Tili, adabiyoti va folklori instituti, alisher navoiy nomidagi davlat adabiyot muzeyi, urganch davlat universiteti



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə152/431
tarix15.09.2023
ölçüsü7,91 Mb.
#143696
1   ...   148   149   150   151   152   153   154   155   ...   431
Anjuman Boku (6)

Açar sözlər:
torpaq, çərşənbə, vətən, ünsür, sakrallıq, mifik təsəvvürlər, xalq 
təfəkkürü, ritual
Резюме 
Статья посвящена концепту земли в тюркских мифологических 
представлениях, который также охватывает сакральную семантику, 
отражающаяся в народном сознании и в устном народном творчестве
Торпаг чаршанба, входящий в комплекс праздника Новруз
символизирующий приход весны. Здесь земля интерпретируется как один из 
четырех священных элементов, участвующих в сотворении мира и человека, 
и соответственно приводятся примеры из сур и аятов Корана , связанных с 
землей. Также приводятся примеры обычаев, ритуалов о Торпаг чаршанба- 
Илахыр чаршанба в народном творчестве, распространенных среди народа. 
В частности, поверья о Хызыре, о его возвещении прихода весны, раздаче 
изобилия и благословений всем домам и т. п. 
Ключевые слова
: земля, чаршанба, родина, стихия, сакральность, 
мифические представления, народное сознание, ритуал


325 
Summary 
The article is devoted to the fact that the concept of the earth in the Turkic 
mythological imagery also covers the mythological semantics of semantics, and in 
this context the rite reflects our folklore, the Earthly Environment, which is part of 
the Novruz holiday complex, symbolizing the arrival of spring. Here the earth is 
interpreted as one of the four sacred elements involved in the creation of the world 
and man, and examples are given from the Qur'an of suras and rituals associated 
with the earth. There are also examples of customs, rituals and folklore literature 
spread among the people in connection with the Earth Frame-Next Frame. 
Keywords:
earth, charshenbe, homeland, element, sacredness, mythical 
representations, folk consciousness, ritual 
Boz aya daxil olan ilin sonuncu çərşənbəsi Torpaq çərşənbəsidir.Xalq 
arasında bu çərşənbə “Axır çərşənbə”, “Yer çərşənbəsi”, “Çərşənbə-suri” və s. 
adlarla təmtəraqlı şəkildə keçirilir. Torpaq ümumtürk mənəvi-əxlaqi dəyərlər 
sistemində vətən, el-oba, yurd anlayışları ilə yanaşı, həm də mifik semantik 
sakrallığı əks etdirir. Bu çərşənbə Torpağın oyanmasını, dirilməsini şərtləndirir. 
Erkən təsəvvürlərə görə, dörd mühüm ünsürdən sonuncusunun oyanması 
nəticəsində Su, Atəş, Yel bütün Yer üzünü dəyişir, insanları çətinlikdən, sıxıntı və 
məhrumiyyətlərdən xilas etmək üçün daha da qüvvətlənir. Xalq arasında mifik 
düşüncəni əks etdirən belə nümunələrdən birində deyilir ki, “Adamların 
məhrumiyyət və qıtlıqdan əziyyət çəkdikləri bir gündə Sel, Atəş, Yel Torpaq 
xatunun yeraltı məbədinə qonaq gəlirlər. Burada yatmış Torpaq xatunu oyadıb 
adamların aclıq və qıtlıq çəkdiklərini ona söyləyirlər. Torpaq xatun “Adamları 
fəlakətə salan özü fəlakətə düşər” – deyə yerindən qalxır, Sel, Atəş, Yel və Torpaq 
xatun əl ələ verib: “Zəmzəm gəldi, Atəş gəldi, Yel gəldi, təzə ömür, təzə məhsul, il 
gəldi – deyə-deyə, işıqlı dünyaya çıxırlar. Deyirlər həmin gün ilin əziz günü olan 
Axır çərşənbə idi” [1,192].
 
