SULLA DİKTATURASI
Romanın İtaliya ilə əlaqədar sarsıntıları başa çatdıqdan sonra indiyədək Roma
tarixində görünməmiş ciddi və məhvedici hadisə baş verdi, ilk dəfə olaraq
romalıların özü arasında, Mari tərəfdarları ilə Sulla tərəfdarları arasında vətəndaş
müharibəsi getdi və vətəndaş müharibəsinin qanunauyğun nəticəsi kimi Lutsi Korneli
Sulla diktaturası meydana gəldi. 80-ci illərdə baş verən amansız vətəndaş müharibəsi
Mari və Tsinnanın başçılıq etdiyi populyarlar qrupu ilə, Sullanın başçılıq etdiyi senat
oliqarxiyasının tərəfdarları olan optimatlar arasında baş verdi. Müharibə nəticəsində
Lutsi Korneli Sullanın müddətsiz diktaturası quruldu.
Lutsi Korneli Sulla patritsi nəslindən idi. O, Numidiya ilə müharibədən,
xüsusən Yuqurtanı əsir götürdükdən, həmçinin Müttəfiqlər müharibəsindən sonra
çox məşhurlaşmışdı.
Sullanın hakimiyyətə gəlməsi məsələsi isə, onun Mari ilə rəqabətindən yaranan
hadisələrlə əlaqədardır. 89-cu ilin konsul seçkilərində Sulla konsul seçilmişdi. Bu
vaxt hələ müttəfiqlərlə müharibə başa çatmamışdı. Xaricdən isə Roma üçün ən ciddi
təhlükə Pont çarı Mitridat idi. VI Mitridat Yevpator heç bir təhsil görməsə də, 22 dil
bilirdi, təbiət tarixinə dair əsərlər yazmışdı, böyük fitri əqli istedada malik idi.
Müttəfiqlər müharibəsindən istifadə edərək o, Vifiniyaya, sonra isə Kiçik Asiyanın
digər ərazilərinə hücum edirdi. O, Vifiniyanı məğlub etdi və burada onu xilaskar
kimi qarşıladılar. Ələ keçən Roma konsulyarını Kiçik Asiyanın bütün şəhərlərindən
və kəndlərindən piyada keçirib, ona əzab verirdilər, hər yerdə camaat onu ələ salırdı.
Nəhayət onu Perqamda edam etdilər, boğazına əridilmiş qızıl tökdülər ki, qoy
romalıların acgözlüyü bəlkə bununla qurtarsın. Efesdə isə Mitridat Kiçik Asiyadakı
bütün romalıların müəyyən bir gündə qırılmasına göstəriş verdi. Romalılara qeyri-adi
nifrət edildiyindən, bu göstəriş böyük sevinclə həyata keçirildi və həmin gün 150 min
romalı öz həyatını qurban verdi.
Mitridat Asiyadakı uğurlarından cuşə gəlib Balkan yarımadasına keçdi və
Yunanıstanı zəbt etməyə başladı. Beləliklə romalıların Ellin Şərqindən bütünlüklə
çıxarılması təhlükəsi yarandı. Bu Romanın hakim kəsildiyi Aralıq dənizi sahilinin bir
hissəsinin itirilməsi, ciddi iqtisadi zərbə demək idi. Ona görə də Mitridatla müharibə
ön plana keçdi və bu müharibənin kimin aparması üstündə mübarizə başlandı.
Bu Mari və Sulla arasındakı keçmiş rəqabəti, Numidiya müharibəsinin
sonundan başlanan rəqabəti qızışdırdı. Sullaya üstünlük verildi. Onların şəxsi
rəqabəti isə hər ikisinin tərəfdarlarının qızğın mübarizəsinə, nəticədə isə qanlı
vətəndaş müharibəsinə gətirib çıxardı.
Bir qanun layihəsi ilə Qay Mariyə prokonsul hakimiyyəti verildi və o, Sullanın
yerinə Mitridatla qarşıdakı müharibəyə komandan təyin edildi. Sulla isə səsverməyə
qədər Romanı tərk edib Nola şəhərində özünə ordu yığmağa başladı. Lakin hərbi
tribunlar qoşunları qəbul etmək və Mariyə təhvil vermək üçün buraya gəldilər. Sulla
yenə onları qabaqladı. Döyüşçülər komandanın dəyişilməsini istəmirdilər və
Sulladan tələb etdilər ki, onları Romaya aparsın. Bir qədər tərəddüddən sonra Sulla
qoşunları Romaya, qardaş qırğını müharibəsinə apardı. Sulla yol boyu elan edirdi ki,
o, tiranlara qarşı çıxış edir.
90
Xalq tribunu Sulpitsi Ruf və Qay Mari şəhərin müdafiəsini təşkil etmək
istədilər, lakin heç nə əldə edə bilmədilər. Sulla şəhəri tutdu və demək olar ki, yeddi
yüz ilə yaxın tarixi ərzində ilk dəfə olaraq Romanı öz qoşunları tutdu. Sonralar
Sullanın bu hərəkəti eybəcər ənənə şəklini alacaqdır. Şəhərdə qəddar repressiya
başlandı. O senatda xalq tribunu Rufu və Marini ölüm cəzasına məhkum etdi.
Marinin başı üçün böyük pul mükafatı təyin edildi, lakin o, aradan çıxa bildi.
Sulla öz mənafeyinə uyğun dövlət quruluşundakı islahatları apardıqdan sonra
hərbi yürüşə tələsdi. Çünki Romanı o, əsgərlərin köməyi ilə tutmuşdu və onların
ümidlərini doğrultmalı idi. Konsul seçkisi onun üçün elə də uğurlu olmadı, yalnız bir
adamını keçirə bildi. Digər konsul isə ona müxalif olan Lutsi Korneli Tsinna oldu və
az keçməmiş o, Sulla əleyhinə gizli ittiham və məhkəmə prosesi hazırlamağa başladı.
Lakin Sulla əsas vəzifənin arxasınca - Mitridatla müharibəyə yollandı. Bu, 87-85-ci
illərdə baş verdi. O, Romanı tərk edən kimi Tsinna Sulla tərəfindən xalq düşməni
adlandırılan və şəhərdən sürgün olunan adamları Romaya qaytarmağa cəhd etdi,
lakin ikinci konsul Qney Oktavi və senat buna müqavimət göstərdi. Forumda
qarşıdurma onların qələbəsi ilə başa çatdı. Tsinnanı bütün cəhdləri baş tutmadı və o,
şəhərdən qaçdı. Senat onu konsulluq səlahiyyətindən və vətəndaş hüquqlarından
məhrum etdi.
Bundan sonra Tsinna İtaliya şəhərlərindən qoşun yığmağa başladı və
Afrikadan qayıdan Mari də Etruriyada iri dəstə yığdı, onların birləşmiş qüvvələri
Romaya tərəf irəlilədi. Şəhərdə isə aclıq başlamışdı. Qullar da Tsinna və Marinin
yanına qaçırdı. Onlarla aparılan danışıqlar bir nəticə vermədi. Tsinna yanına gələn
elçilərdən soruşdu ki, onlar onun yanına konsul kimi, yoxsa özəl şəxsin yanına gələn
kimi gəlmişlər? Bir qədər sonra gələn yeni elçilər ona konsul kimi müraciət etdilər və
bircə şeyi xahiş etdilər ki, şəhərdə qırğın keçirməyəcəyinə and içsin.
Senat Tsinna və Marinin bütün şərtlərini qəbul etdi və onlar şəhərə girdilər.
Marinin sürgün edilməsi qərarı da ləğv edildi.
Tsinna və Mari şəhərə girən kimi burada dəhşətli qırğın başlandı. Sulla
tərəfdarlarının əmlakı qarət edilirdi. Marinin əsgərləri hamını - əli ilə o, kimi
göstərirdisə, onları öldürürdü. Konsul Qney Oktavi öldürüldü və onun başı Roma
tarixində ilk dəfə olaraq Forumda nitq tribunasının qarşısında qoyuldu. Tsinna
həmçinin onun yanına qaçmış qulları, gecə onlar yatan vaxt qırdırdı. Bütünlükdə
qırğın bir həftə davam etdi. Konsul seçkisində, gələn 86-cı ilə Mari və Tsinna konsul
seçildilər, lakin seçiləndən bir neçə gün sonra yaşlı Mari öldü. Sullanın bütün
qanunları ləğv edildi və Mitridatla müharibəyə komandanlıqdan məhrum edilmiş
Sullanın əvəzinə cəbhəyə konsul seçilmiş Lutsi Valeri Flakk göndərildi. Bu vaxt
Sulla öz qoşunları ilə Yunanıstana keçirdi.
Mitridat isə bu vaxt xeyli güclənmişdi. Vifiniya və Kappadokiyanı tutmuş,
romalılardan Asiya əyalətini tutub almışdı. Onun bir oğlu Pontu və Bosporu idarə
edirdi, digəri isə Frakiya və Makedoniyanı zəbt etmişdi. Afinanı isə çarın təyin etdiyi
tiran Ariston idarə edirdi.
Sulla 87-ci ildə Yunanıstana çıxıb, Afinanı mühasirə etdi. Onun yanına gələn
elçilər şəhərin qədim tarixindən söhbət açdıqda, o, istehza ilə dedi: "Burdan gedin və
söhbətlərinizi özünüzlə aparın; romalılar məni Afinaya oxumağa yox, xainləri ram
91
etməyə göndərmişdir". O, şəhəri tutdu və qarət etməyə başladı. Çox qan axıtdıqdan
sonra bildirdi ki, "ölülər hesabına diriləri bağışlamaqla, azları çoxlara" bəxş edir.
86-cı ildə Xeroniyada Mitridatla həlledici döyüşə girdi və romalılar qalib
gəldi. Digər döyüşdə qazanılan qələbə Yunanıstanı Mitridat qoşunlarından
təmizləməyə imkan verdi. Bu vaxt Flakk da öz ordusu ilə Yunanıstana gəldi, lakin
onun döyüşçüləri Sullanın yanına qaçmağa başladı və Flakk öldürüldü. Mitridat
Sulladan sülh xahiş etməyə məcbur oldu və iki sərkərdə görüşdükdə, romalı nisbətən
mülayim şərtlərlə sülh bağladı. Mitridat bütün tutulmuş əraziləri azad etdi.
Sulla 85-ci ilin sonunu və 84-cü ilin əvvəlini Asiyada keçirdi. O, vaxtilə
Mitridatın göstərişi ilə romalıların qırğınını təşkil edənləri qəddarcasına cəzalandırdı.
Yunanıstandan o, senata məktub göndərib öz qələbələrini və vətən qarşısındakı
xidmətlərini qeyd etdi. Buna mükafat olaraq o, yazırdı ki, onu vətənin düşməni elan
etmişlər, evini dağıtmışlar, arvadı və uşaqları isə qaçıb güclə xilas olmuşdur. İndi
Mitridatla müharibəni zəfərlə başa çatdırıb, o, Romaya köməyə gələcəkdir ki, ədaləti
bərpa etsin və düşmənlərdən qisas alsın.
Mari tərəfdarları da Sulla ilə müharibəyə hazırlaşırdı. Lakin bu o qədər də
müvəffəqiyyətlə getmirdi və Sulla ilə müharibə etmək istəməyən əsgərlər bir dəfə
hiddətlənib, Tsinnanı öldürdülər. 83-cü ildə Sulla İtaliyanın cənubunda sahilə çıxdı.
Prokonsul Piy və gənc legion komandanı, gələcək məşhur sərkərdə və birinci
triumviratın üzvü Qney Pompey də ona qoşuldu.
İtaliya ərazisində gedən vətəndaş müharibəsi il yarım davam etdi və qəddarlığı
ilə fərqləndi. Bir neçə qanlı döyüşdən sonra 82-ci ilin noyabrında o, şimaldan,
şəhərin vaxtilə Hannibalın dayandığı Kollin qapılarına yaxınlaşdı. Mari tərəfdarları
darmadağın edildi və ikinci dəfə Sulla Roma qoşunları ilə Romanı tutdu. İndi isə
Romanı görünməmiş terror gözləyirdi. İndiyə qədər şəhər hər cür haqsızlıq görsə də,
belə qan axıdılmasının şahidi olmamışdı. Şəhəri tutduğu birinci gün Sulla Bellona
sarayında Senatın iclasını çağırdı. Bu vaxt qonşuluqdakı sirkdə döyüş vaxtı əsir
götürülmüş altı min nəfər adam saxlanırdı. Sulla senatorlara müraciət edəndə,
əsgərlər bu adamları vəhşicəsinə döyürdü. Bu adamlar haray çəkib qışqırırdı. Sulla
isə buna əhəmiyyət verməyib, çıxışını davam etdirirdi. O, qətllərlə, qanlı işlərlə
məşğul olmağa başladı, qanları axıdılanların çoxunun Sulla ilə heç bir işi yox idi,
onlar şəxsi düşmənləri tərəfindən öldürülürdü, diktator isə buna şərait yaradırdı.
Gənc Qay Metell senatda soruşanda ki, bu bədbəxtliklər nə ilə qurtaracaqdır, nə
qədər davam edəcəkdir ki, bu biabırçılıqların qurtarmasını gözləmək mümkün olsun.
"Biz səndən sənin məhv etmək istədiyin adamların cəzadan qurtarmasını xahiş
etmirik, lakin kimləri ki, diri saxlamağı qərara almısan, onları qeyri-müəyyənlikdən
qurtarmağını xahiş edirik".
Sonra Sulla özünün cəzalandırmaq istədiyi adamların siyahısını tutdu və bu
siyahıya səksən ad daxil edildi. Ümumi narazılığa baxmayaraq sabahısı gün o, bu
siyahıya daha iki yüz iyirmi adam daxil etdi, üçüncü gün isə adamların adı bir o
qədər də artdı. Bu məsələ ilə əlaqədar olaraq o, çıxış edərək bildirdi ki, kimləri ki,
əvvəlcə yadından çıxarmışdı, o, sonradan onları siyahıya əlavə etmişdir, yadına
düşənləri sonradan yenidən əlavə edəcəkdir. O, mühakimə olunanları evində qəbul
edən və onları xilas edənləri də, müasir dildə desək, humanistlik göstərən adamları da
ölümlə cəzalandırırdı. Bu vaxt nə qardaşa, nə oğula, nə də ataya fərq qoyulmurdu.
92
Qəddarlıq üçün bütün qapılar açılırdı, məhrum olmuş adamları öldürənlərə mükafat
təyin edilirdi. Ən böyük haqsızlıq isə ondan ibarət idi ki, məhkum olunanların
oğlanları və nəvələri vətəndaşlıq hüququndan məhrum edilir, onların əmlakı isə
müsadirə olunurdu. Belə proskriptsiyalar - qanundan kənar edilənlərin siyahıları
təkcə Romada deyil, İtaliyanın digər şəhərlərində də tərtib edilirdi. Kişilərin
arvadlarının, uşaqlarının gözü qarşısında, uşaqların analarının gözü qarşısında başı
kəsilirdi. Çoxları pulunun, sərvətinin qurbanı olurdu. Ona görə də kimin böyük evi,
digərinin bağı vardısa, məhz bu əmlaka görə onlar terrorun qurbanı ola bilərdi. Ona
görə də sərvətinə görə qətlə yetirilənlər, düşmənçiliyin qurbanlarından qat-qat çox
idi.
Sullanın düşmənlərinin çoxu özünü öldürməklə həyatı tərk edirdilər. Marinin
oğlu özünü intihar etdi. Prinesta şəhəri yaxınlığındakı döyüşdə Sulla cəmi 23 adam
itirmiş, 20 min düşmənini məhv etmişdi. Sonra Sulla Prinestaya gəlib, burada
yaşayan 12 min nəfəri bir yerə yığıb qırmağı əmr etdi. Bununla bəlkə də yalnız
Oliver Kromvelin 1649-cu ildə İrlandiya şəhəri Drohedada həyata keçirdiyi kütləvi
qırğın müqayisə oluna bilər. O, yalnız şəhərdə qonaq qaldığı ev sahibini əfv etmişdi.
Lakin həmin adam öz şəhərinin cəlladından belə hədiyyəni qəbul etmədi və digər
adamlara qarışaraq həlak oldu. Belə şayiə də gəzirdi ki, gələcəkdə Romanı ciddi
böhrana salan Lutsi Katilina qardaşını öldürdükdən sonra xahiş etmişdi ki, Sulla diri
adam kimi onu da proskriptsiyaya daxil etsin və buna minnətdarlıq əlaməti kimi,
günahsız bir adamı qətlə yetirmişdi.
Sulla təkcə bu qanları tökməklə kifayətlənmədi, özünü müddətsiz diktator elan
etdi. Bundan yalnız yüz iyirmi il əvvəl belə bir əhvalat olmuşdu. Sulla belə bir qərar
verdi ki, baş verən hadisələr üçün o, heç bir məsuliyyət daşımır, gələcək üçün isə
ölümlə cəzalandırmaq, əmlakdan məhrum etmək, şəhərlər salmaq və şəhərləri
dağıtmaq, çarlıqları əldən almaq və onları kimə istəsə vermək üçün tam hakimiyyətə
sahib olur.
Sulla təkcə əmlakın müsadirəsi ilə işini bitmiş hesab etməyərək, bu əmlakların
satılmasını təşkil edirdi, gözəl qadınlara, müğənnilərə, mimik aktyorlara, əvvəlcə qul
olan, azad olunmuş əclaflara bütöv xalqların torpaqlarını və bütöv şəhərlərin
gəlirlərini bağışlayırdı. Hətta öz yaxın adamlarına bəzi adamların arvadlarını, onların
istəyindən asılı olmayaraq bəxş edirdi. O, qohum olmaq üçün Pompey Maqnı məcbur
etmişdi ki, öz arvadını boşasın və Skavrın Sullanın indiki arvadından olan qızını,
hamilə ola-ola başqasından boşatdırıb, ona ərə vermişdi.
Sulla özünü çox xoşbəxt hesab edirdi, ona görə də Feliks - "Xoşbəxt" ləqəbini
qəbul etmişdi. O, özünə yaxın adamları məhv etməklə, hamını ondan qorxmağa və
titrəməyə məcbur edirdi. O, öz həmvətənlərindən mülayimlik tələb edirdi, özü isə
qəddarlığını bir an da azaltmırdı. Appian məlumat verir ki, Sulla 40 senatoru və
1600-ə qədər atlını ölüm cəzasına məhkum etmişdi. Roma tarixində ilk dəfə olaraq
onun iradəsilə, heç bir məhkəmənin hökmü olmadan öldürüləcək adamların
əvvəlcədən siyahısı - proskriptsiya təsis edilmişdi. Ondan qorxu o qədər böyük idi ki,
bu dəhşətlər qarşısında heç kəs cınqırını da çıxarmırdı. Adamları ittiham etmək üçün
qonaqpərvərlik, dostluq, borc pul vermək və ya almaq da səbəb ola bilərdi. Təqibə
isə ən çox varlılar məruz qalırdı. Tək-tək adamlara ittihamlar başa çatdıqda, bütöv
şəhərlərin növbəsi başlandı. Şəhərlərin əksəriyyətinə öz əsgərlərini kolonist kimi
93
göndərdi və bunun hesabına onların böyük rəğbətini qazandı. Bu iyrənc əməllərinə
görə digər çarlar və tiranlar onunla müqayisədə olduqca solğun görünürdü. Axı çarlar
Romada müəyyən qaydalarla seçilirdi, çar öldükdən sonra müvəqqəti olaraq
senatorlar beş gün çarlıq edirdi. Bu dövr çarlıqlar arası dövr adlanırdı. Sonra isə yeni
çar seçilirdi. Çarlıqlar arası dövrdə senatorlar beş günlük çar olurdu. Konsullar isə
yeni konsulların seçkisini təyin edirdi və şəraitə görə konsul olmadıqda, yeni konsul
seçilənə qədər yenə də çarlıqarası təyin edilirdi.
Sulla da öz niyyətlərini həyata keçirmək üçün bu qaydadan yapışdı. Bu vaxt
konsullardan heç kəs yox idi, biri ölmüşdü, digəri isə başqa şəhərdə idi. Çarlıqarası
seçilən Flakkı Sulla məcbur etdi ki, o, xalq yığıncağında, bu dövrdə diktatura
idarəçiliyinin vacib olduğu məsələsini qoysun. Ancaq bu qayda 400 il bundan əvvəl
həyata keçirilmişdi. Sulla özü də gizlətmirdi ki, belə qarışıq vaxtda ölkəyə məhz o
lazımdır. Ona görə də onun istədiyi müddətə romalılar Sullanı səlahiyyətli hökmran-
tiran seçdilər. Lakin dövlət quruluşunun zahiri görkəmini saxlamaq üçün o, konsullar
təyin edilməsi ilə də razılaşdı. Özü istədiyi qanunları ləğv edirdi və onların əvəzinə
yenilərini dərc edirdi. Xalq tribunları vəzifəsini o, demək olar ki, ləğv etdi və
sonralar onların seçilməsi xalq yığıncağından senata keçirildi. Xalq yığıncağının
tərkibinə isə əvvəllər öldürülmüş romalılara məxsus olan 10 min nəfər cavan qula
azadlıq verərək, onları daxil etmişdi. Onlar Sullanın hər bir göstərişini yerinə
yetirməyə hazır idilər.
O, yaxın adamlarından birini öldürdükdə, xalqa belə ibrətamiz hekayə
söyləmişdi ki, "əkinçi şum edən vaxt birələr onun bədənini dişləyirdi. İki dəfə o,
kotanını saxladı, alt paltarını çıxarıb onu təmizlədi. Birələr onu bir də dişləməyə
başlayanda, bir də işini yarımçıq kəsməmək üçün o, paltarını yandırdı. Mən də o
adamlara məsləhət görürəm ki, kimi iki dəfə məğlub etmişəmsə, üçüncü dəfə məndən
od istəməsin".
Onun apardığı müharibələrdə 100 min nəfərdən artıq ölkənin ümid verən
vətəndaşı həlak olmuşdu. Bir tarixçinin məlumatına görə, 90 senator, 15 konsul,
2600 atlı qətlə yetirilmiş və ya sürgün edilmişdi. Digər məlumatlara görə 40 senator
və 1600 atlı proskripsiya siyahısına salınmışdı və axırda minlərlə adam həlak oldu.
Sulla daxili xəstəliklərdən əziyyət çəkirdi. Onun daxili orqanları çürüyürdü. O,
tez-tez ölümünü gözləyirdi. O, vəzifəsindən də heç kəsin gözləmədiyi halda 79-cu
ildə birdən-birə imtina etdi və çoxlu düşmənləri olduğu halda öz malikanəsində
yaşamağa yollandı. Onun istirahətə yollanması ilə Roma rahatlıq tapdı, qətllərə və
özbaşınalıqlara son qoyuldu. 78-ci ildə isə o, vəfat etdi. Plutarxın yazdığına görə o,
öz ölümündən bir gün əvvəl də, onun ölümünü gözləyərək, xəzinəyə pulunu
qaytarmayan bir adamı öz yataq otağında boğub öldürtmüşdü. Bu hadisə onu göstərir
ki, özü son ölüm sınağı qarşısında dayanan bu adam axıtdığı qanlardan doymayaraq,
son nəfəsinə qədər öz vampir təbiətini büruzə vermiş, qatil missiyasını həyata
keçirmişdir. Buna baxmayaraq onun qəbrüstü abidəsində onun özü tərəfindən
yazılmış sözlər həkk edilmişdi ki, heç kəs Sulla qədər dostlarına xeyirxahlıq,
düşmənlərinə bəla gətirməmişdir.
Sullanın bu dəhşətli və bəd əməllər dənizinə bərabər fəaliyyətində kiçik bir
möcüzəli damla, zorakılıqlardan ayrılaraq, bəşəriyyətə xidmət edən bir amilə
çevrilmişdir. Bu da dünyanın ən böyük filosoflarından birinin əsərlərinin sahibinə -
94
gələcək nəsillərə çatdırılması üçün onun gördüyü işdir. Sullanın Şərq
müharibələrindəki mədəniyyət nöqteyi-nəzərindən ən böyük qələbələrindən biri,
Aristotelin böyük əsərlərinin başlıca hissəsini, m.ə. 84-cü ildə Şərq kampaniyası
vaxtı ələ keçirib Romaya gətirməsi və olduğu kimi onların Romada nəşr edilməsidir.
Aristotelin əsərləri, onun 322-ci ildəki Xalkisdəki ölümündən sonra, tələbəsi Feofrast
tərəfindən götürülmüşdü və iki əsrdən artıq bir müddətdə Kiçik Asiyada bir
zirzəmidə demək olar ki, atılmış şəkildə qalmışdı. Sullanın bu incilərə göstərdiyi
diqqət, Orta əsrlərdə Avropada "yeganə" filosof adlanan bir mütəfəkkirin əsərlərinin
yenidən işıq üzü görməsinə və dünya mədəniyyəti xəzinəsinə daxil olmasına səbəb
oldu.
Hakimiyyəti zorla, silah gücünə ələ keçirən Sulla həm də Müttəfiqlər
müharibəsi nəticəsində ciddi surətdə pozulmuş iqtisadiyyat problemləri ilə üzləşdi,
bundan əlavə kəskinləşmiş aqrar məsələləri həll etmək lazım idi. Sulla diktaturasının
bütün eybəcərlikləri ilə yanaşı Sulla aqrar məsələni öz veteranlarına torpaq sahələri
verməklə müəyyən qədər həll etdi. Bundan başqa o, apardığı terrorun tərkibində öz
əleyhdarlarının torpaqlarını müsadirə etdi. Sulla senatın hakimiyyətini
möhkəmləndirdi, onun üzvlərinin sayını 600-ə çatdırdı, xalq yığıncaqlarının
səlahiyyətini məhdudlaşdırdı. Məhkəmə hakimiyyətinin islahatını keçirdi, atlıların
məhkəmə komissiyalarının özbaşınalığına son qoydu. Lakin bütün bunlar Sullanın
adı ilə bağlı olan qaranlıq illərin rəngini dəyişdirə bilməz.
Sulla ilk dəfə olaraq Roma tarixində dövlət terrorundan istifadə etməyə
başladı. Onun diktaturası dövründə axıdılan qanlar çayı ilə müqayisədə çar Məğrur
Tarkvini dövründəki haqsızlıqlar və onların qurbanları sısqa bulağı andırır. Sulla
respublika quruluşuna elə bir zərbə vurdu ki, bu artıq kökündən laxlayan ağacı
sonralar çıxarıb atmaq o qədər də çətin olmayacaqdı. Tarixçilər Plutarx və Appian
Roma tarixinin bu qanlı fəsili barədə geniş məlumat verirlər.
Sulla Roma tarixində ən eybəcər despotiya nümayiş etdirdi, hətta Roma
çarlıqları dövründə də belə azğınlıq və qəddarlıq baş verməmişdi. Bir çox tarixçilər
isə Sullanı ilk Roma imperatoru hesab etməklə, əslində səhv etmirlər. Tiberi,
Kaliqula, Neron, Domitsian qəddarlığına və qaniçiciliyinə, Məğrur Tarkvini
cığırından sonra iri və geniş yolu məhz Sulla açmışdı. Sulla lənətinə gəlmiş Roma bu
ağır xəstəlikdən sonralar bir neçə dəfə əziyyət çəkməli oldu.
95
QULLAR PROBLEMİ VƏ QUL ÜSYANLARI
Romada vətəndaş müharibəsində qullar da iştirak edirdilər, onlar əvvəlcə
Tsinnanın yanına qaçmışdılar və mükafat kimi onun tərəfindən qətlə yetirildilər.
Sonra isə Sulla ağaları öldürülmüş qulları azad edib, onları Roma komitsiasına daxil
etdi və bunların sayı on min nəfərə bərabər idi. Bu ərəfədə Romada baş verən siyasi
və sosial sarsıntıların heç biri qulların iştirakı olmadan keçmirdi və bu hadisələr
qulları siyasi və ictimai həyatda müstəqil olmasa da, nəzərə alınmalı olan qüvvəyə
çevirirdi.
Romada da, qədim yunan polislərində olduğu kimi, qullar əvvəlcə yerli
əhalidən də olurdusa, getdikcə belə bir əqidə yaranmağa başladı ki, yerli əhali qul ola
bilməz. Qullar yalnız yadellilərdən, mübaribədə götürülmüş əsirlərdən olurdu.
Romada da Yunanıstanda olduğu kimi kasıb adamlar əvvəllər icarə haqqını ödəyə
bilmədikdə, vaxtında aldığı borcu qaytara bilmədikdə, borca görə qul vəziyyətinə
düşürdü. Aristotelə görə quldarlıq həyatın və insanın tələbatından irəli gəlirdi.
Filosofun nəzəriyyəsinə görə azad adamların fiziki bədən quruluşu da, qulların fiziki
qüvvələrindən fərqlənirdi. Qulların bədəni güclü olub, ağır fiziki işi görməyə qadir
idi. Buradan belə bir nəticə çıxırdı ki, insanların bir hissəsi öz təbiətinə görə azaddır,
digər hissəsi isə quldur və axırıncılara qul olmaq, onlar üçün həm faydalı, həm də
ədalətlidir. Qul quldarın tam hakimiyyətində olub, onun mülkiyyəti idi, quldara onun
iş vaxtı, onun bütün həyatı məxsus idi. Akvililər qanununa görə qullar mal-qara kimi
dördayaqlılara bərabər tutulurdu.
Öz hakimiyyətlərində heç bir nəzarət hiss etmədiyindən, qul sahibi qulu
acından öldürə bilərdi, öldürməyə qədər ona hər bir cəzanı verə bilərdi. Lakin qulun
alınmasına pul sərf edildiyindən, onu öldürmək və ac qoymaq ağılsız iş olub, öz
əmlakını məhv etmək demək idi. Qulun yaxşı işləməsi üçün onu yaxşı yedirtmək,
geyindirmək və yaşadığı yerdə soyuqdan qorumaq lazım idi. Sonradan Afinada
olduğu kimi, Romada səbəbsiz olaraq qulun öldürülməsi qadağan edildi. Qul sahibi
öz işçi və məhsuldar mal-qarasına baxdığı kimi, qullara da belə qayğı göstərirdi. Ona
görə də onun vəziyyəti yarım adam kimi hesab oluna bilərdi. İş alətlərini təsnifata
böldükdə, çox vaxt qul danışan əmək aləti adlanırdı. Belə vəziyyət quldarla qul
arasında antoqonizm yaratmaya bilməzdi və belə bir əhval-ruhiyyə hakim kəsilmişdi
ki, qul öz ağasının potensial düşmənidir. Qulun birinci istehsalçısı müharibələr idi,
əsirlərin hamısı ya qul edilir, ya da qul kimi satılırdı. Bundan başqa dəniz quldurları
bazara çoxlu qul çıxarırdı. Qulların özünün təbii artımı da qulların sayının artmasında
az rol oynamırdı. Romada kənd təsərrüfatında, malikanələrdə əsas işçi qüvvəsi
qullardan ibarət idi.
Artıq m.ə. IV əsrdə yerli əhalidən qul götürülməsi imkanı xeyli məhdudlaşdı.
326-cı ildə qəbul edilən Peteli qanunu ilə borcdan ötəri adamların qul olmağa
satılması qadağan edildi. Buna qədər isə borc qanunu borc verənlərin - kreditorların
mənafeyini müdafiə edir, onları himayə edirdi və adamlar arasında dəhşətli qanun
kimi tanınırdı. Adamların azadlığı, hətta həyatı kreditorlardan asılı idi. Valideynlərin
bədbəxtliyinə görə uşaqlar çox hallarda qul olurdu. Borclu həbs edilirdi, kreditora
işləyirdi. Sonralar vəziyyət dəyişdi. Aralıq dənizi sahillərində apardığı demək olar ki,
fasiləsiz müharibələr Romaya o qədər qul verirdi ki, öz vətəndaşlarını qul etməyə
96
ehtiyac da qalmırdı. Döyüşlər bir qayda olaraq sayı on minlərlə, hətta yüz minlərlə
ölçülən qul verirdi. Üçüncü Puniya müharibəsindən sonra iri şəhər olan Karfagenin
bütün sağ qalan əhalisi qul kimi satılmışdı. Bundan başqa qul ticarəti bazarı da heç
vaxt boş qalmırdı. Bura qul gətirənlər əsasən dəniz quldurları idi və burada qulların
qiyməti tez-tez dəyişirdi. Xüsusən iri işğallar vaxtı qulların qiyməti xeyli aşağı
düşürdü.
Qullara eyni sosial vəziyyətdə olan kütlə kimi baxmaq da düzgün deyildir.
Romada qul əməyindən istifadə çox müxtəlif olduğundan, onların sosial vəziyyəti də
bir-birindən kəskin surətdə fərqlənirdi. Burada dövlət qulları var idi, onlar bir qayda
olaraq magistratlarda, kahinlərin yanında xidmət edirdilər. Bundan başqa azad
adamlara və vətəndaşlıq üçün layiq görülməyən işləri icra edirdilər - dustaqxana
nəzarətçiləri və cəlladlar qullardan olurdu. Lakin dövlət qullarının sayı xeyli az idi,
qullar əsasən özəl mülkiyyətdə saxlanırdı. Lakin bu qulların da hamısı təsəvvürlərdə
yaranmış klassik obraza uyğun gəlmirdi. Kənd ailələri və şəhər ailələri arasında ciddi
fərqlər var idi. Kənd ailələrinə kənd təsərrüfatı istehsalında işləyən qullar daxil idi və
onlar amansız surətdə istismar edilirdi. Şəhər ailəsində olan qullar isə əsasən savadlı,
ixtisaslı adamlar və ya ev qulluqçuları olduğundan, başqa qullara nisbətən müqayisə
edildikdə xeyli yüngül şəraitdə yaşayıb, işləyirdilər. Romada mənşəcə Yunanıstandan
olan qul ziyalı silki mövcud idi, onlar ellinist mədəniyyətinin və savadın daşıyıcıları
idi. Onlar əsasən mədəniyyət sahəsində fəaliyyət göstərir, elmi və pedaqoji
fəaliyyətlə məşğul olurdular. Onlar əsasən aktyorlar, pedaqoqlar, ritorlar,
qrammatiklər, ədiblər idi. Azad romalı aktyor işləməyi özünə təhqir hesab edir,
sıxışdırılırdı. Bu peşə sahibləri qullar, yuxarıda deyildiyi kimi əsasən yunanlar idi.
Romada həkimlər də əsasən əcnəbilər idi və Böyük Katon həkimliyi iyrəndirici sənət
hesab edirdi. I əsrdə artıq savadlı qullar hər bir məşhur Roma ailəsində mövcud idi.
Bundan başqa qullar məktub yazanlar, qiraət edənlər, kitabxanaçılar, stenoqrafçılar
və natiqlər idi. Hətta, Plutarxın yazdığına görə bir varlı romalı qonaqlarını qəbul
edəndə, öz savadlı qulunu gizlədir və bu qul ağasına söhbəti savadlı aparmaqda,
sonrakı teatr suflyorları kimi kömək edirmiş. Roma mədəniyyətinin təşəkkül
tapmasında onlar çox samballı töhfə vermişlər.
Ziyalılar Romada xüsusi təbəqə təşkil edirdi, buraya qul olmaqdan azad olmuş
adamlar - libertinlər də daxil idi. I əsrin görkəmli təmsilçi şairi Fedr (m.ə. 15 - b.e.
50-ci illəri) mənşə etibarilə Makedoniyalı olan qul olmaqla, imperator Avqustun
dövründə azadlığa buraxılmışdı. Respublikanın son onilliklərində qul ziyalılar
xüsusən çoxluq təşkil edirdi.
Şəhər qullarının kənd qullarından ciddi və üstün bir fərqi ondan ibarət idi ki,
onlar əmlak barədə də müəyyən asılılıqda olsalar da, imtiyazlara malik idilər. Bu
imtiyazlardan biri onlara pekuli verilməsi idi. Pekuli əmlakın elə bir növü idi ki, qula
sərbəst təsərrüfatını aparmaq üçün ayrılırdı. Düzdür, bu hüquqi cəhətdən qul
sahibinin mülkiyyəti hesab olunurdu. Lakin qulun təsərrüfat fəaliyyəti üçün müəyyən
imkanlar açırdı. Əlbəttə bu qədim İudeyadakı "İkinci qanunda" nəzərdə tutulan
şərtlərlə müqayisədə nə qədər az görünsə də, qul üçün böyük bir şey idi. Qədim
yəhudilərin qaydalarına görə, nökər altı il işlədikdən sonra hökmən azad edilməli idi
və onun ağası azad olunduqda ona öz mal-qarasından, öz taxılından və şərabından
verməli idi ki, o, özünə ailə qura bilsin, təsərrüfat yarada bilsin. Qul özü getmək
97
istəmədikdə o, ömürlük nökər olurdu. Yəhudilər bunu ona görə edirdilər ki, özləri
Misirdə qul olmuşdular və Allah onları qul olmaqdan azad etmiş, onları öz
vətənlərinə getmələri üçün Moiseyi onlara rəhbər təyin etmiş və hər cür sınaqlara və
əzablara baxmayaraq Xanaana çatdırmışdır. 40 illik yol keçən yəhudilər əbədi olaraq
qul olmaqdan azad edilmişdilər.
Roma qulu pekuli şəklində ağasından emalatxana, dükan, torpaq sahəsi, əmək
alətləri, hətta vikari-qul ala bilərdi. Bu yolla qullardan iş adamları, tacirlər yaranırdı
və varlandıqdan sonra onlar müəyyən məbləğ hesabına azadlığa çıxırdılar. Qul
ziyalıları da və xüsusi peşə sahibi olan qullar - məsələn, mahir aşbazlar, zərgərlər öz
imtiyazları ilə pekuli alanlar dəstəsinə daxil olurdu. Əlbəttə, onlar sosial təbəqə kimi
qul olaraq qalırdılar, lakin mahiyyətcə digər qullardan kəskin surətdə fərqlənirdilər.
İstehsal artdıqca bu qulların özü istismarçılara çevrilirdi. Digər tərəfdən azadlığa
buraxılmış qulların da bəziləri yalnız öz zümrələrini dəyişirdilər, əslində sinfi
mənsubiyyətlərini dəyişmirdilər.
Quldarlıq öz qəddar təbiətini də saxlamaqda çətinlik çəkirdi. Getdikcə qullara
əmək aləti və ya iş heyvanı kimi baxmaq qul sahiblərinə nifrəti artırdığından, onlar
özləri də nisbətən yumşaq münasibət formalarına keçməyə məcbur olurdular. Əgər
əvvəllər torpaq sahibləri böyük qul dəstəsi satın alıb, bəzilərini qandala salırdılarsa,
digərlərini ağır zəhmətlə cana doydurur və hamısına damğa vururdularsa, sonralar
qula yalnız xətalarına görə damğa vurulub, onlar qandala salına bilərdi. Səbəb
olmadan qullara damğa vurulması ağa tərəfindən qəddarlıq hesab olunurdu.
Bunlar bütünlükdə iri qul kütləsinin olduqca ağır həyatını yaxşılaşdırmaq,
onların istismarını azaltmaq iqtidarında deyildi. M.ə. II əsrdə romalıların zəfərli
müharibələri ona çox böyük miqdarda qul qazandırmışdı, bu qulların insafsız
istismarı isə qulların hiddətinə səbəb olmaya bilməzdi. Ona görə də Roma dövlətinin
ayrı-ayrı yerlərində qulların narazılığı üsyan səviyyəsinə gəlib çatırdı. Ayrı-ayrı
tarixçilər bu barədə məlumat verirlər. Tit Livinin yazdığına görə, 198-ci ildə
Latsiumda qulların qəsdi xəyanət nəticəsində açıldıqda, 500 nəfərə qədər qul edam
edildi. 185-ci ildə Apulidə çoban qulların üsyanı yatırıldıqda, 7 min adam ölüm
cəzasına məhkum edildi. Lakin bu çıxışlar epizodik xarakter daşıyır, onların qarşısı
vaxtında və qəddarlıqla alınırdı.
Qədim tarixçilərin özünün adlandırdığı kimi, ilk böyük qul müharibəsi
İtaliyanın taxıl anbarı hesab edilən Siciliyada baş verdi. Bu adanın digər bir mühüm
fərqi də ondan ibarət idi ki, Siciliya klassik quldarlıq dövləti idi. Burada qulların
sayı-hesabı yox idi. Siciliyadakı üsyan 138-ci ildə başlayıb 132-ci ildə başa çatdı. İlk
partlayış bir iri qul sahibinin malikanəsində baş verdi. Bu qul sahibi öz qulları ilə
olduqca qəddarcasına davranırdı. Üsyan edənlərə qonşu təsərrüfatların qulları da
qoşuldu. Sonra 400 nəfərdən ibarət dəstə Enna şəhərinə hücum etdi və şəhəri tutdu.
Bundan sonra qulların hərəkatı kütləvi xarakter aldı. Bu hərəkatın başında yaxşı
təşkilatçılıq qabiliyyətinə malik olan suriyalı qul Yevn dururdu. O, özünü Antiox adı
altında çar elan etdi. Hərəkatda suriyalıların daha çox sayda iştirak etdiyini nəzərə
alaraq, çarlıq Yeni Suriya çarlığı adlandırıldı.
Tezliklə Siciliyanın cənubi-qərbində üsyanın yeni ocağı yarandı. Burada isə
rəhbər-keçmiş Kilikiya çobanı və dəniz qulduru Kleon oldu və o, Yevnin rəhbərliyini
öz təşəbbüsülə qəbul etdi. Yevn isə Enna şəhərində xalq yığıncağı çağırdı və əsir
98
götürülmüş şəhərliləri, silah ustaları istisna olmaqla, edam etdirdi. Silah ustaları
qandalda saxlanılaraq, silah istehsalı ilə məşğul olurdu. Öz keçmiş sahiblərini isə o,
öz əli ilə öldürdü. Suriyalı məşuqəsini isə çariça elan etdi. Qısa müddət ərzində onlar
6 minə qədər qulu silahlandıra bildilər. Bundan başqa Yevn şura təşkil etdi və buraya
ən ağıllı adamları cəlb etdi. Qiyam bir ay idi ki, davam edirdi. Artıq qiyamçıların
sayı 30 min nəfərə çatmışdı və onlar romalıların 8 min nəfərlik qoşununu darmadağın
etdilər. Tarixçi Diodorun yazdığına görə, tezliklə qiyamçıların sayı 200 min nəfərə
çatdı və onlar romalılar üzərindəki qələbələrinin sayını artırdılar. Onlar şəhərləri
əhalisi ilə birlikdə tuturdular. Roma konsulu Rupili bir şəhəri tutduqdan sonra
Ennaya doğru hərəkət etdi. Qulların komandanı Kleon şəhərdən çıxıb, ona hücum
etmək istədikdə, həlak oldu. Romalılar öz yerinə görə qalanı andıran şəhəri tuta bildi.
Yevn öz mühafizəçiləri ilə gizlənməyə məcbur oldu. Sonra onu bir mağarada
tutdular.
Əlbəttə, qul üsyanı Siciliya üçün böyük bədbəxtliyə səbəb oldu. Qullar öz
ağalarını məhv etməklə məşğul olmağa başladılar. Əvvəlcə qullar adamları açıq
yerdə qətlə yetirirdilər, əmlakını isə müsadirə edirdilər. Bütün ada zorakılıqla,
soyğunçuluq və qətllərlə dolmuşdu.
104-cü ildə kimvrlərlə müharibə gedəndə, Siciliyadakı yeni qul üsyanı barədə
Romaya xəbər gəldi. İtaliyadakı başqa bir üsyana isə Roma atlısının oğlu Tit Munitsi
başçılıq edirdi. O, gözəl qul qıza evlənmiş, lakin onun sahibinə verilməli haqqı ödəyə
bilməmişdi. O da özünü çar elan etdi. Məşuqəsinin keçmiş sahibinin boynunu
vurdurdu. Romalılarla ilk toqquşmada qullar qalib gəldi. Bundan sonra sərkərdə
Lukull qulları xəyanətə sövq etdi və qiyam yatırıldı.
Siciliya üsyanı isə kimvrlərə Mari müharibə apardıqda, burada senatın qərarına
əsasən çoxlu qulların, azad edilməsi gözlənilən vaxt, adanın əyanlarının təkidi ilə
bunu etməli olan pretorun öz qərarını ləğv etməsi və yenidən qulların öz ağalarının
yanına göndərilməsi ilə başlandı.
Qullar bu vaxt qiyam qaldırmağı qərara aldılar. Onların başında Vari dururdu.
Gecə onlar öz ağalarını öldürüb, digər malikanələrə keçdilər. Qısa müddət ərzində
qiyamda iştirak edənlərin sayı 6 min nəfərə çatdı. Salvi adlı qul Trifon adı altında çar
elan edildi. Roma pretoru onların düşərgəsinə hücum etdi və çoxlu adam öldürdü.
Salvi başqa şəhərlərə yürüşlər edirdi. Roma senatı ona qarşı Lukullun başçılığı
altında böyük ordu göndərdi. Romalılar qullara qalib gəldilər. Ruhdan düşən qullar
öz ağalarının yanına qayıtmaq istədi, lakin yenə müqavimət göstərməyi qərara
aldılar. Trifon öldükdən sonra onun yerini tutan Afinion şəhərləri mühasirəyə alırdı,
adanı viranə qoymağa başladı, çoxlu şəhərlər tutdu. Lukull və onun vəzifəsini qəbul
edən Qay Servili qullara qarşı heç nə edə bilmirdilər. Sonrakı il Mari ilə birlikdə
konsul olan Qay Atsili qiyamçılar üzərində qələbə çaldı və çar Afinionun özünü
öldürdü. Axırda ona könüllü təslim olan dəstəni isə o, cəzalandırmadı, Romaya
aparıb, onları qladiator etdi.
Qulların azadlıq hərəkatında 74-71-ci illərdə davam edən Spartak üsyanı
xüsusi yer tutur. Spartak və onun köməkçiləri yaxşı təşkil edilmiş ordu yaratdı, bu
ordunun tərkibi 70 min nəfər, başqa mənbələrə görə 120 min nəfər quldan ibarət idi.
Qul ordusu bütünlüklə Roma ordusu nümunəsi əsasında yaradılmışdı, ordunun
silahla təchizatı təşkil edilmiş və yaxşı süvari dəstəsi yaradılmışdı. Ona görə də
99
Spartak ordusu Roma legionlarına asanlıqla qalib gəlirdi. Roma tarixçiləri bir qayda
olaraq Spartak haqqında ehtiramla yazır, onun yüksək insani və sərkərdə
keyfiyyətlərini qeyd edirdilər. Romanın nəcib imperatorlarından biri olan Mark
Avrelinin tərbiyəçisi və imperator sarayına yaxşı bələd olan Mark Korneli Frontin
özünün "Tarixin əsasları" kitabında yazırdı ki, müharibə işlərində Spartak da, Viriat
da böyük fərasət göstərmişdilər, dinc quruculuqda isə heç kəs, həm də xalq
məhəbbətinə nail olmaqda nəcib imperator Trayanla müqayisə oluna bilməz.
Spartak üsyanı yatırılsa da Roma tarixində dərin iz qoydu və respublika
quruluşunun süqutunda və Roma imperiyasının yaradılmasında mühüm rol oynadı.
Ona görə də bu üsyanın müasirlərinin onu "qul müharibəsi" adlandırması təsadüfi
deyildi.
Kapuya şəhərində, bu şəhər bizə Hannibalın İtaliyada apardığı müharibə
dövründən tanışdır, Lentul Batiata məxsus olan qladiator məktəbində qladiator qullar
qəsd hazırlamışdılar və bu qəsddə 200 nəfər iştirak edirdi. Qəsdin üstü açıldıqda 78
nəfərə qaçmaq müəyəssər oldu. Onlar Vezuvi dağında özlərinə dayaq yeri düzəltdilər
və üç rəhbər seçdilər, bunlar Spartak, Kriks və Enomay idi. Spartak Frakiyadan olub,
əvvəllər Roma ordusunda xidmət etmiş, qaçdıqdan sonra tutularaq qladiator
olmuşdu. İgidliyinə görə azadlıq alıb, Batiatın qladiator məktəbində qılınc döyüşü
müəllimi işləyirdi. O, çox istedadlı və fərasətli adam idi, daha çox savadlı ellinə
bənzəyirdi.
Əvvəlcə Romada qulların qəsdinə və qaçmasına elə bir əhəmiyyət vermədilər.
Bu vaxt Romanın başı Mitridatla yeni, üçüncü müharibəyə qatışmışdı. Sulladan sonra
indi orduya Lukull başçılıq edirdi. Spartakın isə qüvvələri sürətlə artırdı, indi ona
digər qladiatorlar, qullar, müflisləşmiş kəndlilər qoşulurdu. Bir qədər sonra onun
artıq qoşunu var idi. Bu vaxt üsyançıların üzərinə Varini Qlabr göndərildi. Spartakın
dəstəsi Vezuvinin üstündə olanda romalılar dağdan enmə yolunu tutmuşdular.
Burada Spartakın hərbi dühası sınaqdan çıxdı. Onun göstərişi ilə əsgərlər söyüd
çubuqlarından asma nərdivan hörüb, onun köməyi ilə gecə düşmənin arxasına düşə
bildilər. Roma ordusu məhv edildi, bir az sonra o, digər pretor Varininin ordusunu
məğlub edib, onun özünü isə əsir götürdü.
Artıq Spartakın yanına Roma ordusundan qaçan əsgərlər də gəlirdi. Az müddətdə
Cənubi İtaliyanı bütünlüklə üsyan bürüdü. İtaliya ilə hərəkət edən üsyançı qullar hər
yeri viranə qoyurdu. Spartak bunun təhlükəsini başa düşürdü, lakin bir şey edə
bilmirdi. Lentull böyük qoşun hissəsi ilə Spartakı mühasirəyə aldıqda, Spartak onun
leqatlarını da darmadağın etdi. Bundan sonra o, Kassini Şimali İtaliyada Mutina
şəhəri yanında məğlubiyyətə uğratdı. Lakin bu döyüşdən bir qədər əvvəl Spartakın
hərəkatında fikir ayrılığı yaranmışdı. Bunu yaradan mümkün səbəblərdən biri, onun
ordusunun müxtəlif tayfalardan - frakiyalılardan, qallardan, yunanlardan,
germanlardan ibarət olması idi. Bu fikir ayrılığı ordunun parçalanmasına səbəb
olmuşdu. Üsyan edənlərin bir hissəsi Spartakın başçılığı altında İtaliyanın şimalına
doğru hərəkət etdi ki, Alp dağlarını keçib, öz vətənləri Qalliya və Frakiyaya
yollansınlar. Onlar çoxluq təşkil edirdilər.
Kriksin və Enomayın nisbətən kiçik dəstəsi onlardan ayrılıb, varlı İtaliyada
qalmağı qərara aldı. Onların fikrindən hətta Romaya yürüş etmək də keçirdi. Bir az
sonra döyüşdə Kriks həlak oldu. Spartak isə şimali İtaliyaya doğru irəliləməsini
100
davam etdirirdi və romalılar üzərində bir neçə parlaq qələbə qazandı. Yəqin ki, bu
qələbələr onun başını gicəlləndirdi və nəticədə Spartak öz əvvəlki planından -
İtaliyanı tərk etmək niyyətindən əl çəkdi. Mutinadakı qələbədən sonra onun bu planı
baş tuta bilərdi və Alpı keçmək üçün təbii maneələrdən başqa heç bir çətinlik yox idi.
Lakin gözlənilmədən o, ordusunu geri, İtaliyaya qaytardı.
Onun ordusunun tərkibi artıq 120 min nəfərə çatmışdı. Orduda ciddi qayda
yaradılmışdı, hərbi qənimət əsgərlər arasında bərabər qaydada bölünürdü. Spartak öz
düşərgəsində kiminsə qızıl və gümüşə malik olmasını qadağan etmişdi. Spartak
Mərkəzi İtaliyada bir qələbə qazandıqdan sonra Romada həqiqi panika başlandı.
Bunu Hannibalın Romaya yaxınlaşması və ya Sullanın şəhərə daxil olması
vaxtındakı vəziyyətlə müqayisə etmək olardı. Qorxuya düşən senat ən fövqəladə
səlahiyyətlərlə Mark Litsini Krassı altı legionla birlikdə onun üzərinə göndərdi.
Krass təkcə tanınmış sərkərdə deyil, həm də Romanın ən varlı adamlarından
biri hesab olunurdu. Romada yanğınlar baş verəndə, bu fəlakətdən ziyan dəymiş
evləri çox ucuz qiymətə alır, sonra isə onları bir qədər təmir edib, çox baha qiymətə
satmaqla, böyük sərvət əldə etmişdi.
Krassın əməliyyata göndərdiyi dəstələr qul ordusu tərəfindən darmadağın
edilmişdi. Ona görə də Krassa fövqəladə tədbirlər həyata keçirmək lazım gəldi. O,
qədim və qəddar cəza tədbiri olan detsimatsiyalardan istifadə etməyə başladı. Bu
vəhşi qaydaya görə, günahından asılı olmayaraq əsgərlər sıraya düzülür və hər
onuncu adam edam edilirdi. Krass da, sırada bədbəxtlikdən onuncu yeri tutanları öz
yoldaşlarının gözü qarşısında vəhşicəsinə cəzalandırırdı. Lakin cəzalandırma siyasəti
də Krassa elə bir uğur gətirmədi və vəziyyətin ağırlığını görən komandan, məşhur
sərkərdələr olan Lukull və Pompeyin ona köməyə göndərilməsini xahiş etdi.
Bu vaxt Spartakda yenə əvvəlki fikir yaranmışdı - necə olursa-olsun İtaliyanı
tərk etmək. Lakin əvvəlcə bu məqsədi həyata keçirmək üçün o, şimal yolunu
seçmişdisə və bu məqsədə çatmağa tam yaxınlaşmışdısa, çünki Alp dağları deyilən
qapını açıb İtaliyanı o vaxt tərk etmək olardı, bu dəfə isə İtaliyanın cənubuna çatıb,
oradan gəmilərlə Siciliyaya, oradan da başqa istiqamətlərə getmək istədi.
Siciliyada o, əlavə kömək də ala bilərdi, axı bu ada qul üsyanları ölkəsi hesab
olunurdu. Lakin Siciliyaya üzmək baş tutmadı. Kilikiya dəniz quldurları qızılla
böyük haqq ödəmək əvəzində ona yüzlərlə gəmi verməyi və Brundiziya limanından
ordunu Siciliyaya daşımağı vəd etmişdilər. Ancaq onlar həmin vədi yerinə yetirə
bilmədilər, əslində, heç Spartak da Brundiziyaya gəlib çıxa bilmədi. Onun vəziyyəti
olduqca ağırlaşmışdı, ona böyük ordu ilə yaxınlaşan Krass yarımadanın cənub
çıxıntısında onun çıxış yollarını bağlamaq istəyirdi. Bu məqsədlə Krass yəqin ki,
Makedoniyalı Aleksandrın təcrübəsindən istifadə edərək, ağlasığmaz bir tədbir
həyata keçirdi - dənizdən dənizə qədər uzanan bütün keçid boyu dərin xəndək
qazdırdı.
Spartak ordusu əslində xırda bir ərazidə qalmaqla, onların İtaliyanın digər
əraziləri ilə əlaqəsi nəinki kəsildi, hətta hər cür çıxış yolundan məhrum oldu. Burada
yenə Spartakın hərbi istedadı və zəkası köməyə gəldi. Bir qaranlıq və qasırğalı gecə
xəndəyin bir hissəsini at cəsədləri və həlak olmuş romalıların meyidləri ilə
dolduraraq, o, Brundiziyaya tərəf yollandı ki, oradan bu dəfə Balkan yarımadasına
keçmək asan olsun. Bu limanı Balkandan - Adriatik dənizi ayırırdı. Belə bir
101
məsuliyyətli və taleyüklü anda üsyançılar arasında yenə fikir ayrılığı meydana gəldi.
Ordudan iri bir dəstə ayrıldı. Ancaq bu ayrılan dəstəyə də Kriks və Enomayın
dəstəsinin taleyi qismət oldu və romalılar tərəfindən tezliklə darmadağın edildi.
Belə bir vaxtda Spartak həlledici döyüşü gözləyirdi. Krassa köməyə Roma
senatı Lukullu və Pompeyi göndərdi. Belə köməyin yaxınlaşmasını hiss edən Krass
qələbənin başqasının əlinə keçməsinə yol verməmək üçün vuruşa hazırlaşdı və bunu
sürətləndirməyi qərara aldı. Spartakın ordusunun parçalanmasından sonra, Krass
hətta senatdan kömək istəməyinə də peşiman olmuşdu. Lakin döyüşün tez
başlanmasında, qəribə görünsə də, Spartak da maraqlı idi, çünki romalıların əlavə
qüvvələri gəlib çatsa, o, bütünlüklə qısqac arasında qalacaqdı. Bu halda ona heç
allahların da dəstəyi bir kömək edə bilməzdi və o, labüd olaraq qaçılmaz
məğlubiyyətlə üzləşməli idi. Əslində, təklikdə də onun şansları elə ümidverici
deyildi. Orduların say tərkibi arasında böyük fərq var idi. Digər tərəfdən əvvəlcədən
aydın məqsədin və vahid planın olmaması üç ilə qədər uzanan müharibəni, bütün
qələbələrə baxmayaraq, məqsəd nöqteyi-nəzərindən bəhrəsiz etmişdi. Şimaldan
ölkəni tərk etməklə qurtulmaq imkanı yarananda, bu niyyət alt-üst olmuş, indi isə
Spartak ordusu özünün iradəsindən və istəyindən asılı olmayaraq, qurulmuş tələyə
salınmışdı. Qədimdən hindlilər benqal pələngini ovlamaq üçün nisbətən asan, ən
başlıcası isə təhlükəsiz vasitə icad etmişdilər. Onlar pələngin yolunun üstündə iri çala
qazır, onun üstünü yaşıl yarpaqla, budaqlarla örtürdülər və heç nə hiss etməyən
pələng su içməyə yollanarkən, bu çalaya düşür və öz fiziki üstünlüklərinin heç
birindən istifadə edə bilmədiyinə görə, özünün son məskənini ovçuların torunda
tapırdı. İndi Spartak da güclü pələng kimi belə çalaya düşdüyündən öz əvvəlki
üstünlüyünün xeyli hissəsini itirmişdi.
Son iri döyüş 71-ci ildə Apuliyada baş verdi. Döyüşdən əvvəl Spartaka at
gətirdilər, o, qılıncını çıxarıb atı öldürdü və dedi ki, qalib gəlsək, bundan da yaxşı
çox atlarımız olacaqdır. Əgər məğlub olsaq, bizə heç bir at lazım olmayacaqdır. Çox
qızğın döyüşdə Spartak ordusu məğlub oldu, qul sərkədənin özü isə döyüşdə həlak
oldu. Ordunun bir dəstəsinə düşmən əhatəsindən şimala tərəf çıxmaq müəyəssər
oldu, lakin burada özünü yetirən Pompey onları tar-mar etdi. Bu Pompeyə bəhanə
verdi desin ki, "qul müharibəsini" məhz o, kökündən çıxardı.
Qul üsyanı m.ə. 71-ci ildə belə acı finalla başa çatdı. Əsir götürülən altı min
qul Kapuyadan Romaya gedən qədim Appi yolu boyu (bu yol m.ə. 312-ci ildə
çəkilmişdi) çarmıxa çəkildi. Roma ən qatı düşmənləri üçün də indiyədək belə cəza
üsulu nümayiş etdirməmişdi. Bu yol da ona görə seçilmişdi ki, üsyanın ilk mərkəzi
məhz Kapuya olmuşdu.
Dünyanın ən böyük qul üsyanı qan tökməklə məşhurlaşdığı kimi, qan içində də
boğuldu. Aradan çıxmağa nail olmuş xırda dəstələr isə hələ bir neçə il kabuslar kimi
İtaliyanı dolanırdı.
Spartak özünü nə qədər nəcib general kimi aparsa da, qul ordusu yeri düşdükcə
öz təbiətini də büruzə verirdi. Bu hərəkat, insan doğulandan ölümə məhkum olan
kimi, məğlub olmağa məhkum idi. Çünki, onun aydın strateji məqsədi yox idi və həm
də bu məqsədi əldə etməyə yaxınlaşmağın metod və üsullarına malik deyildi. Onlar
məhv olsalar da, nəticə etibarilə məğlub olsalar da, bəşər tarixində ilk dəfə olaraq iri
miqyasda qulların öz əlləri, ən başlıcası öz iradələri ilə azad olmasını təmin etdilər.
102
Əgər yəhudiləri Misir faraonu əsirliyindən və köləlikdən allahın qüdrəti və iradəsi
azad etdisə, Spartak hərəkatı özü öz azadlığını əldə etmişdi və buna qullar öz qanını
tökməklə, öz həyatını qurban verməklə nail olmuşdular. İlk dəfə olaraq qullar
bəşəriyyət üçün ən böyük mənəvi dəyər olan azadlığı əldə edə bilmişdilər. Bu azadlıq
uzun sürmədi, bu azadlığı əldə edənlər açıq səmanın altında yaşamağa məcbur
oldular, daim əldə silah, döyüşmək haqqında düşündülər, İtaliyanın və müharibənin
yollarında onlar az əziyyət çəkmədilər, lakin azadlıq adlanan bir məşəli yandırıb onu
o vaxtkı dünyaya, başlıcası isə tarixə göstərə bildilər. Onlar özləri torpağa gömülsələr
də, qəddarcasına çarmıxa çəkilsələr də, yandırdıqları şam bir daha sönmədi və tarix
boyu bəşəriyyətin, bütün insanların şüurlarına və könüllərinə işıq saldı, nəcib azadlıq
eşqinin cazibə qüvvəcini xeyli artırdı. Qul üsyanı, Spartak hərəkatı göstərdi ki, ən
iyrənc köləlik olan könüllü köləlik istisna olmaqla, digər qul formaları əbədi deyil,
keçici, ötəri, şərtidir. Bu üsyan onu göstərdi ki, qulun azadlığı təkcə qul sahibinin
mərhəmətindən asılı olmayıb, onun özü tərəfindən də əldə edilə bilər. Qul üsyanı
tarix boyu insanların can atdığı bir şeyin, azadlıq idealının günəş kimi bütün azadlıq
sevən könüllüləri daim isitdiyini bir daha nümayiş etdirdi. Spartak tarixə görkəmli
qul sərkərdəsi kimi daxil oldusa, ancaq bəşəriyyət üçün parlaq azadlıq rəmzinə
çevrildi və onun ilhamverici təsiri min illər keçsə də azalmadı, əksinə daha da artdı.
|