Turizm və ekskursiya fəaliyyətində açar mövqeyə malik olan bələdçiyə qarşı qoyulan tələblər çox yüksək olub,bir çox keyfiyyətləri özündə birləşdirməsini şərtləndirir.
Bələdçi dərin nəzəri biliklərlə yanaşı, təcrübi vərdişlərə və bacarıqlara, şəxsiyyət kimi isə bir sıra üstün keyfiyyətlərə də malik olmalıdır.O, dərin intellektual səviyyəli, işinə məsuliyyətli, yüksək insani ləyaqətə, fəal həyat tərzinə alışmış bir insan olmalıdr.
Ekskursiyanın uğurlu keçməsi, onun mövzusunun qəbul edilməsi onun həm təsvir, həm də səsli ifadə ilə necə çatdırılmasından asılıdır. Səsli ifadə kimi ekskursiyanı çatdıran bələdçi müxtəlif məqamlarda aşağıdakı vəzifələri daşıyır:
bələdçi informator vəzifəsində turistlərə hər hansı bir hadisə və ya predmet haqqında danışaraq ona öz fikrini, rəyini bildirmədən, burada baş verən hadisələrin səbəb-nəticə əlaqələrini izah etmədən sadəcə informasiya verir;
bələdçi şərhçi kimi müşahidə edilən obyekt və ya hadisə, onu törədən səbəblər haqqında izah verir, bunların mahiyyətini çatdırmaq üçün geniş şərh aparır;
bələdçi həm də həmsöhbətdir. Belə ki, təqdimat zamanı yaranan situasiyaya uyğun olaraq ekskursantların verdiyi reaksiyalara müvafiq sürətdə onlarla fikir mübadiləsinə qoşular, sual və replikalarına cavab verə bilər;
bələdçi məsləhətçi kimi ekskursantlara təqdim olunan obyekti necə izləməli, daha yaxşı təəssürat əldə olunması üçün hansı ümumiləşdirmələr aparmalı olduğunu göstərir;
ekskursiya zamanı bələdçi həm də emosional liderdir. Bu zaman o, hadisə və obyektlə tanış olan ekskursantlara onlarda dərin təəssürat yaradan emosiyaların gerçəkliyinə, onların inandırıcılığına şərait yaradır.
Ekskursiyanın gedişi zamanı bələdçinin nitqi aşağıdakı formada tətbiq oluna bilər:
hər hansı bir mövzu üzərində bir neçə kəlmə və nitqdən ibarət qısa danışıq;
müəyyən mövzunun, onun analitik tərkibini əhatə edən və ictimai auditoriya üçün nəzərdə tutulan məruzə;
hər hansı bir elm sahəsi, bədii arxiv və digər mənbələr üzrə sualları cavablandıran yığcam referat;
bu mövzunu təfərrüatı ilə qarşı tərəfə çatdıran mühazirə;
Bunlardan başqa bələdçinin istifadə etdiyi şifahi nitqin replika, sözönü və sözardı kimi kiçik formaları da vardır. Belə nitq forması bələdçinin təqdimatı zamanı bəzi hadisələrə arayış verməsi, kimlərə isə ritorik suallar verməsi və ya birbaşa qısa cavablarla söhbəti yekunlaşdırmasından ibarətdir.