ƏDƏBİYYAT
1. Azərbaycan bədii dilinin üslubiyyatı (Oçerklər), Bakı, Elm, 1970, 356 s.
2. Bağırov A. Onomalogiya problemləri, 2 cilddə, II cild. Bakı, Elm və təhsil, 2012, 416 s.
3. Qurbanov A. Azərbaycan onomalogiyasının əsasları,2 cilddə, II cild, Bakı,Nurlan, 2004, 504 s.
4. Seyidov Y. Əsərləri, 15 cilddə, I cild, Bakı, BDU-nun nəşriyyatı, 2006, 628 s.
5. Bağıroğlu H. Mən çiynimdən yerə qoydum dünyanı. Şeirlər. Bakı, Şirvannəşr, 2001, 66 s.
6. Kərimli X. Payız duyğuları, (Şeirlər), Bakı, Qanun, 2013, 540 s.
7. Qafar Qərib.Dünya üç bucaq imiş, Bakı, Şirvannəşr, 2004, 96 s.
8. Qasımzadə M. Gülü xəlvət açan dünya. Naxçıvan, Əcəmi, 2004, 168 s.
9. Qasımzadə M. Nuhçıxandan gəlirəm. Əcəmi NPB, Naxçıvan, 3013, 248 s.
10. Məmməd Araz. Yol ayrıcında söhbət, Bakı, “Azərbaycan” nəşriyyatı,1997,318 s.
11. MəmmədovV. Seçilmiş əsərləri, 2 cilddə, I cild, Bakı, Şirvannəşr, 2008, 288 s.
12. Məmmədov V. Seçilmiş əsərləri, 2 cilddə, II cild, Bakı, Şirvannəşr, 2008, 260 s.
13. Məmmədov V. Dənizə qar yağırdı. Bakı: Şirvannəşr, 2012, 160 s.
14. Məmmədov V. Dəniz də nigaran, sən də nigaran, Bakı, Şirvannəşr, 2014, 132 s.
15. Məmmədov V. Bura Naxçıvandır. Naxçıvan, Əcəmi NPB, 2014, 88 s.
- 9 -
16. Muxtaroğlu Ə. İkinci görüş. Bakı, Nurlan, 2003, 160 s.
17. Yadigar A. Hər şeyin sonu var. Naxçıvan, Qızıl dağ MMC-nin mətbəəsi, 2007, 290 s.
18. Yurdoğlu E. 20+13, Naxçıvan, Əcəmi, 2013, 96 s.
19. Yusifoğlu İ. Seçilmiş əsərləri, I cild, Bakı, Şirvannəşr, 2011, 335 s.
20. Yusifoğlu İ. Seçilmiş əsərləri, II cild, Bakı, Şirvannəşr, 2012,199 s.
ABSTRACT
Adil Bagirov
The names of aesthetic works
The article has been devoted to the investigation of the names of poetry work which are
entered the ideonim group of onomastic lexica. The names of poetry works which has their
especially position and condition in the lexical system of our language are grouped and investigated
according to the examples of people poet M. Araz`s and other poets` poem`s names.
РЕЗЮМЕ
Адиль Багиров
Названия художественных произведений
Статья посвящена исследованию названий стихотворных произведений, входящих в
группу идеонимов ономастической лексики. В статье сгруппированы на основе избранных
образцов и исследованы названия стихотворений народного поэта М.Араза и нахчыванских
поэтов.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
- 10 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
СЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
HÜSEYN HƏŞİMLİ
Naxçıvan Dövlət Universiteti
e-mail : hashimli-h@rambler.ru
UOT 82: 316. 3
ƏLƏKBƏR QƏRİB NAXÇIVANLININ
1920-Cİ İLLƏRDƏKİ YARADICILIĞI
Açar sözlər: Azərbaycan ədəbiyyatı, nəsr, ədəbi tənqid, Ələkbər Qərib Naxçıvanlı
Key words: Azerbaijan literature, prose,
literary criticism, Alekper Garib Nakhchivanli
Ключевые слова: Азербайджанская литература, проза, литературная критика,
Алекпер Кариб Нахчыванлы
1910-30-cu illərdə ədəbi prosesdə yaxından iştirak etmiş naxçıvanlı yazarlardan biri də
Ələkbər Qərib Abbasovdur. İlk təhsilini Naxçıvanda əsası məşhur maarifçi M.T.Sidqi tərəfindən
qoyulmuş “Məktəbi-
tərbiyə”də alan, 1913-cü ildə Qori Müəllimlər Seminariyasını bitirən
Ə.Q.Naxçıvanlı hələ tələbə ikən bədii əsərlər yazmış, sonrakı onilliklərdə zəngin, çoxşaxəli yaradıcılıq
axtarışları aparmışdır.Bu unudulmuş ədibin nəsr, publisistika, ədəbi tənqid və bədii tərcümə sahəsindəki
səmərəli, məhsuldar fəaliyyəti yüksək dəyərə malikdir. Bu məqalədə biz onun yaradıcılıq fəaliyyətinin
1920-ci illər dövrünün bəzi məqamlarına
diqqət yetirəcəyik.
Ələkbər Qərib Naxçıvanlı 1920-ci illərdə Tiflisdə və Bakıda nəşr olunan müxtəlif qəzet və
jurnallarda bədi əsərlər, publisistik və ədəbi-tənqidi məqalələr dərc etdirmişdir. 1922-1927-ci illərdə
Tiflisdə Azərbaycan dilində çıxan “Yeni fikir” qəzetində çalışan Ə. Qərib həmin şəhərdə yazıçı
Böyükağa Talıblının rəhbərliyi altında fəaliyyət göstərən ədəbiyyat dərnəyinin işində Eynəli bəy
Sultanov, Rzaqulu Nəcəfov və digər ziyalılarla birlikdə yaxından iştirak etmişdir. Tiflisdə 1926-cı ildə
nəşrə başlayan “Dan yıldızı” jurnalının fəaliyyətində də Ələkbər Qəribin ciddi xidmətləri olmuşdur.
Təsadüfi deyil ki, jurnalın ilk yeddi sayı məhz onun məsul redaktorluğu ilə çıxmışdır. Sonra isə Ə.
Qəribin də daxil olduğu “heyəti-təhririyyə” yaradılmışdır. Həmin illərdə Tiflisdə çıxan “Qızıl şəfəq” ad-
lı mətbuat orqanının səhifələrində də yazıçının imzasına rast gəlirik. Həmçinin 1920-ci illərin
ortalarında Tiflisdə Mirzə Davud Hüseynovun sədrliyi ilə fəaliyyət göstərən ”Yeni əlifba dostları
cəmiyyəti”nin fəal üzvləri sırasında aid qaynaqlarda Ələkbər Naxçıvanlının da adı çəkilməkdədir.
Həmin cəmiyyətin şura sədri M.D. Hüseynov, müavini isə Ə.Şərif idi, fəaliyyətində Rzaqulu Nəcəfov,
Əşrəf Yüzbaşov və digərləri ilə bərabər, Ə.Qərib də iştirak etmişdir. Prof Ə.Şərifin xatırladığı kimi, 9
mart 1924-cü ildə “Yeni fikir” qəzetinın “İşıq yol” adlı səhifəsi məhz Yeni əlifba dostları cəmiyyəti”nə
ayrılmışdı, sonra isə həmin səhifə müstəqil vərəqəyə çevrilmişdi (7, s. 402-404). Bütün bu nəşrlərdə
Ə.Qərib də fəallığı ilə seçilmişdir. 1920-ci illərdə o, Bakıda çıxan rəsmi dövlət qəzeti “Kommunist”in
Tiflis şəhərindəki müxbiri kimi də səmərəli publisist fəaliyyət göstərmişdir.
Ə. Qəribin Tiflisdə çıxan “Yeni fikir” qəzetində iştirakı xüsusi maraq doğurur
. Qəzetin 26
yanvar 1926-cı il tarixli 1000-ci yubiley sayında dərc olunmuş məqalədə bildirilirdi ki, o zaman
Zaqafqaziya MİK-in sədri olan Nəriman Nərimanov “Yeni fikir”in nəşrinə xüsusi diqqət və qayğı
göstərmiş, inandığı ziyalıları, o cümlədən Ə.Qəribi bu mətbuat orqanına dəvət etməyi məsləhət
görmüşdü: “N.Nərimanovun məsləhəti ilə Tbilisidə yaşayan azərbaycanlı ziyalılardan Ələkbər
Qərib, Əziz Şərif, Əli Yazıdçı, Rzaqulu Nəcəfov, Ömər Faiq qəzetin işinə cəlb edildilər.
N.Nərimanov qəzet üçün şrift və dəzgahlar gətirilməsinə yardım etdi” (8).
“Yeni fikir” qəzetinin 28 yanvar 1926-cı il tarixli 1001-ci sayında Ə.Qəribin “Teatro və
musiqi” rubrikasında dərc etdirdiyi “Kinolarda “Bismillah” adlı məqaləsi diqqətəlayiqdir (1). Dini
fanatizmin tənqidinə həsr olunmuş “Bismillah” filmi 1925-ci ildə çəkilmiş, Bakıda, Moskvada və
digər şəhərlərdə nümayiş etdirilmişdi. Ə.Qəribin həmin resenziyası da filmin Tiflisdə nümayişi ilə
- 11 -
əlaqədar qələmə alınmışdı. Ə. Qərib sadəcə informasiya vermək yolunu tutmamış, filmdəki rejissor
işi, aktyor oyunu, dil məsələləri və s. barədə özünün maraqlı fikirlərini də nəzərə çatdırmışdı.
Müəllif “Bismillah”ın daha həyati, təbii və inandırıcı olduğunu vurğulayır, əsas tematikasına da diq-
qət yönəldirdi. Məşhur aktyor Abbas Mirzə Şərifzadənin bu filmdə rejissor kimi ciddi işin öhdə-
sindən də layiqincə gəldiyini nəzərə çatdıran Ə. Qərib yazırdı: “Azərbaycan Dövləti Kino
Sənayesinin rejissoru Abbas Mirzə Şərifzadə özünün, doğrudan da, müqtədir bir rejissor
olduğunu isbat etmişdir. Abbas Mirzə burada ilk təcrübəsini göstərmiş və biz heç şübhə etmirik ki,
Abbas Mirzənin qoyduğu şəkillər gələcəkdə biri-birindən gözəl və qiymətli olacaqdır”.
“Bismillah” filminin aktyor heyəti də ümumən qüvvətli idi. Bu filmdə Kazım Ziya, Mirzəağa
Əliyev, Mustafa Mərdanov, İrbahim Azəri, Mirseyfəddin Kirmanşahlı kimi istedadlı və tanınmış
sənətkarlar çəkilmişdilər. Ə.Qərib resenziyada aktyorların rollarını da müfəssəl şəkildə
dəyərləndirmiş, xüsusən onların ifalarındakı təbiiliyə fikir vermişdi. Tənqidçi filmdəki Qulu
rolunun ifaçısı Mustafa Mərdanovun oyununu yüksək qiymətləndirmişdi: “Aktyor burada da o qə-
dər təbiidir ki, onun Mərdanov deyil, doğrudan da, avam, yazıq və cahil kəndli Qulu olduğuna bizdə
şübhə oyanmayır”. Resenziyada filmə çəkilmiş digər aktyorların ifalarına da diqqət yetirilmişdir.
Milli teatrın və kinonun inkişafı naminə azərbaycanlı aktrisaların hazırlanması, onların
formalaşması üçün şərait yaradılması kimi aktual məsələlərə Ə. Qərib də laqeyd qalmamış, həmin
məqama da toxunmuşdu: “Bismillah” şəkilində qadın rolları o qədər sadədirlər ki, Bakı kimi
mərkəzdə o rolları oynayacaq türk qızları istədiyimiz qədər tapıla bilər. Budur ki, qadın rollarının
rus qadınları tərəfindən oynanmasına biz çox təəccüb ediriz. Bəs nə vaxt biz hər cəhətcə milli
səhnə, milli sənayeyi-nəfisə düzəldəcəyik? Biz əminiz ki, Zeynəbin və Qulunun anasının və bacı-
sının rollarını türk qızları daha da təbii oynayardılar. Və bu rolları oynamaq da onlar üçün heç də
çətin olmazdı”. Xatırladaq ki, “Bismillah”da qadın rollarını K.Vyaznova, T.Vişnevskaya kimi rus
aktrisaları ifa etmişdilər. Bir epizodik rolda gələcəyin məşhur aktrisası azərbaycanlı Sona Hacıyeva
çəkilmişdi. Yəqin ki, Ə. Qərib bu fakta diqqət yetirməmiş, yaxud da S. Hacıyevanın rolu bir-iki adi
epizodla məhdudlaşdığından buna xüsusi şərh verməyə ehtiyac duymamış, əsas qadın rollarına milli
kadrların çəkilməsinin vacibliyinə diqqət yönəltmişdi.
O illərdə filmlər səssiz çəkilir, ekranın aşağı hissəsində obrazların sözləri yazılırdı. Bu titr
yazılarının dilinə münasibət bildirən Ə. Qərib zərurət olmadığı halda Osmanlı türkcəsinə aid bir çıx
sözün işlədilməsini filmin yaradıcı heyətinə irad tutmuş, fikrini konkret faktlarla əsaslandırmış, bu
ekran əsərinin dilini ağırlaşdıranları istehza ilə “kino mollası” adlandırmışdı: “Yazılara baxanda
yenə də insan elə fikir edir ki, ... bunlar hamısı İstanbuldan gəlib və özləri ilə bərabər şivə və
yazılarını gətirmişlər...Məsələn: Həpisi, köylülər, bana, gəliyorsan, veriyorsan, hisseyi-həştüm və
i.a. Hələ “Hisseyi-həştüm”ü hansı kino mollası ortaya atmışdır?”
Ə. Qəribin “Yeni fikir” qəzetinin 02 fevral 1926-cı il tarixli 1005-ci sayında verilmiş “Tən-
qid və tənqidçilərimiz” adlı məqaləsi də aktual mövzuda idi (4). Ələkbər Qərib bu məqaləsində
ədəbi-mədəni prosesə müəyyən birtərəfli yanaşmaları tənqid etmişdi. Məqalədə ədəbi dil
məsələsinə də toxunulmuşdu. Müəllif vurğulayırdı ki, ədəbi dil yalnız danışıq dilinin hüdudlarına
qapanıb qalmamalı, daima inkişaf etməli, zənginləşməlidir. Ə.Qərib yazırdı ki, hər ədəbi istiqamətin
özünəməxsus dili və üslub məziyyətləri olur, sənətkar öz yaradıcılıq platformasına, təmayülünə
uyğun vasitələrdən istifadə edir və etməlidir də. Məqalə müəllifi bədii əsərdə obrazların nitqindəki
fərdiliyə və təbiiliyə də mühüm faktor kimi diqqət çəkərək yazırdı: “Məsələn, bizim müqtədir
şairimiz Hüseyn Cavid öz fəlsəfəsini tərəkəmə dilində ifadə edəməz. Ya şəhər həyatından, əmələ
(fəhlə) məişətindən yazan bir yazıçımız ziyalılarımızı o dildə danışdıra bilməz. Bir sözlə, hər dilin
öz məqamı vardır. Biz qəliz, anlaşılmaz dil tərəfdarı deyiliz. Amma ərəb və fars sözlərindən
bəzilərinin məcburi olaraq işlədildiyini o qədər də böyük qüsur hesab etməyirik. Burada bir hüdud
var. O hüdudu keçənlər cinayət yapırlar”. Fikrini əsaslandırmaq üçün Ə. Qəribin apardığı
müqayisələr də diqqətəlayiqdir. Bu həm də onun dünya ədəbiyyatına yaxından bələdliyini göstərir:
“Əgər yalnız tərəkəmə dilində yazan ədiblər məqbul, qalanları isə heç hesab olunsa, onda rusların
böyük və məşhur ədibləri Andreyev, Kuprin, Çexov, Dostoyevski və i.a. kənara atılıb, ortada yalnız
Leskov, Şedrin, Koltsov və i.a. kimiləri qalmalı idi. Halonki, həqiqət əksini göstərir. O biri
tərəfdən, Osmanlı ədəbiyyatında da sadə yazan Məmməd Əmin bəyin yeri başqa, Tofiq Fikrət və
- 12 -
Əbdülhəqq Hamidin yeri başqadır”. Məqalənin sonunda Ə.Qərib yazıçılığın, ədəbi tənqidin şərəf
və məsuliyyətini bir daha vurğulayaraq məşhur tənqidçiləri yada salır, fikrini belə ümumiləşdirirdi:
“Əgər hər yoldan keçən münəqqid olsa, Hüseyn Cahid, Süleyman Nəzif, Belinski, Dobrolyubovlar
kimi böyük münəqqidlərin ruhları inciyərlər”.
1920-ci illərdə Ələkbər Qərib bədii tərcümə ilə də müntəzəm məşğul olmuşdur. O hələ 1912-ci ildə
rus sentimentalist yazıçısı N. M. Karamzinin “Bədbəxt Liza” əsərini qısa ixtisarla dilimizə çevirmiş,
həmin tərcümə Bakıda “Məktəb” jurnalının vəsaiti ilə ayrıca kitab kimi çap olunmuşdur.1920-ci
illərdə Ə. Qəribin rus ədəbiyyatından bir çox tərcümələr etməsi faktları bəllidir (N. Lyaşko “Domna
ocağı”, M. Y. Lermontov “Zəmanəmizin qəhrəmanı” və s.).O həmçinin Qərbi Avropa ədəbiyya-
tından da bir çox tərcümələr etmişdir. Onun tərcümələri həmin illərdə ədəbiyyatşünaslar Məmməd
Arif (“Fira” imzası ilə yazdığı resenziyada), Mikayıl Rəfili (“Jurnalist” imzası ilə çap etdirdiyi
resenziyada) və digərləri tərəfindən yüksək qiymətləndirilmişdir (bax: 2;3). 1920-ci illərin sonu,
1930-cu illərin əvvəllərində E. Zolya, C. London, A.Barbüs, A. S. Puşkin, M. Y. Lermontov, N. V.
Qoqol, İ. S. Turgenev, A. P. Çexov, M. Qorki və digər dünya klassiklərinin müxtəlif əsərlərinin
dilimizə tərcüməsinin Bakıda Azərnəşr tərəfindən məhz Ə. Qəribin redaktorluğu ilə çap edilməsi də
onun nüfuzlu qələm sahibi, yetkin ədib, tərcümə sahəsində kamil mütəxəssis olmasından soraq ve-
rir. Buraya Ə.Q. Naxçıvanlının lüğətçiliklə bağlı işlərini, rusca-Azərbaycanca lüğətlərin hazırlan-
masında yaxından iştirakını da əlavə etmək yerinə düşər.
Ə. Naxçıvanlının yaradıcılılq fəaliyyətinin mühüm bir qolunu da bədii nəsr təşkil edir.
Ə.Qərib hələ 1910-cu illərdə Bakıdan nəşr olunan “Məktəb”, “İşıq”, İqbal” və s. mətbuat
orqanlarının səhifələrində maraqlı hekayələr dərc etdirmişdir. Bu baxımdan onun “Məktəb”
jurnalında çıxmış “Bacı və qardaş”, “İşıq” qəzetində dərc olunmuş “Zavallı Leyla xala” kimi
hekayələrini göstərə bilərik. 1914-cü ildə Bakıda çapdan çıxmış “Haqq divanı” adlı hekayələr kitabı
gənc yazıçının bu sahədəki istedadının yeni imkanlarını nümayiş etdirmişdir. Yazıçının 1912-ci ildə
Bakıda çap olunmuş “Qəlbimin sultanı” adlı povesti Azərbaycan sentimentalist nəsrinin diqqətə-
layiq nümunələri sırasındadır. Ə. Qərib yaradıcılıq axtarışlarını davam etdirərək əsərdən əsərə
püxtələşmiş, sovet dövründə də bir sıra oxunaqlı, ideya-bədii mükəmməlliyə malik hekayələr
yazmışdır. 1920-ci illərin sonu, 1930-cu illərin əvvəllərində Ə. Qərib “Azadlıq bahası” adlı roman
üzərində işləmiş, ondan bəzi parçaları Tiflisin Azərbaycandilli mətbuatında dərc etdirmişdir. Onun
1920-ci illərdəki nəsr yaradıcılığının ən uğurlu nümunələrindən biri “Əfi ilan” hekayəsidir. Həmin
əsər “Dan yıldızı” jurnalının 1926-cı ildəki 1-ci və 2-ci saylarında dərc olunmuşdur (5). Ədəbiyyat-
şünas Razim Məmmədli bu hekayəni təhlilə cəlb etməsə də, onun adını “ədəbiyyatımızın nəsr
qolunun inkişafında mühüm rolu olan” əsərlər sırasında çəkmişdir (6, s. 47).
“Əfi ilan” hekayəsi bir sıra xüsusiyyətlərinə (həcminə, obrazlar sisteminə, hadisələrin
əhatəsinə, çoxplanlılığına və s.) görə hətta janrın hüdudlarını bir qədər aşaraq müəyyən mənada
povestə də yaxınlaşır. Bu əsər özünün ictimai-siyasi mündəricəsi ilə də diqqətəlayiqdir. Sovet
hakimiyyəti ərəfəsində və bolşevik inqilabının ilk illərində baş verən mürəkkəb hadisələrə aydın,
bəzək-düzəksiz münasibət ilk baxışdan oxucunun diqqətini çəkir. Əsərdəki hadisələrin mərkəzində
Mürsəl bəy surəti dayanır. Təhkiyədən öyrənirik ki, o, Axısxa qəzasının tanınmış bəylərindəndir,
külli miqdarda sərvətə malikdir. Bolluca torpaq və meşə sahələri, dəyirmanı, taxta zavodu, at
ilxıları, inək sürüləri var. Mürsəl bəy zahirdə özünü kəndlilərin himayədarı, qayğıkeşi kimi göstərsə
də, necə deyərlər, pambıqla baş kəsir, hər vasitə ilə kəndliləri istismar edir. Bu xasiyyətinə görə
kəndlilər onu öz aralarında “Əfi ilan” adlandırırlar. Təhkiyənin növbəti səhifələrində 1917-ci ilin
fevral inqilabından sonrakı şərait təsvir olunur: “Nikalayın taxtdan dəvrildiyini eşidən vaxt Mürsəl
bəyin yürəyi qırt düşdü, rəngi saraldı, dodaqları titrədi. O, öylə fikir etdi ki, bəylərin, mülkədar və
kınyazların dövranı bu gündən qurtardı; o adamcıl inqilabçılar gəlib bunu da başqa bəylər kibi
“dəmə” qoyacaqlar, var-yoxunu da talıyacaqlar”.
Müəllifin təsvirlərindəki təbiilik və yumor qatı da diqqəti çəkir. O da nəzərdən qaçmır ki,
yazıçı o illərin ictimai-siyasi mühitini, cəmiyyətdəki burulğanları, çaxnaşmaları böyük ustalıqla
ədəbi müstəviyə gətirmiş, səciyyəvi detallar vasitəsi ilə oxucularda dolğun təəssürat oyada
bilmişdir. Bəllidir ki, 1917-ci ilin fevral inqilabından sonra müəyyən hərc-mərclik, başıpozuqluq
yaranmış, müxtəlif qüvvələr baş qaldırmış, hakimiyyət və nüfuz dairəsi uğrunda mübarizələr qüv-
- 13 -
vətlənmişdi. İctimai-siyasi mübarizələr kəskin xarakter almışdı. O illərdə Tiflisdə yaşayan Ələkbər
Qərib bütün bu hadisələrin şahidi olmuş, bir müddət sonra yazdığı “Əfi ilan” hekayəsində həmin
müşahidələrini bədii sənət dili ilə canlandırmışdı. Məsələn, 1917-ci ilin fevral inqilabından sonrakı
aylarda Tiflisdə keçirilən mitinqləri yazıçı belə təsvir etmişdir :
“Şəhərin bir çok ... yerlərində toplanan qələbəlik, hay-küylü mitinklərin heç birini Mürsəl
bəy burakmırdı... Ha gözlüyürdü ki, bəylərin asılıb kəsilməsi haqqında bir şey eşidəcək, amma
eşitmirdi. Natiklərin hamısı keçmiş zamanı ad edir, Nikalayı, onun vəzirlərini, pristavları,
qaradavoyları və jandarmaları söyürdülər və axırda “Yaşasın inqilab!”, “Yaşasın cümhuriyyət!”,
“Yaşasın azadəlik!” deyə ciddi tövr ilə ətrafa, insan dəryasının başı üzərinə baxmır və məğrur bir
tərzdə kürsüdən düşürdülər. Haman sahat cəmaət sürükü alkışlar çalır, “Ura!” çığırırdı”.
Həmin mitinklərin boş danışıqlardan ibarət olması, hər hansı bir konkret məqsədə xidmət
etməməsi də yazıçının diqqətindən yayınmamış, mənalı detallarla təsvir olunmuşdur. Hekayədə bu
barədə oxuyuruq:
Mitinklər çox vaxt sahatlarla uzanırdı. Üç-dört sahat sonra sədr bir uzun kağız əlində kürsüyə
çıxıb :
- Mitink çok uzandı, daha yetmiş adam danışmaq üçün siyahıya yazılıb, yığıncağa davam
edəkmi, ya sabaha qalsın? – deyə sorur və simasından da son dərəcəyə varmış bir yorğunluq
yağırdı. Cəmaət hərə bir söz deyir; hər deyilən sözü də cəmaət “Ura!”, “Yaşasın!” sədası və alqışlar
gurultusu içində boğurdu. Bir şey anlamaq mümkün olmurdu. Axırda sədr ümidsizcəsinə cəmaəti
işarə ilə sükuta dəvət edərək, yenə natikləri kürsüyə çıkarırdı”.
Müəllif əhalinin əslində ayrı-ayrı siyasi firqələrin mövqeyinin mahiyyətinə o qədər də
varmadığını da vurğulamışdır: “Bu günlər hər yerindən çıkan inqilabçı olmuşdu, danışmaq və
cəmaətin avıclarını alqış vasitəsilə qıpqırmızı qızartmaq iştiyaqı hamıda güclü idi. Cəmaət seçmirdi
ki, danışan kimdir və danışılan nədir: Federalistmi, Es-ermi, Daşnakmı, Menşevikmi, ya təsadüfən
yoldan keçənmi, kim olursa, olsun – hamını alqışlayırdı”.
Belə bir mürəkkəb şəraitdə Mürsəl bəy hadisələrin mərkəzinə düşməyi, nəzəri cəlb etməyi
məqsədəuyğun saymır, Tiflis otellərində xəlvətə çəkilib öz eyş-işrətinə məşğul olur. Lakin Axısxa
qəzasının naçalnikindən gələn teleqram onun geri qayıtması ilə nəticələnir. Teleqramda bildirilir ki,
Mürsəl bəy həmin qəzanın rayonlarından birinə komissar təyin edilib. Kefi kökəlmiş bəy Axısxa
qəzasına dönərək vəzifəsinin icrasına başlayır, inqilab xofu da canından çıxır. Bəy yenə köhnə
qayda ilə sərvət toplamağa, hər vəchlə sərvətini artırmağa davam edir. Hətta o dərəcəyə qədər ki,
otlaq sahəsinə təsadüfən keçmiş inəyi, ya qoyunu bir müddət saxlatdırıb südünü sağdırır, sonra isə
sahibindən cərimə də alaraq heyvanı yiyəsinə qaytarır. Kəndlilərə qışda baha qiymətlə satılan taxıl,
kartof, yüksək faizlə verilən borc, qeyri-qanuni yollarla doğranıb satılan meşələr və s. də bəyin
doymaq bilməyən tamahına xidmət edir. Hekayənin növbəti səhifələrində Mürsəl bəyin əxlaqca
düşkün olması barədə yeni informasiyalar da bədii müstəviyə gətirilir. Bəlli olur ki, bəy Rüxsarə
xanım adlı çirkin bir qadınla ailə qurmuşdur - onun sərvətindən paya yiyələnmək məqsədi ilə. La-
kin bəy Rüxsarə xanıma gün vermir, onu adam yerinə qoymur, eyni zamanda, öz kefindən də
qalmır. Tiflisdə olduğu kimi, Axısxa qəzasında da bu cür şərəfsiz əməllərini davam etdirir.Bu
məqsədlə hər cür hoqqalara əl atır.
Bəyin bir obraz olaraq iç üzünü açmaq məqsədilə müəllifin təsvir etdiyi müxtəlif epizod və
detallar da bu baxımdan səciyyəvidir. Məsələn, bəy sarayında qurduğu məclisdən sonra ova
çıxmağa hazırlaşarkən ona iki dəstə kəndlinin şikayətə gəldiyi bildirilir. Əlacsız qalan Mürsəl bəy
tələsik də olsa , onların şikayətlərini dinləyir. Bəlli olur ki, Dursun kişi qardaşı qızı yetim
Məkbuləni çoxlu para müqabilində Bəkir ağanın oğlu Məhəmmədə vermişdir. Qız isə qonşu
kənddən Osmanla sevişir. Toy günü fürsət tapan qız Osmana qoşulub qaçır. Uzun axtarışdan sonra
onları tapırlar. Lakin qız kəbininin kəsildiyi Məhəmmədin evinə getmək istəmir, Osmanla ailə qura-
cağını, onunla yaşayacağını bildirir. Osmanın və Məhəmmədin adamları da məsələni həll etmək
üçün şikayətə gəlmişlər. Bu məqamda Məkbulənin Mürsəl bəyə dediyi sözlər qanunsuzluğun hökm
sürdüyü cəmiyyətə ittiham hökmü, qadın hüquqsuzluğuna kəskin etiraz kimi səslənir:
“Bir dəqiqə tərəddüddən sonra qız titrək səslə :
- 14 -
- Bəy əfəndi, - deyir və gözlərindən bilaixtiyar yaş tökülür, - bəy əfəndi, biz ədalətli
məhakimə deyə qapuya gəldik, sən isə heç də ədalət ilə məhakimə etmədin. Bunu bilməlisən ki,
əmucam olacaq bu kor şeytan bir dəfə məni Allah yolunda saxlıyıb böyütmədi, babam və anam
vəfat etdikdən sonra mənim evimdə epeyicə sərvətim, malım, davarım var idi. Evim anbar yapıldı,
ev əşyam, mal-davarım bu alçaq hərif tərəfindən yağma edildi. Ərazim (torpağım) bu günə qədər
onun əlindədir : əkir, biçir, istifadə edir. Səkkiz yaşından haçana kimi bunun evində, tarlasında bir
kölə kibi çalışdım, şimdi söylə, bakalım, babasının xeyrinəmi bu xayin hərif bəni sakladı, böyütdü?
Kocaya verdiyi vakt bəndən bir kərrə sordumu? Kim ona çok para verəcək olursa idi, ona satacaq
idi ; bu, məlumdur. İştə çok para verən Bəkir ağa oldu”.
Lakin insani hisslərdən, ədalət duyğusundan uzaq olan Mürsəl bəy bütün bunları laqeydliklə
qarşılayır, şikayətçiləri başından edərək qazinin yanına göndərir. Kəndlilər gedərkən Məkbulənn
niqabı təsadüfən sürüşüb açılır, onun gözəlliyini görən bəy qızı ələ keçirmək üçün yollar arayır.
Təhkiyənin davamında dramatik hadisələr bir-birini əvəz edir. Oxucu süjeti maraqla izləyir. Bəlli
olur ki, qazi şikayətçiləri dinləmiş, şəriətin hökmünə görə, Məkbulənin Məhəmmədin evinə
dönməsinin vacibliyini bildirmişdir. Lakin qətiyyətli Məkbulə bununla heç cür razılaşmamış,
nəticədə ağösaqqallar qan düşmənşiliyi olmasın deyə ortaya sülh qoymuşlar. Belə ki, Osman Mə-
həmmədin atası Bəkir ağaya iki yüz manat verərək Məkbulənin nigahını geri oxutdurmuş, kəbinini
özünə kəsdirmişdir. Zahirən belə görünür ki, konflikt aradan qalxıb, lakin şərəfsiz Mürsəl bəyin
hadisələrə növbəti müdaxiləsi aranı yenə qatır. O düşünür ki, Məkbuləyə sahiblənmək üçün əri
Osmanı aradan götürmək gərəkdir. Bu məqsədlə o, Məhəmmədi qızışdırıb Osmanı öldürməyə
təhrik edir.
Sonra Tiflisə gələn Mürsəl bəy burada yenə də firqələr davasının şahidi olur. Hər firqənin
yerli təşkilatının sədri özünə tərəfdar yığmağa cəhd göstərir. Müəllif səciyyəvi epizod kimi Tiflisdə
Kerenskinin təbliğatı ilə məşğul olan Bertanovun canfəşanlığını önə çəkmişdir. Belə bir şəraitdə
hansı firqəyə üz tutacağını yəqinləşdirə bilməyən Mürsəl bəy rayona dönür. O artıq vəziyyətin
qarışdığını görüb komissarlıqdan da istefa verir. Müəllifin təsvirləri göstərir ki, mənəviyyatsız bəyin
səpdiyi fitnə toxumları cücərmiş, Məkbulənin əri Osman öldürülmüşdür. Bəyin niyyətindən
xəbərsiz olan Məkbulə son ümid yeri kimi onun evinə şikayətə gələrək baş vermiş fəlakəti anladır.
Bəy isə bu kimsəziz qadını ələ keçirməyin vaxtı çatdığını düşünür. Məkbulə onu qətiyyətlə rədd
edir. Səs-küyə bəyin həyat yoldaşı Rüxsarə xanım gəlir, Məkbuləni təpikləyərək ona ciddi xəsarət
yetirir. Mürsəl bəy isə onu möhkəm vurur. Beləliklə, hər iki qadın ciddi zədə alır. Bu əsnada xid-
mətçi Şərifoğlunun gətirdiyi təcili xəbər əslində Mürsəl bəyin cismani və mənəvi sonluğu kimi mə-
nalanır:
“ – Paşam, - Şərifoğlu kəkəliyir və bir dəqiqə dayanıb nəfəs alır, - paşam, çapuq ol. Qaçalım,
şəhərdən şapar gəlmiş, səni görmək istiyir, deyir, geçən gecə qəza komissarı bəyi, Abastumandakı
yaylasında həbs etmiş, Tiflisə götürmüşlər, bir azdan səni də həbs etməyə gələcəklərmiş... Atları
əyərliyəyimmi?...
- Sus, çık dışarı, atları əyərlə, həm də çapık ol!”
Artıq canının hayında olan Mürsəl bəy huşsuz halda yerə yıxılmış Rüxsarə və Məkbuləni
orada qoyaraq nökəri ilə birlikdə qaçır.
Göründüyü kimi, maraqlı bir süjet daxilində Ələkbər Qərib 1918-1920-ci illərin mürəkkəb
ictimai-siyasi mühitinin dolğun mənzərəsini, bu burulğanlar fonunda müxtəlif təbəqə adamlarının
talelərini məharətlə, bəzək-düzək vurmadan təsvir etmişdir. Xüsusilə qiymətlidir ki, 1920-ci illər
Azərbaycan nəsrinin çoxsaylı nümunələrində sosializm, sovet hakimiyyəti uğrunda mübarizə,
bolşevik inqilabının xilaskar gücü son dərəcə şişirdilmiş və reallıqdan uzaq formada mədh
edilirdisə, Ə. Qəribin “Əfi ilan” hekayəsində bolşevik inqilabı, onun xilaskarlıq missiyası barədə
xüsusi heç nə deyilmir. Yazıçı tarixi gerçəkliklərə uyğun olaraq 1918-1920-ci illərin mürəkkəb,
qarma-qarışıq hadisələrini real şəkildə təsvir etmiş, nəticə çıxarmağı oxucuların öhdəsinə
buraxmışdır. Nəticə isə aydındır: Hay-küylə, zorakılıqla baş verən xaotik inqilablar xalqa əsl səadət
gətirə bilməz.
- 15 -
Sonrakı illər yazıçının nə qədər uzaqgörən və müdrik olduğunu göstərdi. Başqa sözlə deyilsə,
Ə. Qəribin bu hekayəsi vulqar sosioloji təsirlərdən uzaq olan, gerçəkliyə güzgü tutan bir nəsr
əsəridir.
Hekayənin bədii məziyyətləri də təqdirəlayiqdir. Yazıçı mükəmməl kompozisiya qurmuş,
süjeti lüzumzuz əlavələrlə yükləməmiş, obrazların zahiri və daxili portretlərini vəhdətdə
yaratmışdır. Əsərdə sosial-siyasi məsələlərlə insan taleləri bir-biri ilə qovuşuq şəkildə verilmiş,
onların qarşılıqlı uzlaşması uğurla təmin olunmuşdur. Müəllifin yaratdığı peyzajlar, işlətdiyi bədii
təsvir və ifadə vasitələri də razılıq doğurur. Məsələn, Məkbulənin zahiri görünüşünü yazıçı belə
canlandırmışdır: “Mərmər kibi bəyaz və uzunsav çöhrəsi, uzun kirpiklərinin kölgəsi altında pa-
rıldayan, dəryalar kibi mavi, dərin və sehrkar gözləri, bahar səhəri açılmış olan qızılgülə bənzəyən
tazə və qırmızı dodaq və yanaqları, alnına pərakəndə halda tökülmüş olan şahbalut rəngli tükləri
qızın çöhrəsinə öylə bir məlahət və nəzakət bağışlayırdılar ki, onu valeh qalmadan görmək imkanı
yok idi”.
Yazıçının təsvir və təqdimlərində nəzərə çarpan yumor qatı da yerinə düşmüşdür. Müəllif
ayrı-ayrı detalları müxtəlif epizodlarda müvəffəqiyyətlə bədii vasitə məqamına yüksəldərək
işlətmişdir. Məsələn, Mürsəl bəyin əhvalından, durumundan asılı olaraq onun buğlarının da müva-
fiq formalarda və görünüşlərdə təsviri bu qəbildəndir. İnqilab baş verməsi barədə xəbərdən
pəjmürdə olub kefi pozulan Mürsəl bəyin zahiri görkəmində buğların öz əzəmətli mövqeyini,
əvvəlki duruşunu itirməsini yazıçı belə təsvir edir:“Mürsəl bəy inqilab xəbərin eşidən kimi tələsik
Tiflisə gəldi, burada ta martın axırına kibi böyük qorxu içində yaşadı...Bir ayın içində arıxladı, yüzü
uzunladı, alt dodağı sallandı, buğları da daha əvvəlki kibi “Vilhelm” buğlarına bənzəmirdi, imdi
bu buğlar döyülmüş köpək quyruğu kibi aşağı sallanır və dayima bəyin ağzına girirdilər”.
Bir müddət keçir. Mürsəl bəy Axısxa qəzasının naçalnikindən teleqram alır. Teleqramda
bildirilir ki, bəy qəzanın rayonlarından birinə komissar təyin olunduğundan gəlib işə başlamalıdır.
Kefi kökəlmiş bəyin bu dəfəki durumunun, görünüşünün canlandırılmasında digər faktorlarla
yanaşı, onun buğlarının təsviri də bədii detal kimi öz yerini tutur: “İmdi buğlar yenə Vilhelmvari
yuxarı dingələrək, bəyin simasına fövqəladə iyitlik süsü verirlər”.
Ümumiyyətlə, hekayənin bəzi məqamlarında Mirzə Cəlil Məmmədquluzadə və Əbdürrəhim
bəy Haqverdiyev nəsrinin möhtəşəm ənənələrindən yaradıcı şəkildə bəhrələnmə duyulur. Məsələn,
hekayənin başlanğıcı Ə. Haqverdiyevin məşhur “Şeyx Şəban” əsərini xatırladır. Ə. Qərib də əsəri,
Ə. Haqverdiyev kimi, oxuculara xitabla başlayaraq onlardan əsas obrazı tanıyıb-tanımadıqlarını
soruşur, sonra isə həmin surətin müxtəlif əməlləri barədə məlumat verməyə başlayır :
Mürsəl bəyi tanıyırdınızmı? Yox, əşi, necə tanımırdınız? Gürcüstanın çox yerlərində və
bilxassə Tiflisdə onu tanımayan yox idi. May ayını o, həmişə Tiflisdə keçirərdi ... Bu ayı Veradakı
Fantaziya bağında, Qocur yolundakı “Pulermo” və “Verden” restoranlarında, Ortacala bağlarında,
Misxetdə “Bədni Sandronun duxanı”nda eyş-işrət edən, qışda isə üç ay Tiflisdə “Noy” oteli
yanındakı şantanda, “Nadkura” restoranının xüsusi kabinələrində, zerzəmilərdəki duxanlarda gürcü
knyazları ilə bir yerdə qoz sındıran “duşka” Mürsəl bəyi necə tanımırsınız?..
İndi siz də deyirsiniz ki, onu tanımırık. Doğrusu, bu, insaf dəyil.
Yəqin unutmuşsunuz, öylə isə, qoyun, tərif edim ki, bəlkə, yadınıza düşsün”.
Yaxud, yazıçı əzazil bəyə kəndlilərin öz aralarında “Əfi ilan” adı verməsini yumoristik
şəkildə, adı çəkilən ustadlarının yaradıcılıq ənənələrinə uyğun tərzdə belə təqdim etmişdir: “Mürsəl
bəyi səvən bircə bəylər, qınyazlar dəyil idi. Axısxa kəntçiləri içində də onun şöhrəti böyük idi, hamı
onu səvərdi. Əgər kəntçilər Mürsəl bəyin adını “əfi ilan” qoymuş idilərsə də, bu da onların
qanmamazlığını göstərir. Boş, mənasız söz idi da, deyirdilər”. Aydındır ki, Mürsəl bəyə bəylərin,
knyazların sevgisi ilə kəndlilərin “sevgisi” bir deyil. Yazıçının mənalı ironiyası göz qabağındadır.
Hekayədə canlı danışıq dilinə məxsus bir sıra söz və ifadələrdən də uğurla, yerli-yerində
istifadə olunmuşdur. Həmçinin təsvir olunan hadisələrin Axısxa qəzasında baş verdiyini nəzərə alan
müəllifin yeri gəldikcə, xüsusən şikayətçi kəndlilərin nitqində Osmanlı türkcəsinə məxsus bəzi
leksik və qrammatik vahidlərdən istifadə etməsi (əmuca, koca, bakalım, şimdi, şenlik, kəndi və s.)
də koloriti, təbiiliyi gücləndirən faktorlardandır. Həmçinin bəzi rusdilli obrazların dilində rusca
sözlər işlənməsi də nəzərdən qaçmır. Məsələn, Es-er partiyasının Tiflis təşkilatının rəhbəri
- 16 -
Bertanovun danışığında işlədilən “prasti”, “vajnı”, “reç”, “arator”, “meşat”, “şutka” kimi sözlər bu
qəbildəndir. Bütövlükdə hekayənin dil-üslub məziyyətləri yüksək təəssürat oyadır.
Ümumiyyətlə, istedadlı, lakin unudulmuş ədibimiz Ələkbər Qəribin “Əfi ilan” hekayəsi
1920-ci illər Azərbaycan nəsrinin əhəmiyyətli, maraqlı, yaddaqalan nümunələrindən biridir.
Bütövlükdə unudulmuş ədib Ələkbər Qərib Naxçıvanlının yaradıcılıq fəaliyyətinin 1920-ci illər
mərhələsi də zəngin və çoxcəhətli olmuşdur.
Dostları ilə paylaş: |