Əqli nəticə prosesində təfəkkürdə vasitəli hərəkətlər xüsusi rol oynayır. Əqli nəticədə və ya yekun hökmlərdə əldə olan biliklər əsasında yeni biliklərə yiyələnmək olur, biliyə bilik vasitəsi ilə yiyələnilir, bilavasitə təcrübənin hesabına yeni biliklər mənimsənilir, obyektiv bilik prosesin son nəticəsi kimi meydana çıxır. Əqli nəticənin əsas qiyməti bundadır. Fikri akt kimi əqli nəticə üçün aşağıdakılar əhəmiyyət kəsb edir. Assosiativ prosesdən əqli nəticənin fərqi ondadır ki, nəticəyə aid etdiyimiz münasibət predmetin obyektiv məzmununu açır. Predmetin obyektivliyi hökmlərlə təfəkkürə daxil edilir və bu məlumatlar bizə qavrayışdan verilə bilər.
Əyani sxemlər əqli nəticə proseslərində əhəmiyyətli rol oynayır. Sadə əqli nəticə proseslərində şeylərin faktiki vəziyyəti ilə bağlı sxematik təsəvvürlər əmələ gəlir, ondan isə öz növbəsində nəticənin yeni məzmunu yaranır.
Əqli nəticə bir və ya bir neçə hökmə əsasən yenihökmün çıxarılmasından ibarət təfəkkür formasıdır. Məsələn, «ikinci kursun bütün tələbələri təşəkkür aldılar» və «Təranə də ikinci kurs tələbəsidir» hökmlərinə əsasən «Təranə də təşəkkür almışdır» hökmünü çıxarırıq.
Əqli nəticənin üç əsas növü qeyd olunur: induktiv, deduktiv əqli nəticə və analogiya (təşbeh).