POMPEYİN VƏ SEZARIN YÜKSƏLİŞİ
Romanın daxilində bu hadisələr baş verən vaxt dövlət Şərqdə də öz nüfuzunu
saxlamaq üçün yenidən müharibə aparmağa məcbur olmuşdu. 60-cı illərin sonunda
romalılar Pont çarı Mitridatla yeni müharibə aparırdılar. Lukull əvvəlcə onun
üzərində böyük qələbələr çalmışdı, lakin sonralar Roma əsgərləri arasında narazılığın
yaranması və hərbi əməliyyatların ləng getməsi Mitridata yenidən öz çarlığında
möhkəmlənməyə imkan verdi. Bu vaxt baş komandanlığın Qney Pompeyə verilməsi
qərara alındı. Pompey həmin dövrün ən tanınmış şəxsiyyətlərindən biri idi. O, 67-ci
ildə Aralıq dənizindəki quldurlara qalib gəlməklə, böyük şöhrət tapmışdı, çünki bu,
ticarət üçün geniş imkanlar açırdı.
Gənc çağlarında o, Sulla tərəfdarı olmuşdu. Lakin Krassla birlikdə konsul
olduqda isə Sulla tərəfindən ləğv edilmiş xalq tribunlarının səlahiyyətlərini bərpa
etmişdi, həm də bu vaxt atlıların məhkəmədə iştirakına imkan yaradılmışdı. Bununla
da Sulla konstitusiyası ləğv edilmişdi.
Pompey sərkərdə üçün lazım olan keyfiyyətlərə - hərbi işdə səriştəliliyə,
igidliyə, nüfuza və bəxti gətirmək kimi xüsusiyyətə malik idi. Həm də Pompeydə
digər ləyaqətlər də - təmənnasızlıq, özünü müəyyən həddə saxlamaq, vicdanlılıq, ağıl
və humanistlik var idi.
Bu dövrdə xalq tribunu seçilən və Pompeyin qaynı olan Metell Nepot
Pompeyin Şərqdən qayıtması üçün yolları təmizləməklə məşğul olurdu. O, həm də
Tsitserona qarşı fəal kampaniya başladı və onu Roma vətəndaşlarını qanunsuz olaraq
edam etməkdə ittiham etdi. Onların mübahisələri bəzən əndazədən çıxırdı. Bu barədə
Plutarx yazır ki, bir dəfə senatda Metell Nepot ucadan Tsitserona "Axı sənin atan
kimdir?" sualını verdikdə, hazırcavab Tsitseron belə cavab vermişdi ki, "Sənin
ananın hesabına bu suala məndən fərqli olaraq, sənə cavab vermək daha çətin
olacaqdır". Doğrudan da, Romada Nepotun anası təmiz əxlaqa malik olmayan qadın
kimi tanınırdı. Nepot 62-ci ilin əvvəlində artıq Tsitseronu məhkəməyə vermək
barədəki niyyətini açıqca bildirirdi. Bu vaxt Sezar da Metelli dəstəkləyirdi. Onlar
qarşıdakı dövlət çevrilişinə hazırlıq görürdülər, bu çevrilişi isə ordusu ilə Şərqdən
qayıdan Pompey həyata keçirməli idi. Bu məqsədlə onlar qiyabi olaraq Pompeyin
konsul seçilməsinə iczaə verilməsinə cəhd edirdilər və istəyirdilər ki, Katilinaya qarşı
müharibə aparmaq üçün o, Asiyadan geri çağırılsın.
Lakin bu təklif Katonun ciddi müqaviməti ilə qarşılaşdı. Öz tribun
toxunulmazlığından istifadə edən Katon və onun bir kolleqası intertsessiya və ya veto
qoymaq hüququndan istifadə etdilər. Bu vaxt qarışıqlıq düşdü və az qala Katonu
öldürmüşdülər. Bu qarmaqarışıqlığa səbəb olduqlarına görə, Metell və Sezar öz
vəzifələrindən kənarlaşdırıldılar və konsullara fövqəladə səlahiyyətlər verildi.
Bundan sonra Metell Pompeyin arxasınca yollandı. Sezar isə senatın qərarına
məhəl qoymayaraq, pretor səlahiyyətlərini icra etməkdə davam edirdi və bir azdan o,
öz vəzifəsinə rəsmi qaydada da bərpa edildi. Katon bu vaxt dövlət hesabına pulsuz
çörək alanların sayını xeyli artırmışdı və bu dövlətə çox böyük xərclərə başa gəlirdi.
Bu yolla Katon plebs arasında Sezarın nüfuzunun artmasına imkan vermirdi.
Katilina tar-mar edildikdən sonra Pompey xahişlə müraciət etdi ki, onun
gəlməsinə qədər konsul seçkilərini təxirə salsınlar ki, bu seçkilərdə leqatı Mark
120
Pisona köməklik göstərə bilsin. Lakin heç Pompeyin köməyinə də ehtiyac olmadı və
Pison konsul seçildi. Ancaq Pompeyin qayıtması, onu səbirsizliklə gözləyənlərin
ümidlərini heç də doğrultmadı. Onlar Pompeyin ordu ilə qayıtmasını və bununla da
vətəndaş müharibəsinin başlanmasını arzulayırdılar.
62-ci ilin dekabrında Mitridat üzərində parlaq qələbədən sonra İtaliyaya
qayıdan Pompey isə senatın və komitsianın heç bir qərarını gözləmədən öz ordusunu
buraxdı, köhnə qaydalara uyğun olaraq Romaya sıravi vətəndaş kimi qayıtdı və şəhər
divarının yanında ona triumf keçirməyə icazə verilməsini gözlədi. Qanuna riayət
etməkdə onun bu hərəkəti yalnız əcdadların adətləri ilə müqayisə oluna bilərdi. Bu
onun tərəfindən ikinci dəfə təkrar olunurdu. 70-ci ildə də gözlənildiyinə baxmayaraq,
öz ordusunu buraxmışdı, hər iki dəfə o, yazılmamış Roma konstitusiyasının
tələblərinə, köhnə adətlərə əməl etmişdi. Tale bir dəfə də - 52-ci ildə ona böyük uğur
vəd edən bir şans bəxş etmişdi, həmin vaxt o, "kolleqasız" konsul seçilmişdi, qeyri-
məhdud hakimiyyətə malik idi, lakin yenə də bu vəziyyətdən sui-istifadə etmək və
onu möhkəmləndirib, qeyri-adi konsulluq müddətini uzatmaq istəmədi.
O, hər şeyə "vicdanlı" qaydada, düzgünlüklə nail olmağa can atırdı. Pompey
bu hərəkətləri ilə əslində çar tacından imtina edirdi. İlk dəfə olaraq Pompey
"printsipat" təsis etdi, lakin Avqustun sonralar tətbiq etdiyi printsipatdan bu əsaslı
surətdə fərqlənirdi, axırıncının printsipatı daha çox monarxiyaya bəzəyirdi və bunun
təsbit olunmasına yol açırdı. Lakin Pompeyin qanunlara və adətlərə belə ciddi riayət
etməsi ona heç bir dividend gətirmədi, heç bir şərəf bəxş etmədi. Ona görə də onun
gəlməsi nə qədər böyük ümidlərlə gözlənilsə də, bir neçə gündən sonra yaddan çıxdı
və daha aktual hadisələrlə sıxışdırılıb unuduldu.
Bu vaxtlar Klodi işi deyilən hadisə baş verdi və bu hadisə siyasi atmosferin
gərginləşməsinə səbəb oldu. Katilina qəsdindən sonra senat əleyhinə olan qüvvələr
yenə baş qaldırdılar. Kvestor vəzifəsində olan Klodi bundan əvvəl xeyirxah ilahə
şərəfinə olan bayramda qadın paltarında Sezarın arvadı Pompeya ilə görüşə gəlmişdi.
Adətə görə isə qadınların keçirdiyi bu bayramda heç bir kişi iştirak edə bilməzdi.
Klodini tanıyan qulluqçu qız bu işin üstünü açmış və Klodi buradan qaçmışdı. Dini
adətlərə belə hörmətsizliyə görə Klodi mühakimə olunmalı idi. Nəhayət, 61-ci ilin
mayında Klodi üzərində məhkəmə quruldu. Onu hər cür əxlaqsızlıqda və
zinakarlıqda ittiham edirdilər. Hətta Lukull Klodini öz doğma bacısı ilə, bu qadın
Lukullun özünün arvadı idi, intim əlaqədə günahlandırırdı. Sezar isə arvadı
Pompeyanı boşadı və səbəbini soruşduqda deyirdi ki, mənim arvadımın üzərinə
şübhə kölgəsi də düşməməlidir. Klodi hakimləri ələ aldığından, o, bəraət qazandı.
Məhkəmə prosesində onun Romada olmaması barədə alibisinin yalan olduğunu sübut
edən Tsitseronla onun düşmənçiliyi başlandı.
60-cı il üçün konsul seçkisi keçirildikdən sonra Pompeyin iki günlük dəbdəbəli
triumfu qeyd edildi. İzdihamın qarşısında aparılan iki iri cədvəldə onun böyük
qələbələri sadalanırdı, o, 22 çar üzərində qələbə çalmış, Roma ərazilərini Fərat
çayına qədər çatdırmış, dünyanın üç qitəsində torpaqlar zəbt etməklə, dövlətin
xəzinəsinə daxil olan gəliri 70 faiz artırmışdı. Bundan sonra onun əldə etiyi
qənimətlər, daş-qaşlar, sərvətlər göstərilirdi. Sonrakı gün isə "diri qənimətlər"
nümayiş etdirildi. Müxtəlif ölkələrdən olan əsirlərdən sonra, tanınmış əsirlər keçirdi,
Onların içərisində Mitridatın yeddi oğlu, həmçinin oğlu və iki qızı ilə İudeya çarı
121
Aristobul, Ermənistan çarı Tiqranın oğlu, dəniz quldurlarının başçıları, alban və iber
knyazları keçirdi. Zəfər çalmış Pompey özü mirvari ilə bəzənmiş döyüş arabasında,
rəvayətə görə Makedoniyalı Aleksandrın vaxtilə geydiyi tunikada gəlib keçdi. Bu
Pompeyin nüfuzunun zahiri tərəfi idi, mahiyyətinə gəldikdə isə ona heç nə vəd
etmirdi. Bu cəhət bir az sonra özünü daha aydın biruzə verdi.
Lukull Pompeylə köhnə haqq-hesabını çəkmək üçün ona qarşı düşmənçilik
kampaniyası başladı. Onun torpaq paylanması barədəki qanun layihələri də keçmədi.
Aqrar qanun layihəsi üstündəki mübarizə o qədər şiddətləndi ki, tribun Flavi ən
axırıncı vasitəyə əl atdı və konsul Metelli həbsxanaya salıb, onun senatla təmasına
imkan vermədi. Bunu görən Pompey öz aqrar qanunundan vaz keçməli oldu.
Bütün bunlardan sonra Pompey daha tutarlı imkanlar axtarmağa başladı. 60-cı
ildə Yuli Sezar İspaniyadan Romaya döndü, indi onun vəziyyəti xeyli
möhkəmlənmişdi. Sezar da Pompey kimi patristi nəslindən idi. O, öz əcdadlarının
Yulinnin nəslindən olduğunu və İliondan (Troyadan) gəlmə olduğunu göstərməklə,
onu müqəddəsləşdirirdi.
Sezarın tayfası olan Yulii patritsilər, başqa sözlə Romanın əvvəlindən
meydana gələn aristokratiyasının üzvləri idi. Sezarın dövrünə gəlib çıxmış patritsian
tayfalarının sayı az idi və Yulii tayfası sülalə kimi görünürdü. Qüdrətli kübar
ailələrinin çoxu patritsian olmasına baxmayaraq, uzun müddət idi ki, patritsi qanı heç
də siyasi fayda gətirmirdi. Bu, plebslərin tribun kimi qüdrətli instituta malik olduqları
vaxtdan sonra əsl maneəyə çevrildi. Yulii Sezarlar öz nəsl xəttini ilahə Veneraya
bağlasalar da, heç də nə varlı, nə nüfuzlu, nə də ehtiram bəslənən nəsl idi.
Bu dövrdə Roma siyasi karyerasına tələblər və onun qiyməti olduqca yüksək
idi. Rəqabət isə olduqca qızğın idi, lakin onun potensial faydaları böyük cazibə
qüvvəsinə malik idi. Pretorluğun və konsulluğun qazanclarından biri əyalətə
valilik əldə etmək idi, bu isə qarətçilik üçün bol imkanlar yaradırdı. Bütün
Aralıq dənizi dünyası həqiqətən də Roma kübarlarının və yeni iş adamları sinfinin,
atlıların sərəncamında idi. Onlar hərbi müqavilələrdən və kənd təsərrüfatı
vergisindən varlanırdılar.
Hərbi işçi qüvvə Roma kəndlilərindən toplanırdı. İkinci Puniya müharibəsinin
(m.ə. 218-201-ci illər) əmələ gətirdiyi viranəlikdən sonra meydana gələn iqtisadi
inqilab tərəfindən bu sinfin bir hissəsi əmlakdan məhrum edilmişdi Nəticədə
Romanın idarəedici sinfi daxildə və xaricdə etibarını itirmişdi və ona nifrət edilirdi.
Roma kübarlığının üzvləri arasındakı ənənəvi rəqabət, avtokratik hakimiyyəti
ələ keçirmək üçün qızğın yarışla əvəz olundu. Yulii Sezarlar, əslində buna
qarışmırdılar, baxmayaraq ki, diktatorun əmisi Sekst Sezar 91-ci ildə konsul
seçilmişdi. Yulii Sezarlar özləri kübar olmalarına baxmayaraq, onlar daim kübarlara
qarşı olan partiya ilə birləşirdilər.
Qay Yuli Sezar 100-cü ildə anadan olmuşdu. Onun 16 yaşı olanda atası Qay
Sezar ölmüşdü. Anası Avreliya kübar qadın idi və Sezar çox şeydə ona borclu idi.
Onun xalası vaxtilə Numidiya müharibəsinin qəhrəmanı Qay Marinin arvadı
olmuşdu, özünün birinci arvadı isə Sullanın qatı düşməni Korneli Tsinnanın qızı
olmuşdu. Sulla Şərq yürüşündən sonra Romaya qaytıdıqda, gənc Sezardan arvadını
atasına görə boşamağı tələb etsə də, o, diktatorun bu göstərişinə əməl etməmişdi.
Bunun o vaxtlar onun üçün çox pis nəticə verəcəyi ehtimalına görə, o, Asiya
122
əyalətinə getməyə məcbur olmuş, Kilikiyada hərbi xidmət etmişdi. Vifiniya çarı
Nikomedin yanında olmuşdu. Hətta onun haqqında belə söhbətlər də gəzirdi ki, gənc
Sezarla Nikomed cinsi əlaqədə olmuşdur. Yalnız Sulla öldükdən sonra o, Romaya
qayıda bildi.
78-ci ildə Romaya qayıtdıqdan sonra Sezar siyasi karyerasına start verərək,
əyalətdə rüşvətxorluq etdiyinə görə Dolabellanı məhkəməyə verdi. Romada o,
məhkəmələrdəki müdafiə çıxışlarına görə böyük müvəffəqiyyət qazandı. Onun
yumşaq və şən maskası altında, cəsarətli və qətiyyətli xarakteri gizlənirdi. Məhz buna
görə Tsitseron onun fikirlərində və hərəkət tərzində tiran niyyətlərinin olduğunu
hamıdan əvvəl hiss etmişdi. O, ilk dəfə hərbi tribun seçildikdə xalqın ona olan
rəğbətini hiss etdi. Bu vaxt o, çoxlu səs almışdı. Bundan başqa o, Marinin arvadı olan
xalasının dəfn mərasimində, Mari xalq düşməni elan edildikdən sonra ilk dəfə olaraq
onun təsvirini qaldırmışdı. Arvadı Korneliya öldükdən sonra o, Pompeyaya evləndi,
Korneliyadan olan qızını isə sonralar Pompeyə ərə vermişdi. Sezar həm də
bədxərcliyi, əliaçıqlığı ilə ad qazanmışdı.
O vaxtlarda Roma iki cəbhəyə - böyük qüvvəyə malik olan Sulla tərəfdarlarına
və darmadağın edilmiş Marinin tərəfdarlarına bölünmüşdü. Sezar Mari tərəfdarlarını
möhkəmləndirməyi və öz arxasınca aparmağı qərara aldı. Buna görə də senatda çıxış
edən Lutatsi Katul Sezarı ittiham edərək, dedi ki, "beləliklə, Sezar dövlətə artıq onun
altını qazmaq yolu ilə deyil, mühasirə maşınları tətbiq etməklə təcavüz edir". Lakin
Sezar məharətli çıxışı ilə bu ittihamdan yaxasını qurtara bildi. Sonra isə ali kahin
Metell öldükdə, Sezar da öz namizədliyini irəli sürdü. Seçki günü anası ilə vidalaşan
Sezar dedi: "Bu gün ana, öz oğlunu ya ali kahin, yaxud da sürgün olunan kimi
görəcəksən".
Pretor seçildikdən sonra Sezar idarə etmək üçün İspaniya əyalətini aldı. Alp
dağlarını keçərkən o, bir yoxsul şəhəri gördükdə, gülərək dostundan soruşmuşdu ki,
görən burada da vəzifə üstündə yarış, birincilik üstündə mübahisə, əyanlar arasında
dava gedir? Sezar onlara tam ciddiliklə dedi ki, "Mənə qalırsa, mən Romada ikinci
olmaqdansa, burada birinci olmağı üstün tutardım". İspaniyada isə istirahət vaxtı
Makedoniyalı Aleksandrın fəaliyyəti haqqında yazılanları oxuyarkən gözləri yaşardı
və dedi ki, "Məgər kədər üçün bu tam əsas deyildirmi ki, mənim yaşımda Aleksandr
bir belə xalqa hökmranlıq edirdi, mən isə indiyə qədər tutarlı bir şey etməmişəm!"
Həyatının 33-cü ilində olarkən ölən Aleksandr üç qitənin ərazisini əhatə edən böyük
imperiya yaratmışdı.
İspaniyada o, həm hərbi, həm də mülki məsələlərlə ustalıqla məşğul olurdu.
Belə qayda qoydu ki, borclunun illik gəlirindən üçdə biri onun özünə qalsın, üçdə
ikisi isə borc verənə çatsın. Sonra o, senatdan xahiş etdi ki, ona qiyabi olaraq konsul
seçilməyə icazə versin. Buna qarşı birinci olaraq Katon çıxış etdi. Çoxları Sezarın
xahişinə əməl etmək istədikdə, Katon ikinci dəfə bütün gün davam edən çıxışını
etməyə məcbur oldu və Sezar triumfdan imtina edərək, konsul seçkilərində iştirak
etməyi qərara aldı. Bu məqsədlə o, Romaya gəldi, burada Pompey və Krassı
barışdırdı və onların qüdrətindən istifadə etməyə başladı. Məhz bu yolla ona dövlət
çevrilişi etmək müyəssər oldu.
Öz siyasi məqsədlərinə çatmaq üçün Sezar müqavimət göstərməyən siyasi
ağaların koalisiyasını yaratmağa nail oldu. Pompey Şərqdə uğurlu missiyasını başa
123
çatdırıb, 62-ci ildə geri döndükdə, öz ordusunu buraxmışdı. Bu vaxt Sezar onunla
gizli sazişə daxil oldu. Sezar Krassı da partnyorluğa girməyə ustalıqla inandırdı və o
da ilk Triumvirata daxil oldu. Krass da Pompey kimi Sullanın yanında xidmət
etmişdi. Lakin o, əvvəllər Pompeyin qatı əleyhdarlarından biri idi. Sezar onların hər
ikisi ilə yaxşı münasibətdə idi və onları barışdıra bildi. 59-cu ilin əvvəlində Pompey
Sezarın yeganə qızı Yuliyaya evlənməklə, onunla öz alyansını möhürlədi. Sezar isə
58-ci ildə konsul olan Lutsi Pisonun qızı Kalpurniyanı aldı. Beləliklə, 60-cı ildə
Triumvirat meydana gəldi, bu siyasi alyans 53-cü ilə qədər davam etdi.
Bu Triumvirat Roma siyasi səhnəsində siyasi məqsədlərə çatmağın yeni yolu,
yeni vasitəsi idi. Həmin siyasi gediş bu üç siyasi xadimə müxtəlif ölçüdə və
müvəqqəti fayda gətirsə də, dövləti siyasi intriqalara cəlb etdi və nəticədə üfüqdə
vətəndaş müharibəsi görünməyə başladı. Sezar uzağa gedən planlarını həyata
keçirmək üçün təkcə dəbdə olan adamları pulla satın almaq vasitəsindən deyil, daha
məkrli gedişlərdən istifadə etməyi bacarırdı və 49-cu ilin hadisələri bunu aydın
şəkildə göstərdi.
Sonralar baş verən vətəndaş müharibəsinə heç də Pompeylə Sezarın
düşmənçiliyi deyil, onların məhz bu dövrdən başlanan dostluğu səbəb olmuşdu.
Onlar əvvəlcə birləşdilər, sonra isə bir-birlərinin əleyhinə qalxdılar. Belə bir dəstəyi
əldə edən Sezar seçkiləri uddu və Bibulla birlikdə konsul elan olundu. Bu vəzifəyə
keçən kimi o, qaragüruha xoş gəlmək üçün koloniyalar və torpaqların paylanması
barədə qanun layihələri təqdim etdi. Senat bunlara qarşı çıxdıqda, o, senatın
iradəsinin əleyhinə, xalqa müraciət etdi. Pompeylə Krassın xalq qarşısında rəyini
öyrənmək istədikdə, hər ikisi Sezarı dəstəklədiyini bildirdi. Pompey isə əlavə etdi ki,
kim qılınc qaldıracaqsa, o, təkcə qılıncla deyil, həm də qalxanla çıxış edəcəkdir.
Sezarın Pompeylə və Pisonla qohumluq əlaqələri Katonu ciddi surətdə
hiddətləndirdi və o, bəyan etdi ki, nikah əlaqələri ilə dövlətdə ali hakimiyyəti ələ
keçirən və qadınların köməyi ilə bir-birinə qoşun, əyalət və vəzifələr verən bu
adamlara dözməyə güc də qalmamışdır. Sezarın konsul yoldaşı Bibul bu qanun
layihələrinin əleyhinə idi, lakin heç nə əldə edə bilmədi. Pompey Forumu silahlı
adamlarla doldurduqda, xalq bu qanunları təsdiq etdi. Sezar beş illiyə Qalliyanı idarə
etməyi və dörd legion aldı. Buna etiraz edən Katonu Sezar həbsxanaya göndərdi.
Lakin Katona xalqın böyük hörmətini hiss etdikdən sonra, o, bu qərarını ləğv etməyə
məcbur oldu.
Sezar Roma tarixindəki ilk siyasi triumviratın təşəbbüsçüsü və təşkilatçısı
oldu. Bu ittifaqın yaranması onun təkhakimiyyətliliyinə, monarxiya quruluşuna yol
açırdı. Pompey və Krassı barışdırmaqla Sezar onları öz məqsədləri üçün istifadə
etməyə başladı və əslində həqiqi dövlət çevrilişini həyata keçirdi. Məhz triumviratın
köməyilə o, birinci aqrar qanununu həyata keçirdi. Bu qanuna görə dövlət
torpaqlarının bölünməsi nəzərdə tutulurdu. Torpaq payları 20 il ərzində alına
bilməzdi. İkinci aqrar qanuna görə ilk qanunda göstərilməyən torpaqlar da
bölünməyə düşürdü və çoxuşaqlı ailələrə üstünlük verilirdi.
Katonun prinsipiallılığı, mətinliyi ona ağır zərbələr dəyməsinə gətirib çıxarırdı.
Başqalarından fərqli olaraq o, güzəştə getməyi bacarmırdı, öz sarsılmaz mövqeyini
dəyişdirmirdi, öz nəcibliyini və saflığını heç nəyə qurban vermirdi. Bununla da o,
şəraitlə ayaqlaşa bilmirdi, ağır zərbələr qəbul edirdi. Yəqin ki, Tsitseron onun
124
haqqında çox dürüst və bir qədər istehza ilə dediyi: "O, yaddan çıxarır ki, Platonun
dövlətində deyil, Romulun tör-töküntülərinin arasındadır" sözləri sadəlöhvlüyünü
göstərməkdən daha çox, onun öz mövqeyinə sədaqətindən, öz dövlətini ideal dövlət
kimi görmək arzusundan xəbər verir.
125
KLODİ QƏSDİ. QALLİYA MÜHARİBƏLƏRİ
Sezarın 59-cu ildəki konsulluğu dövrünün ən biabırçı hadisələrindən biri onun
arvadının ləyaqətini təhqir etməkdə ittiham olunan Klodinin xalq tribunu seçilməsi
oldu. Klodini bu vəzifəyə seçmişdilər ki, Tsitseronu məhv etsinlər. Yalnız Klodi
Tsitseronu devirdikdən və onun İtaliyadan qovulmasına nail olduqdan sonra Sezar öz
əyalətinə yollandı.
Klodinin hakimiyyətdə olması Tsitseronun həyatında və siyasi tərcümeyi-
halında olduqca faciəli rol oynadı. Klodi hələ 60-cı ildə tribunluğu ələ keçirmək
istəyirdi və bunun üçün plebey zümrəsinə keçdi və bu məqsədlə könüllü surətdə
patritsilikdən imtina etdi. Lakin həmin il o, buna nail ola bilmədi. 59-cu ildə o, bir
plebey tərəfindən oğulluğa götürüldü və xalq tribunu seçildi. Sonra isə o, Sezarla
Pompeyin tapşırığı ilə Tsitseronun və Katonun Romadan uzaqlaşdırılması
əməliyyatına başladı. Onlar hər ikisi bu adamlar üçün müəyyən qorxu yaradırdı.
Onların siyasi planlarında artıq Tsitserona yer yox idi. Klodi isə Sezarın arvadı ilə
olan məhkəmə vaxtından Tsitserona nifrət bəsləyirdi. Katon isə senatın dayağı
olduğundan, Pompeylə Sezarın ondan zəhləsi gedirdi. Onların hər ikisinin
uzaqlaşdırılması üçün əlverişli vasitələr tətbiq etmək lazım idi.
Klodi 59-cu ilin dekabrında xalq tribunu vəzifəsinə başlayan kimi xalqa dörd
qanun layihəsi ilə müraciət etdi. Bunlardan biri hər ay kasıb əhaliyə paylanan çörəyə
görə müəyyən haqq verilməsinin ləğv edilməsi, ikincisi, 64-cü ildə qadağan edilmiş
kvartal kollegiyalarının bərpa edilməsi və yenilərinin təsis edilməsinə icazə
verilməsi, üçüncüsü, komitsia günlərində səma əlamətlərinin müşahidəsinə icazə
verilməməsi və nəhayət, dördüncüsü, senatorların siyahısını tutduqda senzorların
hüquqlarının məhdudlaşdırılması barədə idi. Bütün bu qanunlar 58-ci ilin əvvəlində
komitsialar tərəfindən qəbul edildi. Bir ay sonra o, yenə qanun layihələri ilə çıxış
etdi. Bu əslində Katonun kənarlaşdırılmasına yönəldilmişdi. Lakin bu fəxri və məsul
tapşırıq adı altında gizlədilirdi. Katona tapşırılırdı ki, Kipr adasına getsin və bu onun
təmiz vicdanı ilə əlaqələndirilirdi. Çünki orada iri məbləğdə pullar və əmlak
müsadirə edilməli və onlar Roma xəzinəsinə daxil edilməli idi. İkinci qanun isə
Tsitserona qarşı yönəlmişdi.
Bu layihədə cəza qoyulmasından - "sudan və oddan məhrum etməkdən", başqa
sözlə sürgündən söhbət gedirdi və məhkəməsiz Roma vətəndaşlarının edam
edilməsində məhz günahkar olan magistratlar nəzərdə tutulurdu. Əlbəttə, bu, birbaşa
Tsitserona aid idi, Katilina qəsdinin iştirakçılarının istintaqsız və məhkəməsiz edam
edilməsinə günahkar kimi onun məsuliyyətə cəlb edilməsinə yol açırdı.
Bunlardan başqa o, əyalətlər barədə də qanun layihəsi irəli sürdü. Konsullara
yeni, daha sərfəli əyalətlər verilməsi nəzərdə tutulurdu. Bununla o, utanmadan
konsulları ələ alırdı. Bu qanunlar dərc olunduqdan sonra Tsitseron tam qorxuya
düşdü, matəm paltarı geyinib, özünü alçaldaraq Pisondan və Pompeydən onu
müdafiə etməyi xahiş etdi, lakin onların hər ikisi bu xahişə rədd cavabı verdilər. O,
küçədə kasıb və çirkli paltarda hamının qabağını kəsib, onlardan kömək və dəstək
axtarırdı.
Tsitseron üçün yeganə çıxış yolu könüllü surətdə Romanı tərk etmək idi.
Katon da vəziyyətin çətin olduğunu görüb ona bu məsləhəti verdi. O, həm də qan
126
tökülməsinə yol verməməyi arzu edirdi. Klodi isə şəhərdən kənarda, sirkdə camaatı
topladı və burada hər iki konsul - Pison və Qabini Katilina tərəfdarlarına divan
tutulmasını pislədilər. Onlar Sezar tərəfindən müdafiə olundular. Tsitserona qarşı
olan qanun qəbul edildi, bununla yanaşı əyalətlər haqqındakı qanun da qəbul olundu
və bu sənədə görə Katon Kiprə göndərildi. Tsitseron isə bu qərar qəbul edilənə qədər
artıq Romanı tərk etmişdi. Ondan bir az sonra Katon və Sezar da Romadan getdilər,
Sezar əyaləti kimi Qalliyaya yollandı.
