Qavrayışın məkan, zaman və hərəkət kimi mürəkkəb növləri mövcuddur
Məkan qavrayışı
Məkan materiyanın mövcudluq formasıdır. Məkanın qavranılması dedikdə cisimlərin obyektiv məkan xüsusiyyətlərinin və münasibətlərinin formasının, həcminin, relyefinin, fəzada tutduğu yerin, uzaqlığının qavranılması başa düşülür.
Məkanın qavranılmasında bələdləşmə hərəkət analizatoru əsas rol oynayır. Onun köməyi ilə müxtəlif analizatorlar arasında əlaqə yaranır. Məkan bələdləşməsinin xüsusi mexanizmlərinə analizator fəaliyyətinin hər iki yarımkürə arasındakı sinir əlaqələrini: binokulyar görməni, binaural eşitməni, bimanual lamisəni, dirinik iybilməni və s.aid etmək lazımdır. Əşyaların məkan xassələrinin inikasında bütün qoşa analizatorlar üçün xarakterik olan asimmetriya mühüm rol oynayır.
Cisimlərin məkan xüsusiyyətlərinin beynimizdə inikası mürəkkəb prosesdir. Məkan qavrayışında başlıca olaraq görmə analizatoru iştirak edir. Lakin tədqiqat göstərmişdir ki, bu mürəkkəb prosesdə təkcə görmə deyil, bununla birlikdə lamisə, əzələ-hərəkət duyğuları, bəzi hallarda eşitmə duyğuları da iştirak edir. Bu duyğuların birgə və qarşılıqlı fəaliyyəti, cisimlərin məkan xüsusiyyətlərini və münasibətlərinin tam və dəqiq qavranılmasını təmin edir. Məkanın qavranılmasında həyat təcrübəsi də böyük əhəmiyyətə malikdir.
Zaman qavrayışı
Zaman da məkan kimi materiyanın mövcudluq formalarından biridir. Zaman qavrayışı gerçəkliyin hadisələrinin obyektiv müddətinin, sürətinin və ardıcıllığının inikasından ibarətdir. Zaman qavrayışı obyektiv gerçəkliyi əks etdirməklə insana, ətraf mühitə bələdiləşmək imkanı verir.
Zaman qavrayışında müxtəlif analizatorlar iştirak edir, bununla belə kineztesik (hərəki) və eşitmə duyğuları əsas rol oynayır. Hərəkət duyğuları hadisələrin müddətini, surətini, ardıcıllığını daha dəqiq əks etdirməyi təmin edir. Bu duyğu ritmin qavranılmasında da mühüm rol oynayır.
Ritmin qavranılması, adətən hərəkətlə müşayət olunur. Psixoloqlardan B.M.Teplovun yazdığına görə «ritm hissi öz əsasına görə hərəki təbiətə malikdir». Ritmi eşitmək mümkün deyil. Biz ritmdən o zaman təsirlənirik ki, biz onu icra edirik.