315
hər hansı ilə Əbdürrauf Fitrətin yaradıcılıq söhbətləri etdiyi, yaxud təhsil müddətində
görüşdüyü haqda məlumatlar kifayət deyil. Yalnız burası məlumdur ki, 1922-ci ildə
Rusiya cədidlərinin atası İsmayıl bəy Qaspıralı bu şəhərə gəlib, yeni tədris üsulu
haqqında İstanbulda mühazirələr oxumuşdur”
[1, s. 26].
İstanbul ədəbi-mədəni mühitinin XX əsrin əvvəllərindəki türkçülük və turançılıq
hərəkatlarına təsiri haqqında mülahizə yürüdəndə sözügedən dövrdə orada yayımlanan
bir sıra qəzet və jurnalların (“İttihad və tərəqqi”nin nəşri, “Yeni məcmuə”, “Mizan”,
“Türk yurdu”, “Xalqa doğru”, “Gənc qələmlər”, “Türk sözü”, “Siratül-müstəqim” və s.)
Rusiya imperiyası hüdudlarında yaşayan türk ziyalılarına eləcə də, həmin dönəmdə
İstanbulda təhsil alan azərbaycanlı və türküstanlı tələbələrə təsirini də ayrıca
vurğulamaq lazımdır. Burada, yeri gəlmişkən, öz yaradıcılıqları ilə tədqiqatımızın
obyekti olan hər iki sənətkarın – həm Hüseyn Cavidin, həm də Əbdürrauf Fitrətin keçən
əsrin əvvəllərində Türkiyədə (İstanbulda) təhsil aldıqlarını da nəzərdən qaçırmaq olmaz.
Həmin dönəmdə istər Türkiyədə, istərsə də Rusiya imperiyası hüdudlarında çıxan
demokratik ruhlu başqa qəzet və jurnalların rolunu azaltmamaq şərti ilə,
onlardan
ikisinin – “Tərcüman” qəzetinin və “Molla Nəsrəddin” jurnalının bütün türk
dünyasındakı və Şərq aləmindəki nüfuzunu yalnız onların özü ilə müqayisə etmək
mümkündür. “Molla Nəsrəddin” jurnalı zülmün və cəhalətin hər cür təzahürlərinə qarşı
qətiyyətli və davamlı mübarizəsi ilə müsəlman Şərqində nə qədər məşhur idisə,
“Tərcüman” qəzeti ümumtürk maraqları və türk birliyi yolundakı fədakar mücadiləsi ilə
türk dünyasında bir o qədər yayğın idi. Mövzumuzla daha yaxından və daha çox bağlı
olduğuna görə onlardan sonuncusunun üzərində ayrıca dayanmaq zərurəti yaranır. Otuz
ildən artıq bir müddət ərzində (1883–1914) bütün türk dünyasının ən çox oxunan və ən
sevimli qəzetinə çevrilmiş “Tərcüman” təkcə nəşr olunduğu Baxçasarayda, Krımda
deyil, tezliklə İstanbulda, Ankarada, Bakıda, Kazanda, Ufada, Daşkənddə,
Səmərqənddə, Buxarada, Aşqabadda, Kaşqarda və Turanın
başqa mədəniyyət
mərkəzlərində türkçülük və turançılıq ideyalarının yayılmasına və bütün türk xalqlarının
milli dirçəlişinə güclü təkan vermişdir. Özbək mətbuat tarixinin tanınmış
tədqiqatçılarından və bilicilərindən biri olan Ziya Səid vaxtilə yazırdı:
Dostları ilə paylaş: