PUNİYA MÜHARİBƏLƏRİ
Romalılar İtaliyanın iqtisadi potensialına sahib olduqdan sonra öz nəzərlərini
Siciliya adasına dikdilər. Bu ada geniş və çox məhsuldar torpaqlara malik idi, onun
kənd təsərrüfatı yaxşı inkişaf etmişdi. Bu dövrdə Siciliyanın böyük hissəsinə
Karfagen nəzarət edirdi.
Karfagen Aralıq dənizi sahilindəki qüdrətli dövlətlərdən biri olub, Afrikanın
şimalında (indiki Tunis ərazisində) yerləşirdi. Bu gözəl şəhəri m.ə. 825-ci ildə
finikiyalılar, Tir şəhərindən olanlar salmışdılar. Deməli, bu şəhər Romadan da əvvəl
meydana gəlmişdi. Karfagen Romadan xeyli əvvəl güclü donanmaya malik
olduğundan dəniz ticarəti ilə çox varlanmışdı. Karfagen tacirləri Aralıq dənizinin hər
tərəfinə üzürdülər, hövzənin xammal və hazır mallarının bölünməsi məhz bu şəhərdə
mərkəzləşmişdi. Bundan başqa Karfagen inkişaf etmiş kənd təsərrüfatı ölkəsi hesab
olunurdu. Ona görə də siyasi hakimiyyət torpaq sahibkarlarına və tacirlərə məxsus
idi. Karfagendə də respublika quruluşu mövcud idi. Lakin burada xalq yığıncaqları
daha az rol oynayırdı. Burada Roma senatına və ya Afina 500-lər şurasına bənzəyən
300-lər şurası var idi. Karfagen ordusu muzdlu əsgərlərdən və Karfagendən asılı olan
tayfaların göndərdiyi dəstələrdən ibarət idi. Yüksək hərbi vəzifələri karfagenlilər
tuturdular və bir qayda olaraq hərbi rəislər böyük siyasi nüfuza malik olurdular. Öz
texniki təchizatına görə Karfagen ordusu başqa ordulardan yuxarıda dururdu, orduda
mühasirə maşınlarından, döyüş fillərindən istifadə olunurdu. Ən başlıcası isə
Karfagen əsasən 50 avarlı gəmilərdən ibarət güclü hərbi donanmaya malik idi.
Hələ m.ə. VII əsrdə Aralıq dənizinin iri ticarət mərkəzinə çevrilən Karfagen
özünün əlverişli coğrafi şəraitindən istifadə edib, bu rayonda ağalıq iddiasına düşdü.
Yunan kolonistləri ilə Siciliyada, Liquriyada və Pireney yarımadasında, həmçinin
qədim ispan dövləti olan Tartesslə qızğın müharibə aparan Karfagen, etrusklarla
ittifaqda Tartessi məhv etməyə müvəffəq oldu. Karfagen şimali Afrika, cənubi
İspaniya, qərbi Siciliya və Sardiniyanın geniş ərazilərini özünə tabe etdi. III əsrin
ortalarında isə bütün Siciliyanın faktiki olaraq ağasına çevrildi. Belə bir dövrdə
Aralıq dənizində Karfagen öz ticarət inhisarını saxlamağa cəhd göstərirdi. Ona görə
də bu sahədə rəqibin meydana gəlməsi ciddi təhlükə yaradırdı və iki güclü rəqibdən
birinin məhv və ya tabe edilməsi "dünya" dövlətinin yaranmasına səbəb ola bilərdi.
Roma məhz öz rəqiblərini aradan götürməklə dünya dövlətinə çevrilə bildi. Lakin
Karfagen hökmdarları da belə bir arzu ilə yaşayırdılar ki, bütün eykumenanı əhatə
edən dövlətin mərkəzi Karfagen olsun.
Karfagen sərkərdəsi Hamilkar Barka və onun oğlu Hannibal da öz qarşılarında
belə bir məqsəd qoymuşdular. Lakin çox vaxt qarşıya qoyulan məqsədlə hadisələrin
gedişi və son nəticə nəinki bir-birinə uyğun gəlmir, hətta bu məqsədi qarşıya
qoyanların özünün və onların arxalandığı böyük qüvvənin məhvinə səbəb olur. Polibi
xəbər verir ki, Karfagenlə Roma arasındakı ilk müqavilə respublikanın lap ilk
çağında Lutsi Yuni Brutun və Mark Horatsinin konsulluqları dövründə bağlanmışdı
və bu Persiya çarı Kserksin Yunanıstana müdaxiləsindən 29 il əvvəl, başqa sözlə
509-cu ildə baş vermişdi. Bu müqavilə dəniz ətrafında ticarət məsələlərini nizama
salır və əsasən Karfagenin öz sahillərindəki inhisarını təsbit edirdi. Roma ilə
Karfagenin ikinci müqaviləsi 348-ci ilə təsadüf edir, bu əsasən birinci müqavilənin
43
şərtlərini dəqiqləşdirir, buna görə də bu müqavilənin 500-cü ildə bağlandığı da iddia
edilir. Sonralar bu müqavilələr təzələnir. Lakin hətta Pirr kimi ümumi düşmənlə
mübarizə də bu iki dövləti bir-birinə o qədər də yaxınlaşdırmır və onların
münasibətlərini heç də mehriban münasibətlər adlandırmaq olmazdı. Pirr Siciliyaya
üzüb gəldikdə özünü adanın çarı elan etdi və təklikdə qalan karfagenlilər öz
düşmənlərindən bir neçə məğlubiyyət aldılar, təkcə Lilibey limanını əldə saxlaya
bildilər. Romanın onlara heç bir kömək göstərmədiyini görən karfagenlilər ittifaq
öhdəliklərini pozaraq, düşmənə sülh təklif etdilər.
Nəhayət Pirr Siciliyadan İtaliyaya qovuldu, bəlkə də Romanın hucumu
təhlükəsi altında italik müttəfiqlərinin xahişlərinə görə adanı tərk etdi. Bu hadisədən
sonra Roma ilə Karfagen arasındakı ittifaqdan söhbət gedə bilməzdi. Əksinə, onların
arasında qarşıdurma bərpa olundu və bu münaqişə qorxusu yaratdı. 306-cı il
müqaviləsinin qarşılıqlı olaraq pozulması baş verdi: Karfagen Roma hücumuna qarşı
Tarentə kömək göstərməyə cəhd etdi, romalılar isə Siciliyadakı Messana şəhərinin
işinə qarışdılar. Bunlar müharibənin başlanması üçün bəhanə oldu və 264-cü ildə
Birinci Puniya müharibəsi başlandı. 264-262-ci illər kampaniyasında romalılar
Sirakuza çarı ikinci Hieronu öz tərəflərinə keçməyə məcbur etdilər və Karfagen siysi
cəhətdən izolə olundu. Belə başlanğıc müharibənin son nəticəsini əvvəlcədən həll
etdi. Buna qədər Sirakuza çarı Karfagenin müttəfiqi idi və bu Karfagenə bütün adada
ağalıq etmək imkanı verirdi.
Bir qədər sonra karfagenlilər özlərinin adadakı mühüm strateji məntəqəsini
itirdilər. Bundan sonra onların ixtiyarında bir neçə sahil şəhəri qaldı, onlar da
dənizdən təchiz və müdafiə olunurdu. Rəqiblər qarşısında qurtarmaq bilməyən,
üzücü müharibə perspektivi açılırdı. Karfagen təkcə dəniz qüvvələri vasitəsilə
müharibəni uda bilməzdi. Roma da təkcə quru qoşunları vasitəsilə müharibəni uğurla
sona çatdıra bilməzdi. Ona görə də birincinin qarşısında döyüşkən piyada qoşunu
yaratmaq vəzifəsi meydana çıxdı, ikinci isə qısa müddətdə özünə yeni hərbi gəmilər
qayırmaq və dənizçiləri öyrətmək zərurəti qarşısında qaldı.
Bu yarışda Roma hərbi xadimləri qalib gəldilər. Karfagen gəmisi - penteranın
nümunəsindən istifadə edib, romalılar artıq 260-cı ildə 120 gəmidən ibarət
donanmaya sahib oldular. Romalılar dəniz döyüşündə yeni taktika işləyib
hazırladılar. Onlar abordaj körpüləri icad etdilər, bu körpülər vasitəsilə düşmən
gəmisinə keçir və əlbəyaxa döyüş aparırdılar. Bu yolla romalılar dəniz döyüşündə də
öz piyadalarının üstünlüyündən istifadə etməyə başladılar. Romalılar 259-cu ildə
dəniz döyüşündə qalib gəldilər, bu döyüşdə onlar Puniya donanmasının yarısına
qədərini - 50 gəmini batırmışdılar və əsir götürmüşdülər. Bu vaxt romalılar Karfageni
Afrika ərazisində də diz çökdürmək imkanı əldə etdilər. Bu məqsədlə Afrikaya 4
legion göndərildi. Konsul Requl Karfagenin bütün Afrika torpaqlarını öz nəzarəti
altına götürdü və üsyan etmiş liviyalıları özünə müttəfiq etdi.
Karfagen hökuməti Siciliya və Sardiniyanın itirilməsi ilə razılaşıb,
müharibədən çıxmaq istədi. Lakin romalılar üçün bu az idi. Onlar danışıqlar vaxtı
tələb etdilər ki, puniyalılar öz hərbi donanmasını məhv etsinlər və gəmiləri Romaya
verməyi öz öhdələrinə götürsünlər. Bu şərtlərin qəbul edilməsi Karfagenin bir böyük
dövlət kimi ləğv olunması və onun birbaşa Roma asılılığına keçməsi demək idi. Buna
görə karfagenlilər müdafiə olunmağı qərara aldılar. Siciliyadan qoşunları geri
44
çağırmaqla və yunan muzdlularından ibarət yeni ordu yaratmaqla, istedadlı sərkərdə,
spartalı Ksantippin başçılığı altında karfagenlilər Tupet yaxınlığında Requlun
ordusunu darmadağın etdilər. Requl özü isə Karfagen əsirliyində öldü. Romalıların
liviyalı müttəfiqlərinə karfagenlilər qanlı toy tutdular.
Lakin hərbi əməliyyatlar Siciliyada bərpa edildikdə puniyalılar üçün bu
olduqca əlverişsiz şərait yaratdı. 251-ci ildəki döyüşdə karfagenlilər 120 döyüş fili
itirdilər. Bir-birinin ardınca Siciliyadakı şəhərlər itirilməyə başladı. Karfagenin təkrar
sülh bağlamaq cəhdi heç bir nəticə vermədi. Bu vaxt karfagenlilər Roma
donanmasına böyük zərbə endirdilər.
Nəhayət, on üç illik taqətdən salan mübarizədən sonra tərəflər başlanğıc
vəziyyətinə qayıtdılar və bu illərdən sonra da onlar qəti qələbədən çox uzaq idilər.
247-ci ildə Siciliyadakı Karfagen donanmasına Hamilkar Barka komandan təyin
edildi və elə bu vaxtlar onun oğlu, gələcək böyük sərkərdə Hannibal anadan oldu.
Hamilkar İtaliyanın cənubuna viranedici hücumlar etdi. Ancaq müharibənin taleyi
Siciliyada həll olunurdu və Hamilkar qüvvələri bura cəmləşdirdi. Tərəflər yumruq
davası kimi bir-birinə zərbələr endirirdilər. 243-cü ildə romalılar yenidən özlərinə
200 gəmidən ibarət donanma düzəltdilər. Həmin donanma dənizdə görünəndə,
Hamilkar Barkanın Karfagenlə əlaqəsi kəsildi.
Eqat adaları yanındakı dəniz döyüşündə Karfagen eskadrası darmadağın edildi
və əlacsız qalan Karfagen hakimiyyəti Hamilkar Barkaya sülh bağlamaq
səlahiyyətini verdi. Karfagenlilər müharibəni qurtarmağı təklif etdilər, bu romalıların
ürəyindən oldu, çünki dövlətin xəzinəsi boş idi. Konsul Katull Hamilkarın təklifini
sevinclə qəbul etdi. Konsul tələb etdi ki, Hamilkarın döyüşçüləri Siciliyanı silahsız
tərk etsinlər. Lakin puniyalılar hər adambaşına 10 denari pul verməklə, adadan köçüb
getdilər. Sülh şərtlərinə görə, Polibinin yazdığı kimi, karfagenlilər Siciliyanı
boşaltmalı, Sirakuza çarı ilə müharibə etməməli idilər. Onlar romalılara bütün əsirləri
qaytarmalı və iyirmi il ərzində 2200 evbey talant həcmində gümüş verməli idilər.
Karfagenə öz gəmilərini Romanın və müttəfiqlərinin nəzarətində olan rayonlara
göndərmək qadağan olundu. Məğlub olan Karfagen bütünlüklə Siciliyadan imtina
etməli olsa da, öz müstəqilliyini qoruyub saxlaya bildi. Həm də Karfagen böyük
dövlət vəziyyətini saxlamağa müvəffəq oldu. Bu isə Roma üçün heybətli düşmənin
qalması demək idi və buna görə də Senat müqaviləyə narazılığını bildirib, onu
ratifikasiya etməkdən imtina etdi. Ancaq müqavilədəki təzminatın həcmi artırıldı və
onun ödəmə müddəti iki dəfə azaldıldı. 241-ci ildə sülh müqaviləsi imzalandı,
müharibə başa çatdı. Bu, üzücü müharibə 23 il davam etdi, qalib gələn Romanı da
taqətdən saldı.
Bir az sonra Karfagen öz mövcudluğu üçün ölüm-dirim mübarizəsinə girdi.
Hamilkar isə bu mübarizəyə başçılıq etməli oldu. Hər şey kiçik xəsislikdən başlandı.
Karfagen hökuməti özünün 20 minlik ordusunu Lilibeydən Afrikaya köçürməli və
onlara maaş və mükafat verməli, heç bir qiyam baş verməməsi üçün bu muzdla
tutulan adamları vətənlərinə - İberiyaya, Qalliyaya, İtaliyaya, Yunanıstana, qonşu
Afrika ərazilərinə göndərməli idi. Lakin hökumət istəyirdi ki, muzdlu əsgərləri onlara
düşən maaşı almaqdan imtina etməyə məcbur etsin. Ona görə də hökumət onları
Karfagendən buraxmadı, bunun nəticəsində isə şəhərin normal həyatı tezliklə
pozuldu. Təkcə gecələr deyil, günün günorta çağı da qarət və qətllər baş verirdi. Heç
45
kəs özünü təhlükəsiz hesab etmirdi. Hakimiyyət vəziyyətə nəzarət edə bilmirdi və
qorxulu hadisədən yaxasını qurtarmaq üçün muzdluları cənuba göndərdi və əslində
öz əli ilə qiyam mərkəzi yaratdı.
Muzdlular, məvaciblərindən əlavə Hamilkar Barkanın vəd etdiyi kimi xeyli pul
gözləiyrdilər. Onların yanına Liviya hökmdarı - o vaxtlar strateq olan Hannon gəldi.
Hannon onlara pul paylamaq əvəzinə, Karfagenin çətin vəziyyətindən danışmağa
başladı, axırda isə muzdlulara hətta öz maaşlarının bir hissəsindən imtina etməyi
təkid etdi. Buna təbii reaksiya kimi düşərgədə iğtişaş başlandı, əsgərlər hiddətli
çıxışlar etdilər və artıq bu fırtınalı dənizi yatırmaq çətin idi. Hannon puniya dilində
danışırdı, qall, iber, liquriyalı, balear, liviyalı, yarımyunan muzdlu əsgərlər bu dili
başa düşmürdülər, az-çox onları könüllü tərcüməçilər başa salırdı. Danışıqları kəsib,
muzdlu əsgərlər Karfagenə tərəf hərəkət etdilər. Üsyanın başlanmasının qarşısını
almaq üçün hökumət indi hər şeyə hazır idi. Lakin gecikən güzəşt, muzdluları yeni
tələblər irəli sürməyə təhrik etdi. Onlar müharibədə olan atlarının da pulunu tələb
etdilər. Muzdlular arasında elə adamlar var idi ki, onlar heç bir sazişin əldə
edilməsinə razı deyildi. Onlar güman edirdilər ki, ordusuz Karfagen üzərində asan
qələbə çala bilərlər. Onların arasındakı kampaniyalı Spendi və liviyalı Matos
hökumətin təkliflərinə qarşı müqavimətə başçılıq etdilər.
Matos açıqca qiyama çağırırdı. Qiyam başlandı və qiyamçılar Karfagen
hökumət nümayəndələrini dustaq götürdülər. Liviya şəhərlərindən qiyamçılara
kömək gəldi. Polibinin yazdığına görə, döyüşçülərə 70 min liviyalı qoşuldu. Əsgər
qiyamı xalq azadlıq müharibəsinə - Liviya müharibəsinə çevrildi. Qiyamçılar iki gün
Puniya şəhəri Utika və Hippakriti (çar Hipponunu) mühasirəyə aldı və bununla
Karfageni Afrika materikindən ayırdı. Hannonun başçılığı altında yeni muzdlu ordu
toplandı, şəhər sakinləri səfərbərliyə alındı və qiyamçıların düşərgəsinə hücum
edildi. Fillər müdafiə xəttini yardılar, qiyamçılar qaçdılar və yaxındakı təpədə
möhkəmləndilər. Bu vaxt Hannon başladığı işi başa çatdırmadan, Utikaya istirahətə
qayıtdı. Qiyamçılar bu başısoyuqluğu görüb onlara hücum etdi, çoxlarını qətlə
yetirdi, qalanlarını isə qaçmağa məcbur etdi.
Belə bir vaxtda yeni Puniya qoşunlarına komandanlıq Hamilkar Barkaya
tapşırıldı. Onun sərəncamında 70 döyüş fili və 10 min döyüşçü var idi. Hamilkar
düşmənin arxasına çıxıb, əlbəyaxa döyüşdə onları məhv etdi. Qiyamçılar
məğlubiyyətə baxmayaraq, çar Hipponu şəhərinin mühasirəsinə böyük ümid
bəsləyirdilər. Sonra qiyamçılar Hamilkarı bir vadidə tələyə saldılar. Karfagen
qoşunları məhv olmaqla üz-üzə gələndə, qiyamçıların rəhbəri Matos Karfagenin
məğlubiyyətində maraqlı olmayan Numidiya aristokratiyasından kömək qəbul
etməklə, ciddi səhvə yol verdi. Numidiya aristokratının xəyanəti nəticəsində
Hamilkar qiyamçılara bu dəfə də qalib gəldi. Onlar böyük itki verdilər. Ancaq
gözlədiklərinin əksinə, Hamilkar hərbi əsirlərə çox mərhəmətlə yanaşdı. Lakin
qiyamçıların qalan hissəsi özlərini daha da qəddarcasına aparır, puniyalı əsirləri edam
edirdilər. Hamilkar və Hannon öz ordularını birləşdirdilər. Lakin öz aralarında onlar
razılığa gələ bilmədiyindən Hannon ordunu tərk etdi. İndi Hamilkara əsgər başçısı
olduğunu sübut etmək lazım idi. Qiyamçıların qəddarlığına o da qəddarlıqla cavab
verməyi qərara aldı, əsirləri öldürməyə əmr verdi və onları vəhşi heyvanların
qabağına parçalanmağa atdırdı. Bu çətin anda Roma puniyalıların ərzaqla təmin
46
edilməsini təşkil etdi və Utikanın Roma ittifaqına daxil olması təklifinə rədd cavabı
verdi. Hamilkar düşməni böyük və kiçik toqquşmalarla taqətdən saldı və nəhayət iki
yerə bölünən qiyamçıların bir hissəsini mühasirəyə aldı. Mühasirədə olanlar arasında
aclıq başlandı. Hamilkar qiyamçıları kütləvi surətdə məhv etdi. Nəhayət,
qiyamçıların Matosun başçılıq etdiyi sonuncu hissəsi də darmadağın edildi. Matos isə
əsir düşdü. Karfagen dövlətini sarsıdan və 241-239-cu illərdə üç il davam edən
muzdlu əsgərlərin, liviya kəndlilərinin və qaçmış qulların qiyamı belə başa çatdı.
Qiyamı yatırtmağa nail olan Hamilkar Barka (Barka-ildırım deməkdir)
Karfagendə böyük nüfuz qazandı və Romadan qisas almaq üçün, onunla yeni
müharibəyə can atan hərbi partiyaya başçılıq etdi. Bu müharibə üçün platsdarm kimi
o, İspaniyanı seçdi və Pireney yarımadasının xeyli hissəsini özünə tabe etdi.
İspaniyanın işğal edilməsi vaxtı Hamilkar həlak oldu, çayda batıb öldü. Orduya
komandanlıq əvvəlcə onun kürəkəninin, sonra isə oğlu - məşhur sərkərdə Hannibalın
əlinə keçdi. Artıq bu vaxtdan faktiki olaraq Roma ilə yeni müharibə məsələsi həll
edilmişdi. Hannibala atası romalıları əzmək və məhv etmək hissini təlqin etmişdi. Tit
Livinin yazdığı kimi, Hamilkar oğlanlarını şir kimi yedizdirirdi ki, onları romalıların
üstünə qısqırtsın. Hannibalın tərbiyəsində, onun doqquz yaşında olarkən içdiyi and
xüsusi yer tutur. Atası uşağı məbədə gəlməyə və qurban verilməsində iştirak etməyə
məcbur etdi, oğlu ondan romalılara nifrət irsini götürməli idi. Ona görə də Hannibal
mehrab qarşısında Romaya əbədi nifrət andı içdi. Bu hadisə gələcək sərkərdənin
yaddaşında həmişəlik qaldı. Sonralar bunu Hannibal Selevkid dövlətinin çarı III
Antioxa söyləmişdi.
Hamilkarın kürəkəni Hazdrubal səkkiz il ərzində İspaniyada olan orduda
komandan oldu. O, çox vaxt gücdənsə, ağılın köməkliyi ilə hərəkət edərək, bir sıra
kiçik çarlarla ittifaq bağladı. Lakin o, özünü qoruyub saxlaya bilmədi. Öz ağasının
edam edilməsindən hiddətlənən barbarlardan biri, hamının gözü qarşısında
Hazdrubalı qətlə yetirdi. Bundan sonra gənc Hannibal orduya komandan elan edildi.
Lakin onun atasının köhnə rəqibi Hannon hələ İspaniyaya gedən gələcək sərkərdə və
onun atası haqqında nalayiq sözlər danışmağa başladı ki, Hazdrubal özünün zərif
gəncliyi ilə Hannibalın atasına ləzzət verdiyi kimi, özünün də onun oğlundan eyni
xidməti tələb etmək hüququ vardır. O, karfagenlilərə xəbərdarlıq edirdi ki, əgər bu
cavan oğlan qanunlara tabe olmasa, "kiçik alov böyük yanğın törədəcəkdir".
Hannibal İspaniyaya gəldikdən sonra hamının diqqətini cəlb etdi. O, çox şeydə
atasına bənzəyirdi. O, həm idarə etməyi, həm də tabe olmağı eyni dərəcədə bacarırdı.
O, olduqca cəsur idi, özünü təhlükələrə atırdı, qızmar istiyə də, şaxtaya da eyni
qaydada dözürdü. O, yemək-içməyə də biganə idi, ləzzət üçün deyil, təbiətin tələb
etdiyi qədər yeyirdi. Yalnız işdən azad olan vaxtlarda, gecə və gündüzlüyündən asılı
olmayaraq yatırdı. Lakin bu ləyaqətlərlə yanaşı onun eybəcər qüsurları da var idi.
Onun müqayisə olunmayan qəddarlığı və xəyanəti var idi. Düzgünlük, ləyaqət
məsələlərinə əhəmiyyət vermirdi. Sərkərdə olduqdan sonra o, Saquntla müharibə
etməyi qərara aldı. Ən başlıca vəzifəsi kimi, elə bil ona İtaliyanı əyalət kimi həvalə
etmişdilər və Roma ilə müharibə etməyi tapşırmışdılar. Əslində Saquntla müharibə
etmək, Romanı müharibəyə dəvət etmək idi. Çünki bu şəhər Roma ilə ittifaqda idi.
Hannibal öz qoşunlarını Yeni Karfagenə qış düşərgəsinə çəkdi. Romalılar
deyirdi ki, Hannibalın əsgərləri İspaniyada adam əti yeyirmişlər, buradan
47
"kannibalizm" məfhumu yaranmışdır. Bir qədər sonra isə o, Saquntun mühasirəsinə
başladı. Roma İspaniyaya səfirlik göndərdi ki, Hannibalı bu hərəkətdən çəkindirsin.
Nəhayət, puniyalılar hücuma keçdilər, taranla şəhər divarlarını dağıtmağa başladılar.
Hər iki tərəf divarın yarığına atıldılar və döyüş başlandı. Lakin vuruşmanın nəticəsi
aydın deyildi. Saquntlular puniyalıları şəhərdən çıxardılar və düşərgələrinə qovdular.
Bu vaxt Hannibala Roma elçilərinin gəldiyini xəbər verdilər. Lakin sərkərdə onları
qəbul etmədi və Karfagenə göndərdi. Hannibal həmçinin vətənə, öz tərəfdarlarına
hazır olmaq barədə xəbər göndərdi. Ona görə də Roma səfirlərinin missiyasının
sonrakı mərhələsi də uğursuzluqla nəticələndi. Səfirlər qəbul ediləndə, təkcə Hannon
Roma ilə müqavilənin müdafiəçisi kimi çıxış etdi. O, senata and verməklə müraciət
etdi ki, Saqunt müharibəsi vasitəsi ilə Roma ilə müharibəni qızışdırmasınlar. Yada
saldı ki, o, onları Hamilkarın oğlunun orduya göndərməkdən çəkindirmişdi. Çünki
Qərbdən onun ruhu oğluna keçəcəkdir. Bu gənc orduya yalnız çar hakimiyyətini ələ
keçirmək məqsədilə getmişdi və niyyəti bir-birinin ardınca müharibə aparmaq idi. Bu
yolla o, özünü daim silah və legionlarla əhatə etməyə çalışırdı. Məgər siz
düşməninizi, özünüzü tanımırsınızmı, hər iki xalqın xoşbəxtliyini bilmirsinizmi?
Saquntun xarabalıqları, - qoy mənim gələcəyi görməyim təki yalan çıxsın! - bizim
üstümüzə töküləcəkdir. Mən bu gəncə ona görə belə qızğınlıqla nifrət edirəm ki, o,
Furiya (intiqam ilahəsi) kimi bu müharibəni başlamışdır. Onu elə yerdə gizlətmək
lazımdır ki, oradan onun nə adı, nə ondan bir xəbər gəlib çatmasın, orada bizim dinc
şəhərimizi narahat etməyə onun heç bir imkanı olmasın. Biz Romaya səfirlik
göndərib, Roma senatından üzr istəməliyik. Digər elçilər isə Hannibala qoşunları
Saquntdan geri çəkməyi əmr etməlidir və sonra müqavilənin xatirinə, onun özünü
romalılara verməlidir. Üçüncü səfirlik isə Saqunta göndərilməlidir ki, sakinlərə
dəymiş ziyanı ödəsin. Hannon çıxışını bitirdikdə, senat kiçicik istisna ilə Hannibalın
tərəfdarı olduğuna görə, ona heç bir cavab vermədi. Romalılara isə belə cavab
verdilər ki, müharibəni Hannibal deyil, saquntlular başlamışdır, Roma isə Saqunta
görə öz köhnə müttəfiqi olan Karfagen barədə ədalətsiz hərəkət etmişdir.
Bu danışıqlar gedən vaxt Hannibal öz işini görməkdə davam edirdi. O,
qoşunlarına elan etdi ki, şəhər alınanda bütün qənimət əsgərlərə qalacaqdır. Əsgərlər
bundan elə cuşə gəldilər ki, onların qarşısını heç nə ala bilməzdi. Saquntlular kömək
üçün hara müraciət etməyi belə bilmirdilər. Hannibalın tələbinə görə, saquntlular
bütün qızıl və gümüşü düşmənə verməli, özləri isə adama bir paltarla şəhəri tərk
edib, puniyalıların göstəriş verdiyi yerdə yaşamalı idilər. Romalılara bəslədikləri
ümidin boşa çıxdığını görən saquntlulara, sülh şərtləri Hannibal tərəfindən, onların
qalibi kimi irəli sürülürdü. Saquntluların Hannibalın yanına göndərdiyi elçi bu
tələbləri onlara çatdırırdı. Elçi öz həmşəhərlilərinə dedi ki, yaxşısı budur Hannibala
tabe olaq, nəinki yol verək ki, düşmən müharibənin qanunlarına uyğun olaraq sizi
öldürsün, yaxud da sizin gözünüzün qarşısında arvad və uşaqlarınızı qul olmağa
aparsın. Birdən toplaşmış kütlədən şəhərin birinci şəxsləri ayrılıb, həm ictimai, həm
də özlərinin qızıl və gümüşünü meydana daşımağa başladılar, tələsik tonqal yandırıb,
onların hamısını oda atdılar. Bu vaxt Hannibal şəhərə hücum etdi. Bir andaca Saqunt
zəbt edildi. Hannibal bütün yaşlı adamların hamısını bir nəfər kimi öldürməyi əmr
etdi. Şəhərlilərin çoxu öz arvadları və uşaqları ilə evlərinə yığışıb qapını bağlayıb,
48
özləri içəridə ola-ola evlərini yandırdılar. Digərləri isə əllərində silah düşmənin
üstünə atılıb son nəfəslərinə qədər vuruşdu.
Karfagendən qayıdan səfirlər onların düşmən əhval-ruhiyyəsini xəbər
verdikdə, Romaya Saquntun darmadağın edilməsi məlumatı da gəldi. Senatorlar
bundan elə hiddətə gəldilər ki, elə bil düşmən Roma divarları qarşısında dayanmışdı.
Ona görə də xalq yığıncağına karfagenlilərə müharibə elan etmək təklifi verildi. Ordu
döyüş hazırlığına gətirildi. Lakin müharibəni başlamaq, bütün adətlərə əməl etmək
üçün yenidən Afrikaya beş nəfərdən ibarət səfirlər göndərildi, onların içərisində
Kvint Fabi də var idi. Onlar karfagenlilərdən soruşmalıydılar ki, Hannibala Saquntu
mühasirə etmək tapşırığını dövlətmi vermişdir? Səfirlər Karfagen senatına daxil
olanda Kvint Fabi məhz bu sualı onlara verdi. Bu vaxt bir karfagenli cavab verdi ki,
romalılar bizə ilk səfirləri göndərəndə də və onlara Hannibalı öz şəxsi məsuliyyəti
hesabına Saquntu mühasirəyə almış adam kimi verilməsini tapşıranda da tələsik və
təhqiramiz hərəkət etmişdilər. İndiki səfirliyin tələbi ondan daha sərtdir. O vaxt siz
təkcə Hannibalı ittiham edirdiniz və yalnız onun verilməsini tələb edirdiniz, indi isə
siz gəlmisiniz ki, bizim hamımızı günah işlətdiyimizi etiraf etməyə məcbur edəsiniz
və bizim öz etirafımızla üzərimizə cərimə qoyasınız.
Belə ittihamları sadaladıqdan sonra o, romalı səfirlərə bildirdi ki, Saquntu və
Giber çayını keçməyi bəhanə gətirməyi qurtarın, nəhayət uzun müddət ürəyinizdə
gəzdirdiyiniz məsələləri açıb tökün, onların yükündən azad olun. Bu vaxt romalı
toqasının ətəyini elə tutdu ki, onda oyuq əmələ gəldi və dedi: "Bax burda mən sizə
müharibə və sülh gətirmişəm; hansını istəyirsiniz, seçin!" Bu sözlərinə o, daha
məğrur cavab aldı: "Özün seç!" Romalı toqasını aşağı saldıqda, ucadan dedi: "Mən
sizə müharibə verirəm" və iştirak edənlər yekdilliklə cavab verdilər ki, onlar
müharibəni qəbul edirlər və qəbul etdikləri qətiyyətlə də onu aparacaqlar.
Səfirlər oradan İspaniyaya keçdilər ki, ayrı-ayrı icmalarla ittifaq bağlasınlar.
Lakin voltsiyalılarla görüşdükdə, onlardan sərt cavab aldılar: "Romalılar, sizin
vicdanınız necə yol verir ki, sizin məsləhətinizə qulaq asan saquntlular öz
düşmənləri, puniyalıların qəddarlığından daha çox öz müttəfiqləri romalıların
xəyanətindən ziyan gördükdən sonra bizdən tələb edəsiniz ki, karfagenlərin
dostluğundan sizinkini üstün tutaq. Sizə məsləhət görürük ki, Saquntun bədbəxtliyi
bilinməyən yerlərdə özünüzə müttəfiq axtarasınız, ispan xalqları üçün Saquntun
xarabaları qəmgin, həm də təsirli dərs olacaqdır ki, heç kəs Roma sədaqətinə və
Roma dostluğuna bel bağlamasın". Səfirlər belə sərt cavabdan sonra Qalliyaya
keçdilər. Qallar isə onlara belə cavab verdilər: "Romalılar bizə heç bir xidmət
göstərməmişlər, karfagenlilər isə bizi incitməmişlər; ona görə də romalıların xeyrinə,
puniyalıların əleyhinə silah qaldırmağa ehtiyac duymuruq". Beləliklə qall tayfaları da
romalıların müraciətinə dostluq mövqeyindən cavab vermədilər.
Hannibal 218-ci ildə Giber (indiki Ebro) çayını keçib, qallara xəbər göndərdi
ki, onların torpaqlarından keçəcəkdir. Həm də o, Alp aşırımları, dağ keçidləri
haqqında məlumat almaq istəyirdi. Tit Livinin yazdığına görə, Giber çayından
Hannibal 90 min piyada və 18 min süvari keçirmişdi. O, İspaniyada xeyli qüvvə və
21 fil qoyub getdi. Çoxları qarşıdakı müharibədən yox, insan qüvvəsindən yüksəkdə
duran Alp dağlarını aşmaqdan qorxurdu. Hannibal Qalliyaya düşmən kimi deyil, dost
kimi gəlmişdi və söz vermişdi ki, qallar onu məcbur etməsələr, İtaliyaya çatana qədər
49
qılıncları qınından çıxmayacaqdır. O, bəzi tayfalara qorxu ilə, digərlərinə hədiyyə
verməklə təsir edirdi. Hannibal əsgərlərin Alpdan aşmağın çətinliyindən qorxduğunu
bilib,
onların arasında narazılıq yaranmaması üçün İtaliyaya yürüşünü
sürətləndirməyi qət etdi və əsgərləri yığıb onlara müraciət etdi ki, sizə görə məgər
Alp uca dağlar deyilmi? Axı elə bir yer yoxdur ki, o, göyə dirənsin və insan üçün
keçilməz olsun. Əgər bu dağlarda adamlar yaşayırsa, onların öhdəsindən gələ bilirsə,
deməli döyüşçülər də bu dağlarla bacararlar. Silahdan başqa heç nəyi olmayan əsgər
üçün bu dağlar keçilməz, əlçatmaz ola bilməz. Bu mümkündürmü ki, bizim yürüşün
məqsədi olan Roma, dünyanın paytaxtıdırsa, bu yerlər nə qədər yabanı və sərt
qayalar olsa da, dayanmağımıza imkan versin?
Onun sözlərindən döyüşçülər həvəsə gəldilər və yollarına davam etdilər. Lakin
dağlar doğrudan da keçilməz idi. Bütün təbiət elə bil ki, şaxtadan donmuşdu. Bu
səhnə döyüşçülərə çox qorxulu görünürdü. Uca dağlar, buzluqlar, şiş qayalar, tük
basmış və cır-cındır geymiş adamlar onları dəhşətə gətirirdi. Çox sayda əsgər aşırımı
keçəndə sürüşüb aşağıdakı dərin uçurumlara düşürdü. Yük heyvanları xüsusən çox
əziyyət çəkirdi, qar topası kimi aşağı yuvarlanırdı. Doqquzuncu günü onlar aşırıma
çatdılar. Hannibal uzaq məsafəni seyr etməyə imkan verən dağ çıxıntısında əsgərlərə
İtaliyanı və Pad (indiki Po) çayının ovalığını göstərdi və dedi ki, bundan sonra hər
şey yaxşı gedəcəkdir, bir və ya iki döyüş İtaliya paytaxtı üzərində hakimiyyəti bizə
verəcəkdir. Əsgərlər İspaniyadakı Yeni Karfagendən Alpın ətəklərinə qədər beş ay
yarımadək vaxt sərf etmişdilər. Hannibalın yanında əsirlikdə olan Alimet məlumat
verir ki, Hannibal İtaliyaya 80 min döyüşçü və 10 min süvari gətirmişdi və guya
yolda Hannibal 36 min adam və böyük miqdarda at və yük heyvanı itirmişdi. Bundan
başqa o, Alp dağlarından 37 fil keçirə bilmişdi.
O, Pad çayı ətrafındakı qalları öz tərəfənə çəkdi. Bu vaxt Roma ordusuna
Korneli Stsipion komandanlıq edirdi və Hannibala qarşı o, göndərilmişdi. O, öz
döyüşçüləri qarşısında çıxış edərək dedi: "Siz qaliblərə məxsus ruhla vuruşacaqsınız,
onlar isə məğlublara məxsus utancaqlıqla döyüşəcəklər". Sərkərdə öz əsgərlərinə
karfagenlilərin I Puniya müharibəsində məğlub olmasını yada salırdı. O, davam
edərək dedi ki, indi də onlar bizimlə vuruşmağı igidliyin aşıb-daşmasından qət
etməmişlər. Onlar kabuslardır, onların əlləri, ayaqları donmuş, ancaq bir qədər xarici
görkəmdən insana oxşarlıqları qalmışdır. Onlar düşmənin yazıq qalıqlarıdır, düşmən
deyildir. Məni bircə şey düşündürür ki, siz döyüşəcəksiniz, adamlar isə güman
edəcəklər ki, guya Hannibala Alp qalib gəldi. Elə güman edin ki, sizə qarşı silah
qaldırmış qullarınızı görürsünüz. Onlar elə təsirli məğlubiyyətdən 20 il sonra dəlisov
oğlanın arxasına düşüb sizin doğma şəhərinizi mühasirəyə almağa gəlirlər. İndi siz
əvvəlki kimi Siciliyaya və Sardiniyaya sahib olmaq uğrunda deyil, İtaliya uğrunda
vuruşacaqsınız. Burada biz elə mərdliklə vuruşmalıyıq ki, elə bil ki, Romanın
divarları önündə vuruşuruq. Qoy sizin hər biriniz özünə yəqin etsin ki, o, təkcə özünü
deyil, həm də arvadını və kiçik yaşlı uşaqlarını qoruyur, sizin gücünüzdən və
igidliyinizdən Romanın və Roma dövlətinin taleyi asılı olacaqdır. Belə sözlər
döyüşçülərə təsir etməyə bilməzdi.
Hannibal isə öz döyüşçüləri qarşısında nitq söyləməkdənsə, ibrətamiz misal
göstərməyi üstün tutdu. O, səhnə kimi bir yerə, dağlılardan götürdüyü əsirləri çıxardı,
onların qabağına qalların silahını tökdü və dedi ki, onlardan kim qandaldan
50
qurtarmaq istəyirsə, əlində silah vuruşmalıdır. Qələbə qazandığı halda ona silah və at
veriləcəkdir. Buna cavab olaraq əsirlərin hamısı bir nəfər kimi tələb etdilər ki, onlara
silah versinlər, hər biri dua etməyə başladı ki, qoy onu tale döyüşçü kimi seçsin. Bir
neçə cüt əsir vuruşub qurtardıqda, Hannibal tamaşanı dayandırdı və döyüşçülərinə
dedi ki, bu tamaşa sizin vəziyyətinizin təsviridir. Şərqdən və Qərbdən siz iki dənizin
arasında sıxılmısınız, qaçmağa isə bir gəminiz də yoxdur. Lakin tale sizi labüd
vuruşmaq qarşısında qoymaqla, qələbə halında sizə ən yüksək mükafatları təklif edir.
Siz uzun yol, bir belə dağ və çaylar keçmisiniz. Burada sizin zəhmətlərinizin tale
tərəfindən təyin edilmiş sonu çatır, burada sizin xidmət müddətiniz qurtarmaqla, sizə
layiq olduğunuz mükafatı hazırlayır. Mən təkcə Alp xalqlarının deyil, daha mühümü,
Alpın özünə qalib gələn sərkərdə kimi özümü altı aylıq rəislə müqayisə etmək
istəmirəm. Hannibal ona işarə edirdi ki, Stsipion cəmisi yarım il idi ki, komandan
təyin edilmişdi.
O, davam edərək dedi ki, hara nəzərimi çevirirəmsə, ətrafımda ancaq igidlik və
güc görürəm. Ümid və ruh daim hücumu dəf edəndən daha çox, hücum edənə kömək
edir. Bir də ki, vurulmuş iyrənc təhqirdən yaranan hiddət bizi cuşə gətirir və təhrik
edir. Axı onlar tələb etmişdilər ki, birinci olaraq edam etmək üçün məni onlara
versinlər. Başçıdan sonra siz hamınız, Saquntu mühasirəyə alanlar onlara verilsin. Bu
lovğa və qaniçən xalq belə düşünür ki, hər şey ona məxsusdur, hamı onun iradəsinə
əməl etməlidir. O, hesab edir ki, kiminlə vuruşmaq və kiminlə sülh şəraitində
yaşamaq barədə bizə göstəriş vermək hüququna malikdir. O, bizə sərhədlər təyin
edir, bizi dağlar və çaylar arasında qoyub, ağzımızı bağlayır, bu sərhədi keçməyə
icazə vermir, özü isə birinci olaraq qoyduğu sərhədləri keçir. Heç yerdə bizə bir ovuc
da olsun torpaq qalmamışdır, yalnız ondan başqa ki, biz əlimizdə silah, onu özümüz
tutub alacağıq... Sizin ümidsiz vəziyyətinizdə qələbə və ya ölümdən başqa yollar
kəsilmişdir. Ona görə də çalışın ki, qalib gələsiniz; əgər tale tərəddüd etsə, onda
fərari ölümündənsə, döyüşçünün ölümünə üstünlük verin. Əgər bu sözləri ürəyinizə
möhkəm həkk etdinizsə, əgər siz onlara əməl etməyə hazırsınızsa, təkrar edirəm -
qələbə sizin olacaqdır. Əbədi allahlar insana ölümə nifrətdən daha güclü və
qalibiyyətli silah verməmişdir.
Hannibal bu sözlərdən sonra romalılarla ilk döyüşqabağı döyüşçülərə
İtaliyada, Afrikada, İspaniyada onların istədiyi yerdə torpaq vəd etdi, onları hər bir
mükəlləfiyyətdən azad etməyə və pul mükafatı verməyə söz verdi. Öz ağalarını
müşayət edən qullara o, azadlıq verəcəyini vəd etdi. Onun sözlərinə hamının əmin
olması üçün o, əlinə quzunu götürüb dua edərək dedi ki, əgər o, öz sözünə xəyanət
etsə, qoy onu da bu quzunun ölümü kimi qətlə yetirsinlər və bundan sonra heyvanın
başını əlindəki daşla əzdi.
İlk kiçik toqquşmada konsul Stsipion yaralandı və Titsin döyüşünü də 218-ci
ildə karfagenlilər uddu. Konsulun yanında çox gənc oğlu var idi, bu oğlan 17 il sonra
məşhur sərkərdə Publi Korneli Stsipion kimi Hannibal üzərində parlaq qələbə
çalacaq və bu zəfərə görə "Afrikalı" ləqəbinə layiq görüləcəkdi. Konsulu düşərgəyə
gətirdilər, onun xilas olmasına oğlu kömək etmişdi, bəzi mənbələr isə bunu bir qulun
xidməti kimi göstərirlər.
Hannibalın qoşunlarında Numidiya süvariləri, ispan tayfalarından olan
döyüşçülər və qallar var idi. İlk qələbədən sonra onun üçün ərzaq problemi yarandı
51
və iri anbarları olan Klastidi şəhərinin xəyanəti nəticəsində o, xeyli ərzaq əldə edə
bildi. Konsul Semproninin başçılıq etdiyi romalılar ikinci döyüşü uddu. O, bundan
çox qürrələnirdi. Lovğalanan Semproni döyüşçülərinə yeni döyüşə hazırlaşmaq
əmrini verdi. Qışda keçirilən üçüncü döyüş qar yağa-yağa gedirdi və isti
geyinməmiş və ac romalılar uduzub, geri çəkilməyə başladılar. Soyuq onları taqətdən
salırdı. Artıq hər iki konsul, hər iki konsulun qoşunları darmadağın edilmişdi. Yeni
konsul seçkilərində Qney Servili və Qay Flamini konsullar seçildilər. Dördüncü
döyüşdə Hannibal yaralandı, lakin karfagenlilər qalib gəldilər və strateji əhəmiyyəti
olan Vintuliviya şəhərini tutdular. Şəhərlilər silahlarını qaliblərə təhvil verdilər.
Digər toqquşmaları da Semproni uduzdu.
İtaliyada bu hadisələr baş verərkən konsulun qardaşı Qney Korneli Stsipion
donanma və qoşunlarla İspaniyaya keçdi və Ebro çayına qədər bütün dəniz sahilini
Romaya tabe etdi. Ebronun digər tayındakı İspaniya Hannonun əyaləti idi. Hannibal
onu, bu ölkəni xeyli qüvvə ilə müdafiə etməyə qoymuşdu. Hannonla döyüşdə
romalılar qalib gəldi, Karfagenlilər 6 min nəfər itgi verdi və romalılar 2 min
döyüşçünü və sərkərdənin özünü əsir götürdülər. Digər toqquşmada Stsipion daha
çox - 12 min nəfər düşmən əsgərini məhv etdi.
Hannibalın Etruriyaya daxil olması da asan getmirdi. Qasırğa, dolu yağması,
sonrakı şaxtalar karfagenlilərə böyük ziyan vurdu. Çoxlu at və 7 fil öldü. Liquriyada
isə yerli sakinlər xəyanətkarlıq edib, iki Roma kvestorunu, iki hərbi tribunu
Hannibala verdilər. Bu daha qorxulu simptom idi ki, yerli tayfalar Hanniballa
müttəfiqlik əlaqələrinə girib Romaya qarşı mübarizədə iştirak edirdilər. Hannibalın
siyasəti də buna şərait yaradırdı. O, hamını inandırmağa cəhd edirdi ki, İtaliyaya
yalnız Roma ilə müharibə etmək üçün gəlmişdir. Romanın müttəfiqlərindən olan
döyüşçüləri əsir götürdükdə, onlara mərhəmətlə yanaşır, haqq almadan evlərinə
buraxırdı, romalı əsirlərlə isə olduqca sərt davranılırdı. Belə çıxırdı ki, o, italiyalıların
azadlığını bərpa etmək, romalıların azadlığını məhv etmək uğrunda vuruşur. Lakin
bütün bunlara baxmayaraq, o, xəyanətdən də çox qorxurdu, öz həyatına qəsd
ediləcəyi vahiməsi keçirirdi. Ehtiyatlılıq edərək, tez-tez parikini və paltarını
dəyişirdi, hətta yaxın silahdaşları belə çox vaxt onu tanımırdı. O, Etruriyada daha
ehtiyatlı hərəkət etməyi qərara aldı və bataqlıqdan keçən yolu seçdi. Arno çayının
daşmasından buranı tez-tez su basırdı. Bunun hesabına o, çox qısa müddətdə
Etruriyaya girdi və müharibə üçün çox əhəmiyyətli olan gözlənilməzlik faktoru əldə
etdi. Bu yürüş heç də Alpı aşmaqdan asan deyildi. Əsgərlər batmamaq üçün ölən
heyvanların cəsədlərinin üstü ilə gedirdi. Hannibal özü təkcə sağ qalmış filin üstündə
gedirdi. Bataqlıqdan çıxan zəhərli qazdan və yuxusuzluqdan onun gözləri ağrımağa
başladı və o, bir gözünü itirdi.
Hannibal 217-ci ildə Trazimen gölü yaxınlığındakı döyüşdə romalıları
mühasirəyə aldı. Bu qızğın döyüşdə konsul Flamini öldürüldü. Ancaq 6 min romalıya
bu dəhşətdən qaçıb qurtarmaq mümkün oldu, lakin qovan Karfagen süvariləri onları
da əsir götürdü. Bu döyüşdə romalılar 15 min adam itirdilər, digər tarixçilər isə itkini
25 minə qaldırırlar. Bu müvəffəqiyyətdən sonra Hannibal artıq qəti qələbəyə tərəf
yox, Umrbiyadan keçərək Adriatik dənizinin sahilinə keçməyi qərara aldı və Apuliyə
gəldi. İndi Hannibal öz yolu boyu yerli əhalini amansızcasına qarət edir və qırırdı.
Əvvəlki şirnikləndirmə siyasətinin yerini "yandırılmış torpaq" taktikası tuturdu.
52
Bundan məqsəd potensial düşməni qorxuzmaq idi. Lakin bu taktika fayda
vermədiyindən, Hannibal əvvəlki siyasətinə qayıtmağa məcbur oldu.
Trazimen gölü yanındakı biabırçı məğlubiyyət romalıları ciddi qorxuya saldı
və onlar çaşqınlıqdan Foruma qaçdılar. Şəhərdə çoxlu şayiələr gəzirdi. Qney Servili
konsul yoldaşının həlak olduğunu eşitdikdən sonra Romaya qayıtdı ki, lazım gəlsə
şəhərin divarları önündə vuruşsun. Ağır vəziyyəti görüb, Senat yeganə çıxış yolu
kimi diktatura təsis etməyi qərara aldı ki, hakimiyyət bir əldə cəmləşsin, dövlətin
cəhdləri bir istiqamətdə birləşsin. Xalq yığıncağı Kvint Fabi Maksimi diktator seçdi.
Elə bu yığıncaqda qaydaların əksinə olaraq onun köməkçisi - süvari rəisi də
seçildi. Bu vəzifəni Mark Minutsi Ruf tutdu. Bir az sonra Minutsidə Fabinin siyasi
xəttinin düzgünlüyünə qarşı şübhə yarandı və o, öz səlahiyyətindən sui-istifadə
etməyə başladı. Onların hər biri o dövrdəki Romanın iki güclü senat qruplaşmalarını
- Fabiləri və Emililər-Korneliləri təmsil edirdilər. Dövlətin bu ağır vaxtında belə
kompromiss variantı tapılıb seçilmişdi.
Fabi öz vəzifəsinə başlayan kimi, həlak olmuş konsul Flaminini bu ağır
məğlubiyyətdə ittiham etməyə başladı. O, Servilinin tabeliyində olan orduları təhvil
götürdükdən sonra, əlavə iki legion yaratdı və karfagenlilərin yaxınlığında öz
düşərgəsini saldı. Bunu görən Hannibal yeni döyüşə başlamağa cəhd etdikdə, Fabi bu
fitnəkarlığa getmədi və ona görə də qoşunlar düşərgəni tərk etmədi. Fabi başa
düşürdü ki, yeni böyük toqquşma hökmən romalıların məğlubiyyəti ilə
nəticələnəcəkdir, ona görə də o, bütün vasitələrlə bu toqquşmalardan qaçırdı. O,
təkcə daim fəaliyyət göstərən və Romaya açıq üstünlük verən bir faktora ümid
bəsləyirdi. Bu Hannibal ordusu ilə müqayisədə onun maddi resurslarının tükənməz
olması və döyüşçü kontingentinin sayca üstünlüyü idi. Hannibal özü də başa düşürdü
ki, əvvəlki sərkərdələrdən fərqli olaraq, indi o, daha istedadlı və məharətli hərbi
xadimlə üz-üzə gəlmişdir. Diktator Fabi öz legionları ilə Hannibalı addımbaaddım
izləyir, onu gözdən buraxmır, həm də ona düzənliyə enməyə imkan vermirdi. Kiçik
toqquşmalarda qalib gələn Roma əsgərinin isə bu, mənəvi və psixoloji vəziyyətini
möhkəmləndirirdi. Hannibalın çox gözləməsinə baxmayaraq, Fabi iri döyüşdən
qaçırdı. Bu vaxt Hannibal İtaliyanın cənubuna hərəkət etməyi qərara aldı. Çünki
onun qələbələrinə baxmayaraq, İtaliyada bir şəhər də Hannibalın tərəfinə keçməmişdi
və onlar Romaya sədaqətini saxlayırdı. Cənubda isə o, ya Fabi ilə iri döyüşə girər,
yaxud da tam və qəti qələbə çaldığını göstərərdi. O, bu məqsədlə Kampaniyanı
sınaqdan çıxarmağı qət etdi. O, güman edirdi ki, Kapuyanı tutmaqla bütöv Apennin
yarımadasına sahib olacaqdır.
Falerna vilayətində romalılar düşməni mühasirəyə aldı və bu vaxt intendant
rəisi Hannibaldan göstəriş aldı ki, quru oduncaqdan nə qədər mümkünsə, çoxlu məşəl
hazırlasın. Bu hazır olduqda sərkərdə tapşırdı ki, alovlanan məşəlləri, çöllərdən
gətirilmiş öküzlərin buynuzlarına bağlasınlar. Düşərgədə 2 min öküz var idi.
Hannibal əmr etdi ki, gecə onları dağlara, romalılar yerləşən yüksəkliklərə tərəf
qovsunlar. Onların arxasınca Puniya ordusu gedirdi. Öküzlər dağların və təpələrin
ətəyinə çatdıqda Hannibal şərti işarə verdi ki, onları zirvəyə qovsunlar. Alovun
görünüşündən, yanan buynuzlarının və başlarının dəhşətli ağrısından dəli olan
öküzlər hər tərəfə qaçmağa başladılar. Məşəllərdən kol-kos yanmağa başladı.
Romalılar mühasirəyə alındıqlarını güman edib qaçmağa üz tutdular. Lakin bu
53
qarmaqarışıqlıqda karfagenlilər və romalılar döyüşə başlamağa cəsarət etmədilər.
Bundan istifadə edən Hannibal öz ordusunu mühasirədən çıxardı. Bir az sonra Fabini
Romaya çağırdılar və qoşunlara rəhbərlik süvari rəisi Munitsinin üzərində qaldı.
Hannibal özü də gözləmədiyi çətin vəziyyətə düşmüşdü. Onun nə müttəfiqi, nə
də bir köməyi var idi. İri itkilər verməsə də, onun ordusunun tərkibi azalırdı. Xırda
toqquşmalar onun qoşunlarını taqətdən salırdı və uğursuz sonluq təhlüəsi ona daha
aydın görünürdü. O, İtaliyanın cənubuna da keçə bilmədi, Kapuya da onunla
müttəfiqlikdən imtina etdi. Karfagen senatı onun kömək barədə xahişinə məhəl
qoymadı. O, xəbər göndərmişdi ki, düşməni məğlub etmişdir. Lakin qalib kimi
doğma şəhərinə qənimət göndərmək əvəzinə, ondan adamlardan və puldan ibarət
yeni kömək istəyirdi.
Roma da Fabidən narazı idi. Bəziləri onu cinayətkar adlandırır, lənglikdə, hətta
xəyanətkarlıqda ittiham edirdi. Fabi planı uzun müddət üçün nəzərdə tutulduğundan,
belə tezliklə öz üstünlüyünü göstərə bilməzdi. Romalılar bundan hiddətlənirdilər ki,
düşmən İtaliya torpaqlarında qalmaqda və onu viranə qoymaqda davam edir. Bundan
başqa Romanın özü üçün təhlükə nəinki sovuşmamışdı, həm də qorxulu olaraq
qalırdı. Bədbəxtlikdən diktatorun köməkçisi, Mark Munitsi Ruf da narazılar
cəbhəsindən çıxış edirdi. Munitsi nə igidlikdə, nə də sərkərdə məharətində Fabi ilə
müqayisə oluna bilməzdi, ondan çox aşağıda dayanırdı.
Həmvətənləri Fabiyə təhqiramiz " Dostları ilə paylaş: |