Tədris ILI : 020 – 2021 Qrup : tcm – 1801 Semestr : Payız Fənn : Torpaq Coğrafiyası Torpaqşünaslığın əsasları ilə Tələbə : Musayev Toğrul Tarix



Yüklə 26,59 Kb.
tarix02.01.2022
ölçüsü26,59 Kb.
#37251
Torpaq C. Togrul Imtahan isi


Fakültə: Pedaqoji

İxtisas: Tarix və Coğrafiya müəllimliyi

Tədris ili : 2020 – 2021

Qrup : TCM – 1801

Semestr : Payız 5

Fənn : Torpaq Coğrafiyası Torpaqşünaslığın əsasları ilə

Tələbə : Musayev Toğrul

Tarix: 25.01.21

Müəllim: Murad Qəhrəmanov

İmtahan tapşırığı: Boreal qurşağın torpaq örtüyü

Boreal torpaq-iqlim qurşağı yalnız Şimal yarımkürəsində yaxşı inkişaf etmişdir. Bu qurşağın bir qədər isti (100 - dən yuxarı temperaturların cəmi 220 –yə qədər olan) subboreal qurşaqla həmsərhəd rayonlarında bu cür temperatur şəraitini tələb edən kənd təsərrüfatı bitkilərinin becərilməsi mümkündür. Boreal qurşağın əkinçilikdə mənimsənilməsi çox böyük deyildir. Burada çimli-podzol və qismən podzol torpaqlar (cəmi bu torpaqların 8%-i) istifadə edilir. Boreal qurşağın şumlanan torpaqları dünya torpaq örtüyünün cəmi 1%-i qədərdir. Şimala doğru hərəkət etdikcə bitkilərin çeşidi azalır, orta yetişən sortları tez yetişən sortlar əvəz edir, taxılkimilərdən yalnız çovdar, vələmir və arpa, bəzi tərəvəz və yem bitkiləri, kartof qalır. Boreal qurşağın ümumi sahəsi 1560 mln ha-dır. Burada bitki və torpaq örtüyü kifayət qədər nəmlik alsa da, istilik çatmır. Ona görə də qurşağın aqrotorpaq rayonlarına bölünməsini təkcə nəmlik deyil, torpağın istilik rejimi də müəyyən edir. Ona görə də podzol, çimli-podzol və boz meşə torpaq örtüyünə malik nisbətən isti və rütubətli tayqa-meşə vilayəti (ərazinin 74%-ni əhatə edən), donuşlu-tayqa (kriogen) torpaqlara malik daha soyuq, kontinental və az rütubətli donuşlu-tayqa vilayətindən fərqləndirilir (ərazinin 26%-ni əhatə edir) Boreal iqlim qurşğında meşələrin biokütləsi hər hektara 1-4 min sentner təşkil edir. Daha çox üzvi maddə kütləsi daimi rütubətli tropik meşələrində (5min/hek-dan çox) toplanır. Meşə landşaftlarının (dağ rayonları hesaba alınmadan) torpaqları bütün keçmiş Sovet İttifaqı ərazisinin 1/3-dən çoxunu tutur. Qərbi Avropada və Şimali Amerikada olduğu kimi bu landşaftlar şimal yarımkürəsinin boreal iqlim şəraitində də geniş meşə qurşağı əmələ gətirirlər. Bu nəhəng ərazi yekcins deyil: müxtəlif rayonların meşə landşaftları öz torpaqəmələgəlmə şəraitlərinə görə xeyli fərqlənirlər. İlk növbədə meşə qurşağının daxilində iynəyarpaqlı tayqa meşələrinin boreal zonası və tayqa yaxınlığında enliyarpaqlı – iynəyarpaqlı qarışıq meşələrin subboreal zonası ayrılır.. Avropa və Şimali Amerikanın boreal meşələrinin xeyli hissəsi məhv edilmişdir. Buna görə də vaxtilə meşə bitkilərinin təsiri altında əmələ gəlmiş torpaqlar uzun müddətdir ki, meşəsiz landşaftlar şəraitində inkişaf edir. Boreal qurşağın humid torpaqları 23,7 mln km2 təşkil edir. Keçmiş SSRİ-nin torpaq örtüyü də xeyli müxtəlifdir: o, özünə 100-ə qədər torpaq tipini daxil edir. Ən böyük sahəni boreal-meşə landşaftı torpaqları (qleyli-podzollu, podzollu, çimli-podzollu, donuşlu tayqa) tutur ki, bu bütün MDB ərazisinin 33%-ni təşkil edir.

Boreal tayqa-meşə vilayətlərinin ümumi sahəsi 1150 mln ha-dır. Onların ən böyüyü Avrasiya tayqa-meşə vilayəti hesab olunur. Tayqa-meşə zonası Rusiya ərazisində boreal qurşağın (mülayim soyuq) çox böyük hissəsini əhatə edir. Tayqa-meşə zonası aşağıdakı torpaq-bioiqlim vilayətlərində yerləşmişdir: Avropa–Qərbi Sibir kontinental tayqa-meşə (Rusiyanın Avropa hissəsi və Qərbi Sibir), Şərqi Sibir kontinental donuşlu-tayqa və Uzaq Şərq tayqa-meşə. Şimalda tayqa-meşə zonası tundra zonası, cənubda meşə-bozqır zonası ilə həmsərhəddir. Tayqa-meşə zonasının ümumi sahəsi 1150 mln.ha-a bərabərdir. Onun 64%-i düzənlik, 36%-i dağlıq ərazilərdən ibarətdir. Təbii-təsərrüfat xüsusiyyətlərinə görə tayqa-meşə zonası meşə-bozqır zonasının şimal rayonları ilə birləşir ki, bu cür birləşmə elmi ədəbiyyatlarda “Qeyri-qaratorpaq” adı ilə tanınır. Zonanın qərbdən şərqə və şimaldan cənuba çox böyük məsafədə yayılması ilə əlaqədar təbii şəraiti olduqca müxtəlifdir. Zonanın iqlimi mülayim soyuqdur. Şərqi Sibir rayonunda o kəskin kontinentaldır, Uzaq Şərq isə musson səciyyəsi daşıyır. Orta illik temperatur Avropa hissəsində + 40 C-dən Şərqi Sibirdə - 7...-160 C və Uzaq Şərqdə + 7,50 C arasında tərəddüd edir. Mərkəzi tayqa-meşə vilayətində il ərzində 350-700 mm yağıntı düşür, 100 C-dən yuxarı temperaturların davametmə müddəti 40-155 gün, bu müddət ərzində temperaturların cəmi isə 400-24500 C-dir. Şərqi-Sibir donuşlu-tayqa vilayətində bu göstəricilər uyğun olaraq 150-600 mm, 40-123 gün və 400-20000 C, Uzaq Şərq tayqa-çəmən-meşə vuilayətində isə 380-1000 mm, 40-103 gün və 400-15000 C təşkil edir. Zonada maksimal yağıntılar ilin isti dövründə düşür. İllik yağıntıların miqdarı əksər hallarda buxarlanmadan 1,10-1,33 dəfə çoxdur. Ona görə də nəzərdən keçirilən ərazi izafi nəmlik zonasına aid edilir. Lakin Şərqi Sibirin bir çox rayonlarında (Şimali Lena, Kalıma, Yuxarı Zeya, Mərkəzi Yakutiya və başqa əyalətləri), yağıntıların buxarlanmadan az olması səbəbindən rütubətlənmənin azlığı ilə səciyyələnir. Asiya hissəsində, xüsusən də Şərqi Sibirdə başdan-başa və adalar şəklində daimi donuşluq sahələri yayılmışdır. Tayqa-meşə zonasında avtomorf torpaqlar yuyulma su rejimi, Şərqi Sibirdə isə donuşlu su rejimi şəraitində əmələ gəlmişlər.

Zonanın Avropa hissəsində torpaqəmələgətirən süxurlar əsasən buzlaq və su-buzlaq mənşəli çöküntülərdən ibarətdir. Burada başqa mənşəli süxurlara da təsadüf etmək mümkündür. Əsas süxurlar – karbonatlı və karbonatsız, müxtəlif qranulometrik tərkibli moren çöküntüləridir. Onlara hər yerdə, xüsusən də Valday buzlaşmasının yayıldığı ərazilərdə rast gəlmək olur. Ərazidə həmçinin örtük gillicəllər və gillər, lösvari karbonatlı yüngül və orta gillicələr (mərkəzi və cənub rayonlarında), su-buzlaq mənşəli qumlu və qumsal süxurlar, qədim allüvial çöküntülər, lentvarı gillər, ana süxurların elüviləri və delüviləri, xırda və iri çayların məcrasında müasir allüvial çöküntülər yayılmışdır. Qərbi Sibirdə də torpaqəmələgətirən süxurlar buzlaq və su-buzlaq mənşəlidir. Şimal rayonlarında moren qumlarına və lösəbənzər gillicələrə, cənubda-tozvari orta və ağır gillicələrə rast gəlmək olur.



Ərazidə üstünlük təşkil edən bitki tipi tayqa mamırlı, mamırlı-kolluqlu və otlu-kolluqlu meşələrdir ki, cənubda onları yarpaqlı və enliyarpaq meşələr əvəz edir. Burada subasar çəmənliklərdə və ağacların altında çəmən ot bitkiləri də geniş yayılmışdır. Böyük sahələr, xüsusən də Qərbi Sibirdə bataqlıq assosiasiyaları ilə örtülmüşdür. Zonanın Avropa və Qərbi Sibir hissəsi iqlim şəraitinə, bitki və torpaq örtüyünə görə şimaldan cənuba üç yarım zonaya bölünür: şimali, orta və cənubi tayqa. Bu yarımzonalarda tünd iynəyarpaq meşələr hakimdir. Burada əsas meşəəmələgətirən ağaclar küknar, şam, ağ şam və sidrdir. Şimali tayqa yarımzonası tozağacı, titrək qovaq, qara şam qarışıqlı seyrək küknar meşələri ilə örtülmüşdür. Qərb rayonlarında yüngül qranulometrik tərkibli süxurlar üzərində şam meşələri üstünlük təşkil edir. Şimal tayqasında meşə örtüyü altında subartika bataqlıq-kolluq, mamır və şibyə bitkilərindən ibarət aşağı yarus inkişaf etmişdir. Burada ot bitkiləri inkişaf etməmişdir. Orta tayqa yarımzonası tünd iynəyarpaqlı küknar meşələrindən ibarətdir. Meşə örtüyü altında, aşağı yarusda başdan-başa mamır örtüyü əmələ gəlmişdir. Burada ot bitkiləri yoxdur. Qırılmış və yandırılmış meşələrin yerində şam, tozağacı, titrək qovaq qarışığından ibarət meşələr əmələ gəlmişdir. Torpaq örtüyü podzollu torpaqlardan ibarət yarımzona əmələ gətirir. Cənubi tayqa yarımzonası Avropa hissəsində enliyarpaq ağac (palıd, göyrüş, ağcaqayın, cökə) qarışıqlığından ibarət tünd iynəyarpaq və enliyarpaq-tünd iynəyrapaq meşələrlə və Qərbi Sibirdə - yarpaqlı (toz ağacı, titrək qovaq) meşələrlə təmsil olunmuşdur. Bu meşələrin örtüyü altında ot bitkiləri yaxşı inkişaf etmişdir. Torpaq örtüyü çimli-podzollu torpaqlardan ibarət yarımzona əmələ gətirir. Zonanın torpaqəmələgəlmə şəraiti və torpaq örtüyü həm şimaldan cənuba, həm də qərbdən şərqə dəyişir. Bu dəyişikliklər yarımzona və fatsiyalar ayrılarkən nəzərə alınır. Tayqa-meşə zonasında aşağıdakı fatsiyalar ayrılmışdır: isti (Qərbi və cənubi Avropa); mülayim (Şərqi Avropa); soyuq (qərbi və orta Sibir); uzun müddət donan (Şərqi Sibir və Uzaq Şərq); soyuq rütubətli (Sakit Okean) – Kamçatka, Saxalin. Tayqa-meşə zonasının təbii şəraitinin müxtəlifliyi bir sıra torpaqəmələgəlmə proseslərinin inkişafını şərtləndirmişdir ki, nəticədə müxtəlif xassə və əlamətlərə malik torpaqlar formalaşmışdır. Zonanın torpaq örtüyünü yaradan əsas proseslər – podzollaşma, çimləşmə və bataqlaşmadır; onların hər biri sərbəst (az və ya çox dərəcədə təmiz halda) və ya bir yerdə baş verə bilər. Şərqi Sibirdə torpaqlar donuşluq proseslərinin təsiri altında formalaşır. Beləliklə, yuxarıda adı çəkilən proseslərin özünü göstərməsindən, onların birgə baş verməsindən və insanın təsərrüfat fəaliyyətindən asılı olaraq zonanın torpaq örtüyünün mürəkkəb tərkibi formalaşmışdır. Boreal qurşağa daxil olan torpaqlar aşağıdakılardır:

  1. Podzol torpaqlar (yarimtipləri Qleyli-podzol torpaqlar, Podzol gillicəli və.s)

  2. Çimli torpaqlar (yarimtipləri Çimli-karbonatlı torpaqlar, Çimli litogen torpaqlar və.s)

  3. Çimli-podzol torpaqlar

  4. Bataqlıq-podzol torpaqlar

  5. Donuşlu –tayqa torpaqları (Sarımtıl torpaqlar, Podbur torpaqlar)

Podzol torpaqlar əsasən iynəyarpaq meşələr altında yayılmışdır. Onların profilinin formalaşması podzollaşma, elüvial-qleyli və lessivaj proseslərin inkişafı ilə əlaqədardır. Podzol torpaqların əsas massivi podzol və qleyli-podzol yarımzonalarda cəmləşmişdir. Onlara iynəyarpaq meşələrinin cənubunda da rast gəlmək mümkündür. Podzol və qleyli-podzol torpaqların ümumi sahəsi Rusiya ərazisində 132 mln.ha təşkil edir. Podzol torpaqların adı rus dilində işlənən “podzol” sözündən götürülmüşdür. Bu termin ilk dəfə V.V.Dokuçayev tərəfindən elmi ədəbiyyatda işlədilmişdir. Podzol torpaqların mənşəyi haqqında müxtəlif fikirlər söylənilmiş və nəzəriyyələr irəli sürülmüşdür. Podzol torpaqların səthində qalınlığı 2-5, bəzən 10 sm-ə qədər olan meşə döşənəyi formalaşmışdır. Ondan aşağıda zəif inkişaf etmiş humus horizontu yerləşmişdir. Zəif inkişaf etmiş humus horizontu ya kobud humus layı ilə , qalınlığı 1-3 sm, ya da meşə döşənəyindən yuyulmuş 3-5 sm dərinlikdə fulvat humuslu layla təmsil olunmuşdur.. Torpaq profilinin qalınlığı 100-120 sm-ə qədərdir.. Bu tipin torpaqlarında oxşar cəhətlərlə yanaşı zona daxilində torpaqəmələgəlmə şəraitindəki fərqlərlə əlaqədar xeyli fərqli cəhətlər də vardır. Bununla əlaqədar podzollu torpaqlar 2 yarımzonal yarımtipə bölünür: qleyli-podzol və podzol. Sonuncu temperatur rejiminə görə də iki fatsial yarımtipə bölünür: podzol mülayim-soyuq donuşlu və podzol soyuq üzunmüddət donuşlu.

Podzol torpaqların ən geniş yayılmış cinsləri aşağıdakılardır:

1. Adi – gillicəli torpaqlar üzərində inkişaf etmiş və yarımtip əlamətləri yaxşı görünən torpaqlar;

2. Qalıq-karbonatlı – karbonatlı süxurlar üzərində formalaşmış torpaqlar;

3. Əlaqəli-qleyvari – ikilaylı süxurlar üzərində formalaşmış torpaqlar;

4. İllüvial-dəmirli – qumlu süxurlar üzərində formalaşmış torpaqlar, dəmirin qeyri-silikat formalarının toplanması nəticəsində B horizontu açıq sarımtıl rəngə çalır;

5. Illüvial –humuslu – qumlu torpaqlar üzərində formalaşmış torpaqlar. İllüvial horizontun üst hissəsi tərkibində üzvi-mineral birləşmələrin toplanması səbəbindən qəhvəyivari, bəzən qara rəngə çalır;

6. Zəif differensiasiya olunmuş – quru yumşaq qumlu torpaq üzərində inkişaf etmiş torpaqlar. Bu torpaqlarda tip əlamətləri özünü zəif göstərir.

Podzol torpaqlar yuyulma su rejimində formalaşır. Profilin tam yuyulması əsasən yaz və payız fəsillərində baş verir. Yaz və erkən yay aylarında gillicəli torpaqlarda mövsümi izafi nəmlik müşahidə edilir. Səth qleyləşməsi də məhz bu nəmlənmə dövrü ilə əlaqədardır. Bu proses qleyli – podzol torpaqlarda daha yaxşı ifadə olunmuşdur. Yay dövründə üst horizontların quruması iki həftədən artıq olmur. Temperatur rejiminə görə qleyli-podzol torpaqlar soyuq, uzun müddətə donan torpaqlar yarımtipinə aid edilir. Bu torpaqlarda bioloji fəallıq aşağıdır və podzol torpaqlarda bu göstərici yüksəlir. Podzol torpaqların əkin altında istifadəsi onların istilik rejimini bir qədər yaxşılaşdırır və bioloji fəallığını artırır.

Boreal zonasının çimli torpaqları çəmən ot bitkiləri altında istənilən süxur üzərində əmələ gəlir. Çimli torpaqlar Baltikyanı respublikalarda, Rusiyanın Arxangelsk, Voloqda, Kalinin, Moskva və başqa vilayətlərinin ərazisində yayılmışdır. Şərqi Sibirdə donuşlu-tayqa çimli, çimli-meşə, Yakutiyada isə çimli-meşəsarımtıl torpaqlar yayılmışdır. Çimli torpaqlara Uzaq Şərq, Kamçatka və Kuril adalarında da təsadüf olunur. Çimli torpaqların adı çəkilən ərazilərdə ümumi sahəsi 9 mln.ha-dır ki, bundan 5 mln. ha Kamçatka və Şərqi Sibirdədir. “Çimli torpaqlar” termini elmi ədəbiyyata ilk dəfə V.V.Dokuçayev tərəfindən daxil edilmişdir. Lakin çimli torpaqəmələgəlmə prosesi nəzəriyyəsi V.R.Vilyams, İ.V.Tyurin və başqa alimlər tərəfindən işlənilmişdir. Ot bitkilərinin təsiri altında baş verən və yaxşı inkişaf etmiş humus horizontu olan torpaqların əmələ gəlməsi ilə nəticələnən torpaqəmələgəlmə prosesi çimli torpaqəmələgəlmə prosesi adlanır. Bu prosesin əhəmiyyətli xüsusiyyəti - torpağın üst horizontunda humus və qida maddələrinin toplanması və suyadavamlı strukturun yaranmasıdır. Çim prosesi çəmən və çəmən-bozqır bitkiləri altında daha əlverişli şəraitdə formalaşır. Bir sıra torpaqların – qara, şabalıdı, çimli alüvial, boz meşə və s. yaranması da çim prosesi ilə əlaqədardır. V.A.Kovda (1973) ot bitkilərinin torpaqəmələgəlmə proseslərinin inkişafına təsirini müəyyən edən aşağıdakı xüsusiyyətlərini qeyd edir:

1. Ot bitkilərinin qısa həyat tsikli ilə şərtlənən maddələrin intensiv bioloji dövranı və çimin əlverişli kimyəvi tərkibi. Sonuncu yüksək küliliyi (3-13%) və azotun yüksək miqdarı ilə seçilir. 2. Köklərin (rizokütlənin) fitokütlədə yüksək payı. O, 20-25%-dən 85-97% arasında və çox vaxt isə yerüstü kütləyə bərabər və ya ondan çox olur. Ona görə də ot bitkilərinin kök sistemi humusun əmələ gəlməsində əhəmiyyətli mənbə hesab olunur. 3. Kök sisteminin və xüsusən də kök saçaqlarının yüksək dərəcədə şəbəkələnməsi yayılma zonasında biokimyəvi və mikrobioloji proseslərin fəal inkişafını şərtləndirir. 4. Üzvi qalıqların bilavasitə torpağa daxil olması və onların mineral birləşmələrlə sıx əlaqədə parçalanması humuslaşma prosesi və əmələ gəlmiş humus maddəsinin torpaqda bərkiməsi üçün əlverişli şərait yaradır.

Çimli torpaqlar aşağıdakı ümumi xassə və əlamətlərə malikdirlər: yaxşı görünən topavari-dənəvər struktura malik humus qatı, podzollaşmanın olmaması və ya zəif ifadə olunması, humusun yüksək miqdarı (3- 4%-dən 12-15%-ə kimi), yüksək udma tutumu, zəif turş, neytral və ya zəif qələvi reaksiya, ümumi azot və küli maddələrin böyük ehtiyatı. Çimli torpaqlara üç müstəqil tip aid edilir: çimli-karbonatlı (rendzinlər), çimli-litogen və çimliqleyli. Birinci iki tip avtomorf, üçüncü tip isə yarımhidromorf şəraitdə inkişaf edir.

Çimli-karbonatlı torpaqlar tipi karbonatlı süxurlar üzərində formalaşmışdır. Çimli-karbonatlı tipik torpaqlar yarımtipi əsasən yuxa əhəngli süxurların elüvisi üzərinda formalaşır. Onların profili qalın deyildir (30 sm və az). Səthdən və ya A1 horizontundan başlayaraq qaynayır. Humusun yüksək miqdarı (5-22 %), humus qatının neytrala yaxın reaksiyası və qida elementləri ilə yaxşı təmin olunması ilə səciyyələnir. Bu torpaqlar yuxa və çınqıllı olduğundan qeyri-sabit su rejiminə malikdirlər. Çimli-karbonatlı tipik torpaqlar əsasən otlaq və meşə sahələri altında istifadə olunur. Çimli – karbonatlı yuyulmuş torpaqlar yarımtipi bir qədər qalın elüvial-delüvial karbonatlı süxurlar üzərində inkişaf edirlər. Bu torpaqların profilinin qalınlığı 60-100 sm-dir. Humus qatının reaksiyası zəif turşdur Çimli-karbonatlı podzollaşmış torpaqlar yarımtipi podzollaşma əlamətləri ilə səciyyələnir. Humus horizontunun reaksiyası zəif turşdur. Qaynama yalnız B horizontunun aşağı sərhədində müşahidə edilir. Çimli-karbonatlı yuyulmuş və podzollaşmış torpaqlar yüksək münbitlik xassələrinə malikdirlər və tayqameşə zonasının ən yaxşı aftomorf torpaqları hesab olunurlar.

Çimli litogen torpaqlar tipi tərkibində çoxlu miqdarda kalsium və maqneziumun silikat formalarını saxlayan süxurlar və dəmirlə zəngin elüvial çöküntülər üzərində formalaşmışdır. Bu torpaqlar Orta Sibir ərazisində daha geniş yayılmışdır. Bu torpaqlarda humusun miqdarı böyük parametrlər (2-9%) daxilində dəyişir. Dərinlik artdıqca humusun miqdarı kəskin şəkildə azalır, reaksiyası neytrala yaxındır. Bu torpaq içərisində çimli doymuş torpaqlar daha əlverişli hesab olunur. Onlar münbitliyinə görə çimli-karbonatlı torpaqlara daha yaxındır.

Çimli-qleyli torpaqlar tipi güclü minerallaşmış, kalsiumla zəngin qrunt sularının iştirakı ilə formalaşır. Bu torpaqlar çimləşmə əlamətini saxlasa da, onlar aşkar təzahür edən qleyləşmə prosesi və torflu döşənəyin və çürüntülü qatın yaranması ilə də səciyyələnir. Çimli-qleyli torpaqlar yüksək humusluluğu (10-15%), yüksək udma tutumu əsaslarla doyması, neytral və zəif turş reaksiyası, bir sıra elementlərin biogen və hidrogen akkumultyasiyası ilə fərqlənir. Qrunt suyunun səthə yaxın yerləşməsi ilə əlaqədar əlverişsiz su-hava rejiminə malikdir. Yüksək münbitlik xassəsinə malikdir. Bununla belə su-hava rejiminin tənzimlənməsi tələb olunur.

Çimli-podzol torpaqlar boreal qurrşağın Avropa və Asiya hissəsinin əsasən cənub rayonlarında yayılmaqla yarımzona əmələ gətirir. Çimlipodzol torpaqların ümumi sahəsi 185 mln.ha təşkil edir. Çimli-podzol torpaqlar iki prosesin – podzol və çim proseslərinin birgə fəaliyyəti nəticəsində yaranmışdır. Bu, meşələr qırılarkən və nəticədə ağac bitkilərini çəmən bitkiləri əvəz edərkən də baş verir. Bu halda podzollaşma prosesini çimləşmə əvəz edir və podzol torpaqların yerində çimli-podzol torpaqlar formalaşır. Bu torpaqlar əksər ədəbiyyat mənbələrində podzol torpaqlar tipinin daxilində yarımtip kimi ayrılmışdır. Lakin bu torpaqların sərbəst tip kimi ayrılması daha çox məqsədəuyğun olardı. Bu onların özünəməxsus genezisi, xüsusən də çimləşmə prosesinin bu torpaqların əmələ gəlməsində aparıcı proses kimi mühim rol oynaması ilə bağlıdır. Bundan başqa bu torpaqlar podzol torpaqlardan daha əlverişli istilik rejimi, az mövsümi nəmlənməsi və yüksək münbitliyi ilə seçilir. Çimli-podzol torpaqların bir neçə yarımtipi ayrılmışdır. Bunlar aşağıdakılardır.

Çimli-sarımtıl-podzol torpaqlar yarımtipi bu zonanın qərbində, bir qədər mülayim və isti iqlim şəraitinə malik rayonlarda (Belarus, Baltikyanı, Kalininqrad vilayətində) yayılmışdır. Bu torpaqlar yaxşı drenlənmiş ərazilərdə, yuyulma rejimi şəraitində formalaşmışdır. Onlar adətən yaxşı inkişaf etmiş qalın profilə malikdirlər (200-250 sm). Bu torpaqların özünəməxsus rənginin mənşəyi hələ məlum deyildir. Onu müxtəlif proseslərlə izah edirlər; dəmir məhlulunun kapilyarlarla yuxarı horizontlara hərəkəti, dəmirin biogen akkumulyasiyası, torpaqdaxili aşınma prosesləri və s.

Çimli-podzol mülayim donuşlu torpaqlar yarımtipi cənubi tayqanın Avropa hissəsində geniş yayılmışdır. Bu torpaqların profili qalın olub, 150-200 sm arasında tərəddüd edir. Bütün profilboyu turş və çox turş reaksiyaya malikdir. İstilik balansına görə çimli-sarımtıl-podzol torpaqlardan bir qədər geri qalır. Bu torpaq üçün yuyulma rejimi fonunda quru yayın olması səciyyəvidir.

Çimli-podzol mülayim soyuq uzun müddət donan torpaqlar yarımtipi əsasən Sibirin tayqa zonasının cənubunda yayılmışdır. Bu torpaqlarda profilin qalınlığı 100-150 sm-ə qədərdir. Onların içərisində ikinci humus qatı olan çimli-podzol torpaqlara rast gəlmək mümkündür. Torpaq profilində ikinci humus qatının olmasını bir çox tədqiqatçılar relikt hadisəsi kimi qəbul edirlər. Bu qat, onların nəzərincə, təsvir edilən torpağın vaxtilə çəmən, çəmən-bozqır və ya qaratorpağabənzər torpaqlara mənsub olduğunu göstərir. Lakin sonralar iqlim dəyişmələrinin baş verməsi, ot örtüyünün meşə bitkiləri ilə əvəz olunması humus horizontunun üst hissəsinin podzollaşmasına səbəb olmuşdur. Çimli-podzol torpaqların yarımtiplərindəki cinslər podzol torpaqlarda olduğu kimidir. İkinci humus qatı olan torpaqlarda əlavə cins ayrılır (törəmə-podzollaşmış). Növlər podzollaşma və çimləşmə proseslərinin təzahür dərəcəsinə görə ayrılır.

Bataqlıq-podzol tip torpaqlar iki paralel prosesin – podzollaşma və bataqlaşma proseslərinin birgə fəaliyyəti, həmçinin səth və yumşaq qrunt sularının müvəqqəti yaratdığı izafi nəmliyin təsiri nəticəsində yaranır. Bu torpaqlar əsasən qleyli-podzol və podzol torpaqlar yarımzonasında yayılmışdır. Çimli-podzol torpaqlar yarımzonasında bu torpaqlar relyefin çökək sahələrində müşahidə edilir. Onların ümumi sahəsi 88 mln. ha təşkil edir. Bataqlıq-podzol torpaqlar yarımhidromorf torpaqlara aid edilir. Onlar turş reaksiyaya malikdir. Onların podzol horizontu silisiumla zəngindir, biryarımlıq oksidlər azlıq təşkil edir, qleyli horizontlarda isə dəmirin mütəhərrik formaları toplanmışdır. Əkinçilikdə istifadə zamanı bu torpaqların su rejiminin tənzimlənməsi tələb olunur. Bataqlıq-podzol torpaqlar podzol torpaqların əlamətlərini saxlasa da, mineral hissənin qleyləşməsi ilə səciyyələnir və səthində qalınlığı 10-30 sm arasında dəyişən orqanogen horizonta malikdir. Süxurların qleyləşməsi qrunt suyunun təsir etdiyi yerlərdə özünü göstərir. Fatsial və yarımzonal xüsusiyyətlərindən asılı olaraq profilin qalınlığı 50-200 sm təşkil edir.Bataqlıq-podzol torpaqlarda aşağıdakı yarımtiplər ayrılır:

1. Torflu-podzol səthdən qleyli

2. Torflu-podzol qrunt-qleyli

3. Çürüntülü –podzol səthdən qleyli. Çürüntü qatının qalınlığı 10-20 sm olub, tərkibində 20-30% humus vardır. Profilin üst hissəsində torpağın reaksiyası turş aşağı hissəsində - neytrala yaxındır. Çimli-podzol yarımzonanın isti fatsiyasında inkişaf etmişdir.

4. Çimli (çürüntülü) - podzol qrunt-qleyli. Qumsal və qumlu torpaq üzərində yayılmışdır. Yarımtiplər daxilində aşağıdakı cinslər ayrılır: adi, illüvial-humuslu, illüvial-dəmirli və s. növlər podzollaşmanın dərəcəsinə və dərinliyinə, torfun qalınlığına görə ayrılır.

Donuşlu-tayqa torpaqları Yenisey çayından şərqdə Şərqi Sibir donuşlu-tayqa vilayətində şimali və orta tayqanın açıq iynəyarpaq meşələri altında formalaşmışdır. Donuşlu-tayqa torpaqların ümumi sahəsi 200 mln.ha-dır. Burada torpaqəmələgəlmə prosesi çoxillik donuşluq şəraitində baş verir. Torpaq ilin 7-8 ayrı mənfi temperatura malik olur. Yayda torpağın ərimiş qatı çoxillik donuşluğa kimi donur. Çoxillik donuşluq və temperatur rejiminin xüsusiyyətləri donuşlu-tayqa torpaqların inkişafına böyük təsir göstərir. Vegetasiya dövründə torpaq profilinin mənfi temperaturu bitkilər tərəfindən qida maddələrinin udulmasını çətinləşdirir, onların inkişafını zəiflədir və bitki qalıqlarının parçalanmasını ləngidir. Bütün bunlar maddələrin bioloji dövranını zəiflədir. Çoxillik donuşluq su və istilik rejiminə, mikrorelyefin formalaşmasına, kimyəvi və fiziki-kimyəvi proseslərin gedişatına təsir göstərir. Torpağın üst horizontlarının ilin soyuq dövründə güclü donması və ya ilin isti dövründə quruması kapilyar-asılmış, zəifrabitəli və buxarabənzər suyun və torpaq məhlulunun torpağın səthinə doğru hərəkətini törədir. Lakin profilin aşağısında çoxillik donuşluğun soyuq ekranı nəmliyin bu formalarının aşağıya, donuşluğa doğru hərəkətini yaradır. Bununla əlaqədar torpağın profilində maddələrin akkumulyasiyasının iki mərkəzi yaranır: üst horizont və aşağı donuşluqüstü horizont. Kriogen hadisələrin donuşlu-tayqa torpaqların genezisində və onların xassələrinin və istehsalat xüsusiyyətlərinin formalaşmasında oynadığı rolu nəzərə alaraq bəzi tədqiqatçılar Y.M.Naumov, onları kriozem adlandırmağı təklif etmişlər.

Donuşlu-tayqa torpaqlar kifayət qədər öyrənilməmişdir və ona görə də onların sistematikası işlənməmişdir. Yalnız iki qrup ayrılır – donuşlu-tayqa qleyli və donuşlu-tayqa qleysiz (kriozem). Bu torpaqlar içərisində donuşlu-tayqa qleyli torpaqlar daha geniş yayılmışdır. Donuşlu-tayqa qleyli torpaqların səthində yuxa meşə döşənəyi vardır, ondan aşağıda boz-yaşılımtıl qleyləşmiş horizont yerləşmişdir ki, o da rəngini demək olar ki, dəyişmədən donuşlu horizonta keçir. Bu torpaqlar yarımhidromorfdurlar, podzollaşmamış və ya zəif podzollaşmışlar. Turş reaksiyaya malikdirlər. Yayda 50-100 sm dərinliyə kimi donuşluqdan açılırlar. Donuşlu-tayqa gillicəli və gilli torpaqların ən əhəmiyyətli xüsusiyyəti – torpaq kütləsinin kriogen (donuşlu) hadisələrin təsiri altında qarışmasıdır. Torpaq kütləsinin şaquli və üfüqi istiqamətdə qarışması zamanı horizontların qarışması baş verir. Nəticədə torpaq profili tədricən və fasiləsiz olaraq “cavanlaşır”. Bu cür torpaqlarda suyun aşağı-yuxarıya doğru hərəkəti yoxdur, eyni zamanda illüvial və elüvial proseslər də müşahidə edilmir. Yalnız bütün torpaq kütləsinin hərəkəti baş verir.



Sarımtıl torpaqlar şimal və orta tayqada kəskin kontinental yarımquraq şəraitdə Şərqi Sibirin donuşlutayqa vilayətində avtomorf sarımtıl torpaqlar qrupu inkişaf etmişdir. Sarımtıl torpaqların aşağıdakı tipləri vardır: sarımtıl, sarımtıl-karbonatlı, sarımtıl-podzol, sarımtıl-boz. Bu torpaqlar içində Yakutiyada orta tayqada yumşaq karbonatlı süxurlar üzərində formalaşmış sarımtılkarbonatlı torpaqlar daha yaxşı öyrənilmişdir. Bu torpaqlar aşağıdakı morfoloji əlamətlər və xassələr ilə səciyyələnir. Qalınlığı 2-3 sm-dən çox olmayan meşə döşənəyi altında bozumtul-qəhvəyi rəngə çalar və qalınlığı 15-20 sm arasında tərəddüd edən humus horizontu yerləşmişdir.

Podbur torpaqlar şimali və orta tayqa yarımzonasının soyuq humid vilayətlərində yüngül və çınqıllı süxurlar üzərində podzollaşma əlamətləri olmayan və yuxarı mineral horizontu qonur rəngə çalan torpaqlara təsadüf etmək mümkündür. Bu torpaqlar əvvəllər müxtəlif adlarla adlandırılmışdır: podzolöncəsi, gizlipodzol, donuşlu-tayqa dəmirli, turş neopodzol və s. Hazırda bu torpaqlar sərbəst genetik tip kimi ayrılmış və podbur (Azərbaycan variantında da bu ad saxlanmışdır) adlandırılmışdır. Qleyləşmə əlamətləri nəzərə çarpmır. Orqanogen horizontdan daxil olan mütəhərrik turş aqressiv fulvatlı humus mineral horizontlarda iki prosesin inkişafına səbəb olur: ilkin mineralların torpaqdaxili aşınmasına və profildən qələvilərin, qələvi-torpaq elementlərin, silisiumun kənarlaşmasına və törəmə gilli mineralların və dəmir və alüminium hidroksidlərinin toplanmasına; dəmir və alüminiumun orqanogen birləşmələrinin profilin üst hissəsində elüvial –ilüvial paylanmasına. Bir sıra səbəblərdən (iqlimin kəskin soyuqluğu, süxurun Al və Fe-la zənginliyi, torpağın cavan olması) podbur torpaqlarda aşınma zamanı biryarım oksidlərin toplanması prosesinin intensivliyi onların yuyulma intensivliyini üstələyir. Ona görə də podbur torpaqların profilində Fe və Al hidroksidlərinin toplanması onların paylanmasını üstələyir və elüvial horizontlar bu birləşmələrdən kasıblaşmır və rəngini dəyişmir (açıqlaşmır). Kamçatkada zəngin ot örtüyü olan tozağacı meşələri altında küli-vulkanik torpaqlar geniş yayılmışdır. Onlar qumsal və gillicəli qranulometrik tərkibli vulkan küli üzərində formalaşmışdır. Bu torpaqlar lay-lay 287 quruluşa malikdir. Vaxtaşarı vulkanik fəaliyyət nəticəsində torpaq səthinə külün düşməsi səbəbindən podzollaşma prosesinin inkişafının ləngiməsini müşahidə etmək mümkündür. Kamçatkada küli-vulkanik torpaqlar kobud və çox mütəhərrik humus tərkibinə malikdirlər. Onun miqdarı üst horizontda 7-15 %-ə çatır. Torpaqlar əsaslarla doymamışdır. Onlar turş reaksiyaya malikdirlər.
Yüklə 26,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin