Telman Orucov Qədim Roma: qüdrətin qabarması və çəkilməsi



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix09.02.2017
ölçüsü2,67 Mb.
#7870
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

KATİLİNA QƏSDİ 
 
Qul üsyanı yatırıldıqdan bir az sonra Roma yeni bir siyasi böhranla üzləşməli 
oldu  və  bu,  ölkənin  dövlətçiliyinə  ciddi  zərbə  vurub,  onu  yenidən  vətəndaş 
müharibəsinə cəlb edə bilərdi. Bu tarixdə məşhur olan Katilina qəsdi idi. Əlbəttə, bu 
hadisə boş yerdə yaranmamışdı. Sulla tərəfdarı olan gənc Katilina vestalkaya (ilahə 
Vesta  məbədində  xidmət  edən  bakirə  qıza)  təcavüz  etməyə  görə  məhkəməyə 
verilmişdi, lakin bəraət almışdı. 68-ci ildə o, pretor seçilmiş və ona  Afrika əyalətinin 
idarə olunması həvalə olunmuşdu. 66-cı ildə Romaya qayıdan Katilina 65-ci il üçün 
konsul  seçkisində  namizəd  kimi  iştirak  edir,  lakin  müvəffəqiyyət  qazanmır. 
Afrikadan  gələn  xüsusi  nümayəndə  heyəti,  onu  əyaləti  idarə  edərkən  vəzifəsindən 
sui-istifadə etməkdə və dövlət pulunu mənimsəməkdə günahlandırır. Belə bir şəraitdə 
o, hətta namizədlər sırasında qala bilməzdi. Həmin seçkidə konsul seçilənlər tezliklə 
seçiciləri  pulla  ələ  almaqda  ittiham  edildilər  və  Kalpurni  qanununa  uyğun  olaraq 
onlar  cəzalandırıldılar.  Buna  görə  də  yenidən  seçki  keçirildi  və    yeni  konsullar 
seçildi.  Bu  Katilinanın  "birinci  qəsdi"  adlanan  hadisəyə  səbəb  oldu.  Həmin  qəsddə 
onunla yanaşı Avtroni, əvvəlki diktatorun qohumu Publi Sulla, Kalpurni Pison, bəzi 
mənbələrə görə Krass və Sezar da iştirak edirdi.  
Qəsdçilərin planlarına görə, yeni konsullar öz vəzifəsinə başlayan gün, başqa 
sözlə  65-ci  ilin  ilk  günü,  öldürülməli,  əvvəlki  seçkidə  seçilən  konsullar  Avtroni  və 
Sulla  öz  vəzifələrinin  icrasına  başlamalı,  Krass  isə  hətta  diktator  səlahiyyətlərinə 
yiyələnməli imiş. Lakin bütün işləri Krass pozdu, çünki danışılmış vaxtda o, senatın 
iclasına  gəlmədi.  Qəsdçilərin  çıxışı  sonrakı  günə  təyin  olundu,  həmin  gün  isə  guya 
Katilina  Kuriyada  hamı  yığışmamışdan  əvvəl  siqnal  verməklə,  qəsdin  baş 
tutmamasına  səbəb  olmuşdu.  Bu  vaxt  qəsdçilərə  qarşı  heç  bir  təqib  əməliyyatı 
keçirilmədi.  Bunu  onunla  izah  edirlər  ki,  onların  arasında  Krass  və  Sezar  kimi 
nüfuzlu  adamlar  da  var  idi.  Yəqin  əsas  məsələ  onda  idi  ki,  ümumiyyətlə,  qəsdə  elə 
ciddi əhəmiyyət verilməmişdi.  
Bu  məsələyə  görə  deyil,  Afrikadan  olan  nümayəndə  heyətinin  şikayəti 
əsasında  65-ci  ildə  Katilina  məhkəməyə  verildi.  O,  bu  dəfə  də  bəraət  aldı. 
Ümumiyyətlə  belə  vəziyyətlərdən  o,  quru  çıxa  bilirdi.  Heç  onun  öz  qardaşı  barədə 
diktator Sulla vaxtında etdiyi iyrənc hərəkət də o qədər yada salınmırdı. Lakin bəraət 
alsa  da,  uzanan  məhkəmə  prosesi  ona  64-cü  il  üçün  konsul  seçilməkdən  ötəri 
seçkilərdə  iştirak  etməyə  imkan  vermədi.  Tsitseron  isə  Katilinanın  təqsirsiz  hesab 
edilməsini,  günorta  vaxtı  qaranlıq  olmasını  təsdiq  etməyə  bərabər  hesab  edirdi. 
Beləliklə, ikinci seçki də, buna böyük ümid bəslədiyi halda heç bir şey vermədi. İndi 
onun  ümidi  63-cü  ilə  konsul  seçilməyə  idi  və  buna  ciddi  hazırlıq  görməyə  başladı. 
Xalqı  öz  ətrafına  çəkmək  üçün  o,  bütün  borcların  ləğv  edilməsi  haqqında  məşhur 
şüarı  irəli  sürdü.  Bu  cəsarətli  addıma  görə  şəhərin  bütün  təbəqələri  içərisində  onun 
tərəfdarları  xeyli  çoxaldı.  Borcdan  əziyyət  çəkənlərin  hamısı  -  israfçılıq  edən 
aristokratlar,  borca  batmış  gənclər,  Sullanın  müflisləşmiş  veteranları,  torpaqlarını 
itirmiş kəndlilər, şəhərlərin sinifsizləşmiş əhalisi, marksistlərin dililə desək, lümpen-
proletariat, bir sözlə sosial sarsıntıların əsas əbədi yanacaq materialı olanlar bu şüara 
görə, onun tərəfdarları sırasına keçmişdilər.  

 
104 
Seçkiqabağı  kampaniyanın  ən  qızğın  dövründə  -  64-cü  ilin  yayında  Katilina 
yaxın dostlarını bir yerə yığmışdı. Bu görüşdə həm senator, həm də atlı təbəqəsinin 
nümayəndələri  var  idi.  Bu  görüşdə  həm  də  digər  munitsipiyaların  və  koloniyaların 
nümayəndələri  iştirak  edirdi.  Katilina  yığılanları  ruhlandıraraq  yenidən  borcların 
bağışlanmasını,  varlıların  proskriptsiyasını  vəd  etdi.  Axırda  isə  öz  möhkəm 
əminliyini bildirdi ki, o, dostu Qay Antoni ilə birlikdə konsul seçiləcəkdir.  
Borcların  ləğv  edilməsinə  gəldikdə,  bu  heç  də  yeni  məələ  deyildi,  başqa 
sivilizasiyalı  ölkələrdə  qanunla  təsbit  olunmuşdu.  Biz  yəhudilərin  "İkinci 
Qanununda"  -  "Deyteronomiyada"  bunun  şahidi  oluruq.  Qədim  yəhudilərin 
qanunlarına  görə  yeddi  il  keçdikdən  sonra  bütün  borclar  silinirdi  ki,  borcu 
qaytarmağa  imkanı  olmayanlar  yeddi  ildən  artıq  bu  ağır  yükün  altında  qalmaqda 
davam  etməsinlər.  Hətta  ölkə  üzrə  bu  yeddiillik  müddət  gəlib  çatana  yaxın  vaxtda 
belə,  bir  kəsin  borc  verməkdən  imtina  etməsinə  icazə  verilmirdi.  Əgər  kimsə  varlı, 
imkanlı adamdan borc istəyirdisə, qısa müddətdən sonra bu borcun silinməsini bilən 
adam,  əgər  bu  diləyi  cavabsız  qoysaydı,  qanunu  pozmuş  hesab  olunurdu.  Bu  ona 
görə  edilirdi  ki,  bütün  yəhudilərə  normal  yanaşmaq  imkanı  yaradılsın  ki,  heç  kəs 
bütün ömrü boyu borc boyunduruğu altında əzilməsin. Ona görə də Katilinanın şüarı 
nə  qədər  qeyri-adi  görünsə  də,  müəyyən  mənada  bu  tədbir  cəmiyyətdəki  gərginliyi 
zəiflətmək məqsədini güdürdü. Bu cəhət nəzərə alınmaqla bunu onun şıltaqlığı və ya 
dövlətdəki sosial şəraiti mürəkkəbləşdirmək istəyi kimi qiymətləndirmək, o qədər də 
ədalətli görünmür.  
63-cü  il  üçün  konsul  seçkilərində  yeddi  namizəd  mübarizə  aparırdı.  Onların 
içərisində  Katilinanın  və  onun  dostunun  şansları  daha  ümidverici  görünürdü. 
Onlardan başqa, həm də  Tsitseronun qalib gəlməsi gözlənə bilərdi. Lakin görkəmli 
hüquqçu  və  natiq  Mark  Tulli  Tsitseron  Romada  doğulmamışdı,  tanınmış  əsil-
nəcabətə  malik  deyildi,  başqa  sözlə  böyürdən  çıxmış  adam  -  homo  novus  hesab 
olunurdu.  
Lakin  gözlənilməz  hadisə  bütün  planları  alt-üst  etdi.  Qəsdin  iştirakçılarından 
biri Kvint Kuri öz məşuqəsinin yanında olanda, loğğalanmaq məqsədilə qəsdin bütün 
təfsilatını  ona  danışdı,  bu  qızın  yaydığı  şayiədən  isə  bütün  şəhər  agah  oldu.  Bu 
şayiələr  Tsitseronun  konsul  seçilmək  şansını  artırdı,  Katilina  isə  artıq  üçüncü  dəfə 
uğursuzluğa  düçar  oldu.  63-cü  ilə  Mark  Tulli  Tsitseron  və  Qay  Antoni  konsul 
seçildilər.  
Bu  uğursuzluqdan  sonra  Katilina  artıq  geniş  miqyaslı  qəsdi  hazırlamağa 
başlayır.  Bununla  yanaşı  o,  62-ci  il  üçün  konsul  seçilməkdən  ötəri  qanuni  yolu  da 
tam  rədd  etmir  və  leqal  qaydada  hazırlığa  başlayır.  Lakin  aysberqin  görünməyən 
hissəsi  onun  qanuna  zidd  hərəkətlərinin  vüsətindən  və  miqyasından  xəbər  verir.  O, 
qəsdə çoxlu yeni adamlar cəlb edir, silah tədarükü ilə məşğul olur, Etruriyada qoşun 
yığmalı  olan  Manlini  pulla  təmin  edir.  Lakin  hər  şey  ancaq  hazırlıq  tədbirlərindən 
ibarət  olduğundan,  açıq  bir  hərəkət  edilmədiyinə  görə,  qarşı  tərəf  -  Tsitseron  da 
gözləmə mövqeyi tutmalı olur.  
Yeni  seçkilərin  vaxtı  gələndə  Romada  gərginlik  xeyli  artır.  İndi  konsul 
seçilmək  üçün  dörd  nəfər  mübarizə  aparır,  bunlar  Katilina,  hüquqçu  Sulpitsi  Ruf, 
hərbi  xadim  Litsini  Murena  və  Detsim  Silan  idi.  Seçki  kampaniyası  vaxtı 
gözlənilmədən Ruf öz namizədliyini geri götürdü və seçiciləri pulla ələ almağa görə 

 
105 
Murenaya  qarşı  iş  qaldırdı.  İki  namizədin  bir-biri  ilə  haqq-hesab  çürütməsi, 
Katilinanın  müvəffəqiyyətini  obyektiv  olaraq  labüd  və  şəksiz  edirdi.  Bu  ona  daha 
cəsarətli,  daha  doğru  deyilsə,  həyasızcasına  hərəkət  etməyə  imkan  verirdi.  Şəhərdə 
şayiələr gəzirdi ki, qarşıdakı seçkilərə o, Sulla veteranlarını Etruriyadan çıxaracaq ki, 
lazım  gəlsə,  onlar  silah  gücünə  hərəkət  etsinlər.  Bundan  başqa  o,  Tsitseronu  qətlə 
yetirmək  planı  hazırlamışdı,  tez-tez  qəsdçilərin  gizli  müşavirələrini  keçirirdi.  Bu 
xəbərlər ancaq söhbət və şayiələr səviyyəsində qalırdı.  
Katilinanın  qəsdi  Roma  tarixçiləri  tərəfindən  bütün  detalları  ilə  qələmə 
alınmışdır.  Böyük  tarixçi  Qay  Sallyusti  Krips  isə  bu  hadisəyə  həsr  etdiyi  samballı 
"Katilina  qəsdi"  əsərində  o  vaxtkı  Romanın  zidiyyətli  və  çürüməyə  qədəm  qoymuş 
həyatının geniş panoramını vermiş, qəsd və onun iştirakçılarının timsalında dövlətin 
ağır  və  sağalmaz  xəstəliyə  düçar  olduğunu  açıb  göstərmişdi.  Tarixçi  böyük  təəssüf 
hissi ilə qeyd edir ki, dövlət özünün qədim və nəcib ənənələri, ləyaqət və dəyərləri ilə 
vidalaşdıqca,  ən  eybəcər  hisslər  və  ehtiraslar  adamların  davranışına  hakim  kəsilir, 
onların şüurlarına təcavüz edir və ölkənin pozulmuş, cansıxıcı siyasi havasının əsas 
komponentinə  çevrilir.  Acgözlük,  tamahkarlıq,  sərvət  düşkünlüyü  artıq  təkcə 
adamların deyil, bütövlükdə cəmiyyət və dövlətin süqutunu sürətləndirir, onu labüd, 
qaçılmaz  edir.  Adamlar  öz  alçaq  niyyətlərini  həyata  keçirmək  üçün  təkcə  öz 
rəqiblərini deyil, onlara yalnız müvəqqəti sahib kimi etibar edilmiş ən böyük sərvəti 
məhv etmək, əcdadlardan miras qalmış dövlətin başını kəsmək qəsdinə dururlar.  
Ona  görə  də  bir  qrupun  qəsdi  təkcə  hakimiyyəti  ələ  keçirmək  və  ya  öz 
əleyhdarlarını məhv etmək niyyəti ilə qurtarmır. Əndazədən çıxaraq dövlətin özünü 
məhv etmək və ya ona vurulan ağır zərbə ilə bütünlüklə onun sifətini dəyişdirmək, 
eybəcərləşdirmək məqsədini güdür. Xarici düşmənlərin nəinki diz çökdürə bilmədiyi, 
əksinə  qarşısında  diz  çökməyə  məcbur  olduğu  Roma,  öz  vətəndaşlarının,  tanınmış 
adamlarının azğınlığının qurbanı olmaq təhlükəsi altında yaşayırdı. Daim sınaqlar və 
problemlər  içərisində  çalxalanan  və  mübarizə  aparan  Roma  indi  öz  vətəndaşları 
tərəfindən  onun  kürəyinə  vurulan  xəncər  yarasından  inildəməli,  ölüm-dirim 
mübarizəsi  aparmalı  idi.  Roma  bu  ağır  "olum  və  ölüm"  dilemması  qarşısında 
Hamletdən on yeddi əsr əvvəl dayanmalı oldu. Əgər Hamletin atasına öz qardaşı və 
arvadı xəyanət etməklə, rəzalət yolunu tutmuşdularsa, Romaya öz övladları xəyanət 
edir,  onun  dövlət,  respublika  adlanın  başını  kəsməklə,  cəsədinə  təcavüz  etmək 
istəyirdilər. Onlar üçün Roma nəinki ana deyildir, küçədə öz bədənini satan bir qadın 
kimidir,  azacıq  cəhddən  sonra  onun  ləyaqətini  hər  cür  alçaltmaq,  təhqir  etmək  də 
olar.  
Əgər Katilina ev, ocaq ilahəsi Vestaya həsr edilmiş məbədin kahinəsi olan və 
bəkarəti müqəddəs sayılan qıza təcavüz etmişdisə, bu dəhşətli və ifrat həyasız Edip 
bir az sonra öz anası Romaya daha iyrənc qaydada təcavüz etməyə hazır idi, bunun 
üçün  yalnız  əlverişli  imkan  gözləyirdi.  Onun  siyasət  şəhvəti,  hökmranlığı  nəyin 
hesabına olursa-olsun ələ keçirmək barədəki iyrənc və vəhşi ehtirası ölkəni, adamları 
hansı  bədbəxtliklərə  sövq  etsə  də,  o,  bundan  çəkinmirdi,  xalqının  bədbəxtliyi  - 
Romanın  ləyaqət  və  şöhrətinin  xarabalıqları  üzərində  özünün  qandan,  məkrdən, 
hiylədən  qurduğu  taxt-tacını  qaldırmaq  istəyirdi.  Bu  yırtıcı,  quldur  istək  ona  heç 
nəyin  qarşısında  belə  dayanmağa  imkan  vermirdi,  buna  görə  də  o,  heç  bir  mənəvi, 
əxlaqi hədd tanımırdı və ləyaqəti müdafiə edənlərin hamısını məhv etməyə hazır idi.  

 
106 
Yalnız qarnını düşünənlər üçün ruh bədəni idarə etmək əvəzinə, bədən ruha öz 
istəklərini  diqtə  etməyə  başlayır,  insanda  əbədi  və  ali  olan  hissə,  bədbətlikdən 
müvəqqəti və ölməyə məhkum olan hissəyə tabe olur. Belə adamlarda təbiətin əksinə 
olaraq  ruh  yükə  çevrilir,  bədən  isə  həzz  mənbəyidir.  Romada  qədim  dövrlərdən 
dəbdəbədən  imtina  və  ədalətlilik,  özbaşınalığa  və  lovğalığa  üstün gəlirdi.  Ona  görə 
də  hakimiyyət  nisbətən  az  layiq  olanlardan  daha  layiqli  adamlara  keçirdi.  Adamlar 
dövlətə öz əməlləri, öz fəaliyyətləri ilə qulluq göstərirdilər. Lakin sonradan getdikcə 
daha  çox  özünü  büruzə  verən  bir  təkamül  hadisəsi  baş  verdi,  təvazökarlıq, 
təmkinlilik, igidlik əvəzinə həyasızlıq, pulla ələ alma, tamahkarlıq yayılmağa başladı.  
Sallyustinin  yazdığına  görə,  Lutsi  Katilina  tanınmış  nəsildən  idi,  lakin  onun 
çox pis və pozğun xasiyyəti var idi. Hələ uşaq vaxtı o, savaşmağı sevirmiş. Sullanın 
diktaturasından  sonra  onda  hakimiyyəti  ələ  keçirmək  həvəsi  baş  qaldırdı.  Ümumən 
prinsiplərin  aşağı  enməsi,  dəbdəbə  və  tamahkarlığın  artması  onun  şüurunu  daha  da 
coşdururdu.  Vaxtilə  romalılar,  əvvəllər  azadlığı  qorumağa  və  dövləti  yüksəltməyə 
xidmət  edən  çar  hakimiyyəti  kobud  özbaşınalığa  keçdikdə,  dövlət  quruluşunu 
dəyişdirməyə məcbur oldular və hər il hakimiyyətin dəyişilməsi və iki idarə edənin 
seçilməsi  qaydasını  təsis  etdilər.  Bundan  sonra  hər  kəs  öz  qabiliyyəti  ilə  yuxarı 
qalxmağa  cəhd  edirdi,  hamı  yalnız  şərəf,  şöhrət  uğrunda  yarışırdı  və  bu,  əsasən 
düşməni  əzməkdə,  igidlikdə  özünü  büruzə  verirdi.  Şöhrətdə  onlar  üçün  hər  şey  - 
sərvət  də,  böyük  ad  da,  yüksək  kübarlılıq  da  var  idi.  Ona  görə  də  adamlar  şöhrətə 
susayırdı, pula isə biganə idi.  
Belə  bir  atmosferdə  həm  sülh,  həm  də  müharibə  dövründə  yaxşı  xasiyyətlər 
inkişaf edirdi, hörmət qazanırdı. Hamı hüquqa və xeyirə baş əyirdi, qanunlardan daha 
çox  təbiətə  tabe  olurdu.  İki  keyfiyyət  adamları  da,  dövləti  də  qoruyurdu,  bu, 
döyüşdəki igidlik, dinc dövrdə isə ədalətlilik idi. Dinc dövrlərdə qorxu vasitəsindən 
daha  çox,  mərhəmətin  köməyi  ilə  idarə  edirdilər,  təhqir  edən  adamları 
cəzalandırmaqdansa,  əfv  etməyi  üstün  tuturdular.  Lakin  bu  xasiyyətlər,  qaydalar 
hesabına  böyüyən,  varlanan  və  qüdrət  sahibi  olan  Romada  tale  hər  şeyi  dəyişməyə 
başladı.  
Hannibal  ordusunda  seyr  etdiyimiz  kimi,  burada  da  məhrumiyyətləri, 
təhlükələri, çətinlikləri asanlıqla dəf edən adamlar, cəza kimi başlarının üstünü kəsən 
əyləncə  və  sərvət  yükünü  çəkib  apara  bilmədilər,  bu  harınlıq  sınağından  çıxa 
bilmədilər.  Əvvəlcə  pula  hərislik,  sonra  hakimiyyətə  hərislik  yayılmağa  başladı  və 
bunların hər ikisi bütün bədbəxtliklərin kökünə çevrildi.  
Şöhrətpərəstlik  çoxunu  riyakar  etdi,  onları  ürəyində  bir  şeyi  gizlədib,  başqa 
sözü  deməyə  öyrətdi,  dostluq  və  düşmənçilik  mahiyyətinə  görə  deyil,  fayda 
verməsinə  görə  qiymətləndirilməyə  başlandı.  Adamlar  daxili  ləyaqətdənsə,  zahiri 
görünüşə daha çox fikir verməyə başladılar. Hər şey kiçik şeydən başladı, sonra isə 
bu keçici xəstəlik taun kimi, Qara Ölüm kimi yayıldı. Roma dövləti ən ədalətli və ən 
yaxşıdan,  qəddar  və  dözülməz  dövlətə  çevrildi.  Özü  də  əvvəlcə  şöhrətpərəstlik 
yayılmağa başladı, sonra isə onun yerini tamahkarlıq tutdu. Lutsi Sulla hakimiyyəti 
zorla  tutduqdan  sonra  hamı  soyğunçuluqla  məşğul  oldu.  Məhz  onun  dövründə  ilk 
dəfə  olaraq  Roma  qoşunları  pozğunluq  və  əyyaşlıq  etməyə,  oğurluqla  məşğul 
olmağa,  məbədləri  qarət  etməyə  başladı.  Bu  döyüşçülər  öz  ölkələrində  qalib 
gəldikdən,  onu  zəbt  etdikdən  sonra  məğlublara  heç  nə  qoymadılar.  Belə  bir  qənaət 

 
107 
yaranır  ki,  uğur  hətta  aqilləri  də  pozur,  mənən  eybəcərləşmiş  adamlar  isə  öz 
müvəffəqiyyətlərinin bəhrələrindən gözü doyuncaya qədər istifadə edir. Bu dövrdən 
sərvət,  var-dövlət  hörmət,  ehtiram  və  nüfuz  mənbəyinə  çevrildi,  kasıblığın  isə  eyib 
hesab  olunması  başlandı.  Dəbdəbə,  zənginlik  o  yerə  gəlib  çatdı  ki,  özəl  şəxslər 
dağları  düzləndirib,  dənizi  qurudub,  özlərinə  saraylar  tikməyə  başladılar.  Onlar 
pozğunluğa,  eyş-işrətə  aludə  oldular.  Kişilər  qadınlar  kimi  cinsi  əlaqəyə  girirdilər, 
qadınlar  isə  öz  namusları  ilə  alver  etməyə  başladılar.  Ləzzətli  qida  tapmaq  üçün 
bütün dənizləri və torpaqları axtarırdılar.  
Yuxuya  ehtiyac  olmadan  yatır,  aclıq,  susuzluq,  soyuq  və  ya  yorulmaq  hiss 
etmədən,  hər  bir  tələbat  dəbdəbə  ilə  qabaqcadan  ödənirdi.  Bu  isə  gəncləri 
cinayətkarlığa  sürükləyirdi  və  eyiblərlə  zəhərlənmiş  ruhlar  ehtirasdan  azad  ola 
bilmirdilər, əksinə daha güclü surətdə varlanmağa və israfçılığa bağlanırdılar.  
Belə bir pozulmuş dövlətdə Katilina üçün özünə çoxlu tərəfdarlar toplamaq o 
qədər də çətin deyildi. O, gəncləri tələyə salmaq üçün müxtəlif vasitələrdən istifadə 
edirdi,  birinə  bədənini  satan  qadınlar  tapırdı,  digərlərinə  hədiyyə  kimi  at  alırdı.  Bu 
yolla  o,  puluna  xəsislik  etmədən  onları  özünə  daha  möhkəm  bağlayırdı.  Axı 
gəncliyində  o,  pozğunluqda  ad  çıxarmışdı.  Sınaqdan  çıxmış  vasitələrlə  o,  gəncləri 
cinayətkarlığa  öyrədirdi.  O,  bu  cavanlarda  utancaqlıq  hissini  məhv  etdikdən  sonra, 
onları daha ağır sınaqlara çəkir, onlara daha çətin tapşırıqlar verirdi. Hətta cinayətə 
bir  səbəb  olmayanda  da,  o,  bu  gəncləri  günahsız  adamların  üstünə  qısqırdırdı  ki, 
onlar  şum  edəndə  itilənən  kotan  kimi  qəddarlığı  tərgitməsinlər.  Bu  məsələlərdə  o, 
daha  çox  Sulla  döyüşçülərinə  bel  bağlayırdı,  çünki  onlar  köhnə  qələbələri  və 
soyğunçuluqları  yada  saldıqda,  alçaqlığa  və  qəddarlığa  daha  çox  can  atırdılar, 
vətəndaş  müharibəsinə  susayırdılar.  Axı  onlar  bir  dəfə  bunun  iyrənc  "ləzzətini" 
görmüşdülər. Məhz belə adamlara və «dostlara» arxalanmaqla, Katilina hakimiyyəti 
tutmağı qərara aldı və bu məqsədlə qəsd hazırladı.  
Bu  qəsdə  bir  çox  görkəmli  əyanlar  cəlb  olunmuşdu.  İlk  dəfə  o,  qəsd 
iştirakçılarını  bir  yerə  yığanda,  onları  zorakılığa  təhrik  edərək  dedi  ki,  artıq 
hakimiyyət  bizim  əlimizdədir.  Əgər  dövlətimiz  bizim  istədiyimiz  tək  sağlam  olsa, 
hamı  qarşımızda  titrəyəcəkdir.  Məgər  igidliklə  ölmək,  fağır  və  şərəfsiz  keçirilən 
həyatı biabırçılıqla itirməkdən yaxşı deyilmi? Qələbə bizim əlimizdədir, biz gəncik, 
biz  mənən  qüvvətliyik;  onlarda  isə  hər  şey  qocalıqdan  və  dövlətdən  köhnəlmişdir. 
Ancaq başlamaq lazımdır, qalan hər şey öz-özünə gələcəkdir. Onlar sərvət içərisində 
üzürlər, bizim isə ən vacib şeyə lazım olan pulumuz yoxdur. Onlar pulu xərcləməyə 
yer  tapmır  və  onu  havaya  sovururlar.  Bizim  evlərimizdə  isə  kasıbçılıqdır,  evdən  o 
tərəfdə  isə  bizi  borclar  təqib  edir.  Bizim  indiki  vəziyyətimiz  pisdirsə,  gələcəyimiz 
daha sərt olacaqdır. Onda bəs niyə oyanmırsınız? Sizin tez-tez arzuladığınız azadlıq 
qarşınızdadır, buna isə var-dövlət, hörmət və şöhrət əlavə olunacaqdır. Bütün bunları 
tale  qaliblərə  mükafat  kimi  təyin  etmişdir.  Vəziyyət,  zaman,  təhlükələr,  kasıblıq, 
hərbi  qənimətin  parıltısı,  mənim  sözlərimdən  daha  çox,  bizi  böyük  təkidlə  hərəkət 
etməyə  ruhlandırır.  Məni  isə  istər  başçı,  istər  əsgər  götürün.  Mən  ruhum  və 
bədənimlə  sizinlə  olacağam.  Əgər  aldanmıramsa,  həm  də  köləliyi  hökmranlıqdan 
üstün tutmursunuzsa, mən konsul olduqda sizinlə birlikdə hər şeyə nail olmağa ümid 
edirəm.  

 
108 
Görüşdə iştirak edənlər tələb etdilər ki, nəyin naminə müharibə aparacaqlarını, 
silahlarını  hansı  məqsədə  qaldıracaqlarını,  nəyə  ümid  bəslədiklərini  onlara  izah 
etsinlər.  Katilina  bu  vaxt  borcların  ləğv  edilməsi,  varlıların  proskriptsiya  edilməsi, 
soyğunçuluq  barədə  vədlər  verdi.  Bunları  isə  yalnız  müharibə  və  qaliblərin 
özbaşınalığı mümkün edə bilərdi. Axırda o, bütün ləyaqətli vətəndaşları söyüşə qərq 
etdi,  öz  adamlarının  isə  hər  birinə  ayrı-ayrılıqda  müraciət  etməklə,  onları  təriflədi. 
Sallyusti yazır ki, nitqini bitirdikdən sonra o, öz əlaltılarını and içməyə dəvət etdi və 
onlar  insan  qanı  qatışmış  şərab  içdilər.  Bununla  Katilina  ona  nail  olurdu  ki,  belə 
dəhşətli  cəmiyyətdə  adamlar  bir-birini  nə  qədər  yaxşı  tanısalar,  o  qədər  bir-birinə 
daha sədaqətli olacaqlar. Əslində bu quldurların ritualını andırırdı. 
Katilinanın  tərəfdarları  təkcə  Romada  deyil,  İtaliyanın  şəhərlərində  də 
fəaliyyət  göstərirdi.  Onun  dostu  Manli  Etruriyada  ordu  toplayırdı.  Bundan  xəbər 
tutan  Tsitseron  bu  barədə  senatda  məruzə  etdi.  Senat  isə  öz  növbəsində  konsullara 
göstəriş  verdi  ki,  onlar  dövlətə  heç  bir  ziyan  dəyməməsi  üçün  müvafiq  tədbirlər 
şəklində lazımi qayğı nümayiş etdirsinlər. Bu məqsədlə senat vəzifəli şəxslərə qoşun 
yığmaq,  müharibə  aparmaq,  müttəfiqlər  və  vətəndaşlar  arasında  asayişi  qoruyub 
saxlamaq  üçün,  dövlətin  daxilində  və  xaricində  ali  komandan  və  ali  hakim  olmaq 
səlahiyyətlərini  verdi.  Bu  səlahiyyətlər  konsullara  yalnız  xalqın  sərəncamı  ilə 
verilirdi.  
Oktyabrın  sonunda  Qay  Manli  böyük  dəstə  ilə  qiyam  qaldırdı.  Bu  Romada 
xalqın həyəcanını xeyli artırdı. Lakin Katilina öz başladığı iyrənc işi davam etdirirdi. 
Bu  vaxt  müvafiq  qanuna  görə  Lutsi  Pavel  onu  məhkəməyə  verməyi  tələb  etdi.  Bu, 
Katilinanın ikinci qəsdinin başlanğıcı hesab olunur. Bu vaxt Katilina senata gəldi və 
konsul  Mark  Tulli  Tsitseron  burada  dövlət  üçün  çox  faydalı  olan  bir  çıxış  etdi.  Bu 
çıxışında  o,  romalılar  üçün  həyəcan  təbili  çaldı.  Sonra  bir  neçə  dəfə  o,  Katilina 
barədə  çıxışlar  etdi  və  məşhur  Afina  natiqi  Demosfenin  Makedoniya  çarı  Filippə 
qarşı etdiyi çıxışlara bənzədərək, onları "Filippika" kimi "Katilinari" adlandırdı. 
Bu  çıxışlarında  o,  "qılınc  və  toqa"  konsepsiyasından  geniş  istifadə  edir. 
Tsitseron  bu  nitqləri  ilə  əslində  Romanı  vətəndaş  müharibəsindən  xilas  etdi,  lakin 
düşmənləri  belə  qəti  və  yenilməz  hərəkətindən  sonralar  onun  özünə  qarşı  istifadə 
etdilər.  8  noyabr  63-cü  ildə  senatın  ilk  fövqəladə  iclasında  konsulun  etdiyi  nitq  isə 
birinci Katilinari kimi məşhurdur.  
Tsitseron öz çıxışına bu sözlərlə başladı. "Söylə mənə Katilina, nə vaxta qədər 
sən  bizim  səbrimizdən  sui-istifadə  edəcəksən?  Ağlını  itirmiş  adamla  bu  təhlükəli 
oyun  nə  qədər  davam  edə  bilər?"  Sonra  o,  göstərdi  ki,  artıq  Katilinanın  niyyətləri 
açılmışdır. Özünün məşhur "o tempera, o mores!" - "ar olsun bizim dövrümüzə  və 
onun  prinsiplərinə"  sözlərini  söylədi  və  qeyd  etdi  ki,  sənin  hamının  əleyhinə 
hazırladığın  məhvə  görə,  konsul  əmri  ilə  səni  çoxdan  ölümə  göndərmək  lazım  idi. 
Katilina bütün ətraf torpaqları qarət etmək, qırğın və yanğına calamaq istəyir. Bizsə 
konsul  hakimiyyəti  sərəncamımızda  olduğu  halda,  bunların  hamısına  dözürük.  Axı 
bu  respublikada  möhkəm  adamda  təhlükəli  vətəndaşın  öhdəsindən,  qatı  düşməndən 
də daha qəddarcasına gəlməyə imkan verən cəsarət var idi. Tsitseron tarixi misallar 
gətirdikdən  sonra  bir  arzusunu  da  bildirir  ki,  heç  kəs  qəzəbə  və  əsəbiləşməyə  yol 
verməməlidir.  

 
109 
Sonra  konsul  dedi  ki,  indi  əgər  Katilina  səni  tutmağı  və  edam  etməyi  əmr 
etsəm,  əminəm  ki,  bütün  vicdanlı  adamların  ümumi  hökmü  belə  olacaqdır".  "Çox 
gecdir",  nəinki  kimsə  deyəcəkdir:  "Çox  sərtdir".  Lakin  indiyədək  çoxdan  görülməli 
işi  etməyə  mən  tələsmirəm.  Bunun  da  öz  səbəbi  vardır.  Qısaca  desək,  sən  o  vaxt 
edam  ediləcəksən  ki,  o  vaxt  elə  bir  yaramaz,  elə  bir  fırıldaqçı,  sənin  elə  bir  əkizin 
qalmayacaqdır  ki,  o,  mənim  ədalətli  və  qanuni  hərəkətimə  haqq  qazandırmasın. 
Sonra  o,  qəsdçiyə  müraciət  edərək  dedi  ki,  "Sənə  and  verirəm,  ağlını  başına  yığ! 
Bəsdir qırğınlar və yanğınlar. Dayan! Sən hər tərəfdən bağlanmısan. Sənin fitnələrin 
bizə işıqlı gündən də aydındır".  
Konsul  onun  hərəkətlərini  xatırlayaraq  dedi  ki,  srağagün  gecə  biz  ikimiz  də 
ayıq idik, lakin razılaş ki, mən respublikanın naminə hərəkət edirdim,  sən isə onun 
məhvinə çalışırdın. Sonra o, qeyd edir ki, biz senator ataların içərisində bizim ümumi 
məhvimiz,  bu  şəhərin  və  demək  olar  ki,  bütün  dünyanın  dağılması  niyyətini  güdən 
adamlar  var.  Mən  isə  konsul  kimi  onlara  baxıram,  dövlətdəki  vəziyyət  barədə 
rəylərini  söyləməyi  xahiş  edirəm,  o  adamları  ki,  dəmirlə  cəzalandırmaq  lazımdır, 
hətta  öz  səsimlə  onları  narahat  etməyə  cəsarət  etmirəm.  O,  Katilinanın  İtaliyanı 
hissələrə böldüyünü, həmin əyalətlərə kimin göndərilməli, kimlərin  Romada qalmalı 
olduğunu seçdiyini və şəhəri yandırmaq üçün hissələrə böldüyünü, həmçinin şəxsən 
onun özünü öldürməyə hazırıq gördüyünü göstərdi. Yalnız ehtiyatlı tədbirlər görmək 
hesabına konsul sui-qəsddən xilas olmuşdu.  
Sonra  o  yenə  qəsdçiyə  müraciət  edərək  dedi:  "Nə  olubdur,  Katilina? 
Başladığını  davam  etdir,  günü  seç  və  nəhayət  şəhəri  tərk  et,  qapılar  açıqdır,  get!.. 
Özünlə  hamını,  hamını  olmasa  da,  ən  azı  daha  çox  əlaltılarını  apar,  şəhəri  təmizlə! 
Əgər  səninlə  mənim  aramda  şəhər  divarı  dursa,  sən  mənim  ruhumu  qorxudan 
qurtararsan.  Bizim  aramızda  isə  sən  artıq  qala  bilməzsən.  Mən  buna  yol  vermərəm, 
dözmərəm,  bunu  qoymaram".  Sözünə  davam  edərək  dedi  ki,  "Lakin  bizim 
vətənimizin taleyini, bir adamın mərhəməti ilə bundan sonra da sınamağa bizim artıq 
haqqımız  yoxdur"  -  "İndi  sən  bütöv  respublikaya    açıq  təcavüz  edirsən...  bütün 
İtaliyanı dağıtmağa və viran qoymağa çağırırsan... Əgər mən səni edam etməyi əmr 
etsəm,  dövlətdə  sənin  bir  ovuc  qalığın  oturub  qalacaqdır.  Əgər  ki,  sən  uzaqlaşsan, 
buna mən səni bir neçə dəfə vadar etmişəm, onda respublika üçün məhvedici olan bu 
nəhs  zibil  yığımı  şəhərdən  götürülüb  atılacaqdır".  Çıxışını  isə  Tsitseron  Katilinaya 
qarşı bu sözlərlə bitirdi: "Sən düşmənsən. Şəhərdən çıx get. Konsulun iradəsi belədir. 
Sən soruşa bilərsən: bu sürgün edilmək deməkdirmi? Mən belə sərəncam vermirəm, 
lakin, əgər bilmək istəyirsənsə, belədir mənim israrlı məsləhətim".  
Belə  parlaq  çıxış  senatın  indiyə  qədər  olan  laqeydliyinə  son  qoydu  və  Roma 
üçün təhlükənin necə qorxulu olduğunu göstərdi. Lakin Katilina isə ona məxsus olan 
həyasızlıqdan əl çəkmək istəmirdi.  
O,  sözünü  qurtaran  kimi  Katilina  hər  şeyi  inkar  etməyə  başladı  və  özü 
haqqında dedi ki, o, patritsi nəslindəndir və onun əcdadları dövləti məhv etmək yox, 
Roma xalqına qiymətsiz xidmətlər göstərmişlər. Burada Romanı müdafiə edən Mark 
Tulli isə gəlmədir. Bu vaxt adamlar onu "düşmən", "qatil" deyə söyməyə başladıqda, 
o,  dəli  kimi  qışqıraraq  dedi:  "Əgər  məni  düşmənlər  əhatə  etmiş  və  cəldliklə  məhvə 
doğru  qovurlarsa,  ətrafımdakı  gurlayan  alovu  mən  xarabalıqlar  altında 
basdıracağam".  

 
110 
Bundan  Romanın  faciəli  günləri  başladı.  Əvvəlki  planlarının  heç  biri  baş 
tutmadıqda o, Manlinin düşərgəsinə yollandı. Yaxın adamları Tseteq və Lentula isə 
tapşırdı  ki,  qəsdin  qüvvələrini  gücləndirsinlər,  konsula  sui-qəsdi  sürətləndirsinlər, 
qırğın  və  yanğın  hazırlasınlar.  Yolboyu  keçmiş  konsullara  və  əyanlardan  isə  ən 
nüfuzlu  adamlara  məktub  göndərirdi  ki,  o,  könüllü  surətdə  sürgünə  yollanır  ki, 
dövlətə sakitliyi qaytarsın.  
Başqa məktublarında isə o, öz iç üzünü açırdı. Ali hərbi hakimiyyətin rəmzləri 
ilə  Katilinanın  Manlinin  düşərgəsinə  yollandığı  aşkar  olduqda,  senat  Katilinanı  və 
Manlini düşmən elan etdi və digər qəsdçilərə silahı yerə qoymaq üçün müddət təyin 
etdi. Konsullardan birinə qoşun yıığıb onun arxasınca getməyi, Tsitserona isə şəhəri 
müdafiə etməyi tapşırdı. Lakin tərəfdarlarından heç kəs Katilinanın düşərgəsini tərk 
etmədi və qəsdin üstünü açmadı.  
Sadə xalq da Katilinanın planlarını bəyənirdi və çevriliş arzulayırdı. Sallyusti 
yazır  ki,  görünür  bu  sadə  xalqın  adətlərinə  uyğun  idi,  onlar  öz  vəziyyətlərindən 
narazı olub, onu dəyişdirməyə can atırdılar, çünki kasıblıq yüngül sərvət olub, heç nə 
itirmir.  Onlar  çirkab  kanalına  axan  kimi  hər  yerdən  axırdı.  Bir  də  onları  Sulla 
dövrünün  mükafatları  ruhlandırırdı.  Kasıblar  mənəvi  cəhətdən  pozulduqdan  sonra, 
ümumi  xeyir  haqqında  deyil,  öz  vəziyyətləri  barədə  düşünür,  onları  gözləyən 
gələcəyə  acgözlüklə  ümid  bəsləyirlər.  Bu  adamların  çoxu  özlərinə  ziyan 
dəyməməsindən  ötəri,  bütün  dövlətin  dağılmasına  üstünlük  verirdilər.  Katilina 
tərəfdarları xalqı senata qarşı qaldırır, ianə və vədlərlə onları daha da qızışdırırdılar. 
Dövləti  sarsıntıya  salanların  hər  biri  belə  bir  bəhanə  gətirirdi  ki,  guya  xalqın 
hüququnu müdafiə edir. Ümumi faydadan danışaraq hamı ancaq öz təsirini artırmağa 
çalışırdı.  
Bu  mübarizədə  onlar  ölçü  hissi  və  vicdanın  nə  olduğunu  belə  bilmirdilər. 
Qələbədən  hədsiz  sui-istifadə  edirdilər.  Şərait  mürəkkəbləşən  kimi  dövlət  çevrilişi 
etməyə ümid yarandı. Katilina əgər birinci döyüşü udsaydı və ya onu uduzmasaydı, 
dövlət  üçün  bu  böyük  bəlaya  səbəb  olacaqdı.  Lentul  Katilinanın  göstərişini  yerinə 
yetirərək,  qiyama  qadir  olanların  hamısını  bu  işə  şirnikləndirir,  cəlb  edirdi.  O,  bu 
məqsədlə şəhərdə olan allobroqların nümayəndə heyətindən də istifadə etmək istədi. 
Allobroqlar Romaya onların əyalətindəki vəzifəli şəxslərin tamahkarlığından şikayət 
etməyə gəlmişdilər. Bundan başqa onlar öz dövlətlərinin yaxasını borcdan qurtarmaq 
üçün  hər  şeyə  hazır  idilər.  Ona  görə  də  qiyamçılar  bütün  planlarını  onlara  açdılar, 
qəsd iştirakçılarının adlarını dedilər ki, bununla elçiləri həvəsləndirsinlər. Allobroqlar 
çox  fikirləşdikdən  sonra,  qiyama  kömək  etməyi  qərara  aldılar  və  bildiklərinin 
hamısını  daim  onların  tayfasına  himayədarlıq  edən  adama  xəbər  verdilər,  o  isə  öz 
növbəsində ləngimədən bunları Tsitserona çatdırdı. Konsul göstəriş verdi ki, elçilər 
özlərini elə aparsınlar ki, guya onlar ürəkdən qiyama qoşulurlar. Buna görə də onlar 
digər  qiyamçıların  da  yanında  oldular  və  əllərinə  dəlillər  keçirməyə  çalışdılar. 
Qiyamçı  Lentul  qərara  gəldi  ki,  camaatın  yığıncağında  xalq  tribunu  konsul 
Tsitseronun  qərarından  şikayət  versin  və  müharibə  qorxusu  altında  konsula  nifrət 
hissi  aşılasın.  Yenə  Tsitseronun  və  digər  adamların  öldürülməsi  planlaşdırıldı,  hətta 
bəzi gənclərə əyan olan öz atalarını öldürmək tapşırılmışdı. Bundan sonra qiyamçılar 
şəhərdən çıxıb Katilinanın yanına getməli idilər. Tseteq hamını tələsməyə çağırırdı.  

 
111 
Tsitserondan  aldıqları  göstəriş  əsasında,  allobroqlar  qəsdçilərin  digərləri  - 
Lentul,  Tseteq,  Statili  ilə  görüşdülər  və  Kassidən  möhür  vurulmuş  and  tələb  etdilər 
ki,  öz  tayfalarının  adamlarına  aparsınlar.  Elçilər  bildirdilər  ki,  belə  məktub  olmasa, 
öz  tayfalarını  köməyə  çağıra  bilməyəcəklər.  Onları  müşayiət  edən  Volturtsiyə, 
Katilinaya çatdırılmaq üçün məktub verildi.  
Katilinaya isə öz dostları məsləhət görürdülər ki, əgər Senat səni düşmən elan 
edibsə, qullardan da istifadə etmək lazımdır.  
Allobroqlar  şəhəri  tərk  edən  gecəsi  elçilər  vasitəsilə  hər  şeydən  agah  olan 
Tsitseron  pretorlara  göstəriş  verdi  ki,  Mulvi  körpüsündə  pusqu  qurub,  müşayiət 
edənlərlə birlikdə onları tutsunlar. Elçilər Volturtsi ilə birlikdə körpüyə yaxınlaşanda, 
qallar tutuldu, əlacsız qalan Volturtsi də təslim oldu.  
Tsitseron  qəsdin  ifşa  edilməsinə  görə  çox  sevinirdi.  Lakin  onun  bir  ciddi 
qayğısı  da  ondan  ibarət  idi  ki,  bu  nüfuzlu  vətəndaşların  cəzalandırılması  ağır  yük 
kimi  onun  çiyinlərinə  düşəcəkdir,  onların  cəzalandırılmaması  isə  dövlət  üçün 
məhvedici  bir  təhlükə  olacaqdır.  Götür-qoy  etdikdən  sonra  o,  Lentulu,  Tseteqi, 
Statilini,  Qabinini  yanına  çağırtdırdı.  Pretor  olan  Lentulun  əlindən  tutub  senata 
apardı, qalanlarını isə mühafizə altında razılıq məbədinə göndərdi. Burada o, Senatın 
iclasını  çağırdı  və  senatorların  çoxu  yığışdıqda,  buraya  Volturtsi  ilə  elçiləri  də 
gətirdilər,  onlardan  alınmış  məktublar  da  gətirildi.  Əvvəlcə  Volturtsi  hər  şeyi  inkar 
edir,  yalanlar  söyləyirdi,  inandırmağa  çalışırdı  ki,  o,  qəsd  haqqında  təsəvvürə  belə 
malik  deyildir.  Lakin  ona  cəzalandırılmayacağını  vəd  etdikdə,  o,  hər  şeyi  açıb 
danışdı.  Qallar  isə  Lentulu  ifşa  etdilər.  Bundan  sonra  qəsdçilərin  yazdığı  məktub 
oxundu  və  hər  kəs  öz  möhürünü  etiraf  etdi.  Bu  vaxt  Senat  qərar  çıxardı  ki,  Lentul 
vəzifədən  kənarlaşdırılır,  həm  də  o,  digərləri  ilə  birlikdə  mühafizə  altında 
saxlanmalıdır.  
Qəsdin üstü açıldıqdan sonra çevriliş arzu edən və müharibəyə can atan sadə 
adamların əhval-ruhiyyəsi bütünlüklə dəyişildi, hamı Katilinanı lənətləməyə başladı. 
Tsitseronu  isə  göylərə  qaldırdılar,  elə  bil  ki,  onlar  köləlikdən  azad  olmuşdular. 
Həmişə belə olur, adamların bir hissəsi müharibədən ziyan deyil, daha çox qənimət 
gözləyir.  
Sabahısı gün tutulan başqa bir Katilina tərəfdarı qəsd başçısı ilə Mark Krassın 
da  əlaqəsini  açdıqda,  Senatın  bir  hissəsi  bu  qüdrətli  şəxsdən  qorxduğu,  digərləri  isə 
özəl  məsələlərdə  ondan  asılı  olduğu  üçün,  bu  adamın  şəhadətini  çuğulçuluq 
adlandırdılar.  
Bəziləri  isə  gələcək  diktator  Qay  Yuli  Sezarın  bu  işlərdə  iştirakını  qeyd 
edirdilər.  Senatın  iclası  gedən  vaxt  bir  qrup  sənətkar  və  qul  Lentulu  mühafizə 
altından azad etməyə cəhd etdi. Tseteq isə, adamları vasitəsilə bütün silahlı şəxsləri 
öz  liderliyi  altında  birləşməyə  çağırırdı.  Bu  hazırlıqlardan  xəbər  tutan  konsul 
Tsitseron  hər  yerdə  mühafizə  qoydu  və  Senatı  çağırıb,  həbs  olunanlarla  necə 
davranmağı  öyrənmək  istədi.  Bundan  bir  az  əvvəlki  yığıncaqda  o,  bütün  həbs 
olunanları  dövlət  cinayətkarı  adlandırmışdı.  Gələn  ilə  konsul  seçilən  Detsim  Yuni 
Silan,  ilk  rəyini  bildirməli  olan  adam  kimi  təklif  etdi  ki,  mühafizə  altında  olanlar 
ölüm hökmünə məhkum olunmalıdır və bu hökmə layiq olan, lakin hələ tutulmamış 
adamın da adını çəkdi. Ancaq sonra o, bu fikrini dəyişdi.  

 
112 
Növbə  çatdıqda  Sezar  çıxış  etdi  və  bu  çıxışında  göstərdi  ki,  çətin  və  şübhəli 
anlarda biz qeyz, dostluq, nifrət və canıyananlıq hisslərindən azad olmalıyıq. Çünki 
nəzərlər bu hisslərlə örtüldükdə, həqiqəti görmək asan olmur və heç kəs həm ehtirasa 
və  həm  də  xeyirə  eyni  zamanda  xidmət  edə  bilməz.  Əgər  ağıla  güc  verirsənsə, 
üstünlük onda olur. Sənə ehtiras, istək sahib olduqda, onlar hökmranlıq edir, ruh isə 
heç bir gücə  malik olmur.  Çoxlu misallar gətirmək  olar ki, çarlar və xalqlar qəzəbə 
və ya acımaya boyun əydikdə, yararsız qərarlar qəbul etmişlər. Sonra o, yunanlarla 
və  karfagenlilərlə  aparılan  müharibələri  misal  çəkdi.  Lakin  hətta  düşmənlə  də  necə 
davranmaq  məsələsi  ortaya  çıxdıqda,  bizim  atalarımız  özlərinə  layiq  hərəkət 
edirdilər.  Ona  görə  də  senatorlar  ona  qayğı  göstərməlidirlər  ki,  Publi  Lentulun  və 
başqalarının  cinayəti,  bizim  gözümüzdə  sizin  ləyaqətinizdən  daha  ağır  görünməsin, 
siz  yaxşı  şöhrətdən  daha  çox  qəzəb  haqqında  fikirləşməyəsiniz.  Əgər  biz  onları 
layiqincə  cəzalandırmaq  istəyiriksə,  mən  əvvəllər  məlum  olmayan  bir  cəzanı  təklif 
edirəm:  onların  günahlarının  ağırlığı  hər  şeyi  ötüb  keçdiyinə  görə,  mən  yalnız 
qanunda nəzərdə tutulan vasitələrlə kifayətlənməyi nəzərdə tuturam.  
Sonra  natiq  ondan  əvvəl  çıxış  edənlərin  sözlərini  təhlil  etdi  və  göstərdi  ki, 
çoxları  silahdan,  cəsədlərdən,  qandan,  hüzndən  danışdı  və  bununla  bizi  qəsdə  qarşı 
daha sərt mövqe tutmağa sövq etdi. Kimə belə müdhiş və heybətli hadisənin özü bir 
başa  toxunmamışdırsa,  onu  daha  çox  sözlər  qızışdırır.  Yox,  ona  tərəf  yönələn 
zorakılığı  heç  kəs  xırda  iş  hesab  etmir,  çoxlarına  bu  zorakılıq  olduğundan  daha 
dəhşətli  görünür.  Lakin  bərabər  hərəkət  azadlığı  hamı  üçün  aydın  deyildir. 
Məlumatsızlıq  qaranlığında  ömrünü  keçirən  bir  adam  acıqdan  səhv  etsə,  bunu  az 
adam  biləcəkdir.  Onların  haqqında  fikir,  onların  rütbəsi  kimi  kiçikdir.  Lakin  kimsə 
yüksək hakimiyyətə malikdirsə və gözə çarpan vəzifə tutursa, onların əməlləri bütün 
aləmə məlum olur. Belə çıxır ki, ən yaxşı vəziyyətdə olanların daha az azad hərəkət 
etmək imkanı vardır. Nə qərəzkarlığa, nə də nifrətə qapılmaq olar, hər şeydən çox isə 
qeyzə  yer  verilməməlidir.  Mənə  belə  gəlir  ki,  birlikdə  götürülmüş  bütün  işgəncələr 
qəsdçilərin cinayətlərini yuya bilməyəcəkdir, lakin adamların hamısı ancaq nəticəni, 
sonu xatırlayır və yaramazların cinayətlərini unudub, cəza adəti qaydada olduğundan 
bir qədər sərt olduqda, daima ondan danışır.  
Sonra o, Detsim Silanın ölüm cəzası barədəki təklifinin əleyhinə çıxdı və qeyd 
etdi  ki,  bu  təklif  qəddarlığından  daha  çox,  bizim  dövlətə  yaddır.  Cəzaya  gəldikdə, 
onun  mahiyyətini  gözdən  qaçırmaq  olmaz,  çünki  hüzn  və  bədbəxtliklər  vaxtı  ölüm 
əzab  deyildir,  iztirablardan  istirahət  əldə  etməkdir.  Ölüm  bütün  insan 
bədbəxtliklərinə son qoyur, bundan o tərəfə nə sevincə, nə də kədərə yer yoxdur.  
Sezar  fikrini  daha  geniş  açıqlayaraq  qeyd  etdi  ki,  kim  dövlətin  quduz 
düşmənlərinə  qarşı  görülən  tədbirləri  qınaya  bilər.  Nə  olsa,  bu  əclaflara  hər  şey 
uyğun gəlir, lakin siz senatorlar fikirləşin ki, gələcəyə də nə nümunə  qoyacaqsınız. 
Bütün  sui-istifadələrin  başlanğıcı,  bir  vaxtlar  faydalı  olan  işlərə  gedib  çıxır.  Sonra 
Sezar tarixə müraciət edib, misallar gətirir və qeyd edir ki, afinalılar üzərində qələbə 
çaldıqdan sonra, makedoniyalılar onların dövlətinin başında otuz hökmdar qoydular. 
Onlar  əvvəlcə  hamının  nifrətini  qazanmış  ən  zərərli  caniləri  məhkəməsiz  edam 
etdilər,  xalq  isə  bu  hadisələrə  sevinir  və  onları  bəyənirdi.  Sonra  hökmdarlar 
cəsarətlənib  fərq  qoymadan,  öz  istəklərinə  uyğun  olaraq  adamları  öldürməyə 
başladılar,  başqalarını  isə  qorxuzub  vahimədə  saxladılar.  Beləliklə  bütün  xalq 

 
113 
köləliyə düçar oldu və özünün səfeh sevincinin belə ağır qaydada altını çəkdi. Sonra 
Sezar  Sullanı  misal  çəkir  ki,  dövlətə  bədbəxtlik  gətirən  adamları,  qalib  gəldikdən 
sonra  öldürtdükdə,  hamı  onu  tərifləyirdi,  hamı  deyirdi  ki,  cinayətkarlar  və 
araqarışdıranlar,  dövlətin  sakitliyini  qiyamla  pozanlar,  layiq  olduqları  kimi  edam 
edilmişlər.  Lakin  bu  hadisə  böyük  bəlanın  başlanğıcı  rolunu  oynadı  və  kim 
başqasının  əmlakından  nəyi  isə  qoparmaq  istəyirdisə,  onun  adını  qanundan  kənar 
elan  edilən  adamların  siyahısına  saldırırdı.  Damasippin  ölümünə  sevinənlərin  indi 
özünü ölümə sürükləyirdilər, qırğın qurtarmaq bilmirdi.  
Bundan  sonra  natiq  qeyd  etdi  ki,  mən  Mark  Tullidən  və  bizim  dövrümüzdən 
belə təhlükələri gözləmirəm, lakin böyük dövlətdə xasiyyətlər də müxtəlifdir. Bəlkə 
də  başqa  vaxt  və  öz  sərəncamında  qoşunu  olan  başqa  konsulun  dövründə  yalan 
həqiqət  əvəzinə  qəbul  ediləcəkdir.  Bizim  atalarımız  nə  ağıldan,  nə  də  igidlikdən 
kasıb  deyildilər.  Lakin  onlara  özgələrdən  işə  yarayan  qaydaları  qəbul  etməyə 
təşəxxüs mane olmurdu. Həm hücum, həm də müdafiə silahlarını onlar samnitlərdən, 
ali  hakimiyyətlərin  ləyaqət  rəmzlərini  isə  bütünlüklə  etrusklardan  götürmüşdülər. 
Müttəfiqlərdə  və  ya  düşmənlərdə  nə  faydalı  idisə,  onlar  böyük  ciddiyyətlə  onu 
özlərində tətbiq edir, yaxşı nə varsa onu təqlid etməyi, ona paxıllıq etməkdən üstün 
tuturdular. Sonra ölkədə cəza sistemi də  qaydaya salındı və Portsi qanunu meydana 
gəldikdən sonra, məhkum olunanlara sürgünə yollanmaq icazəsi verildi.  
Sonra Sezar öz rəyini elan etdi: həbs olunanların əmlakı dövlət xəzinəsinə cəlb 
edilsin, özləri isə mühafizə altında, buna ən yaxşı şəraiti olan munitsipiyalarda (digər 
şəhərlərdə)  saxlansın.  Bundan  sonra  bu  məsələ  ilə  bağlı  Senata  və  xalqa  kiminsə 
müraciət etməsinə imkan verilməsin. Kim bunu pozsa, Senat onu dövlət cinayətkarı 
və ümumi rifahın düşməni elan etsin.  
Sezar  çıxışını  bitirən  kimi,  bəzi  senatorlar  bu  və  ya  digər  təklifə  tərəfdar 
çıxmağa  başladılar.  Bu  vaxt  öz  prinsiplərinin  bütövlüyü,  əxlaqının  saflığı  və 
respublika  ideyalarına  hədsiz  sədaqət  nümayiş  etdirən  və  sonralar  bu  mübarizəsi 
uğrunda  özünü  qurban  verən  Mark  Portsi  Katon,  (o,  həm  də  234-149-cu  illərdə 
yaşamış  Böyük  Katondan  fərqlənmək  üçün  Kiçik  Katon  adlanırdı)  çıxış  etdi.  O 
nitqlər barədə öz rəyini bildirərək dedi ki, natiqlər vətənə, valideynlərinə, mehraba və 
ev ocaqlarına qarşı müharibə hazırlayanların cəzalandırılması barədə fikir yürüdürlər. 
Lakin  işlərin  vəziyyəti  bizə  əvvəlcə  özümüzü  cinayətkarlardan  qorumağı,  yalnız 
bundan  sonra  cəzanın  ölçüsü  haqqında  məşvərət  aparmağı  tələb  edir.  Başqa 
cinayətlər  baş  verdikdən  sonra  onları  mühakimə  etmək  olur,  bu  cinayət  isə,  qarşısı 
alınmasa,  baş versə, onu ədalət  məhkəməsinə çəkmək  cəhdləri əbəs olacaqdır, əgər 
şəhər tutulmuşdursa, məğlub olanlara heç nə qalmır.  
Bu gün bizim azadlığımız və həyatın özü təhlükə altındadır. O, sözünə davam 
edərək  dedi  ki,  mən  bu  iclaslarda  tez-tez  bizim  həmvətənlərin  dəbdəbəsindən  və 
tamahkarlığından şikayətlənirdim, buna görə də çoxlu düşmənlər qazanmışam. Mən 
heç vaxt özümə bir dənə də olsun yanlış addımı bağışlamamışam və başqalarının da 
ehtiraslarına  və  qüsurlarına  güzəştə  getmək  mənim  üçün  asan  deyildir.  Siz  isə 
bunlara  barmaq  arasından  baxırdınız.  Burada  mənə  mülayimlik  və  mərhəmət 
haqqında  dəm  vururlar.  Biz  çoxdan  hər  şeyi  öz  həqiqi  adı  ilə  adlandırmağı 
yadırğamışıq. Başqalarının əmlakını israf etmək əliaçıqlıq, hər cür pis əmələ pərgar 
olmaq qoçaqlıq adlanır. Ona görə də dövlət məhv olmaq dərəcəsindədir. Əgər onların 

 
114 
xasiyyəti belədirsə, qoy xəzinə oğrularına güzəşt etsinlər, ancaq qoy bizim qanımızı 
israf  etməsinlər  və  bir  ovuc  cinayətkara  aman  verməklə,  qoy  bir  dəfəyə  bütün 
ləyaqətliləri məhv etməsinlər.  
Sonra Katon Sezarın həbs edilənlərin əmlakının müsadirə edilməsi və onların 
munitsipiyalarda saxlanması barədəki təklifini ciddi tənqid etdi və göstərdi ki, əgər o, 
bu  adamlardan  qorxursa,  bu  təklif  tam  mənasızdır,  lakin  əgər  bu  ümumi  dəhşət 
içərisində təkcə o, qorxudan azaddırsa, bu vaxt özümə və sizə görə qorxmağa mənim 
daha çox əsasım vardır. Publi Lentul və digərlərinin taleyini həll etməklə, siz Katilina 
qoşunu  və  bütün  qəsdçilərə  öz  hökmünüzü  oxuyursunuz.  Siz  nə  qədər  möhkəmlik 
göstərsəniz, onlar o qədər ruhdan düşəcəklər, sizin azacıq zəifliyinizi gördükdə onlar 
böyük cəsarətlə Romaya hücum edəcəklər.  
Katon  sonra  öz  məşhur  babası,  Karfagenin  və  tamahkarlığın  qatı  düşməni 
Böyük  Katon  kimi  Romada  hakim  kəsilən  eybəcərlikləri  yada  saldı  və  göstərdi  ki, 
dövlətdə  dəbdəbə  və  acgözlük,  həm  də  kasıblıq,  özəl  evlərdə  isə  bolluq  baş  alıb 
gedir. Biz varlılığı tərifləyir və bekarçılığı sevirik. Yaxşı və pis arasında heç bir fərq 
yoxdur.  İgidliyə  görə  bütün  mükafatları  şöhrətpərəstlik  ələ  keçirir.  Sizin  hər  biriniz 
yalnız özünüz barədə düşünür, evdə həzzlərə qul kimi xidmət edir, burada isə pula və 
dostbazlığa xidmət edirsinizsə, dövlətə qarşı, onu başından məhrum etməklə sui-qəsd 
həyata  keçirmək  mümkündür.  Ad-sanına  görə  birinci  olan  vətəndaşlar  vətəni  oda 
qalamağı  qət  etmişlər.  Onlar  Roma  xalqının  qatı  düşmənləri  olan  qalları  da 
müharibəyə sövq edirlər, belə bir vaxtda siz düşmənlə necə davranmağı bilmirsiniz.  
Katon  da  Sezar  kimi  öz  arqumentlərini  möhkəmləndirmək  üçün  tarixi 
nümunələrə  əl  atır  və  deyir  ki,  Qall  müharibəsi  vaxtı  Avl  Manli  Torkvat  oğlunu 
yalnız  ona  görə  edam  etməyə  əmr  verdi  ki,  bu  gənc  ancaq  sərəncamın  əksinə 
düşmənlə  döyüşə  girmişdi  və  hədsiz  qoçaqlığına  görə  öz  həyatı  bahasına  haqq 
verməli  olmuşdu.  Bizim  əcdadlarımız  belə  hərəkət  edirdi,  siz  isə  qaniçən  qatilləri 
məhkum  etməkdə  ləngiyirsiniz.  Əgər  onların  qəlbində  yaxşı  bir  şey  olsaydı,  onlar 
dövlətin ziyanına belə planlar hazırlayardılarmı? Əgər biz bu gün səhv etsəydik, mən 
buna ürəkdən razı olardım ki, əgər mənim sözlərimə qulaq asmaq istəmirsinizsə, siz 
öz təcrübənizdə öz səhvinizə inanasınız. Lakin bizi hər tərəfdən sıxırlar. Katilina öz 
qoşunu  ilə  bizim  hülqumumuzdan  yapışmağa  hazırdır,  digər  düşmənlər  şəhərin 
içərisindədir,  onlardan  gizli  nəsə  etmək  mümkün  deyildir.  Ona  görə  də  tələsik 
hərəkət  etmək  lazımdır.  Cinayətkarlar  ifşa  edilmişdir  və  özləri  də  etiraf  etdilər  ki, 
yanğınlar,  həmvətənlərinə  və  vətənlərinə  qarşı  digər  murdar  və  qəddar  hadisələr 
hazırlayırmışlar.  Bu  etiraf  edənləri,  cinayət  başında  tutulmuş  yaramazlar  kimi 
əcdadlarımızın qaydalarına uyğun olaraq ölümlə cəzalandırmaq lazımdır. 
Katonun  misal  çəkdiyi  əhvalat  Roma  tarixinin  ən  ibrətamiz  hadisələrindən 
biridir. Bu əhvalat qədim Roma patritsilərinin nəcib prinsiplərindən söhbət açmaqla, 
onların  dövlət naminə ən böyük fədakarlığa, şəxsi qurbanlar verməyə belə getməsinə 
parlaq  misaldır.  Həmin  hadisə  romalıların  latinlilərlə  apardığı  müharibə  vaxtına  - 
m.ə. 339-cu ilə təsadüf edir. Latinlilər romalılardan cənubda yaşayan bir xalq idi, axı 
romalıların  əcdadı  sayılan  troyalılardan  və  çar  Latinin  başçılıq  etdiyi  yerli  xalqdan 
əmələ  gəlmişdi.  Ona  görə  də  latinlilərlə  romalılar  bir-birinə  çox  oxşayırdılar,  bu 
oxşarlıq  dildə,  adətlərdə,  hökumətin  təşkilində  və  döyüş  aparmaq  tərzində  özünü 
göstərirdi. Həmin il Avl (bəziləri onu Tit kimi adlandırırlar) Manli Torkvat və Publi 

 
115 
Detsi Mus konsulluq edirdilər. Onların hər ikisi görkəmli adamlar idi. Manli patritsi 
olmaqla,  qədim  Romanın  yüksək  kübar  ailəsinə  mənsub  idi.  O,  erkən  gəncliyində 
əlbəyaxa  döyüşdə Bibliyadakı filistimlilərin Qoliafı kimi özünü tayfasının ən güclü 
pəhlivanı tək təqdim edən nəhəng qallı bir David şücaəti ilə məğlub etmişdi. Manli 
öldürdüyü  qallın  boynundan  asdığı  qızıl  boyunbağını  qənimət  kimi  özünə 
götürdüyünə  görə,  o  vaxtdan  bu  mənanı  verən  Torkvat  ləqəbi  ilə  adlanmışdı.  Digər 
konsul  Detsi  isə  plebey  idi,  bir  neçə  il  əvvəl  plebeylər  bu  yüksək  dövlət  vəzifəsinə 
seçilmək hüququ qazanmışdılar. Bu 28 il əvvəl Mark Furi Kamillin dövründə - 367-
ci  ildə  baş  vermişdi.  Detsi  də  öz  konsul  yoldaşı  kimi  artıq  igidlik  nümunəsi 
göstərmişdi.  Üç  il  əvvəl  o,  hərbi  tribun  kimi  legiona  komandanlıq  etdikdə,  konsul 
Korneli  Kossu  təhlükəli  vəziyyətdən  xilas  etmiş  və  böyük  qələbə  çalmaqda  ona 
imkan yaratmışdı. Manliyə konsul yoldaşı seçildikdə də, məhz onun bu igidliyi yada 
salınmışdı.  
Hər  biri  ayrıca  qoşuna  malik  olmaqla,  hər  iki  konsul  bir-birilə  sıx  əlaqədə 
hərəkət  etmək  niyyətində  idi.  Onlar  qoşun  dəstələri  ilə  birlikdə,  Vezuvi  dağının 
şabalıd meşəsi ilə örtülmüş ətəyinə gəlib çıxdılar. Səhər açılanda konsullar bir-birini 
tapdı  və  öz  qoşunlarını  bir  orduda  birləşdirmək  qərarına  gəldilər.  Detsi  sağ  cinaha, 
Manli  isə  sol  cinaha  başçılıq  edəcək,  onlardan  hər  birinin  dəstəsi  imkan  yarandıqda 
düşmən  sıralarına  hücum  etməli  və  lazım  gəlsə,  ölməli  idi  ki,  digər  yoldaşının 
qələbəsini təmin etsin. Bu vaxt ciddi bir əmr verildi ki, heç bir romalı öz rütbəsinin 
hədlərindən  kənara  çıxıb,  düşmənlə  təkbaşına  döyüşə  girişməsin.  Bu  zəruri  qayda 
yaratmaq tələbindən irəli gəlirdi. Latinlilər də romalılara hörmət əlaməti olaraq belə 
hərəkət etdilər. Bu əmr verilən vaxt konsulun oğlu gənc Tit Manli latinlilərin başçısı 
ilə qarşılaşdı və başçı onu öz adı ilə çağırıb əlbəyaxa döyüşə dəvət etdi. Gənc Manli 
vaxtilə  onun  yaşında  olan  atasının,  qalla  vuruşda  böyük  şərəf  qazandığını  yadına 
saldı və onda da belə bir şərəf qazanmaq həvəsi alovlandı. Bu vaxt o, indi qüvvədə 
olan  qərarı  pozurdu,  həm  də  onu  yaddan  çıxarırdı  ki,  atası  qallın  çağırışını  qəbul 
etmək üçün, buna bütün qaydalara əməl etməklə icazə almışdı. O, nəhayət irəli çıxdı 
və qızğın bir mübarizədən sonra düşmənini öldürdü, onun silahlarını götürüb atasının 
çadırına  gəldi  və  qənimətlərini  onun  ayağının  altına  atdı.  Lakin  yaşlı  Manli  kədərli 
şəkildə  üzünü  kənara  döndərdi  və  qoşunları  dəvət  etdi  ki,  oğluna  xitabən  dediyi 
sözləri əsgərlər də eşitsin.  
O,  dedi:  "Sən  Roma  xalqını  qoruyan  intizamı  pozmusan  və  məni  məcbur 
edirsən  ki,  ağır  zəruriyyət  üzündən  ya  özümü  və  özümünkünü,  yaxud  da  ümumi 
təhlükəsizliyə diqqət verməli olduğumu yaddan çıxarım. Roma heç kəsin səhvindən 
ziyan  çəkməməlidir.  Biz  özümüz  günahımızı  yumalıyıq.  Biz  ağır,  lakin  Roma 
gəncləri  üçün  faydalı  olan  nümunə  göstərməliyik.  Məni  həm  təbii  ata  məhəbbəti, 
həm  də  sənin  igidliyin  müstəsna  dərəcədə  riqqətə  gətirir.  Lakin  bu  vaxtdan  konsul 
hakimiyyəti  ya  sənin  ölümünlə  bərqərar  olmalı,  ya  da  cəzasızlıq  ucbatından 
dağılmalıdır.  Mən  güman  edə  bilmərəm  ki,  sən  həqiqətən  Manlisənsə,  xətana  görə 
ədalətli  mükafatını  dəyişdirməklə,  hərbi  intizamı  pozmağını  düzəltmək  üçün  geri 
dönəcəksən.  Sonra  o,  yarpaqlardan  düzəldilmiş  çələngi  qələbə  mükafatı  kimi 
oğlunun  başına  qoydu  və  liktorlara  (mühafizəçilərə)  əmr  etdi  ki,  oğlunun  boynunu 
vursunlar.  Əsgərlər  ətrafda  lal  kimi  dayanmışdılar.  Konsulun  oğlu  heç  bir  şikayət 
bildirmədən  tabe  oldu.  O  vaxtdan  onun  ölümü  Roma  üçün  nəcib  bir  fədakarlıq 

 
116 
timsalına  çevrildi.  Ata  oğlunun  kəsilib  yerə  düşən  igid  başını  görüb,  latinlilərdən 
alınmış qənimətlərlə örtülmüş bu qəhrəmanın cəsədinə xeyli tamaşa etdi və ordunun 
bu  vaxtsız  ölümə  öz  ehtiramını  göstərməsinə  mane  olmadı.  Orduda  sərt  intizam 
yaradıldı. Heç kəs öz rütbəsi həddindən kənara çıxmadı.  
Lakin  gənclər  qəddarlığına  görə,  Manliyə  nifrət  edirdilər.  Konsul  isə  yalnız 
Romanın mənafeyi naminə öz igid oğlunu qurban vermişdi.  
Sonra  gedən  döyüşlərdə  digər  konsul  -  Detsi  həlak  olduqda,  bu  bəd  xəbərə 
görə,  Manli,  oğlunun  ölümünə  axıtmadığı  göz  yaşlarını  axıtdı.  Döyüş  romalıların 
qələbəsi ilə başa çatdı. Manli latinliləri bütünlüklə Romaya tabe etdi. 45 il sonra isə, 
294-cü  ildə  döyüşdə  həlak  olmuş  konsulun  oğlu  Detsi  konsul  oldu  və  qallarla 
samnitlərin  birləşmiş  qüvvələrinə  qarşı  vuruşdu.  Bu  döyüşdə  qallar  ilk  dəfə  döyüş 
arabalarından  istifadə  etdiyinə  görə  romalılar  qorxub  qaçmağa  başladılar.  Bu  vaxt 
Detsi atası kimi həlak olmağı qərara aldı. O, tək və silahsız şəkildə düşmənin ortasına 
atıldı  və  düşmən  zərbəsindən  ölümcül  yerə  yıxıldı.  Bundan  sonra  romalılar  qalları 
qaçmağa  məcbur  etdilər.  Romalılar  qəti  qələbə  qazandı  və  döyüşdə  25  min  nəfər 
düşmən  öldürüldü.  İki  yüz  il  sonra  Tsitseron  bunu  "insan  ağlına  sığmayan  həqiqi 
qəhrəmanlıq" adlandırdı. Katon da yuxarıdakı tarixi əhvalata, konsul Manlinin vətən 
naminə  qeyri-adi  nəcib  hərəkətinə  müraciət  edərək,  diqqəti  ona  yönəldirdi  ki, 
Romanın  qüdrəti  məhz  belə  vətənpərvərliyə  və  fədakarlığa  əsaslanır.  Ata  və  oğul 
Manlilər  vətənə  sədaqətlərini  rəhmsiz  görünən  ölümlə  nümayiş  etdirmişdilər. 
Dövlətə  qarşı  qiyam  qaldıranlar  isə  bu  dövlətin  xarabalıqları  üzərində  öz  iyrənc 
"səadətini" qurmaq istəyirlər.  
Katon  çıxışını  bitirdikdən  sonra  senatorların  əksəriyyəti  onun  rəyini  bəyəndi. 
Həmin gün Katonun adı dillərdə gəzirdi. Senatdakı bu müzakirə təkcə Katilinanın və 
onun  başçılıq  etdiyi  qəsdin,  ən  başlıcası  isə  Roma  dövlətinin  taleyini  həll  etmədi, 
həm  də  iki  böyük  və  bir-birindən  tam  fərqli  olan  şəxsiyyətləri  üz-üzə  qoydu  və 
sonralar birinin məhvinə səbəb olan düşmənçiliyi yaratdı. Katon özünün yenilməzlik 
və  var-dövlətə  qarşı  nifrət  prinsiplərinə,  Sezar  isə  mərhəmət  prinsiplərinə  ömrünün 
axırınadək  sadiq  qaldı.  Katon  diktaturaya  qarşı  mübarizə  etdiyindən,  Sezarın 
hücumlarına  məruz  qaldı  və  özünü  intihar  etdi,  Sezar  isə  öz  düşmənlərini  dəfələrlə 
bağışlamaqla  yanaşı,  respublikaya  ölüm  hökmü  kəsmək  istədikdə,  dostları  və 
silahdaşları  tərəfindən qətlə yetirildi.  
Roma tarixi Katon kimi prinsip fədaisinə və Sezar kimi görkəmli sərkərdə və 
dövlət xadiminə malik oldu. Sezar öz inkişafı üçün əliaçıqlığına borclu idisə, Katon 
öz  həyatının  təmizliyi  ilə  məşhurlaşmışdı.  Sezarı  əgər  yumşaqlığı  və  mərhəməti  ilə 
ad  qazanmışdısa,  digəri  ciddilik  layəqəti  ilə  hamıdan  seçilirdi.  Sezar  başqalarına 
kömək  etmək,  hədiyyə  vermək,  əfv  etməklə  özünə  şöhrət  qazanmışdısa,  Katon  heç 
vaxt heç kəsə hədiyyə vermirdi, yəqin başqalarından da bunu qəbul etmirdi. Biri özü 
ilə  bədbəxtlər  üçün  sığınacaq  rolunu  oynayırdısa,  digəri  isə  əclafların  gözünün  odu 
idi.  Sezar  sonralar  sərkərdə  kimi  şöhrət  tapdısa,  Katon  qənaətkarlığı,  namusu,  hər 
şeydən daha çox isə ciddiliyi ilə böyük nüfuz sahibi olmuşdu. Birində güzəşt etməyi, 
digərində isə möhkəmliyi tərif edirdilər. 
Katon  qüsur  rəmzi  kimi  varlılarla  var-dövlətdə,  hakimiyyətdə  olanda 
şöhrətpərəstlikdə  deyil,  tam  başqa  ləyaqətlərlə,  igidlikdə  mərdliklə,  sadəlikdə 
vicdanlılıqla,  var-dövlət  yığmaqda  təmmanasızlıqla  özünü  göstərirdi.  O,  yaxşı 

 
117 
görünməyə cəhd etmirdi və ona görə də şöhrət axtarmadığı halda, bu şöhrət onu daha 
inadkarlıqla təqib edirdi. 
Senat  Katonun  təklifi  ilə  qərar  qəbul  etdikdən  sonra  konsul  Tsitseron  gecəni 
gözləmədi  və  triumvirlərə  göstəriş  verdi  ki,  edam  üçün  hər  şeyi  hazırlasınlar,  özü 
Lentulu dustaqxanaya apardı, digərlərini isə pretorlar apardılar. Sonra cəlladlar əmri 
yerinə  yetirərək,  Lentulu  boğub  öldürdülər.  Tseteq,  Statili,  Qabini  və  Tsepari  eyni 
qaydada edam edildilər.  
Katilina  bu  xəbərləri  aldıqdan  sonra  Qalliyaya  keçməyi  qərara  aldı.  Lakin  o, 
buna  nail  ola  bilmədi  və  hər  tərəfdən  qüsur  rəmzi  kimi  dağlarla  və  düşmənlə  əhatə 
olunduğunu  görüb,  döyüşməyi  qərara  aldı  və  qoşunlarına  müraciət  edərək  dedi  ki, 
heç bir nitqlə tənbəli cəld, utancağı cəsarətli etmək mümkün deyildir. Təbiət və adət 
qəlbə  nə  qədər  qoçaqlıq  salmışsa,  bu  müharibədə  üzə  çıxır.  Kimi  ki,  nə  şöhrət,  nə 
təhlükə maraqlandırmır, o, bütün çağırışlara kardır, ürəkdəki qorxu qulaqları tıxayır. 
O,  əsgərlərinə  bildirdi  ki,  iki  düşmən  qoşunu  Romaya,  digəri  isə  Qalliyaya  olan 
yolumuzu  kəsmişdir  və  biz  dəmirlə  özümüzə  yol  açmalıyıq.  İndi  azadlığın  özü  və 
vətən qılınc tutan əlinizdədir.  
Əgər biz qalib gəlsək, bizə hər şey qismət olacaqdır. Əgər qorxudan titrəsək, 
sarsılsaq, hər şey bizim əleyhimizə olacaqdır - öz silahını qoruya bilməyən bir adamı 
nə  torpaq,  nə  bir  dost  qorumayacaqdır.  Düşmənimiz  heç  də  bizim  kimi  çıxılmaz 
vəziyyətdə deyildir. Biz vətən, azadlıq, həyat naminə döyüşürük, azların hakimiyyəti 
naminə isə hökmən döyüşmək lazım deyildir. Əvvəlki igidliyimizi unutmayıb, gəlin, 
daha  cəsarətlə  zərbə  endirək.  İndi  qoçaqlıq  lazımdır,  çünki  yalnız  qalib  müharibəni 
sülhə  çevirə  bilər.  Düşmən  sinəsindən  öz  silahını  uzaqlaşdırmaqla,  qaçmaqda  xilas 
axtarmaq  təmiz  ağılsızlıqdır.  Hər  bir  döyüş  hər  şeydən  qorxana  daha  təhlükəlidir. 
Qoçaqlıq  özü  də  divardır.  Sizə  baxanda,  sizin  igidliklərinizi  yada  salanda,  məndə 
qələbəyə  möhkəm  ümid  yaranır.  Sizin  qeyrətiniz,  yaşınız,  cəsarətiniz,  vəziyyətin 
çətinliyi  məni  ruhlandırır.  Əgər  tale  sizin  igidliyinizə  iltifatlı  olmasa,  çalışın  ki, 
həyatınızı  havayı  itirməyin,  sizi  qoyunlar  kimi  tutub  kəsməsinlər,  ancaq  kişi  kimi 
vuruşun və düşmənə qanlı və hüznlü qələbə bəxş edin.  
Bu  sözlərdən  sonra  o,  döyüşçülərini  vuruş  üçün  düzdü,  sağ  cinahı  Qay 
Manliyə tapşırdı.  
Roma  senatının  göndərdiyi  qoşunların  başçısı  isə  at  üstündə  əsgərlərin 
qarşısından  keçərək,  onlara  təlqin  edirdi  ki,  onlar  vətən  uğrunda,  uşaqları  və  evləri 
uğrunda silahsız quldurlarla vuruşurlar. Döyüşdə Katilina ilk cərgələrdə dayanmışdı, 
o,  qızğın  müqavimət  göstərirdi.  Bu  vaxt  Manli  həlak  oldu,  Katilina  qoşunun 
darmadağın  edildiyinə  əmin  olduqdan  sonra,  düşmənin  üzərinə  atıldı  və  döyüşdə 
aldığı  ölümcül  yaradan  yerə  sərildi.  Katilinanın  cəsədini,  öz  döyüşçülərinin 
cəsədindən  xeyli  aralıda,  düşmən  meyidlərinin  yanında  tapdılar.  Romalılara  heç  də 
sevinc gətirməyən və qanlı qələbə qismət oldu. Çoxları düşmən cəsədlərinin arasında 
öz dostlarını və qohumlarını tanıdı, digərləri isə şəxsi düşmənlərini gördü. Ona görə 
də qoşuna müxtəlif hisslər - sevinc və kədər, hüzn və şadyanalıq hakim kəsilmişdi. 
Katilinanın  qəsdini  və  bu  qəsdin  qarşısının  alınmasını  təsvir  edərkən  Plutarx 
yazırdı  ki,  romalılar  "yekdilliklə  danışırdılar  ki,  Roma  xalqı  o  vaxtkı  sərkərdələrin 
çoxuna,  sərvətinə,  qənimətlərə  və  qüdrətinə  görə,  lakin  özünün  xilasına  və  əmin-
amanlığa görə isə təkcə, onu belə böyük və heybətli təhlükədən qurtaran Tsitserona 

 
118 
borcludur".  Bu  əvəzsiz  xidmətlərinə  görə,  konsul  Tsitserona  minnətdarlıq  edildi  və 
ona "Vətənin atası" fəxri adı verildi. 
Lakin  onun  tələsik  və  qanunsuz  həyata  keçirdiyi  edamlar  Romanın  xilası  ilə 
nəticələnsə də, sonralar onun özünün ittiham edilməsi və əzablara düçar olması üçün 
səbəb  rolunu  oynadı.  Ən  ağır  anda  Romanın  xilaskarı  olan  bir  adam,  sonralar  öz 
düşmənləri tərəfindən qanundan kənar elan edildi. Belə çətin bir anda üzərinə konsul 
vəzifəsini daşımaq missiyası düşən Tsitseron möhkəm bir iradə və cəsarətlə hərəkət 
etməklə,  həm  də  öz  konsulluq  dövrü  barədə  yaxşı  xatirə  qoydu.  Onun  düşmənləri, 
onu qanunu pozmaqda günahlandıranda belə, onun Katilina qəsdinin qarşısını almaq 
sahəsindəki xidmətlərinin üstündən birdəfəlik xətt çəkə bilmədilər. Roma tarixinin bu 
qorxulu və şərəflə bitən səhifəsini qoparıb atmaq heç kəsə müəyəssər olmadı.  
 

 
119 
Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin