Telman Orucov Qədim Roma: qüdrətin qabarması və çəkilməsi


ROMA İMPERİYASININ QƏRBDƏ SÜQUTU



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə22/22
tarix09.02.2017
ölçüsü2,67 Mb.
#7870
1   ...   14   15   16   17   18   19   20   21   22

ROMA İMPERİYASININ QƏRBDƏ SÜQUTU 
 
Teodosinin  ölümündən  sonra  Qərb  imperiyası  gənc  Honori  tərəfindən  idarə 
edildi. Təcrübəli dövlət xadimi və general Stilixonun üzərinə ona kömək göstərmək 
vəzifəsi  qoyulmuşdu,  Şərqlə  birliyi  saxlamaq  isə  Arkadiyə  etibar  edilmişdi.  Şərq 
liderləri  Stilixonun  hamiliyini  tezliklə  qəbul  etmədilər.  Anti-barbar  reaksiyası 
Konstantinopolda cəmləşirdi, bu işlərə isə yarım vandal olan Stilixo mane olurdu. O, 
bir  çox  hadisələrə  müdaxilə  etmək  istəyirdi,  lakin  vestqotların  başçısı  Alarixdən 
gələn  təhlükə  onun  qarşısını  kəsirdi.  Stilixo  onu  tanısa  da,  Qalliyada,  407-ci  ildəki 
böyük müdaxilə vaxtı onlar bir-birilərinə daha yaxşı bələd olmuşdular.  Sonrakı ildə 
o, Konstantinopolda yeni imperatoru vəzifəyə gətirməklə birliyi bərpa etməyə ümid 
edirdi.  Arkadinin  oğlu  II  Teodosi  həddi-buluğa  çatmadan  öldü.  Lakin  o,  408-ci  ilin 
avqustunda  siyasi  və  hərbi  qəsdi  yatırtmağa  müvəffəq  olmuşdu.  İmperiyanın  iki 
hissəyə  bölünməsi  bu  vaxt  artıq  daim  davamlı  işə  çevrilmişdi.  Honori  Ravennada 
otururdu,  bu  şəhər  Milandan  daha  asan  müdafiə  olunurdu.  Alarix  yenidən  göründü, 
vestqotlara  başçılıq  edərək  Romanın  özünə  hücum  etdi.  Şəhər  üç  gün  ərzində  qarət 
edildi.  Bununla  da  Qərb  tarixi  erasına  son  qoyuldu.  Həmin  hadisə  410-cu  ilin 
avqustunda baş vermişdi. Arian olan Alarix kilsələrə toxunmadı. O, bir qədər sonra 
cənubda öldü və onun varisi Ataulf qallara qarşı yürüş etmək üçün yarımadanı tərk 
etdi.  
406-cı  ilin  son  günündə  hunların  dəhşətə  səbəb  olan  irəliləməsindən  qaçan 
vandallar,  suevilər,  alanlar,  onların  bilavasitə  ardınca  burqundiyalılar  və  aleman 
dəstələri donmuş Reyn çayını keçib Qalliyada yayıldılar. 409-415-ci illər arasında bu 
barbarlardan  çoxu  İspaniyaya  gəlib  çıxdı  və  onlar  burada  məskunlaşdılar.  Ataulfun 
vestqotları  Qalliyada  gəlib,  özlərini  Narbonnada  və  Akvitaniyada  yerləşdirdilər. 
Honori  onlardan  xahiş  etdi  ki,  İspaniyaya  gedib  vandallarla  vuruşsunlar.  Bu  vaxt 
Roma  generalı  Konstantsi  Qalliyada  bir  neçə  uzurpatoru  məhv  etdi.  Lakin  o, 
frankları,  alemanları  və  burqundiyalıları  qovmağa  qadir  deyildi.  O,  imperiya  ilə 
birləşdi,  421-ci  ildə  Avqust  elan  edildi  və  bir  az  sonra  öldü.  Onun  oğlu  III 
Valentinian 423-cü ildə Honoriyə varislik etdi və 455-ci ilə qədər hökmranlıq etdi.  
V əsrin ilk yarısı ərzində barbarlar kiçik muzdlu ordunun və hunların başında 
duran  Roma  generalı  Aetsinin  cəhdlərinin  əksinə  olaraq  özlərini  tədricən 
yerləşdirirdilər.  Aetsi  436-cı  ildə  Arl  və  Narbonnanı  vestqotlardan  geri  almışdı, 
alanları Orleanda yerləşdirmişdi. Digər əyalətlər itirilmişdi. Britaniya 407-ci ildə tərk 
edilmişdi  və  oraya  artıq  piktlər  və  şotlandlar  müdaxilə  etsələr  də  anqlların, 
saksonların  və  yutların  əlinə  keçmişdi.  Vandallar  gedəndən  sonra  İspaniyada 
müstəqil böyük Suevi çarlığı yarandı.  
428-ci  ildə  vandal  Qayzerik  80  min  nəfərlik  öz  adamları  ilə  Afrikaya  keçdi. 
Mühasirəyə  alınmış  Hippoda  430-cu  ildə  Müqəddəs  Avqustin  öldü.  435-ci  ildə 
Karfagen  tutuldu  və  442-ci  il  müqaviləsi  ilə  Qayzerikə  varlı  Bizasena  və  Numidiya 
əyalətləri  verildi.  Buradan  o,  Romanı  ac  qoymaq  iqtidarında  idi,  Siciliyaya  qorxu 
törədirdi və Bizans üçün Aralıq dənizi hövzəsini bağlamışdı.  
Bir qədər sonra, 450-ci ildə Attilanın hunları Qərbə müdaxilə etdilər - əvvəlcə 
Qalliyaya  hücum  etdilər.  Parisə  buraxılmayandan  sonra  Aetsi  onları  indiki  Troya 

 
253 
yaxınlığında  məğlub  etdi,  sonra  İtaliyaya  daxil  oldular,  Papa  Müqəddəs  Leodan 
təzminat aldıqdan sonra, tezliklə oradan çıxdılar. Bundan az sonra Atilla öldü.  
Aetsinin  454-cü  ildəki  və  III  Valentinianın  455-ci  ildəki  ölümlərindən  sonra 
Qərb  german  tayfalarının  başçıları  olan  Ritsimer,  Orest  və  Odoakrın  intriqa 
səhnəsinə  çevrildi.  Onlar  marionet  imperatorlar  vasitəsilə  real  hakimiyyətə  malik 
idilər.  457-461-ci  illərdə  fərasətli  Mayorian  cənubi  Qalliyada  yenidən  imperial 
hakimiyyəti yaratdı və bu Qayzerik tərəfindən onun məğlub olunmasına qədər davam 
etdi. Mayorian özü də bundan sonra öldürüldü. Nəhayət, 476-cı ildə bir il əvvəl taxt-
taca  çıxmış  sonuncu  imperator  Romul  Avqustulu  german  tayfasının  başçısı  Odoakr 
devirdi və özünü barbarlar qaydasında çar elan etdi və Şərqin imperatoru nəzəri titulu 
altında İtaliyanı mülayimliklə idarə etdi. Roma imperiyasının Qərbdə sonluğu demək 
olar ki, hiss olunmadan keçdi.  
Bu  vaxt  bir  sıra  barbar  çarlıqları  təsis  edildi:  Afrikada  Qayzerikin  vandalları, 
İspaniyada  və  Qalliyada  Luaraya  qədər  Vestqot  çarlığı,  şimala  tərəf  uzaqda  Salian 
franklarının və Alemanların çarlıqları. Barbarlar hər yerdə kiçik azlığı təşkil edirdi. 
Onlar  özlərinə  böyük  malikanələr  yaradırdılar  və  torpağı  federatların  xeyrinə 
bölürdülər. Köhnə sakinlər Roma hüququ altında yaşayırdılar, barbarlar isə özlərinin 
qanunlarını saxlayırdılar. İnzibatçılıqda hələ də latın dili işlənirdi.  
Roma  imperiyasının  süqutunun  səbəbləri  geniş  müzakirələrə  səbəb  olur.  İrəli 
sürülən  səbəblər  də  çox  vaxt  dəqiq  olmur.  IV  əsrdə  Roma  dünyasının  iqtisadi 
tənəzzülü  hələ  aydın  deyildi,  eləcə  də  idarəetmə  formasının  çürüməsi  və  ya 
inzibatçılığın  qüsurları  lazımınca  gözə  çarpmırdı.  Buna  baxmayaraq,  imperiya 
dövlətin  fövqəl  quruluşunun  yükü  altında  və  qədim  dünya  üçün  ağır  olan  vergilər 
altında  güzəştə  getməli,  diz  çökməli  idi.  Bu  qədim  dünyada  istehsal  və  yaşayış 
standartı çox aşağı idi. Müstəsna dərəcədə baha başa gələn ordu da kifayət dərəcədə 
böyük deyildi və hətta əhalinin sayı da azalmağa meyl edirdi. Lakin bu da həqiqət idi 
ki,  əsrin  ikinci  yarısı  ərzində  kəsilməyən  kütləvi  müdaxilələr  imperiyanı  taqətdən 
salırdı.  Şərq  müqavimət  göstərdiyi  halda,  Qərb  uduzurdu.  Bu  dövrdə  Şərq  varlı  və 
yaxşı  məskunlaşmış  idi,  hətta  buradakı  ağır  dövlət  quruluşu  Qərbdəkindən  sağlam 
idi.  Qərb  iri  torpaq  sahiblərinin  əlində  idi  və  onlar  öz  sakinlərini  istismar  edirdilər, 
axırıncılar da əvəzində kömək üçün başqalarına  müraciət  etməli olurdular. Şərq isə 
kənardan demək olar ki, daha az təhlükəyə məruz qalırdı və daha asanlıqla müdafiə 
olunurdu.  Təkcə  aşağı  Dunay  az  müdafiə  olunan  idi,  Persiya  faktiki  olaraq  elə  də 
böyük  təhlükə  deyildi,  Qərbdə  isə  böyük  uzunluqdakı  sərhədlər  böyük  sayda  qoşun 
və  dözülməz  bahalıqda  istehkamlar  tələb  edirdi.  Bir  sərhəd  bircə  dəfə  dağıldıqda 
Qalliyanın  və  İtaliyanın  həyati  regionları  müdafiəsiz  qalırdı.  Hətta  Şərq  Stilixonun 
uğursuzluğundan sonra kənarda durmaq əvəzinə, köməyə gəlsəydi belə, barbarlar heç 
şübhəsiz  zəfər  qazanardılar.  Əhali  barbarlardan  çox  möhkəm  qorxsa  da  və  onların 
dininə nifrət etsə də, təəccüblü qaydada apatiya, laqeydlik nümayiş etdirirdi. Qərbdə 
bürokratik  mütləqiyyət  və  varlıların  himayəçiliyi  qədim  Romanın  dövlət  və 
vətənpərvərlik ideyasını öldürdü.  
Bu səbəblər süqutu başa çatdıran amillər sırasına daxil idi. Tənəzzülü meydana 
gətirən və dərinləşdirən səbəblər isə başqa idi. Hansı münasibət bəslənməsindən asılı 
olmayaraq, faktiki olaraq Qərbdə Roma imperiyasının süqutu baş vermişdi. German 
tayfasının  başçısı  Odoakr  imperiyanın  axırıncı,  əslində  marionet  imperatoru  olan 

 
254 
Romul  Avqustulu  devirərək,  özünü  imperator  elan  etmişdi.  Tarixin  istehzası  göz 
qabağındadır, əsası Romul tərəfindən qoyulan çarlıq respublikaya, sonra isə imperiya 
rejiminə çevrildi və eyni adlı imperatorun devrilməsi ilə bu imperiya tarixdən silindi. 
Başlanğıcını  kiçik  bir  təpədən  götürən  dövlət  altı  əsr  keçməmiş  dünya  dövlətinə 
çevrildi,  öz  hakimiyyətini  üç  qitəyə  yaydı,  on  iki  əsrlik  yüksələn  və  enən 
mövcudluqdan sonra tarixinin son nöqtəsinə gəlib çatdı.  
Tarix istehzasını təkcə Roma imperiyasının taleyində nümayiş etdirmədi, həm 
də  IV  əsrdən  onun  bir  hissəsi  kimi  meydana  gələn  "Yeni  Romanın"  on  bir  əsrlik 
tarixinin kədərli yekunu tək özünü göstərdi. Onun bünövrəsini 324-cü ildə imperator 
Konstantin  qoymuşdu  və  öz  şəhəri  kimi  o,  Konstantinopol  adını  almışdı.  Həmin 
vaxtdan  1453-cü  ilə  qədər  Şərqi  Roma  imperiyasının  və  ya  Bizansın  inzibati  və 
intellektual  həyatı  bu  şəhərdə  cəmləşmişdi.  1453-cü  ildə  isə  şəhər  imperator  XII 
Konstantinin  başçılığı  altında  sonuncu  və  uğursuz  müdafiəsinə  qalxmışdı.  Romanın 
əsasını qoyan və onun son imperatoru olan da eyni ada malik olduğu, Romul adını 
daşıdığı  tək,  "Yeni  Romanın"  yaradıcısı  və  çox  vaxt  paytaxtın  köhnə  adı  ilə 
rəmzlənən son imperatoru da eyni ad - Konstantin adı altında tanınır. İkinci dəhşətli 
ironiya  orasındadır  ki,  sonuncu  Konstantin  ilk  Konstantinin  tikdirdiyi  "Yeni 
Romanın" müdafiəsi vaxtı həlak oldu.  
Beləliklə  m.ə.  II  əsrin  birinci  yarısından  bizim  eranın  II  əsrin  əvvəllərinədək 
dünyanın  ən  qüdrətli  dövləti  olan  Roma  süquta  uğradı.  Elə  bil  ki  bu  dövlət  vaxtilə 
tarixin  atası  Herodot  tərəfindən  qələmə  alınan  Lidiya  dövlətinin  taleyini  yaşamağa 
məcbur oldu, müəyyən mənada onun həyat yolunu təkrar etdi.  
Lidiya  dövlətinin  bünövrəsində  çar  Kandavl  özünün  ağılsız  hərəkəti  ilə  bu 
dövlətin acı taleyinin bünövrəsini qoymuşdu, Romul da qardaş qanı tökməklə Palatin 
təpəsində yaratdığı şəhərin bünövrəsində hiyləgərlik və müharibə toxumu səpmişdi. 
Axı ilk romalıların ailə qurması da, hiylə yolu ilə, təntənəli oyunlara baxmağa gələn 
sabinli qızların qaçırılması ilə, zor tətbiq etməklə mümkün olmuşdu.  
Qədim  Afina  qanunlarının  müəllifi  Solon  Lidiya  çarı  Krezin  var-dövlətinə 
görə  özünü  dünyanın  ən  xoşbəxt  adamı  hesab  olunması  barədəki  eyhamına  cavab 
vermədikdə və ona taleyin dönüklüyünü dedikdə, bunu bir neçə il sonra Krez Persiya 
çarı Kirə əsir düşdükdə və yandırılmağa məhkum edildikdə anlamışdı. Roma da öz 
ərazilərini artırmaq üçün üç qitənin torpaqlarını işğal edəndə, hətta bütöv bir şəhəri 
yer üzündən siləndə və ya qədim yunan şəhərlərini xarabazara çevirəndə bilmirdi ki, 
yadelli  düşməndən  daha  çox  onu  vətəndaş  müharibələri,  hakimiyyət  mübarizələri, 
xasiyyətlərin və əxlaqın pozulması taqətdən salacaq, bu dövləti və cəmiyyəti məhvə 
sürükləyəcəkdir. Ölkədə xasiyyyətlərin korlanması, əxlaq pozğunluğu digər amillərlə 
yanaşı dövlətin dağılmasında mühüm rol oynadı.  
İlk  əsrlərdə  mövcud  olan  Roma  polisində  əxlaqi  meyarlar,  mənəvi  dəyərlər 
Roma  respublikasının  süqutu  və  imperiya  dövrlərindəkindən  tam  fərqli  idi.  Qədim 
Roma  əxlaqı  əcdadların  adətlərinə,  qaydalarına  əsaslanırdı,  məhz  onları  etalon  kimi 
qəbul edirdi. Bu icmanın yaratdığı və formalaşdırdığı əxlaq idi və bu mənəvi dəyərlər 
bütün  cəmiyyət  tərəfindən  qəbul  olunurdu.  İdeal  kişi  anlayışı  altında  əcdadlar  yaxşı 
əkinçini və yaxşı sahibi nəzərdə tuturdular. Əkinçi əməyi elə hörmətə qalxmışdı və 
elə idealizə edilmişdi ki, bütöv nəsillərin ləqəbləri - soyadları bu nəslin əcdadının ən 
yaxşı becərdiyi bitkinin adından, məsələn, Pison - taxılın döyülməsindən, Fabi ləqəbi 

 
255 
"faba" - "paxla" sözündən, Lentul - "mərcimək" sözündən, Titseron ləqəbi "tsitser" - 
"noxud"  sözündən  yaranmışdı.  Romanın  məşhur  siyasi  xadimlərindən  olan  Böyük 
Katon  dövlətin  qüdrətinin  möhkəmlənməsində  və  qorunmasında  əkinçinin  roluna 
xüsusi  qiymət  verirdi  və  patriarxal  Roma  cəmiyyətindəki  "əcdadların  prinsiplərini" 
bərpa  etmək  arzusu  ilə,  xasiyyətlərin  korlanmasının  qarşısını  almaq  istəyirdi.  M.ə. 
184-cü  ildə  o,  senzor  seçilən  vaxt,  (bu  vəzifə  respublikanın  m.ə.  434-cü  ildən 
mövcud  olan  iki  yüksək  vəzifəli  şəxsindən  ibarət  idi  və  əhalinin  siyahıya  alınması, 
senat  üzvlərinin  siyahısına  yenidən  baxılması,  verginin  daxil  olmasına  nəzarət 
edilməsi  ilə  yanaşı  vətəndaşların  davranışına  və  xasiyyətlərin  nəzarət  edirdi),  ona 
rəqib  olan  yeddi  nəfərin  əhalini  güzəştlərlə  və  yumşaqlıq  vədləri  ilə  ələ  almaq 
istədiyini  görəndə  demişdi  ki,  qüsurlarda  batıb  qalmış  şəhərə  "böyük  təmizləmə" 
lazımdır  və  buna  görə  də  həmin  vəzifəyə  bu  iş  üçün  daha  qətiyyətli  müalicə  edən 
seçilməlidir.  Ona  görə  də  senzor  Katon  zinətə  qarşı  kəskin  mübarizə  apardı.  O, 
vergiləri  artırdı,  qadın  bəzəklərinə,  paltara,  bahalı  ev  qablarına  qiymətləri  artırmağı 
təkid etdi. O, özünün qüsursuz həyat tərzinə görə Romada qeyri-adi nüfuza malik idi. 
O,  cəmiyyəti  mənəvi  böhrana  gətirib  çıxaran  xüsusiyyətləri  "məhvedici  iyrənc 
yeniliklər" adlandırırdı və qeyd edirdi ki, xəstəlik təzə yarandığına görə, onu müalicə 
etmək asandır.  
Bu  xəstəliyin  m.ə.III  əsrin  əvvəllərindən  II  əsrin  ortalarınadək  meydana 
gəlməsi təsəvvür edilirdi. Lakin Katon güman edə bilməzdi ki, bu xəstəlik gələcəkdə 
daha  dəhşətli  miqyasda  metastaz  verəcək  və  cəmiyyətin  bütün  orqanizminə  sirayət 
edəcək,  onu  ölümə  yaxınlaşdıracaqdır.  Bu  xəstəliyin  başlıca  simptomları  olan 
mənsəbpərəstlik  və  tamahkarlığa  əhəmiyyət  vermədiyindən,  cəmiyyət  ona  qarşı 
özündə  immunitet,  müqavimət  tapa  bilmədi.  M.ə.  II  əsrin  ortalarından,  Roma 
Karfageni  məhv  edib,  dünya  dövlətinə  çevrildikdən  sonra,  alçaq  ehtirasların 
azğınlığı,  cəmiyyətin  dağılmasının  fəlakətli  dərəcədə  sürətlənməsi  baş  verdi.  Bu 
dövrdə  acgözlük  xüsusi  miqyas  aldı  və  Yuqurtanın  Romanı  "satın  alınan"  şəhər 
adlandırması,  həqiqətdən  heç  də  uzaq  deyildi.  Axı  Numidiya  çarı  bu  dövlətin  ən 
yüksək  vəzifəlilərindən,  ən  adlı-sanlı  adamlarından,  hərbi  sərkərdələrindən  tutmuş, 
senturuona və sıravi əsgərə qədər  hamını pulla ələ ala bilmişdi. Bu dövrdə iki ehtiras 
çox güclü idi. Hakimiyyət hərisliyi və tamahkarlıq və bu iki qüsur bütün bəlalarının 
mənbəyi  və  ilkin  səbəbləri  oldu.  Bu  bəlalar  isə  ilk  növbədə  tiranların  meydana 
gəlməsi ilə hamilə idi və ilk dəfə artıq m.ə. I əsrin 80-ci illərində Sullanın ilk tiran 
hakimiyyəti  yarandı.  Bu  dövrdə  cəmiyyət  qısa  bir  müddətdə  uzun  bir  pozulma 
yolunu  keçdi,  qarətlər  və  quldurluq  baş  alıb  gedirdi,  cavanlar  dəbdəbəyə,  sərvətə 
sitayiş  etməyə  başladı,  hər  cür  utancaqlıq  və  təvazökarlıq  aradan  qalxdı,  bunların 
yerini pozğunçuluq və isrfaçılıq tutdu.  
Nevinin  "Məktəb"  pyesində  sürətlərdən  biri  tanış  olan  respublikanın  bir 
vətəndaşı kimi özünə sual verir ki, "Mənə de, sizinki kimi belə görkəmli dövlət, nə 
vaxtdan  belə  qəfildən  çürüməyə  başladı".  Doğrudan  da,  Roma  artıq  çürümə  yoluna 
düşmüşdü. 
Bu  mühit  Katilina  kimi  özünün  dağıdıcı  liderlərini  də  yaratdı.  Təkcə  bir 
Katilinada  okeanın  bir  damla  suyunda  olduğu  kimi,  həmin  cəmiyyətin  bütün 
eybəcərlikləri  təcəssüm  olunurdu.  Romanı  pozan,  dağıdan,  məhvə  yaxınlaşdıran  iki 
səbəb,  iki  quduz  ehtiras,  iki  eyib  var  idi,  bu  hakimiyyət  hərisliyi  –  ambitio  və  pul 

 
256 
düşkünlüyü – avaritia idi. İkinci, dağıdıcı qüvvəsinə görə birincidən üstün idi. Çünki 
cəmiyyətin bütün məsamələrinə nüfuz etmiş, onun bütün hüceyrələrinə, toxumalarına 
sirayət etmişdi. Cəmiyyətin həyatında pul hərisliyi hər cür cinayətlərin və zorakılığın 
baş  alıb  getməsinə  səbəb  oldu.  Cəmiyyətin  ən  intizamlı  hissəsi  olan  ordu  belə,  bu 
pozulma  prosesindən  kənarda  qala  bilmədi  və  dəbdəbəyə,  əxlaq  pozğunluğuna 
qurşandı.  
Bütün  cəmiyyət  qüsurlar  və  cinayətlər  bataqlığına  yuvarlandı.  Romanın 
bütpərəstliyinə,  çoxallahlığına  baxmayaraq,  hamı  sərvət,  var-dövlət  adlanan  bir 
allaha  sitayiş  etməyə,  ona  etiqad  göstərməyə  başladı.  Qədim  əcdadlardan  qalmış  ən 
möhkəm  qala  -  mənəvi  dəyərlər  və  prinsiplər  də  dağılırdı.  İki  yüksək  zümrənin  - 
senatorların və atlıların yuxarı təbəqəsindən yaranan nobilitet bu pozulmada aparıcı 
rol oynadı, cəmiyyətin bədənini gəmirən xoranın birbaşa daşıyıcısı oldu. Kiçik Katon 
məhz  həqiqətə,  konkret  müşahidələrinə  əsaslanaraq  və  Katilina  qəsdini  nəzərdə 
tutaraq  deyirdi  ki:  "Adlı-sanlı  vətəndaşlar  vətəni  odda  yandırmaq  üçün  qəsd  təşkil 
etdilər". Bir az ondan əvvəl dövlətin həqiqi müdafiəçilərindən biri olan Memmi isə 
dövlət adamlarının Numidiya çarı kimi düşmən tərəfindən pulla ələ alındığını görüb, 
bir  başa  nobiliteti  ittiham  edirdi  və  qeyd  edirdi  ki,  Roma  dövlətinin  qanunları  və 
böyüklüyü, hərracda onun düşmənlərinə satılır, bütün hakimiyyət qatillərin və xalqa 
zülm edənlərin əlində toplaşmışdır, əslində isə bu Roma xalqına qarşı olan cinayətkar 
qəsddir.  
Bütün bunların daha böyüdülmüş təcəssümünü bizə yeni eranın I əsrinin 14-cü 
ilindən  96-cı  ilinə  qədər  hökmdarlıq  etmiş  və  Tit  müstəsna  olmaqla  bütn 
imperatorların hakimiyyəti dövründə görürük. Böyük bir dövlətin bu dövrdəki tarixi 
elə bil ki, dəhşətli cinayətlər və həddi-hüdudu olmayan əxlaq pozğunluqları, harınlıq 
və  iyrənc  eyş-işrət  təsvirlərinin  salnaməsidir.  Elə  bil  ki,  bu  imperatorlar  quduz 
şəhvətdə və qəddarlıqda bir-birilə yarışa girmişdilər. Onlar nə eybəcər, çılğın bədən 
ləzzətlərindən,  nə  də  insan  qanının  axıdılmasından  doymurdular.  İndi  onlara 
qladiator  döyüşü  kifayət  etmir,  onlar  bütün  ölkə  ərazisini  günahsız  insanların  qanı 
axan  qladiator  səhnəsinə,  Kolizeyə  döndərmək  istəyirdilər.  Onlar  eyş-işrətdən, 
dəbdəbədən,  zinətdən  doymurdular.  Elə  bil  ki,  onlar  insan  kimi  dünyaya 
gəlməmişlər; bu həqiqi kentavrların, at bədəninin doymayan iştahını heç nə razı sala 
bilmir.  Elə  bil  ki,  təbiət  onları  yaradarkən,  onlara  bir  təyinat  vermişdir  -  bədənin 
kəmərdən  aşağı  olan  ən  eyibli  üzvlərinin  sönməyən  tələbatını  ödəmək  qayğısına 
qalmaq,  onları  ovundurmaq  üçün  daha  iyrənc  vasitələr  və  metodlar  axtarıb  tapmaq. 
Bu adamları bircə şey düşündürür: hər gün daha ləzzətli şeylər yemək və öz şəhvətini 
razı salmaq.  
Elə  bil  ki,  adlı-sanlı  romalıların  əksəriyyəti  öz  məşhur  nəsillərindən  ayrılıb 
qarınqululuq  barədə  Lukullun,  şəhvət  barədə  Katilina  və  Klodinin  övladlarına 
çevrilmişdilər.  "Lukull  qonaqlıqları"  öz  dəbdəbəsinə  görə  zərb-məsələ  çevrilmişdi. 
O,  hər  gün  böyük  zinətlə  verilən  qonaqlıqlar  təşkil  edirdi,  axı  onun  Şərqdə 
müharibələr  apararkən  topladığı  nəhəng  sərvəti  buna  imkan  verirdi.  Onun  evindəki 
oturacaqlar purpur parçalarla örtülür, şərablar daş-qaşla bəzənmiş qədəhlərdə verilir, 
qonaqlıq mahnı oxunması və rəqslərlə müşayiət olunur, süfrələr ən müxtəlif və nadir 
yeməklərlə  dolurdu.  Yunan  qonaqlar  belə  bədxərcliyi  görüb  qonaq  olmaq  barədə 
onun dəvətindən imtina etdikdə, o, demişdi ki, onun özü üçün də hər gün belə süfrə 

 
257 
açılır.  Kiçik  Katon  Lukullun  dostu  və  qohumu  (Lukull  onun  bacısının  əri  idi) 
olmasına baxmayaraq, onun həyat tərzi bu pak insana heç cür xoş gəlmirdi. Bir dəfə 
senatda  qənaətcillikdən  dəm  vuran  bir  gəncin  sözünü  kəsib  Katon  demişdi:  "Yaxşı 
qurtar  bu  danışığı!  Sən  Krass  kimi  varlı  olmaqla,  Lukull  kimi  yaşayırsan,  ancaq 
Katon kimi danışırsan! " 
Əxlaqsız Katilina öz doğma qızı ilə, Klodi isə doğma bacısı - Lukullun digər 
arvadı ilə cinayətkar əlaqədə olmuşdu. Bizim eranın I əsrindəki əksər imperatorların 
quduz pozğunluğu cəmiyyəti də pozurdu, dövləti məhvə sürükləyirdi. Romada isə bu 
adi  hala  çevrilmişdi.  Bu  pozğunluq,  şəhvət  əsirləri  XX  əsrə  də  gəlib  çıxmışdılar. 
İtaliya  faşizminin  banisi  duçe  Mussolini  çapmaqdan  gündüzlər  atların,  gecələr 
qadınların  belini  sındırmağı  ilə  öyünürdü.  Təəssüf  ki,  nəcib  imperatorların  həyata 
keçirdiyi  müalicə  dövrü  belə  xəstəliyin  şiddətini  bir  qədər  zəiflətsə  də,  onu  sağalda 
bilmədi və II əsrin sonunda gələn Kommod və sonrakı imperatorların bir çoxu məhv 
prosesini sürətləndirdilər.  
Nəcib  imperatorların  zəhməti  Eosun  cəhdlərinə  bənzəyirdi,  qocalan,  əldən 
düşən  Tifona  heç  nə  kömək  edə  bilmədiyi  kimi,  Roma  da  belə  fərəhsiz  qocalıq 
keçirirdi.  Krotonlu  məşhur  Milon  qoca  olub,  əldən  düşəndə  səhnədəki  güclü 
döyüşənlərə  baxıb,  göz  yaşları  içərisində  bunu  öz  qüvvəsini  itirmiş  qolları  ilə 
müqayisə  edib  demişdi:  "Heyif,  bu  əzələlər  bütünlüklə  zəifləmiş  və  gücsüz 
olmuşdur". Bu dövlətin isə həm bədəni, həm də ruhu onlara yas saxlamağa layiq idi.  
Bu  həcmcə  çox  da  böyük  olmayan  yazıda  Roma  mütəfəkkirlərinə  istinad 
edərək  qədim  dövlətin  böyük  və  mürəkkəb  tarixi  gözlərimiz  qarşısında  canlandı. 
Mən qədim Romanı Simurq quşuna bənzətmək istərdim. Əgər rəvayətə görə, Simurq 
500  il  yaşayırdısa,  Qədim  Roma  1200  ildən  artıq  bir  ömür  sürdü.  Miladdan  əvvəl 
753-cü  ildə  kiçik  bir  icma  kimi  yaranan  Roma  dünya  dövlətinə  çevrildi  və  bizim 
eranın  476-cı  ilində  Qərbi  Roma  imperiyası  adı  altında  tarixdən  silindi.  Vətəninin 
Efiopiya olduğu güman edilən Simurq quşu özünü yuvasında yandırır və küldən yeni 
Simurq  yaranırdı.  Bu  bir  rəvayətdirsə,  tarixi  bir  həqiqət  ondan  ibarətdir  ki,  qədim 
Roma  dəfələrlə  məhv  olma  ilə  üz-üzə  gəlmiş,  lakin  sonradan  yenidən  dirilib,  öz 
qüdrətini  nəinki  bərpa  etmiş,  daha  böyük  qüvvə  toplayaraq  əvvəlki  obrazını  xeyli 
kölgədə qoymağa müvəffəq olmuşdu. Romaya xarici müharibələrdən daha çox daxili 
sarsıntılar, vətəndaş müharibələri, özünün pozğunluq yuvası olması təhlükə törədirdi. 
Bu mənada əvvəllər o, özünü məhv etməyə çalışan, lakin xilas olmağa özündə iradə 
tapan  Simurq  quşu  idi.  Ona  görə  də  biz  bu  əfsanəvi  quşu  qədim  yunan 
mifologiyasında  deyil,  məhz  Roma  tarixində  axtarsaq,  tapa  bilərik.  Onun  qədim 
tarixinin  obyektiv  və  dəqiq  səlnaməsi  bizə  insanın  böyüklüyü,  mənəvi  yüksəkliyi 
haqqında olduğu kimi, onun alçaqlığı və rəzaləti, yüksək əxlaqi və mənəvi dəyərlər, 
nümunələr haqqında olduğu kimi ən iyrənc eybəcərliklər və pozğunluqlar barədə də 
məlumatlar  verir.  Bu  tarixi  öyrəndikcə,  onu  əməlləri  və  irsi  ilə  yaddaşlara  həkk 
edənlər insanın gözündə titanlar kimi yüksəlir, axı bu titanlar dünya sivilizasiyasının 
qübbəsini  qədim  Yunanıstandan  sonra  öz  çiyinlərində  uzun  müddət  saxlamışdılar. 
Həm  də  bu  tarix  səhnəsinin  aktyorları  arasında  biz,  mənəvi  cəhətdən  bəşər 
piqmeylərini,  insan  qiyafəsində  olan  satirləri,  kentavrları,  iblisləri  görürük. 
Birincilərin  mənəvi  yüksəkliyinə  insan  heyran  olduğu  kimi,  ikincilərin  mənəvi 

 
258 
cılızlığına,  iyrənc  pozğunluğuna,  eybəcər  və  vəhşi  ehtiraslarına  nifrət  etməmək 
olmur.  
Roma  tarixini,  əməllərinin  böyüklüyünə  və  ölməzliyinə  görə  qədim  yunan 
allahlarına  bənzər  əbədi  şəxsiyyətlər  bəzədiyi  kimi,  salnamə  həm  də  ağlasığmayan 
rəzilliyi, qəddarlığı və heyvani şəhvəti ilə insanlığa ləkə gətirən şəxslər tərəfindən bir 
rüsvayçılıq  mənzərəsini  andırır.  Roma  tarixinin  böyüklüyü,  çətin  dərk  olunması  və 
heyrətamiz  rəngarəngliyi  da  məhz  bundadır.  Bu  tarixdəki  ulduz  saatları  və  dəhşətli 
faciələr  xoşbəxtlikdən  qüdrətli  Roma  tarixçiləri  tərəfindən  qələmə  alınmış,  Şekspir 
isə bu qəribə insan dramaları əsasında öz təkrarsız əsərlərini yaratmışdır.  
Bəşəriyyət,  sivilizasiya  nə  qədər  inkişaf  edirsə  etsin,  Romanın  ölməz 
qəhrəmanları qarşısında hamı baş əyir, Roma əclaflarına isə min illər keçsə də, hamı 
nifrət  bəsləyir.  Həm  də  bu  tarixdə  hər  kəs  öz  dövrünün  canlı,  bütöv  çalarları  əks 
etdirən  güzgüsünü  görür.  Bu  gün  biz  Roma  tarixində  onu  süquta  gətirib  çıxaran 
pozğunluqlara,  qəddarlığa  və  dəbdəbələrə  müasir  cəmiyyətlərdə  də  tez-tez  rast 
gəlirik.  Elə  bil  ki,  iki  min  ildən  sonra  tamahkarlıq,  ən  iyrənc  vasitələrdən 
çəkinməməklə, hər cür yollarla varlanmaq hərisliyi zaman körpüsündən keçib, indiki 
cəmiyyətlərin  canına  hopmuşdur,  onların  həyatına  hakim  kəsilmişdir.  Bugünkü 
cəmiyyətdə  Kamillərin,  Memmiləin,  Katonların,  Brutların    nəslinə  çox  az  rast 
gəldiyimiz halda, Sullaların, Tiberilərin, Kaliqulaların, Neronların mənəvi törəmələri 
bədbəxtlikdən elə bil ki, çoxluq təşkil edir. Bu gün vicdan məhbuslarına Kolizeydə 
vəhşi heyvanların qarşısına atılan bədbəxtlərdən heç də az işgəncə verilmir. Bu gün 
dünyada tüğyan edən terror heç də öz quduzluğuna görə qədim Romanın ən dəhşətli 
anlarında mövcud olan qan hərisliyindən geri qalmır.  
Bu gün çuğulçuluğu təqdir edib, bunu dövlət tərəfindən aşılanan psixologiyaya 
çevirən  cəmiyyət,  bütünlükdə  insanların  mənəviyyatının  və  əxlaqının  sürətli  və 
fəlakətli  eroziyasına  şərait  yaradır.  Təqsirsiz  adamları  cəzalandırmağı  adi  hala 
çevirən  cəmiyyət  heç  cür  mətinlik  tərbiyə  edə  bilməz,  yalnız  riyakarlıq  və  rəzillik 
təlqin  edə  bilər.  Müasir  dəhşətlər,  mənəvi  terror  və  alçaldılma  qədim  Romanın 
tükürpədici səhnələri ilə həmahəng səslənir. Bunları dərk edənlər üçün Roma tarixinə 
ötəri  də  olsa  nəzər  salmaq  lazımdır.  Bu  tarix  öyrədir,  düşünməyə  vadar  edir,  ibrət 
götürməyi  tövsiyə  edir.  Bu  tarix  bəşəriyyətin  əcdadlarına  baxıb,  bu  günümüzdə  və 
sabahımızda  insanlığa  layiq  dəyişikliklər  etməyi  təlqin  edir.  Bu  tarix  bəşəriyyətin 
yeniyetmə dövründə daha çox rast gəlinən mərdlik, cəsarət və igidliyi qəbul etməyi, 
alçaqlığı  və  rəzaləti  isə  rədd  etməyi  məsləhət  görür.  Ona  görə  də  qədim  Romanın 
həyatverici suyunu öz mürgüləyən idrakımıza və şüurumuza çiləməklə, qapanan ağıl 
gözlərimizi açır, bu dünyaya ayıq gözlərlə baxmağa başlayırıq. Ömürlük qaranlıqdan, 
dərk etmə zülmətindən qurtarmaq üçün yatan gözləri açmaq lazımdır və qoy bu nəcib 
işdə Romanın böyük tarixinin kiçik səhnələri bizi cəlb edən və nəzərlərimizi özünə 
çəkən bir ibrət hədəfi olsun.  
Böyük  ingilis  şairi  Bayron  Romanı  xalqların  Niobası  adlandırırdı.  Qədim 
yunan mifologiyasında Tantalın qızı və Fiva çarı Amfionun arvadı Nioba çox övladı 
olması  ilə,  onların  sayı  12  ya  14  idi,  öyünürdü.  Bunu  təhqir  kimi  qəbul  edən  ilahə 
Letonun  uşaqları  Apollon  və  Artemida  oxla  Niobanın  bütün  övladlarını  öldürdülər. 
Bu  ağır  dərddən  Nioba  daşa  çevrildi.  Doğrudan  da,  Roma  da  uşaqsız  və  tacsız 
qalmışdı və onun quruyan əlləri boş idi.  

 
259 
Roma imperiyası başqa imperiyalar kimi bütün ərazilərini itirdi, sonra isə özü 
məhv  oldu.  İmperiyalar  da  sivilizasiyalar  kimi  o  qədər  də  xarici  düşmənlərin 
qüdrətindən deyil, daha çox daxili zəiflikdən və tənəzzüldən, tektonik titrəmələrdən 
məhv olur. Roma barbarların cəhdlərinə görə məhv olmadı, onlar sadəcə olaraq ölü 
olanı  dağıtdılar.  Şərqi  Roma  imperiyası  Qərbdəki  imperiyadan  min  il  artıq  ömür 
sürsə də, o da hər şeyini itirdikdən sonra qalan yeganə kiçik ərazisi - Konstantinopol 
şəhəri 1453-cü ildə osmanlı türkləri tərəfindən işğal edilməklə öz mövcudluğuna son 
qoydu.  
İmperiyalar  işğalla,  qanla  yarandığı  kimi,  ağır  zərbələr  altında  və  qan 
tökülməsi  ilə  də  dağılır.  Romanın  isə  ən  böyük  itkisi  bu  ərazilər  deyildi,  onun 
ideallarının,  ruhunun  itirilməsi  idi.  Ərazilər,  torpaqlar  itirilə  bilərdi,  imperiya 
dağılmalı  idi.  IV-V  əsrlərdə  yaşamış  məşhur  xristian  teoloqu  Müqəddəs  Avqustin 
demişkən,  Allahın  yaratdığı  məhv  olursa,  Romulun  yaratdığı  da  məhv  ola  bilərdi. 
Lakin  Allah  özü  belə  ruhları  məhv  etmir,  ona  görə  də  Roma  ruhu  bütünlüklə  məhv 
ola  bilməzdi  və  qədim  Romanın  süqutundan  min  ilə  yaxın  bir  müddət  keçdikdən 
sonra  bu  ruh  intibah  -  Renessans  adı  altında  yenidən  baş  qaldırdı,  dünya 
mədəniyyətinə  görünməmiş  rövnəq  və  qüdrət  verdi.  Renessans  orta  əsr 
qaranlıqlarından  oyanan  Avropanın  mədəniyyət  bayrağı  üzərində  silinməyən  bir 
"humanizm" sözünü həkk etdi. Qədim Romanın sağlam və yaşamalı olan ruhu, antik 
dövrün əxz edilməli irsi də məhz insanpərvərlik, humanist ideyalar idi. Ona görə də 
övladları  ilə  birlikdə  ruhunu  da  itirən  Roma  adlanan  bu  Nioba,  uzun  bir  zaman 
fasiləsindən sonra, onun üçün ən müqəddəs irs olan bu ruhunu yenidən tapdı, bu ruh 
dirildi və bəşəriyyətin sərvəti kimi mövcud olmaqla təkcə ilham mənbəyi kimi deyil, 
həm də böyük maddi qüvvəyə çevrildi.  
Böyük 
ingilisin 
ənənəsinə  sadiq  qalaraq,  qədim  Romanı  yunan 
mifologiyasındakı  Poseydonun  oğlu,  Afina  çarı  Egeyə  bənzətmək  olar.  Adi  bir 
səhvdən, şərtləşdikləri kimi qələbədən sonra ağ yelkəndə gəlməsini gözlədiyi halda, 
oğlu  Teseyin  gəmisinin  qara  yelkənini  gördükdə,  oğlunu  ölmüş  bilən  və  bu  dərdə 
dözməyən Egey özünü dənizə atdı və həmin dəniz o vaxtdan Egey dənizi adlanmağa 
başladı.  Roma  da  öz  oğlanlarının  adi  səhvindən  deyil,  nankorluğundan, 
pozğunluğundan, hakimiyyət və sərvət hərisliyindən məhv oldu və ondan böyük bir 
irs  kimi,  həm  də  qədim  Roma  tarixi  adlanan  bir  nəhayətsiz  ümman  qaldı.  Zaman 
adlanan  günəşin  şəfəqləri  altında  qızan  bu  dənizin  suları,  onda  üzən  adamların 
zəkasına,  şüuruna,  idrakına  böyük  şəfqət  bəxş  edir,  onları  möhkəmləndirir,  daha 
qüdrətli  edir.  Buna  ehtiyac  hiss  edən  hər  bir  adam  qədim  Roma  tarixi  dənizində 
üzməklə çox şey qazanır, ən başlıcası isə onun bədənindən daha vacib olan yüksək, 
ali  hissəni  -  ruhu  möhkəmləndirir,  bu  məhək  daşı  ilə  təmasda  olduqda  daha  da 
cilalandırmaqla, ruha sarsılmazlıq, polad bərkliyi bəxş edir.  
 
- SON - 

 
260 
 
 
 
                   İstifadə olunan ədəbiyyat 
 
1. Antiçnaə literatura. Rimskaə antoloqiə.                                                                                                              
Moskva, «Vısşaə şkola» 1988.  
2. Aristotelğ «Metafizika». İnternet. 
3. Bibliə Tolkovaə. V 3-x tomax. İnstitut perevoda Biblii.Stokqolğm,1987. 
4. Good news Bible. The Bible Societies. Collins Bible. A division of Harper 
Collins Publishers. Wrotham, Kent, printed Great Britain, Glasgow, 1991. 
5. Bgkon Frensis. Soçineniə v 2-x tomax. Moskva, «Mıslğ»,1971. 
6. Caesar, Gaies Julius. «The first invasion of Britain». « The international 
library of famous literature» in 20 volumes. London, the Standard, 1900,v.2,p.842 
7. Cicero, Marcus Tullius.  «On old age». «The international library of famous 
literature» in 20 volumes. London, the Standard,1900 v.2,p.948 
8. Cicero, Marcus Tullius. « Speech on Catilines Conspiracy». «The 
international library of famous literature» in 20 volumes. London, the Standard,1900 
v.2,p.828 
9. Vinniçuk L. «Lödi, nravı,obıçai Drevney Qreüii i Rima». Moskva, «Vısşaə 
şkola» ,1988. 
10. Jizneopisaniə znamenitıx qrekov i rimlən.               Botvinnik M.N., 
Rabinoviç M.B., Stratanovskiy Q.A. Moskva, «Prosvehenie»,1987 
11. İstoriki Qreüii. Qerodot, Fukidid, Ksenofont. Moskva, «Xudojestvennaə 
literatura», 1976 
12. İstoriə Drevney Qreüii. Moskva, «Vısşaə şkola»,1986 
13. İstoriki Rima. Moskva, «Xudojestvennaə literatura»,1970 
14. Katon, Mark Porüiy Starşiy. «O zemledelii»,v kniqe «Xrestomatiə po 
istorii Drevneqo Rima». Moskva, «Vısşaə şkola»,1987 
15. Kolumella. «O selğskom xozəystve»,v kniqe «Xrestomatiə po istorii 
Drevneqo Rima». Moskva, «Vısşaə şkola»,1987 
16. Korablev İ.Ş. «Qannibal». İzdanie 2-e. Moskva «Nauka»,1881 
17. Leqendı i skazaniə Drevney Qreüii i Rima. Moskva, «Pravda»,1990 
 
 
 
 
 
 
 
18. Liviy,Tit. «İstoriə osnovaniə Rima», v kniqe «İstoriki Rima». Moskva, 
«Xudojestvennaə literatura»,1970 
19. Liviy, Tit «Naçalo Vtoroy Puniçeskoy Voynı», v kniqe «İstoriki Rima». 
Moskva, «Xudojestvennaə literatura»,1970 
20. Makğəvelli,Nikkollo. «İstoriə Florenüii». Moskva, «Nauka»,1987 

 
261 
21. Mark Avreli. «Razmışleniə». İnternet 
22. Mifoloqiə drevneqo mira. Moskva, «Nauka», 1977 
23. Mommzen,Teodor. «Rimskaə istoriə». İnternet 
24. The New Encyclopedia Britannica, in 30 volumes. Helen Hemingway 
Benton, 1973-1974. Chicago, volumes 3,4,5,11,12,15,18,19 
25. Ovidiy, Nazon Publiy «Nauka o löbvi» Moskva,İzdatelğstvo politiçeskoy 
literaturı,1990 
26. Platon. «Qosudarstvo» Moskva, «Mıslğ» ,1998 
27. Pliniy Mladşiy «Pisğma Pliniə Mladşeqo». Moskva, «Nauka»,1982 
28. Plutarx. «İzbrannıe jizneopisaniə», v 2-x tomax. Moskva, «Pravda»,1990 
29. Plutarx «Nastolğnıe besedı». Leninqrad, «Nauka», 1990 
30. Polibiy. «Vseobhaə istoriə» v 2-x tomax.Moskva, İstoriçeskaə 
biblioteka,2001 
31. Sallöstiy, Qay Krisp. «Voyna s Öqurtoy» v kniqe «İstoriki Rima» Moskva, 
«Xudojestvennaə literatura»,1970 
32. Sallöstiy, Qay Krisp. «Zaqovor Katilinı» v kniqe «İstoriki Rima». Moskva, 
«Xudojestvennaə literatura»,1970 
33. Svetoniy, Qay Trankvilğ. «Jiznğ dvennadüati üezarey». Moskva, 
«Pravda», 1988 
34. Slovarğ antiçnosti. Moskva, «Proqress»,1989 
35. Taüit, Korneliy.«Annalı». Soçineniə v 2-x tomax. Leninqrad, 
«Nauka»,1970  
36. Utçenko S.L. «Drevniy Rim: Sobıtiə,lödi,idei». Moskva, «Nauka»,1969 
37. Utçenko S.L. «Üiüeron i eqo vremə». Moskva, «Mıslğ»,1986 
38. Flaviy, İosif «İudeyskaə voyna» İnternet 
39. «Xrestomatiə po istorii Drevneqo Rima». Moskva, «Vısşaə şkola»,1987 
40. Üiüeron, Mark Tulliy. «Filosofskie traktatı». Moskva, «Nauka», 1985       
        41. Çernışevskiy N.Q. Sobranie soçineniy v 5-ti tomax.    
Moskva, «Mıslğ»,1981.t.2 
        42.  Şaxermayr F. «Aleksandr Makedonskiy». Moskva, «Nauka»,1984 
        43.  Gpiktet. «V çem naşe blaqo». İnternet 
        44. Gzop «Basni». İnternet 
 
 
 
Kitabın içindəkilər 
 
Müqəddimə 
Roma şəhərinin və dövlətinin yaranması 
Romuldan sonraki çarların hakimiyyəti 
Respublika quruluşunun yaranması 
Müharibələr və Romanın özünü təstiqi 
Respublika hakimiyyəti və Roma qanunvericiliyi 
Puniya müharibələri 
Romada aqrar siyasət 

 
262 
Yuqurta ilə müharibə 
Sulla diktaturası 
Qullar problemi və qul üsyanları 
Katilina qəsdi 
Pompeyin və Sezarın yüksəlişi 
Klodi qəsdi. Qalliya müharibələri 
Sezarın hakimiyyəti qəsb etməsi 
Katonun ölümü 
Sezarın diktaturası və qətlə yetirilməsi 
İkinci triumvirat. Tsitseronun ölümü 
Oktavian Avqustla Mark Antoninin rəqabət mübarizəsi 
Avqustun imperatorluğu dövrü 
Avqusdan sonraki imperatorlar. Pozğunluq dövrü 
Flavi imperatorları 
Antonin imperatorları dövrü 
Severlər sülaləsi 
Siyasi xaos və imperiyanın parçalanması dövrü 
Roma imperiyasının transformasiyası. İmperiyanın yenidən qurulması 
Roma imperiyasının süqutu 
 

Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin