Kunktator" - "Ləngiyən" ləqəbini qoysa da,
məhz Fabi xeyli dərəcədə vətənini ağır məğlubiyyətdən və Karfagen zülmündən xilas
etdi. Onun mərd təmkini ilə Munitsinin çılğın əsəbiliyi tam əkslikdə dayanırdı.
Munitsi yalnız siyasi oyunlar hesabına bu vəzifəyə gəlmişdisə, Fabi ləyaqətinə görə
diktator seçilmişdi və vətənin ən ağır günündə, onun taleyi həll olunanda bu
məsuliyyətli vəzifəni öz üzərinə götürmüşdü. Fabi şöhrət arxasınca da qaçmırdı, onu
yalnız bir şey düşündürürdü, o da Romanın düşmən əlinə düşməsinə imkan
verməmək və İtaliyanı düşmən əsgərlərinin tapdağından azad etmək idi. Lakin böyük
məqsədi görməyi bacarmayanlar, xırda məsələlərdə də Fabiyə maneçilik göstərmək,
onu nüfuzdan salmaq istəyirdilər. Bu yolla onlar Fabini siyasi həyata rəhbərlikdən
uzaqlaşdırmaq istəyirdilər.
Bu işdə onların yaxın köməkçisi, müasir dillə desək, "beşinci kolonnası"
Hannibal idi. O, Fabini gözdən salmaq, ləkələmək üçün hər cür məkrlərə əl atırdı.
Belə ki, o, ölkəni qarət edəndə, tapşırmışdı ki, Fabiyə məxsus olan tarlalara
dəyməsinlər, guya ki, onların arasında gizli razılaşma vardır və bu onun həmin sazişə
görə mükafatıdır. Senat da Fabiyə zərbə vurmaq üçün əlinə düşən fürsəti fövtə
vermirdi. Vuruşan tərəflər birə bir nəfər nisbəti ilə əsirləri dəyişməyə başladılar.
Bundan daha çox əsir alan tərəf qəbul etdiyi hər əsir hesabına 2,5 funt gümüş verməli
idi. Romalılara karfagenlilərdən 247 artıq əsir qayıtdı, lakin senat onların alınması
üçün pul ayrılmasını ləngidirdi. Əlacsız qalan Fabi həmvətənləri naminə öz
torpaqlarını satıb, məhz öz vəsaitindən bu pulu ödədi.
Öz köməkçisi Munitsi isə camaatın arasında diktatoru biabır edirdi ki, o,
müharibəni ləyaqətsiz və qorxaqcasına aparır, onun özünə gəldikdə isə o, vuruşmağa
hazırdır. O, Fabini ləngiyən yox tənbəl, ehtiyatlı yox qorxaq adlandırır, addımbaşı
alçaldırdı. O, guya bir patriot kimi çıxış edib, car çəkirdi ki, Romanın tənəzzülünə
görə qəmlənir, İtaliya viranəyə çevrilir, əvvəlki Roma enerjisi və qətiyyəti
54
itirilmişdir. Belə fikirləşmək axmaqlıqdır ki, oturub vəd verməklə müharibəni udmaq
olar. Silaha sarılmaq və üz-üzə dayanıb, vuruşmaq lazımdır. Roma dövləti igidlik və
fəaliyyətlə böyümüşdür, qorxaqların ehtiyatlılıq adlandırdığı ləngliklə böyüməmişdir.
Onun bu naqqal çıxışları əsgərlərə də gedib çatırdı. Fabi isə onu cəzalandırmırdı. Ona
deyirdi ki, qoy belə boşboğazlıqla ordunu məhv etməsin. Digər prinsipsiz
boşboğazların, cəsarət və igidliyi yağlı sözlərdə görən qabiliyyətsiz adamların,
həmçinin Minutsinin sözlərinə Fabi heç bir əhəmiyyət vermirdi. Bir dəfə isə Fabinin
xəbəri olmadan o, karfagenlilərə hücum etmişdi, əgər diktator vaxtında kömək
göndərməsə, romalılar ağır vəziyyətdə qala bilərdi. Romaya isə, yelbeyin süvari rəisi
parlaq qələbə barədə məlumat göndərdi. Ona görə də Plutarxın qələmə aldığı Fabinin
sözləri, Munitsi haqqında daha dürüst təsəvvür yaradır. Fabi deyirmiş ki, o,
Munitsinin məğlubiyyətinə nisbətən, qələbəsindən daha çox qorxur. Lakin bu
hadisədən də bir qalxan kimi istifadə edənlər oldu ki, guya Hannibal üzərində belə
parlaq qələbə göstərir ki, hərəkətsizliyin və həddən artıq ehtiyatlılığın səbəbi
komandanın özüdür. Guya ki, Fabi müharibəni uzadır ki, ali hakimiyyəti əlində
saxlasın. Hətta Metell deyirdi ki, Kvint Fabinin hakimiyyətdən məhrum edilməsini
də təklif edə bilər. Lakin o, diktatorla süvari rəisinin hüquqlarının bərabərləşdirilməsi
təklifi ilə kifayətləndi. Fabi isə buna belə cavab verdi ki, əgər ali vəzifəni əlində
saxlasa, tezliklə sübut edə biləcəkdir ki, yaxşı sərkərdə üçün əsas şey bəxt deyildir,
zəka və ehtiyatlılıq daim üstün gəlir. Şöhrətdən daha vacib, vaxtında və biabır
olmadan ordunu qoruyub saxlamaqdır, nəinki minlərlə düşməni qırmaqdan
qürrələnəsən. 21 əsr sonra Fabi kimi ordunu saxlamaq naminə hətta paytaxtı da
düşmənə təhvil verən rus sərkərdəsi Mixail Kutuzov, məcburiyyət qarşısında qalan
Napoleonun nəinki Moskvanı, bütünlükdə Rusiyanı tərk etməsinə nail oldu və onun
ağır itgi verməsinə şərait yaratmaqla Napoleon imperiyasının sonunun başlanğıcını
qoydu. Napoleon Hannibalı bir sərkərdə kimi çox sevirdi, onun hərbi fəaliyyətinə
yaxşı bələd idi, lakin özü də, Hannibalın İtaliyada düşdüyü kimi, uzun müddət davam
edən tələyə düşdü.
Fabi isə öz şəhərini düşmənə təhvil vermək barədə heç düşünmürdü də. Lakin
rəqibləri Fabiyə başladığı böyük işi başa çatdırmağa imkan vermirdilər. Onlar
diktatorun və süvari rəisinin hüquqlarını bərabərləşdirdilər. Növbə ilə orduya başçılıq
etmək təklifini o, rədd etdi və diktatorlar arasında piyadalar və süvarilər, həmçinin
müttəfiqlərin qoşunları yarıbayarı bölündü. Bundan Romanın qatı düşməni Hannibal
çox razı qaldı. Bu hadisədən bir az sonra Munitsi yenə əməliyyat aparmağa cəhd
göstərdi və gözləmədiyi halda düşmən həlqəsinə düşdü. Bu vaxt Fabi özünü köməyə
yetirdi və Hannibal geri çəkilməyə məcbur oldu. Ordu və Roma bu dəfə başa düşdü
ki, bu Fabinin qələbəsidir. Bundan sonra öz rəqibinin düşərgəsinə qayıdan Munitsi,
xalq yığıncağının bu yaxınlarda ona verdiyi hüquqlardan imtina etdi və öz əvvəlki
süvari rəisi vəzifəsinin icrasına qayıtdı.
Qarşıdan gələn qış Hannibalı daha da mütəəsir edirdi. Çünki o, yenə
fəaliyyətsizliyə düçar olmalı idi. İspaniyadakı kampaniya da karfagenlilər üçün o
qədər əlverişli getmirdi. Publi Korneli Stsipion da qardaşı Qneyin vuruşduğu
İspaniyaya gəldi. Hannibalın müharibə teatrında işləri yaxşı getməyəndə, Romadakı
siyasi vəziyyətin gərginləşməsi onun vəziyyətini yüngülləşdirirdi. Gələn 216-cı ilin
konsullarının seçkisi vaxtı Romada kəskin siyasi böhran baş verdi. Roma plebsi və
55
senat seçkinin necə keçməsi barədə mübahisə aparırdı. Bu vaxt senat diktaturaya əl
atmağı lazım bildi. Lutsi Veturi Filon diktator seçildi, Maton isə süvari rəisi oldu.
Lakin təyin edilmə prosedurasında çatışmazlıqlar müəyyən edildiyinə görə, onlar
vəzifələrindən imtina etməli oldular. Plebeylərin rəhbəri Qay Terentsi Varron konsul
seçildi. İkinci konsul isə patritsilərdən seçilməli idi və bu Lutsi Emili Pavel oldu.
Seçki göstərdi ki, hakimiyyətdə yekdillik olmayacaqdır və 216-cı kampaniyasında bu
Hannibala xeyli üstünlük yaradırdı. Lakin Fabinin taktiki ustalığı nəticəsində
Hannibal faktiki olaraq hərbi təşəbbüsü itirmişdi və artıq hadisələrin gedişi xeyli
dərəcədə Roma komandanlığının hərəkətlərindən asılı idi. Doğrudan da Hannibalın
vəziyyəti gündən-günə pisləşirdi. Yeni konsul Emili Pavel özünü çox ehtiyatlı
aparırdı. Bu dəfə Hannibal onlara tələ qurub öz düşərgəsini tərk edəndə, Roma
əsgərləri ora cummaq istədikdə, Pavel ehtiyatlılıq edərək, buna imkan vermədi. Digər
konsul Varron isə özünü Munnitsi kimi aparırdı, müasir dildə desək, "süvari
hücumları" ilə ağılsız surətdə müharibəni qurtarmağa can atırdı. Kəşfiyyat sonra,
bunun tələ olduğunu müəyyən etdi.
Hannibal Kann şəhərinə doğru hərəkət edəndə romalılar Aufida çayının hər iki
sahilində düşmənin yaxınlığında düşərgəsini saldı. Varron, komandanlıq ona keçəndə
bütün ordunu çayın sol sahilinə keçirdi və hərbi qaydada düzdü. Karfagenlilər daha
yaxşı mövqe tutmuşdular. Qızğın döyüşdən sonra Roma piyadası həlqədə qaldı. 500
Numidiya süvarisi romalıların yanına gəlib, əsir düşmələrini bildirdi. Bir qədər sonra
isə gizlətdikləri qılıncları çıxarıb, arxadan romalılara hücum etdilər. Konsul Emili
Pavel döyüşdə öldürüldü. Bu döyüşdə həlak olan romalıların sayı 70 minə bərabər
idi, yalnız 3 min adam qaça bilmişdi. Həlak olanların içərisində Fabinin köməkçisi,
keçmiş süvari rəisi Mark Munitsi Ruf da var idi. Varron isə 50 atlı ilə Venusiyaya
qaçmışdı. Qaçan romalıları isə karfagenlilər əsir götürdülər. Belə ağır döyüşdə
Hannibal vur-tut 8 min döyüşçü itirmişdi. Kann yaxınlığındakı bu qələbə Hannibala
böyük şöhrət qazandırdı. Roma ordusu bütünlüklə məhv edilmişdi. Hannibalın 216-cı
ildəki qələbəsi tarixə məşhur Kann döyüşü kimi daxil oldu.
Artıq elə görünürdü ki, İtaliya bütünlüklə Hannibalın ağalığı altındadır. Bir
təskinlik var idi ki, Roma hələ zəbt olunmamışdır, döyüş səhnəsi olan Kann isə
ondan xeyli aralı idi. Hannibalın qarşısında sonra nə etmək kimi çətin bir dilemma
dururdu. Onun süvari rəisi Maharbal Romaya tərəf hərəkət etməyi təklif etdi, lakin
Hannibal tərəddüd edirdi. Bu vaxt Maharbal ona dedi: "Allahlar, əlbəttə, hər şeyi bir
adama vermir. Hannibal, sən qələbə çalmağı bacarırsan; qələbədən istifadə etməyi
bacarmırsan". Sonrası günü Hannibal süvari rəisini yanına çağırıb dedi ki, əgər
istəyirsənsə, səni süvarilərlə göndərim. Lakin Maharbal tam gözlənilməzlik effektinə
bel bağladığından cavab verdi ki, "gecdir, onlar artıq bilirlər". Doğrudan da hücum o
vaxt uğurla nəticələnə bilərdi ki, düşmən dəhşətli məğlubiyyətdən özünə gələ
bilməsin. Ona görə də sonralar romalılar bu qənaətə gəldilər ki, məhz Hannibalın
həmin gün ləngiməsi şəhəri və dövləti xilas etmişdi. Hannibalın bircə dəfə real
imkanı olmuşdu ki, qəti qələbə çalsın. Bu da Kanndan sonra tezliklə və birbaşa
Romaya zərbə endirməklə baş verə bilərdi. Hannibal yəqin ki, bir sərkərdə kimi hər
şeyi götür-qoy edirdi. Tarix felin lazım formasını sevmir, yüz illər, min illər
keçdikdən sonra hamı özünü Hannibaldan güclü sərkərdə hesab edir, onun səhvini
düzəltməyə çalışır. Bəlkə də karfagenli sərkərdə Romaya hücum etməməklə özünün,
56
ordusunun ömrünü heç olmazsa on beş il uzada bilmişdi, dövlətinin ikinci, daha
təsirli məğlubiyyətini bir qədər geri çəkə bilmişdi. Bir də Hannibal belə parlaq
qələbənin bəhrələrini bir neçə gün sonra Roma divarları qarşısında itirmək istəmirdi
və strateji təşəbbüsü ələ ala bilmədiyinə və bəlkə də əlindən buraxdığına görə, nəinki
heç nəyə nail ola bilmədi, faciəli cəhət orasındadır ki, nəticə etibarilə hər şeyi itirdi.
Lakin Kann qələbəsindən sonra o, özünü elə aparırdı ki, elə bil ki, müharibə
qurtarmışdır, onun özü isə əsl qalibdir. Buna görə də o, Romanı da öz igidliyi ilə
məğlub etmək istədiyini söyləyirdi və italiyalıları öz tərəfinə çəkmək cəhdlərindən əl
çəkmirdi. O, Roma senatına əsirlərdən bir neçəsini göndərdi ki, qalib kimi özünün
sülh təkliflərini çatdırsın. Əsirlərə onun yaxın adamlarından biri də qoşulmuşdu.
Diktator onun elçisi Kartalona, qaranlıq düşənə qədər Romaya məxsus olan ərazidən
çıxmağı əmr etdi. Hannibal üçün bu, olduqca nəhs simptom idi. Bu rədd ilə Roma
müharibəni uduzduğunu etiraf etməkdən, əslində imtina edirdi. Hannibal qalib hesab
edilmirdi və ondan sülh və aman xahiş edilmirdi. Hannibal onunla bir qalib kimi
danışıqlar aparılacağını və özünün təhqiramiz, alçaldıcı sülh şərtlərini diqtə etməsini
gözlədiyi halda, yeni müharibələr seriyasına başlamalı oldu. Görünməmiş döyüşün
və romalıların ağır məğlubiyyətinin baiskarı olan bir qalib əsl qələbəyə, ona rahatlıq
verən qəti qələbəyə bu vaxt həmişə olduğundan daha uzaq idi. Kanndakı qələbə
Hannibalın strateji məqsədə çatmasında elə bir irəliləyiş əmələ gətirməsə də,
Karfagen dövlətinə Afrikada və İtaliyanın cənubunda xeyli müttəfiq qazandırdı. Bu
qələbədən sonra bir çox İtaliya şəhərləri, Kampaniya kimi bütöv vilayətlər
Hannibalın tərəfinə keçdi. Lakin belə bir həqiqət də vardır ki, bir dəfə xəyanət edən,
birinə xəyanət edən dəfələrlə, başqalarına da xəyanət edəcəkdir. Ona görə də Romaya
xəyanət edən şəhərlər, tale üz döndərən kimi Hannibala da xəyanət edəcəkdilər.
Kapuya Kann vuruşmasına qədər Roma ilə müttəfiqliyi davam etdirirdi.
Hannibal öz ordusunu Kapuyanın üzərinə apardı. Bu vaxt plebsin köməyi ilə şəhərdə
hakimiyyəti Pakuvi ələ keçirdi, bu isə Roma əleyhinə olan əhval-ruhiyyənin
güclənməsinə səbəb oldu. Kapuyanın səfirlərini qəbul edən Varron Romanın ümidsiz
vəziyyətini onlara açıb göstərdi. Romalılar hər şeyi - ordunu, ərzağı, pulu itirmişdir.
Ona görə də müttəfiqlər romalılara kömək etməkdənsə, romalıların əvəzinə müharibə
aparmalıdırlar ki, vətəni ümumi düşməndən qorusunlar. Düşmənlər haqqında
danışarkən o, qeyd etdi ki, puniyalı düşmən heç bir qanuna məhəl qoymur, insan
kimi də yaşaya bilmir, hətta demək olar ki, insan nitqinə də malik deyildir. Təbiətcə
və xarakter etibarilə qəddar və vəhşi olan bu məxluqları, sərkərdə insan
bədənlərindən körpülər və bəndlər tikməklə və bunu demək də adama iyrənc gəlir ki,
insan ətini yeməyi öyrətməklə, daha da qəddarlaşdırmışdır. Buna dözmək də çətindir
ki, İtaliya numidiyalıların və mavrların əyaləti olmuşdur. Səfirlərdə belə bir qənaət
yarandı ki, Roma artıq döyüşmək vəziyyətində deyildir və onlar bu fikrə gəldilər ki,
kapuyalılar Hanniballa ittifaqda, İtaliyada ağalığı əldə edə bilərlər. Plebs və senatın
əksəriyyəti Karfagenlə ittifaq tərəfdarı idi. Sonra onlar belə bir şərt irəli sürdülər ki,
Romaya kömək edərlər, ancaq konsullardan biri kapuyalı olmalıdır. Roma hökuməti
bu təklifi çatdıran səfirləri şəhərdən qovdu. Belə bir səfirlik Hannibalın da yanına
göndərildi, romalıların əksinə o, kapuyalılar nə istəyirdisə, onların hamısını verdi.
Hannibal onlara söz verdi ki, tezliklə məhz Kapuya Romanın yerini tutub, İtaliyaya
57
başçılıq edəcəkdir, başqaları kimi romalılar da qanunları Kapuyadan alacaqdır. Belə
sözlər Kapuyanı idarə edənlərin çox xoşuna gəlirdi.
Lakin İtaliyada belə müttəfiqlər qazanan Hannibalın yenə də təzə köməyə
ehtiyacı var idi. Bunu əldə etmək üçün o, Karfagenə qardaşı Mahonu göndərdi.
Mahon Hannibalın qələbələrini şişirdə-şişirdə senata məlumat verdi. Onun sözlərinə
görə, düşmən romalılar 200 min adam itirmiş, 50 min adamdan artıq əsir vermişlər.
Axırda isə o, əlavə kömək, qoşunlar üçün isə ərzaq və pul xahiş etdi. Hamı sevinc
içərisində idi. Bu vaxt Hannibalın tərəfdarlarından biri müharibəyə qarşı etiraz etdiyi
və Hannibalı romalılara verməyi təklif etdiyi çıxışlarına görə Hannonu məzəmət
etməyə başlayanda, Hannon ona sərt cavab verdi. O, dedi ki, Hannibalın qazandığı
qələbələr bəhrəsizdir. Qalib gələn sərkərdə yenə ərzaq və pul tələb edir, elə bil ki, o,
özü məğlub olmuşdur və qənimət götürməmişdir.
Mahonun vətənə səfəri Hannibalın ümidlərini doğrultmadı. Hökumət 4 min
süvari və 40 fil ayırdı, hələ onları da Hannibala çatdırmaq lazım idi, çünki onun
dənizə çıxışı yox idi. Heç hökumət də öz vədini yerinə yetirməyə tələsmirdi.
Romada Kann yaxınlığındakı məğlubiyyətin yaratdığı əks-səda şaiyələrin
yayılmasında, təslimçilik əhval-ruhiyyəsinin genişlənməsində öz əksini tapdı.
Keçmiş diktator Kvint Fabi Maksim təklif etdi ki, şəhərdə sakitlik yaradılsın,
qadınlara ictimai yerlərdə görünmək qadağan olunsun, qohumlara görə yas
saxlanmasına son qoyulsun. Heç kəs şəhərdən buraxılmasın, vətəndaşlar öz evlərində
oturub, öz yaxın adamlarının taleyi barədə məlumatı gözləsinlər. Bundan bir az sonra
Roma senatı Varronun məlumatını aldı və baş verən fəlakətin ağlasığmaz miqyası
haqqında təsəvvür əldə etdi. Hər yeri panika bürümüşdü. Bu vaxt gənc hərbi tribun,
Hannibalın gələcək qalibi Kiçik Publi Korneli Stsipionun işə qarışması nəticəsində,
başqa bir çarın yanına qaçmaq barədəki iyrənc plan baş tutmadı.
Karfagen qoşunlarının Kapuyada qışı keçirməsi Hannibalın ən mühüm
səhvlərindən biri oldu. Alpın sərt aşırımlarının, böyük məhrumiyyətlərin əyə
bilmədiyi, qalib gələ bilmədiyi Puniya ordusunu hədsiz kef, eyş-işrət məhv etdi.
Onlar adət etmədikləri belə istirahətə və yeyib-içməyə acgözlüklə yanaşırdılar. Yuxu,
şərab, bol xörəklər, əxlaqsız qadınlar, hamam, bekarçılıq uzun müddət davam
etdiyindən onların bədənini və ruhunu zəiflətdi. Böyük tarixçi Tit Livi
karfagenlilərin, bədbəxtlik gətirən bu eyş-işrətlərini məhz bu cür təsirli sözlərlə təsvir
edir.
Hannibalın mühasirədə saxladığı Kasilina şəhərində isə adamlar və Roma
döyüşçüləri aclıqdan əziyyət çəkdiklərindən dəri, ot, siçovul yeyirdilər. Artıq
İtaliyada müharibə "süst" gedirdi. Nə 214-cü, nə də 213-cü ildə Hannibal elə bir
hücum əməliyyatı apara bilmədi. Lakin 213-cü ildə həm Karfagendə, həm də
Hannibalın ordusunda ciddi təhlükə kimi qəbul edilən bir hadisə baş verdi. Bu da
ondan ibarət idi ki, İspaniyada vuruşan Stsipion qardaşları Şimali Afrika sahillərinə
çıxdılar. Bu hərəkət romalılara böyük diplomatik üstünlük qazandırdı. Romalılar
Numidiya çarlarının biri ilə ittifaq bağladılar.
Hannibal isə Tarenti tutmağa çalışdıqda, nəzarətsiz qalan Kapuyanı romalılar
ələ keçirmək istədilər və onu mühasirəyə aldılar. Hannibal isə ciddi səhv buraxaraq,
kampaniya üçün strateji əhəmiyyət kəsb edən şəhərin taleyinə biganə qaldı. 212-ci
ildə Siciliyada da vəziyyət heç də karfagenlilər üçün yaxşı deyildi. Sirakuzanın
58
onların əlindən çıxması, karfagenlilərin adadan qovulmasına gətirib çıxardı. Martsell
Sirakuzanı tutduqda, riyaziyyat və fizika elminin inkişafında görkəmli xidmətləri
olan yunan alimi Arximed qum üstündə layihə çəkərkən, bir döyüşçü onu
tanımadığına görə bu dahi insanı öldürdü. Plutarxın yazdığına görə, o, döyüşçüdən
xahiş etmişdi ki, əlindəki işini qurtarmağa imkan versin, lakin əsgər onu o saatca
qətlə yetirmişdi. Romalılar alimin qatilini edam etdilər. Lakin Arximed romalıların
düşməni hesab olunurdu, ona görə də onun qəbri sonralar unuduldu və yalnız bir əsr
yarımdan da çox vaxtdan sonra Tsitseron bu qəbri tapmışdı. Sonra romalılar
karfagenliləri Himer çayı yanında məğlub etdilər və bu Siciliyanın bütünlükdə azad
olunmasına yol açdı.
İspaniyada isə 212-ci il kampaniyası romalılar üçün uğurlu olmadı. Romalılar
nəinki burada bir döyüşü uduzdular, döyüş vaxtı həm də Publi Korneli Stsipion
öldürüldü. Bundan bir neçə gün sonra döyüş vaxtı onun qardaşı Qney Stsipion da
həlak oldu. Onların ikisinin də ölümü və Roma ordusunun darmadağın edilməsi
karfagenlilərin Pireney yarımadasında əl-qolunu açdı və Giber çayından cənubdakı
ərazilər onların əlinə keçdi.
211-ci il kampaniyasında isə İtaliya teatrı yenə ön plana keçdi və hər iki tərəfin
diqqəti Kapuyada cəmləşdi. Hannibalın romalıları Kapuya ətrafından qovması baş
tutmadı. Roma komandanlığının Kapuyanın mühasirəsindən diqqətini yayındırmaq
üçün ciddi bir faktor fikirləşib tapmaq lazım idi və bu Romaya yürüşü qət etməyə
səbəb oldu. İndi Hannibal başa düşürdü ki, dörd il bundan əvvəl Maharbal bunu təkid
edəndə, o, necə bir əlverişli imkanı əldən buraxmışdı. O, gidranın Roma adlanan əsas
başını əzməyə nail ola bilməmişdi. Axı Kann qələbəsindən sonra Roma elə
müdafiəsiz idi ki, əli uzatmaqla bu yetişmiş meyvəni üzmək olardı. Roma hökuməti
onun bu niyyətindən qorxub, yenə bütün qüvvələri Romaya yığmaq istədi, bu
Kapuyanın mühasirəsini götürmək demək idi. Yenə müdrik Kvint Fabi buna etiraz
etdi və Kapuyanın mühasirəsini saxlamağı vacib hesab etdi. O, inandıra bildi ki,
Romanı buradakı qoşunların gücü ilə müdafiə etmək olar və Kapuya kimi mühüm
məntəqənin mühasirəsinin davam etdirilməsini təkid etdi.
Hannibal isə Romaya yaxınlaşırdı və o, Romanın lap qapısının ağzında,
şəhərdən 3 mil aralıda dayandı. Şəhərdə bu hadisə böyük panikaya səbəb oldu. Ona
görə də keçmiş ali magistratların hamısına imperium səlahiyyəti verildi ki, onlar əldə
etdikləri hərbi-inzibati hakimiyyətin köməyi ilə, düşmən şəhərdən uzaqlaşana qədər
sakitlik yaratsınlar. Hannibal Anion çayını keçib öz qoşunlarını döyüşə hazırladı. Bu
vaxt dolu ilə birlikdə dəhşətli yağış yağmağa başladı. İslanan Roma və Karfagen
əsgərləri güclə özlərini düşərgələrinə çatdırdılar. Səhərisi gün belə vəziyyət təkrar
olundu. Bu vaxt Hannibal demişdi ki, Romaya sahib olmaq üçün onun ya ağlı çatmır,
ya da bəxti gətirmir. Az qala iyirmi əsr yarım bundan sonra - 1815-ci ildə, iyunun 18-
nə açılan gecə Vaterlooda yağan güclü yağış orduların, xüsusən topların hərəkətini
xeyli çətinləşdirdi və digər mühüm amillərlə yanaşı bu yağış da Napoleonun son
məğlubiyyətini əmələ gətirən səbəblərdən biri oldu. Böyük orduların taleyini həll
edən bu iki sərkərdənin - Hannibalın və Napoleonun hərbi qismətində güclü yağışlar
qarşısıalınmaz bədbəxtlik rolunu oynadı.
Təbiətin yaratdığı maniələrdən başqa, Hannibalın ovqatını korlayan digər
hadisələr də baş verdi. Onun ordusu Roma divarları yanında dayananda Roma
59
hökuməti İspaniyaya əlavə qoşun hissələri göndərdi. Bundan başqa Hannibalın ümid
etdiyi bir hadisə də baş vermədi - romalılar nəinki Kapuyanın mühasirəsini
götürmədilər, hətta bunu daha ciddi-cəhdlə davam etdirdilər. Bundan başqa Roma
ətrafında onun düşərgəsinin dayandığı torpaqların, onun sahibi tərəfindən başqa
birisinə satması barədə xəbər yayıldı. Deməli, romalılar özlərini o qədər möhkəm
hesab edirlər ki, alış-verişdə də bu torpaqların düşmən əlində olduğunu ciddi bir
məsələ kimi qəbul etmirdilər. Bütün bir-birinin ardınca davam edən əlamətlərin ağır
təsiri altında, Hannibal Romadan geriyə çəkilməyə məcbur oldu.
Alpdan İtaliya düzənliklərinə enəndən əvvəl Hannibal və elə bu vaxt Publi
Stsipion öz ordularına müraciət etmişdilər. Stsipion ona heyfsilənmişdi ki, biz
Hannibalı əzəcəyik, amma adamlar güman edəcəklər ki, Hannibala Alp dağları qalib
gəlmişdir. Stsipion nəinki Hannibala qalib gələ bilmədi, əksinə o, və onun konsul
yoldaşı və onların orduları ciddi məğlubiyyətə uğradı. Hannibal da ordusuna
müraciət edərək, Romanı tutmaq vəzifəsini qoymuşdu və bu məqsəd üçün çox risq
edərək Alp dağlarını aşmışdı. İtaliya ərazisində o, Titsində, Trazimen gölü
yaxınlığında və Kannda böyük qələbələr qazanmasına baxmayaraq, Roma barədə o,
Tantal əzabları çəkməyə məcbur olmuşdu. Beləliklə hər iki sərkərdə öz vədlərinə
əməl edə bilməmişdilər.
Kapuyalılar Hannibalın bu uğursuzluğunu eşitdikdən sonra şəhərin qapısını
romalılara açdılar və Roma qoşunları Kapuyaya girdi.
Puniya qarnizonu əsir götürüldü, satqın senatorlar həbs edildi və onlar edam
edildi. Kapuyalıların çoxu qul olmağa satıldı. Şəhər torpağı və ictimai binalar Roma
xalqının mülkiyyəti elan edildi və şəhəri idarə etmək üçün Roma canişini təyin
edildi. Hannibalın əlindən Kapuya kimi mühüm məntəqə də çıxdı, axı ona hələ on il
bu ölkədə vuruşmaq yükünü çəkmək lazım gələcəkdi. Canlı qüvvə ehtiyatı da
tükənirdi, bu dövrdə onun vur-tut 26 min əsgəri var idi.
Romalılar Kapuyanı tutmaqla və kapuyalıları qəddarcasına cəzalandırmaqla,
bu dövlətlə ittifaqa xəyanət edən digər şəhərlərə də ciddi dərs verdilər. Bundan sonra
isə Roma Klavdi Neronun başçılığı altında İspaniyaya əlavə qoşun dəstələri
göndərdi. Burada Neron asanlıqla Hasdrubala qalib gələ bilərdi. Lakin karfagenli
sərkərdə danışıqlar aparmaq adı altında romalını hiyləgərliklə aldatdı və ordusunu
ustalıqla məhvedici həlqədən çıxara bildi.
Roma bu vaxt İspaniyadakı prokonsul vəzifəsinə sərkərdə göndərməyi qərara
aldı və bu missiya üçün 24 yaşlı Publi Korneli Stsipion seçildi. O, bu yaxınlarda
İspaniyada həlak olmuş iki sərkərdə qardaşdan birinin - keçmiş konsul Publinin oğlu
idi. Əlbəttə Roma qaydalarına görə bu vəzifə üçün o, çox cavan idi. Lakin tarixçilər
onun yüksək dərəcədə qeyri-adi adam olduğunu qeyd edirlər. Hannibala qarşı
mübarizədə Fabi və Martsellə yanaşı, sonralar onun misilsiz xidmətləri olmuşdur və
II Puniya müharibəsinin romalılar üçün böyük zəfərlə başa çatması onun adı ilə
bağlıdır. Stsipionlar Emililər ailəsi ilə sıx bağlı idi. Bundan başqa Hannibalın
qalibinin qızı Korneliya gələcək iki məşhur tribunun - Tiberi və Qay Qrakx
qardaşlarının anası idi. Onların bacısı Semproniya isə III Puniya müharibəsindəki
qalib sərkərdə Stsipion Emilianın arvadı idi.
Appinanın yazdığına görə, xalq yığıncağında çıxış edən yeni prokonsul söz
verdi ki, təkcə İspaniyanı deyil, həmçinin Afrikanı və Karfagenin özünü zəbt
60
edəcəkdir. Bunu cavan oğlanın lovğalanması kimi qəbul etdilər. Bütün bunlara
baxmayaraq o, İspaniyadakı Roma ordularına komandan seçildi. O, Hanniballa ilk
döyüşlərdə, Titsin yaxınlığındakı vuruşmada çox gənc yaşında iştirak etmiş və orada
yaralanan atasını xilas etmişdi. O, Kann yaxınlığındakı döyüşdə də iştirak etmişdi və
bu vaxt o, artıq hərbi tribun idi. Sonra isə ən böhranlı anda Romanı tərk edib qaçmaq
istəyənlərin qarşısını almışdı. İndi İspaniyaya gəmilərlə öz 10 min nəfərlik ordusu ilə
gələn Stsipion sahilə çıxan kimi Tarrakona yollandı.
Əvvəlki ilin uğursuzluqlarından sonra 210-cu ilin kampaniyası da Hannibal
üçün əlverişsiz şəraitdə başladı. Onun İtaliyadakı müttəfiqləri Kapuyadan sonra, indi
ona xəyanət edib Roma tərəfə keçirdi. Bu isə onun vəziyyətini daha da ağırlaşdırırdı.
Belə bir şəraitdə Martsell hücumla iki şəhəri karfagenlilərdən və samnitlərdən azad
etdi. Siciliya da bütünlüklə Roma ağalığına keçdi. İspaniyada da 210-cu il
kampaniyası Puniya komandanlığı üçün ciddi uğursuzluqla əlamətdar oldu. Onların
başlıca dayaq nöqtəsi olan Yeni Karfagen romalıların əlinə keçdi. Stsipion
İspaniyada finikiya-puniya koloniyalarının əhalisi qarşısında özünü işğalçı kimi
deyil, azadlıq bəxş edən sərkərdə kimi göstərməyə cəhd edirdi.
İtaliyada Tarentin romalılar tərəfindən ələ keçirilməsi də karfagenlilərin hərbi-
siyasi vəziyyətini xeyli çətinləşdirdi. Bundan sonra Hannibal romalılarla iri
toqquşmalardan qorxmağa, qaçmağa başladı. İndi rollar dəyişmişdi, indi Karfagen
sərkərdəsi məcburiyyət qarşısında Fabi taktikasından istifadə etməyə başlamışdı. O,
Martsellə iri döyüşlərə girməkdən çəkinirdi. Belə bir vaxtda Martsell öz ordularını
yoxlayarkən, numidiyalılar tərəfindən mühasirəyə alınıb öldürüldü. Hannibal həlak
olmuş Roma sərkərdəsini dəfn etdi. Lakin o, konsulun möhürü olan üzüyünü də ələ
keçirdi və Roma ordularına bu möhürlə saxta məktublar göndərib, sərəncamlar
verirdi. Buna görə də konsul Krispin, digər konsul yoldaşının həlak olması barədə
bütün şəhərlərə xəbər verməli oldu. Krispin də yaralandıqdan sonra Hannibal
İtaliyanın cənubunda öz mövqelərini saxlamağa müyəssər oldu. 207-ci ilin yazında
isə onun qardaşı Hasdrubal Alp dağlarını keçdi və Hanniballa birləşməyə tələsdi.
Metavr çayı sahilində o, Roma sərkərdəsi Neronla üz-üzə gəldi, darmadağın edildi,
özü isə həlak oldu. Neron isə yenidən cənuba qayıdıb öz qələbəsi barədə Hannibala
xəbər göndərdi. Qardaşının həlak olması və onun ordusunun tar-mar edilməsi
Hannibalın dərdlərini artırdı və onun bütün ümidlərini puça çıxardı.
206-ci ilin yazında isə Pireney yarımadasında karfagenlilərin təzə təşkil etdiyi
böyük ordu məğlub edildi və sərkərdələr Mahon Barkid və Massanassa Bekula
yaxınlığındakı döyüşdə tar-mar edildi. Bu vaxt Massanassa romalıların tərəfinə
keçmək üçün Roma sərkərdəsi Silanla gizli danışıqlar apardı və bu razılıq əldə edildi.
Bundan sonra ümumən İspaniyada müharibənin başa çatdığını hesab edən Stsipion
müharibəni Afrikaya keçirməyi qərara aldı. Bu addım Hanniballa mübarizəyə son
nöqtə qoymaq demək idi. O, öz həyatını təhlükədə qoyaraq Afrikaya getmişdi ki,
Massanassanın düşməni olan masaysililərin çarı Sifaksı da Roma ilə ittifaqa cəlb
etsin. Bunu əldə etməklə Stsipion bütün numidiyalıların köməyinə sahib olmağa
müvəffəq oldu. Qadesin təslim olması ilə İspaniyadakı müharibə bütünlüklə
Romanın xeyrinə başa çatdı.
Karfagenlilərin müharibənin istiqamətini döndərmək cəhdləri isə bir-birinin
ardınca puça çıxırdı. 205-ci ilin yazında Mahon Barkid gəmilərlə İtaliyaya gəldi və
61
Genuyanı tutdu. Lakin Hannibal artıq bunlara laqeyd idi, onun ordusunu taun və
aclıq da taqətdən salırdı.
Afrikaya Roma ekspedisiyasının göndərilməsi də təxirə salınırdı. Bu Romanın
daxilindəki siyasi mübarizələrlə əlaqədar idi. İspaniyadakı qələbə Stsipiona böyük
şöhrət gətirsə də, o, magistrat olmadığı üçün ona triumf vermədilər. Lakin o, 205-ci
ilə Publi Litsini Krassla birlikdə konsul seçildi. O, həmçinin müharibənin Afrikaya
keçirilməsi məsələsində də qalib gələ bildi. Ona bir konsul kimi Siciliya düşdü və
istədiyi vaxt Afrikaya getməyə icazə verildi. O, elan etdi ki, məhz müharibəni
qurtarmaq üçün konsul seçilmişdir və ona Afrikaya keçmək lazımdır. Lakin iki klan
arasında mübarizənin davamı kimi Fabi ona etiraz etdi. Fabi təklif etdi ki, əvvəlcə
Hannibalı qəti əzmək və İtaliyadan qovmaq, sonra Afrikaya keçmək lazımdır. Onun
arqumentlərində də bir məntiq var idi. İtaliya müharibə ilə viran edildiyi bir vaxtda,
Afrikada vuruşmaq, öz vətənini azad etmədən özgə ölkəsini işğal etmək olmazdı.
Stsipion isə öz cavabında göstərirdi ki, Afrikada karfagenlilərə qalib gəlmək və bu
işdə yerli Liviya tayfalarının köməyinə bel bağlamaq olar. Və ən başlıca məsələ -
Karfagen ərazisində vuruşmaqla onlar hökuməti məcbur edəcəklər ki, Hannibalı öz
vətəninə dönməyə çağırsın. Ona görə də Senat yuxarıda göstərilən qərarı qəbul etdi.
Lakin bir məsələdə də Stsipion müqavimətlə üzləşdi, ona dövlət xəzinəsindən pul
vermədilər. Ona görə də öz ekspedisiyasını maliyyələşdirmək üçün, bundan isə son
qələbə və Romanın taleyi asılı idi, o, öz vəsaitindən istifadə etməli oldu və ayrı-ayrı
adamlardan borc götürdü. Bir sözlə, senat addımbaşı ona maneçilik göstərirdi.
Stsipionun başçılığı altında Roma donanmasının Afrikaya gəlib çıxması barədə
düzgün olmayan xəbər, Karfagendə böyük həyəcana səbəb oldu. Ona görə də
karfagenlilər müharibəyə hazırlaşmağa başladılar, hətta yeni döyüş filləri ovuna
yollandılar. Masililərin çarı Massanassa isə romalıların vasitəsilə Numidiyada öz
əldən çıxmış vəziyyətini bərpa etmək istəyirdi. Belə bir vaxtda Hannibal 205-ci ildə
strateji əhəmiyyəti olan Lokr şəhərini tutmağa cəhd etdi. Lakin o, geri çəkilməyə
məcbur oldu. Stsipion bu şəhəri tutdu və nəhayət o, ordusunu 440 gəmiyə yükləyib
Afrikaya, Emporiyaya istiqamət aldı. O, öz donanmasını Utikaya tərəf göndərdi. 204-
cü ildə o, Afrikada sahilə çıxdı. Burada o, Numidiyanın işlərinə qarışıb, hakimiyyəti
Romaya müttəfiqliyə keçmiş çar Massanassaya verdi.
204-203-cü illərin qışı Afrikada hərbi-siyasi fəallığın artması ilə əlamətdar
oldu. Stsipion Sifaksla da danışıqlar aparıb, onu öz tərəfinə çəkməyə cəhd edirdi.
Lakin uzaqgörən çar tələb edirdi ki, qoy karfagenlilər İtaliyanı, romalılar isə Afrikanı
tərk etsinlər və öz aralarında yaxşı münasibətlər qursunlar. Yaz gələndə Stsipion
gəmilərə mühasirə və atıcı vasitələri yükləyib, düşməndə belə bir fikir yaratmağa
cəhd etdi ki, guya o, Utikaya dənizdən yaxınlaşmaq istəyir, özü isə şəhərin yanındakı
təpədə möhkəmləndi. Gecə o, düşmənə yaxınlaşıb, əvvəlcə Sifaksın döyüşçüləri
yatdıqları komaları yandırtdı. Hasdrubalın əsgərləri onlara yanğını söndürmək üçün
köməyə gələndə, romalılar karfagenlilərin düşərgəsinə hücum etdi. Yanğın onların da
düşərgəsinə keçdi. Beləliklə iki ordu - Sifaksın və Hisqon oğlu Hasdrubalın orduları
məhv edildi. Bu iki sərkərdə tezliklə yeni ordu yaratmalı oldular. Lakin bu ordu da
Roma legionları ilə vuruşda qaçmağa üz tutdular.
Karfagen hökuməti donanmasını Utikaya göndərdi ki, orada romalılara hücum
etsin və Hannibalı İtaliyadan geri çağırdı. Romalılar Sifaksla döyüşdə yenə qalib
62
gəldilər və çarın özünü əsir götürdülər. Massanassa Tsirta şəhərini tutmaqla bütün
Numidiyanın hökmdarı oldu. Bu həm də Karfagenin yeganə müttəfiqindən məhrum
olması idi. Ona görə də Karfagenin ali orqanı olan 30-lar şurası (bu, 300-lər
şurasından seçilirdi) Stsipiondan şəhərə aman verməyi və sülh barədə xahiş etdi.
Buna cavab olaraq romalı sərkərdə ağır tələblər irəli sürdü. Hannibal İtaliyanı tərk
etməli oldu və məzəmmətlə dedi ki, qoy Stsipion lovğalanmasın, bizim evimizi başqa
bir imkanı olmadığından Karfagenin xarabalıqları altında, Hannon məhv etdi.
Karfagen hökuməti artıq Roma senatının qoyduğu şərtlərlə razılaşaraq sülhə can
atırdı. Senat da sülh müqaviləsini təsdiq etdi. Lakin özlərini alçaldaraq, qəbul
etdikləri sülhü karfagenlilər pozdular.
Stsipion 202-ci il kampaniyasında Karfagen yaxınlığındakı ərazidə
piyadalarını yerləşdirdi. Bu vaxt Hannibal özü elçi kimi onun yanına gəldi. O, təklif
etdi ki, Afrikadan kənardakı bütün Karfagen torpaqları Romaya verilsin. Romalı isə
daha böyük güzəştlər tələb etdi. Sonrası gün Zama yaxınlığında böyük döyüş
başlandı. Hannibal öz döyüşçülərinin qarşısında 80 fil qoymuşdu. Süvari qoşunlarda
üstünlük Stsipionun tərəfində idi, numidiyalılar ona qoşulmuşdu. Romalılar öz
qışqırıqları, truba çalmaları ilə filləri qorxuzdular və fillər romalıların mizraq
zərbələrindən sonra Karfagen süvarilərinin üstünə yeriməyə başladı. Döyüş
qızışdıqda karfagenlilər qaçmağa başladı. 20 min karfagen döyüşçüsü öldürüldü və o
sayda da əsir götürüldü. Romalıların itkisi çox az idi. Bu Hannibalın ilk və son
məğlubiyyəti idi.
Bundan sonra Hannibal özü romalılarla danışıqlar aparılmasının təşəbbüsçüsü
oldu. Bu vaxt senat Stsipiona özünün lazım bildiyi şərtlərlə son sülh müqaviləsi
bağlamağı tapşırdı. Onun düşərgəsində 201-ci ildə sülh müqaviləsi imzalandı.
Karfagenlilər Stsipiona özlərinin sayı 500-ə qədər olan hərbi gəmilərini,
həmçinin fillərini, fərariləri, qaçmış qulları və əsirləri verdi. Gəmilər hamısı
Karfagen yaxınlığında yandırıldı, fərari latinlilərin başı vuruldu, romalılar isə
çarmıxa çəkildi. Hamilkar Barka, onun kürəkəni Hasdrubal və oğlu Hannibal
tərəfindən başlanan II Puniya müharibəsi onun təşəbbüsçüsü olan ölkənin tam
məğlubiyyəti, Romanın hərbi zəfəri ilə başa çatdı.
Bu məğlubiyyətin günahını, hamı Hannibalın üstünə yıxmağa çalışırdı. O, isə
əvəzində bildirdi ki, ölkənin Ali Şurası xəsislikdən və onun əksinə hərəkət
etdiyindən, qalib gəlməyə imkan vermədi. Təzminatı vermək üçün hökumət pul
yığmağa başlayanda əhali olduqca məyus idi. Bu vaxt camaatın hüznlü vaxtında bir
nəfər Hannibalı gülən gördükdə, onu məzəmmət etdi ki, bu göz yaşlarının günahkarı
axı onun özüdür. Buna Hannibal belə cavab verdi: "Sizin üzünüzün ifadəsini görən
kimi, nə vaxtsa sizin könlünüzü görmək mümkün olsaydı, onda siz asan başa
düşərdiniz ki, sənin söydüyün bu gülüş sevincdən yox, dərddən, demək olar ki, dəli
olmuş ürəkdən gəlir. Bu gülüş sizin axmaq və iyrənc göz yaşlarınız kimi o dərəcədə
yersiz deyildir. Bizim silahımızı alanda, gəmilərimizi yandıranda, xarici düşmənlə
müharibə etməyi bizə qadağan edəndə ağlamaq lazım idi, məhz bu yaralardan biz
məhv oluruq. Əlbəttə, güman edilməlidir ki, romalılar bizə nifrət bəsləyirdilər. Heç
bir dövlət sakitlikdə yaşaya bilməz. Əgər onun xaricdə düşməni yoxdursa, onu
daxildə tapır. Necə ki, çox güclü bədənlər xarici təsirlərdən mühafizə olunan kimi
görünürlər, lakin özünün qüvvəsindən əziyyət çəkirlər. Əlbəttə, biz dövlətin
63
dərdlərindən daha çox bizim özəl mənafelərimizə toxunanları hiss edirik, onlardan da
heç nə, pulun itirilməsi kimi acı zərbə vurmur. Belə ki, Karfagendən qalibiyyətli
yaraqlar soyundurulanda, bir belə silahlanmış Afrika tayfaları arasında onun silahsız
və çılpaq qoyulduğunu gördükdə, heç kəs hönkürüb ağlamırdı; indi özəl vəsaitlərdən
pul yığmaq lazım gələndə, siz göz yaşları axıdırsınız, elə bil ki, dövlətin dəfn
mərasimindəsiniz. Qorxuram ki, siz tezliklə hiss edəcəksiniz ki, bu gün cüzi bir dərdə
görə ağlayırdınız". Bunu tarixçi Tit Livi qələmə almışdır.
Hannibal isə hələ də səhnədən çıxmamışdı. Karfagen şurasını kəskin tənqid
etdiyinə görə, 196-cı ildə onu dövlətdəki ən yüksək vəzifəyə seçdilər, o, suffet oldu.
Hələ 217-ci ildən materik Yunanıstanı qorxulu "Qərbdəki buluddan" hali idi.
Yunanların düşüncəsinə görə, II Puniya müharibəsində vuruşan hər iki tərəf
"barbarlar" idi. Romanın adı olan yunan sözü "rhome" tərcümədə "kobud qüvvə"
mənasını verirdi.
Romada yuxarı sinfin uşaqları yunanca danışmağı öyrənirdilər, çox vaxt erkən
yaşlarında onlara qul dayələrdən, sonra isə məktəbdə və ya ailə müəllimi tərəfindən
yunan ədəbiyyatına məhəbbət aşılanırdı. Bunu öyrədənlər isə azad, ya qul yunanlar
olurdu. Nəticə kimi təhsil görmüş romalı m.ə. II əsrdə bilinqval idi və hər iki dildə
sərbəst danışırdı.
Yenidən özünə güvənməyə başlayan Roma 200-cü ildə Şərqə üz tutub,
Makedoniyaya yeni müharibə elan etdi. Roma həm də Hannibalı ittiham etməyə
başladı ki, o, Selevkid dövlətinin başçısı III Antioxla gizli yazışma aparır və onun
elçilərini qəbul edir. Bundan başqa o, ölkəsində hissləri qızışdırmaqda davam edir ki,
dövləti sakit həyatdan yalnız silah toqquşması oyada bilər. Buna görə Hannibal
qaçmağı qərara aldı və gəmiyə oturub Afrikanı tərk etdi. O, yalnız Antioxun yanına
gedə bilərdi, ona görə də Tirə gəlib çıxdı. Lakin çar Kiçik Asiyada olduğundan
Hannibal onun arxasınca Efese getdi. Antiox bu dövrdə Yunanıstana və Kiçik
Asiyaya ağalıq etmək üstündə Romanın əsas rəqibi idi. Ona görə də Hannibal onu
İtaliyada müharibə aparmağa sövq edirdi. 192-ci ildə Antiox qoşunları ilə
Fessaliyaya gəldi, Lakin artıq 191-ci ilin aprelində Fermopil keçidi yaxınlığında
darmadağın edildi və ordusunun qalıqları ilə Kiçik Asiyaya, Efesə qaçdı. Bu həmin
Fermopil keçidi idi ki, 480-ci ildə Sparta çarı Leonid 300 nəfər spartalı döyüşçü ilə
Kserksin başçılığı altında möhtəşəm Persiya ordusunun qarşısını kəsmişdi.
Spartalılar başçıları ilə birlikdə həlak olub, özləri haqqında əfsanəyə bənzəyən
qəhrəmanlıq səlnaməsi yaratmışdılar. İndi 290 il sonra bu keçid Antiox üçün biabırçı
məğlubiyyət rəmzinə çevrildi. Bu məğlubiyyət Hannibalın ümidlərini də qayaya
çırpdı. Artıq Roma ilə vuruşmağa qadir olan heç bir dövlət qalmamışdı. Lakin o,
özünü təslim etmək barədə fikirləşmirdi. Bir çox ölkələrdə olduqdan sonra o,
Vifiniyaya gəldi. Burada Roma səfiri çar Prusiyadan Hannibalı romalılara verməyi
tələb etdi. Əsgərlər onu tutmağa gələndə, Hannibal xilas olmaq üçün heç bir imkanı
olmadığını görüb, zəhər içdi və özünü öldürdü. Belə deyirlər ki, o, öləndə demişdi:
"Qoy romalıları bu qayğıdan azad edək, madam ki, onlar qocanın ölümünü gözləyə
bilmirlər".
III Puniya müharibəsi başlayanda karfagenlilər öz donanmalarını və ordularını
bərpa etmişdilər. Strabonun yazdığına görə, II əsrin 50-ci illərində Karfagenin 705
min əhalisi var imiş. Bu olduqca gözəl şəhər olub, yaraşıqlı və yaşıllığa qərq olmuş
64
küçələrə, dəbdəbəli evlərə malik idi. Şəhərdə kasıblar məhəlləsi ilə yanaşı, altı
mərtəbəyə qədər olan çoxmənzilli evlərdə orta təbəqə yaşayırdı.
III Puniya müharibəsi ərəfəsində Yunanıstanda Roma əleyhinə narazılıq
artırdı. 149-cu ildə özünü Makedoniya çarı Perseyin oğlu kimi qələmə verən Yalançı
Filipp meydana gəldi. Bir il sonra romalılar onu aradan götürə bildilər. 148-146-cı
illərdə Roma qoşunları Axey ittifaqı ilə vuruşdu və ölkənin ən iri ticarət
mərkəzlərindən biri, tarixi şəhər olan Korinfi 146-cı ildə viranə qoydu.
Bu dövrdə Karfagenə qarşı da münasibətlər sərtləşməyə başlayır. Fabi
Maksimin ölümündən sonra antikarfagen cəbhəsinə, Trazimen gölü yanındakı
döyüşdən Roma yanındakı döyüşə qədər II Puniya müharibəsində əvvəldən axıradək
iştirak edən Mark Portsi Katon (m.ə. 234-149-cu illər) başçılıq edir. Hələ senzor
olarkən 184-cü ildə o, köhnə yaxşı adətləri pozan adamları senatdan qovmuşdu,
onların günahı isə ondan ibarət olmuşdu ki, qızlarının yanında öz arvadlarının
üzündən öpmüşdü. Karfagen barədə onun əleyhdarı Publi Korneli Stsipion Nasika
idi. Mühafizəkarlıqda Nazika ondan geri qalmırdı. O, Romada ilk teatrı dağıtdırmışdı
ki, bu faydasız və yaxşı xasiyyətləri korlayan şeydir. Karfageni Romanın müttəfiqinə
çevirmək istəyənlərə Katon deyirdi ki, onun həddən artıq qüdrətindən qorxmaq
lazımdır və tələb edirdi ki, Karfageni yer üzündən silmək lazımdır. Elçilər içərisində
Karfagenə gedən Katon, bu ölkənin böyük var-dövləti olduğunu müşahidə etdi və bu
fikrə gəldi ki, şəhər zəbt edilməsə, romalılar əvvəldə olduğu kimi bədbəxtliklərlə üz-
üzə gələcəkdir. O, deyirdi ki, nə qədər ki, Karfagen mövcuddur, Roma özünü arxayın
hesab edə bilməz və öz azadlığına görə qorxmaya bilməz. "Karfagenlilər artıq bizim
düşmənimizdir, çünki kimsə mənə qarşı hazırlaşırsa və istədiyi vaxt müharibəyə
başlaya bilərsə - o, mənim düşmənimdir, hətta əgər, öz silahını işə salmamışdırsa".
Dəfələrlə təkrar edirdi ki, " bundan əlavə mən fikirləşirəm ki, Karfagen
dağıdılmalıdır".
Bundan sonra Karfagenə yenə 10 nəfər elçi göndərmək qərara alındı və onlar
burada ordu və donanmanın olduğunu gördülər. Bu müharibə tərəfdarlarını daha da
qızışdırdı. Nazika isə onlara etiraz edirdi. Senat bəzi yeni şərtlərlə müharibəyə əl
atmamağı qət etdi. Lakin bu vaxt karfagenlilər müqavilənin əksinə olaraq,
romalıların müttəfiqi Massanassaya müharibə elan etdilər və uduzdular. Bu onların
vəziyyətini xeyli ağırlaşdırdı. Artıq Roma üçün casus belli mövcud idi. Dilemma
qarşısında qalan Karfagen romalılara təslim olmaqdansa, müharibəyə hazırlaşmaq
yolunu tutdu. Roma senatında da Katonun mövqeyi qalib gəldi və müharibə üçün
"yaşıl işıq" yandırıldı. Əvvəlcə Utika romalılara təslim oldu. Katon daha kəskin
qaydada Karfagenə qarşı hərbi əməliyyatlar başlamağı, onu dağıtmağı və məhv
etməyi təklif edirdi. Ona görə də senat qərara aldı ki, Karfagen müqavilənin əksinə
olaraq donanma saxladığına, qoşunlarını sərhəddən kənara çıxardığına və Romanın
müttəfiqi Massanassaya qarşı silah qaldırdığına görə - bütün bu səbəblərə görə
Karfagenə müharibə elan edilsin, Karfagen yer üzündən silinməlidir.
Karfagen könüllü olaraq tərksilah edildikdə, romalılar başlıca tələblərini irəli
sürdülər; karfagenlilər şəhəri tərk etməlidirlər və dənizdən 80 stadiya aralı özlərinə
məxsus olan istənilən ərazidə onlar yerləşə bilərlər. Bu Hannibalın saquntlulara elan
etdiyi tələblərə çox bənzəyirdi və artıq 70 ildən sonra tarix təkrar olunurdu. Lakin
indi tarix öz istehzasını karfagenlilərə göstərirdi, bu vaxt onlar ultimatum verən
65
deyil, qurban rolunda çıxış edirdilər. Uzaqgörən Hannonun peyğəmbərliyi də düz
çıxdı ki, Saquntun mühasirəsi Karfagenin mühasirəsi ilə əvəz ediləcəkdir. Təəssüf ki,
o vaxtlar Karfagen senatındakı alovlanmış hisslər çox şey vəd edən Hannibalın
tərəfində idi, müdrik Hannonun sözlərini eşitməyə mane olan qulaqların karlığı, indi
görünməmiş bədbəxtliyə gətirib çıxardı. Doğrudan da karfagenliləri dənizdən
aralamaq, balığı sudan çıxarmaq kimi, onları məhv etmək demək idi. Onlar dəniz
vasitəsilə ticarət aparır, dünya bazarı ilə işləyirdi. Ona görə də bu şərt, dinc yolla
karfagenliləri məhv etmək demək idi. 550 il sonra qot qəsbikarı, Vestqot kralı Alarix
(370-410-cu illər) belə üsullardan istifadə edib italiyalılara, bir qədər sonra isə
Romaya zülm verirdi. Alarik adamların qanını tökmək istəmirdi, o, dar ağacından
asmağa üstünlük verirdi. Bundan başqa Alarix çox vaxt silah işlətməyi də sevmirdi,
onun ən güclü silahı aclıq idi, mühasirə etdiyi şəhərləri aclıq vasitəsilə diz
çökdürürdü. Karfagen isə öz həyatını təmin etmək mənbələrindən məhrum edilirdi.
Romalıların bu tələbləri şəhər sakinlərinə çatdıqdan sonra onlar şura binasının
qarşısına toplaşdılar. Bu vaxt birdən ümidsizlikdən dəlicəsinə orgiya başlandı,
bəziləri bu bədbəxt xəbəri gətirənlərin üzərinə atılır, digərləri girov vermək barədə
təklif edənləri öldürürdülər, üçüncülər isə şəhərə səpələnib, təsadüfən şəhərdə olan
italikləri öldürürdülər. Şura Hazdrubalı şəhər kənarındakı qüvvələrin komandanı
təyin etdi. Bundan əvvəl romalılarla müharibəyə bəhanə verdiyinə, Massanassaya
hücum etdiyinə görə, o, ölüm hökmünə məhkum edilmişdi. Ondan xahiş etdilər ki,
vətən ağır gündə olan bir vaxtda öz acığını unutsun. Karfagenlilər hər şeyə hazır
idilər ki, təkcə vətənlərini tərk etməsinlər. Ona görə də mübarizəyə hazırlaşırdılar.
Sənətkar emalatxanalarında silah düzəldilirdi. Qadın saçlarından kəndir hörülürdü.
Gəmi qayrılması üçün mis heykəllər əridilir və evlərin dirəklərindən istifadə
olunurdu. Heç kəs bu işlərdən yayınmırdı. Qadınlar özlərinin qızıldan olan bəzək
şeylərini verirdilər ki, ona silah və ərzaq alınsın.
Romalılar şəhəri hücumla götürməyi qət etdilər. Şəhər divarlarını dağıtmaq
üçün taranlardan istifadə edilməyə başlandı. Karfagenlilər romalıları şəhər
divarlarından kənara çıxara bildilər. Hərbi tribun olan Stsipion Emilian onları təqib
olunmaqdan xilas etdi. O, ikinci dəfə də Roma ordusunu tam darmadağın olmaqdan
xilas etdi. 149-cu il kampaniyası romalılara elə bir üstünlük vermədi. Stsipion
Emilian Numidiya çarlığını gücdən salmaq və onu Romaya daha möhkəm bağlamaq
üçün Massanassanın irsini, onun özünün xahişi ilə onun oğlanları arasında böldü.
148-ci ildə isə Pison Afrika şəhərlərinə hücum etdi. Emilian isə diqqəti
Karfagenin mühasirəyə alınması üzərində cəmləşdirirdi. Romalılar ilk dəfə olaraq
Karfagenin ərazisinə girdilər, lakin şəhərin Meqara adlanan şimal ətrafını əldə
saxlaya bilmədilər. Bundan sonra karfagenlilər görünməmiş qəddarlıq etdilər, əsir
düşmüş romalıları küçəyə çıxarıb onlara dəhşətli əzab verməyə - gözlərini, dillərini
çıxarmağa, barmaqlarını kəsməyə, dərilərini soymağa başladılar. Buna etiraz
edənlərin müqavimətini Hasdrubal zorakılıqla yatırtdı. Karfagendə artıq onun hərbi
diktaturası mövcud idi. 146-cı ilin yazında Emilian Karfagenin limanlarından biri
olan Kotonun mühasirəsinə başladı. Onun əsas məqsədi isə şəhərdəki akropol və
qədim məbədlər yerləşən Birsa təpəsini tutmaq idi. Şəhərlilər bura aparan üç küçə ilə
həmin təpəyə qalxırdılar. Romalılar hər binanı hücumla tuturdular. Emilian şəhəri
yandırmağı və evləri dağıtmağı əmr etdi. Evlər yanıb yerə töküləndə daşlarla birlikdə
66
küçəyə ölü və diri adamlar tökülürdü, bunlar da əsasən evlərdə gizlənmiş qocalar,
qadınlar və uşaqlar idi. Yaralıların harayı eşidilirdi. Adamlar xəndəkləri zibil kimi
doldurmuşdu. Çapan atlar yerə sərilmiş adamların üzünü və başlarını dağıdırdı. Bu
qanlı orgiya altı gün davam etdi. Nəhayət Birsadan müraciətlər gəldi və oradan
çıxmağı arzu edənlərin həyatını saxlamağı Emiliandan xahiş etdilər. 50 min nəfərdən
artıq kişi və qadın qalanı tərk etdi və mühafizə olunmağa götürüldü. Onları qul olmaq
taleyi gözləyirdi. Yalnız 900 nəfər romalı fərari məbədə qaçıb, oradan mübarizəni
davam etdirirdi. Hasdrubal son sınağa dözə bilmədi. Arvadından və məbədin
mühafizəçilərindən gizli o, Emilianın yanına qaçdı. Şəhəri düşmənə təhvil verən bu
adam, qalibdən həyatının qorunub saxlanmasını xahiş edirdi. Fərarilər onları nə
gözlədiyini yaxşı bildiyindən məbədi yandırdılar, onun alovları arasında, Emilianın
gözləri qarşısında öz uşaqlarının başlarını kəsən Hasdrubalın arvadı da həlak oldu.
Bu 146-cı ildə baş verdi.
Emilian uzun müddət yanan şəhərə baxdı. O, yanında duran böyük tarixçi
Polibiyə Homerin "İliada"sından iki misrasını misal çəkdi, Polibi ondan bu sözləri
nəyə görə söylədiyini soruşduqda, Emilian dedi ki, "Yaxşı, lakin mən qorxuram ki,
belə bir xəbəri nə vaxtsa Roma haqqında da gətirəcəklər". Axı Polibinin özünü də,
digər yunan liderləri ilə 167-ci ildə Romaya girov kimi gətirmişdilər.
Karfageni tutduqdan sonra Emilian əsgərlərinə bir neçə gün şəhəri qarət
etməyə icazə verdi. Onlar yalnız qızıla, gümüşə və məbədlərə toxuna bilməzdilər.
Karfagen torpaqlarının bir hissəsi Numidiyaya verildi, qalan hamısı isə Roma
əyalətinə çevrildi. Romalılar Karfagenə kömək edən şəhərləri məhv etdilər,
Karfagenin öz xarabalıqlarını isə yer üzündən sildilər. Şəhərin ərazisi şumlandı,
lənətləndi və bir daha məskunlaşmadı. Sulla ilk dəfə ordusu ilə 88-ci ildə Romaya
girdikdə, darmadağın olunan Mari bir qədər sonra İtaliyadan da qaçmağa məcbur
olub, Karfagen torpaqlarına gəldi və sahilə çıxan romalıya canişinin bunu qadağan
etdiyi deyildikdə, Mari qasidə, "Sən sürgün Marinin Karfagen xarabalıqlarında
oturduğunu gördüyünü çatdır" sözlərini söylədi.
Yuli Sezarın vəsiyyəti ilə Avqust bir əsr yarımdan sonra Karfagen adlı Roma
koloniyası saldı, lakin bu əvvəlki Karfagenin qonşuluğunda idi. Romanı dağıtmaq
istəyən Hannibalın ordusunun əksinə, romalılar Karfageni dağıtdılar və bütünlükdə
118 illik zaman məsafəsində baş verən və üst-üstə 43 il davam edən qanlı üç Puniya
müharibəsi Romanın daha da möhkəmlənməsinə, onun dünya dövlətinə çevrilməsinə,
digər qüdrətli bir dövlətin - Karfagenin isə birdəfəlik tarix səhnəsindən silinməsinə
səbəb oldu. Bu müharibələr Roma respublika quruluşunu ciddi sınaqlardan
çıxarmaqla, onun həyati qüvvəsini, yaşamaq və inkişaf etmək qabiliyyətini sübut
etdi.
Ona görə də təsadüfi deyildir ki, Yaxın Şərqdə bəşər sivilizasiyasının ilk
bünövrəsi qoyulduqdan sonra Aralıq dənizi regionundakı qədim tarix iki böyük dövrə
bölünür. Onlardan biri şərqdə Yunan sivilizasiyasının yüksəlməsi, ikincisi isə qərbdə
Romanın meydana gəlməsi və onun Aralıq dənizi dünyasındakı hərbi qələbələri
hesab olunur. Romanın İtaliyada və geniş Aralıq dənizi dünyasında atdığı iri
addımlar uğurlu oldu və onu dünya dövlətinə çevirdi, Qərb sivilizasiyasının iki uzaq
və yaxın qonşusundan tarixə nisbətən gec gələn banilərindən biri oldu.
67
Tarix boyu müharibələr Romanın öz gücünü sınama, öz qüdrətini təsdiq etmə
və böyütmə meydanına çevrildi. Bu müharibələr yaxın qonşuları sabinlilərlə,
latinlilərlə, etrusklarla başlayıb, Aralıq dənizinin ətrafındakı ərazilərə keçdi. Bu
müharibələr heç də qələbələr seriyasından ibarət deyildi, Roma özü də ağır
məğlubiyyətlərə düçar olur, onun taleyi bəzən tükdən asılı olurdu. Təkcə Hannibalın
Kann qələbəsi bir az da inkişaf etsəydi, Romanın tam məhvi ilə nəticələnə bilərdi.
Lakin başqa xalqlardan fərqli olaraq romalılar məğlubiyyətdən heç də tam iflic
vəziyyətinə düşmürdülər. Əksinə taleyin belə dönüşü, bu xalqın müqavimət gücünü
xeyli artırırdı. Onların mübarizə hissi daha şiddətlə alovlanmağa başlayırdı, qəribə
görünsə də, romalılar böyük məğlubiyyətdən yaxşı ibrət dərsi alıb, onu böyük
qələbəyə çevirənə qədər öz daimi məqsədlərindən dönmürdülər. Yunan tarixçisi
Polibi müşahidə etmişdi: "Romalılar heç vaxt məğlubiyyət vaxtı olduğundan daha
sərt olmurdular". Məğlubiyyətin yaratdığı bu sərtlik, qəzəb hissi romalıları qəti
qələbəyə gətirib çıxarırdı. Əlbəttə, bu hiss həm də böyük əziyyətlərlə, döyüş
məharəti, yorulmazlıq və çətinliyə sinə gərmək qabiliyyəti ilə müşayiət olunurdu.
Romalılar düşmənin zəifliyinə deyil, öz döyüş məharətlərinə, hərbi ustalıqlarına,
spartalı dözümlülüklərinə bel bağlayırdılar. Qələbələr isə təkcə ruh yüksəkliyi deyil,
həm də böyük fayda gətirirdi, təzminatlar Roma iqtisadiyyatını inkişaf etdirməyin
gur mənbələrindən biri idi. Karfagen məğlub olması ilə təkcə bütün fillərini və hərb
gəmilərini deyil, İspaniyanı da Romaya təslim etdi və sonrakı 50 il ərzində 10 min
talant məbləğində təzminat verməyi vəd etdi.
Müasir dildə desək, Roma ideologiya maşını da bu qələbələrdən, özlərini
sarsılmaz triumfator səviyyəsinə qaldırmaq, həm də düşməni alçaltmaq üçün gen-bol
istifadə edirdi. Romalılar məğlub etdikləri Hannibalı "qeyri-insani qəddar və dinsiz"
kimi təsvir edirdilər. Bu vaxt onlar adi ədalət hissindən belə uzaqlaşırdılar. Axı
Hannibal öz bacarığı hesabına müxtəlif xalqlardan olan ordunu düşmən torpağında
15 il ərzində ciddi intizam altında saxlaya bilmişdi. Strateji və hərbi dühaya gəldikdə
çox az hərbi sərkərdə ona bərabər ola bilər. Qalib məğlub etdiyi dünənki rəqibinə
nəinki heç bir hörmət göstərmir, onun malik olduğu yüksək şəxsi keyfiyyətləri də,
döyüş meydanında ələ keçirilmiş qənimət kimi ondan almağa, məhrum etməyə cəhd
göstərir. Lakin tarix xeyli müddət keçdikdən sonra hər şeyi öz yerinə qoya bilir.
İisusun pritçasında olduğu kimi "Allaha Allahınkını, Sezara Sezarınkını" verə bilir,
məğlubiyyət nə qədər acı olsa da, buna qədər olan qələbələrin müəllifini ona məxsus
olan xüsusiyyətlərdən məhrum edə bilmir.
Qalibin şəxsiyyətinin arxasından, çox vaxt nəciblik və qabiliyyətdə ondan heç
də geri qalmayan, parlaq istedada malik olan və məğlubiyyət adlı piyalədəki qismət
zəhərini içməyə məcbur olan rəqibinin fiqurası boylanır. Qalibi nə qədər heyranlıqla
seyr etsək də, diqqətli nəzərlərimizi məğlubun üzərində cəmləşdirsək, biz zahirən
görünməyən bir çox həqiqətləri aşkar etməyə müvəffəq olarıq və rəğbət payımızın
müəyyən hissəsini bəxtin, taleyin cəzalandırdığı bu adama bəxş edərik.
İkinci və üçüncü Puniya müharibələri arasında üçüncü Makedoniya müharibəsi
(171-167-ci illər) baş vermişdi. Bu müharibə Makedoniya çarı Filippin oğlu Perseyin
ambitsiyaları hesabına meydana gəlmişdi və Perqam hökmdarı Evmenin Romaya
şikayəti ilə əlaqədar idi. Bu müharibənin nəticəsində Makedoniya dörd respublikaya
parçalandı. Bu müharibə vaxtı Perqam və Rodos Romaya gözlədiyi loyallığı
68
göstərmədiyinə görə, Romanın şübhəsinə düçar oldular. Perqamın çarları Romanın
razılığı olmadan heç nə edə bilmirdi. Rodos da Romadan maliyyə cəhətdən ziyan
çəkirdi. Hətta Roma birbaşa məsuliyyətdən qaçırdı, lakin nəticədə 149-148-ci illərdə
Makedoniyanın narahatlığını bərpa edərək, onu burada da Roma əyaləti yaratmağa
məcbur etdi. Nəticədə Egey liqası ümidsizlikdən qiyam qaldırdı. Sonra liqa buraxıldı
və Roma konsulu L.Mammi yunanlara ibrət dərsi vermək üçün 146-cı ildə Korinfi
dağıtdı. Yunanıstan formal olaraq müstəqil qalırdı, lakin ona Makedoniyadakı pretor
nəzarət edirdi.
Puniya və Makedoniya müharibələri başa çatdıqdan sonra Romanın 6 əyaləti -
Siciliya, Sardiniya (Korsika ilə birlikdə), romalıların Yaxın və Uzaq adlandırdıqları
iki İspaniya əyaləti, Makedoniya və Afrika əyalətləri var idi. Roma imperiyasının
təşkil edilməsi ilə əlaqədar olan məsələlərin bütöv həlli isə, Aralıq dənizi dünyasını
xaosa yaxın olan vəziyyətə gətirən digər daha acılı və çətin əsrə keçməli idi.
M.ə. 133-cü il Aralıq dənizi dünyasının tarixində görünən dönüş nöqtəsi oldu.
Buna qədərki era ərzində (264-133-cü illər) Roma sivilizasiyalanmamış qərb
sahillərini və mədəni şərq sahillərini işğal etdi. 133-cü ildən sonrakı əsr yarım
ərzində, bizim eranın 14-cü ilinə qədər Aralıq dənizi dünyası geniş yayılmış
müharibələrdən, qədim dövrlərdə heç vaxt görünməmiş bir əziyyət çəkirdi. Roma
sərkərdələri Romanın hegemonluğunu rəhmsiz qaydada öz şöhrətləri və maliyyə
mənfəətləri hesabına genişləndirirdi. Əyalətlər Romaya qul və axtardığı sərvəti
axıdırdı. Bu şəhərin böyüməsinə və əhalisinin artmasına səbəb oldu.
Romanı qarşıda hələ çox sınaqlar, iri müharibələr, bunlardan ən dəhşətli
olanları - vətəndaş müharibələri gözləyirdi. Romanın bünövrəsi qoyularkən
Bibliyadakı Qabil kimi qardaş qanı tökən Romul elə bil bu şəhərin tarixinə yazmışdı
ki, o, qansız keçinməyəcəkdir, öz böyüklüyünü və şöhrətini də qan tökməkə əldə
edəcəkdir. Bu müharibələr həm də dünya hərb tarixinə Hannibal kimi dahi sərkərdə,
döyüşün aparılmasında Fabi taktikası bəxş etdi. Roma hərb qüdrətinin yenilməzliyini
isə Publi Korneli Stsipion və Publi Korneli Stsipion Emilian kimi, hər ikisi "Afrikalı"
ləqəbi almış sərkərdələr bir daha sübut etdilər.
|