Mədə və onikibarmaq bağırsağın xora xəstəliyinin diaqnostikası. Xəstəliyin diaqnostikası müxtəlif metodlarla aparılır. Geniş istifadə olunan, dəqiq məlumat verən metod endoskopik (ezofaqoqastroduodenoskopiya) metodudur. Bu metod vasitəsilə xoranı görmək, mədənin çıxışında lokalizasiya etməyə uyğunlaşmış H. pylorinümunəsi götürmək, çıxış hissədən kəsik götürmək mümkündür. Götürülmüş hissəni biopsiyaya göndərmək, histoloji analiz aparmaq mümkündür Endoskopik metodla xoranın ölçülərini, dərinliyini, formasını, xoranın dibini və kənarlarının konturunu müəyyənləşdirmək, xoranı selikli qişanın zədələnməmiş hissələri ilə müqayisə etmək olur. Bu metod ən effektiv-informativ metod hesab olunur, bu metodla mədə-bağırsaq toxumalarının xərçəngqabağı vəziyyətini təyin etmək mümkündür. Endoskopik metod xoranın yerli müalicəsini aparmağa imkan verir. Xüsusi cihazla xora nahiyəsinə dərman vasitələri daxil etmək, lazer terapiyası, qanaxmanın dayandırılması mümkündür.