3.Tikinti təşkilatının işçi qüvvəsi ilə təmin
olunması və iş vaxtının uçotu
Tikinti müəssisələri və birliklərində tikinti fəaliyyətini xarakterizə edən əsas iqtisadi göstəricilərdən biri olan əmək göstəricilərinə aşağıdakılar aid edilir:
1.Müəssisənin işçi qüvvəsi ilə təmin olunması səviyyəsi;
2.İşçilərin tərkibi və dinamikası;
3.İş vaxtından istifadə;
4.Əmək məhsuldarlığı;
5.Əməyin ödənilməsi fondu və işçilərin orta əmək haqqı;
Əmək göstəricilərinin hər bir elementi sərbəst olduqları kimi bir-birləri ilə sıx surətdə əlaqədardır.
Müəssisənin kifayət qədər əmək resursları ilə təmin olunması iş vaxtı itkilərinin azaldılması və əmək məhsuldarlığının yüksəldilməsi, məhsul istehsalının çoxaldılması,müqavilə öhdəliklərinin yerinə yetirilməsi və istehsalın effektliyinin yüksəldilməsi problemlərinin həllində ən vacib məsələlərdəndir.
Əmək resurslar ― əhalinin əmək qabiliyyətli hissəsi olub, fiziki və əqli əməyə malikdir, maddi nemət hazırlamaq və xidmət göstərmək qabiliyyəti vardır.Əmək resurslarının tərkibinə yaşından asılı olmayaraq ictimai təsərrüfat sferasında və fərdi əmək fəaliyyəti ilə məşğul olan, bütün əmək qabiliyyətli əhali daxildir.Əmək resursları ictimai istehsalatda iştirakına görə 2 hissəyə ayrılırlar.
1.fəal (fəaliyyətdə olan)
2.passiv (potensial)
Beləliklə, əmək resursları həqiqi və potensial işçilərdən ibarətdir.
Azərbaycanda əmək resurslarına aiddir:
a)işləməyən və I və II qrup müharibə və əmək əlilləri və əmək qabiliyyəti yaşında işləməyən şəxslər, güzəştli şərtlərlə qocalığına görə pensiyaçılar istisna olmaqla, əmək qabiliyyəti yaşında əhali.
b)xalq təsərrüfatında məşğul olan əmək qabiliyyəti yaşından az və çox olan əhali.
Əmək qabiliyyətli əhali-özünün psixoloji əlamətlərinə görə əmək fəaliyyətində iştirak edən, əsas etibarilə əmək qabiliyyəti yaşında olan şəxslərin cəmidir.Əmək resurslarının kəmiyyəti rəsmi müəyyən edilmiş yaş sərhəddindən asılıdır.Yaş sərhədləri mövcud qanunvericiliklə müəyyən edilir.
Azərbaycanda əmək qabiliyyəti yaşında hesab edilir: kişilər 16-62 (daxil olmaqla), qadınlar 16-57 (daxil olmaqla).
Praktikada ümumi və peşəkar əmək qabiliyyətini fərqləndirilər. Ümumi əmək qabiliyyəti-insanda fiziki, psixoloji, yaş məlumatlarının mövcudluğunu nəzərdə tutaraq onun əməyə qabiliyyətini müəyyənləşdirir və xüsusi hazırlıq zəruriliyini tələb etmir. Peşəkar əmək qabiliyyəti-xüsusi öyrənmə vaxtında əldə edilən əməyin konkret növünə qabiliyyətdir.
Bazar rəqabəti şəraitində daxili və xarici bazarlara yüksək keyfiyyətli istehlakçıların tələbinə uyğun çeşidlərdə, ucuz və mənfəətli, daha tez reallaşdırılan məhsul istehsalı iş yerlərinin yüksək ixtisaslı fəhlə kadrları ilə təmin olunmasını, iş vaxtından tam istifadəni tələb edir. İş yerlərinin ixtisaslı fəhlə kadrları ilə təmin olunması və iş vaxtı itkilərinin azaldılması istehsalın mənfəətliyinin yüksəldilməsində həlledici rol oynayır.
Müəssisənin əmək resursları ilə təmin olunması və onlardan istifadənin təhlili qarşısında duran əsas vəzifələr aşağıdakılardır:
1.Bütövlükdə müəssisə üzrə işçilərin faktiki sayının plana uyğun olması;
2.Mövcud əmək resurslarının strukturu və dinamikasını təyin etmək;
3.İş vaxtından istifadəni və iş vaxtı itkilərinin istehsalın həcminə təsirini təyin etmək;
Müəssisənin əmək resursları ilə təmin edilməsini peşələr və kateqoriyalar üzrə işçilərin faktiki miqdarını plan təlabatı ilə müqayisə edirlər. Buna görə təhlil zamanı əmək resurslarının strukturu öyrənilir.Müəssisənin işçi qüvvəsi ilə təmin olunmasının və o cümlədən, işçilərin tərkibi və dinamikasının qiymətləndirilməsində istifadə olunan göstəricilərdən biri də işçi heyətinin quruluşu hesab olunur.İşçi heyətinin quruluşu ayrı-ayrı qrupdan olan işçilərin sayını cəmi işçilərin sayına bölməklə tərkibində müəyyən edilən xüsusi çəki göstəricisi ilə xarakterizə edilir.
Müəssisənin hesabat dövrü üçün tikinti istehsal heyətinin istər plan, istərsə də hesabat üzrə məhsul istehsalı həcminin dəyişməsi öz növbəsində işçi sayına tələbatın dəyişməsinə də təsir göstərir.Bu baxımdan müəssisənin işçi qüvvəsinə olan tələbatının ödənilməsi səviyyəsini düzgün müəyyən etmək üçün məhsul buraxılışının həcmi də nəzərə alınmalıdır. Məhsul buraxılışının həcmi nəzərə alınmaqla işçi qüvvəsinə olan tələbatı müəyyən etmək üçün hesabat dövründə planda nəzərdə tutulmuş işçilərin sayını məhsul istehsalı planının yerinə yetirilməsi faizinə vurduqdan sonra əldə etdiyimiz nəticəni müəssisədə həqiqətdə mövcud olan fəhlələrin sayı ilə müqayisə etmək lazımdır. Fəhlələrin hesabat dövründəki faktiki sayının plandan kənarlaşması, müəssisənin fəhlə qüvvəsi ilə təmin olunması səviyyəsini və ya müəssisənin fəhlələrlə tələbatdan artıq və ya kəsirlə təmin edilməsi səviyyəsini göstərir. Bu qayda ilə aparılan hesablama müəssisənin fəhlə qüvvəsi ilə təmin olunmasının mütləq və ya nisbi kənarlaşmasını da müəyyənləşdirməyə imkan verir.
Elmi-texniki tərəqqinin sürətləndiyi müasir şəraitdə tikinti müəssisələrində əmək məhsuldarlığının yüksəldilməsinə, iş vaxtından səmərəli istifadə olunmasına və ümumiyyətlə, işçi qüvvəsindən istifadənin səmərəliliyinin yüksəldilməsinə təsir göstərən amillərdən biri də fəhlələrin ixtisas səviyyəsi hesab olunur. Tikinti –istehsal heyətinin tərkibini təhlil edərkən onların peşələr, təhsil səviyyəsi, iş stajı, cinsi üzrə qruplaşdırılması mühüm əhəmiyyət kəsb edir. Məsələn, mühəndis-texniki işçilərin tərkibi təhsil səviyyəsi üzrə təhlil edildikdə ali, natamam ali və orta texniki təhsili olan mütəxəssislər ayrıca göstərilir.
Müəssisənin ixtisaslı kadrlarla təmin olunmasının öyrənilməsində orta tarif dərəcəsi göstəricisindən geniş istifadə olunur.O, müvafiq dərəcələr üzrə fəhlələrin sayı üzrə tarif dərəcələrinin çəkisinin orta hesab göstəricisi kimi hesablanır.məsələn: əgər fəhlələrin dərəcələr üzrə sayı: I -30 nəfər, II-18 nəfər, III-100 nəfər, IV-110 nəfər, V-60 nəfər, VI-70 nəfər, cəmi-388 nəfərdirsə, onda orta tarif dərəcəsi 3.93-ə bərabərdir.Yəni:
(30 x 1+18 x 2+100 x 3+110 x 4+60 x 5+70 x 6):(30+18+100+110+60+70)=3.93
Orta tarif dərəcəsi haqqında məlumatlardan fəhlələrin ixtisas səviyyəsinin yerinə yetirilən əməliyyatların mürəkkəbliyinə uyğunluğunun müəyyən edilməsi üçün istifadə edilir. Belə ki, əgər yerinə yetirilən işlərin orta tarif dərəcəsi 4.2-ə bərabərdirsə, onda təşkilat fəhlələrin ixtisasının 3.93-dən 4.2-ə qaldırılmasını nəzərdə tutmalıdır. İxtisasın yüksəldilməsi həm işləyən fəhlələrin öyrədilməsi yolu ilə və yaxud yüksək ixtisaslı fəhlələrin işə qəbul edilməsi və aşağı ixtisaslı fəhlələrin işdən azad edilməsi hesabına əldə oluna bilər.
Tikinti müəssisələrində ayrı-ayrı peşələr və dərəcələr üzrə işçi qüvvəsinə olan tələbatın ödənilməsi yüksək keyfiyyətli məhsul (iş və xidmətlər) istehsalının çoxaldılmasında həlledici rol oynayır. Bu və ya digər texnoloji prosesi başqa peşələrə yiyələnmiş fəhlələr yaxud yuxarı dərəcələrdə işlər aşağı dərəcələrdə fəhlələr tərəfindən icra edildikdə işlərin keyfiyyəti və əmək məhsuldarlığı aşağı düşür,bəzən də işlərin təkrar görülməsi zəruri olur. Məsrəflərin və əmək tutumunun artmasına baxmayaraq, aşağı keyfiyyətdə məhsul ucuz qiymətlərlə, həm də çətin satıldığına görə istehsalın effektliyi azalır. Aşağı dərəcədə işlərin icrası yuxarı dərəcələrdə fəhlələrə həvalə edildikdə əmək məhsuldarlığı və məhsulun (işin və xidmətin) keyfiyyəti artır. Bu halda əmək haqqı xərclərinin əmək məhsuldarlığına nisbətən üstün artımına yol verilir, ki bu da müəssisə üçün faydalı olmur. Buna görə də təhlil zamanı bütövlükdə müəssisə üzrə fəhlələrə olan tələbata dair ümumi göstəriciləri təhlil etməklə yanaşı ayrı-ayrı peşələr və ixtisas dərəcələri üzrə fəhlələrə olan tələbatın ödənilməsi təyin edilir.
Hazırda sərbəst bazar iqtisadiyyatına keçid dövründə müəssisələrdə əməyin təşkili, ödənilməsi sistemi və onun müəyyən olunması ilə əlaqədar olaraq hüquqlar xeyli genişlənmişdir. İş verənlə işə qəbul olunan işçilər arasındakı münasibətlər bilavasitə onların arasında bağlanmış müqavilələrdə və mövcud olan qanunvericiliklə tənzimlənir.
İşə götürənlərin vəzifəsi aşağıdakılardır:
-əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, əmək qanunvericiliyinə aid normativ hüquqi aktların tələblərini yerinə yetirmək;
-kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək;
-əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi, əmək normaları və əməyin qiymətləndirilməsi;
-işçilərin qanunvericilikdə müəyyən olunmuş məcburi dövlət sığorta edilməsi;
-sanitar-məişət və müalicə-profilaktik xidmətin təşkili;
-qanunvericikdə müəyyən olunmuş qaydada əməyin təşkili və işçilərin istirahətinin təmin olunması;
-işçilərin xüsusiləşdirilmiş formada geyimləri, ayaqqabı və digər müdafiə formaları ilə təmin olunması;
Müəssisələrdə işçi heyətinin şəxsi heyətinin uçotunun aparılması təşkil olunmalıdır. Belə ki, bütün işçilərin işə qəbul olunması, tutduqları vəzifələr, üzrə yerdəyişmələri, onlrın ixtisaslarının təkmilləşdirilməsi, peşəkarlığın artırılması, ailə vəziyyəti və s. sənədləşdirilməlidir. Göstərilən əməliyyatın icrası əyani-texniki uçot olmaqla müəssisənin kadr xidməti tərəfindən aparılır.
İlkin sənəd işçinin işə qəbul olunmasına dair müəssisə rəhbərinin əmridir. Bu mərhələdə işə qəbul olunanla onun vəzifəsi, ödənilən əmək haqqı, iş qaydaları, istirahət vaxtı və s. müəyyənləşdirilir.t Tərtib olunmuş əmrdə qəbul olunan şəxsin adı, soyadı, atasının adı, vəzifəsi, iş yeri, əmək haqqı, tarif dərəcəsi, müəssisədə işləyəcəyi dövr göstərilir.
Qeyd olunmalıdir ki, mövcud olan qanunvericiliyə görə işçi qəbul olunarkən əmək kitabçası, pasport, təhsil haqqında sənəd, hərbi bilet (hərbi xidmətçilər üçün) təqdim edilməlidir. Başqa sənəd tələb etmək mövcud qanunvericiliyə görə qadağan edilmişdir.
Tərtib olunmuş əmr müəssisə rəhbəri tərəfindən imzalandıqdan sonra, qəbul olunan şəxs həmin əmrlə tanış olunmalıdır. Bundan sonra əmr mühasibatlığa təqdim olunur və bu əsasda qəbul olunan şəxs üçün şəxsi hesab açılır.Müəssisədə işə düzələn şəxslə müəssisə arasında müqavilə bağlanılır. Müqavilədə iş şəraiti, iş vaxtı, ödəniləcək əmək haqqı, sosial təminat və s. əks olunur. 5 gün müddətində işə qəbul olunmuş şəxsin əmək kitabçasında onun işə başlamasına dair yazılış aparılmalıdır.
Bütün işçilərə şəxsi hesab bir nüsxədən ibarət açılır. Həmin şəxsi hesabda işçini
xarakterizə edən bütün göstəricilər əks olunur. Şəxsi hesab xüsusi müəyyən olunmuş qutuda saxlanılır. Əgər işçi bir vəzifədən başqa vəzifəyə keçirilirsə, bununla əlaqədar olaraq əmr verilir. Əmrdə şəxsin keçdiyi vəzifə, əmək haqqı göstərilir. Əmr 2 nüsxədə tərtib olunur, onun bir nüsxəsi kadr şöbəsində, digər nüsxə isə mühasibatlığa verilir. İşçinin məzuniyyətə getməsi də əmrlə rəsmiyyətə salınır. Hər bir müəssisədə ilin əvvəlində işçi heyətinin məzuniyyətə getmələrinə dair xüsusi qrafik üzrə məzuniyyətdən istifadə edirlər
Hər hansı bir işçi oz fəaliyyətini dayandırmaq istəyirsə, ərizə ilə müəssisə rəhbərinə müraciət edir və onun işə qəbul olunması ilə əlaqədar bağlanmış müqavilənin dayandırılmasını xahiş edir. Bu halda müəssisə rəhbəri əmrlə həmin şəxsi tutduğu vəzifədən azad edir. Əmrin bir nüsxəsi mühasibatlığa verilir və bu əsasda mühasibatlıq işdən azad olunmuş şəxs üzrə son hesablaşma əməliyyatı aparır.
Əmək kitabçası hər bir şəxs üçün onun iş fəaliyyətini göstərən əsas sənəd hesab olunur. Müəssisədə 5 gündən artıq işləyən şəxsə əmək kitabçası doldurulur.Əmək kitabçası həmin şəxsin iş stajının müəyyən olunması, təqaüd dövrünün hesablanması üçün əsas sayılmaqla, ciddi hesabat sənədi hesab olunur.Hər bir müəssisədə əmək kitabçası ciddi qorunan sənəd kimi saxlanılır və işçi işdən çıxarkən kitabça həmin şəxsin özünə təqdim olunur.
Müəssisənin istehsal xarakterindən və təşkilati-hüquqi formasından asılı olmayaraq əmək hüquqi normaları müəyyən olunmuşdur. Bu normalar Azərbaycan Respublikasının Əmək Məcəlləsində əks olunmuşdur.
Müəssisədə işçilərin miqdarı və onların işlədikləri vaxtlar operativ qaydada ilkin sənədlər əsasında aparılır.İş vaxtının uçotunu tabellərə əsasən (T-12 və T-13 №-li formalar) tabelçi aparır.Briqada podratı sistemində həmin vəzifəni briqadir, işçilərin sayı çox olduqda isə briqada şurası tərəfindən müəyyən olunmuş şəxs yerinə yetirir. Üzürlü və üzürsüz səbəblərdən işə çıxmamaq, gecikmə və ya xəstəlik halları olduqda onlar müəyyən olunmuş qaydada sənədlərlə rəsmiyyətə salınır. Həmin sənədlər daha sonra tabelçiyə verilir. Tabelçi aldığı sənədlərə əsasən işə çıxma tabelində qeydiyyat aparır və onu müəssisənin mühasibatlığına təqdim edir.
Beləliklə, bir qayda olaraq bütün işçilərin işdə iştirakı, işə gəlməmək və işə gecikmə halları tabel uçotunda əks etdirilir. Bunlarla yanaşı xəstəlik vərəqəsi ilə işə çıxmayan, dövlət ictimai vəzifələrin yerinə yetirilməsi, iş vaxtından artıq işləyən işçilərin də uçotu aparılır.
Təcrübədə müəssisənin işçi heyətinə əməyin ödənilməsində iş vaxtından səmərəli istifadənin böyük əhəmiyyəti vardır.Ümumiyyətlə,əsas iş vaxtını işləmək vaxtına,iş vaxtını işləməklə ödənmə vaxtına bölmək olar.Əsas iş vaxtının göstərilən bölgüsünə aşağıdakılar daxildir:
1.İş vaxtının işləmək vaxtına iş günü ərzində işləmək,əsas iş günü ərzində əlavə saatlar üzrə işləmək,istirahət və bayram günlərində işləmək daxildir;
2.İş vaxtının işləməməklə ödənmə vaxtına illik məzuniyyət vaxtı,xidməti ezamiyyət vaxtı,boşdayanma vaxtı,dövlət və ictimai vəzifələrin yerinə yetirilməsi vaxtı,xəstəliyə görə müvəqqəti əmək qabiliyyətininn itirilməsi və s. aiddir.
Müəssisənin bütün işçilərinə görülən işin kəmiyyət və keyfiyyətinə görə müəyyən dövr ərzində (ay,rüb,il) hesablanmış pul vəsaiti əmək haqqı fondunu təşkil edir.Əmək haqqı fonduna hesabat dövründə pul formasında işçi heyətinə ödənilən müəyyən olunmuş tariflər üzrə əmək haqqı, mükafat və digər ödəmələr,xüsusi şəraitdə tətbiq edilən əmək haqqı (əmək şəriti ağır və zərərli olan işlərdə),gecə iş şəraitinin ödənməsi üzrə,istirahət və bayram günlərindəki işləməyə görə ödəmə, məzuniyyət və s.ödəmələr əmək haqqı fonduna daxil olunur.Müəssisələrdə işçilərlə əmək haqqı ilə əlaqədar hesablaşma, onun hesablaşma forması ilə müəyyən olunur.Hazırda əməyin ödənilməsinin bir neçə növü vardır.Həmin formalar sırasında əmək haqqının ödənilməsinin vaxtamuzd, işəmuzd və akkord formaları daha geniş istifadə olunur.
Vaxtamuzd əmək haqqı formasında əsas göstəricisi işçinin işlədiyi vaxtın miqdarından və tarif dərəcəsindən asılıdır.Hər bir müəssisə sərbəst şəkildə əmək haqqının ödənmə sisteminin, əmək haqqı məbləğinin həcmini, tarif dərəcələrini, ayrı-ayrı işçi qrupları üzrə əmək haqqının ödənmə həcmini və ilin nəticəsi ilə əlaqədar olaraq mükafat ödənməsi qaydalarını təsdiq edir.Bütün bu göstəricilər bir qayda olaraq kollektiv müqavilələrdə və normativ sənədlərdə əks olunur.Vaxtamuzd formanın mükafat formasının tətbiqi zamanı işçilər müsbət əmək göstəriciləri müqabilində işlənmiş vaxta görə nəzərdə tutulmuş əmək haqqına nisbətən müəyyən faizlə mükafatlana bilər.
İşəmuzd əmək haqqının ödənmə formasında işçilərin müəyyən olunmuş dərəcələr üzrə istehsal etdiyi məhsulun miqdarı, yerinə yetirdiyi işin həcmi ilə ölçülür. İşəmuzd əmək haqqının işəmuzd-mükafat formasında işçilərin müəyyən olunmuş istehsal normalarının artıqlaması ilə yerinə yetirilməsi və keyfiyyət göstəricilərini yüksəltdikdə mükafat formasının ödənməsi sistemi müəyyən olunmuşdur.