Onlar getdikdən sonra Klodinin əl-qolu açıldı. Tsitserona qarşı qanun qəbul
olunan gün onun Romadakı evi yandırıldı, villası qarət edildi, onun könüllü sürgünə
yollanmasına isə qanuni don geyindirmək üçün Klodi belə qanun qəbul etdirmişdi.
Bu qanuna görə, Tsitseron bir daha əvvəlki qanunun təsiri altına düşür və beləliklə
senatın Katilina tərəfdarlarının edam edilməsi barədəki qərarının saxta olduğu elan
olunurdu. Sürgün olunana, ölüm cəzası qorxusu altında Romadan 500 mil məsafədən
yaxın olan ərazidə sığınacaq vermək və gələcəkdə nə vaxtsa bu qanuna yenidən
baxılması və ya ləğvi barədə məsələ qoymaq qadağan olunurdu.
Onu da qeyd etmək lazımdır ki, Klodinin bu hərəkətləri Romanın geniş əhali
təbəqələri tərəfindən müdafiə olunurdu. O, təkcə Roma ilə kifayətlənmirdi, xarici
siyasət xarakterli məsələlərə də ciddi müdaxilə edirdi. O, bəzi məsələlərdə Pompeylə
münaqişəyə girməkdən də çəkinmirdi. Bundan bir az sonra isə Sezara qarşı açıq çıxış
etdi və onun qanunlarını ləğv etməyi təklif etdi. Deməli o, triumviratın üzvləri ilə də
hesablaşmaq istəmirdi və öz fəaliyyətində əsasən qaragüruha arxalanırdı. Tsitseron
hətta adamları inandırmağa çalışırdı ki, Klodi qul ordusunu təşkil etmək və onun
köməyi ilə dövlətin və bütün vətəndaşların əmlakını ələ keçirmək istəyir.
Tsitseron bir neçə həftə İtaliyanın cənubunda qaldıqdan sonra Brundiziyadan
Balkan yarımadasına keçdi. Başqa şəhərlərə getmək təhlükəli olduğundan o,
Makedoniyaya yollandı və yarım ili Fessalonikidə keçirdi. O, buradan şikayət dolu
məktublar göndərirdi, özünün dediyi kimi "uca yerdən yıxılırdı". 58-cı ilin sonunda
Pompey onun qayıtması barədə məsələ qoydu, lakin bu qanun layihəsi qəbul
olunmadı. 57-ci ilin ilk günündə isə senatın ilk iclasında yeni konsul Lentul Spinter
Tsitseronun qaytarılması barədə məsələ qoydu. Digər konsul da bunu müdafiə etdi və
Pompey bu məsələdə Klodinin əl-qolunu bağlamaq üçün senatın qərarı ilə
kifayətlənməyib, məsələni komitsiaya keçirməyi təklif etdi. Xalq yığıncağı yanvarın
23-nə təyin edilmişdi. Lakin bu ərəfədə Klodi qulların və qladiatorların silahlı
dəstələri ilə Forumu tutdu, qanlı toqquşma getdi və bir neçə xalq tribunu yaralandı.
Artıq xalqın Klodiyə münasibəti xeyli soyumuşdu. Hətta xalq tribunu Anni Milon
zorakılıq hərəkətlərinə görə onu məhkəməyə verməyə çalışdı. Lakin bu cəhd baş
tutmadı. Ancaq Milon Klodi dəstəsindən qorunmaq üçün özünü silahlı adamlarla
əhatə etdi. Onların tərkibi klientlərdən, qullardan və azad olunmuş qullardan -
libertinlərdən ibarət idi. Onun nümunəsindən digər xalq tribunu da istifadə etdi.
Toqquşmalar, küçə döyüşləri baş verdi və üstünlük artıq Klodinin
əleyhdarlarının tərəfində idi. Bu vaxt senat Tsitseronun geri qaytarılması barədə qərar
qəbul etdi və onun bütün hüquqları və əmlakı bərpa edildi. Pompey onun 63-cü ildə
dövləti xilas etməsini ən güclü arqument kimi göstərdi. Senturiat komitsiaları da belə
qərar qəbul etdi.
127
Beləliklə Tsitseronun 17 aylıq sürgünü başa çatdı. Onu böyük sevinclə
qarşılayırdılar. O, bundan olduqca məmnun idi. Öz nitqində o göstərdi ki, o,
Romadan sürgün olunduqda, onunla birlikdə elə bil ki, qanunlar, məhkəmələr,
magistratların hüquqları, senatın nüfuzu, azadlıq və hətta bol məhsul də yoxa
çıxmışdı. Onun barəsində xalqın yekdilliyini qeyd edərək deyirdi ki, bu qərarla elə
bil o, pilləkənlərlə göyün özünə qalxır.
İndi onda əvvəlki pessimizmdən əsər-əlamət qalmamışdı, o, Romadan
uzaqlaşmasını vətəndaş müharibəsinə bəhanə verməmək, çoxlu insanın qanının
axıdılmasına səbəb olmamaq üçün etdiyini deyirdi və göstərirdi ki, o razı idi ki,
"vicdanlı adamlar öz talelərindən ümidsizliyə qapılınca, mənim vəziyyətimə göz yaşı
axıtsınlar".
Lakin zaman keçdiyi kimi, əvvəlki Tsitseron nüfuzu da əriyib keçən ilin qarı
kimi sonrakı dövr üçün əhəmiyyətsiz bir şeyə çevrilmişdi. Ona qarşı Klodinin
hücumları əvvəlki təsirə malik olmasa da, dayanmamışdı, hətta bir dəfə ona küçədə
fiziki hücum edilməsi baş vermişdi. Tsitseron da bunu cavabsız qoymadı. Klodi
şəhərdə olmayanda Kapitolidə xalq tribunlarının fərmanları və qərarları olan lövhələr
dağıdıldı, onların arasında Tsitseronun sürgün edilməsi barədəki qərar da var idi.
Şəhərdəki toqquşmalar da getdikcə çoxalırdı.
Bu dövrdə senatın da nüfuzu yüksəlirdi. Pompeyə Romanı ərzaqla təmin
etmək səlahiyyətləri verilmişdi. Triumviratın içərisində də çat əmələ gəlməyə
başlamışdı. Pompeylə Krassın münasibətləri xeyli korlanmışdı, Sezarla Pompey
arasında da münasibətlər soyumuşdu.
Plebs tribunu Publi Vatsininin köməkliyi ilə Sezara idarə etmək üçün Tsizalpın
Qalliyası (bu ərazi Alp dağları, Apennin yarımadası və Adriatik dənizinin arasında
idi) və İlliriya verildi. Onun burada qalması 54-cü ilin fevralına qədər davam
edəcəkdi. Transalpin Qalliyasının valisi qəflətən öldükdə, bu əyalət də Sezara verildi.
Tsizalpin Qalliyası Sezara hərbi əsgər yığmağa imkan yaradırdı, Transalpin Qalliyası
isə Romanın şimali-qərb sərhədləri arxasında olan əraziləri işğal etmək üçün tramplin
rolunu oynayırdı.
58-ci və 50-ci illərin arasında Sezar Qalliyanın Reynin sol sahilində olan digər
ərazilərini də işğal etdi və onları səmərəli qaydada özünə tabe etdirdi. Belə ki, 49-cu
illə 31-ci il arasındakı vətəndaş müharibələri dövründə bu ərazi passiv şəkildə Roma
idarəçiliyinin altında qalırdı. Sezarın nailiyyəti olduqca heyrətləndirici idi, çünki
romalıların Şimali Avropa barbarları üzərində elə bir hərbi üstünlüyə malik olması
güman edilmirdi. Həqiqətən də Qalliya süvariləri romalılarınkından üstün idi.
Romanın hərbi üstünlüyü isə strategiyaya, taktikaya, intizama və hərbi mühəndisliyə
əsaslanırdı. Həm də Roma çox sayda kiçik müstəqil dövlətlərlə separat qaydada
sazişlər bağlamışdı. Bu müvəffəqiyyət Sezarın karyerasında mühüm rol oynadı. O,
Roma dövlətini və nəzərdə tutduğu Yunan-Roma dünyasının qalan hissəsini yenidən
qurmaq işi üçün öz əl-qolunu sərbəst saxlayırdı.
58-ci ildə Romanın 125-ci ildə qoyulan şimali-qərb sərhədi Alp dağlarından
aşağıda, Rona çayının yuxarısından Pireneyədək uzanırdı. Sezar həmin ili bu xəttdən
uzaqlara müdaxilə etdi, əvvəlcə geri Helvetsiyaya cumdu, sonra o, german sərkərdəsi
Ariovisti Reyndən aralıda darmadağın etdi. 57-ci ildə Sezar şimalda Qalliya xalqının
Belçika qrupunu özünə tabe etdi, onun köməkçisi Publi Litsini Krass isə indiki
128
Normandiya və Breton adlanan regionları işğal etdi. 55-ci ildə Koblentsdən bir az
aşağı Reyn çayında körpü salıb, çayın o tərəfindəki Almaniyaya hücum etdi və
şimali-şərqdə qiyam qaldıran qalları özünə tabe etdirdi, ikinci yürüş üçün yenə Reyn
üstündə körpü saldı.
Sezarın Qalliya müharibəsində böhran 52-ci ildə başlandı. Mərkəzi Qalliyanın
əhalisi özünə Versinqetoriks kimi milli lider tapdı. Qallar Roma qüvvələrini
Sezardan kəsib ayırmağı planlaşdırırdılar. Bu vaxt o, qışı Alp dağlarının o biri
tərəfində keçirirdi. Vetsinqetoriks həlledici döyüşdən qaçmaq və romalıları öz
təchizat mənbələrindən kəsib ayırmaq yolu ilə, onları mühasirəyə almaq və məğlub
etmək istəyirdi. Bu həm süvari əməliyyatları, həm də "yanan torpaq" metodu ilə
həyata keçirilməli idi. Lakin o, öz həmvətənlərini bu acı siyasəti tam şəkildə qəbul
etməyə inandıra bilmədi.
Sezar Versinqetoriksi indiki Klermon-Ferranın yaxınlığındakı Gerqoviyada
mühasirəyə aldı. Romalıların buranı tutmağa cəhd etməsi uğursuz oldu, onlar böyük
itki ilə geri oturduldular. Bu Sezarın Qalliyada ilk iri məğlubiyyəti idi. Sezar sonra
Roma ordusu üzərinə olan hücumu dəf etdi və Aleziyada Versinqetoriksi mühasirəyə
aldı. Aleziya Dijondan şimali-qərbdə yerləşirdi, böyük təbii müdafiə mövqeyinə
malik idi və iri Qalliya ordusu onu xilas etməyə gəldi. Lakin bu ordu Sezar
tərəfindən geri oturduldu və pərən-pərən edildi. Bu vaxt Vestinqetoriks təslim olmaq
məcburiyyətində qaldı.
52-51-ci illərin qışında və 51-ci kampaniyası mövsümündə Sezar qaldırılan bir
neçə qiyamı yatırtdı. 50-ci ili o, yeni işğal edilmiş ərazidə keçirdi. Bundan sonra o,
vətəndəki opponentləri ilə haqq-hesabı çürütməyə hazır idi. Axı Qalliya işğalları
vaxtı da Sezar vətəndə öz mövqeyini qoruyub saxlamaq və yaxşılaşdırmaqla məşğul
olurdu. O, Qalliyanın qarət edilməsindən artan şəxsi var-dövlətinin bir hissəsini
Romadakı öz siyasi agentlərinə sərf edirdi.
Onun qələbələri şərəfinə senat Romada on beş günlük bayram keçirilməsini və
dua oxunmasını qərara aldı.
Lakin triumvirilərin ittifaqı özünü qəribə aparırdı. Pompey Sezarın xəbərdarlıq
edən yürüşlərindən narahat olmağa başladı. Krass da Pompeyə belə münasibət
bəsləyirdi. Bunları yoluna qoymaq üçün 56-cı ildə Lukada triumvirlərin görüşü
keçirildi. Görüşdə çoxlu senator və digər vəzifəli şəxslər iştirak edirdi. Görüşün
qərarına görə Pompey və Krass 55-ci ilə konsul seçilməli və beş illiyə Pompey
İspaniyanı, Krass isə Suriyanı idarə etməyə götürməli idi, Sezarın Qalliyadakı
səlahiyyətləri isə daha beş illiyə uzadılırdı. Bu müddət qurtardıqdan sonra yenə
Sezara konsulluq vəd edilirdi. Lakin bütün bu qarşılıqlı xidmətlər və güzəştlər nəinki
üçlüyün möhkəmlənməsinə kömək etmədi, hətta bu ittifaqın dağılması əlamətlərini
yaratdı.
Romada da vəziyyət getdikcə gərginləşirdi. Klodi və Milonun silahlı
dəstələrinin toqquşmaları kəsilmək bilmirdi. Klodi indi Pompeyin və Tsitseronun
əleyhinə açıq çıxış etməyə başlamışdı. 56-cı ildə edil seçilən Klodi Milonu
zorakılıqda ittiham edərək, məhkəməyə verdi. Pompey Milonu müdafiə etməyə cəhd
etdi, lakin buna müvəffəq ola bilmədi. Əvəzində Klodi onu Roma əhalisini acından
qırmaqda təqsirləndirdi. Milon tərəfdarları buna savaşla cavab verdilər. Tsitseron isə
Klodinin təhriki ilə sürgün edilmiş Sestini uğurla müdafiə etdi və o, bəraət qazandı.
129
Bu vaxt o, Klodiyə qarşı kəskin hücumlar etdi. Ümumiyyətlə, Tsitseron müdafiəçi
kimi çıxış etdiyi bütün məhkəmə proseslərində Klodiyə toxunmadan keçinmirdi.
Klodi isə bunlara daha həyasızcasına reaksiya verirdi. Yenə o, Tsitseronun evini
uçurmağa cəhd etdi. Tsitseron öz dayaqlarını möhkəmləndirmək üçün Sezara qarşı
xüsusi rəğbət işarələri verməyə başladı. Çünki Qalliya qələbələrindən sonra ona
senatın da münasibəti dəyişmişdi.
Triumviratın qərarlarına gəldikdə senat Sezarın səlahiyyət müddətini artırdı və
Pompeylə Krass 55-ci ilə konsul seçildilər. Krass hərbi şöhrətini artırmaq üçün
konsulluq müddəti qurtarmamışdan, öz əyaləti Suriyaya getdi ki, oradan Parfiyaya
qarşı müharibəyə hazırlaşsın. Pompey isə şəhərdə qaldı və öz əyalətini leqatları
vasitəsilə idarə edirdi. Onun konsulluğu dövründə Romada ilk daşdan tikilmiş teatr
açıldı və tamaşaya 500 şir və filin döyüşü çıxarıldı.
Lakin Romanın küçələrində toqquşmalar ara vermirdi və şəhərdə anarxiya
şəraiti getdikcə artırdı. 53-cü ildə Mesopotamiyadakı Karra yaxılığında Krass
parfiyalılar tərəfindən ciddi məğlubiyyətə məruz qaldı, özü isə ölkənin içərisinə çox
irəlilədiyi halda, nəinki döyüşü uduzdu, həm də həlak oldu. Son onilliklərdə bu
Romanın ən ağır məğlubiyyəti idi və parfiyalılarla ilk müharibə onlar üçün olduqca
uğursuz olmuşdu. Ümumiyyətlə, Romanın Parfiya ilə sonrakı toqquşmaları da ona
nəinki heç bir şərəf gətirmədi, ancaq biabırçılıq bəxş etdi.
55-ci və 54-cü illərdə isə Sezar iki dəfə boğazı keçərək Britaniyaya daxil
olmuşdu, lakin bu yürüş elə bir ciddi nəticə ilə yekunlaşmamışdı. Əlbəttə, Sezar ilk
sərkərdə idi ki, Britaniya adalarına keçmiş və oranı zəbt etməyə başlamışdı.
Ümumiyyətlə, Sezar ilk Roma sərkərdəsi idi ki, işğalları Şərqdən, Aralıq dənizi
ətrafından Qərbə, Avropaya keçirmiş və bu qitədə olduqca böyük ərazilər zəbt
etmişdi. Lakin o, Britaniyada çox qalmadı və barbarların çarına bac ölçüsü qoyub,
adanı tərk etmişdi.
Qalliya müharibələrində onun böyük sərkərdəlik istedadı özünü parlaq şəkildə
nümayiş etdirdi. O, müharibədə ən kiçik üstünlükdən də istifadə etməyi bacarırdı və
xüsusən şəraitin əlverişli olmasından məharətlə istifadə edirdi.
Qall şəhəri Aleziyadakı qələbəsi ona böyük şöhrət gətirdi. Burada
Versinqetoriksin başçılığı altında qall tayfalarının birləşmiş üç yüz minlik qüvvəsi
cəmləşmişdi, şəhərin özündə isə əlavə yüz yetmiş min adam var idi. Sezarın sayca
çox az olan qoşunları bu iki iri qüvvənin arasında qalmışdı. Ona görə də o, iki divar
tikdirməli oldu, birini şəhərə qarşı, digərini isə öz üstünə gələn qallara qarşı. O, yaxşı
başa düşürdü ki, düşmənin bu iki iri qüvvəsi birləşsə, o, məhv olacaqdır. Lakin Sezar
əvvəlcə divarın bayırlarında olan qüvvələri darmadağın etdi və köməksiz qalan şəhər
50-ci ildə təslim olmağa məcbur oldu.
Qalliyanın işğal edilməsi böyük əhəmiyyətə malik idi. Burada aparılan və on
ildən az müddətdə gedən müharibə ərzində Sezar hücumla, Plutarxın yazdığına görə,
800 şəhər tutmuş, üç yüz tayfanı özünə tabe etmiş, üç milyon nəfər düşmənlə
vuruşmuş, onlardan bir milyonunu döyüş cəbhəsində məhv etmiş və bir o qədər də
əsir götürmüşdü. Bu qələbələri əldə edən ordu da qalibiyyətli və yüksək döyüş
qabiliyyətinə malik olan bir orduya çevrilmişdi. Lakin baş verən ümumi qall üsyanı
uzun illər ərzində əldə edilən qələbələri itirmək təhlükəsi yaratdı.
130
Bütün bu dövrdəki baş verən hadisələr qüvvələr nisbətini dəyişdirdi, üçlük
ittifaqını parçaladı, sonra isə bu ittifaqın tam süqutuna səbəb oldu. Bu vaxt Tsitseron
diktatura təhlükəsini daha aydın hiss edirdi. 53-cü ildə konsul seçkiləri ilə əlaqədar
siyasi mübarizə daha da gərginləşdi. İddiaçılardan biri də Milon idi, Klodi isə özünü
52-ci ilə pretor seçilməyə namizəd irəli sürdü. Lakin həmin il, əvvəlki illər kimi ali
magistratsız başlayır, çünki qarışıqlıq olduğundan konsullar seçilməmişdi. Bu onsuz
da gərgin olan vəziyyəti bir qədər də ağırlaşdırırdı.
Həmin ilin yanvarında Romadan bir qədər aralı Appi yolunda iki düşmən -
Klodi və Milon təsadüfən qabaqlaşırlar. Klodi şəhərə qayıdırdı, onu qulları və silahlı
adamlar müşayiət edirdi. Milon isə Romadan gedirdi və onu böyük qul dəstəsi
müşayiət edirdi. Bu vaxt onların Milonun qulları ilə sözləşməsi baş verir və Klodi
bunu öyrənmək istədikdə, onun kürəyinə xəncərlə zərbə vururlar. Yol ətrafındakı
yeməkxanaya aparılan Klodini, burada Milonun adamları tam qətlə yetirdilər. Bu
hadisə Romanı həyəcana qərq etdi, bu iğtişaşlara çevrildi və bir neçə gün davam etdi.
Milon buna baxmayaraq konsul seçilmək üçün dəridən-qabıqdan çıxırdı. Lakin
camaat onun evini yandırmaq istədi. Bu vaxt senat yenə fövqəladə tədbirlərə əl
atmağa məcbur oldu və Pompeyi "kolleqasız" konsul elan etdi, bu yumşaq diktatura
forması idi.
Bir qədər sonra Milon məhkəmə məsuliyyətinə cəlb edildi. Məhkəmə
prosesində Tsitseron Milonun müdafiəçisi kimi çıxış edirdi, məhkəməyə sədrliyi isə
Pompey edirdi. Tit Anni Milonun müdafiəsinə həsr olunmuş nitq dəyəri və ədəbi
zənginliyi ilə Tsitseronun Katilinaya qarşı olan nitqlərindən heç də geri qalmır. O,
özünün müdafiə nitqinə bu sözlərlə başlayır ki, belə igid adam olan Tit Milon
haqqında, o adam ki, vətənin xeyrini öz həyatından üstün tutur, belə utancaqlıqla
nitqə başlamağım bir qədər ayıb olsa da, mən onunla mənəvi qüvvə sahəsində
müqayisə olunmaqla, onu müdafiə etməliyəm. O, sözünə davam edərək dedi ki, əgər
bu prosesi mən Milonun əlyhiinə olan bir hadisə kimi hesab etsəm, onda belə çıxır ki,
hər cür güc silahdadır, nitqə isə heç bir yer yoxdur. Sonra o, Klodinin və onun
tərəfdarlarının ifşasına keçir: "Bizə yad və düşmən olan bir adamlar növü vardır ki,
onları Publi Klodinin qarətlərdəki, ev yandırmaqlarındakı, ümumi talanlardakı
quduzluğu qidalandırmışdır. Məhkəməyə müraciət edərək deyir ki, hörmətli
hakimlər, siz ruhdan düşməyin, əgər sizə qorxu hopmuşdursa, bu qorxunu özünüzdən
silkələyin, tökün... Siz əyani şəkildə görəcəksiniz ki, Klodi Milona necə buxov
düzəldirdi, mən sizdən xahiş etməyəcəyəm ki, Milonu keçmiş xidmətlərinə görə
bağışlayın, mən sizin yadınıza salmayacağam ki, siz Klodinin özünüz üçün xilasedici
olan ölümünü Milonun adına yazmayın, ancaq xalqın bəxti gətirməyi hesabına yazın.
Sonra natiq Milonun hərəkətlərinə haqq qazandırmaq üçün insanın özünü
müdafiə hüququna əl atır və güclü məntiqi ilə qətli məhz bununla əlaqələndirmək
istəyir. "Belədir ki, hakimlər, belə bir qanun vardır, bu qanun bizim tərəfimizdən
yazılmamışdır, ancaq bizimlə bir yerdə doğulmuşdur, onu biz eşitməmişik,
oxumamışıq, öyrənməmişik, təbiətin özündən almışıq, əxz etmişik, mənimsəmişik.
Bu qanun bizdə öyrənməkdən deyil, anadan olandan bizimlədir, biz onunla tərbiyə
olunmamışıq, bu qanun bizə hopmuşdur və bu qanun deyir: əgər bizim həyatımız
fitnədən, zorakılıqdan, quldurun və ya düşmənin qılıncından təhlükədədirsə, özünü
qorumaq üçün hər bir vasitə qanunidir və düzgündür. Silah danışan vaxt qanunlar
131
susur. Gözləyənə ədalətsiz cəza, düzgün cəza gələnə qədər ona qorxu yaradırsa, bu
qanunlar onları gözləməyi məsləhət görmür".
Sonra o, məhkəməyə bildirir ki, Klodi öz qatı düşməni Milonun hökmən
konsul seçiləcəyindən qorxub, onu öldürmək qərarına gəlmişdi. Natiq hətta Klodinin
ölümü ilə nəticələnən toqquşmada bütün günahları ölənin üzərinə yıxmağa çalışır və
göstərir ki, belə bir anda Milonun qüvvələri Klodiyə cavab verməli oldular. O, deyir
ki, onsuz da bu Milona kömək etməyəcəkdir, nə etmək olar ki, onun belə taleyi
vardır, o, vətəni və sizi xilas etməyincə, özünü xilas edə bilməzdi. Əgər bu qanuna
ziddirsə, onu müdafiə etməyə mənim gücüm çatmayacaqdır. Əgər zorakılıqdan nəyin
hesabına olursa-olsun öz başını, bədənini və həyatını qorumağa savadlı adamlara
ağıl, barbarlara zəruriyyət, yadellilərə adətlər, vəhşi heyvanlara isə təbiətin özü
məsləhət görürsə, siz canilərlə üz-üzə gələn hər kəsi onların ya qılıncından, yaxud da
sizin hökmünüzdən məhvə məhkum etmək istəmirsinizsə, belə bir halda baş verən
hadisəni cinayət hesab edə bilməzsiniz. Belə olsaydı, onda əlbəttə ki, Milon öz başını
ona dəfələrlə hücum edən Klodinin bıçağı altına qoysaydı, daha yaxşı olardı, nəinki
ölümdən xilas olduğuna görə sizdən ölüm qəbul edəydi". Tsitseron sonra iddia edir
ki, Klodinin sağ qalması Milon üçün xeyirli idi, Klodiyə isə çox lazım idi ki, Milon
həlak olsun. Klodidə zorakılıq, Milonda isə müdafiə daimi adət idi. Müdafiəçi sonra
öz-özünə sual verir ki, bəs niyə Klodi qalib çıxmadı? Çünki heç də həmişə quldur
yolçunu öldürmür, bəzən yolçu da qulduru öldürür. Sonra Klodinin ictimai təhlükə
mənbəyi olduğunu sübut etməyə çalışır və deyir ki, əgər Klodi hakimiyyətə gəlib
çıxsaydı, siz dua edərdiniz ki, o, sizin malikanələrinizə, evinizə və əmlakınıza deyil,
müttəfiqlərimizin, digər xalqların və çarların üzərinə öz qəzəbini tökəydi. Əmlak?
Yox, allaha and olsun, o, özünün azğın ehtiraslarını sizin uşaqlarınızın və
arvadlarınızın üzərinə tökəcəkdi. Mənə isə hakimlər, sizə yalvarmaqdan və and
verməkdən başqa nə qalır? İgidə, onun barəsində xahiş etmədiyi mərhəməti göstərin,
təkcə mən onun iradəsinin əleyhinə olaraq bu barədə xahiş edirəm və yalvarıram.
Bizim ümumi ağlaşmamızda Milon bir damla da göz yaşı tökməsə də, o, üzdən
sarsılmasa da, səsi qüvvətli, nitqi dəyişməmiş qalsa da, bunu görəndə qəzəblənməyin,
bəlkə də onun köməyə daha böyük ehtiyacı vardır. Hətta qladiator döyüşlərində, heç
tanımadığımız adamların taleyinə və qismətinə baxanda, biz adətən titrəyənlərə,
aman barədə xahiş edənlərə və yalvaranlara nifrət edirik, lakin qoçaq, igid və ölümə
yüngül qaydada gedənlərə, o adamlar ki, bizim ürəyi yanmamıza başqalarından fərqli
olaraq ehtiyac duymur, biz həmin adamların həyatını saxlamağa çalışırıq. Məgər
vətəndaşların ən igid olanlarına bizim ürəyimiz yüz dəfə artıq yanmamalıdırmı?
Milonu mənim göz yaşlarım həyəcanlandırmır. Onun ruhunun möhkəmliyi
deyilməyə sığmır, onun üçün sürgün igidliyə yer olmayan hər məkandır, ölüm onun
üçün həyatın təbii sonudur, cəza deyildir. O, təbiətən elədir, siz hakimlər isə nəyə
ürəklənirsiniz? Milon haqqında xatirəni saxlayıb, onun özünü kənara atmağamı? Onu
istəyirsiniz ki, onu doğub törəyən şəhərə yox, onun igidliyini qəbul edən şəhərə şərəf
gəlsin... Sizə yalvarıram, ona yol verməyin ki, onun qayıdışı mənə sürgündən acı
olsun.
Tsitseron nitqini bu sözlərlə qurtardı: "Hakimlər, sizin amanınıza layiq olan ən
igid adam budur: o, deyir, ki, yox, yox, təkcə qoy Klodi layiq olduğu cəzanı alsın,
mən isə, lazımdırsa, öz üzərimə layiq olmadığım cəzanı götürərəm. Vətən üçün
132
doğulan bir adam vətəndə olmasa da, vətən uğrunda həlak olacaqdırmı? Onun ruhu
barədəki xatirə bizimlə qalacaq, onun cəsədi üstündəki abidə İtaliyada
olmayacaqdırmı? Siz də buna dözəcəksinizmi? Sizdən kimsə, hansısa başqa bir
şəhərin onu özündə qəbul etməyə şad olduğu bir adamı, Romadan sürgün etmək
cəzasına məhkum edəcəkdirmi? O diyar xoşbəxtdir ki, bu kişini qəbul edəcəkdir, o
diyar nankordur ki, onu qovur. O diyar bədbəxtdir ki, onu itirir. Lakin kifayətdir!
Göz yaşlarım məni danışmağa qoymur. Milon isə göz yaşları ilə onu müdafiə etməyi
qadağan edir. Beləliklə, hakimlər sizə yalvarıram və and verirəm, Sizin ürəyinizin
dediyinə səs verməyə qorxmayın və inanın, Sizin mərdliyinizi, ədalətinizi,
doğruluğunuzu bu məhkəməyə ən namuslu, ən müdrik, ən cəsarətli vətəndaşları
seçənlər bütünlüklə qiymətləndirəcəklər". Lakin Tsitseronun bu parlaq nitqi də
Milonu müdafiə edə bilmədi. Milon ittiham olundu və sürgünə yollanmağa məcbur
oldu. Borclarını ödəmək üçün onun əmlakı satışa qoyuldu.
|