TariXİ GÜNLƏr altun kitab



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə4/9
tarix24.01.2017
ölçüsü0,71 Mb.
#6292
1   2   3   4   5   6   7   8   9

 

Milyonlarla insan hər gün radio və televizorun köməyi ilə dünyanın müxtəlif yerlərində baş 

vermiş mühüm hadisələrdən xəbər tutur. Səs və görüntülər uzaq məsafələrə xüsusi cihazlar və peyk 

antenaları vasitəsilə ötürülür. 

1895-ci ildə rus fiziki A. S. Popov radioqəbuledici və radioötürücü aparatı icad etmişdir. 

Avropada isə radionun kəşfi çox vaxt italyan alimi Qulyelmo Markoniyə aid edilir. O vaxtdan radio zəruri 

rabitə vasitəsinə çevrilmişdir.  

Televizorun (yunanca "tele" - uzaqlıq, latınca "vizor" - görmə sözlərindəndir) ixtirası isə bir qədər 

sonraya - XX əsrin 20-30-cu illərinə təsadüf edir. 1933-cü ildə amerikalı mühəndis rus mənşəli Vladimir 

Zvorikin televizorun əsas hissələrindən biri olan ötürücü qurğunu ixtira etdi. 30-cu illərin ortalarından 

televiziya verilişlərinin yayımı başlandı.  İlk televiziya verilişi 1936-cı ildə Londonda olmuşdur. 1939-cu 

ildə ABŞ mühəndisləri A. Roze və X. Yoms tərəfindən televiziya ötürücü trubkası (optikon) ixtira edildi. 

Avropada yalnız 50-ci illərdə televiziya geniş yayılmağa başladı.  

Azərbaycanda radionun tarixi XX əsrin 20-ci illərindən başlayır. Bakıda ilk radio qurğusu 1924-cü 

ildə quraşdırılmışdır. 1926-cı ildə isə ilk radiostansiya fəaliyyətə başlamışdır. Məhz həmin il noyabrın 26-

da ilk radio verilişi efirə  çıxmışdır. O dövrdə radio verilişlərinin gündəlik efir vaxtı  cəmi 2 saat təşkil 

edirdi. Sonradan bu vaxt 4 saata, daha sonra 6 saata çatdı. 

Azərbaycanda ilk televiziya verilişi isə 1956-cı il fevralın 14-də efirə çıxmışdır. 

Azərbaycan müstəqillik  əldə etdikdən sonra müstəqil teleradioşirkətlərin sayı da artmışdır. 

Hazırda ölkədə dövlət radio və televiziyası ilə yanaşı  ANS,  Lider,  Speys,  Azad  Azərbaycan, Bürc FM 

kimi özəl televiziya və radio kanalları müxtəlif məzmunlu verilişlər yayırlar. 

2005-ci il avqustun 31-də İctimai Televiziyanın yayıma başlaması Azərbaycan teleməkanını daha 

da genişləndirmişdir. 

Azərbaycanda hər il noyabrın 6-sı Radio və Televiziya İşçilərinin peşə bayramı günü kimi qeyd 

olunur. 


 

28 


12 NOYABR  

 

KONSTİTUSİYA GÜNÜ 



 

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin  Əsas Qanununu - 

Konstitusiyasını  qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli 

konstitusiyasıdır.  

"Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin ali hüquqi qüvvəyə malik 

olan  əsas qanunlar məcəlləsi belə adlanır. Demokratik dövlət olan ABŞ-da nümayəndəli demokratiyanın 

yaranması hökumətin qərar qəbul etmək üçün istinad edə biləcəyi müəyyən qaydaların olmasına zərurət 

yaratdı. Nəticədə dünyada ilk dəfə olaraq dövlət quruculuğunu, hakimiyyət strukturlarını, eləcə  də  qərar 

qəbul etmə qaydalarını müəyyənləşdirən ali qanun - Konstitusiya yaradıldı. 

Müasir dövlətlərin çoxunun konstitusiyası var. Konstitusiyası olmayan dövlətlərdə isə idarəetmə 

adət-ənənələrə, dini qaydalara əsaslanır. Bir qayda olaraq, konstitusiyalar uzun müddətə  qəbul edilir və 

nadir hallarda dəyişdirilir. Belə  dəyişikliklər, adətən, müharibələr, inqilablar və ya ölkənin siyasi 

kursunun kəskin surətdə dəyişilməsi nəticəsində baş verir. Məsələn, Almaniya Federativ Respublikasının, 

İtaliya və Yaponiyanın konstitusiyaları bu ölkələrin II Dünya müharibəsində  məğlubiyyətindən sonra 

yenidən qəbul edilib. ABŞ Konstitusiyası isə,  əksinə, 200 ildən çoxdur ki, fəaliyyət göstərir. Böyük 

Britaniyada isə məsələ başqa cürdür. Burada konstitusiya tipli ali qanun yoxdur. Ölkənin idarə olunması 

çoxəsrlik tarixi olan ənənələrin və ayrı-ayrı qanunların əsasında həyata keçirilir. 

Azərbaycan Xalq Cümhuriyyəti Konstitusiya qəbul etməsə  də, Milli Şurada qəbul edilmiş 

İstiqlaliyyət Bəyannaməsi onu əvəz edirdi. Aprel işğalından sonra Azərbaycanın ictimai və dövlət 

quruluşunda mövcud olmuş qaydalar dəyişdirildi və sovet rejiminin formalaşmasına başlandı. Sovetləşmə 

başa çatdıqdan sonra 1921-ci il mayın 19-da Bakıda keçirilən Azərbaycan SSR-in Birinci Sovetlər 

qurultayı Azərbaycan SSR-in birinci Konstitusiyasını qəbul etdi. Əsasən RSFSR Konstitusiyasının təkrarı 

olan bu Konstitusiya xalqa geniş hüquqlar vəd etsə  də, formal səciyyə daşıyırdı. Çünki Sovetlərin 

fəaliyyətinə bütün mərhələlərdə Moskvadan Rusiya Kommunist Partiyası  tərəfindən istiqamətləndirilən 

Azərbaycan Kommunist Partiyası  rəhbərlik edirdi. Üstəlik ölkədə  fəaliyyət göstərən bütün siyasi 

partiyalar qadağan olunmuş, bununla da Kommunist Partiyasının diktaturası yaranmışdı. Sovetlər bu 

partiyanın itaətkar alətinə çevrilmişdi. 

Beləliklə, bolşeviklərin qanlı  qırğınlarla müşayiət olunan zorakı  tədbirləri nəticəsində  Şimali 

Azərbaycanda guya Konstitusiyaya əsaslanan hakimiyyət orqanları formalaşdırıldı. Sovet sosialist 

demokratiyası  bərqərar oldu. Əslində isə, AXC və onun parlamenti ilə müqayisədə yeni yaradılan 

demokratiya formal və yalançı demokratiya idi. 

1937-ci il martın 14-də IX fövqəladə Azərbaycan Sovetlər qurultayı Azərbaycan SSR-in ikinci 

Konstitusiyasını  təsdiq etdi. Bu Konstitusiya 1936-cı ildə  qəbul edilmiş SSRİ Konstitusiyasının təkrarı 

idi. 


Azərbaycan SSR-in sonuncu Konstitusiyası 1978-ci il aprelin 21-də  qəbul edildi. Bu 

Konstitusiyanın 73-cü maddəsinə görə Azərbaycan SSR-in dövlət dili Azərbaycan dili idi. Bu, o dövr 

üçün çox cəsarətli addım idi, çünki SSRİ-nin milli siyasətinin  şovinist zəmində qurulduğu bir dövrdə 

respublikanın ali qanununa belə bir maddənin daxil edilməsi Sovet milli siyasətinin tələblərinə uyğun de-

yildi. Bu çətin vəzifənin öhdəsindən o zamanlar Azərbaycana rəhbərlik edən Heydər Əliyev gəldi. 

1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında 

Konstitusiya Aktı" qəbul edildi. Bu sənədə görə Azərbaycan Respublikası Azərbaycan Xalq 

Cümhuriyyətinin varisi elan olunurdu. SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin 

Azərbaycana aid hissəsinin imzalandığı andan etibarsız olduğu göstərilirdi. 

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsini hazırlamaq üçün Prezident 

Heydər  Əliyevin sədrliyi ilə 33 nəfərdən ibarət komissiya yaradılmışdı. Yeni Konstitusiya 1995-ci il 

noyabrın 27-də qüvvəyə minmişdir.  

Yeni Konstitusiya ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması  işinə hüquqi 

zəmin yaratdı.  Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və  ərazi bütövlüyünü qorumaq, 

cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların 

aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin 

formalaşmasını təmin etmək və s. kimi nailiyyətlər təsbit olunmuşdu. 

Artıq zaman Əsas Qanunumuzun nə qədər güclü, kamil və həyati sənəd olduğunu təsdiqləmiş və 

o, demokratik sənəd kimi özünü doğrultmuşdur. Bu möhkəm bünövrə üzərində ucalan dövlətçiliyimiz öz 

demokratik mahiyyəti ilə ümumavropa dəyərlərindən faydalanmış, xalqımız öz həqiqətlərini dünyaya 

bəyan etmək imkanı qazanmışdır.  Əsas Qanunumuzda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı 


 

29 


olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş  təsbit olunmuşdur. 

Konstitusiyanın 158 maddəsindən 48-i insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. 

Konstitusiyanın 24-cü maddəsinin 1-ci hissəsində deyilir: "hər kəsin doğulduğu andan 

toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları  və azadlıqları vardır". Azadlıq - digərlərinə  zərər 

yetirməyən hər şeyi etmək imkanıdır. Azadlığın sərhədləri yalnız qanunla müəyyənləşdirilə bilər. Qanun 

insan hüquqlarını istənilən pozuntudan qorumağa yönəldilmişdir.  İnsan hüquqlarının və  əsas 

azadlıqlarının beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq təmin edilməsi Azərbaycan 

Respublikasında dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Bir çox beynəlxalq hüquqi sənədlər 

Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslinin əsası-

nı təşkil etmişdir. 

Milli Konstitusiyamızın qəbul edilməsindən sonrakı dövr ərzində Milli Məclis tərəfindən ölkə 

həyatının bütün sahələrini əhatə edən, dünya standartlarına cavab verən bir sıra qanunlar qəbul edilmişdir. 

Azərbaycan Respublikası bir sıra beynəlxalq konvensiyalara qoşulmuş, Avropa Şurasına üzv qəbul 

olmuşdur. 

Baş vermiş bu dəyişikliklərdən, demokratik dəyərlərin inkişafına yönəldilmiş bir sıra 

islahatlardan irəli gələn hüquqi tənzimləmə öz əksini Konstitusiyada tapmalı idi. Bununla əlaqədar olaraq, 

Azərbaycan Prezidenti Heydər  Əliyevin fərmanına  əsasən 2002-ci il avqustun 24-də Azərbaycan 

Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsinə dair referendum keçirildi. Xalqın iradəsinin 

nəticəsi olaraq Konstitusiyada 24 dəyişiklik və  əlavə edildi. Bunlar insan hüquqları  və azadlıqları, 

Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə, seçki sistemi, hakimiyyət bölgüsü və s. 

bağlı dəyişiklik və əlavələrdir. 


 

30 


17 NOYABR 

 

MİLLİ DİRÇƏLİŞ GÜNÜ 



 

17 noyabr dövlətimiz və xalqımız tərəfindən "Milli Dirçəliş Günü" kimi bayram edilir. 1988-ci il 

noyabrın 17-də xalq Bakı  şəhərində Azadlıq meydanına axışmaqla 70 il Azərbaycanı müstəmləkə 

əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Azərbaycanın keçmiş 

Dağlıq Qarabağ Muxtar Vilayətində başlamış erməni separatizmini və terrorunu dəstəkləyən, ermənilərin 

Azərbaycana qarşı torpaq iddialarına rəvac verən, Azərbaycan xalqının hüquq və mənafelərini qorumayan 

bir rejimə qarşı kütləvi xalq hərəkatı  məhz 17 noyabrda başlandı. Həmin gün Azərbaycan xalqı bir 

yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o, azad olmağa layiq xalqdır. 

XX  əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ-də baş verən ictimai-siyasi proseslər 

nəticəsində Azərbaycanın müstəqillik qazanması üçün geniş imkanlar yaranmışdı. Ermənistanda və 

Dağlıq Qarabağda azəri türklərinə qarşı yönəldilmiş soyqırımı Sovet ordusu tərəfindən dəstəklənirdi. 

Təpədən-dırnağadək silahlanmış erməni quldurları  əliyalın, dinc əhalini müdhiş bir amansızlıqla qətlə 

yetirirdilər. Qaniçən vəhşilər heç kimə: qocalara, körpələrə hətta hamilə qadınlara belə aman vermirdilər. 

Vəzifə kreslosunu qoruyub saxlamaq naminə Moskva qarşısında yaltaqlanan və acizlik göstərən o 

zamankı kommunist rəhbərliyi xalqın və vətənin həqiqi mənafeyi keşiyində dura bilmirdi. 

Bütün bu ədalətsizliklərlə  və  ərazi bütövlüyünə edilən qəsdlərlə razılaşmayan Azərbaycan xalqı 

17 noyabrda ayağa qalxdı. Həmin günlərdə "Meydan hərəkatı" adını almış bu hərəkatla Sovet 

müstəmləkə rejimi şəraitində repressiyalara məruz qalmış milli şüur yenidən oyandı, özünüdərkə doğru 

bir dönüş başlandı. 

Xalq hərəkatı  təkcə Bakıda deyil, Naxçıvan, Gəncə  və  Lənkəranda da kütləvi xarakter aldı. 

Respublikamızın bütün şəhər və rayonlarını bürümüş qüdrətli xalq hərəkatı kommunist rejimini 

Azərbaycandan süpürüb atmaq təhlükəsi yaratmışdı. Xalq hərəkatı bütün əzəməti ilə göz qabağında idi. 

Bundan qorxuya düşən imperiya başçıları noyabrın 24-dən 25-nə keçən gecə Bakıya qoşun yeritdilər. 

Komendant saatı  tətbiq olundu. Lakin xalq geri çəkilmədi. Sovet rejimindən Ermənistanda və Dağlıq 

Qarabağda erməni separatçılığına və terrorizminə son qoymaq, Azərbaycanın  ərazi bütövlüyünü təmin 

etmək, sərvətlərimizin talan edilməsini dayandırmaq kimi tələblərlə başlamış "Meydan hərəkatı" tezliklə 

Azərbaycanın müstəqilliyinə çağıran  şüarlara keçdi. Meydanda Azərbaycan Xalq Cümhuriyyətinin 

üçrəngli, ay-ulduzlu bayraqları dalğalandı. 

Lakin qüvvələr hələ qeyri-bərabər idi. İmperiya daxildən laxlasa da, hərbi iqtidardan düşməmişdi. 

Qüvvələri gələcək azadlıq mübarizəsi üçün qoruyub saxlamaq lazım gəlirdi. Dekabrın 4-dən 5-nə keçən 

gecə Sovet ordusu "Meydan hərəkatı"nı yatırmağa nail oldu. Minlərlə azadlıqsevər insanlar həbs edilərək 

zindanlara salındı. Lakin xalqın mübarizə  əzmini qırmaq mümkün deyildi. Azərbaycanın müstəqilliyinə 

doğru uzanan yol 17 noyabrdan - Azadlıq meydanından başlanırdı. Az sonra tarix öz sözünü dedi. 

Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. 17 noyabr isə xalqın milli-azadlıq hərəkatının başlanğıc 

günü - Milli Dirçəliş Günü kimi qeyd olunmağa başladı. 


 

31 


31 DEKABR 

 

DÜNYA AZƏRBAYCANLILARININ  



HƏMRƏYLİYİ GÜNÜ 

 

XX  əsrin 80-ci illərinin axırlarında dünyada baş verən qlobal dəyişikliklərlə  əlaqədar bir çox 

xalqların, o cümlədən Azərbaycan xalqının özünüdərki, həmrəylik hissi gücləndi.  İctimai həyatın 

demokratikləşməsi istiqamətində genişlənən xalq hərəkatı  zəminində ilk olaraq Naxçıvan Muxtar 

Respublikasında 1989-cu ilin noyabrında  Şimali və  Cənubi Azərbaycan arasında humanitar, mədəni, 

iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə  əsassız çəkilmiş  sərhəd çəpərlərinə qarşı xalqın 

etirazı başlandı. Beləliklə, "Sərhəd hərəkatı" adı ilə başlanan bu siyasi aksiya 1989-cu il dekabrın 31-də 

azərbaycanlıların həmrəylik hərəkatına çevrildi. 

1990-cı il noyabrın 3-5-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan Türk dərnəkləri 

qurultayı isə Naxçıvan Muxtar Respublikasında başlamış hərəkatın davamı kimi milli birlik və həmrəylik 

yolunda atılan mühüm addım oldu. Qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il həmrəylik 

günü kimi qeyd edilməsi zəruriyyəti irəli sürüldü. Bütün bunları  nəzərə alaraq ümummilli liderimiz 

Heydər  Əliyevin başçılıq etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1991-ci il 16 dekabr 

tarixli iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi qərara alındı. 

Naxçıvan MR Ali Məclisinin bu qərarını  əsas tutaraq Azərbaycan Respublikası Ali Sovetinin 

Milli  Şurası 1991-ci il dekabrın 25-də  qərara gəldi ki, hər il dekabrın 31-i dünyada yaşayan 

azərbaycanlıların həmrəylik günü kimi qeyd edilsin. 

Bu qərar dünya azərbaycanlıları arasında həmrəylik hissini daha da gücləndirdi. Hazırda 

YUNESKO-nun məlumatına görə, dünyada 40 milyondan çox azərbaycanlı yaşayır. Onlardan 29 milyonu 

Cənubi Azərbaycanın, 3 milyonu Türkiyənin, 2 milyondan artığı Rusiyanın, 1,5 milyonu ABŞ-ın, 500 

mini Ukraynanın, 300 mini Almaniyanın, 180 mini Fransanın, 175 mini Kanadanın, 350 mini Hindistan 

və Pakistanın, 700 mini İraqın, 430 mini Əfqanıstanın payına düşür. 

XX əsrin əvvəllərindən təşəkkül tapan və fəaliyyətini son dövrlərdə xeyli gücləndirən Azərbaycan 

diasporu yeni bir inkişaf mərhələsindədir. Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində 

formalaşan özəkləri, birlikləri Azərbaycan dövlətinin, Azərbaycan mədəniyyətinin, Azərbaycan 

həqiqətlərinin tanınması  və  təbliği işində radio və televiziyanın, dövri mətbuatın imkanlarından geniş 

istifadə edir. Hazırda dünyanın bir çox ölkələrində Azərbaycan dilində müxtəlif qəzet və jurnallar nəşr 

olunur, xüsusi radio və televiziya verilişləri hazırlanır. Dünyanın 30-dan çox ölkəsində azərbaycanlıların 

100-dən artıq ictimai, milli və mədəni cəmiyyət və təşkilatları fəaliyyət göstərir. 

Müstəqillik qazanıldıqdan sonra əldə olunan nailiyyətlər sayəsində bütün dünya 

azərbaycanlılarının milli hüquqlarının, beynəlxalq haqlarının həyata keçirilməsinə geniş imkanlar 

açılmışdır. Azərbaycan Prezidenti Heydər  Əliyevin sərəncamına müvafiq olaraq 2001-ci il noyabrın 10-da 

Bakı şəhərində Dünya azərbaycanlılarının birinci qurultayı keçirildi. Qurultayda 36 ölkədən gəlmiş 1105 

nümayəndə, 906 qonaq iştirak edirdi. Qurultayda Azərbaycan Respublikası Prezidentinin söylədiyi 

proqram səciyyəli nitqinin aparıcı  xəttini belə bir tezis təşkil edirdi: "Biz azərbaycançılığın dövlət 

rəmzlərini yaşadan müstəqil dövlətimiz  ətrafında daha sıx birləşməli, onun tərəqqisi üçün əlimizdən 

gələni əsirgəməməliyik". 

Qurultay göstərdi ki, qüdrətli Azərbaycana gedən yol bütün azərbaycanlıların milli birliyindən 

keçir. Qurultay dünyanın müxtəlif qütblərinə səpələnmiş soydaşlarımızın bir araya gətirilməsi vəzifəsinin 

həyata keçirilməsi istiqamətində atılmış ilk ciddi və  qəti bir addım idi. Qurultay Azərbaycanın 

Avroatlantika məkanına inteqrasiyasına kömək edəcək diasporumuzun inkişafında həlledici  əhəmiyyətə 

malik qərarlar qəbul etdi. 

Türk dünyasının böyük lideri Heydər  Əliyev minillik tariximizdə dünya azərbaycanlılarını ilk 

dəfə bir araya gətirən böyük dövlət xadimi oldu. Azərbaycan dövləti Dünya azərbaycanlılarının I qurul-

tayının tarixi qərarlarının əməli surətdə həyata keçirilməsi üçün bir sıra işlər gördü. O cümlədən, 2002-ci 

il iyulun 5-də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi yaradıldı. 



 

32 


20 YANVAR 

 

ÜMUMXALQ HÜZN GÜNÜ 



 

1990-cı ilin yanvarında Azərbaycan təlatümlü günlərini yaşayırdı. Separatçı-terrorçu ermənilər 

getdikcə azğınlaşırdılar. Sovet dövləti isə bunlara göz yumur, Azərbaycan torpaqlarının işğalına, 

azərbaycanlılara divan tutulmasına aşkar və gizli yolla himayədarlıq edirdi. 

Azərbaycan xalqı artıq dərk edirdi ki, SSRİ dövləti ona heç bir kömək göstərməyəcək. Nicat yolu 

imperiya boyunduruğunu atmaqda və müstəqillik  əldə etməkdədir.  İmperiya isə azadlıq  əldə etmək 

istəyən xalqa divan tutmağa hazırlaşırdı. Azərbaycanda xalqdan uzaq rəhbərlər Moskvanın göstərişi ilə 

hərəkət etdiklərindən xalqın etimadını tamamilə itirmişdilər. 

Xalq hərəkatını boğmaq, Azərbaycanın müstəqilliyə doğru gedən yolunu bağlamaq üçün imperiya 

başçıları müdhiş bir qırğın planı hazırlamışdılar. M. Qorbaçovun başçılıq etdiyi Sovet rəhbərliyi SSRİ-nin 

dağılmasının qarşısını almaq, azadlığını tələb edən başqa xalqlara da "dərs vermək" üçün SSRİ ərazisində 

azadlıq hərəkatının  ən güclü mərkəzi olan Bakını qan içində boğmaq qərarına gəlmişdi. Odur ki, Bakı 

ətrafına  ən müasir silahlar və texnika ilə  təchiz olunmuş müxtəlif qoşun hissələri gətirilmişdi. 1990-cı il 

yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-də saat 00-dan "Bakı  şəhərində fövqəladə 

vəziyyət tətbiq edilməsi haqqında" fərman verdi. Xalqı  qəflətən yaxalamaq, ona divan tutmaq, qırğın 

törətmək məqsədilə qoşunlardan istifadə etmək niyyəti, aman verilməyəcəyi, fövqəladə  vəziyyətin elan 

olunduğu vaxt gizli saxlanıldı. Fövqəladə  vəziyyət, komendant saatı vaxtının  əvvəlcədən elan edilməsi 

Moskvanın qanlı planlarını poza bilərdi. 

"Bakı  əməliyyatı"na SSRİ Müdafiə Naziri D. Yazov şəxsən rəhbərlik edirdi. Bakı qarnizonunun 

qoşunları, başqa yerlərdən gətirilən hərbi hissələr, hərbi gəmilərdən desant hücuma keçdi. Ağır hərbi 

texnika çox asanlıqla barrikadaları dağıtdı.  Əsgərlər gözyaşardıcı qazdan istifadə edir, eyni zamanda 

adamları avtomat silahdan güclü atəşə tuturdular. Adamların gizlənməsi üçün bir sıra yerlərdə elektrik 

stansiyalarının işçiləri küçə  fənərlərini söndürmüşdülər. Lakin qaçıb müxtəlif sığınacaqlarda gizlənən 

adamlar döyüş texnikasındakı projektorların köməyi ilə tapılır, atəşə tutulurdular. Şəhərin küçələri 

yüzlərlə ölmüş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. 

Hərbçilər təsadüfən yoldan keçənləri, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala 

salırdılar. Adamları  ağır hərbi texnikanın tırtılları altına salır,  əzabla öldürürdülər. Onlar tibb 

müəssisələrini dövrəyə alaraq yaralı mülki şəxslərin buraya gətirilməsinə, habelə tibbi heyətin yaralılara 

köməyə getməsinə mane olurdular. 

Bakıda və Respublikanın digər yaşayış məntəqələrində sovet ordusunun təcavüzü nəticəsində 131 

nəfər, o cümlədən 117 azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar öldürülmüş, 744 nəfər yaralanmış, 400 nəfər 

həbs olunmuş, 4 nəfər itkin düşmüşdü. Şəhər təsərrüfatına və əhalinin mülkiyyətinə külli miqdarda ziyan 

dəymişdi. 

Cəlladlar bizim şəhidlik  şərəfimizdən xəbərdar deyildilər.  Əliyalın, lakin sinəsində Azərbaycan 

sevgisi yaşayan yüzlərlə oğul və qızlarımız - 13 yaşlı İlqardan tutmuş, 73 yaşlı Vəfadar kişiyə kimi neçə-

neçə insanımız şəhid oldu. Həmin gün düşmən gülləsinə tuş olan İlhamla bu ölümü qəbul etməyib özünə 

qəsd edən Fərizənin dastanı dillərə düşdü. 

Xalqın bu ağır günlərində, yanvarın 21-də Heydər  Əliyev Azərbaycanın Moskvadakı daimi 

nümayəndəliyinə  gələrək təşkil olunmuş  yığıncaqda çıxış etdi, xalqla birgə olduğunu bildirdi, 20 yanvar 

faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və 

respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. Bu tarixi 

çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı. Təklənən, əli heç nəyə çatmayan xalqın qəlbində ümid 

çırağı yandı. Xalq doğma oğlunun - Heydər  Əliyev kimi dünya siyasətinin nüfuzlu şəxsiyyətinin onunla 

olduğunu görüb ürəkləndi. 

Fövqəladə  vəziyyət olmasına baxmayaraq, Bakı yanvarın 22-də azadlıq  şəhidləri ilə vidalaşdı. 

Şəhər matəm libası geyinmişdi. Respublikada üç gün matəm elan olunmuşdu. "Azadlıq" meydanında 

böyük matəm mitinqi keçirildi. Bu, azadlıq yolunda müqəddəs  şəhidlərə ehtiramın, habelə Moskvanın 

qanlı  əməllərinə qarşı etirazın ifadəsi idi. Şəhidlər  şəhərin  ən uca yerində  dəfn edildi. İndi həmin yer 

Şəhidlər xiyabanı adlanır. 20 yanvar şəhidlərinin və 31 mart soyqırımı qurbanlarının müqəddəs ruhları 

bir-birinə qovuşdu. Həmin vaxtdan etibarən xalqımız 20 yanvarı Ümumxalq Hüzn Günü kimi böyük 

ehtiramla qeyd edir. 

İmperiya qanlı əməlləri ilə Azərbaycan xalqının azadlıq hərəkatını boğa bilmədi. Bu böyük faciə 

Azərbaycan xalqını daha da sıx birləşdirdi, müstəqilliyə gedən yolu yaxınlaşdırdı. 

 


 

33 


29 YANVAR 

 

GÖMRÜK İŞÇİLƏRİ GÜNÜ 



 

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən az sonra - 1992-ci il yanvarın 29-da müstəqil 

gömrük sisteminin əsası qoyuldu. 

Gömrük dövlət xəzinəsini gəlirlə  təmin edən  ən mühüm dövlət atributlarından biridir. Gömrük 

sistemi həm də ölkəyə qeyri-qanuni yolla müxtəlif malların gətirilməsinin, habelə ölkənin  ən mühüm 

strateji sərvətlərinin aparılmasının qarşısını alır. 

Azərbaycanda gömrük sisteminin təşkili tarixi çox qədimdir. Tarix boyu mövcud olmuş bütün 

Azərbaycan dövlətlərində gömrük xidməti ilə  məşğul olan xüsusi təsisatlar fəaliyyət göstərmişlər. Lakin 

gömrük sisteminin elmi-hüquqi əsaslarla təşkili ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə 

olmuşdur. Azərbaycan  ərazisini qeyri-qanuni ticarətdən və qaçaqmalçılıqdan qorumaq məqsədilə 

hökumətin 1918-ci il 12 iyul tarixli qərarı ilə Qazax qəzasının Salahlı  və  Şıxlı  kəndlərində, Poylu dəmir 

yolu stansiyasında ilk gömrük postları yaradılmışdı. Azərbaycan hökuməti gömrük sisteminin fəaliyyətə 

başlamasını təmin edən sənədi 1918-ci il avqustun 10-da qəbul etmişdi. 

Azərbaycan parlamentinin 1918-ci il 18 avqust tarixli qanununa əsasən, qaçaqmalçılıqla 

mübarizə, ölkənin  ərazisini qeyri-qanuni ticarətdən qorumaq məqsədilə Azərbaycanın sərhədlərində 99 

gömrük postu yaradılmışdı və burada 992 gömrük işçisi keşik çəkirdi. 

Aprel işğalı digər sahələrdə olduğu kimi, gömrük sistemində də işlərin başa çatdırılmasına imkan 

vermədi. SSRİ dövründə Azərbaycanda gömrük sistemi mövcud olmamışdır. Bu iş yalnız ittifaq orqanları 

tərəfindən həyata keçirilirdi. 

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sərəncamı ilə 29 yanvar gömrük işçilərinin 

peşə bayramı günü elan olunmuşdur. 

 


 

34 


10 MART 

 

MİLLİ TEATR GÜNÜ 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin