Münasibətlərin analogiyası – nümunədən subyektə köçürülən informasiya iki obyekt arasında münasibəti xarakterizə edir. Burada münasibəti xarakterizə edən əlamət köçürülən əlamət kimi özünü göstərir.
Münasibətlərin analogiyasının sxemi: Aobyekti B obyektinə oxşayır,
C obyekti D obyektinə oxşayır,
B və D obyektləri arasında R münasibəti vardır,
Güman ki, A və C obyektləri arasında da R münasibəti vardır.
Analogiya vasitəsilə alınan nəticələrin həqiqiliyi ehtimali xarakter daşıyır. Nəticələrin həqiqiliyinin ehtimallığı adətən aşağı olur. Buna görə də elm sahəsində nadir hallarda hökmləri sübut etmək üçün analogiyadan vasitə kimi istifadə edilir. Lakin analogiyanın elmi idrakda böyük evristik əhəmiyyəti vardır. Belə ki, analogiya elmi hipotezin formalaşmasının əsas üsullarından biridir. O, elmi kəşflərdə mühüm rol oynayır. Məsələn, bir çox əlamətlərinə görə Günəşin kimyəvi tərkibi Yer kurəsinin kimyəvi tərkibi ilə oxşardır. Buna görə də alimlər Günəşdə Yer kurəsində məlum olmayan helium aşkar etdikdə, onlar Günəş ilə Yer kurəsi arasındakı oxşarlığa əsaslanaraq heliumun Yer kurəsində də olması haqqında hipotez irəli sürmüşdülər. Bu hipotezin həqiqiliyi müəyyən müddətdən sonra təsdiq edildi.
Bundan başqa analogiya vasitəsilə alınan nəticələrin həqiqilik ehtimallığının artırılması yolları vardır. Onlar aşağıda verilmişdir: 1.Analogiyanın nümunəsi və subyekti üçün ümumi olan əlamətlərin sayı mümkün qədər çox olmalıdır;
2. Analogiyanın əsası kimi istifadə edilən əlamətlər müqayisə olunan obyektlər üçün əhəmiyyətli olmalıdır;
3. Ümumi əlamətlər müqayisə olunan obyektlərin müxtəlif tərəflərini əhatə etməlidir;
4. Köçürülən əlamət analogiyanın əsasını təşkil edən əlamətə aid olmaqla yanaşı onunla bağlı olmalıdır;
5.Obyektlər arasında olan oxşarlıqla yanaşı onlar arasında olan fərqi də nəzərə almaq lazımdır.
9.2.9.Modelləşdirmə
Bir obyektdən başqa obyektə məlumatın köçürülməsi kimi təqdim olunan analogiya metodu modelləşdirmə metodunun qnoseoloji əsasını təşkil edir. Modelləşdirmə - elə bir tədqiqat metodudur ki, onun vasitəsilə obyektin tədqiq olunması sözügedən obyektin kopiyasının yaradılması və öyrənilməsi əsasında həyata keçirilir. Obyekti əvəz edən kopiya (model) tədqiqatçını maraqlandıran məqsədlərlə öyrənilir.
Modelləşdirmə metodunun mahiyyəti tədqiq olunan obyektin əlamətlərinin təhlil olunması məqsədilə yaradılan obyektin analoqunun, modelinin üzərində öyrənilməsindədir.
Model (latın dilindən tərcümədə - modulus- norma, surət) – tədqiq olunan obyektin şərti surətidir. Model – analogiya əsasında real gerçəkliyin cism və hadisələrinin xüsusiyyətlərinin və münasibətlərinin əks olunmasının müəyyən üsuludur. Modelləşdirmə metodu tədqiq olunan obyekti onun bənzəri, analoqu vasitəsilə araşdıraraq obyekt haqqında müəyyən məlumat əldə edir.
Modelləşdirmə metodunun tətbiq olunması əsasən aşağıdakı hallarda baş verir:
1. Mövcud şəraitdə real obyektlərin tədqiq olunması daha çətin, yaxud qeyri-mümkün olduğu halda. (Bir qayda olaraq bu halda model vasitəsilə tədqiq olunan obyekt barədə məlumatı araşdırılan obyektin özünü bilavasitə təhlil etməklə almaq mümkün olmur);
2. İqtisadi baxımdan obyektin özünü bilavasitə öyrənmək sərf etmədikdə.
Məsələn, tədqiqatçı Yer kürəsində həyatın təbii yaranma və inkişaf prosesini müşahidə edə bilməz. Buna görə də bu proses model vasitəsilə öyrənilir.
Modelin üstünlüyü onun düzəldilməsinin asanlığındadır, həmçinin əlamətlərinin, iş rejiminin tez bir zamanda dəyişdirilməsinin, laboratoriya şəraitində lazımi dəyişikliklərin aparılmasının mümkünlüyündədir. Modelləşdirmə metodundan müxtəlif sahələrdə istifadə olunur. Məsələn, ballistik raketlərin uçuş trayektoriyasının hesablanmasında, müəssisələrin iş rejiminin öyrənilməsində, onların səmərəli idarə olunmasında, həmçinin təbiətdə, cəmiyyətdə, insan orqanizmində gedən proseslərin tədqiq olunmasında bu metoddan geniş istifadə edilir.
Bundan başqa modelləşdirmə metodunun böyük proqnostik funksiyası vardır. Bu metoddan cəmiyyətin müxtəlif sahələrinin inkişafının proqnozlaşdırılması məqsədilə istifadə edilir. Cəmiyyət insan fəaliyyətinin elə bir sahəsidir ki, burada atılacaq hər bir addım elmi cəhətdən əsaslandırılmalıdır. Modelləşdirmə metodu vasitəsilə bu sahədə baş verən hadisələrin inkişaf meyllərinin müəyyənləşdirilməsi müvafiq qərarların qəbul edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Modelləşdirmə metodu vasitəsilə alınan nəticələr düzgün qərarların qəbul edilməsində böyük rol oynayır.
Bununla belə qeyd etmək lazımdır ki, modelləşdirmə metodunun zəif tərəfləri və bəzi çatışmazlıqları da vardır. Onlardan ən əsası odur ki, bəzi hallarda araşdırılan obyektin modelinin qurulması mümkün olmur. Məsələn, beynəlxalq münasibətlər sisteminin tam obyektiv modelinin qurulması mümkün deyil. Buna görə də model əsasında əldə olunan biliklər şübhə doğurur.
Tədqiq olunan obyektin modelini yaradarkən çalışmaq lazımdır ki, obyektin əsas əlamətləri, o cümlədən onun fiziki xüsusiyyətləri, funksiyaları, strukturu və s. modeldə öz əksini tapsın. Başqa sözlə desək, çalışmaq lazımdır ki, obyekt ilə model arasında oxşarlıq olsun. Məhz bu oxşarlığın əsasında modelin tədqiqi nəticəsində əldə olunan məlumatı obyektə köçürmək mümkün olur.
Yuxarıda qeyd etdik ki, analogiya metodu modelləşdirmə metodunun qnoseoloji əsasını təşkil edir. Bu, qeyd olunan metodları bir-birinə yaxınlaşdırır və onları oxşar edir. Modelləşdirmə metodunun analogiya metodu ilə oxşarlığı modelləşdirməni analogiyanın bir növü kimi təqdim etməyə əsas verir. Daha konkret desək, analogiya metodu modelləşdirmə zamanı nəticələrin əldə olunmasının məntiqi əsası kimi çıxış edir. Məsələn, tədqiq edilən obyektin modelində abcde əlamətləri aşkarlanır. Obyektin özündə isə abcd əlamətlərinin olması məlumdur. Analogiya metodu vasitəsilə aşağıdakı nəticəni almaq mümkündür:
Tədqiq olunan obyektin abcd əlamətləri vardır
Obyektin modelində abcde əlamətləri aşkar olunmuşdur Obyektin modelində aşkar olunan e əlaməti obyektin özündə də vardır.
Dərketmə prosesində istifadə olunan modellər iki qrupa bölünür: maddi və məntiqi.Maddi modellər tədqiq olunan obyektləri əyani şəkildə təqdim edir. Məntiqi modellər isə müvafiq işarələrdə əks olunur. Onlar formal məntiqin və riyaziyyatın qanunlarına əsasən fəaliyyət göstərir. İşarə modellərinin mühüm cəhəti ondadır ki, onlar ilə gerçəkliyin digər vasitələrlə aşkar edilməsi mümkün olmayan tərəflərini və münasibətlərini simvolların köməyi üzə çıxarır.
Elmin və texnikanın inkişafının müasir dövründə kompüter modelləşdirməsi geniş yayılmışdır. Kompüter modelləşdirməsi müxtəlif sahələrdə uğurla tətbiq olunur. Məsələn, xüsusi proqramla işləyən kompüterlə müxtəlif proseslər öyrənilir, onların inkişaf meylləri proqnozlaşdırılır.
Ümumi metodlar
Ümumi metodlar ictimai elmlərdə istifadə olunan tədqiqat metodlarının tərkib hissəsidir. Ümumməntiqi metodlardan fərqli olaraq ümumi metodlar yalnız ictimai elmlər sahəsində istifadə olunur. Yuxarıda qeyd etdiyimiz kimi, ümumi metodlar ictimai elmlər sahəsində tədqiqatın istiqamətini, tədqiqatçının araşdırılan obyektə yanaşmasını müəyyən edir. Buna görə də ümumi metodları elmi yanaşma da adlandırmaq olar.
Ümumi metodların ümumməntiqi metodlardan digər fərqli cəhəti ondadır ki, onlar ictimai elmlərin yalnız nəzəri səviyyəsində istifadə edilir. Ümumi metodlar ictimai elmlərin tədqiqat obyekti və predmeti haqqında təsəvvür yaradır. Bu metodlar ictimai elmlərin nəzəri səviyyəsinə aid olan məsələlərin (ictimai hadisələrin mahiyyəti, baş verməsinin səbəbləri, onların etik dəyər və normalar baxımından qiymətləndirilməsi və s.) tədqiq olunmasında istifadə edilir.
İctimai elmlər sahəsində ən çox istifadə olunan ümumi metodlar sırasında aşağıdakıları göstərmək olar: sosioloji, kulturoloji, normativ, funksional, biheviorist, struktur-funksional, sistem, antropoloji, psixoloji və tarixi metodlar.
Bu metodları nəzərdən keçirək.
Sosioloji metod vasitəsilə tədqiq olunan obyektin iqtisadi (istehsal) münasibətlərdən, cəmiyyətin sosial strukturundan, bu və ya digər ölkədə hakim olan ideologiyadan, mədəni dəyərlərdən və digər sosial amillərdən asılılığı müəyyən edilir. Sosioloji metod obyektin mahiyyətini, hərəkətverici qüvvələrini bu və ya digər cəmiyyətin daxili inkişafı ilə əlaqələndirir. Məsələn, multikulturalizm sosioloji metod vasitəsilə tədqiq olunduqda, o, bir sosial hadisə kimi təqdim olunur, multikulturalizmin digər ictimai hadisələrdən, ilk növbədə mövcud iqtisadi münasibətlərdən, dövlətin daxili və xarici siyasətindən, cəmiyyətin sosial struk-turundan, hakim ideologiyadan, titul xalqın etnik-mədəni dəyərlərindən asılılığı müəyyən edilir. Başqa sözlə desək, sosioloji metod multikulturalizmin mahiyyətini, hərəkətverici qüvvələrini bu və ya digər cəmiyyətin inkişafı ilə əlaqələndirir. Sosioloji metod vasitəsilə biz Azərbaycan multikulturalizmini ilk növbədə bir sosial hadisə kimi dərk edirik. Onu ölkəmizin siyasi, sosial-iqtisadi, mədəni inkişafı ilə əlaqələndiririk. Məhz sosioloji metod vasitəsilə Azərbaycanın sosial-iqtisadi inkişafının burada uğurlu multikulturalizm siyasətinin aparılmasına mühüm zəmin yaratmasını dərk etmək mümkündür.
Lakin sosioloji metodu tətbiq edən nəzəriyyələr onu müxtəlif şəkildə təqdim edir. Məsələn, marksist nəzəriyyədə sosioloji metod ifrat şəkildə təqdim olunmuşdur. Burada o, iqtisadi determinizm formasında çıxış edir və bioloji, psixoloji amillərin roluna əhəmiyyət vermir.
10.2. Kulturoloji metod
Kulturoloji metod öz mahiyyətinə görə sosioloji metoda yaxındır, çünki bu metod da sosial mühitin, sosial amilin əhəmiyyətini əsas götürərək tədqiq olunan obyektə bir sosial hadisə kimi yanaşır. Lakin sosioloji metoddan fərqli olaraq kulturoloji metod, adından göründüyü kimi, obyektin tədqiq olunmasında müasir dövrdə mədəniyyətin, sivilizasiyanın ictimai inkişafda aparıcı rol oynaması ideyasına əsaslanır. Bu səbəbdən sözügedən metoda bəzən sivilizasiyalı yanaşma da deyirlər.
Mədəniyyətin, sivilizasiyanın ictimai inkişafda aparıcı rol oynaması ideyası müasir ictimai inkişafın, xüsusilə də onun səbəb və istiqamətinin, o cümlədən xalqların ölkə daxilində və beynəlxalq münasibətlər miqyasında davranışının tədqiq olunmasının ən mühüm metodoloji prinsiplərindən biridir. Bu ideyaya əsaslanan kulturoloji metod sosial hadisələrin tədqiq olunmasında tarixin subyektlərinin fəaliyyətini mədəni dəyərlərin xüsusiyyələri ilə əlaqələndirir. Məsələn, müasir dövrdə mədəniyyətin ictimai inkişafda aparıcı rol oynaması şəraitində Azərbaycanda millətlərarası münasibətlər sahəsində müşahidə olunan müsbət proseslərə kulturoloji metod vasitəsilə aydınlıq gətirmək mümkündür. Azərbaycanda yaşayan bütün xalqların etnik-mədəni dəyərlərinin qorunması istiqamətində Azərbaycan hökumətinin atdığı uğurlu addımlar onun dünyanın ən tolerant ölkələrindən biri olmasının əsas səbəblərindəndir.
Kulturoloji metoda əsasən, müasir dövrdə mədəniyyətin dəyərləri (din, dil, adət- ənənə və s.) dövlətlərarası münasibətlərə mühüm təsir göstərir. Lakin bəzi tədqiqatçılar mədəniyyətin müəyyən dəyərlərinin ictimai inkişafda rolunu şişirdərək yanlış nəticələrə gəlirlər. Məsələn, tanınmış Amerika politoloqu Samuel Hantinqton ictimai inkişafda din amilinin rolunu mütləqləşdirərək “sivilizasiyaların toqquşması” kimi yanlış bir konsepsiya irəli sürmüşdür.
10.3. Normativ metod
Ənənəvi olaraq qədim zamanlardan siyasi fikir normativ və ya normativ- dəyər metoduna əsaslanırdı. Adından göründüyü kimi, bu metod cəmiyyətdə baş verən bu və ya digər hadisənin dövlət, fərd üçün əhəmiyyətinin müəyyən edilməsini, onun ədalət, azadlıq, insan ləyaqətinə hörmət və digər dəyərlər baxımından qiymətləndirilməsini nəzərdə tutur. Bu metoda əsasən, siyasətçi, dövlət xadimi qərar qəbul edən zaman öz fəaliyyətində etik dəyərlərə əsaslanmalı, əxlaqa uyğun davranmalıdır. Normativ metod əsasını etik normalar təşkil edən müəyyən idealın irəli sürülməsini və onun həyata keçirilməsini nəzərdə tutur. O, etik dəyər və normaların əsas götürülməsini və beynəlxalq sahədə onlara uyğun şəkildə fəaliyyət göstərilməsini vacib sayır. Lakin bəzi hallarda etik dəyər və normalar real həyatın tələblərinə uyğun gəlmir, ondan uzaq olur. Etik dəyər və normaların insanların dünyagörüşündən, sosial mövqelərindən və fərdi xüsusiyyətlərindən asılılığı normativ metodun zəifliyini göstərir. Bir çox hallarda real siyasət və etik normalar bir-birinə uyğun gəlmir. Bütün bunlar ictimai elmlərin bir ümumi metodu kimi normativ metodun çatışmazlığını göstərir. Lakin bu çatışmazlığa baxmayaraq normativ metodun ictimai elmlər üçün böyük əhəmiyyəti vardır. O, cəmiyyətdə baş verən hadisələrə etik insani ölçü verir, onun məzmununu mənəvi dəyərlərlə zənginləşdirir.
10.4. Funksional metod
Normativ metoddan fərqli olaraq funksional metod cəmiyyətdə baş verən hadisələrə etik prizmadan yanaşmır. Bu metod bütövlükdə məntiqə və faktlara əsaslanır. Funksional metod tədqiq olunan hadisələr arasında asılılıqların öyrənilməsini tələb edir. Məsələn, bu metod vasitəsilə ölkənin sosial-iqtisadi sahədə əldə etdiyi yüksək nailiyyətlərin multikulturalizm siyasətinin uğurla həyata keçirilməsinə müsbət təsir etdiyini, o cümlədən uğurlu multikulturalizm siyasətinin ölkənin sosial-iqtisadi inkişafına təkan verən bir amil olduğunu göstərmək olar.
Funksional metodu siyasət elmində ilk dəfə tətbiq edənlərdən biri Makiavelli olmuşdur. Makiavelli “Hökmdar” adlı əsərində real həyatın öyrənilməsində dini ehkam və etik normalardan əl çəkməyin vacibliyini göstərmişdir. Bundan başqa o, gerçəkliyin müşahidə olunan şəkildə tədqiq olunmasının zəruriliyini qeyd edirdi.
10.5. Biheviorist metod
Biheviorist metod öz mahiyyətinə görə funksional metoda yaxındır. O, mahiyyət etibarilə pozitivizmin metodlarındandır. Biheviorist metod təbiət elmlərinin və konkret sosioloji tədqiqatların metodlarından geniş şəkildə istifadə edir. O, biliklərin aydın, dəqiq, birmənalı olmasını və onların təcrübə yolu ilə yoxlanılması tələbini irəli sürür. Biheviorizm elmin birliyi ideyasına əsaslanır. Bu metoda əsasən, gerçəkliyin dərk olunması mücərrəd təfəkkürə yox, real faktların müəyyən edilməsinə və təhlilinə söykənir. Bu faktları əks etdirən elmi müddəalar və əldə olunan nəticələr intersubyektiv olmalıdır, yəni digər tədqiqatçılar da yoxlanış məqsədilə eyni elmi nəticələri asanlıqla əldə edə bilərlər. Biheviorizmin bu mühüm cəhəti onun verifikasiya (təcrübə yolu ilə yoxlama) prinsipində öz əksini tapmışdır. Biheviorist metod sosiologiya, politologiya, sosial psixologiya və digər ictimai elmlərin bir sıra müddəalarının öyrənilməsində mühüm rol oynayır. Onun yuxarıda qeyd etdiyimiz cəhətləri bu elmlərin müddəalarının öyrənilməsində özünü açıq şəkildə büruzə verir. Məsələn, ölkənin millətlərarası münasibətlər sahəsində baş verən proseslərinin biheviorist metod vasitəsilə öyrənilməsi onların aydın şəkildə, konkret faktlar əsasında izah olunmasını tələb edir. Bundan başqa qeyd olunan prosesləri səciyyələndirən faktları təcrübə yolu ilə yoxlamaq mümkün olmalıdır.
Funksional metoda yaxın olan digər bir metod struktur-funksional metoddur. Struktur-funksional metod da öz mahiyyəti etibarilə pozitivizmin metodlarındandır. Bu metod mürəkkəb struktura malik olan cəmiyyəti, dövləti, dövlətlər birliyini sistem şəklində tədqiq edir. Bu sistemin hər bir elementi xüsusi funksiyalar yerinə yetirir və bununla da sistemin müəyyən tələbatlarını ödəyir. Sistemin elementlərinin fəaliyyəti onun struktur təşkilatı ilə, institutların, insanların sistemdə tutduqları mövqelərlə və yerinə yetirdikləri rollarla əvvəlcədən proqramlaşdırılmışdır. Başqa sözlə desək, sistemin elementləri təşkilatın strukturu tərəfindən əvvəlcədən verilmiş müəyyən proqrama uyğun fəaliyyət göstərir. Təşkilatın əsas vəzifəsi sistemin tarazlığını saxlamaq, təşkilatın elementləri tərəfindən müvafiq funksiyaların (rolların) yerinə yetirilməsini təmin etməkdir. Karl Marks və Talkot Parsons öz tədqiqatlarında struktur-funksional metodu geniş tətbiq edirdilər. Qeyd etmək vacibdir ki, bu metod sistem təhlilinin (metod) prinsiplərindən biridir.
10.7. Sistem metodu
Sistem metodunun mahiyyəti cəmiyyətə bütöv, mürəkkəb şəkildə təşkil olunmuş bir orqanizm və özünü tənzimləyən bir mexanizm kimi yanaşmaqdan ibarətdir. Siyasətə münasibətdə sistem metodunu ilk dəfə əsaslı şəkildə XX əsrin 50-60-cı illərində tanınmış Amerika tədqiqatçıları Talkot Parsons və Devid İston irəli sürmüşlər. İstona görə, siyasi sistem özünü qorumağa can atır və iki mühüm funksiyanı yerinə yetirir:
1. Dəyərlərin və resursların paylaşdırılması;
2. Paylaşdırıcı qərarların vətəndaşlar tərəfindən zəruri şəkildə qəbul olunmasının təmin edilməsi.
Məsələn, sistem metoduna əsasən, multikulturalizm bir sosial hadisə kimi mürəkkəb sistem olan cəmiyyətin tərkib hissəsidir. O, cəmiyyətin digər elementləri ilə müəyyən münasibətdədir. Mürəkkəb sistemin elementi olan multikulturalizmin dərk edilməsi onun sistemin digər elementləri (iqtisadiyyat, mədəniyyət, xarici siyasət və s.) ilə əlaqəsinin nəzərə alınmasını tələb edir.
10.8. Antropoloji metod
Əgər sosioloji metod cəmiyyətdə baş verən hadisələri onun inkişafı ilə əlaqələndirirsə, antropoloji metod bu hadisələri insanın təbiəti ilə, onun nail olmaq istədiyi bərabərlik, ədalət, təhlükəsizlik və bu kimi digər tələbatlarla bağlayır. Cəmiyyətdə baş verən hadisələri insan tələbatları ilə əlaqələndirən antropoloji metod bu hadisələrin mahiyyətinin dərk olunmasına müəyyən dərəcədə kömək edir.
Antropoloji metodu ilk dəfə tətbiq edənlərdən biri Aristotel olmuşdur. Aristotel siyasətin əsasını insanın kollektiv mahiyyətində görürdü. Müasir dövrdə antropoloji metod aşağıdakı mühüm prinsiplərə əsaslanır:
1. Əzəldən azad olan insanın bir bioloji, sosial və mənəvi varlıq kimi fundamental soy əlamətlərinin dəyişməzliyi, sabitliyi;
2. İnsanın universallığı, insan nəslinin birliyi;
3. İnsanların təbii, əsas hüquqlarının ayrılmazlığı, bu hüquqların siyasi quruluşun prinsiplərinə, dövlətin qanununa və fəaliyyətinə münasibətdə üstünlüyü.
Antropoloji metod sosial mühitin və ya rasional səbəblərin real siyasi hadisələrə təsirinin öyrənilməsi ilə bərabər, insanın təbiətindən irəli gələn və özünü daha aydın şəkildə ibtidai icma cəmiyyətində göstərən siyasi fəaliyyətin irrasional, instinktiv, bioloji və başqa səbəblərini də araşdırmağı tələb edir.
10.9. Psixoloji metod
Antropoloji metod kimi bu metod da tədqiqatlarda insanı əsas götürür. Lakin artropoloji metoddan fərqli olaraq psixoloji metod insanı ümumilikdə yox, konkret fərd kimi götürür. Bu isə tədqiqat zamanı insanın ümumi təbiətinin, sosial mühitin və şəxsin fərdi inkişafının xüsusiyyətlərinin nəzərə alınmasını tələb edir.
Psixoloji metod siyasi fəaliyyətin subyektiv mexanizmlərinin öyrənilməsinə yönəlmişdir. Bu metodu ilk dəfə tətbiq edənlərdən biri qədim Çin filosofu Konfusi olmuşdur. O, Çin hökmdarlarına vətəndaşlarının etimadını və itaətliyini təmin etmək üçün onların psixoloji reaksiyalarına fikir verməyi tövsiyə edirdi. Makiavelli də hökmdarlıq psixologiyasının inkişafına dair öz tövsiyəsini vermişdir. Müasir psixoloji yanaşma çoxvariantlıdır. Burada mühüm yerlərdən birini əsası məşhur psixoloq Ziqmund Freyd tərəfindən qoyulmuş psixoanaliz tutur. Psixoanaliz psixoloji tədqiqatların mərkəzinə şüursuz psixi prosesləri və səbəbləri qoyur. Psixoanalizə əsasən, insanın həyatında baş verən affektiv (həyəcan xarakterli) təəssüratlar onun psixikasında qalır. Bu təəssüratlar psixikanın şüursuz sferasına keçərək insanın fəaliyyətinə, o cümlədən siyasi fəaliyyətinə aktiv təsir göstərir. Psixoanaliz vasitəsilə siyasi fəaliyyətin müxtəlif növlərini izah etmək mümkündür. Məsələn, şəxsi keyfiyyətsizlik, çatışmazlıq, daxili gərginlik hisslərini ram etmək məqsədilə hakimiyyətə yiyələnmək istəyən şəxsiyyətin avtoritar tipini psixoanalizin köməkliyi ilə rasional cəhətdən izah etmək olar.
Psixoloji yanaşma siyasi həyatın ən mühüm aspektlərindən birini izah etməyə imkan verir. Onun digər bir növü sosial-psixoloji metoddur. Sosial-psixoloji metod fərdlərin siyasi davranışını, onların sosial qruplara daxil olmalarından asılılığını müəyyən edir. Bundan başqa o, sosial qrupların (kiçik qruplar, kütlə, etnoslar, siniflər) müxtəlif psixoloji xüsusiyyətlərini öyrənir.
Tarixi metod ictimai elmlərdə geniş şəkildə tətbiq edilir. Bu metod tədqiq olunan obyektlərin zaman etibarilə ardıcıllıqla öyrənilməsini tələb edir. O, keçmişin, indiki zamanın və gələcəyin əlaqəsinin müəyyən edilməsini nəzərdə tutur. İctimai elmlərdə tarixi metodun tətbiq edilməsi cəmiyyətdə baş verən hadisələrin meydana gəlməsinin, formalaşmasının və inkişafının təhlilini bir məqsəd olaraq qarşıda qoyur.
Yuxarıda təqdim etdiyimiz ümumi metodların hər birinin dərketmə prosesində müəyyən əhəmiyyəti vardır. Aparılan elmi tədqiqatların məqsəd və vəzifələrindən, məzmunundan asılı olaraq bu metodlardan birinin və ya bir neçəsinin istifadə edilməsinə üstünlük verilir.
Xüsusi metodlar
Ümumi metodlardan fərqli olaraq xüsusi metodlar bütün ictimai elmlərdə deyil, onların bəzilərində istifadə edilir. Bundan başqa xüsusi metodlar daha çox empirik səviyyədə aparılan araşdırmalar zamanı tətbiq olunur. İctimai elmlərdə istifadə edilən xüsusi metodlara aşağıdakılar aiddir: sorğu metodu, sənədlərin öyrənilməsi metodu, kontent – analiz (məzmunun təhlili) metodu, ivent – analiz (hadisənin təhlili) metodu, koqnitiv (idraki) xəritələşmə metodu, delfi metodu, ssenarilərin qurulması metodu.
11.1.Sorğu metodu
Sorğu – elə bir tədqiqat metodudur ki, onun vasitəsilə obyekt haqqında müəyyən vaxt ərzində məlumat almaq üçün subyektə suallar verilir. Sual verilən şəxs respondent adlanır. Suallar respondentlərə ya poçtla göndərilə bilər, ya müsahibə aparan tərəfindən şəxsən təqdim olunan bilər, ya da müəyyən yerdə, müəyyən vaxt ərzində cavablandırıb qaytarmaq üçün verilə bilər. Adətən sorğu əhalinin müəyyən qrup kateqoriyasına daxil olanların hamısını yox, bu qrupun bir hissəsini əhatə edir. Bu, ilk növbədə hamının sorğuya cəlb edilməsinin qeyri-mümkünlüyü ilə izah olunur. Başqa sözlə desək, sorğu seçimli (sample survey) olur.
Əhalinin müəyyən qrup kateqoriyasına daxil olanların hər birinin sorğuya cəlb edilməsi adətən siyahıyaalınma zamanı baş verir. Müəyyən məsələyə dair əhalinin fikrini öyrənməyə yönələn sorğulara (məsələn, ictimai yerlərdə siqaretin çəkilməsi) ictimai rəy sorğusu deyilir.
Sorğu zamanı respondentə əvvəlcədən hazırlanmış xüsusi suallar verilir. Sorğunun əsas xüsusiyyətlərindən biri onun kütləviliyidir. Tədqiqatda sorğu vasitəsilə tədqiqatçı tək bir respondentdən deyil, müəyyən bir qrupu təşkil edən respondentlərdən cavab alır.
Yuxarıda sorğunun tərifini verərkən onun “müəyyən vaxt ərzində” keçirilməsini dedikdə, biz heç də sorğunun konkret vaxtda keçirilməsini nəzərdə tutmuruq. Söhbət faktların mümkün dərəcədə qısa müddət ərzində (məsələn, bir həftə, bir ay və ya bir il ərzində) toplanmasından gedir. Lakin bəzi sorğular “müəyyən vaxt ərzində” deyil, uzun müddət ərzində, vaxtaşırı keçirilir. Belə sorğulara uzunmüddətli tədqiqatlar (longitudinal studies) deyilir. Bu sorğular müəyyən vaxt ərzində keçirilmədiyinə görə istisna təşkil edir.
Uzunmüddətli tədqiqatların iki növü vardır: panel tədqiqatları və trend tədqiqatları.
Panel tədqiqatlarda sorğu uzun müddət ərzində, vaxtaşırı eyni respondentlərlə keçirilir. Burada vaxtaşırı eyni respondentlər sorğuya cəlb olunurlar. Onlara müəyyən vaxt keçdikdə eyni suallar verilir. Trend tədqiqatlarda isə sorğuya başqa respondentlər cəlb olunurlar. Yəni sorğu uzun müddət ərzində, vaxtaşırı, eyni sualların verilməsi ilə müxtəlif respondentlərlə aparılır.
Bu iki sorğudan hansının daha səmərəli olması tədqiqatçının qarşısında duran məsələnin məzmunundan asılıdır. Panel tədqiqatların keçirilməsində qarşıya çıxan ən çətin problem əvvəlki sorğularda iştirak edən respondentlərdən bəzilərinin qocalıb ölmələri yaxud başqa yerə köçmələri səbəbindən sonrakı sorğularda iştirak edə bilməmələridir. Trend tədqiqatlarında bu problem aradan götürülür. Lakin trend tədqiqatlarında eyni respondentlərin müəyyən məsələ ilə bağlı fikirlərinin dəyişilməsini görməyin mümkün olmamasıdır.
Beləliklə, sorğunun kütləviliyi və müəyyən vaxt ərzində keçirilməsi onun əsas xüsusiyyətlərindəndir. Sorğu metodunun digər tədqiqat metodları ilə müqayisədə daha iki mühüm xüsusiyyəti vardır. Birincisi, sorğu zamanı bütün respondentlərə eyni suallar verilir. Bu, araşdırılan məsələnin dərk olunmasına xidmət edir. İkincisi, respondentlərin cavabları sistemli şəkildə qruplaşdırılır. Bu isə cavabların müqayisəsini asanlaşdırır.