Maddə 36-2. Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaşdırılması 36-2.1. Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. 36-2.2. Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 36-2.3. Aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər: 36-2.3.1. hamilə qadınlar; 36-2.3.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 36-2.3.3. ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində; 36-2.3.4. azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. 36-2.4. Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. 36-2.5. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 36-2.6. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. IV fəsil Təhsilin iqtisadiyyatı