Məlumdur ki, Torpaq insanın yaradılışında bilavasitə iştirak edən dörd
ünsürdən biridir. Böyük Yaradanın nazil etdiyi müqəddəs kitabların ən fəzilətlisi 
Qurani-Kərimdə “Fatir (“Yaradan”) surəsinin 11-ci ayəsində belə buyrulur: “Allah 
sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir”. Əc-Səcdə 
(“Səcdə”) surəsinin 7-ci ayəsində buyrulur: “Hansı ki, yaratdığı hər şeyi gözəl 
biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş”, Ər-Rum (“Rumlular”) 
surəsinin 20-ci ayəsində isə belə deyilir: “Allahın sizi Torpaqdan xəlq etməsi Onun 
dəlillərindəndir”. Maraqlı məsələlərdən biri də islam dinində Torpağın 
müqəddəsliyini göstərən təyəmmümlə bağlıdır. Təyəmmüm – su olmadıqda, su 
tapılmayanda torpaqla, qum və ya tozla dəstəmaz almaq deməkdir. Bu barədə 
Qurani-Kərimdə “Ən Nisa” (“Qadınlar”) surəsinin 43-cü ayəsində Böyük Yaradan 


326 
belə buyurur: “Ey iman gətirənlər!.. Su tapmasanız, təmiz torpaqla təyəmmüm 
edin, üzünüzə və əllərinizə sürtün!” [3]. Deməli, torpaq insanın yaradılışında 
iştirakdan əlavə, həm də suyu əvəz edir, safdır, müqəddəsdir, insanı pak edə 
biləcək qüvvəyə malikdir. Yaradılış Torpaqla bağlıdır. Teoloji düzümdə ilk insanın 
yaranmasında Torpaq ilkin faktor kimi çıxış edir, yəni Ulu Tanrı insanı əvvəlcə 
Torpaqdan, daha sonra istilik və sudan, ən sonda öz nəfəsini üfürməklə 
yaratmışdır. Novruzun yaranmasında, mərasim folklorunda isə bu düzüm bir qədər 
fərqlənir, yəni, Su, Od, Yel birləşib Torpağı dirildir, oyadır, artıq əkin-biçinə, 
şumlanmağa hazır edir. Xalq rəvayətinə görə, bir kişi hər il torpağı şumlar, əkib-
biçib bol məhsul götürərmiş. Aylar, illər ötür. Zaman öz işini görür. Kişi qocalıb 
iş-gücdən qalır. Gözlərinin nurunu itirir. Bir gün o, oğlunu yanına çağırıb deyir ki, 
bala, şum vaxtıdı. Öküzləri hayla, xışa qoş, torpağımızı şumla. Oğul atasının 
sözünə əməl edir. Sabahısı gün yenə ata oğula torpağı şumlamağı tapşırır. Bu dəfə 
də o, öküzü, xışı götürüb torpağı şumlamağa yollanır. Üçüncü gün də ata oğluna 
torpağı şumlatdırır. Dördüncü dəfə ata oğluna torpağı şumlamağı tapşıranda o, 
“yaxşı” deyir, amma torpağı şumlamır. Fikirləşir ki, onsuz da atamın gözləri 
görmür, hardan biləcək mən torpağı üç dəfə, ya dörd dəfə şumlamışam... 
Oğlan torpağı əkib becərir. Biçin vaxtı yetişir. O, kəhrəba kimi sarı buğdanı 
biçib dərzləyir. Bu vaxt oğluna deyir ki, bala məni tarlaya apar. Oğlan atasının 
əlindən tutub dərzlərin yanına gətirir. Ata əlindəki əsasını qarşıya uzadır. Əsa dərzə 
dəyir, sol tərəfə uzadır, yanə də dərzə deyir. Əsa sağda da dərzə toxunur. Kişi əsası 
ilə arxasını nə qədər axtarsa da, görür ki, boşdur. Deyir ki, ay oğul, nə üçün torpağı 
dörd yox, üç dəfə şumlamısan? Əgər bu işi dörd dəfə görsəydin, indi dərzlərin də 
sayı üç yox, dörd olardı” [ 4, 186]. 
Göründüyü 
kimi, torpağı əkib-becərmək, şumlamaq insan üçün 
əhəmiyyətlidir. Torpaq bolluq, bərəkət, bir sözlə əmin-amanlıq, xoşbəxtlik, 
firavanlıq rəmzidir. 
Mifik təsəvvürlərdə olan mənbəyə görə, Xızırın qardaşı, yer sahibi Zinda 
öküzünü itirir və onu axtarmaq üçün meşəyə yollanır. Öküzünü tapa bilməyən 
Zinda meşədə qar yağdığına görə qarın altında qalır. Həmin gecə Bozatlı Xızır 
göyün doqquzuncu qatından yerə enib qardaşını axtarmağa başlayır, onu tapır və 
nəfəsilə qızdırır. Zinda öküzünü də axtarıb tapır, hamı Zindanın evinə gəlir. 
Axşam Xızır qızıldan tökülmüş kotan və boyunduruğu qardaşına verir, 
çərşənbələşdikdən sonra Xızır Zinda, yaxud Xızrzinda adı ilə bayram keçirib 
Torpağı oyatmağa çalışırlar “. 
İnanca görə, Axır çərşənbədə Xızırzinda insanlara bərəkət paylayır, ona görə 
də bütün evlərdə un çuvallarının ağzını açardılar ki, paylanan bərəkətdən onlara da 
pay düşsün. Çərşənbə gününün özünəməxsus adətləri vardır. Ev sahibləri heç 
kimlə kəlmə kəsmədən əllərini una vurub evin divarlarına, həyətdəki meyvə 


