Tənqid + ədəbiyyat



Yüklə 94,73 Kb.
tarix03.04.2017
ölçüsü94,73 Kb.
#13201
Martın 17-də Yazıçılar Birliyinin Natəvan klubunda ədəbi tənqid üzrə hesabat yığıncağı keçirildi. Tədbiri giriş sözü ilə Arif Əmrahoğlu açaraq, tənqidin müzakirəyə daha çox ehtiyacı, bu gün tənqiddə daha çox gənclərə tələbat olduğunu vurğuladı amma onların öz fəaliyyətlərini nümayiş etdirmək üçün kifayət qədər dərgilərin və internet saytlarının olduğunu söylədi, məruzə etmək üçün sözü tənqid, publisistika bölməsinin rəhbəri Bəsti Əlibəyliyə verdi.

Tədbirdə Anar, Fikrət Qoca, Gülrux Əlibəyli, İlyas Tapdıq, Vaqif Yusifli, Qəşəm Nəcəfzadə, Səlim Babullaoğlu, Nüşabə Məmmədli, Elçin Hüseynbəyli, Adil Cəmil, Aydın Xan, Elxan Zal Qaraxanlı, Gülxani Pənah, Şəhriyar Hacızadə, Allahverdi Eminov, Səxavət Talıblı, Gümüşüd Nuriyev vəbaşqaları çıxış edərək məruzə haqqında öz fikirlərini söylədilər.

Tənqid + ədəbiyyat

Azərbaycan Yazarlar Birliyi Tənqid və Publisistika

seksiyasının qurultayqabağı məruzəsi (17 mart 2011-ci il)
Əziz dostlar və hörmətli həmkarlar!

Məruzəyə başlamazdan öncə 11-12-ci qurultaylar arasında Tənqid və Publisistika seksiyasının həyata keçirdiyi layihələr barədə qısa bilgi vermək istərdim.

Sözügedən dövrdə Seksiyanın xətti ilə “Mətbuatdan ədəbiyyata azad söz axını” (2005), “Çağdaş tənqid: problemlər, vəzifələr” (2007), “Rəsul Rza ənənələri və çağdaş ədəbi proses” (2010) mövzusunda üç konfrans keçirilmişdir. Birinci konfrans “Azad söz” Beynəlxalq Mətbuat Fondunun təşkilati dəstəyi, son iki konfrans isə Yeni Yazarlar və Sənətçilər Qurumunun birgə layihəsi kimi gerçəkləşmişdir. Fürsətdən istifadə edərək bu layihələrdə yaxından köməyinə görə gözəl şairimiz Musa Yaquba, tənqidçi dostum Aydın Xana ürəkdən təşəkkürümü bildirir və mərhum jurnalist həmkarım Məmməd Nazimoğlunun ruhu qarşısında baş əyirəm.

Bir məlumatı da diqqətinizə çatdırım ki, Seksiyanın dosyesində “Rəsul Rza: “Ömrün birinci yüz ili” adlı fundamental bir kitab da var və Azərbaycan sərbəst şeir məktəbinin banisi haqqında çağdaş ədəbi tənqidin düşüncələrini əks etdirən həmin nəşr yaxın günlərdə oxuculara təqdim olunacaq.


2007-ci il mayın 14-də keçirilmiş konfrans-hesabat diqqətə alınarsa, Tənqid- Publisistika Seksiyası bu gün artıq ikinci hesabatını təqdim edir.( Maraqlananlar “525-ci qəzet”in arxivində ( 106-107 və 108-ci saylar) və internetdə 2004-2007-ci illəri əhatələyən birinci hesabatın mətni ilə də tanış ola bilərlər.)
***

Öncə ədəbi prosesin mənzərəsini əks etdirən nəşrlər barədə. Əsas mənzərənin yükü, təbii ki, ilk növbədə AYB-nin nəşrləri olan “Azərbaycan”, “Literaturnıy Azerbaydjan”, “Ulduz” jurnalları və “Ədəbiyyat qəzeti”nin payına düşür. On birinci qurultaydan sonra təsis edilərək ötən ilə qədər fəaliyyət göstərən “Körpü” ədəbi tənqid dərgisi və 2009-cu ildən “Ədəbiyyat qəzeti”nin əlavəsi kimi rus dilində, ayda bir dəfə cıxan “Mir literaturı” qəzetlərinin fəaliyyəti ilə ədəbi prosesin əhatə dairəsi bir qədər də genişlənmişdir.

Müstəqil mətbuat orqanları arasında “525-ci qəzet”milli ədəbiyyata birtərəfli mövqeyi, həm ənənəyə, həm də yeniliyə optimal yanaşması, cari ədəbi prosesə geniş yer ayırmasıyla öndə gedir və son dövr fəaliyyəti ilə “Kaspi” qəzeti də bu öncül mövqeni bölüşür.

Sözügedən dövrdə “Azadlıq, “Ədalət”, “Yeni Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” kimi ictimai-siyasi qəzetlər də ədəbiyyata müəyyən yer ayırmış, mədəniyyət təmayüllü “Kredo” və “Sənət qəzeti”, “Alatoran” və “Tənqid. net” ədəbi dərgiləri ümumi prosesi diqqətdə saxlamışlar.

İnternetin həyatımıza sıx daxil olmasıyla şəbəkə ədəbiyyatı da aktuallaşıb və “kultaz. com”, “azadlıq.org”, “lit.az”, AYB-nin “ayb. org”, Yeni Yazarlar və Sənətçilər Qurumunun “kitabxana.net.”, Dünya Gənc Türk Yazarlar Birliyinin “dgtyb. orğ.” kimi elektron media vasitələri prosesi müxtəlif mövqelərdən mütəmadi izləməklə onun canlanmasında yaxından iştirak etmişlər.
***
Aydındır ki, tənqidin predmeti ədəbiyyat, vəzifəsi isə ümumi vəziyyəti və ayrı-ayrı nümunələri izləməklə prosesi canlandırmaq, yaranan əsərlərin tipologiyası, fəlsəfə, poetika və problematikasını, istiqamət və meyllərin nəzəri əsaslarını müəyyənləşdirmək, ədəbi hadisələri dəstəkləməklə cəmiyyətin problemlərini qabardan cəsarətli yazıçı ilə həmrəylik nümayiş etdirmək və lazım gələndə onu qorumaqdır.

Müasir tənqid bu vəzifələri həm akademik, həm də praktik səviyyələrdə həyata keçirməyə çalışmışdır.

Məsələn, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda hər ilin ədəbi yekunları ilə bağlı respublika miqyaslı geniş müşavirə keçirilib. Artıq bir ənənəyə çevrilən həmin müşavirələrdə müxtəlif tənqid texnologiyaları, yeni yaranan ədəbiyyat, ümumi ədəbi prosesin stixiyası və cari problemlərinədək bir çox məsələlər müzakirə olunmaqla normal inkişaf yolları aranıb.

Ümumiyyətlə, müstəqillik dövrü akademik tənqidinin ədəbiyyata yanaşmasında əvvəlki dövrlərin tədqiqi ilə yeni dövr arasında tədrici bir balanslaşdırma və elmi dildən elmi-populyar üsluba yaxınlaşma müşahidə olunur ki, bu da cari proseslə canlı əlaqəyə girməklə ona təsir imkanlarını genişləndirir.

Tənqidin çağdaş ədəbi proseslə dinamik əlaqəsi Xalq yazıçısı, tənqidçi- ədəbiyyatşünas Elçinin də daimi diqqətində olmuşdur. Hər il mətbuatda çap olunan geniş əhatəli ədəbi-tənqidi icmalları, problematik məqalələriylə Elçin prosesin canlanmasına böyük stimul vermişdir. Onun “Müasir dövrdə Azərbaycan ədəbi tənqidinin yaradıcılıq problemləri”, “Bizim ədəbi prosesdə bir lümpençilik yaranıb...dəhşət budur”, “Ədəbiyyatımızın Vaysman xəstəliyi”, “Azərbaycan ədəbi prosesində nə baş verir” adlı məqalələri ədəbi mühitdə ajiotaj yaratmaqla mətbuatda və kluarlarda uzunmüddətli müzakirələrə səbəb olmuşdur.

AMEA-nın müxbir üzvü, tənqidçi və ədəbiyyat professoru Nizami Cəfərovun

2007-ci ildə çap olunmuş beş cildlik “Seçilmiş əsərləri” isə tənqidin elmi-nəzəri bazası, bədii mətnlərin dil-üslub xüsusiyyətləri və ədəbiyyat tarixi kontekstində öyrənilməsi baxımından çox əhəmiyyətli mənbələrdir.

Ümumiyyətlə, 11-12-ci qurultaylar arasındakı dövrdə, yüvarlaq götürsək, son onillikdə gedən ümumi ədəbi proses həm akademik, həm də praktik ədəbi tənqid tərəfindən izlənmişdir. Bu mürəkkəb vəzifənin yerinə yetirilməsində ədəbiyyatşünas alimlər- Bəkir Nəbiyev, Ağamusa Axundov, Gülrux Əlibəyli, Kamal Abdulla, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Akif Hüseynov, Rahid Ulusel, Asif Hacılı, Rüstəm Kamal, Arif Əmrahoğlu,Telman Vəlixanlı, Tehran Əlişanoğlu, Sabir Bəşirov, Xanverdi Turaboğlu, Aydın Talıbzadə də, praktik tənqidin nümayəndələri Vaqif Yusifli, Cavanşir Yusifli, Əsəd Cahangir, Azər Turan, Aydın Xan, Bəsti Əlibəyli, Nərgiz Cabbarlı, İradə Musayeva, Elnarə Akimova da çiyin-çiyinə çalışmışlar. AYB-nin ədəbi orqanlarında və digər mətbuat vasitələrində işləyən Adil Cəmil, Sərvaz Hüseynoğlu, Südabə Ağabalayeva, Flora Xəlilzadə, Kəbutər, Əbülfət Mədətoğlu, İlham Abbasov, Elçin Səlcuq, Ceyhun Musaoğlu, Sevinc Mürvətqızı, Elnarə Tofiqqızı kimi bir sıra qələm adamlarının da bu işdə əməyi keçmişdir.

Əsas ağırlığı isə təbii ki, praktik ədəbi tənqidlə məşğul olan yazarlar çəkmişlər və yeri gəlmişkən, bu kiçicik zümrə üzvlərinin fəaliyyətini ayrı-ayrılıqda bir neçə kəlmə ilə səciyyələndirmək istərdim;

Hesabat dövrü də daxil olmaqla, ümumən, son 30-40 illik ədəbi prosesin əsas zəhmətini çəkən Vaqif Yusiflinin tənqid yaradıcılığı müasir ədəbiyyatımızda təmsil olunan bütün nəsillərə hörməti, eyni zamanda, bütün janrlara diqqəti, mətndən çıxış etməsi və ədəbi-tənqidi icmalları ilə seçilib.

Əsəd Cahangir araşdırmalarını dünya ədəbiyyatı ilə müqayisəli aspektdə qurması və dramaturgiyaya digər həmkarlarından daha çox diqqət ayırması ilə fərqlənmişdir.

Azər Turan əsasən strateji planda, ümumtürk düşüncəsi yönündə çalışaraq dəyərli tədqiqatlar ortaya qoymuşdur.

Mətnə əsasən kulturoloji planda yanaşan Aydın Xan kitabları və çoxsaylı təhlil yazıları ilə yanaşı, internet şəbəkəsində fəallığı, bu məkanda kitabxana yaratması və hər il keçirdiyi Respublika kitab bayramı ilə prosesə enerji vermişdir.

Müşahidələrini əyalətdən aparan Sabir Bəşirov monoqrafik tədqiqatları və müxtəlif nəsillərin nümayəndələrini təhlilə cəlb etdiyi peşəkar yazıları ilə yanaşı, həm də bir ziyalı nəcibliyi və səmimiyyəti ilə seçilib.

Pərvanə Məmmədlidə Güney ədəbiyyatını, Elnarə Akimova, İradə Musayeva və Nərgiz Cabbarlıda çağdaş poeziyanı, Bəsti Əlibəylidə yaşlı və orta nəsil yazarlarını tədqiq meylləri özünü daha qabarıq göstərib.

Ədəbiyyat elmi ilə ədəbi tənqidin mövqeyini qoşalaşdıran yazarlardan;

Rahid Uluselin yazıları mətnin ümumsənət kontekstində və fəlsəfi planda araşdırılması ilə seçilib;

Daha çox mif məntiqi ilə mətnə açar salan Rüstəm Kamal pritçavari yazıları ilə milli tənqidin formatını dünyəvi esse modelinə yaxınlaşdırıb;

Mətnlə bir neçə qatda işləməyə və onun gizli qatlarını filoloji açarla açmağa üstünlük verən Cavanşir Yusifli həm də ədəbi-tənqidi fikrimizin Bəkir Nəbiyev, Nizami Cəfərov, Arif Əmrahoğlu, mərhum ədəbiyyatşünas Araz Dadaşzadə kimi nümayəndələri haqqında portret yazılarıyla fərqli bir mövqe nümayiş etdirib. Cavanşirin bu manerası, adətən başqaları haqqında yazan və özlərinin də dəyərləndirilməsinə ehtiyac duyan cəfakeş bir zümrəyə sayğı və diqqət nümunəsi kimi hörmətə layiqdir. Və mən həmkarımzla həmrəylik nümayişi olaraq Vaqif Yusiflinin Bəkir Nəbiyev, Nizami Cəfərov, Aydın Xanın mərhum ədəbiyyatşünas Şamil Salmanov, məruzəçinin Sovet dövr tənqidinin görkəmli simalarından olan Cəfər Cəfərov, çağdaş dövr tənqidçilərindən Sabir Bəşirov, Aydın xan barədə portret yazılarını da bu silsiləyə əlavə etmək istərdim.
90-cı illərin keçid dövrü də daxil olmaqla çağdaş ədəbi proses tənqidin əsas diqqət mərkəzində olmuşdur. Prosesi mütəmadi işıqlandıran cari təhlil yazıları ilə yanaşı, xeyli monoqrafiyalar, fundamental araşdırmalar da işığa çıxıb.

Vaqif Yusiflinin Rəsul Rza, Fikrət Qoca, Anar, Nərgiz Paşayevanın Elçin, Rahid Uluselin Rəsul Rza, Asif Hacılının, Elçin Səlcuqun Kamal Abdulla, Cavanşir Yusiflinin Əli Kərim, Ramiz Rövşən, Əsəd Cahangirin Anar, Sabir Bəşirovun Sabir Rüstəmxanlı, Nəriman Əbdülrəhmanlı, Əlabbas, Gülxani Pənahın Fikrət Qoca, Mir Cəlal, Fərhad Mədətovun Sabir Əhmədli, Qurban Məmmədovun Əli İldırımoğlu, Mübariz Məsimoğlunun Vaqif Bayatlı haqqında yazdığı bu monoqrafiyalar, adlardan da göründüyü kimi, yaşlı və orta nəsil yazarlarının tədqiqinə həsr olunub.Sözügedən nəsillər haqqında çoxsaylı mətbu yazıları da (Rüstəm Kamalın Hüseyn Arif, Nüsrət Kəsəmənli, Rəsul Rza haqqında filoloji esseləri, məruzəçinin Yusif Səmədoğlu, Anar, Sabir Əhmədli, İsa Muğanna, Əkrəm Əylisli, Elçin, Kamal Abdulla, Məmməd Araz, Fikrət Qoca, Ramiz Rövşən, Vaqif Bayatlı barəsində təhlil və dialoqları və s.) bu sıraya əlavə edəndə aşağıdakı nəticələrə gəlmək olar;

a) Tənqid yaşlı və orta nəsil yazarlarının müasir ədəbiyyatımızda təkzibedilməz rolu olduğunu kollegial şəkildə təsdiqləyir;

b) Tədqiqatçı bütöv yaradıcılıq sistemi, bəlirlənmiş bədii-estetik konsepsiyası olan mətnlərlə işləməyə üstünlük verir;

v) Son on onilliyin ədəbi prosesi 90-cı illərdəki xaosla müqayisədə daha aydın bir axara düşdüyü kimi, ədəbi tənqidin mətnə əvvəlki illərdəki fraqmentar, birtərəfli, lokal yanaşması da nisbətən sistemli və prosessual yanaşma ilə əvəzlənir.

***
Cari tənqid prosesində yazıçılar da yaxından iştirak etmişlər.

Ənənə kimi ötən əsrin 50-60-cı illərindən başlayan bu xeyirxah missiya yenə də Anar, Elçin başda olmaqla Fikrət Qoca, Ayaz Vəfalı, İntiqam Qasımzadə, Adil Mirseyid, Tofiq Abdin, Vaqif Bəhmənli, Rəşad Məcid, Əlirza Xələfli, Elcin Hüseynbəyli, Səlim Babullaoğlu, gənc nəsildən Kənan Hacı, Oqtay Hacımusalı, Günel Mövlud, Nərmin Kamal kimi yazıcı və şairlərin timsalında davam etməkdədir.

Cingiz Əlioğlunun “Fraqmentlər” kitabı isə sözün həqiqi mənasında professional tənqid toplusu sayıla bilər. Kitabda təqdim olunan “Şeirin bütöv fəzası”, “Nar yanar anar səni”, “İstedad qanunları ilə yaşamaq lazımdır”,“Vaxtla uzlaşmağı bacarmayanda” və digər yazılar peşəkar tənqid, yazıcı tənqidi və ya oxucu tənqidi kimi təsnifatların şərtiliyini isbatlamaqla göstərir ki, savadlı yazıçı bədii mətni görüb təhlil etməyə istənilən tənqidçidən daha yaxındır. Fəhmli, həssas insan canındakı ağrılara həkimdən daha yaxın olduğu kimi.

Ümumən, son illər yazıçı tənqidinin fəallaşması müşahidə olunur. Praktik ədəbi tənqidlə məşğul olan yazarların beş-üç nəfərlə məhdudlaşdığı hazırkı şəraitdə bu meyl, elə bilirəm ki, yaxşı haldır. Xüsusən ona görə yaxşıdır ki, həmin o beş-üç nəfər də cəfadan, bir-birini sinirməməkdən və qeyri şeylərdən bıqıb kənara çəkilsə, Əlahəzrət ədəbiyyat diqqətsiz qalmayacaq.
***
Tənqidin, şəksiz ki, ciddi problemləri də mövcuddur. Onların çoxu 2004-2007-ci illər üzrə hesabatda qeyd olunsa da, bir qismini təkrarlamağa məcburam;

Ədəbi tənqidin ədəbiyyatın ayrı-ayrı janrları və istiqamətləri üzrə ixtisaslaşmaması yenə də ciddi problem olaraq qalmaqdadır. Bu problem həll olunmayınca təhlilin professional səviyyəsinin və faydalılıq əmsalının yüksəlməsi də arzu olaraq qalacaq.

Günümüzün bəzi təhlillərində mətndən başqa hər şeydən gen-bol bəhs olunur.

Məsələn,“izm”lərdən bir qəlib düzəldilir və istənilən mətn, uyğun gəldi-gəlmədi, həmin qəlibə tökülməklə əyarlanır.

Bəzənsə gerçək mətnin mahiyyətini anlamayan (və ya anlamaq istəməyən) tənqidçi onu bir kənara qoyaraq öz təxəyyülündə uydurduğu yapma mətnin fəlsəfəsini “açmağa” girişir. Hər iki halda orijinal itirilir, mətnətrafı gəzişmələr isə gözə girir. Və aydındır ki, gerçək mətnə əsaslanmayan təhlil ədəbiyyata xidmət etmir.

Ən pisi isə budur ki, tənqidci sanki təhlildən çox, mətni və müəllifi əzməyi qarşısına məqsəd qoyaraq onu dünya ədəbiyyatına müncər etməklə “plagiat ovu”na çıxır. “Ədəbiyyatımızın” Vaysman xəstəliyi” məqaləsində Elçinin söylədiyi aşağıdakı sözlər, elə bilirəm ki, bu cür üzdəniraq tənqidə ən yaxşı cavabdır: “Başqalarına səcdə etmək də, milli ədəbiyyatı başqa ədəbiyyatların xeyrinə, həmin ədəbiyyatlarla kor-koranə müqayisə etmək də bir xəstəlikdir.”

Tənqid heç vaxt boş dayanmasa da, bir sıra ciddi ədəbi faktlara professional yanaşmasında və münasibətində boşluqlar olmuşdur. Məsələn, nəsrimizin nəhəngi İsa Muğanna bir qərinədir ki, mühitdən uzaqlaşıb öz hücrəsinə çəkilsə də, yazı masasından uzaqlaşmayıb, əksinə 80-ci illərə qədərki yaradıcılığı ilə tam əkslik təşkil edən “Əbədiyyət”, “Gur ünü”, “Cəhənnəm”, “İsa həq, Musa həq”, “Qəbristan” kimi yeni əsərləri ilə öz apogeyinə yüksəlib. Bəs Muğanna fenomeninin fəlsəfi, ideya-estetik kök və mahiyyətində nələr durur? Yazıçı hansı yaradıcılıq metoduna, hansı məntiqə, hansı genetik yaddaşa söykənir? Təəssüf ki, ədəbi-tənqid milli bədii təfəkkürümüzdə misli olmayan bu fenomeni aça bilməyib.

Rusiyada yaşayan ixtiyar yazıçımız Çingiz Hüseynovun dünyanın sonuncu peyğəmbəri həzrəti Məhəmmədin həyatından yazdığı roman isə ümumən, milli ədəbi-tənqid tərəfindən sükutla qarşılanıb. Halbuki, bu roman Rusiya mətbuatında çox geniş rezonansa, mübahisə və müzakirələrə, hətta qalmaqallara səbəb olmuşdur.

Sirr deyil ki, bu gün ədəbiyyat yaratmaqdan çox, ədəbiyyatı bir vasitəyə çevirməklə özü ətrafında çevik reklam qurmaqda maraqlı olan işbazlar çoxalıb.Tənqid ciddi ədəbiyyata dəxli olmayan bu cür işbazlarla mübarizə aparmalı olduğu halda, bəzən özü onların məqsədlərinə xidmət edir.

Gəncliklə bağlı neqativliyin artmasında isə həm tənqidçi, həm də yazıçı qismi iştirak edir. Ədəbiyyatın kandarına və ədəbi mühitə təzəcə ayaq basan gəncləri hansısa gələcək məqsədlərdən dolayı öz təsir dairəsinə almaq üçün hər iki tərəfdən (təbii ki, bu cür neqativ maraqlar əksəriyyətə aid deyil) canfəşanlıq göstərilərək avans təriflər, silsilə məqalələrlə onlardan saxta ədəbi vunderkindlər düzəldilir. Aydındır ki, bu da gələcək yersiz iddialara və başağrısına zəmin hazırlayır.

Vurğulanan məsələlər də göstərir ki, ədəbi tənqid hesabat dövrünü xeyli kəsir və problemlərlə başa vurur. Lakin uğurlu əsərlərin az yaranması və ya ədəbi hadisələrin olmaması tənqidin problemi deyil. Bu artıq yazıçının istedad problemidir ki, nə Belinski, nə də Borxes tənqidi onu həll edə bilməz.



Nəhayət, bir mesaj:

Ölkədə dərc olunan çoxsaylı nəşrlərdə və internet portallarında yüzlərlə, bəlkə də minlərlə ədəbi yazılar dərc edilir. Şübhəsiz ki, onların əksəri həvəskar mətnlərindən ibarətdir.Tənqidçi isə bütün bu makulaturanı, qrafoman cızma-qaraları oxumağa heç də borclu deyil. Nəzərə alsaq ki, AYB-nin bu gün 1500 üzvü var və bu qədər də “yazıçı” AYB-dən kənarda “qələmin qarası, kağızın ağı” deyibən yazmaqdadır, onda tənqidçinin vəziyyətini təsəvvür edin. Təkcə Birlik üzvlərinin “ kütləvi istehsalını” (bu ifadəni işlətməyə məcbur qaldığıma görə bütün varlığıyla ədəbiyyat adamı olan istedadlı, mötəbər yazarlarımızdan üzr diləyirəm) oxumağa tənqidçinin ömrü və vaxtı çatmaz.


***
Dəyərli toplantı iştirakçıları!

Ədəbi tənqid ayrıca bir sahə olsa da, müstəqil yaradıcılıq sahəsi deyil. Öndə qeyd etdiyim kimi, tənqidin predmeti ədəbiyyatdır və bir sahə kimi də ədəbiyyata görə mövcuddur. Bu faktoru nəzərə alaraq məruzəni tənqid və ədəbiyyat olmaqla iki bölümdə hazırladım. Lakin poeziya, nəsr və dramaturgiya üzrə ayrıca hesabatlar olduğundan, məqsəd ümumi ədəbiyyatın təfsilatını vermək yox, yığcam bir xülasə ilə istiqamətlər, meyllər və problemlərə münasibət bildirməkdir.


Poeziya
Müşahidələr göstərir ki, müxtəlif dövrlər özüylə bərabər, həmin dövrün yazı havasını, başqa sözlə desək, ədəbiyyata sosial sifarişi də müəyyənləşdirir. Məsələn, ötən əsrin 60-cı illər liberallaşmasında cəmiyyətin dərin və müstəqim yazıya daha çox ehtiyacı olduğundan, İsmayıl Şıxlı, İsa Muğanna, Çingiz Hüseynov, Yusif Səmədoğlu, Anar, Əkrəm Əylisli, Elçin, İsi Məlikzadə, Maqsud İbrahimbəyov kimi güclü nasirlərin timsalında epik ədəbiyyatın- nəsrin mövqeyi qabardı. Və təsadüfi deyil ki, indinin özündə də “60-cı illər ədəbiyyatı” deyəndə daha çox o dövrün nəsri xatırlanır. 70-ci illərin və sonrakı dövrün emosional havasında isə Məmməd İsmayıl, Çingiz Əlioğlu, Ələkbər Salahzadə, Ramiz Rövşən, Vaqif Bayatlı Odər, Rüstəm Behrudi, Vaqif Bəhmənli və digər isimlərlə poeziyanın təkrar qalxınması baş verdi.

Çoxəsrlik tarixi ənənə, xalq olaraq şairlik ehtirası, “atüstü” yazı imkanları, sosial faktorlar, məsələn, deyək ki, biznesmen ola bilməyənlərin heç olmazsa şair olmaq istəyi kimi ən müxtəlif səbəblərdən indi şeirə daha total axın başlayıb. Son illərdə yazılan ədəbi tənqid icmallarının əsasən poeziya haqqında olması da faktı təsdiqləyir.Vaqif Yusiflinin “2006-cı ilin poeziyası”, “Poeziyamız haqqında düşüncələr: 2009-2010”) icmalları, “Poeziyanın yolları və illəri” monoqrafik tədqiqatı, Tehran Əlişanoğlunun “Azərbaycan şeirinə rezüme”, İradə Musayevanın “Şeirimizin bu günü, bu günümüzün şeiri” icmal məqalələri, Nərgiz Cabbarlının “Yeni nəsil poeziyası” seriya araşdırmalarından ibarət olan bu ümumiləşdirici təhlillərdə çağdaş şeirin ruhu, bədii-estetik keyfiyyəti şərh edilməklə, bu sahəyə kütləvi axına da müəyyən aydınlıq gətirilib.

Qısa şəkildə mənim deyəcəklərim isə bunlardır:

Günün poeziyası ənənəvi və sərbəst şeir olmaqla iki əsas təmayülü və dirçəlməkdə olan bir neçə meyli özündə ehtiva edir. Yaşlı, orta və yeni nəsil nümayəndələrinin birgə iştirak etdiyi prosesdə sonuncu iki nəsil daha fəal və seysmikdir. Obrazlı desək, babalar akademik külliyyatlar, oğullar seçilmiş əsərlər, nəvələrsə, hələlik çeşidlənməmiş təzə-tər şeirlər üzərində işləyir. Və kimilər həm də ortaya yeni yaradıcılıq faktları qoyur, kimilər yeni poetik yol tərcih edir, kimilərsə nəfəsini dərdikdən sonra yenidən karvana qoşulur.

Məsələn, Vaqif Bəhmənli, Əjdər Ol, Əlisəmid Kür, Adil Şirin, Ağacəfər Həsənli, Paşa Qəlbinur, Qəşəm Nəcəfzadə, Elçin İskəndərzadə, Əlizadə Nuri, Salam, Qulu Ağsəs, Tofiq Qaraqaya,Vüqar Əlisoy, Etimad Başkeçid, Şərif Ağayar, Aqşin, Kənan Hacı, Əkbər Qoşalı, Qismət həm ənənəvi, həm də sərbəst janrda maraqlı şeir silsilələri və kitablarla çıxış etmişlər.

Sözügedən dövrdə Səlim Babullaoğlunun “İlyas Köçmənin şəkil dəftəri”, Elxan Zalın “Türk əsrinin türküləri” və “Torqovı peyzajı”, Zahir Əzəmətin “Divar yazıları” kimi həm forma, həm də bir sistem kimi orijinal poetik məcmuələr də işığa çıxıb. Bu yenilik Xalq yazıçısı, tənqidçi-ədəbiyyatşünas Elçinin də diqqətini çəkmiş və o,“Azərbaycan ədəbi prosesində nə baş verir” adlı məqaləsində “İlyas Köçmənin şəkil dəftəri” ilə “Torqovı peyzajı”na xüsusi münasibət bildirmişdir.

Zirəddin Qafarlının, Adil Cəmilin, Nazim Əhmədlinin, İbrahim İlyaslının, İlham Qəhrəmanın, Sərvaz Hüseynoğlunun şeirləriylə həm qoşmanın imkanlarının tükənmədiyi, həm də bu vəznin poeziyamızda həmişə yeri olduğu sərgilənib.

İmir Məmmədli, Balayar Sadiq, Mahmud Vəli, Amil Avey, Fəxrəddin Meydanlı,... dövri mətbuatda, ədəbi dərgilərdə yenidən tez-tez görünməyə başlayıb.

60-70-ci illərin, həm də günümüzün şeirinin istedadlı təmsilçisi Firuzə Məmmədli başda olmaqla, Mahirə Abdulla, Məlahət Yusifqızı, Fərqanə Mehdiyeva, Həyat Şəmi, Gülnarə Cəmaləddin, Günel Mövlud, Xuraman Hüseynzadə,Narıngül, Şəfəq Sahibli kimi xanımlar şövqlə yazıb-yaratmışlar.

Cağdaş Türkiyə poeziyasında təsəvvüf şeiri artıq kecilib arxada qalmış bir mərhələ olsa da, sovet dövrü Azərbaycan poeziyasında sönən bu meyl yenidən dircəlməkdədir. Bəlkə də bu səbəbdən ki, irfan şeiri mahiyyətcə arınıb-durularaq Allaha, insana, mənəvi paklığa qayıtmaqdır və yaşadığımız zamanın belə bir durulmaya ehtiyacı var.

80-ci illərdən etibarən Akif Səmədin, Səməd Qaraçöpün, Murad Köhnəqalanın, Şaiq Vəlinin şeirində yavaş-yavaş puçurlayan irfan bu gün Barat Vüsal, Məhəmməd Astanbəyli, Zahid Sarıtorpaq, Ədalət Əsgəroğlu, Məmməd Dəmirçioğlu, Nisəbəyim, Xanəmir, kimi istedadlı yazarların timsalında barlı ağaca çevrilməkdədir.

Poeziya üzrə məruzəçi Ağsəs klassik şeirdən danışarkən xeyli imzalarla yanaşı, “Şəms” ədəbi məclisinin adını çəkdi. Onun qeydlərinə ciddi əlavəmiz budur ki, Əlağa Vahid zirvəsindən sonra klassik şeirin ikinci dirçəlişi 1990-cı ildə Azərbaycan Yaradıcılıq Fondu nəzdində fəaliyyətə başlamaqla ikinci ömrünü yaşayan və son illər əhatə dairəsini genişləndirərək Dövlət Televiziyasında həm nəzəri, həm praktik fəaliyyətini davam etdirən “Məcməüş-şüəra” ədəbi məclisinin adıyla bağlıdır. Rüstəm Samit, Şahin Fazil kimi qəzəl ustalarının rəhbərlik etdiyi məclisin üstünlüyü bundadır ki, Həkim Qəni, Hacı Mail, Ələmdar Mahir, Ələkbər Şahid, Ağaəmi Buzovnalı, Şövkət İmami, Nurəddin Nur, Vaqif Əlirzalı, Gülnigar Rəhimli, Mahcamal və digər klassik şeir sevdalıları ilə birgə, tanınmış ədəbiyyatşünas alimləri, tənqidçi və şərqşünasları da başına toplaya bilmişdir. Ədəbiyyata əruz vəznində şeirlərlə gələn və bu gün daha çox nasir kimi tanınan İlqar Fəhmi də “Məcməüş-şüəra”nın yetirməsidir.

Yaxınlarda mən əruzun daha bir nümayəndəsinin- Əli Aslanoğlunun qəzəlləriylə tanış olarkən bu qədim şeirin heç zaman köhnəlmədiyini bir daha yəqinləşdirdim. Ərəbcəni, əruzun poetikasını və mövcud 19 bəhrini mükəmməl bilən və rəcəz kimi ən çətin bəhrdə belə qəzəl (həm də Azərbaycan ləhcəsində) yaradan, eyni zamanda, bu klassik şeir vəzninə xeyli novatorluq elementləri gətirən (baş qafiyəli, rədif qafiyəli qəzəl, əruzlu gəraylı və s.) bu mahir söz ustasının yaradıcılığı Nizami Cəfərov, Teymur Kərimli, Məhərrəm Qasımlı kimi tanınmış ədəbiyyatşünas alimlərin də ciddi marağını cəlb etmişdir.

Deyirlər, əsil şeir 40 yaşda bitir. Amma böyük qürbət şairimiz Məmməd İsmayıl faktoru bu tezisin üstündən xaç çəkərək ortaya yeni formula qoyur; ilham sönəndə nəinki 40, hətta 30 yaş da qocalıqdır, ilham çağlayanda həyatla ölüm arası bütün ömür cavanlıqdır. 2007-ci ildə 450 səhifəlik “Yoxun varlığı” kitabındakı yeni və tam başqa qiyafəli şeirləriylə qürbətdən evinə gələn 70 yaşlı Məmməd İsmayıl bu kitabla sübut etdi ki, o, müasir şeirimizin ən hissiyyatlı gəncliyidir.

ŞÖZə səcdəsindən dolayı özünün kosmik təfəkkürlü şeirlərinin çapına belə cəhd etməyən Rəhman Babaxanlı, bu gün əsil dədə-baba qoşmanın gözəl nümunələrini yaradan Məmməd İlqar da 40-dan sonra yenidən doğulanlardandır.

Bəs, ümumiyyətlə, şeir nədir? Amerika modern şeirinin banilərindən olan Uitmen şeiri insanı günahlardan arındırıb təmizləyən, saflaşdıran Məhşər alovu hesab edir və onun gücünü də məhz bunda görürdü. Son zamanlar Avropadan leksikonumuza daxil olan “şeir ölür” antitezası da hərfi anlamda deyil, məhz bü kontekstdə- şeirin energetik gücünü itirməsi kimi anlaşılmalıdır. Çünki Məhşər funksiyası şeirin zahiri formasında, ölçü-biçisində deyil, batini energetik kütləsində və o kütlənin mayasını təşkil edən ağrı- hissiyyat ötürücülüyündədir. Və əgər şeir bu doğal xassəsini itirirsə, Məhşər gücünü də itirir və onun ölümüylə barışmaq lazım gəlir. Təəssüf ki, çağdaş Azərbaycan şeirində də canı incitməyən, sanki lazer üsuluyla- qansız-ağrısız doğulan hissiyyatsız və milliyyətsiz şeirlər artmaqdadır. Bunun əsas səbəblərindən birini söylədik. Yəni;


  1. Şeir iki əsas xassəsindən (hiss və təfəkkür) birini və birincisini-emosional yükünü qeyb edir; süni intellektuallıq, fəlsəfəçilik hissiyyatı küncə sıxışdırır.

  2. Şeirin milliyyətini təsdiqləyən dil atributu sönür və beləliklə, dillə daşınan energetika da sönür.

Nəticədə sanki ikinci-üçüncü dildən naşıcasına tərcümə edilmiş yalınqat bir mətn peyda olur ki, nə tükü tərpədir, nə də bir şeylər pıçıldayır. Bəs misal hanı? Misal kitablarda, dərgi və qəzetlərdə, internet saytlarında. Oxusanız özünüz görəcəksiz. Mənim vəzifəm sadəcə, onların halını-huyunu tanıtmaqdı.

***


Yeni çağ ədəbiyyatında böyük mətnlər- poeziyada poema, nəsrdə roman, dramaturgiyada çoxpərdəli pyeslər göz önündə əriyir. Hətta XX əsr poeziyasında sənətkarın çəkisini müəyyənləşdirən poema janrına (burda dram janrını da qeyd etmək lazım gəlir ) yeni nəsil demək olar ki, müraciət etmir. Yaranan nümunələr isə yaşlı və orta nəsil nümayəndələrinə məxsusdur. Fikrət Qocanın “Şəhidlər xiyabanı”, “Azadlıq”, Musa Yaqubun “Dünyanın lələ dərdi”, Ramiz Rövşənin “Canavar ovu”, Çingiz Əlioğlunun “Diaspora”, Ələkbər Salahzadənin “Xocalı xəcilləri”, “Qobustan”, Zəlimxan Yaqubun “Peyğəmbər”, “Sürgün”, Nizami Zöhrabinin “Fateh”, “Ulu türkün öndəri”, Adil Şirinin “Rekviyem”, “Laçın şikəstəsi” Ədalət Əsgəroğlunun “Dərdimizin qan rəngi”, Elxan Zalın “Anıt məzar”, poemaları həm də bu baxımdan qiymətlidir. Bəs əvvəlki nəsillərdə vüsətini saxlayan mənzum romanın yeni nəsildə sönməsi nəylə bağlıdır, bu məsələyə nəsrlə yenidən qayıdaq.
Nəsr
Klassik format baxımından nəsrin roman janrı da demək olar ki, süqut həddindədir. “Çin mücrüsü” kimi bir-birinin içindən çıxan monumental romanlar əriyərək yeni çağ ədəbiyyatında böyük hekayə şəklinə düşməkdədir. Təbii ki, bu vəziyyət təkcə bizdə deyil, qlobal məkanda baş verir. Çağdaş rus yazarlarından biri hətta janra hiper münasibət sərgiləyərək bircə sözdən ibarət məchul mətnini roman adlandırıb.

Belə bir ədəbi cırtdanın dünya oxucusunu məhz romanla fəth edən böyük rus ədəbiyyatına, Tolstoy, Dostoyevski, Şoloxov dühasına qəddar bir şarj olduğunu söyləmək, yəqin ki, artıqdır. Və ötən əsrdə Maleviçin “qara kvadratı” sənət üçün hansı dəyərdə oldusa, “sam sdelay” tipli bircə sözlük romanın ədəbiyyat üçün həmin dəyərdə olduğunu söyləmək də artıqdır.

Bununla belə, minimalist roman faktı faktlığında qalır və tendensiyaya çevrilərək tirajlanır.Təbii ki, mən mətni sıxmaqla janrın formatını kiçiltməkdən danışmıram, əksinə, sıxılmış mətni (Yaşarın hekayələri kimi) yazıçı ustalığı hesab edirəm. Təhlükə bundadır ki, çağdaş romanın onurğası itir.

Sadə bir müqayisə: genindən, inkişaf potensialından asılı olaraq insan boyca nəhəng də, liliput da, çəkicə şişman da, arıq da ola bilər. Amma anatomik baxımdan bütün əzaları-başı, ayağı, ürəyi, daxili orqanları yerində olmalıdır. Yerində deyilsə, deməli, o normal insan deyil. Bu gün roman janrında müşahidə olunan ərimə də onun boy və çəki ölçüsündə deyil, əzaların itməsindədir.

Böyük mətnin əriməsi bəzən sosial sifariş kimi qələmə verilir. Yəni, vaxt uçur, kosmik informasiya burulğanına düşmüş oxucu qaça-qaçda 400-500 səhifəlik roman oxumaq imkanını itirir. Yazıçı isə darmacal ritmli oxucunu itirmək istəməyərək ona metrolar, uçaqlar üçün nəzərdə tutulan “putevoditel” tipli bir şey təklif etməklə həm də özünü qoruyub saxlamağa çalışır. Bəs əgər belədirsə, onda Orxan Pamukun Tolstoy rekordunu təzələyən 600 səhifəlik “Məsumiyyət muzeyi” romanını darmacal oxucunun gözünə təpməsini necə başa düşək? Yaxud, 60-cı illər dünya nəsrinin korifeyi Markesə aclığı necə anlayaq?

Deməli, məsələnin kökü yalnız sosial sifarişdə deyil, daha dərindədir; çağın darmacal ritmində oxucu dərin mütaliə vərdişini itirdiyi kimi, yazıçı da monumental mətn təfəkkürünü qeyb edir.

Doğrudur, hələlik minimalist mətnlərlə yanaşı, “Yarımçıq əlyazma”, ”Sehrbazlar dərəsi” (Kamal Abdulla), “Azadlıq” (Afaq Məsud), “Ölüm zirvəsi”, “Göy Tanrı” (Sabir Rüstəmxanlı), “Yanan qar” (Hüseynbala Mirələmov), “Maestro” (Səfər Alışarlı), “Dolu” (Aqil Abbas), “Keçmiş döyüşçü və oğlan” (Aslan Quliyev), “Qiyamçı”, (Əlabbas) kimi anatomik siqlətli romanlar da yaranmaqdadır.

Lakin belə nümunələrə baxmayaraq, janrın təkamül və tənəzzül səbəbləri çözümünü gözləyən ən aktual problemlərdən biridir. Ayrı-ayrı əsərlərin təhlilinə daha çox meylli olan tənqid bu köklü problemə və ümumən, ədəbi janrların struktural deqradasiyasına ciddi münasibət bildirməlidir.

Çağdaş nəsrin bəzi janr və yönlərində də irəliləyiş və geriləmələr müşahidə olunur. Məsələn, dünyada populyar janrlardan sayılan dedektiv yazarları Azərbaycan ədəbiyyatında, adətən, bir-iki nəfərdən o yana keçmir. Mərhum dedektiv ustası Namiq Abdullayevdən sonra isə bu sahədə Çingiz Abdullayev demək olar ki, tək qalmışdı. Son bir neçə ilə qədər belə görünürdü ki, bu məşhur yazıçı milli dedektivin fenomeni olmaqla, həm də sonudur. Lakin gənc nəslin nümayəndəsi İlqar Fəhmi “Qarğa yuvası” və “Aktrisa” dedektivləri ilə uğurlu debütlər etməklə hələ son olmadığını göstərdi. Axırıncı əsərin Azərbaycan kinematoqrafının diqqətini çəkməsi və onun əsasında eyniadlı dedektiv-triller çəkilməsi də İlqarın bu sahədə uğurunu təsdiqləməklə, yolu davam etdirəcəyinə ümidlər doğurur.

İsmayıl Şıxlı, İsa Muğanna, İsi Məlikzadə, Əkrəm Əylisli, Vaqif Nəsib, Sabir Əhmədli, Mövlud Süleymanlı, Seyran Səxavət (sonuncu üç yazıçının “Dünyanın arşını”, “Köç”, “Yüz ilin kişisi” adlı müəyyən əsərləri) kimi yazıçıların timsalında 60-70-ci illər nəsrinin sanbalını müəyyənləşdirən kənd nəsrinin mövqeyi isə bu gün nəzərə çarpacaq dərəcədə zəifləmişdir. Doğrudur, yaşlı və orta nəsil yazarlarından Əli İldırımoğlu, mərhum Eyvaz Əlləzoğlu, Nəriman Əbdülrəhmanlı bu mövzuda xeyli əsərlər qələmə almışlar. Gəncliyin istedadlı təmsilçisi Şərif Ağayar da ötən il işığa çıxan “Kərpickəsən kişinin dastanı” povestiylə sələflərinə qoşulub. Bu əsərlə maraqlı nəsr təfəkkürü sərgiləyən Şərifin uğurunu “Ədəbiyyat qəzeti”ndə dərc olunan eyniadlı məqaləsində Elçin də yüksək dəyərləndirib.

Lakin adda-budda faktlar fonu müəyyən qədər genişləndirsə də, hələlik kənd nəsrinin əsas yükü bir az öndə adları çəkilən Əlabbasın və Aslan Quliyevin çiynində qalmaqdadır.

Ümumiyyətlə, nəsrin qaldırdığı problemləri sərf-nəzər eləyəndə əsasən, ənənəvi və populyar mövzulara üstünlük verildiyi məlum olur. Halbuki, dünyanın qloballaşması və epoxal dəyişmə ekstremal həllini gözləyən çox ciddi problemlər ortaya çıxarmışdır. Yadlaşma, Şərq ailə yapısının dağılması, qlobalizasiyanın “dünya vətəndaşı” uydurmasıyla milli kimlik, hətta milli məkan anlayışlarının öz qutsallığını itirməsi məhz bu cür ekstremal problemlərdəndir. Lakin “Macal” (Anar- astanamızı döyən yadlaşma problemini bu uzaqgörən yazıçı bir qərinə öncə ədəbiyyata gətirib), “Yaşıl eynəkli adam” (Vaqif Səmədoğlu), “Divar” (Yaşar), “Yol ayrıcında qaçış” (Elçin Hüseynbəyli- bu roman ötən ilin məhsuludur) kimi bir neçə nümunə istisna olmaqla, ədəbiyyatımız hələ də bu problemləri özününküləşdirə bilmir. Halbuki, bu problemlər üzləşdiyimiz müharibədən heç də az təhlükəli deyil. Və həmin mövzulara biganəliyə görə, təkcə yazıçı deyil, onu yönləndirə bilmədiyinə görə tənqidin də məsuliyyəti böyükdür.


Yaradıcılıq paralelləri
Yaşlı nəslin nümayəndələrində (Fikrət Qoca, Vaqif Nəsib, Mövlud Süleymanlı, Ramiz Rövşən, Eldar Baxış, Firuzə Məmmədli və s.) zaman-zaman müşahidə olunan paralel yaradıcılıq xətti çağdaş yazarlar arasında ümumi tendensiyaya çevrilməkdədir. Bu faktı Rafiq Tağı, Əjdər Ol, Rəşad Məcid, Mahirə Abdulla, Şərif Ağayar, Etimad Başkeçid, Əkbər Qoşalı, Aqşin və digər yazarların həm şeir, həm də nəsr yaradıcılığı ilə məşğul olması da təsdiqləyir.

Və belə bir paralellik tənqidçilərdə də müşahidə olunur. Doğrudur, bu meyl də yeni deyil. Mehdi Hüseyn, Mikayıl Rəfili, Mir Cəlal, Kamal Abdulla kimi görkəmli ədəbiyyatşünaslar təfəkkürün sərhəddi olmadığını çoxdan görkləmişlər.

Günümüzün tənqidçi- ədəbiyyatşünas alimlərindən Nizaməddin Şəmsizadənin nəsr və poeziya, Rahid Uluselin dramaturgiya (mən onun “Burulğanlar” pyesini son dövr dramaturgiyamızda yaxşı debütlərdən hesab edirəm) nümunələri, Əsəd Cahangirin poemaları, Cavanşir Yusiflinin şeirləri, Gülxani Pənah, Sona Xəyal və Aydın Xanın həm şeir, həm nəsr yaradıcılığı artıq tənqidçi və yazıçı məfhumu arasında bərabərlik işarəsi qoyulmasını zərurətə çevirir. Çünki yaranan bədii nümunələrin xeyli qismi intellektual mətnlərin intuitiv mətnlərdən geri qalmadığını isbatlayır.

İntellektual mətn savadı Adil Mirseyid, Həmid Herisçi, Elxan Zal, Səlim Babullaoğlu, İlqar Fəhmi, Nərmin Kamal kimi şair və yazıçılarda da müşahidə olunur. Və mən mətnin bədii dəyərinə xələl gətirməyən, əksinə, onu ədəbi texnologiya baxımından cilalayan bu cür savadı yazıçı üçün yaxşı göstərici hesab etməklə ədəbiyyatımızın həmin mətnlərdən qazandığını düşünürəm.

İntellektual mətn savadı yazıçını həm də qarışıq estetikaların tuzağından qoruya bilər.

Məsələn, son 15 ildə ədəbiyyatı başına götürən postmodern estetikanın nəzəri bazası, onun kinayə, hibridləşmə, karnavalçılıq, fraqmentallıq kimi müxtəlif prinsipləri özündə birləşdirməsi ədəbi düşüncədə möhkəm oturuşsaydı, bu proses daha itkisiz və daha uduşlu ola bilərdi. Fəqət, istəsək də, istəməsək də keçməli olduğumuz bir yolu keçdik. Və dünya postmodern estetikadan Umberto Ekonun “Qızılgülün adı”, Patrik Züskindin “Parfümer”i , Orxan Pamukun “Qara kitab”ı kimi iki cüt bir tək qiymətli əsər qazandığı kimi, Azərbaycan ədəbiyyatı da bir qiymətli əsər qazandı. Söhbətin Kamal Abdullanın “Yarımçıq əlyazma”sından getdiyi, yəqin ki, aydın oldu. “Yarımçıq əlyazma”nı dünyanın beş-üç örnəyi sırasına çıxaran faktorlardan biri müəllifin yazı istedadırsa, ikinci faktor postmodern estetikanın prinsiplərini və incəliklərini dərindən bilməsidir. Təbii ki, bu sırada bir neçə yazıçının da adını çəkmək olardı. Lakin məqsəd ad çəkmək deyil. Məqsəd bunu xatırlatmaqdır ki, postmodernizm, sürrealizm kimi surroqat estetikalar nəzəri hazırlığı olmayan yazıçı üçün bir tuzaqdır. “Otel odası”, “Qırmızı limuzin”, “Vahimə” (Anar), “Qatar. Pikasso. Latur. 1968”, “Sarı pencək” (Elçin), “Yarımçıq əlyazma” kimi uğurlu əsərlər yaratmaq istəyən yazıçı həmin estetikaları yaxşı bilməlidir ki, tuzaqda çabalamasın.


***
Nəhayət, yeni ədəbi gənclik barədə. Qismət məruzəsində Elxan Qaraqan, Taleh Şahsuvarlı, Cavid Zeynallı, Aysel Əlizadə,Vüsal Nuru, Zərdüşt, Elvin Bakiroğlu, Mövlud Mövlud və digər nəsildaşları barəsində aydın bədii xarakteristika verdiyindən, mən bu nəslə başqa prizmadan baxıram. Hesab edirəm ki, ədəbiyyata yeni gələn, xüsusən, “Gənc ədiblər” məktəbinin müdavimləri olan yazarların hamısı AYB-nin gənclər üzrə katibi, yazıçı-publisist Rəşad Məcidin yaradıcılıq faktıdır. Həm də bütün müsbət-mənfisiylə birgə. Bu gənclik Rəşadın vaxt darlığından, ya tənbəlliyindən yazmadığı şeirlər, hekayələr, publisistik nümunələrdir. Çünki Rəşad yaza biləcəyi vaxtı onlara xərcləyib. Arzu edirəm ki, hamısı “On sentyabr” taleli olsun. Amma bu gənclik bilməlidi ki, gördüyü qayğı qədər də məsuliyyəti var. 80-ci illərdə ədəbiyyatımıza istedadlı bir nəsil gəlmişdi. Azacıq qayğı görsəydilər, çox şeylər edə bilərdilər. Amma bəxtlərinə gün doğmadı. Dövranın çox pis vaxtına düşdüyündən, qayğısızlıqdan, tavanasızlıqdan çoxu qırılıb batdı. Rəşadın himayəsinə aldığı və Yazıçılar Birliyi sayəsində hər cür qayğıyla bəslədiyi, yazılarının mürəkkəbi qurumamış kitablarını çap eləyib təntənəli təqdimatını keçirdiyi bu atalı, bəxtəvər gənclik həm də 80-ci illər nəslini incik salan bir məsələyə-yazıçının ədəbi taleyində qayğınınmı, ya istedadınmı əsas faktor olduğuna aydınlıq gətirəcək. Təkcə bu eksperimentə görə də gözləməyə dəyər.

Nəticə:


Son 10 ildə Azərbaycan oxucusuna ”Ağ qoç, qara qoç” (Anar), “Bayraqdar” (Elçin),”Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” (Kamal Abdulla), “Nəfəs” (Ramiz Rövşən), “Dopdolu bir eşq ilə” (Vaqif Bayatlı), “Yazı”(Afaq Məsud), “Qiyamçı”, “Qaraqovaq çölləri” (Əlabbas), “Keçmiş döyüşçü və oğlan” (Aslan Quliyev), “Çərxi-fələk” (Sara Oğuz), “Ucaboy liliput”, “Şahzadə Dipendranın məhəbbəti” (Rafiq Tağı), “Tərs kimi” (Məqsəd Nur), “Altıncı” (Günel Anarqızı), “Akvarium” (İlqar Fəhmi), “Kərpickəsən kişinin dastanı” (Şərif Ağayar), “A”( Elxan Qaraqan), “İlyas Köçmənin şəkil dəftəri” (Səlim Babullaoğlu), “Torqovı peyzajı” (Elxan Zal), “Panoptikum” (Etimad Başkeçid) və vaxt darlığından adlarını çəkə bilmədiyim neçə-neçə dəyərli əsər və kitablar təqdim olunub. Bunların hamısı müasir ədəbiyyatımızın göstəricisidir.

Milli məkanda hadisəyə çevrilən ”Yarımçıq əlyazma” artıq qonşu sərhədləri aşaraq “magik realizm” ölkələrini fəth etməkdədir. 2006-cı ildə Kolumbiyada nəşr olunan Beynəlxalq Şeir Antologiyasının üz qapağı Ramiz Rövşənin “İlan balası” şeiriylə reklam olunub. Çingiz Əlioğlunun “Çərçivə” kitabı ötən il Moskvada keçirilən MDB ölkələri 7-ci Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin ”Qran Pri” mükafatı qazanıb. Aqil Abbasın ”Dolu”, Elçin Hüseynbəylinin “Don Juan” romanları Azərbaycan Mədəniyət vəTurizm Nazirliyi tərəfindən “Qızıl kəlmə” buker mükafatına layiq görülüb. “Manas” eposunu tədqiq edərək Azərbaycan türkcəsinə çevirməsi və ümümtürk ədəbiyyatına xidmətinə görə Adil Cəmil Çingiz Aytmatov adına Akademiyanın fəxri akademiki seçilib. Qəşəm Nəcəfzadə Hollandiyada keçirilən 38-ci Beynəlxalq Poeziya Festivalında iştirak edib. Akif Əhmədgil iki il öncə Moskvada “Drujba narodov” jurnalında dərc olunan şeirlərinə görə Nikolay Rubtsov adına beynəlxalq şeir mükafatına layiq görülüb. Məruzə boyu qeyd olunan əhəmiyyətli faktlar da daxil olmaqla, bu uğurlar milli ədəbiyyatımızda məqbul bir ədəbi proses getməsindən xəbər verir. Böyük ədəbi mərhələlərə gəlincə, belə şans əlli- yüz ildə bir olur. Tələsməyək, biz ki yeni yüzilliyə yeni başlamışıq.


Qısaca olaraq publisistika barəsində.
Fikrimcə, günümüzün bədii publisistikasının səviyyə göstəricisi Rafael Hüseynovun imzasıyla müəyyənləşir. Rafael Hüseynov həm də Sabir Rüstəmxanlı, Səyavuş Sərxanlı kimi yazarların timsalında parlaq dövr yaşamış 70-80-ci illər publisistikasının bu gün təklənmiş nümayəndəsidir. Onun son bir neçə ildə Türk coğrafiyasının sənət dühaları barəsində yaratdığı silsilə ( mənbə:“525-ci qəzet”) daha öncələrdə Hüseyn Cavidə, Rəsul Rzaya, Nigar Rəfibəyliyə ucaltdığı heykəllərin davamıdır. Rafael Hüseynov bədii publisistikanın heykəl ustasıdır və təhkiyəsiylə, predmetiylə, sözün tam mənasında ədəbiyyatın faktıdır.

Yazıçı-publisist İntiqam Mehdizadənin “Karvanın sarvanı”, Tofiq Abdinin “Ah, İstanbul, İstanbul”, Azər Abdullanın “Qapıları bir-bir döydüm”, Elçin Hüseynbəylinin “ Cənab XXİ əsr ”, Qulu Ağsəsin “Nabran novellası” kitablarında toplanan bədii- publisistik yazılar, esselər ədəbiyyatla jurnalistika arasında körpü olan bu janrın dəyərli nümunələrindəndir.

Son çağ publisistikasında parlayan imza isə İradə Tuncayındır. Ədəbi və siyasi publisistikanın hər iki qolunu birləşdirən (mənbə: “Sarı odalar” kitabı-2010) bu istedadlı xanım bir yaradıcı fərd kimi öz iqtidarını sərgiləməklə yanaşı, Məmməd Araz poeziyasının mətləbini davam etdirir.

Mən sıraya əyalətdən qoşulan Vəsilə Usubovanın, “Ulduz”un yazarı Hicran Hüseynovanın da imzasına hörmətimi bildirir və ən nəhayət, təvazödən kənar sayılmazsa, bəndənizin 2010-cu ildə Azərbaycan Yaradıcılıq Fondunun sifarişi ilə qələmə aldığı “Sönməyən ulduzlar” kitabını (kitabda XX əsr mədəniyyətimizin görkəmli simaları haqqında 27 sənət oçerki toplanmışdır ) son dövrün publisistika mənzərəsinə bir ştrix kimi əlavə edirəm.

Siyasi publisistikanın daha sürətli inkişafda olduğu, üstəlik, bu ciddi janrın prinsiplərindən xəbərsiz bir çoxlarının öz imzasına “publisist” titulu qoşduğu çağda ola bilər ki, bu mənzərə yarımçıq görünsün. İradlarla bəribaşdan razılaşıram. Amma tutalqam da var: biz bu körpu- janra yalnız onun ədəbiyyat tayından baxdıq.
***
10 il öncə yazılarımdan birində demişdim ki, biz Qarabağdan öncə Kitaba dönməliyik. Bu sözə görə məni topa tutdular. Amma yenə həmin fikrimdə israrlıyam və çox geniş anlamda işlətdiyim “kitab” məfhumunu konkretləşdirərək bu gün ikinci tezisimi səsləndirirəm: SÖZ səmtini itirən, şoumenləşən, maddiləşən dünyanın həm əvvəlinci, həm də sonuncu fikir zadəganıdı. SÖZ üçün İsgəndəriyyə kitabxanasının yanması da, qədim əlyazmaların itməsi də, zövqləri korlayan total makulatura istehsalı da kiçik fəlakətdi. SÖZ üçün böyük fəlakət meyarsızlıqdı (indiki çağda bu söz bütün müstəvilərdə keçərlidi). Yunus Əmrəylə hansısa Molla Qasım bir tərəziyə qoyulanda bəşərin mənəvi xəzinəsi olan İsgəndəriyyə kitabxanası və ən qiymətli əlyazma da, Şekspir və Füzuli dühası da öz gerçək dəyərini itirir və SÖZün, ƏDƏBiyyatın qiyaməti yetişir.

Allah şahiddi ki, məruzə boyu bəzən dostdan, bəzən də mühitdən keçəmmədim. Allah buna da şahiddi ki, mən Ondan da, bacardığım qədər meyarlardan-əyarlardan da keçmədim. Çünki SÖZün Qiyamət körükçüsü olmaq Söz adamının işi deyil. Allah ilham və istedad payını artırmaqla hamınıza böyük SÖZ qismət etsin!


Bəsti Əlibəyli,

Azərbaycan Yazarlar Birliyi



Tənqid və Publisistika bölməsinin rəhbəri




Yüklə 94,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin