni müqəddəs sayılmış, xoşbəxtlik gətirən amil kimi
tərənnüm edilmişdir. Evlərdə göyərdilmiş səmənini bişirər, xəstələrə yedirərdilər.
Bayram süfrəsi. Bayram günündə qadınlar dadlı-ləzzətli şirniyyatlar bişirir, yumurta boyayırlar.
Bütün evlərdə bayram süfrəsi açılır. Cürbəcür yeməklər, əsasən aş, paxlava, şəkərbura, şorqoğalı,
badambura və s. şirniyyatlar bişirilir. Bayram axşamı süfrədə innab, kişmiş, püstə, badam, qoz, fındıq və
müxtəlif meyvələrin qurusu qoyulur. Bayram süfrəsində bayram xonçasının olması vacibdir. Xonçanın
ortasında səməni, ailə üzvlərinin sayı qədər şam və boyanmış yumurta qoyulur. Süfrədə yeddi növ ye-
mək olmalıdır. Hər yan çıraqban olur, evlərdə şamlar yandırılır.
Axır çərşənbə gecəsinin səhəri sübh obaşdan durub axar su üstünə getmək, suya salam verib üç
dəfə üstündən tullanmaq lazımdır. Deyirlər ki, belədə ilin xoş gələr, ağrı-acı görməzsən. İlaxır çərşənbədə
balta ilə meyvə ağaclarının kötüyünə bir-iki dəfə yüngülcə vurub, deyərlər: "Nə yatmısan, oyan, bərəkət
payını götür". Deyirlər, belədə həmin il ağacın bəhəri bol olar. Axır çərşənbə axşamında bir neçə parça
kömürü, bir ovuc duzu, bir-iki dənə qara pulu bir qaba qoyub damdan atarlar. Deyilənə görə, kömür qara
günün, duz gözdəymənin, qara pul da yoxsulluğun nişanəsidir. Onları qaba yığıb damdan atmağın niyyəti
qara gündən, gözdəymədən, yoxsulluqdan qurtarmaqla bağlıdır. Bayram tonqalı yanıb sona yetəndə
ocaqdakı közlərin üstünə üzərlik səpib deyirlər: "Odumuza, ocağımıza kəm baxanın gözləri, bax beləcə
partlasın, özü də düşüb çatlasın".
İlin axır çərşənbəsində, ya da Novruz axşamı ürəyində niyyət tutub qaş qaralandan sonra xəlvətcə
qonum-qonşu qapısına gedərlər. Qapı dalında durub ayağın altına açar atıb içəriyə qulaq asarlar. İçəridən
eşidilən iki kəlmə niyyətin yerinə yetib-yetməyəcəyinə işarə verir. İki kəlmə xoş sözə, yaxşı bir istəyə
bağlıdırsa, demək niyyət baş tutacaq, yox, pis söz, narazılıq, nigarançılıq bildirən kəlmə dilə gəlsə, onda
istəyə yetmək çətin işdir. Odur ki, ulular tapşırmışlar ki, axır çərşənbə gəlib yetişəndə evdə könül açan
söhbətlər edilsin. Nədən ki, birdən qapıya gəlib dilək tutan olar, qoy niyyəti xoş sözə tuş gəlsin.
11
Yazın gəlişi ilə əlaqədar ilin axır çərşənbə axşamı həyətlərdə tonqal qalanır, uşaqlar odun
üstündən hoppanırlar. Bu adət soyuq qışın çıxması və onun isti yaz fəsli ilə əvəz olunması ilə bağlıdır.
Həm də tonqal üstündən atlanmaq köhnə ilin qada-balasını odda yandırmaq, yeni ilə qədəm qoymaq
deməkdir. Min illər boyu gənclər əl-ələ tutub yallı gedərək göylər qızı Günəşi haraylamış, onu təbiəti
isindirməyə, canlandırmağa çağırmışlar:
Gün çıx, gün çıx!
Kəhər atı min, çıx!
Xalqımızın ən qədim bayramlarından olan Novruz evlərə sevinc, şadlıq gətirir. Novruzla bağlı
nəğmələr, mərasimlər, tamaşalar isə şifahi xalq yaradıcılığımızın ayrılmaz hissəsidir.
Sovet dövründə tariximizin bu əvəzsiz yadigarına dini don geyindirməyə çalışaraq el sevincini, el
şənliyini zorla yaddaşımızdan silmək istəyirdilər. Buna baxmayaraq, Novruz bayramı hətta o dövrdə də
xalqımız tərəfindən qeyd olunur, Şıxəli Qurbanov kimi mütərəqqi ziyalılarımız bu bayramı xalqın mədəni
abidəsi kimi qoruyub saxlamağa çalışırdılar.
Azərbaycan öz müstəqilliyinə nail olduqdan sonra Novruz bayramının üzərinə qoyulmuş
qadağalar aradan götürüldü. Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan
Respublikasının bayramları haqqında" Qanununa əsasən Novruz rəsmi dövlət bayramı kimi qeyd olunur.
12
28 MART
TƏHLÜKƏSİZLİK ORQANLARI
İŞÇİLƏRİ GÜNÜ
1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətində milli təhlükəsizliyi təmin etmək
başlıca vəzifələrdən biri idi. AXC-nin müdafiə naziri Səməd bəy Mehmandarov Milli ordu quruculuğu ilə
yanaşı, xüsusi xidmət orqanlarının təşkili qayğısına qalmağa başladı. Azərbaycanın yeni, xüsusi xidmət
orqanlarının yaradılması istiqamətində ilk addımlar atıldı.
Ölkədəki daxili və xarici vəziyyətin kəskinliyini nəzərə alaraq 1919-cu il martın 28-də Müdafiə
naziri S. Mehmandarovun 157 №-li əmrinə əsasən kəşfiyyat və əks-kəşfiyyat xidməti təşkil olundu. Bu
təşkilatın vəzifəsi terrorizmə, casusluğa, təxribatlara qarşı mübarizə aparmaq idi. Əksinqilabla Mübarizə
Təşkilatının (ƏMT) ilk rəisi vəzifəsinə Azərbaycan parlamentinin üzvü Məmmədbağır Şeyxzamanov
təyin olundu. Təəssüf ki, bu təşkilatın fəaliyyəti uzun çəkmədi və 1920-ci il martın 6-da öz fəaliyyətini
dayandırmalı oldu. Təşkilatın arxiv sənədlərində ayrı-ayrı şəxslərə göndərilmiş məktublardan aydın olur
ki, Bakıda Denikin ordusunun casusları sıx əlaqədə işləmiş, geniş casusluq şəbəkəsi yarada bilmişdilər.
Denikin ordusunun Azərbaycana qarşı təxribatı ilə əlaqədar ƏMT-nin saxladığı və həbs etdiyi şəxslərin
əksəriyyəti erməni idi.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan dərhal sonra bu təşkilatın üzvləri repressiyalara
məruz qaldılar. M. Şeyxzamanov güllələndi. Sonradan onu bu vəzifədə əvəz etmiş qardaşı Nağı
Şeyxzamanov Türkiyəyə mühacirət etməyə məcbur oldu. Təşkilatın üzvləri - generallar Şahzadə Əmir
Kazım Mirzə Qacar, İbrahim ağa Usubov, Əbdülhəmid Qaytabaşı, Məmməd bəy Sulkeviç, polkovnik
Rüstəm bəy Şıxlinski də güllələndilər.
70 illik sovet rejimi dövründə əvvəllər Ümumrusiya Fövqəladə Komissiyasının (ÇK), sonralar isə
Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) filialı olan Azərbaycan SSR DTK-sı SSRİ-nin siyasi, iqtisadi və
sosial mənafelərinin qorunmasına xidmət etmişdi. Bu orqana başçılıq etmiş özgə millətlərin
nümayəndələri - əsasən ermənilər və ruslar xalqımızın ən layiqli övladlarını, düşünən beyinlərini məhv
etməkdə xüsusi rol oynamışlar. Yalnız xalqımızın böyük oğlu Heydər Əliyevin bu orqanda rəhbərliyə gəl-
məsi (əvvəl müavin, sonra isə sədr) nəticəsində yüzlərlə azad düşüncəli Azərbaycan övladı Sovet
rejiminin repressiyalarından xilas olundu.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən az sonra, 1991-ci il noyabrın 1-də yaradılmış Milli
Təhlükəsizlik Nazirliyi təkcə ad etibarilə deyil, məzmunca da dəyişdi. MTN Azərbaycanın milli
mənafelərinin və dövlət təhlükəsizliyinin təminatçısına çevrildi.
MTN-in şəxsi heyətinin Azərbaycanın dövlət təhlükəsizliyinin möhkəmləndirilməsində və
qorunmasında xüsusi rolu vardır. Milli müstəqilliyə və dövlətçiliyə qarşı yönəlmiş dövlət çevrilişlərinə
cəhdlər zamanı silahlı qarşıdurmada nazirliyin çoxlu sayda əməkdaşları həyatlarını qurban vermişlər.
Onlardan 4 nəfəri "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti H. Əliyevin 1997-ci il mart tarixli fərmanı ilə 28 mart -
Milli Təhlükəsizlik Orqanları İşçiləri Günü elan olunmuşdur. Milli Təhlükəsizlik orqanları üçün xüsusi
təhsil almış peşəkarların hazırlanması məqsədilə 1998-ci ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyinin
Akademiyası təsis olunmuşdur.
13
28 MAY
RESPUBLİKA GÜNÜ
Tarix XX əsrin əvvəllərində Azərbaycan xalqı üçün misilsiz bir hədiyyə bəxş etdi. 1918-ci il
mayın 28-də Tiflis şəhərində Azərbaycanda müstəqil dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin
yaradıldığı elan olundu.
Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək olan müddətdə
- cəmi 23 ay mövcud olmuşdur. Lakin bu qısa müddətdə çox işlər həyata keçirildi. Hər şeydən əvvəl öz
milli dövlətçiliyinə qovuşmuş xalqımız istiqlalın nə demək olduğunu bir daha gördü, onun şirinliyini
daddı. Bu dövlətin yaradıcıları olan M. Ə. Rəsulzadə, F. X. Xoyski, N. Yusifbəyli, Ə. Topçubaşov,
H. Ağayev və başqa vətənpərvər istiqlalçılar gecəni gündüzə qataraq milli dövlətçiliyimizin əsaslarını
möhkəmləndirdilər.
Azərbaycan Milli Şurasının qəbul etdiyi "İstiqlal Bəyannaməsi" yeni yaranmış Azərbaycan Xalq
Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. "Bəyannamə"də
elan edilmiş prinsiplər - Azərbaycan xalqının öz müqəddəratını təyin etmək, insanların hüquq
bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində
yaşamaq, bir-birinin suverenliyinə hörmətlə yanaşmaq prinsipləri AXC-nin beynəlxalq nüfuzunu artırdı.
"İstiqlal Bəyannaməsi" Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi
sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır.
"İstiqlal Bəyannaməsi" bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə, ilk dəfə
olaraq Azərbaycanda demokratik idarə üsulunun - parlamentli respublikanın yaradıldığını xəbər verirdi.
Beləliklə, Birinci Dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində
yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz
yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi.
Gənc Azərbaycan dövləti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə doğulmuşdu. Bakıda
hakimiyyəti S. Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik güruhu ələ keçirmiş və Azərbaycanın türk-
müsəlman əhalisinə qarşı dəhşətli soyqırımına başlamışdı. Rus generalları tərəfindən silahlandırılmış
erməni quldur dəstələri Şərqi Anadolunun və Qərbi Azərbaycanın türk-müsəlman əhalisinə qarşı qanlı
soyqırımını davam etdirirdilər. Azərbaycan xalqının cəlladları olan Şaumyan və Andronik əlbir fəaliyyət
göstərirdilər. Azərbaycan xalqı fiziki cəhətdən məhv edilmək təhlükəsi qarşısında idi. Neft Bakısını ələ
keçirməyə çalışan xarici qüvvələr arasında rəqabət son həddinə çatmış, bütün Cənubi Qafqaz üçün yeni
təhlükə - bolşevik Rusiyasının təcavüzü yaxınlaşmışdı. Azərbaycan xalqı öz tarixinin ağır yolayrıcında
qalmışdı: ya milli qurtuluş, ya da ki, məhv edilərək Cənubi Qafqazın etnik-siyasi xəritəsindən tamamilə
silinib götürülmək. Azərbaycanı müstəqil dövlət elan etmiş Cümhuriyyət xadimləri məhz belə bir tarixi
şəraitdə çaşqın vəziyyətə düşmüş və çıxış yolu tapa bilməyən xalqın önünə keçdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət dövrünü üç mərhələyə bölmək olar: Tiflis dövrü
(1918 28 may -16 iyun); Gəncə dövrü (1918 16 iyun - 16 sentyabr); Bakı dövrü (1918-ci il 17 sentyabr -
1920-ci il 28 aprel). Bu müddət ərzində dövlət quruculuğunun bütün sahələrində çox mühüm tədbirlər
həyata keçirildi. AXC-nin mövcudluğu dövründə beş hökumət kabineti fəaliyyət göstərmişdir. Bunların
üçünə F. X. Xoyski, ikisinə isə N. Yusifbəyli başçılıq etmişdir. Azərbaycanın üç rəngli, ay-ulduzlu dövlət
bayrağı qəbul edildi. Azərbaycan-türk dili dövlət dili elan olundu. Məktəblər milliləşdirildi. Bakı Dövlət
Universiteti fəaliyyətə başladı. İlk milli muzey - "İstiqlal" muzeyi təşkil olundu. Azərbaycan vətəndaşlığı
haqqında qanun qəbul edildi. Yelizavetpol və Qaryaginin tarixi adları bərpa olunaraq yenidən Gəncə və
Cəbrayıl adlandırıldı. Azərbaycan Milli ordusu və hərbi dəniz donanması təşkil olundu. Ölkəmizin ərazi
bütövlüyü qorunub saxlandı.
Dövlət quruculuğu sahəsində həyata keçirilmiş tədbirlərdən ən əhəmiyyətlisi Azərbaycan
parlamentinin fəaliyyətə başlaması oldu. 1918-ci il dekabrın 7-də saat 13-də H. Z. Tağıyevin qızlar
məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan
parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri
əsasında formalaşdırılmış ilk parlament idi. Bitərəf hüquqşünas Ə. Topçubaşov parlamentin sədri,
H. Ağayev isə onun müavini seçildi. Bu parlamentin demokratikliyi onda idi ki, Azərbaycanda yaşayan
bütün millətlərin və xalqların nümayəndələri, hətta xəyanətkar əməllərinə baxmayaraq ermənilərin
nümayəndələri belə orada təmsil olunmuşdular. Mövcud olduğu dövrdə parlament özünün 145 iclasını
keçirmişdir. Bütün iclaslarda parlament "İstiqlal Bəyannaməsi"nin müəyyən etdiyi prinsiplərə sadiq
qalaraq çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Bu qanunlar konkret tarixi şəraiti nəzərə alaraq
ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və
azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyırdı.
Bunlar nəticə etibarilə hakimiyyətin üç qolunun - qanunvericilik, icra və məhkəmə orqanlarının for-
14
malaşdırılmasına yönəlmişdi. AXC özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət
quruculuğu tədbirlərinə, qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik
respublikalarından geridə qalmırdı.
Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi nəticəsində AXC
süqut etdi. Çox az yaşamasına baxmayaraq AXC sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya
rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə
qadir deyildir.
XX əsrin 80-ci illərinin sonu - 90-cı illərin əvvəlində Azərbaycanda başlanmış milli-azadlıq
hərəkatı bolşevik rejiminin süqutunu yaxınlaşdırdı. Xalqın təkidli tələbi ilə 1991-ci il fevralın 5-də
Azərbaycan SSR Ali Sovetinin sessiyası dövlətin adını dəyişdirərək "Azərbaycan Respublikası"
adlandırdı. AXC-nin üçrəngli, ay-ulduzlu bayrağı bu respublikanın da dövlət bayrağı kimi təsdiq olundu.
Həmin ilin mayın 21-də verilmiş xüsusi fərmanla 28 may Respublika Günü elan edildi.
15
15 İYUN
QURTULUŞ GÜNÜ
1993-cü ilin may-iyun aylarında Azərbaycan öz tarixinin ən ağır günlərini yaşayırdı. Birinci
Qarabağ müharibəsində böyük itkilər, hərbi uğursuzluqlar, iqtisadi tənəzzül, dövlət rəhbərliyindəki
çəkişmələr xalqın səbir kasasını daşdırırdı. Azərbaycan hökuməti xalq arasındakı dayaqlarını itirirdi.
İyunun 4-də Surət Hüseynovun rəhbərliyi altında Gəncə şəhərindəki ordu hissələri qiyam qaldırmışdı. O
dövrkü hakimiyyətin səriştəsizliyi və iradəsizliyi ucbatından bu qiyam getdikcə daha geniş miqyasda
yayılaraq vətəndaş müharibəsi xarakteri almışdı.
Daşnakların "Böyük Ermənistan" yaratmaq niyyətləri, Azərbaycanı Qafqazın siyasi xəritəsindən
silmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq
təhlükəsi qarşısında qalmışdı. Gəncədə qardaş qanı tökülmüşdü. Bakı yaxınlığında - Navahı kəndində
vətəndaş müharibəsinin ilk güllələri atılmışdı.
Özünün zəifliyini hiss edən Respublika rəhbərliyi xalqın təkidli tələbi ilə o vaxt Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinə rəhbərlik edən Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu.
Beləliklə, dünya miqyaslı böyük siyasi xadim Azərbaycanda hakimiyyət başına gəldi. Bununla da daxili
və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. 1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azər-
baycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçildi. H. Əliyevin hakimiyyətə qayıdışı ilə
hadisələrin gedişində həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra
vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı.
Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?
Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən
müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə
aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu
qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq
və müstəqillik də yoxdur. Dövləti olmayan xalq ölümə məhkumdur. Dövlətçilik xalqın "ölüm, ya olum"
məsələsidir.
Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidməti kəskin geosiyasi
ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan
varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanması isə
azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir!
Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti
xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. H. Əliyev öz
gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını
sübut etdi ki, "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir".
16
17 İYUN
SƏHİYYƏ İŞÇİLƏRİ GÜNÜ
İnsan üçün çox qiymətli olan, lakin çox vaxt qayğısına qalmadığı ən böyük sərvət sağlamlıqdır.
İnsan sağlamlığını qoruyan qədim peşə sahibləri isə həkimlərdir. Hələ lap qədim zamanlardan insanın
sağlamlıq problemləri elmli adamları çox maraqlandırırdı. Buradan da həkimlik peşəsi meydana gəlmişdi.
Qədim Misir kahinləri həm də tibb elminə bələd idilər. Onlar fironların və əyanların meyitlərini
mumiyalamaq üçün onların bədənini yarır və insan orqanizminin quruluşu ilə tanış olurdular. Arxeoloji
qazıntılar zamanı tapılmış cərrahiyyə alətləri də bunu sübut edir. Qədim şumerlər, hindlilər, çinlilər və
başqa xalqlara da tibbi biliklər məlum idi. Şərq müdriki, böyük türk alimi İbn Sinanın tibb kitabları uzun
illər boyu Avropa alimlərinin stolüstü kitabı olmuşdur.
XX-XXI əsrin hüdudlarında insanın sağlamlığı daha çox diqqət mərkəzindədir. Ümumdünya
Səhiyyə Təşkilatının (ÜST) Nizamnaməsində sağlamlıq insanın ən əsas hüquqlarından hesab edilir.
Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti
yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığı mühafizə ilə bağlı
idi. Bununla əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi
təşkil olundu. İlk səhiyyə naziri Xudadat bəy Rəfibəyli oldu. Yeni təşkil olunmuş nazirliyin qarşısında o
vaxtlar geniş yayılmış vəba, taun, qızılca, vərəm, malyariya kimi keçici xəstəliklərin qarşısını almaq,
xəstəxanalar və feldşer məntəqələri açmaq, ixtisaslı həkimlər və tibb bacıları hazırlamaq kimi vəzifələr
dururdu. Bu məqsədlə Azərbaycan hökumətinin xarici ölkələrə oxumaq üçün göndərdiyi 100 nəfər
istedadlı gənc arasında həkimlik ixtisasına yiyələnənlər də var idi.
İndi Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığı keşiyində
duran minlərlə səhiyyə işçisi vardır. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 4 iyun 2001-ci
il tarixli sərəncamına əsasən 17 iyun Səhiyyə İşçiləri Günü kimi qeyd olunur.
17
26 İYUN
AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ GÜNÜ
Azərbaycan Xalq Cümhuriyyətinin uğurlu addımlarından biri Milli ordunun yaradılması oldu.
Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti, onların orduda xidmətdən "azad"
edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxartmışdı. 1917-1918-ci illərdə erməni
təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuş-
du. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi. 1918-ci il 26 iyun tarixli
fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi
təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant
Əlağa Şıxlinski nazir müavini təyin edildilər.
Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf
qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli
hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan
sərhədlini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycan ordusunun Hüseynxan
Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy
Səlimov kimi istedadlı generalları var idi.
AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin
əksəriyyəti Nargin adasına aparılıb güllələndi.
Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti
dəyişməmişdi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə
çağırılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti
batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi - azərbaycanlılar arasında hərb elminə dərindən
yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək. Bu siya-
sətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il
iyunun 20-də C. Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Dövlət başçımız
azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə
də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu. Bu gün
C. Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi
məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə
yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən
vacib məsələsinə çevrilmişdi. Lakin hələ 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması
barədə qərarın və həmin ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı
qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, o dövrün Respublika rəhbərliyi
bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi.
Ermənistanın gündən-günə genişlənməkdə olan hərbi təcavüzü Milli Ordunun yaradılması işini
sürətləndirməyi tələb edirdi. Lakin ilk vaxtlar yaradılmış hərbi hissələr müxtəlif siyasi qüvvələrin əlində
alətə çevrilmişdi. Ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu. Bu dövrdən etibarən
ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülmüş tədbirlər nəticəsində qısa zaman
kəsiyində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, cəbhədə
təşəbbüs Azərbaycan ordusunun əlinə keçdi.
Bu uğurların müvəqqəti olduğunu güman edən düşmən öz havadarlarının köməyindən və silah
sursatından istifadə edərək 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına
başladı. Lakin Azərbaycan ordu hissələrinin Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətlərindəki
müqaviməti ilə rastlaşan və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən
cəbhədə atəşkəsə razılıq verməli oldu.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf
etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman
imzalamışdır. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının
təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali
Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi
adlandırılmışdır.
Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf,
təkmilləşmə dövrünü yaşayır. Bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməli, ölkəmizin
ərazi bütövlüyünü qorumalıdır.
Tarixi varislik ənənəsinə uyğun olaraq Prezidentin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti
dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.
18
2 İYUL
AZƏRBAYCAN POLİSİ GÜNÜ
Dostları ilə paylaş: |