Maddə 36. Təhsilverənlərin sosial müdafiəsi 36.1. Dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir. Təhsil işçilərinin
əmək haqqı və vəzifə (tarif) maaşları işçilərin funksional öhdəlikləri, peşə
xüsusiyyətləri, ixtisas dərəcəsi və iş stajı nəzərə alınaraq təyin edilir.
36.2. Dövlət və bələdiyyə təhsil müəssisəsi öz sərəncamında olan büdcədənkənar
vəsaitlər hesabına işçilərin əmək haqqına əlavələr və digər stimullaşdırıcı ödənişlər
təyin edə bilər.
36.3. Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların
vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcmi müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
36.4. Sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn
himayəsindən məhrum, ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil
müəssisələrinin, istedadlı uşaqlar üçün təhsil müəssisələrinin, eləcə də yüksək dağlıq və
sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan təhsil işçilərinin əmək
haqlarına və vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada əlavələr
olunur.
36.5. Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini
bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə
güzəştlər və stimullaşdırıcı tədbirlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
36.6. Təhsilverənlərə qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil və
yaradıcılıq məzuniyyətləri verilir.
Maddə 36-1. Pedaqoji fəaliyyətlə məşğul olma [92]
36-1.1. Azərbaycan Respublikasının təhsil müəssisələrində müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. 36-1.2. Aşağıdakı şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər: 36-1.2.1. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər; 36-1.2.2. ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;
36-1.2.3. fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər; 36-1.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər; 36-1.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.