OKTAVİAN
AVQUSTLA
MARK
ANTONİNİN
RƏQABƏT
MÜBARİZƏSİ
Bir qayda olaraq qələbə bütün məsələləri nəinki həll etmir, əksinə yeni
problemlər üzə çıxarır. Filippidəki qələbə ümumi qanunauyğunluqdan müstəsnalıq
təşkil etmədi. Qaliblər öz aralarında əyalətləri böldükdən sonra, Antoni Şərqə getdi,
xəstə Otavian isə İtaliyaya qayıtdı. Onun üzərində ağır bir məsələ qalırdı. O, əvvəllər
verdikləri vədi yerinə yetirməli və veteranları torpaqla təmin etməli idi. Əvvəlki
nəzərdə tutulandan fərqli olaraq, indi 16 şəhərin torpaqlarında veteranlar
yerləşdirilməli idi. Həmin şəhərlərdə torpaqlar müsadirə edilir və qullarla, diri və ölü
alətlərlə birlikdə, yeni sahiblər kimi veteranlara verilirdi. Veteranlar özünü İtaliyada
işğalçı düşmən kimi aparırdılar. Bu isə yerli əhalinin ciddi narazılığına səbəb olurdu.
Bu müsadirələr həm də proskriptsiyaların davamı xarakterini daşıyırdı.
Ona görə də İtaliya torpaq sahibkarları Romaya toplaşırdı və onların
veteranlardan zəhləsi gedirdi. Bəzən şəhərdə camaatla əsgərlərin toqquşması baş
verirdi. Ölkənin ərzaqla təminatında ciddi çətinliklər yaranmışdı, aclıq qapını
döyürdü. Sekst Pompeyin donanması ərzaq gətirilməsinə mane olurdu. Romada
azğınlıq edən silahlı soyğunçular dəstəsi meydana gəlmişdi.
Bu narazılıqdan Antoniyə yaxın olan adamlar istifadə etməyə çalışırdılar və
onların arasında onun arvadı Fulviya və qardaşı Lutsi xüsusi canfəşanlıq
göstərirdilər. Onlar bütün bəlalarda Oktavianı günahlandırırdılar və deyirdilər ki,
Antoni gələn kimi hər şey yoluna qoyulacaqdır. Oktavian isə veteranları müsadirə
edilmiş torpaqlarda yerləşdirməklə, onlardan özünə güclü dayaq yaradırdı. Lakin
köhnə və yeni torpaq sahibkarları arasında zidiyyət kəskinləşirdi və bu, nəticədə yeni
vətəndaş müharibəsi partlayışına səbəb oldu.
Bu müharibə orta İtaliyanın şəhərlərindəki üsyandan başladı və Oktavianın
istedadlı sərkərdəsi və sonralar ən yaxın dostu olan və onunla qohumlaşan Mark
Vitsani Aqrippa üsyan edənlərin qoşunlarını Peruziya şəhərində ciddi məğlubiyyətə
uğratdı. Burada Mark Antoninin əsir düşən qardaşı Lutsi Antoni əfv edildi və onun
qoşunları Oktaviana verildi. Mark Antoninin arvadı Fulviya isə qaçmaqla canını
qurtardı. Şəhər düşmən torpağı kimi qarət edildi. Oktavian isə Romaya qalib kimi
qayıtdı.
Bundan sonra Oktavianla Antoni arasında yeni münaqişə yetişirdi. Antoni
Şərqə yollandıqdan sonra, onu qeyri-adi dəbdəbə və zinət əhatə etdi. İndi ona xahiş
edənlər adi adamlar deyil, çarlar idi. Çariçalar isə onun şəxsində, öz gözəlliklərindən
dadmaqla, buna qiymət verəni tapmaq istəyirdilər. Belə bir şəraitdə onun köhnə
eyibləri və ehtirasları baş qaldırdı və özü üçün adəti həyat tərzinə - əyyaşlığa, eyş-
işrətə başladı. Onu daim musiqiçilər müşayiət edirdi. O, Efes şəhərinə gələndə,
qadınlar Vakx orgiyalarındakı qiyafədə onun qarşısına çıxdılar. Belə, müasir dildə
desək, biabırçılıq karnavalında isə o, özünü yunan mifologiyasının Dionisi,
romalıların Vakxı kimi aparırdı. Onun əyləncə və şəhvət barədəki ağlasığmaz
iştəhası doymaq bilmirdi.
Buradan isə o, Kilikiyanın paytaxtı Tars şəhərinə gəldi və Kleopatranı ora
çağırdı ki, vaxtilə Kassiyə kömək etməsi barədə olan ittihamlara çariça özü cavab
versin. Antoni bu vaxt Kleopatraya vuruldu. Çariça Tarsa Kidn çayı ilə gəldi, onun
167
gəmisi və müşayiət edən adamları çariçanın böyük sərvətindən və zinətindən xəbər
verirdi. Çariça geyimi ilə özünü ilahə Afroditaya bənzədirdi. Onun çox gözəl
qulluqçuları var idi. Gəmidən saçan ətir bütün sahili bürümüşdü. Belə söz-söhbət
gəzirdi ki, qədim yunan mifologiyasından ilahə Afrodita özü allah Dionisə qonaq
gəlmişdir və bu, Asiyaya xoşbəxtlik bəxş edəcəkdir.
Kleopatraya uyan Antoni Parfiya yürüşünü yaddan çıxardı və onu təxirə salıb,
Kleopatra ilə birlikdə Aleksandriyaya yollandı. 41-ci və 40-cı illərin qışı bu iki
məhəbbət aşiqinin ardı-arası kəsilməyən eyş-işrətlərində və şadlıq məclislərində
keçdi. Kleopatranın çarpayısını zəbt etdikdən sonra, onu artıq heç bir problem
maraqlandırmırdı. Kleopatranın gözəlliyi və məhəbbət şəlaləsi onun gözünü
bütünlüklə tutmuşdu, onun üçün bir sərkərdə kimi fəth edilməli olan ən böyük ərazi,
bu əfsanəvi dünya Kleopatranın nağıllara bənzəyən məhəbbət aləmi idi və ən böyük
məqsəd isə bu zəbt olunmuş məhəbbət "səltənətini" öz əlində saxlamaq idi. Artıq
onun sərkərdəliyindən də əsər-əlamət qalmamışdı, vaxtilə Sezara məxsus olan bir
varlığı - Kleopatranı o, əlinə keçirə bilmişdi və nəhayət onun şəhvəti deyəsən elə bir
eliksir tapmağa müyəssər olmuşdu ki, bu həm onun vurğun könlünü ovundurur, həm
də onu sönməz bir atəşlə yenidən alovlandırırdı.
Nəhayət, məhz Kleopatranın təkidilə o, İtaliyaya yollandı, ona respublika
donanmasını gətirən Domitsi Ahenobarb da qoşuldu, onlar birlikdə Sekst Pompeylə
ittifaq bağladılar. Bu koalisiya əslində Oktaviana qarşı yönəlmişdi və onların
arasında silahlı münaqişə getdikcə yaxınlaşırdı.
Oktavianın və Antoninin qoşunları Brundiziyada üz-üzə gəldilər. Lakin hər iki
tərəfdən əsgərlər onları barışmağa məcbur etdi. Digər bir vacib səbəb də, bu dəfə
təbiətin işə qarışması ilə aradan götürülmüşdü. Antoninin mənsəbpərəst arvadı və
Oktavianın qatı əleyhdarı Fulviya ölmüşdü. Bundan sonra Brundiziya sazişi
bağlandı. Bu müqaviləyə triumvirlərin 39-cu ildə Sekst Pompeylə bağladığı saziş də
əlavə olundu. Bu sənədə görə, Pompey bütün dəniz qüvvələrinin komandanı olurdu
və Siciliya ilə Sardiniya onun nəzarətinə verilirdi. Birnci sazişə görə isə, Antoni
rəsmi qaydada bütün Şərq əyalətlərinə, Oktavian isə Qərb əyalətlərinə sahib olurdu.
Getdikcə arxa plana sıxışdırılan Lepidin sərəncamında əvvəlki kimi yenə Afrika
qalırdı.
Əvvəlki triumviratın vaxtında olduğu kimi siyasi güzəştlər və razılaşmalar,
vaxtilə Katonun hiddətinə səbəb olan sülalə nikahları ilə möhkəmləndi. Pompey
Sezarın qızı Yuliya ilə evləndiyi kimi, indi də dul qalmış Antoni Oktavianın bacısı
Oktaviya ilə evləndi. Antoni Kleopatra ilə eşq macərasından uzaqlaşa bilmədiyindən,
bu nikah əslində bir qədər sonra formal xarakter daşımağa başlasa da, Oktaviya
özünü ləyaqətli və xeyirxah adam kimi göstərdi. Antoni Misirdə özünü intihar
etdikdən sonra onun yetim qalmış uşaqlarının tərbiyəsi ilə bir analıq kimi deyil,
doğma ana kimi məşğul oldu və onun bu alicənablığına hətta qardaşının Antoni ilə
olan düşmənçiliyi də mane ola bilmədi.
Lakin triumvirlər arasındakı vədlərdən, ya bir-birinə əks olan tərəflər arasında
necə sazişlər bağlanılmasından asılı olmayaraq, Roma vətəndaşlarının çox gözlədiyi
möhkəm sülh yaranmadı. Sulla dövründən başlanan vətəndaş müharibəsindən sonra,
bədbəxtliklər girdabına düşən Roma onun məhvedici məkanından uzaqlaşa, xilas ola
bilmirdi. Sülh barədə nə qədər danışıqlar getsə də, sazişlər bir-birini əvəz etsə də,
168
qüvvələr nisbəti uğrunda xalça altı mübarizə qurtarmaq bilmirdi və hər bir tərəf onun
üçün əlverişli şərait yaranan kimi mövcud kövrək status-kvonu dəyişdirməyi və
bununla üstünlük qazanmağı özünə borc bilirdi. Bunun üçün heç kəs ələ keçən hər
xırda bəhanədən istifadə etməkdən çəkinmirdi.
İndi də vəziyyət narahatçılıq doğurmamaqdan çox uzaq idi. Antoni 39-cu ildə
Şərqə döndükdə burada vəziyyət xeyli gərginləşmişdi. Hələ 40-cı ildə parfiyalılar
Roma dövlətinin torpaqlarına girmiş, Suriyanın və Kiçik Asiyanın bir sıra
vilayətlərini tutmuşdular. 39-cu ildə sərkərdə Bass onları bu vilayətlərdən sıxışdırıb
çıxarda bilmişdi. Lakin bütövlükdə Parfiya problemi bir dağ kimi böyük və məchul
olaraq qalırdı. Sezar Parfiyanı təslim etməyi nəzərdə tuturdu və çar qiyafəsində
müharibə aparmaq eşqinə düşdükdə, bu planla birlikdə həyatını da Senatın binasında
itirdi. Beləliklə, romalılar 53-cü ildəki Krassın biabırçı məğlubiyyətinin əvəzini
indiyə qədər çıxa bilməmişdilər. Antoni də guya Parfiya ilə ölüm-dirim müharibəsinə
hazırlaşırdı, lakin onun hərbi hazırlığı və hərbi əməliyyatları daha çox Erotun
məqsədlərinə tabe olub, Kleopatranın yataq otağında cərəyan edirdi.
İtaliyanın özündə də vəziyyət yaxşı deyildi, ərzaq təchizatı qaydaya düşmürdü.
39-cu ildə Puteolada bağlanan sazişə əhəmiyyət verməyən Sekst Pompey yenə də
İtaliyaya ərzaq gətirilməsinə mane olurdu və bu barədə heç də dəniz quldurlarından
fərqlənmirdi. Belə vəziyyət Oktavianı cəsarətli hərəkət etməyə və Pompeydən olan
bu asılılığa son qoymağa məcbur etdi. Pompeyə qarşı vuruşan donanmaya Oktavian
özü başçılıq edirdi. Lakin dəniz döyüşü onun üçün olduqca uğursuz oldu, onun
donanmasının bir hissəsi darmadağın edildi, digər hissəsi fırtınada məhv oldu.
Oktavian əlacsız qalıb Antoniyə müraciət etdi və 37-ci ildə onların Tarentdəki
görüşündən sonra Antoni triumvir yoldaşına 130 gəmi verdi. Oktavian isə əvəzində
ona Parfiya yürüşü üçün 20 miin əsgər verdi. Onların heç biri hələ bilmirdi ki, bu
qüvvələrdən gələcəkdə onlar düşməndən daha çox, bir-birilərinə qarşı istifadə
edəcəklər. Romalılar artıq m.ə. I əsrin başlanğıcında yaranan məşum ənənəyə sadiq
qalaraq bir-birini əzəcək, məğlub və məhv edəcəklər. Tarent görüşündə həmçinin
triumvirlərin səlahiyyətlərinin əlavə beş il uzadılması qərara alındı.
Bir az sonra Sekst Pompeylə müharibə bərpa olundu. İndi Peruziya
müharibəsinin qəhrəmanı Aqrippa donanmaya sərkərdəlik edirdi. 36-cı ildəki iki
dəniz döyüşündə Pompeyin qüvvələri darmadağın edildi. O, Kiçik Asiyaya qaçdı və
orada 35-ci ildə həlak oldu. Beləliklə Pompey ailəsinin faciəsinə yeni və son bir
səhifə də yazıldı. Qney Pompey Maqn 48-ci ildə Misirdə öldürülmüşdü, onun böyük
oğlu 46-cı ildə İspaniyada qətlə yetirilmiş, on bir il sonra isə kiçik oğul Sekst
Pompey 40 yaşında həyatla vidalaşmalı olmuşdu.
Bu döyüşdə Oktavianın müttəfiqi kimi iştirak edən Emili Lepid, birdən
Siciliya üzərində hakimiyyəti ələ keçirmək istədi, lakin qoşunları Lepidə xəyanət
edib, Oktavianın tərəfinə keçdi. Oktavian Pompey üzərindəki qələbəsini indiyədək
görünməmiş bir tədbirlə məşhurlaşdırdı və buna sonralar, ömrünün sonunda yazdığı
"İlahi Avqustun əməlləri" kitabında xüsusi yer verdi.
Belə ki, Pompey ordusundakı qaçmış qullar tərksilah edildikdən sonra, 30 min
nəfərə qədər olan bu kütlə İtaliyaya gətirildi və öz əvvəlki sahiblərinə qaytarıldı.
Doğrudan da ağalarından qaçan qullar hər cür cəzanı görmüşdülər, belə bir cəzanı isə
ilk dəfə Oktavian tətbiq etməyə başladı.
169
XIX əsrin ortalarında ABŞ-da Avqust prinsiplərinə uyğun olaraq qəbul
olunmuş qanunda Cənub ştatlarındakı qul sahibkarlarının mənafeyini nəzərə alaraq,
qaçan qulların, xüsusən onlar quldarlığın mövcud olmadığı Şimal ştatlarına qaçırdı,
tutulub əvvəlki sahiblərinə qaytarılması qaydası qoyulmuşdu.
Avqust ömrünün hesabatı şəklində yazılmış və ölümündən sonra dərc edilmiş
kitabında göstərirdi ki, "Dənizi mən quldurlardan təmizlədim. Bu müharibədə öz
ağalarından qaçmış və dövlət əleyhinə silah qaldırmış 30 minə yaxın qulu əsir
götürdüm, onları lazımınca cəzalandırmaq üçün öz ağalarına verdim". Lakin müəllif
bunu da qeyd etməyi lazım bilmir ki, o vaxtlar üç il əvvəl bağlanmış Puteola
müqaviləsinə görə, Sekst Pompeyin tabeliyində olan bütün qullara təntənəli surətdə
azadlıq təminatı verilmişdi. Qaliblər bir qayda olaraq əvvəlki vədlərini unudur,
özlərini taleyin ağaları kimi aparırlar. Qullar barədə verilən təminatlar və vədlər isə
adətən havanı titrədən boş səsdən ibarət olaraq qalırdı, qulların yeganə gümanı isə
onların öz qisməti idi.
Nəhayət Roma tarixində respublikanın həqiqi qəbir qazanı, onu boğan
Avqustun dövrü gəlib çıxdı. Doğrudan da Sezar əgər respublikaya tabut düzəltdisə,
Avqust bu tabutun qapağını mıxladı və onu birdəfəlik qəbirdə dəfn etdi. Ona 30-cu
illərin ortasında öz mövqeyini xeyli möhkəmləndirmək mümkün oldu. Bu dövrdə
Mark Antoni isə elə bir uğur əldə edə bilməmişdi. Parfiya yürüşünün əvvəlində onun
işləri bir qədər yaxşı getsə də, o, Midiya paytaxtını mühasirəyə almışdı, lakin bu
mühasirə uzun çəkdiyindən Antoni öz qoşunlarını Midiyadan geri çəkməyə məcbur
olmuşdu. O, geri çəkilərkən həm də xeyli itki verdi. Lakin Antoni Romaya
göndərdiyi rəsmi raportunda Parfiya yürüşünü böyük qələbə adlandırırdı. Sonrakı 35-
ci ildə o, Ermənistana uğurlu yürüş etdi. Bu qələbənin triumfunu isə Aleksandriyada
qeyd etməklə ciddi siyasi səhvə yol verdi. Bir qayda olaraq triumf yalnız dövlətin
paytaxtında - Romada qeyd olunurdu. Bu bayram tədbirində Antoni bütün
əndazələrdən çıxmışdı. O, özünə və Kleopatraya iki tac düzəltdirmişdi, bundan əlavə
Kleopatranı Misirin, Kiprin, Afrika və Kelesuriyanın, Sezarın oğlu sayılan Sezarionla
birlikdə hökmranlıq etmək üçün çariçası elan etmiş, Kleopatradan olan öz oğlanlarını
isə çarlar çarı elan edib, onlardan Aleksandra əyalət kimi Ermənistanı, Midiyanı və
guya zəbt ediləcək Parfiyanı, Ptolomeyə isə Finikiyanı, Suriyanı və Kilikiyanı təyin
etdi. Beləliklə, Romanın neçə-neçə müharibələr hesabına əldə etdiyi torpaqları
Antoni dövlətin xəbəri olmadan, öz arvadına və övladlarına hədiyyə kimi verirdi. Bu
hərəkəti onu göstərir ki, Antoni bütünlüklə reallıq hissini itirmişdi, illüziyalar
aləmində yaşayırdı və özünü ağlını itirmiş Şərq despotları kimi aparırdı. Bu
hərəkətləri ilə o, özünə Romada nifrət qazanmaqdan başqa heç nə əldə edə bilmədi.
Onun bu sərsəm hərəkətlərindən isə Oktavian böyük məharətlə istifadə etdi.
Bundan başqa Oktavianın bacısı Oktaviya ilə evləndikdən üç il sonra, 37-ci ildə
Antioxiyada Kleopatra ilə yenidən görüşən Antoni bir müddət keçdikdə, qanuni
arvadını boşamadan, onunla rəsmi nikahla evlənmişdi. Bu, həm də Oktavian üçün
onun bacısına qarşı edilən ciddi təhqir demək idi. Artıq keçmiş triumvirlər arasında
açıq düşmənçilik başlamışdı.
Onlar bir-birinə ittihamlar, məzəmmətlər yağdırırdılar. 32-ci ildə Senatın
iclasında nəinki onların özlərinin, həm də onların tərəfdarları olan senatorların
arasında tam parçalanma baş verdi. Bu parçalanma nəticəsində 300 senator və hər iki
170
konsul Oktavianın icazəsi ilə Romanı tərk edib, Antoninin yanına yollandı. Bu
onların arasında yeni müharibənin başlanmasının əlaməti idi. Hər iki tərəf bu
müharibəyə hazırlaşmağa başladı.
Antoni Oktaviyaya rəsmi boşanma sənədi göndərdi və onun vəsiyyəti dərc
edildikdə məlum oldu ki, öləndə o, Kleopatra ilə birlikdə Misirdə dəfn olunmağını
xahiş edir. Onun sərəncamında olan torpaqlar və çarlıqlar isə Kleopatraya və onun
uşaqlarına qalır. Onun bu hərəkətləri romalıların ciddi hiddətinə səbəb oldu və
Kleopatraya qarşı müharibə elan olundu. Oktavian müharibəni belə adlandırmaqla
onu vətəndaş müharibəsi kimi deyil, xarici müharibə kimi qələmə verirdi. O, təkcə
bu müharibəni elan etməklə kifayətlənmədi, ona ciddi hazırlıq gördü və vəsait
toplamağa başladı. Antoni isə əksinə, olduqca ləng hərəkət edirdi. Böyük ərazilər
həm də Oktaviana sədaqət andı içdilər.
Antoni dəniz döyüşünə xüsusilə ciddi hazırlaşırdı. Onun Efesdəki donanması
800 gəmidən ibarət idi, bu gəmilərdən 200-nü ona Kleopatra vermişdi. Bundan başqa
Misir çariçası öz romalı ərinə 2 min talant pul və ordusunu təmin etmək üçün ərzaq
vermişdi.
Antonini əhatə edənlər də iki cəbhəyə, iki partiyaya bölünmüşdü. Onun
tərəfinə keçən senatorlar onu Oktavianla barışdırmaq, heç olmazsa Kleopatradan
uzaqlaşdırmaq istəyirdilər. Kleopatranın özünün başçılıq etdiyi "partiya" isə Antonini
daha sərt hərəkətlərə və Roma ilə əlaqəni bütünlüklə kəsməyə təhrik edirdi. İki
partiya arasındakı mübarizə axırıncıların qələbəsi ilə başa çatdı və bu partiyanın təsiri
altına düşən Antoni Kleopatranın göstərişləri əsasında hərəkət etməyə başladı.
Müharibəyə bu qızğın hazırlıq dövründə də Antoni öz kefindən qalmırdı və
Kleopatra ilə birlikdə əyləncə və həzz almaq üçün Samos adasına getmişdi. Bütün
dünya hönkürtülərdən və hıçqırıqlardan lərzəyə gələndə, bu yeganə adadan ancaq
musiqi səsi eşidilirdi, teatrda hər gün tamaşalar göstərilirdi. Hələ müharibə
başlamamışdan onlar zəfəri elə bil belə eyş-işrətlə qeyd edirdilər. Qarşıdakı
müharibəyə belə yüngül münasibət olduqca qorxulu əlamət idi. Antoni və
Kleopatranın kef və ehtiras macəraları qurtarmaq bilmirdi, sonra əyləncələr Afinada
davam etdi.
Nəhayət, rəqiblər bir-birinin üstünə hərəkət etdilər. Antoninin qüvvələri 500
hərbi gəmidən, 100 min piyadadan və 12 min süvaridən ibarət idi. Ondan asılı olan
çarlar və hökmdarlar da Antoninin tərəfində idi. Oktavian isə döyüşü 250 gəmi, 80
min piyada və 10-12 minlik süvari qoşunları ilə aparmalı idi. Oktavianın belə zəifliyi
müqabilində yeganə üstünlüyü gəmilərin daha yaxşı təchiz edilməsi və daha yaxşı
döyüş qabiliyyətinə malik olması idi. Buna baxmayaraq Oktavian Antoniyə İtaliya
ərazisində, quruda vuruşmağı təklif etdi. Antoni bunu rədd edib, əvəzində Oktaviana
onunla şəxsən döyüşməyi təklif etdi.
Nəhayət, 31-ci il sentyabrın 2-də Epirdə Aktsi burnu yaxınlığında dəniz
döyüşü başlandı. Döyüşün nəticəsi hələ məlum deyildi. Lakin bu vaxt Kleopatranın
60 gəmisi yelkənlərini qaldırıb, döyüşdən qaçmağa başladı. Bunu görən Antoni hər
şeyi unudub, bütün qüvvələrini taleyin ümidinə atıb, flaqman gəmisindən iti sürətli
penteraya keçib, Kleopatranın arxasınca üzüb getdi.
Dəniz döyüşü axşama qədər davam etdi və adamlar sərkərdənin belə biabırçı
fərariliyinə inana bilmirdilər. Hətta dəniz döyüşü uduzulsa belə, onun 19 piyada
171
legionu və 12 min nəfərlik süvari dəstəsi var idi. Antoninin bu anlaşılmaz xəyanəti
nəticəsində onun donanması darmadağın edildi. Sonra isə onun piyadalarının əvvəlcə
hərbi rəisləri, onların ardınca əsgərlər qalibin tərəfinə keçməyə başladı.
Aktsi yanındakı döyüş əslində vətəndaş müharibəsinin nəticəsinin necə
olacağını həll etdi. 31-ci ilin sonunda Oktavian İtaliyaya qayıtdı, burada veteranlar
qiyam qaldırmışdılar. Oktavian onların bütün tələblərinə əməl etdi. Antoni isə
məğlubiyyətdən sonrakı vaxtı xeyli müddət depressiya vəziyyətində keçirdikdən
sonra, yenidən Aleksandriyaya Kleopatranın yanına gəldi. İndi ona tabe olan çarlar,
İudeya çarı İrod daxil olmaqla Antoniyə xəyanət edib, Oktavianın tərəfinə keçirdilər.
Artıq ona Misirdən və Kleopatradan başqa heç nə qalmamışdı. Bütün ümidini
itirdikdən sonra o, yenə eyş-işrətdə sakitlik arayırdı.
Sonra Antoni və Kleopatra "Ölümə məhkum edilənlər ittifaqı" yaratdılar və bu
ittifaqa onlarla birlikdə ölməyi qərara alan dostlar yazılırdılar. Hətta ölüm qorxusu
qarşısında da onlar kef və eyş-işrətdən əl çəkmək istəmirdilər.
Buna baxmayaraq onlar axırıncı vasitələrə əl ataraq, Oktavianın yanına elçilər
göndərdilər. Oktaviandan xahiş edilirdi ki, Misir üzərində hakimiyyət Kleopatranın
uşaqlarına verilsin. Antoniyə isə ömrünün sonuna qədər Misirdə, yaxud da Afinada
özəl şəxs kimi yaşamağa icazə verilsin. Antoninin xahişini rədd edən Oktavian
Kleopatraya cavab verdi ki, əgər o, Antonini ələ versə və ya öldürsə, ona güzəşt
ediləcəkdir. Oktaviana məlum oldu ki, Kleopatra çox böyük sərvətini sərdabəsinə
daşımış və özünü öldürdükdə oranı yandırmaq istəyir. Belə sərvətin əldən çıxmasına
yol vermək olmazdı.
Oktavianın qoşunları Aleksandriyaya yaxınlaşanda ilk toqquşmaların birində
Antoni onun süvarilərini qaçmağa məcbur etdi. Sonra o, çariçanın sarayına döndü və
burada Kleopatra fərqlənən döyüşçüyə mükafat kimi qızıl zireh və dəbilqə verdi.
Lakin elə həmin gecə bu təltif olunan döyüşçü Oktavianın yanına qaçaraq fərarilik
etdi və bu xəyanət nümunələri getdikcə xeyli çoxaldı. Antoni yenidən Oktavianı
döyüşə çağırdı və cavabında isə ona bildirildi ki, ölüm üçün ona çoxlu yollar açıqdır.
Bu cavabdan sonra o, həm dənizdə, həm də quruda döyüş aparmaq fikrinə düşdü.
Lakin bu döyüşdə onun donanması Oktavianın tərəfinə keçdi. Quruda isə süvarilər
belə hərəkət etdilər və onun piyada qüvvələri isə məğlub oldu.
Ümidsizliyə qapılan Antoni Kleopatranı xəyanətkarlıqda günahlandırdı. Onun
qəzəbindən qorxan çariça isə öz sərdabəsində gizləndi və tapşırdı ki, Antoniyə onun
öldüyünü xəbər versinlər. Bu xəbərə inanan Antoni özünü qılıncla ölümcül yaraladı
və son nəfəsində çariçanın sərdabəsinə gətirildi və bağışladığı sevgilisi Kleopatranın
qollarının üstündə canını tapşırdı. Bu 30-cu ildə baş verdi.
Onun ölüm xəbərini eşidən Oktavian öz keçmiş yoldaşının həlak olmasına
görə ağladı. Kleopatra da faciəli surətdə həyatla vidalaşdı. Oktavianın əsiri olduqda
onun triumf bayramından keçiriləcəyini təsəvvür etdikdə, özünü öldürdü. Rəvayətə
görə meyvə zənbilində ona gətirilmiş ilanın çalması ilə o, bir andaca öldü. Bu vaxt
gözəl eşq ilahəsinin 39 yaşı var idi.
Lakin iki mühüm düşməninin məhvi heç də Oktavianın hirsini soyutmadı. O,
Sezarionu (Sezarın oğlunu) və Antoninin böyük oğlu Antilli edam etdirdi.
Kleopatranın Antonidən olan digər oğlanları isə triumf mərasimindən keçirildikdən
172
sonra Oktaviyaya verildi və bu qadın Antonidən olan digər uşaqları ilə birlikdə onları
tərbiyə etdi.
Misir Roma əyalətinə çevrildi. Bu ilk əyalət idi ki, artıq senat tərəfindən deyil,
imperatorun özü tərəfindən, onun müvəkkilləri vasitəsilə idarə olunmağa başladı.
Vətənə dönəndən sonra Oktavian böyük triumf mərasimi keçirdi. Üç gün
davam edən bu bayram İlliriya və Aktsidə Kleopatra üzərində qələbələrə və
Aleksandriyanın zəbt edilməsinə həsr olunmuşdu. Bununla da son iki müharibənin
Antoni ilə aparıldığı vətəndaş müharibəsi xarakteri daşıdığı, məğlub olanların, həlak
olanların məhz Roma vətəndaşları olduğu gizlədilirdi. Bu müharibənin xarici
düşmənlə aparıldığı göstərilirdi. Oktavianın Sezardan götürdüyü bu metod indi o
qədər də inandırıcı görünmürdü, çünki müharibənin triumviratın parçalanmış
hissələri, iki əsas lideri arasında getdiyini və uzun müddət davam etdiyini hamı yaxşı
bilirdi. Bu iki müharibə - iki il ərzində getmişdi, bir də ki, triumf mərasimindən məhz
məğlub sərkərdə kimi Antoninin - Roma sərkərdəsinin Kleopatradan olan oğlanları
keçirilmişdi.
Beləliklə 30-cu illərin sonunda gedən vətəndaş müharibələrindən Oktavian
qalib çıxdı. Sonralar Makiavellinin qələmə aldığı "Məqsəd vasitələrə haqq
qazandırır" prinsipinə hələ on beş əsr əvvəl Oktavian əməl etməyə başlamışdı, ona
fayda verən bütün vasitələrdən, onların ləyaqətliliyinə məhəl qoymadan istifadə
edirdi. Qoşunlar hədiyyələrlə, xalqı ona çörək paylamaqla, hamını isə ümumilikdə
müharibədən doyduqlarına görə sülhlə şirnikləndirib öz tərəfinə çəkirdi.
Müharibə bu böyük dövlətin ağır, uzun sürən və xroniki xəstəliyi olduğundan
hamı cana doymuşdu. Müharibəyə son qoymağı bacaran adam xalqın gözündə
xilaskar səviyyəsinə yüksəlirdi və xalq ona hər cür ehtiram göstərməyə hazır idi. Ona
görə də 27-ci ilin əvvəlində Senatın iclasında Oktavian öz üzərindən fövqəladə
səlahiyyətləri götürdükdə, senatorlar yekdilliklə onu yenidən ali hakimiyyəti qəbul
etməyə məcbur etdilər. Üç gün sonra isə Senat ona fəxri Avqust titulunu verdi və bu
vaxtdan o, rəsmi olaraq "Allahın oğlu imperator Sezar Avqust" adlanmağa başladı.
Həmin dövrdən o, senatorların siyahısına birinci daxil oldu, başqa sözlə senatın
printsepsi oldu və ya Avqustun özünün sonralar dediyi kimi "primus inter pares" -
"bərabərlər arasında birinci" oldu. Buna görə də 27-ci il yeni eranın - prinsipat və ya
Roma imperiyası epoxasının başlanğıcı hesab olunur. 43-cü ildən özünü Yuli Sezar
Oktavian adlandıran, 27-ci ildən isə "imperator Sezar Avqust" adlanan bu adam
Roma imperatorlarından birincisi oldu.
|