TORPAQ HAVASI
Torpaq havası və ya torpağın qaz fazası – torpağın əhəmiyyətli hissəsi olub, onun
bərk, maye və canlı fazaları ilə sıx qarşılıqlı təsirdədir. Torpaq havası sudan azad torpaq
məsamələrini dolduran qaz və uçucu üzvi maddələrin qarışıqlarından ibarətdir. Torpağın
tərkibində kifayət qədər havanın olması və onun əlverişli tərkibi torpağın həyatında və
məhsulun formalaşmasında su və qida elementləri qədər əhəmiyyətlidir.
Torpağın qaz fazasının əsas mənbəyi atmosfer havası və torpağın özündə yaranmış
qazlardır. Atmosfer havasından torpağa bitki köklərinin, aerob mikroorqanizmlərin və
torpaq faunasının tənəffüsü üçün vacib olan oksigen daxil olur. Tənəffüs prosesində
oksigen udularaq, əvəzində karbon qazı buraxılır. Əksər bitkilər kök sisteminə fasiləsiz
oksigen daxil olmadan və karbon qazı torpaqdan kənarlaşmadan yaşaya bilməz. Torpağı
atmosfer havasından tam təcrid etmək mümkün olarsa, oksigen bir neçə gün ərzində
tamamilə sərf olunacaqdır. Ona görə də torpaq havası atmosfer havası ilə yalnız fasiləsiz
mübadilə şəraitində canlı orqanizmləri oksigenlə təmin edə bilir. Torpaq havasının
atmosfer havası ilə mübadiləsi prosesi qaz mübadiləsi və ya aerasiya adlanır.
Torpaq havasında oksigen qıtlığı və karbonun izafi çoxluğu şəraitində bitkilərin
inkişafı dayanır. Köklərin böyüməsi zəifləyir, su və qida maddələrinin udulması aşağı
düşür. Oksigenin olmaması köklərin məhv olmasına və bitkinin ölməsinə gətirib çıxarır.
Bitkiyə bilavasitə təsir etməklə yanaşı, oksigen qıtlığı torpaqda reduksiya prosesləriinin
inkişafına səbəb olub dolayısı ilə bitkinin məhsuldarlığına da təsir göstərir. Beləliklə,
torpağın aerasiyası torpağın məhsuldarlığını müəyyən edən əhəmiyyətli amildir. Qaz
fazasının torpağın həyatında müstəsna roluna baxmayaraq, o kifayət qədər
öyrənilməmişdir. Bir çox torpaqların su və qida maddələri ilə yaxşı təmin olunmasına
baxmayaraq, zəif aerasiya kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını məhdudlaşdıran
əsas amilə çevrilmişdir. Torpaq havası torpaqda üç formada olur: sərbəst, adsorbsiya
olunmuş və həll olunmuş. Sərbəst torpaq havası torpağın kapilyar və qeyri-kapilyar
məsamələrində yerləşir, mütəhərrikdir, torpaqda sərbəst hərəkər edir və atmosfer havası
ilə mübadilə olunur. Torpaqların aerasiyasında, praktiki olaraq həmişə sudan azad qeyri-
kapilyar məsamələr daha böyük əhəmiyyət kəsb edir. Gillicəli və gilli torpaqlarda sərbəst
havanın bir hissəsi nəmlik zamanı su tıxacları vasitəsilə təcrid olunaraq öz bütövlüyünü
itirir. Bu cür hava sıxılmış hava adlanır. Bu cür havanın torpağın aerasiyasında
8
əhəmiyyəti azdır. Sıxılmış hava orta hesabla torpağın həcminin 5-8%-ni təşkil edir. Gilli
torpaqlarda sıxılmış hava 12%-dən çox ola bilir.
Həllolmuş torpaq havası – torpaq suyunda həll olmuş qazlardır. Torpaq suyunda
qazların həll olması onların sərbəst torpaq havasında konsentrasiyasının artması, həmçinin
torpaq temperaturunun aşağı düşməsi ilə artır. Suda ammonyak, kükürd və karbon qazları
daha yaxşı həll olur. Həllolmuş qazlar yüksək fəallıq nümayiş etdirir. Torpaq məhlulunun
CO2 doyması karbonatların, gips və başqa mineral birləşmələrin həllolma qabiliyyətini
yüksəldir. Həllolmuş oksigen torpaq məhlulunun oksidləşmə xassəsini gücləndirir.
Həllolmuş oksigenin torpaqdakı ehtiyatı doldurulmayanda tez bir zamanda sərf
olunur. Torpağın temperaturundan və ondakı biokimyəvi proseslərin fəallığından asılı
olaraq torpaq məhlulunda həllolmuş oksigenin miqdarı 0- 14 mq/l arasında tərəddüd edir.
Torpaq məhlulunun oksigenlə yüksək doyma dərəcəsi yazın əvvələrində müşahidə edilir.
Bu vaxt torpaq su ilə doyur, lakin bioloji fəallığın hələ zəif olması səbəbindən suyun sərfi
kiçik olur. Bitki köklərinin oksigenə tələbi başlıca olaraq torpaqla atmosfer arasında daim
aerasiyanı həyata keçirən sərbəst torpaq havası hesabına ödənilir.
Dostları ilə paylaş: |