327 
ağaclarının kötüyünə yavaşca balta ilə toxunar və deyərdilər: «Nə yatmısan, oyan, 
bərəkət payını götür». Bağçadakı bar verməyən ağaca isə «kəsəcəyəm» deyərək 
hədə-qorxu gəlirdilər, bu zaman bir başqa adam sanki Xızırzindanın dilindən belə 
deyirdi ki, «kəsmə, bu ağac təzə ildə bar verəcək, buna mən zamin.... ». 
Səməni Novruzun əsas atributlarından biridir. Səməni bolluq-bərəkət, ruzi, 
yaşıllıq və yazın gəlişinin rəmzidir. Erkən dövrlərdən evlərdə səməni qoymaq adəti 
olmuşdur. Bu adətə görə, buğda, arpa, mərci, noxud və s. islağa qoyulub 
cücərəndən sonra sini və ya boşqaba sərib üzərini tənziflə örtərək, su çiləyib 
cücərdilərdi. Müasir dövrümüzdə də səməni qoymaq adəti nənələrimiz, analarımız 
tərəfindən davam etdirilir. 
Yunan filosofu Plutarx (bizim eranın təqribən 46-127-ci illəri) Midiyada – 
qədim Azərbaycanda taxılı müqəddəs bitki saymaq adətinin olduğunu 
göstərmişdir. Bu adət hər ilin əvvəlində, yəni, yazda icra edilərdi. Çox maraqlıdır 
ki, bu adət səməni göyərtmək şəklində bizim günlərə qədər gəlib çıxmışdır. Səməni 
insanların arzu-istəklərini həyata keçirən bir nemət kimi xalq təfəkkürünə daxil 
olmuşdur: 
Səməni, ay səməni, 
Göyərdərəm mən səni. 
Sən gələndə yaz olur, 
Yaz olur, avaz olur. 
Məlumdur ki, Səməni cücərdib qohum-əqrabaya, qonum-qonşuya paylamaq 
adəti olmuşdur, hətta inanca görə əgər səməni sıx, düz bitərsə, təzə il bolluq-
bərəkət ili olar, əksinə bir az seyrək bitərsə, bu həmin ildə çətinliklərin olacağına 
işarə kimi qəbul edilirdi. 
Torpaq çərşənbəsində buğdadan «səməni mayası» da hazırlanardı. Buna 
səməni həlimi, yaxud, maya səməni də deyərdilər, qadınlar onu birlikdə 
hazırlayardılar. Bu səməni çəmənlikdə, yaxud pir və məscidlərin yanında 
bişirilərdi. Mənbələrə görə, Axır çərşənbə axşamı gecədən sübhə qədər insanlar 
cəmlənər, «səməni toyu» keçirərdilər. Ağbirçək qadınlar səməni mayası bişən 
qablara yaxınlaşıb nəmər, yumurta qoyub təzim edər, sağ əllərini 3 dəfə qazanlara, 
sonra dodaq və alınlarına çəkərdilər ki, bu adətə «qazan ziyarəti» deyilərdi. İnanca 
görə, Xızırzinda gəlib səməni mayasını qəbul edəcək,ona görə də qazanların üstünə 
un qoyardılar ki, Xızırzindanın əlinin izi burada görünsün. Səməni mayası sübh 
tezdən yeyilərdi. Səməni mayası əvvəlcə xəstə uşaqlara və övladı olmayan 
gəlinlərə verilərdi. İnanca görə, səməni mayası, şirin, dadlı olurdusa Xızırzinda 
tərəfindən qəbul edilmiş hesab edilirdi. Səməni mayasını həm də ömrü uzadan, 
sağlamlığa müsbət təsir göstərən “Xızırzinda çiçəyi” də adlandırırdılar. 
Novruz və Axır çərşənbə süfrəsinin digər bir atributu isə yumurtadır. Hələ 
erkən mifik düşüncədə yumurta yaradılış, həyat funksiyası ilə bağlıdır. Şərq 


328 
xalqlarının, o cümlədən türk mifoloji təsəvvüründə dünyanın yaranması 
yumurtadan çıxmış quşla əlaqələndirilir. Bu quş Altay xalqlarında müqəddəs Qaz 
adlandırılır. Türkdilli xalqlar arasında qartal quşların xaqanı sayılırdı. Yakutlar isə 
hesab edirlər ki, şamanlar qartal yumurtasından törəyib, ona görə də qartalı Tanrı 
hesab edirdilər [4, 200]. 
Zərdüştilərin müqəddəs hesab etdikləri “Avesta”da da “dünya yumurtası” 
anlayışı mövcuddur. Yumurta dörd ünsürü özündə daşıyır, ilkin təsəvvürləri əks 
etdirir. Yumurtanın həm quruluşu, həm də qabığı Torpağın, qabığın altında olan 
nazik pərdəsi Havanın, ağı Suyun, sarısı isə Odun rəmzləndirir. Novruz süfrəsini 
bəzəyən boyanmış yumurtalar da hər biri müvafiq mənanı ifadə edir. Bütün bunlar 
göstərir ki, Novruz ilkinlik, başlanğıc bayramıdır, dünyanın yaranması ilə bağlı 
ayin, etiqad və mərasimləri bütün dünyada tanıtmağa imkan verir. Təsadüfi 
deyildir ki, keçən əsrin 80-ci illərində Azərbaycana səfər edən əcnəbi antropoloq 
alim Tur Heyerdala Qobustanda Novruz xonçası təqdim edilərkən o, öz heyrətini 
gizlədə bilməmiş və xonçanın önündə diz çökərək “Əcəba, bu, dünyanın 
bəzədilmiş simvoludur, siz nə qədim xalqsınız!” söyləmişdir. 
Torpaq çərşənbəsində silsilə ayin və mərasimlər yerinə yetirilərdi. İnanca 
görə, yerin altından “çilləxana” adlı dar yol açıb, səhər tezdən “ağırlığımı yer 
götürsün, mətləbimi Allah versin” deyib həmin yeraltı yoldan keçəndən sonra alma 
yeyilməliydi. Bu inancla insanlar öz müşküllüklərini sanki Torpağa tapşırıb «ölüb 
yenidən dirilirdilər». Bu adət sonralar da böyüklər tərəfindən icra olunardı, 
xüsusən el arasında yolunu azanları Torpaqdan halallıq almaq və islah olunmaq 
məqsədilə həmin çilləxanalardan keçirərdilər. 
Qaynaqlara görə, Torpaq Çərşənbəsində “Cütçü şumu”, yaxud “Əkin toyu”, 
“Səpin toyu” adlanan böyük bir mərasim keçirilərdi. Mərasimin baş qəhrəmanı 
Cütçü baba, yaxud «Gilbaba», «Turab baba» olmuşdur. Rəvayətə görə, Cütçü baba 
ilk dəfə insanlara taxıl əkib-biçməyi öyrətmiş övliya hesab olunmuşdur. Bu 
mərasimdə Cütçü baba vəzifəsini icra etmək üçün elin hörmətli ağsaqqalı 
seçilərdi. Səhər-səhər “Cütçü baba” mərasimi başlanmazdan əvvəl hamı şənliyə 
hazırlaşardı. Adətə görə, iydə, yaxud ərik ağacından düzəldilən bir cütü, qarakotanı 
günün altında qoyub onu qırmızı parça ilə bəzəyərdilər. Mərasimdə şum alətinin 
vəsfilə bağlı «Cüt gözəlləməsi» də oxunardı. Sonra bir cüt ağ öküz gətirib, 
ayaqlarını qırmızı parçalarla bəzəyib kotana qoşardılar. Daha sonra mərasimə 
Cütçü baba, yaxud Xızırzında təşrif buyurur. 
Torpağın oyanmasını əks etdirən Axır çərşənbə Azərbaycanın bəzi 
bölgələrində Novruz bayramı ilə eyni təmtəraqla keçirilir, yəni, ilaxır çərşənbə 
zəngin mərasim, oyun, tamaşa sistemi daxilində keçirilir. Axır çərşənbə axşamı 
digər çərşənbələrdən daha çox ayin, etiqad, adət və ənənələr icra edilir, tonqallar 
qalanır, kütləvi şənlik məclisləri keçirilir. “İlin axır çərşənbəsində xalq arasında 


329 
müxtəlif adətlər olmuşdur.Həmin adətlərdən biri də axır çərşənbə günü axşam 
bütün həyətlərdə tonqal qalamaqdan ibarətdir”...Adətən tonqal üç yerdə 
qalanırdı”... [2, 105]. Ən əsası Axır çərşənbə süfrəsi və çərşənbə xonçası bəzədilir. 
Məlumdur ki, Novruzun əsas şirniyyatları şəkərbura, paxlava, qoğal, şəkərçörəyi 
və s.-dir. Novruz şirniyyatlarının hər birinin öz semantikası vardır, şəkərbura Ayın, 
qoğal Günəşin, paxlava isə ulduzların rəmzidir. Bunlar arasında ən çox növü olan 
paxlavadır: Bakı paxlavası, Quba paxlavası, Şəki paxlavası, Gəncə paxlavası, riştə 
paxlavası və s. İlaxır çərşənbə və Novruz süfrəsində mütləq bayram plovu 
bişməlidir. 
Axır çərşənbədə bir çox adətlər, rituallar icra edilərdi ki, bunların bir qismi 
bu gün də xalq arasında sevə-sevə qorunub saxlanmışdır. Qulaq falı, qapı pusmaq 
və s. belə adətlərdəndir. Axır çərşənbə axşamı küsülülər barışarlar. Axır çərşənbə 
gecəsində təbiətdə nə varsa, hamısı təzələnir.
Axır çərşənbə günü, qaş qaralandan sonra dayanıb qonşunun qapısını 
pusurlar. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub bəxt 
haqqında müəyyən mülahizələr söyləyirlər. Məsələn, ilk eşidilən sözlər “işığı 
yandır”, “yaxşı olacaq” və s. olarsa hər şeyin yaxşı olacağı güman edilir. Adətə 
görə, Axır çərşənbə axşamı subay qızlar yatmazdan əvvəl duzlu kökə yeyib su 
içmirlər. Gecə yuxuda kökə yeyənə su verən insan yuxu görənin “qismətidir” 
kimi qəbul olunur. Başqa bir inama görə, Axır çərşənbədə otuzluq lampanın altına 
qıfıl bağlayıb qoyurlar, niyyət edib gözləyirlər. Kim qapını açıb birinci evə daxil 
olarsa, onun ilk sözünü niyyətə görə yozurlar. Novruzda axırıncı çərşənbə günü 
“iynə süzdürüb”, “çillə çıxarırlar”. Hamı deyib-gülür şənlənir. Hər kim yatdı, onu 
yatdığı yerə tikirlər. Sonra da üstünə su töküb, ayıldırlar... və s. 
Erkən dövrlərdən xalqımızın təfəkküründən folkloruna həkk olunmuş dərin 
laylardan süzülüb gələn bədii mətnlərə, atalar sözlərinə, andlara, alqışlara nəzər 
salaq: 
Torpaqdan pay olmaz. 
Torpağa əyilən namərdə əyilməz. 
Torpaq qızılquşdur, əldən buraxdın – uçar gedər. 
Torpaqda əlləşən xoşbəxtliklə rastlaşar. 
Torpaq əkinçinin zəhmətilə zinətlənər. 
Torpaq deyər: - Öldür məni, dirildim səni! 
Torpağa var versən, o da sənə bar verər. 
Torpaq deyər: - Sən mənə tər ver, mən sənə zər verim! 
Torpağa göz ağardanda üz ağardar. 
Torpaq kimi bərəkətli ol ki, hamının sevimlisi olasan! 
Torpağa xor baxsan, o sənə kor baxar. 


330 
Torpaq ovuclayan qızıl ovuclar. 
Torpaq müqəddəsdir. 
Torpağın qədrini bilməyən ulaya-ulaya qalar. 
Torpaqla əlləşən ac qalmaz. 
Torpağı bir yerdən götürülüb. 
Torpağın qarası üz ağardar. 
Torpağın sirrini əli torpaqda olan bilər. 
Torpaqda itki olmaz, 
Kötüksüz bitki olmaz. 
Torpağa vaxtlı-vaxtında su ver, bəhrəsini gör. 
Torpaq haqqı! 
Yer haqqı! 
Torpağı sanı yaşayasan! 
Torpağın həmişə gül bitirsin! 
Torpağın yada qismət olmasın! 
Torpağından qara yellər əsməsin! 
Torpağın həmişə bar yetirsin! 
Torpağın bərəkətli olsun! 
Torpağına göz dikənin gözü tökülsün! 
Torpağını göz bəbəyin kimi qoru! 
Çərşənbə günü təzə evə köçməzlər. 
Çərşənbə axşamı paltar biçmək yaxşı əlamət sayılır. O paltarı geyən 
dövlətli olar, - deyərlər. 
Çərşənbə axşamı təzə paltar geymək uğur gətirər. 
Libas üstə libas geyən heç vaxt çılpaq qalmaz. 
Axır çərşənbə axşamı küsülülər barışarlar. 
Axır çərşənbə gecəsində nəhs danışmaq, içki içmək, nalayiq işlər 
tutmaq olmaz. 
Axır çərşənbə gecəsində təbiətdə nə varsa, hamısı təzələnir. 
Axır çərşənbə gecəsində insanın da əməli, istəyi, fikri, davranışı 
dəyişir. 
Axır çərşənbə gecəsi ərə verilən qızları tonqalın başına dolandırar və 
deyərlər: - Qoy odlu-ocaqlı olsunlar!” 
Od sönsə, ocaq da sönər, - deyərlər. 
Çaylarda, gölməçələrdə bitən ağ zanbağın gövdəsi uzanmağa 
başlayanda deyərlər, - qışın ömrü bitir, yaz gəlir... 


331 
Göründüyü kimi, mifoloji qaynaqlardan bəhrələnən xalq ədəbiyyatı 
nümunələrində torpaq, vətən , yurd sevgisi bariz şəkildə əks olunmuş, arxaik 
mərasimlərlə, adət-ənənələrlə xalq təfəkkürünə həkk olunmuşdur.

Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin