Sorğunun növləri Sorğu iki əsas formada keçirilir: anket sorğusu və müsahibə.
11.1.1. Anket sorğusu metodu
Anket sorğusu metodu vasitəsilə respondentlərdən məlumat xüsusi hazırlanmış sualların siyahısı vasitəsilə əldə olunur. Respondentlər cavablarını yazılı şəkildə verirlər. Bu metoddan sosiologiya və psixologiya elmlərində geniş istifadə edilir. Məsələn, sosiologiyada cəmiyyətin müəyyən sahəsinin idarə olunmasının təkmilləşdirilməsinə dair müəyyən qərarların qəbul edilməsindən öncə anket sorğusu metodu vasitəsilə ictimai rəy öyrənilir.
Anket sorğusu metodunun mühüm üstünlüklərindən biri qısa müddət ərzində daha çox respondentdən məlumat toplamaqdır. Bundan başqa bu metod anonim şəkildə aparılır (respondentin şəxsiyyəti göstərilmir, yalnız onun cavabları bildirilir). Buna görə də respondentlər suallara cavab verərkən özlərini təhlükəsiz hiss edirlər.
Anket sorğusu metodununun növləri Anket sorğusu metodunu respondentlərin sayına, əhatəliyə və respondentlə kontaktın növünə görə bölmək olar.
1.Respondentlərin sayına görə anket sorğusu metodunun aşağıdakı növləri vardır:
-fərdi anket sorğusu. Fərdi anket sorğusunda bir respondent sorğuya cəlb olunur;
-qrup anket sorğusu. Qrup anket sorğusunda iki və daha çox respondent sorğuya cəlb olunur;
-auditoriya anket sorğusu. Auditoriya anket sorğusunda seçim sorğusunun qaydalarına əsasən seçilmiş bir qrup respondent müəyyən bir otaqda sorğuya cəlb olunur;
-kütləvi anket sorğusu. Kütləvi anket sorğusunda yüzlərlə, hətta minlərlə respondent sorğuya cəlb olunur. Sorğunun kütləviliyi onun nəticələrinin qeyri- dəqiq olmasına gətirib çıxarır.
2. Respondentləri əhatə etmək baxımından anket sorğusu metodunun aşağıdakı növləri vardır:
-başdan-başa anket sorğusu. Başdan-başa anket sorğusunda bütün respondentlər sorğuya cəlb olunurlar;
-seçimli anket sorğusu. Seçimli anket sorğusunda respondentlərin bəziləri sorğuya cəlb olunurlar.
Respondentlə kontaktın növünə görə anket sorğusu metodunun növləri aşağıdakılardır:
- əyani anket sorğusu. Əyani anket sorğusunda respondent sualları anketi ona verənin yanında cavablandırır;
- qiyabi anket sorğusu. Qiyabi anket sorğusunda respondent sualları təklikdə cavabladırır.
Qiyabi anket sorğusu öz növbəsində aşağıdakı növlərdən ibarətdir:
a. Anketlərin respondentlərə poçt vasitəsilə göndərilməsi;
b. Sual anketlərinin mətbuatda dərc olunması;
c. Sual anketlərinin İnternetdə dərc olunması;
d. Sual anketlərinin respondentlərə onların yaşayış yerlərində və ya iş yerlərində təqdim olunması.
Müsahibə metodu Müəyyən plan üzrə aparılan şifahi sorğuya müsahibə deyilir. Tədqiqatçı müsahibədə müəyyən ardıcıllıqda düzülmüş suallarını respondentə verir. Respondent verilən sualları cavablandırır.
Anket sorğusu metoduna nisbətən müsahibə metodunun aşağıdakı üstünlükləri vardır:
1.Çeviklik. Tədqiqatçı müsahibə zamanı respondentdən daha dolğun və səmimi cavab almaq üçün sualları daha konkret şəkildə qoya bilər. Respondent sualı anlamadıqda və ya istədiyi kimi qəbul etdikdə, tədqiqatçı sualı təkrar edə bilər. Bundan başqa, müsahibə zamanı yaranmış situasiyadan asılı olaraq tədqiqatçı hansı sualın respondentə verilməsinin daha münasib olduğunu qeyd edə bilər;
2.Suallara cavab dərəcəsi. Anket metodu ilə müqayisə edilsə, müsahibədə suallara cavab dərəcəsi yüksək olur. Bunun bir neçə səbəbi vardır. Məsələn, bəzi respondentlər oxumağı və yazmağı bacarmırlar. Buna görə də onlar anket metodu sorğusunda iştirak edə bilmirlər. Elə respondentlər də olur ki, onlar sualları yazılı şəkildə cavablandırmaqdansa onlara şifahi şəkildə münasibət bildirməyə üstünlük verirlər. Müsahibə zamanı isə bu kateqoriyalardan olan respondentlər onlara verilən sualları cavablandırırlar;
3. Müsahibə zamanı respondentin özünü aparmasına tədqiqatçının nəzarət etməsi. Müsahibə zamanı respondentin cavab verərkən özünü aparmasını tədqiqatçı müşahidə edir. Bu, respondentin cavablarının dərk olunmasını asanlaşdırır. Daha konkret desək, tədqiqatçı respondentin cavablarının səmimi olub- olmadığını anlayır;
4.Müsahibə keçirilən məkana nəzarət. Qiyabi anket sorğusunda respondentlərə verilən sualların başqa şəxs tərəfindən cavablandırılması mümkündür. Müsahibədə isə bu, istisna olunur;
5. Sualların ardıcıllığı. Müsahibə zamanı tədqiqatçı respondentlərə verilən sualların ardıcıllığına nəzarət edə bilir. O, respondentə bəzi sualları cavablandırmağa və yaxud sualların ardıcıllığını pozmağa imkan vermir;
6. Müsahibənin tamamlanması. Tədqiqatçı sualların hər birinin cavablandırılmasını təmin edə bilir. Başqa sözlə desək, cavablandırılmayan sual qalmır;
7. Müsahibənin vaxtı. Tədqiqatçı müsahibənin keçirilməsinin dəqiq vaxtını və yerini göstərə bilər. Əgər müsahibə zamanı respondentin cavabına təsir edə biləcək hansısa bir vacib hadisə baş versə, tədqiqatçı müsahibədən əvvəl və sonra verilən cavabları bir-birilə müqayisə edə bilər.
Müsahibə metodunun qeyd olunan üstünlükləri ilə bərabər bəzi çatışmazlıqları da vardır. Onlar aşağıdakılardır:
1. Müsahibənin baha başa gəlməsi. Anket sorğusu ilə müqayisədə müsahibənin keçirilməsi çox baha başa gəlir. Müsahibənin vaxtını təyin edərkən respondentlərlə əlaqənin yaradılmasına, cədvəlin razılaşdırılmasına, tədqiqatçıya keçirdiyi müsahibəyə, təşkil etdiyi təlimlərə və etdiyi səfərlərə görə xeyli maliyyə xərclərinin ayrılması müsahibəni bahalı edir;
2.Vaxt. Əksər hallarda müsahibənin keçirilməsinə çox vaxt tələb olunur. Belə ki, tədqiqatçının müsahibə ilə bağlı səfərləri, onun respondentlərlə vaxtı razılaşdırması, respondentlərin təyin olunan yerdə olmamaları və bu kimi digər səbəblər müsahibənin keçirilməsi vaxtını uzadır;
3.Cavabları yoxlamaq imkanının olmaması. Anket sorğusundan fərqli olaraq müsahibədə respondentin verdiyi cavabları yoxlamaq imkanı olmur;
4.Anonimliyin az təmin olunması. Anket sorğusundan fərqli olaraq müsahibədə respondentin anonimliyi olduqca az təmin olunur. Adətən, tədqiqatçı respondentin adını, ev ünvanını, iş yerini, telefonunu, e-mail-ini bilir. Respondentin müsahibədə verdiyi cavablar tənqidi xarakterli olduqda, o, tədqiqatçıdan bir qədər çəkinir.