318
yanaşı, bir-birindən fərqli, xüsusi cəhətləri də mövcud idi. Azərbaycandakı milli
təmayüllər haqqında daha çox yazıldığından və ədəbi-elmi ictimaiyyətə məlum
olduğundan biz Əbdürrauf Fitrət yaradıcılığı ilə əlaqəli olduğu üçün həmin dövrdə
Özbəkistanda fəaliyyət göstərən “Cığatay gürüngü” və cədidçilik hərəkatı haqqında
yığcam məlumat verməyi zəruri hesab edirik.
“Cığatay gürüngü” 1918-1920-ci illərdə,
təxminən Azərbaycan Xalq
Cümhuriyyəti dönəmində
Özbəkistanda
fəaliyyət
göstərən, ictimai-mədəni
hərəkatlardan biridir. Hərəkatın adındakı “Cığatay” sözü Çingiz xanın vaxtilə
Türküstanın müəyyən hissəsini idarə edən oğlunun adından alınmışdır, “gürüng” sözü
isə “məclis”, “toplantı”, “yığıncaq” mənasını bildirir. Amma “Cığatay gürüngü”nün
fəaliyyəti və vəzifələrinin bəzi tərəfləri haqqında özbək tədqiqatçıları arasında
mübahisəli məqamlar mövcuddur. Məsələn, yuxarıda göstərilən mənbələrdən belə
məlum olur ki, görkəmli və təcrübəli özbək ədəbiyyatşünaslarından biri “Cığatay
gürüngü”nü Özbəkistandakı ilk Yazıçılar Birliyi kimi təsəvvür və təqdim edirsə,
tanınmış fitrətşünas Həmidulla Baltabayev “Cığatay gürüngü” dərnəkdirmi, yaxud
təşkilatdırmı?” – sualının doğrü-düzgün cavabını aydınlaşdırmağa çalışır.
Amma nə
olur-olsun və necə olur-olsun, “Cığatay gürüngü”nün yaranmasında və olduqca səmərəli
fəaliyyətində Əbdürrauf Fitrətin fədakar və millətpərvər rolu, birmənalı olaraq,
vurğulanır. Böyük özbək ədəbiyyatşünası Beyalı Qasımov yazır:
“Fitrətin Daşkənddəki
ən böyük işlərindən biri “Cığatay gürüngü”nün fəaliyyəti oldu. Mədəniyyətimiz
tarixində fövqəladə əhəmiyyətə malik, keçmiş irsimizi öyrənmək və xalqımızın mənəvi
mülkünə çevirməkdə, indiki nəsilləri əcdadlarımızın ölməz ruhiyyət aləmi ilə
bağlamaqda saysız-hesabsız xidmətləri olan bu cəmiyyət haqqında, təəssüf ki, indiyə
qədər həqiqi və sanballı fikir deyilməyib. Halbuki, onu dərindən tədqiq etmək və
qiymətləndirmək zamanı çoxdan yetişib”
[4, s. 96].
Göründüyü kimi, Fitrətin bədii yaradıcılığında milli oyanış motivlərinin və milli
özünüdərk qayələrinin kökləri Fitrətin elə özünün ictimai fəaliyyətinin əsas istiqamətləri
ilə ayrılmaz əlaqədə olmuşdur. Türküstanda cədidçilik hərəkatının ən fəal nümayəndələ-
rindən biri olan Əbdürrauf Fitrət bədii yaradıcılıqla ictimai-siyasi fəaliyyəti həmişə qoşa
qanad kimi öz amalının və mübarizəsinin əsas hədəflərinə doğru birgə istiqamətləndirə
bilmişdir.
Əslində “Cığatay gürüngü”nün məqsəd və vəzifələrini əhatə edən məşhur
cədidçilik hərəkatı təkcə Fitrətin yaradıcılığında deyil, XX əsrin əvvəllərindəki bir çox
Türküstan ziyalılarının fəaliyyətində ciddi dönüş yaratmışdır. Öz məna-məzmununu və
mahiyyətini “cədid” (“yeni”, “yenilikçi”) sözündən alan cədidçilik həmin tarixi
dönəmdə bir ideya kimi, bir maarifçilik təmayülü kimi müxtəlif türkdilli bölgə və
mühitlərdə də bu və ya digər dərəcədə baş qaldırsa da, o heç yerdə məhz Türküstanda (o
cümlədən, Özbəkistanda) olduğu kimi kütləvi ictimai-mədəni hərəkata çevrilə
bilməmişdir. Cədidçiliyin ciddi tədqiqatçılarından biri olan H.Baltabayevin “Fitrət və
319
cədidçilik” monoqrafiyasının “Cədidçilik cəbhələri” fəslinin “Cədidçiliyin mənəvi
kökləri” adlı hissəsində oxuyuruq:
“Türküstan tarixinə aləmsümul dəyişikliklərin
müəllifi kimi daxil olan cədidçilik nəinki Mərkəzi Asiyada, bütövlükdə Avroasiyada da
əhəmiyyətli izlər qoyduğu üçün o, dünya elmi ictimaiyyəti tərəfindən diqqətlə
öyrənilməkdədir. Cədidçilik hərəkatının mənəvi köklərini öyrənməklə bərabər, eyni
zamanda, axtarışlar onun yeni-yeni cəbhələrinin ictimai-siyasi, mədəni və maarifi,
ədəbi və elmi cəbhələrinin açılmasına ciddi təkan verə bilər”
[1, s. 68].
Fitrətşünas və cədidşünas alim cədidçiliyin mənəvi kökləri və əsas təmayülləri
haqqında fikir yürüdərkən dörd mühüm amili, xüsusilə diqqət mərkəzinə çəkir: 1.
Cədidçiliyin Əmir Teymur tərəfindən yaradılmış və “Teymur tüzükləri”ndə öz əksini
tapmış, mərkəzləşdirilmiş dövlət quruluşuna və ondakı
idarəçilik üsuluna rəğbəti
(Əbdürrauf Fitrət dramaturgiyasında Əmir Teymur simasını bədii obrazla canladırma
cəhdləri və s.) 2. Teymurilər dövrü mədəniyyətinin ən böyük zirvəsi sayılan Əlişir
Nəvai yaradıcılığını əsas götürərək, həmin əsasda yeni milli ədəbiyyat və mədəniyyət
yaratmaq əməli; 3. Əmir Teymurun böyük dövlətçilik ənənələri ilə Əlişir Nəvainin
yüksək milli mədəniyyət ənənələrinin vəhdəti və birliyi əsasında çağdaş dünyanın
tələblərinə və səviyyəsinə uyğun gələn yeni cəmiyyət və müstəqil milli dövlət qurmaq
arzusu; 4. Müstəmləkəçiliyi millətin geriliyinin və mənəvi süqutunun əsas səbəbi kimi
dərk edərək, nəinki Türküstanın, bütövlükdə Asiyanın müstəmləkəçilik zülmünə qarşı
milli azadlıq və müstəqillik uğrunda mübarizəsini həyata keçirmək əzmi.
Bu dörd mühüm amili vurğulamaqla yanaşı, tədqiqatçı, eyni zamanda, cədidlərin
iqtisadi-ictimai-siyasi, mədəni-mənəvi, maarifi və elmi sahələrdə həyata keçirmək
istədikləri və qismən keçirdikləri dəyişiklikləri və yenilikləri də ayrı-ayrılıqda qeyd edir
[1, s. 68-70].
Beləliklə, özbək ədəbiyyatında milli özünüdərk ideyalarının ictimai-tarixi
zəminini təşkil edən hadisə və təmayüllər Azərbaycandakı
həmin dövrün hadisə və
təmayüllərindən müəyyən mənada fərqli olsa da, hər iki ictimai mühiti bir-birinə
yaxınlaşdıran ümumi hərəkatların və aparıcı təmayüllərin (müstəmləkəçilik zülmünə
qarşı mübarizə, milli və yenilikçi mədəniyyətə canatma və s.) böyük əhəmiyyətini də
azaltmaq olmaz. Ən mühüm tərəfi ondan ibarətdir ki, bədii ədəbiyyatın üfüqlərində, o
cümlədən Hüseyn Cavid və Əbdürrauf Fitrət yaradıcılıqlarında məhz sözügedən
dönəmin aparıcı xüsusiyyətləri, ictimai-tarixi gerçəkliyin əsas cəhətləri öz əks-sədasını
tapırdı. Təsadüfi deyil ki, hətta onların müstəqillik illərində
oxucu kütləsinə təqdim
olunan əsərlərinin müqəddimə və təqdimatlarında da məhz özünüdərk və milli oyanış
təmayüllərinin məhz ümumi cəhətləri vurğulanırdı.
Dostları ilə paylaş: