Şifahi nitqi xarakterizə edən başlıca cəhət onun eşidilməsidir. Bu nitq danışılan, söylənilən, səslənən nitqdir. O, əl-qol, bədən hərəkətləri, üz, göz, qaş, dodaq, (mimika) hərəkətləri və səsin ahəngi ilə müşayət olunur, başqa cür desək, şifahi nitqdə danışan intonasiyadan, mimika və jestikulyasiyadan istifadə edə bilir. Şifahi nitqin ayrılmaz hissəsi olan səsin ahəngi və bədən üzvlərinin hərəkətləri sözlərlə verilən fikri müxtəlif çalarda çatdırmağa əlavə imkan yaradır.