Əmək haqqının ödənməsinin akkord formasında müəyyən konkret işin yerinə yetirilməsi nəticəsində aparılan ödəniş sistemi nəzərdə tutulur.Əmək haqqının akkord ödəniş sistemində əmək haqqının həcmi hər bir məhsul istehsalı üzrə deyil, görüləcək işin ümumi həcmi üzrə müəyyən olunur.Görüləcək işin ümumi dəyərin məbləği norma-vaxtla və tariflə müəyyən olunur.Görüləcək iş həcmi üzrə konkret icra planı müəyyən olunur və onun icra vaxtı əvvəlcədən müəyyənləşdirilir.Bu forma tikinti təşkilatlarında, avtonəqliyyat müəssisələrində, auditor xidmətinin təşkilində və sairə məhsul istehsalı nəticəsi ilə əlaqədar olaraq tətbiq olunur.
Tikinti müəssisələrində fəhlə heyətinə əmək haqqı əsasən vaxtamuzd formasında ödənilir.Bu formada əmək haqqının hesablanması sistemində hər bir işçinin tarif norması və işlədiyi günlərin sayı müəyyən olunmalıdır.Burada əsas sənəd işçi heyətinin iş vaxtının tabel uçotunun təşkilidir. Aylıq əmək haqqının müəyyən etmək üçün müəyyən olunmuş tarif norması işlənən (saatlar nəzərə alinmaqla) günlərin sayına vurulmalıdır.
İşçilərin şəxsi heyətinin tabel uçotu müəssisələrdə kadrlar şöbəsinin işçisi tərəfindən aparılır.Hər bir işə qəbul olunmuş (daimi, müvəqqəti, mövsümi) işçi üçün şəxsi hesab açılır və ona tabel norması müəyyən olunur.Şəxsi hesabda işçiyə aid olan bütün məlumatlar ona hesablanmış əmək haqqı və tutulmalar göstərilir.Şəxsi hesab forması aşağıdakı formada tərtib olunur.
Şəxsi hesab (qısaldılmış formada)
Təyin olunub, vəzifəsi dəyişib, məzuniyyət, xəstəlik, azad olunub və s.
|
Tarix
|
Sənəd
|
Yazılışın məzmunu
|
Şöbə
|
İxtisası, vəzifəsi
|
Dərəcəsi, okladı
|
Nə vaxtdan işləyir
|
Nə vaxta qədər
|
İş vaxtının uçotu isə aşağıdakı formada iş vaxtının uçotu tabeliyində əks olunur.
№
|
Tabel №si
|
Adı,soyadı atasının adı
|
Razryad (oklad)
|
İxtisası, vəzifəsi
|
Ayın günləri
|
İşə gəlib
|
İşə gəlməyib
|
İşlədiyi saatlar
|
1
|
2
|
3
|
|
|
|
1.
|
1.
|
Əliyev S.N
|
120.000
|
Direktor
|
8
|
8
|
İ
|
|
|
|
2.
|
2.
|
Vəliyev T.K
|
100.000
|
Baş mühasib
|
X
|
8
|
1
|
|
|
|
3.
|
3.
|
Qasımov İ.
|
6000
|
Kassir
|
M
|
8
|
8
|
|
|
|
İ-istirahət, M-məzuniyyət, X-xəstəlik
|
İşçi vaxtının uçotu üzrə tabeldə əmək haqqı üzrə hesablanmış və tutulmuş məbləğlər hesablaşma-ödəmə cədvəlinə köçürülür və bütün işçi heyəti üzrə ödənmə yekunlaşdırılır.Hesablaşma-ödəmə cədvəlində bir işçiyə çatası əmək haqqının məbləği və əmək haqqını alan şəxsin imza etməsi üçün artıq sütun göstərilir.
Hesablaşma-ödəmə cədvəli müəssisə rəhbəri və baş mühasibin imzasından sonra ödənməsi üçün kassirə təqdom olunur.
Əmək haqqının hesablanması və ödənməsi sistemində müxtəlif iş rejimlərində əməyin ödənilməsi də çox vacibdir.
Müəssisələrdə gecə iş vaxtının ödənməsi saat 22:00-dan 6:00-dək olan iş vaxtını nəzərdə tutur.Gecə iş vaxtı bir qayda olaraq əmək müqavilələrdə nəzərdə tutulur və görülən işin həcmi yüksək tarif dərəcələri ilə ödənilir.Gecə iş vaxtı ay müddətində tabel uçotunda əks olunur və ödənmə sistemi müəssisə üçün müəyyən olunmuş norma və qaydalarla ödənilir.
Əsas iş vaxtından əlavə işlənmiş iş saatların ödənməsi iş vaxtı tabel uçotu, görülmüş işlər üzrə naryadlar və mühasibatlıq tərəfindən tərtib edilmiş arayış əsasında aparılr. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin ödənmə sistemində ilk iki saat, saatlıq tarif maaşının bir yarım məbləğində, sonrakı saatlar isə ikiqat məbləğində ödənilir. İş vaxtlarından artıq işlənən saatlar üzrə əlavə istirahət günü verilməsinə icazə verilmir.
İstirahət və bayram günlərində icra olunmuş işlər bilavasitə texniki cəhətdən istehsalın dayandırılması mümkün olmayan və əhaliyə xidmətlə əlaqədar olan müəssisələrdə icra olunur. Həmin günlərdə yerinə yetirilən işlər üzrə əmək haqqı tarif dərəcəsində müəyyən olunmuş normaların ikiqat məbləğindən az olmamaqla ödənilir. Əgər işçi vəzifə təlimatında nəzərdə tutulmayan işi yerinə yetirirsə, əmək haqqı üzrə əlavə ödəmələr tərəflərin razılığı əsasında müəyyən olunmuş həcmdə ödənilir. Belə halda işçinin arzusunu nəzərə alaraq ona başqa gün əvvəllər işlədiyi günlər hesabına istirahət verilə bilər. İstirahət günlərində görülən işlərin dəyəri ikiqat həcmdə ödənilir və ya başqa gün istirahət verilə bilər.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müəyyən etdiyi qaydalara müvafiq olaraq bütün işçilərə hər il əmək məzuniyyəti verilir. İşçilərin aşağıdakı məzuniyyət növlərindən istifadə etmələri müəyyən olunmuşdur.
1.Əsas və əlavə məzuniyyətlər nəzərə alınmaqla əmək məzuniyyəti;
2.Uşağına qulluq etmək üçün qadınların sosial məzuniyyəti;
3.Təhsil və elmi yaradıcılıqla məşğul olanlara verilən elmi məzuniyyət;
4.Ödənişsiz məzuniyyət.
Mövcud qanunvericiliyə görə bütün işçilərə ödənişli əsas məzuniyyət 24 təqvim günündən az olmayaraq verilir, vəzifə yeri, orta əmək haqqı saxlanılır. Bəzi işçilərə işin xarakterindən asılı olaraq əlavə məzuniyyət verilə bilər. Məzuniyyət dövrü üçün əmək haqqının hesablanması və qaydaları mövcud olan qanunvericiliklə tənzimlənir.
Məzuniyyət günlərinin əmək haqqını müəyyənləşdirmək üçün məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmini 12-yə bölməklə orta aylıq əmək haqqı məbləği müəyyən olunur və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Müəyyən olunmuş bir günlük əmək haqqı məbləği müəyyən edilir.
Əgər işçi içdən azad olunaraq başqa müəssisədə işləməyə keçirsə, belə halda istifadə olunmayan məzuniyyət dövrünə müavinət hesablanmalıdır.Bu halda hər istifadə olunmayan məzuniyyət ayına 2 gün məzuniyyət verilməlidir.Yəni əgər işdən azad olan şəxs keçmiş məzuniyyət dövründən həmin vaxta qədər 7 ay işləmişsə ona istifadə olunmayan məzuniyyət hesabına 14 günlük (7 x 2=14) məzuniyyət hesablanmalıdır. Mövcud qanunvericiliyə görə işçi müəssisədən vəzifəsinin ixtisar olunması ilə əlaqədar azad olunarsa, ona bir aylıq əmək haqqı həcmində yardım ödənilməlidir.
İstifadə edilən ədəbiyyat siyahısı
1. Mahmudov İ. M., Zeynalov T.Ş., Quliyev F. M. " İqtisadi təhlil "(dərslik)
2. Namazəliyev Hüseyn İbad oğlu "Sənaye müəssisələrinin təsərrüfat
fəaliyyətinin iqtisadi təhlili"
3. Telman Hüseynov "Müəssisənin iqtisadiyyatı" Bakı-2005
4. Hənifə Cəfərli "İqtisadi təhlil"
5.Ramil Əliyev "İqtisadi təhlilin nəzəriyyəsi"
6.Qəhrəman Rzayev "Mühasibat uçotu və audit" Bakı-2008
7.İbad Abbasov "Audit" Bakı-2007
8.www.firststeps.az
Dostları ilə paylaş: |