Açar sözlər:
torpaq, çərşənbə, vətən, ünsür, sakrallıq, mifik təsəvvürlər, xalq
təfəkkürü, ritual
Резюме
Статья посвящена концепту земли в тюркских мифологических
представлениях, который также охватывает сакральную семантику,
отражающаяся в народном сознании и в устном народном творчестве
Торпаг чаршанба, входящий в комплекс праздника Новруз,
символизирующий приход весны. Здесь земля интерпретируется как один из
четырех священных элементов, участвующих в сотворении мира и человека,
и соответственно приводятся примеры из сур и аятов Корана , связанных с
землей. Также приводятся примеры обычаев, ритуалов о Торпаг чаршанба-
Илахыр чаршанба в народном творчестве, распространенных среди народа.
В частности, поверья о Хызыре, о его возвещении прихода весны, раздаче
изобилия и благословений всем домам и т. п.
Ключевые слова
: земля, чаршанба, родина, стихия, сакральность,
мифические представления, народное сознание, ритуал
325
Summary
The article is devoted to the fact that the concept of the earth in the Turkic
mythological imagery also covers the mythological semantics of semantics, and in
this context the rite reflects our folklore, the Earthly Environment, which is part of
the Novruz holiday complex, symbolizing the arrival of spring. Here the earth is
interpreted as one of the four sacred elements involved in the creation of the world
and man, and examples are given from the Qur'an of suras and rituals associated
with the earth. There are also examples of customs, rituals and folklore literature
spread among the people in connection with the Earth Frame-Next Frame.
Keywords:
earth, charshenbe, homeland, element, sacredness, mythical
representations, folk consciousness, ritual
Boz aya daxil olan ilin sonuncu çərşənbəsi Torpaq çərşənbəsidir.Xalq
arasında bu çərşənbə “Axır çərşənbə”, “Yer çərşənbəsi”, “Çərşənbə-suri” və s.
adlarla təmtəraqlı şəkildə keçirilir. Torpaq ümumtürk mənəvi-əxlaqi dəyərlər
sistemində vətən, el-oba, yurd anlayışları ilə yanaşı, həm də mifik semantik
sakrallığı əks etdirir. Bu çərşənbə Torpağın oyanmasını, dirilməsini şərtləndirir.
Erkən təsəvvürlərə görə, dörd mühüm ünsürdən sonuncusunun oyanması
nəticəsində Su, Atəş, Yel bütün Yer üzünü dəyişir, insanları çətinlikdən, sıxıntı və
məhrumiyyətlərdən xilas etmək üçün daha da qüvvətlənir. Xalq arasında mifik
düşüncəni əks etdirən belə nümunələrdən birində deyilir ki, “Adamların
məhrumiyyət və qıtlıqdan əziyyət çəkdikləri bir gündə Sel, Atəş, Yel Torpaq
xatunun yeraltı məbədinə qonaq gəlirlər. Burada yatmış Torpaq xatunu oyadıb
adamların aclıq və qıtlıq çəkdiklərini ona söyləyirlər. Torpaq xatun “Adamları
fəlakətə salan özü fəlakətə düşər” – deyə yerindən qalxır, Sel, Atəş, Yel və Torpaq
xatun əl ələ verib: “Zəmzəm gəldi, Atəş gəldi, Yel gəldi, təzə ömür, təzə məhsul, il
gəldi – deyə-deyə, işıqlı dünyaya çıxırlar. Deyirlər həmin gün ilin əziz günü olan
Axır çərşənbə idi” [1,192].
Məlumdur ki, Torpaq insanın yaradılışında bilavasitə iştirak edən dörd
ünsürdən biridir. Böyük Yaradanın nazil etdiyi müqəddəs kitabların ən fəzilətlisi
Qurani-Kərimdə “Fatir (“Yaradan”) surəsinin 11-ci ayəsində belə buyrulur: “Allah
sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir”. Əc-Səcdə
(“Səcdə”) surəsinin 7-ci ayəsində buyrulur: “Hansı ki, yaratdığı hər şeyi gözəl
biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş”, Ər-Rum (“Rumlular”)
surəsinin 20-ci ayəsində isə belə deyilir: “Allahın sizi Torpaqdan xəlq etməsi Onun
dəlillərindəndir”. Maraqlı məsələlərdən biri də islam dinində Torpağın
müqəddəsliyini göstərən təyəmmümlə bağlıdır. Təyəmmüm – su olmadıqda, su
tapılmayanda torpaqla, qum və ya tozla dəstəmaz almaq deməkdir. Bu barədə
Qurani-Kərimdə “Ən Nisa” (“Qadınlar”) surəsinin 43-cü ayəsində Böyük Yaradan
326
belə buyurur: “Ey iman gətirənlər!.. Su tapmasanız, təmiz torpaqla təyəmmüm
edin, üzünüzə və əllərinizə sürtün!” [3]. Deməli, torpaq insanın yaradılışında
iştirakdan əlavə, həm də suyu əvəz edir, safdır, müqəddəsdir, insanı pak edə
biləcək qüvvəyə malikdir. Yaradılış Torpaqla bağlıdır. Teoloji düzümdə ilk insanın
yaranmasında Torpaq ilkin faktor kimi çıxış edir, yəni Ulu Tanrı insanı əvvəlcə
Torpaqdan, daha sonra istilik və sudan, ən sonda öz nəfəsini üfürməklə
yaratmışdır. Novruzun yaranmasında, mərasim folklorunda isə bu düzüm bir qədər
fərqlənir, yəni, Su, Od, Yel birləşib Torpağı dirildir, oyadır, artıq əkin-biçinə,
şumlanmağa hazır edir. Xalq rəvayətinə görə, bir kişi hər il torpağı şumlar, əkib-
biçib bol məhsul götürərmiş. Aylar, illər ötür. Zaman öz işini görür. Kişi qocalıb
iş-gücdən qalır. Gözlərinin nurunu itirir. Bir gün o, oğlunu yanına çağırıb deyir ki,
bala, şum vaxtıdı. Öküzləri hayla, xışa qoş, torpağımızı şumla. Oğul atasının
sözünə əməl edir. Sabahısı gün yenə ata oğula torpağı şumlamağı tapşırır. Bu dəfə
də o, öküzü, xışı götürüb torpağı şumlamağa yollanır. Üçüncü gün də ata oğluna
torpağı şumlatdırır. Dördüncü dəfə ata oğluna torpağı şumlamağı tapşıranda o,
“yaxşı” deyir, amma torpağı şumlamır. Fikirləşir ki, onsuz da atamın gözləri
görmür, hardan biləcək mən torpağı üç dəfə, ya dörd dəfə şumlamışam...
Oğlan torpağı əkib becərir. Biçin vaxtı yetişir. O, kəhrəba kimi sarı buğdanı
biçib dərzləyir. Bu vaxt oğluna deyir ki, bala məni tarlaya apar. Oğlan atasının
əlindən tutub dərzlərin yanına gətirir. Ata əlindəki əsasını qarşıya uzadır. Əsa dərzə
dəyir, sol tərəfə uzadır, yanə də dərzə deyir. Əsa sağda da dərzə toxunur. Kişi əsası
ilə arxasını nə qədər axtarsa da, görür ki, boşdur. Deyir ki, ay oğul, nə üçün torpağı
dörd yox, üç dəfə şumlamısan? Əgər bu işi dörd dəfə görsəydin, indi dərzlərin də
sayı üç yox, dörd olardı” [ 4, 186].
Göründüyü
kimi, torpağı əkib-becərmək, şumlamaq insan üçün
əhəmiyyətlidir. Torpaq bolluq, bərəkət, bir sözlə əmin-amanlıq, xoşbəxtlik,
firavanlıq rəmzidir.
Mifik təsəvvürlərdə olan mənbəyə görə, Xızırın qardaşı, yer sahibi Zinda
öküzünü itirir və onu axtarmaq üçün meşəyə yollanır. Öküzünü tapa bilməyən
Zinda meşədə qar yağdığına görə qarın altında qalır. Həmin gecə Bozatlı Xızır
göyün doqquzuncu qatından yerə enib qardaşını axtarmağa başlayır, onu tapır və
nəfəsilə qızdırır. Zinda öküzünü də axtarıb tapır, hamı Zindanın evinə gəlir.
Axşam Xızır qızıldan tökülmüş kotan və boyunduruğu qardaşına verir,
çərşənbələşdikdən sonra Xızır Zinda, yaxud Xızrzinda adı ilə bayram keçirib
Torpağı oyatmağa çalışırlar “.
İnanca görə, Axır çərşənbədə Xızırzinda insanlara bərəkət paylayır, ona görə
də bütün evlərdə un çuvallarının ağzını açardılar ki, paylanan bərəkətdən onlara da
pay düşsün. Çərşənbə gününün özünəməxsus adətləri vardır. Ev sahibləri heç
kimlə kəlmə kəsmədən əllərini una vurub evin divarlarına, həyətdəki meyvə
327
ağaclarının kötüyünə yavaşca balta ilə toxunar və deyərdilər: «Nə yatmısan, oyan,
bərəkət payını götür». Bağçadakı bar verməyən ağaca isə «kəsəcəyəm» deyərək
hədə-qorxu gəlirdilər, bu zaman bir başqa adam sanki Xızırzindanın dilindən belə
deyirdi ki, «kəsmə, bu ağac təzə ildə bar verəcək, buna mən zamin.... ».
Səməni Novruzun əsas atributlarından biridir. Səməni bolluq-bərəkət, ruzi,
yaşıllıq və yazın gəlişinin rəmzidir. Erkən dövrlərdən evlərdə səməni qoymaq adəti
olmuşdur. Bu adətə görə, buğda, arpa, mərci, noxud və s. islağa qoyulub
cücərəndən sonra sini və ya boşqaba sərib üzərini tənziflə örtərək, su çiləyib
cücərdilərdi. Müasir dövrümüzdə də səməni qoymaq adəti nənələrimiz, analarımız
tərəfindən davam etdirilir.
Yunan filosofu Plutarx (bizim eranın təqribən 46-127-ci illəri) Midiyada –
qədim Azərbaycanda taxılı müqəddəs bitki saymaq adətinin olduğunu
göstərmişdir. Bu adət hər ilin əvvəlində, yəni, yazda icra edilərdi. Çox maraqlıdır
ki, bu adət səməni göyərtmək şəklində bizim günlərə qədər gəlib çıxmışdır. Səməni
insanların arzu-istəklərini həyata keçirən bir nemət kimi xalq təfəkkürünə daxil
olmuşdur:
Səməni, ay səməni,
Göyərdərəm mən səni.
Sən gələndə yaz olur,
Yaz olur, avaz olur.
Məlumdur ki, Səməni cücərdib qohum-əqrabaya, qonum-qonşuya paylamaq
adəti olmuşdur, hətta inanca görə əgər səməni sıx, düz bitərsə, təzə il bolluq-
bərəkət ili olar, əksinə bir az seyrək bitərsə, bu həmin ildə çətinliklərin olacağına
işarə kimi qəbul edilirdi.
Torpaq çərşənbəsində buğdadan «səməni mayası» da hazırlanardı. Buna
səməni həlimi, yaxud, maya səməni də deyərdilər, qadınlar onu birlikdə
hazırlayardılar. Bu səməni çəmənlikdə, yaxud pir və məscidlərin yanında
bişirilərdi. Mənbələrə görə, Axır çərşənbə axşamı gecədən sübhə qədər insanlar
cəmlənər, «səməni toyu» keçirərdilər. Ağbirçək qadınlar səməni mayası bişən
qablara yaxınlaşıb nəmər, yumurta qoyub təzim edər, sağ əllərini 3 dəfə qazanlara,
sonra dodaq və alınlarına çəkərdilər ki, bu adətə «qazan ziyarəti» deyilərdi. İnanca
görə, Xızırzinda gəlib səməni mayasını qəbul edəcək,ona görə də qazanların üstünə
un qoyardılar ki, Xızırzindanın əlinin izi burada görünsün. Səməni mayası sübh
tezdən yeyilərdi. Səməni mayası əvvəlcə xəstə uşaqlara və övladı olmayan
gəlinlərə verilərdi. İnanca görə, səməni mayası, şirin, dadlı olurdusa Xızırzinda
tərəfindən qəbul edilmiş hesab edilirdi. Səməni mayasını həm də ömrü uzadan,
sağlamlığa müsbət təsir göstərən “Xızırzinda çiçəyi” də adlandırırdılar.
Novruz və Axır çərşənbə süfrəsinin digər bir atributu isə yumurtadır. Hələ
erkən mifik düşüncədə yumurta yaradılış, həyat funksiyası ilə bağlıdır. Şərq
328
xalqlarının, o cümlədən türk mifoloji təsəvvüründə dünyanın yaranması
yumurtadan çıxmış quşla əlaqələndirilir. Bu quş Altay xalqlarında müqəddəs Qaz
adlandırılır. Türkdilli xalqlar arasında qartal quşların xaqanı sayılırdı. Yakutlar isə
hesab edirlər ki, şamanlar qartal yumurtasından törəyib, ona görə də qartalı Tanrı
hesab edirdilər [4, 200].
Zərdüştilərin müqəddəs hesab etdikləri “Avesta”da da “dünya yumurtası”
anlayışı mövcuddur. Yumurta dörd ünsürü özündə daşıyır, ilkin təsəvvürləri əks
etdirir. Yumurtanın həm quruluşu, həm də qabığı Torpağın, qabığın altında olan
nazik pərdəsi Havanın, ağı Suyun, sarısı isə Odun rəmzləndirir. Novruz süfrəsini
bəzəyən boyanmış yumurtalar da hər biri müvafiq mənanı ifadə edir. Bütün bunlar
göstərir ki, Novruz ilkinlik, başlanğıc bayramıdır, dünyanın yaranması ilə bağlı
ayin, etiqad və mərasimləri bütün dünyada tanıtmağa imkan verir. Təsadüfi
deyildir ki, keçən əsrin 80-ci illərində Azərbaycana səfər edən əcnəbi antropoloq
alim Tur Heyerdala Qobustanda Novruz xonçası təqdim edilərkən o, öz heyrətini
gizlədə bilməmiş və xonçanın önündə diz çökərək “Əcəba, bu, dünyanın
bəzədilmiş simvoludur, siz nə qədim xalqsınız!” söyləmişdir.
Torpaq çərşənbəsində silsilə ayin və mərasimlər yerinə yetirilərdi. İnanca
görə, yerin altından “çilləxana” adlı dar yol açıb, səhər tezdən “ağırlığımı yer
götürsün, mətləbimi Allah versin” deyib həmin yeraltı yoldan keçəndən sonra alma
yeyilməliydi. Bu inancla insanlar öz müşküllüklərini sanki Torpağa tapşırıb «ölüb
yenidən dirilirdilər». Bu adət sonralar da böyüklər tərəfindən icra olunardı,
xüsusən el arasında yolunu azanları Torpaqdan halallıq almaq və islah olunmaq
məqsədilə həmin çilləxanalardan keçirərdilər.
Qaynaqlara görə, Torpaq Çərşənbəsində “Cütçü şumu”, yaxud “Əkin toyu”,
“Səpin toyu” adlanan böyük bir mərasim keçirilərdi. Mərasimin baş qəhrəmanı
Cütçü baba, yaxud «Gilbaba», «Turab baba» olmuşdur. Rəvayətə görə, Cütçü baba
ilk dəfə insanlara taxıl əkib-biçməyi öyrətmiş övliya hesab olunmuşdur. Bu
mərasimdə Cütçü baba vəzifəsini icra etmək üçün elin hörmətli ağsaqqalı
seçilərdi. Səhər-səhər “Cütçü baba” mərasimi başlanmazdan əvvəl hamı şənliyə
hazırlaşardı. Adətə görə, iydə, yaxud ərik ağacından düzəldilən bir cütü, qarakotanı
günün altında qoyub onu qırmızı parça ilə bəzəyərdilər. Mərasimdə şum alətinin
vəsfilə bağlı «Cüt gözəlləməsi» də oxunardı. Sonra bir cüt ağ öküz gətirib,
ayaqlarını qırmızı parçalarla bəzəyib kotana qoşardılar. Daha sonra mərasimə
Cütçü baba, yaxud Xızırzında təşrif buyurur.
Torpağın oyanmasını əks etdirən Axır çərşənbə Azərbaycanın bəzi
bölgələrində Novruz bayramı ilə eyni təmtəraqla keçirilir, yəni, ilaxır çərşənbə
zəngin mərasim, oyun, tamaşa sistemi daxilində keçirilir. Axır çərşənbə axşamı
digər çərşənbələrdən daha çox ayin, etiqad, adət və ənənələr icra edilir, tonqallar
qalanır, kütləvi şənlik məclisləri keçirilir. “İlin axır çərşənbəsində xalq arasında
329
müxtəlif adətlər olmuşdur.Həmin adətlərdən biri də axır çərşənbə günü axşam
bütün həyətlərdə tonqal qalamaqdan ibarətdir”...Adətən tonqal üç yerdə
qalanırdı”... [2, 105]. Ən əsası Axır çərşənbə süfrəsi və çərşənbə xonçası bəzədilir.
Məlumdur ki, Novruzun əsas şirniyyatları şəkərbura, paxlava, qoğal, şəkərçörəyi
və s.-dir. Novruz şirniyyatlarının hər birinin öz semantikası vardır, şəkərbura Ayın,
qoğal Günəşin, paxlava isə ulduzların rəmzidir. Bunlar arasında ən çox növü olan
paxlavadır: Bakı paxlavası, Quba paxlavası, Şəki paxlavası, Gəncə paxlavası, riştə
paxlavası və s. İlaxır çərşənbə və Novruz süfrəsində mütləq bayram plovu
bişməlidir.
Axır çərşənbədə bir çox adətlər, rituallar icra edilərdi ki, bunların bir qismi
bu gün də xalq arasında sevə-sevə qorunub saxlanmışdır. Qulaq falı, qapı pusmaq
və s. belə adətlərdəndir. Axır çərşənbə axşamı küsülülər barışarlar. Axır çərşənbə
gecəsində təbiətdə nə varsa, hamısı təzələnir.
Axır çərşənbə günü, qaş qaralandan sonra dayanıb qonşunun qapısını
pusurlar. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub bəxt
haqqında müəyyən mülahizələr söyləyirlər. Məsələn, ilk eşidilən sözlər “işığı
yandır”, “yaxşı olacaq” və s. olarsa hər şeyin yaxşı olacağı güman edilir. Adətə
görə, Axır çərşənbə axşamı subay qızlar yatmazdan əvvəl duzlu kökə yeyib su
içmirlər. Gecə yuxuda kökə yeyənə su verən insan yuxu görənin “qismətidir”
kimi qəbul olunur. Başqa bir inama görə, Axır çərşənbədə otuzluq lampanın altına
qıfıl bağlayıb qoyurlar, niyyət edib gözləyirlər. Kim qapını açıb birinci evə daxil
olarsa, onun ilk sözünü niyyətə görə yozurlar. Novruzda axırıncı çərşənbə günü
“iynə süzdürüb”, “çillə çıxarırlar”. Hamı deyib-gülür şənlənir. Hər kim yatdı, onu
yatdığı yerə tikirlər. Sonra da üstünə su töküb, ayıldırlar... və s.
Erkən dövrlərdən xalqımızın təfəkküründən folkloruna həkk olunmuş dərin
laylardan süzülüb gələn bədii mətnlərə, atalar sözlərinə, andlara, alqışlara nəzər
salaq:
Torpaqdan pay olmaz.
Torpağa əyilən namərdə əyilməz.
Torpaq qızılquşdur, əldən buraxdın – uçar gedər.
Torpaqda əlləşən xoşbəxtliklə rastlaşar.
Torpaq əkinçinin zəhmətilə zinətlənər.
Torpaq deyər: - Öldür məni, dirildim səni!
Torpağa var versən, o da sənə bar verər.
Torpaq deyər: - Sən mənə tər ver, mən sənə zər verim!
Torpağa göz ağardanda üz ağardar.
Torpaq kimi bərəkətli ol ki, hamının sevimlisi olasan!
Torpağa xor baxsan, o sənə kor baxar.
330
Torpaq ovuclayan qızıl ovuclar.
Torpaq müqəddəsdir.
Torpağın qədrini bilməyən ulaya-ulaya qalar.
Torpaqla əlləşən ac qalmaz.
Torpağı bir yerdən götürülüb.
Torpağın qarası üz ağardar.
Torpağın sirrini əli torpaqda olan bilər.
Torpaqda itki olmaz,
Kötüksüz bitki olmaz.
Torpağa vaxtlı-vaxtında su ver, bəhrəsini gör.
Torpaq haqqı!
Yer haqqı!
Torpağı sanı yaşayasan!
Torpağın həmişə gül bitirsin!
Torpağın yada qismət olmasın!
Torpağından qara yellər əsməsin!
Torpağın həmişə bar yetirsin!
Torpağın bərəkətli olsun!
Torpağına göz dikənin gözü tökülsün!
Torpağını göz bəbəyin kimi qoru!
Çərşənbə günü təzə evə köçməzlər.
Çərşənbə axşamı paltar biçmək yaxşı əlamət sayılır. O paltarı geyən
dövlətli olar, - deyərlər.
Çərşənbə axşamı təzə paltar geymək uğur gətirər.
Libas üstə libas geyən heç vaxt çılpaq qalmaz.
Axır çərşənbə axşamı küsülülər barışarlar.
Axır çərşənbə gecəsində nəhs danışmaq, içki içmək, nalayiq işlər
tutmaq olmaz.
Axır çərşənbə gecəsində təbiətdə nə varsa, hamısı təzələnir.
Axır çərşənbə gecəsində insanın da əməli, istəyi, fikri, davranışı
dəyişir.
Axır çərşənbə gecəsi ərə verilən qızları tonqalın başına dolandırar və
deyərlər: - Qoy odlu-ocaqlı olsunlar!”
Od sönsə, ocaq da sönər, - deyərlər.
Çaylarda, gölməçələrdə bitən ağ zanbağın gövdəsi uzanmağa
başlayanda deyərlər, - qışın ömrü bitir, yaz gəlir...
331
Göründüyü kimi, mifoloji qaynaqlardan bəhrələnən xalq ədəbiyyatı
nümunələrində torpaq, vətən , yurd sevgisi bariz şəkildə əks olunmuş, arxaik
mərasimlərlə, adət-ənənələrlə xalq təfəkkürünə həkk olunmuşdur.
Dostları ilə paylaş: |