Müsahibə metodunun növləri
Müsahibə metodunu respondentlərin sayına, formallaşma dərəcəsinə və tədqiqat mərhələrinə görə bölmək olar.
1.Respondentlərin sayına görə müsahibə metodunun aşağıdakı növləri vardır:
-fərdi müsahibə. Fərdi müsahibədə bir tədqiqatçı və bir respondent iştirak edir;
-qrup müsahibəsi. Qrup müsahibəsində iki və daha çox respondent iştirak edir;
-kütləvi müsahibə. Kütləvi müsahibədə yüzlərlə, hətta minlərlə respondent iştirak edir.
2. Formallaşma dərəcəsi üzrə müsahibə metodunun aşağıdakı növləri vardır:
-standart müsahibə. Standart müsahibədə suallar əvvəlcədən müəyyən edilir və ardıcıllıqla respondentə verilir;
- qeyri-standart və ya azad müsahibə. Bu müsahibədə tədqiqatçı sualları ardıcıllıqla deyil, müsahibənin gedişatından asılı olaraq respondentə verir. Sözügedən müsahibə öz çevikliyi ilə seçilir.
3.Tədqiqat mərhələrinə görə müsahibə metodu aşağıdakı növlərə bölünür:
-ilkin müsahibə. Adından göründüyü kimi, ilkin müsahibə tədqiqatın ilk mərhələsində istifadə olunur;
-əsas müsahibə. Bu müsahibə əsas məlumatın əldə edilməsi mərhələsində istifadə olunur;
-nəzarətedici müsahibə. Bu müsahibə tədqiqatla bağlı olan mübahisəli nəticələrin yenidən yoxlanılması və çatışmayan faktların əldə olunması məqsədilə keçirilir.
11.2. Sənədlərin öyrənilməsi metodu
Sənədlərin öyrənilməsi metodu, adından göründüyü kimi, mövcud sənədlərdən, mənbələrdən (qəzet, jurnal, statistik məlumat kitabçaları, audio-video materiallar, İnternet materialları, rəsmi sənədlər, qeyri-rəsmi mənbələr, müəyyən hadisələrin iştirakçılarının xatirələri) müəyyən biliyin əldə olunmasına yönəlmişdir. Tədqiqatçı onu maraqlandıran məsələlərə dair bu mənbələrdən məlumat əldə edir. Müşahidədən fərqli olaraq sənədlərin öyrənilməsi zamanı subyekt beynəlxalq aləmdə baş verən hadisələrin aktiv və ya passiv iştirakçısı olmur, yəni o, bu və ya digər hadisəni öyrənmək üçün onun şahidi olmaq məcburiyyətində qalmır. Nəticədə hadisələrin daha dərin təhlil olunması üçün əlverişli şərait yaradılır. Belə ki, subyekt əldə etdiyi məlumatı əsaslı şəkildə təhlil etmək imkanı qazanır.
Ölkələrin müxtəlif göstəricilərini, nailiyyətlərini, fəaliyyət sahələrini əks etdirən məlumat Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı və bu kimi beynəlxalq təşkilatların və bir çox inkişaf etmiş demokratik dövlətlərin tərtib etdikləri veb səhifələrdə geniş təqdim edilmişdir. Məsələn, bu və ya digər dövlətin multikultural durumu haqqında məlumatı müxtəlif mənbələrdən əldə etmək mümkündür. Bu mənbələr sırasına dövlətlərin statistik göstəricilərini, əhalinin siyahıyaalınmasına dair materialları, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Şurası, ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyası və bu kimi bir sıra müxtəlif təşkilatlar tərəfindən hazırlanan materialları daxil etmək olar. Lakin bu və ya digər ölkədəki etnik-dini durum haqqında məlumat toplayarkən, müxtəlif mənbələrə istinad etmək lazımdır. Belə ki, bəzi təşkilatlar hesabatları hazırlayarkən müəyyən ölkələrə qarşı qərəzli münasibət nümayiş etdirərək onlar haqqında səhv məlumat verirlər. Sənədlərin öyrənilməsi metodunun səmərəli tətbiq edilməsini əngəlləyən daha bir amil bəzi dövlətlərin, xüsusilə “qapalı” avtoritar dövlətlərin özləri haqqında məlumatların geniş ictimaiyyətə çatdırılmasına məne olmalarıdır. Belə olan hallarda sənədlərin öyrənilməsi bir metod kimi öz əhəmiyyətini itirir.
11.3. Kontent – analiz (məzmunun təhlili) metodu
Bu metodun mahiyyəti yazılı və ya şifahi mətndə müəyyən söz və ya söz birləşməsini tapmaqla onun məzmununun öyrənilməsindədir. Daha konkret desək, əvvəlcə bir neçə yazılı və ya şifahi mətndə bu və ya digər obyekt üçün mühüm əhəmiyyət kəsb edən söz və ya söz birləşməsi tapılır. Sonra bu söz və ya söz birləşməsinin işlədilməsi baxımından tədqiq olunan mətnlər müqayisə edilir. Bu söz və ya söz birləşməsinin hansı mətndə olması yaxud daha çox olması həmin mətnin müəyyən obyektə aid olmasını göstərir. Məsələn, kontent – analiz metodu vasitəsilə siyasi partiyaların nizamnamələrini təhlil etməklə onların bu və ya digər ideologiyaya mənsub olmalarını müəyyənləşdirmək mümkündür. Yaxud hansısa dövlət başçısının müxtəlif vaxtlarda etdiyi çıxışlarını müəyyən söz və ya söz birləşməsinin işlədilməsi (insan hüquqlarının müdafiəsi, azad ticarət zonası) baxımından müqayisə edərək onun baxışlarında müvafiq dəyişikliklərin baş verməsini göstərmək olar.
Bununla belə qeyd etmək lazımdır ki, kontent – analiz metodu bir tədqiqat metodu kimi bəzi hallarda öz əhəmiyyətini itirir. Məsələn, əgər dövlət xadiminin dedikləri və/və ya yazdıqları ilə əməlləri uyğun gəlmirsə, yəni o, çıxışlarında və/və yaxud yazdıqlarında öz həqiqi mövqeyini, fikirlərini gizlədirsə, bu halda kontent – analiz metodunun tətbiqi səmərəsiz olur.
11.4. İvent – analiz (hadisənin təhlili) metodu
Bu metod “kim”, “nə vaxt”, “kimə” münasibətdə “nə” deyir, yaxud edir məlumatının təhlil edilməsinə yönəlmişdir. Amerikalı tədqiqatçılar B.Rasset və H.Starr müvafiq göstəricilərin sistemləşdirilməsini və təhlilini aşağıdakı xüsusiyyətlər üzrə aparırlar:
1. subyekt – təşəbbüsçü (kim);
2. süjet və ya problem (“issue-area”) (nə);
3. subyekt – hədəf (kimə münasibətdə);
4. hadisənin tarixi (nə vaxt).
Bu şəkildə sistemləşdirilmiş hadisələr elektron – hesablayıcı maşınlar vasitəsilə təhlil olunur. Bu metodun səmərəliliyi təhlil olunan göstəricilərin çoxluğundan asılıdır, yəni təhlildə nə qədər çox göstərici istifadə edilsə, ivent-analiz metodunun tətbiq olunmasının səmərəliliyi bir o qədər də çox olacaqdır. Məsələn, müəyyən bir ölkədə dini azadlığın təmin olunması məsələsini tədqiq edərkən, təhlilə dini azadlığın təmin olunmasını səciyyələndirən çox göstərici daxil etmək lazımdır. Bundan başqa tədqiqata daha çox respondent, cəmiyyətdə mövcud olan bütün dinlər cəlb olunmalıdır. Bu, əldə olunan nəticənin doğruluğunu artıracaqdır.
11.5. Koqnitiv (idraki) xəritələşmə metodu
Bu metodun mahiyyəti ondan ibarətdir ki, o, siyasi xadim tərəfindən bu və ya digər siyasi problemin necə dərk edilməsini müəyyənləşdirir. Burada siyasi xadimin böhran situasiyalarına reaksiyasına, sabit siyasi durumda mümkün davranış nümunələrinə, tərcümeyi-halına və onunla bağlı digər məlumatlara xüsusi fikir verilir. Bütün bu məlumatlar siyasi xadimin qəbul etdiyi qərarların izah olunmasına köməklik göstərir.
Bəzən siyasi xadim qərar qəbul edərkən onu əhatə edən gerçəkliyə deyil, bu gerçəkliyə özünün subyektiv münasibəti prizmasından yanaşmasına arxalanır. Başqa sözlə desək, siyasi xadimin qəbul etdiyi qərarlara bəzən onun gerçəkliyə uyğun gəlməyən təsəvvürləri təsir göstərir. Nəticədə qarşıda qoyulan vəzifələr yerinə yetirilmir və problemlər həll edilmir. Yanlış təsəvvürlərə arxalanan siyasi xadim, bir tərəfdən, onun baxışlarına zidd olan hər hansı bir vacib məlumatı lazımınca qiymətləndirmir, digər tərəfdən isə mühüm olmayan hadisələrə həddindən artıq önəm verir.
Koqnitiv xəritələşmə metodunun əsas məqsədi siyasi xadimin bu və ya digər siyasi problemi necə dərk etdiyini müəyyən etməkdir. Bu metod siyasi xadimin gerçəkliyi necə dərk etməsini açıqlayaraq onun qəbul etdiyi qərarın səbəbinə aydınlıq gətirir, yəni məlum faktlara arxalanaraq yeni bilik əldə olunur. Lakin bəzən mövcud məlumatın həqiqiliyi şübhə doğurduğuna görə əldə olunan bilik gerçəkliyi düzgün əks etdirmir.
11.6. Delfi metodu
Delfi metodunun mahiyyəti müstəqil ekspertlər tərəfindən müəyyən bir problemin əsaslı şəkildə təhlil olunması və həlli yolunun tapılması ilə bağlıdır.
Bu metod aşağıdakı kimi tətbiq olunur: bir neçə ekspert eyni problemi ayrı-ayrılıqda təhlil edərək aldıqları nəticəni mərkəzə təqdim edir. Mərkəz problemlə bağlı cavabları ümumiləşdirdikdən və sistemləşdirdikdən sonra onları yenidən ekspertlərə qaytarır. Bu əməliyyat bir neçə dəfə təkrarlana bilər. Hər dəfə ümumiləşdirmələr qaytarıldıqda, ekspertlər özlərinin əvvəlki qiymətlərini yenidən nəzərdən keçirərək onu müəyyən dərəcədə və ya tamamilə dəyişə bilərlər. Eyni bir problemin bir neçə ekspert tərəfindən təhlil olunması və hər bir ekspertin təhlilin nəticələrinin digər ekspertlərin nəzərinə çatdırılması problemin hərtərəfli və əsaslı şəkildə öyrənilməsinə səbəb olur. Bu müzakirələrin nəticəsində ekspertlərin qiymətlərindəki ilkin uyğunsuzluqlar tədricən aradan qaldırılır və onlar müzakirə olunan problemin həlli yolunu irəli sürülər.
11.7. Ssenarilərin qurulması metodu
Ssenarilərin qurulması metoduna əsasən tədqiq olunan hadisənin mümkün inkişafının ideal (xəyali) modeli ssenari formasında irəli sürülür. Mövcud situasiyanın təhlili əsasında onun sonrakı inkişafına dair fərziyyələr təqdim olunur. İrəli sürülən fərziyyələr əvvəlcə heç bir yoxlanışa məruz qalmır. Tədqiqatçının planına uyğun olaraq birinci mərhələdə situasiyanın sonrakı inkişafını müəyyən edən əsas amillərin təhlili və seçimi aparılır. Belə amillərin sayı çox olmamalıdır (altıyadək). Əks halda hər bir amil tərəfindən müəyyənləşdirilən gələcəyin inkişaf variantı çox olduğundan çətinlik yarada bilər. İkinci mərhələdə seçilmiş amillərin növbəti 10, 15 və 20 il ərzində inkişaf mərhələlərinə dair fərziyyələr irəli sürülür. Üçüncü mərhələdə bu amillər bir-biri ilə müqayisə olunur. Müqayisə əsasında hər bir amilə uyğun bir neçə fərziyyə yürüdülür. Nəhayət, dördüncü mərhələdə hər bir ssenarinin reallığının göstəriciləri müəyyən edilir və reallıq səviyyəsinə görə ssenarilərin təsnifatı verilir.
Sorğu, sənədlərin öyrənilməsi, kontent – analiz, ivent – analiz, koqnitiv xəritələşmə, delfi və ssenarilərin qurulması metodları ictimai elmlərdə istifadə olunan xüsusi metodlar olmaqla yanaşı öz növbəsində yerinə yetirdikləri funksiyalar baxımından üç qrupa bölünürlər:
1.Situasiyanın təhlili metodları;
2. eksplikativ metodlar;
3. proqnoz metodları.
Bu bölgünün əsasında tətbiq edilən metodların yerinə yetirdikləri funksiyalar durur. Məsələn, situasiyanın təhlili metodları, adından göründüyü kimi, cəmiyyətdə və insan təfəkküründə baş verən hadisələr haqqında məlumatın əldə olunmasını nəzərdə tutur. Situasiyanın təhlili metodlarından fərqli olaraq eksplikativ metodlar bu hadisələri daha dərindən tədqiq edir. Proqnoz metodları isə hadisələrin tədqiqi ilə kifayətlənmir. Bu metodlar qrupunun tətbiqi zamanı tədqiq olunan konkret məsələlərin inkişaf perspektivlərinin, onların həlli yollarının müəyyən edilməsinə xüsusi fikir verilir. Yuxarıda təhlil etdiyimiz xüsusi metodlardan sorğu və sənədlərin öyrənilməsi metodları situasiyanın təhlili metodları qrupuna; kontent – analiz, ivent – analiz və koqnitiv xəritələşmə metodları eksplikativ metodlar qrupuna; delfi və ssenarilərin qurulmasını metodları isə proqnoz metodları qrupuna daxildir.
Dostları ilə paylaş: |