TÜRKİYƏ XIX əsrin 70-ci illərinin əvvəllərində iqtisadi böhran



Yüklə 42,23 Kb.
səhifə4/4
tarix17.11.2019
ölçüsü42,23 Kb.
#29598
1   2   3   4
TÜRKİYƏ


Mədəniyyət

Qərbi Asiyada və Avropanın Cənubi-Şərqində yerləşən müasir Türkiyə dövlətinin formalaşması və türklərin Kiçik Asiyada məskunlaşması XI əsrin 70-ci illərinə təsadüf etsə də türklər özləri ilə bərabər bu regiona yetgin, svilizasiyanın yüksək mərhələlərinə çatmış mədəniyyətlərini də gətirmişdilər. Türklər 1243-cü ildə Kosadağ vuruşmasında məğlub olduqdan sonra 230 il mövcud olmuş Səcuqilər dövlətinin parçalanması ilə türk mədəniyyətinin də müxtəlif qollara parçalanması prosesi baş verdi. Lakin bu proses çox da uzun sürmədi. Belə ki, 1299-cu ildə Qazi Osman bəy Osmanlı dövlətini yaradaraq bu dövlətin yeni mədəni, iqtisadi və siyasi dirçəliş dövrü başlandı. 1453-ci il mayın 29-da Konstantinopolu tutub Bizans imperiyasını süquta uğradan, Balkan xalqalrını 150 il müddətində özünə tabe edən, XV əsrin 50-70-ci illərində ərazisini daha da genişləndirən osmanlılar türk mədəniyyətini daha geniş ərazilərə yaymaqla yanaşı onu həm də zənginləşdirməyə nail oldular. XVI əsrin ortalarında Avropa, Asiya və Afrikada Osmanlı imperiyasına tabe edilmiş 8 milyon kv ərazi var idi ki, burada türk dili, türk mədəniyyəti qarşılıqlı əlaqələr formasında inkişaf edir və ortaq mədəniyyət formalaşırdı. Osmanlı imperatorluğu elm və texnika nailiyyətlərini Bizans və Qərbi Avropa elmi və texnikası ilə müəyyən dərəcədə zənginləşdirə bilmişdi. XV əsrin I yarısında riyaziyyatçı və astronom Qazızadə Rumi, məntiqçi və həkim Hacı paşa Aydın, coğrafiyaşünas Əli Əbdülrəhman, Əli Quşçu və 1494-cü ildə edam edilən Lütfi Təkadi, Piri Rəis və başqaları dünyanın xəritəsini və dəniz atlasını ("Bəhriyyə") tərtib etməklə dünya elminə, mədəniyyətinə yeni tövhələr verdilər. XVII əsrdə Katib Çələbi, Evliya Çələbi dünya şöhrəti qazandılar.

1727-ci ildə Türkiyədə ilk mətbəə yaradıldıqdan sonra Türkiyənin flora və faunasının öyrənilməsinə dair elmi əsərlər nəşr edildi. 1737-ci ildə dəqiq elmlərin öyrənilməsi ön plana çəkildi və dəqiq elmləri tədris edən ilk müəssisə - Artileriya Mühəndisləri məktəbi açıldı. Bununla yanaşı 1761-ci ildə İstanbulda mühəndis məktəbi, 1773-cü ildə Dənz mühəndisliyi məktəbi, 1795-ci ildə "Mühəndisxanə" məktəbi, XIX əsrdə Hərbi Tibb məktəbinin açılması dövlətin daha da qüdrətlənməsində mühüm rol oynadı. Bununla yanaşı 1856-cı ildə Tibb cəmiyyətinin, 1861-ci ildə "Osmanlı Elmi Cəmiyyətinin" yaradılması bir daha imkan verirdi ki, ölkədə elmi əsaslara istinad edilən istehsala nail olunsun.

XX əsrin əvvəllərində Türkiyənin elmi səviyyəsi yüksəldikdən sonra milli kadrlar öz dövlətinin intibahı üçün vətənpərvərcəsinə fəaliyyətə başladılar. 1909-1913-cü illərdə xromit, boksit, civə və sürmə yataqları kəşf edildi. I dünya müharibəsindən sonra elm daha da sürətlə inkişaf etdirilərək 1919-cu ildə İstanbulda elektroradioqrafiya və mikrobiologiya cəmiyyətləri yaradıldı. Türkiyədə fundamental elmlərin inkişafı və digər elmlərə qayğının artırılması dövlətin perspektiv imkanlarına zəmin hazırladı. Türkiyədə ictimai elmlərin inkişafı əsasən XIV-XVIII əsrləri əhatə edir ki, bura orta əsr fəlsəfəsinin, xüsusilə islama aid fəlsəfi fikirlərin inkişaf mərhələlərini xatırlatmaq olar. Bu dövrün görkəmli filosoflarından İbn əl Ərəbi, Qəzali və İbn Rüşdün, eləcə də Yunus İmrə və başqaları özlərinin mükəmməl təlimləri ilə gələcək nəsillər üçün çox zəngin irs qoymuşlar. Öz müəllimlərinin təlimlərindən bəhrələnən Bədrəddin Simavi panteizmi, dünyanın əbədiliyini, sosial bərabərlik ideyalarını yaratmaqla özünün yaradıcılıq məktəbini yaratmışdır.

XIX əsrin II yarısından etibarən Qərbin burjua fəlsəfəsinin təsiri bir qədər də gücləndi. Birinci dünya müharibəsi ərəfəsində və müharibədən sonra M.Sübhi, Ş.Hüsnü, E.Dürkheym, Ziya Göyalp, N.Abad, M.Kiray, C.Avcıoğlu və başqaları dünya miqyasında baş verən elmi-mədəni proseslərə daha obyektiv yanaşaraq özlərinin də obyektiv mövqelərini bəyan etdilər. Türkiyədə tarix elminin türk dilində yazılması, inkişaf etdirilməsi əsasən XV əsr osmanlı tarixi ilə bağlıdır. Türk feodal tarixşünaslığının çiçəklənmə dövrünün görkəmli nümayəndələrindən İbn Kamal, Sadəddin, Münəccimbaşı və başqaları Türkiyədə tarix elminin formalaşması, təkmilləşdirilməsi uğrunda vətənpərvərcəsinə çalışmışlar. XVI-XVIII əsrlərdə mərhələ-mərhələ inkişaf edən tarix elmi ənənəvi olaraq XIX əsrdə də inkişaf etdirilmişdir. Bu işdə Cövdət paşa, Vəfik paşa və başqaları ənənələri davam etdirməklə yanaşı, burjua tarix elminin yaranmasına da özlərinin töhfələrini vermişlər. Bu zaman Avropa tarixçilərinin də ideyalarından bəhrələnmişlər. Nəhayət, 1910-cu ildə "Osmanlı tarixi cəmiyyəti" yaradıldı. Dövlət arxiv sənədlərinin tədqiqinə və nəşrinə başlandı. XX əsrin I yarısında "Türk tarix qurumu" təşkil edildi və türklərin ən qədim zamanlardan respublika dövrünədək tarixi 4 cildlikk "Tarix" kitabında öz əksini tapdı. Bununla yanaşı XIII-XIV əsrə aid səlcuqların tarixi, türklərin etnogenezi, türk xalqalrının ən qədim tarixi öyrənilməyə başlandı. M.F.Körpülü, A.R.Altunay, İ.X.Uzunçarsılı, A.İnan və başqaları Türkiyədə tarix elminin inkişafına böyük töhfələr verdilər.


TARİXŞÜNASLIQ
XIX əsrin əvvəllərində Türkiyədə ölkənin yeni tarixinə dair mühüm əsərlər meydana çıxdı. Bunlar zəngin faktik materialı ilə çox qiymətli əsərlərdir. 1802-ci ildə Xeyrulla Əfəndinin əsəri nəşr edildi. Bunda XVII əsrin əvvəllərinə qədər Osmanlı imperiyasının tarixi verilmişdir. XIX əsrdə Türkiyənin ən böyük tarixçisi Əhməd Cövdət paşa olmuşdur. O, Türkiyənin 1781-ci ildən 1825-ci ilə qədər dövrünü əhatə edən 12 cildlik əsərin müəllifidir. Onun yazmış olduğu 8 cildlik Türkiyə tarixi 1825-ci ildən 1862-ci ilə qədər olan hadisələri əhatə edir.

XX əsrin əvvəllərində Mehmet Sürəyyanın bioqrafik lüğəti, Bursalı Mehmet Tahir bəyin, Avropa elmi dairələrində də geniş şöhrət tapmış olan biobiblioqrafik lüğəti kimi böyük əsərlər çapdan çıxır. 1910-cu ildə "Tarix cəmiyyəti" yaranır və bu cəmiyyət öz jurnalını buraxmağa başlayır. Geniş tarix təhsilinə malik olan Türkiyə haqqında Avropa elmi səviyyəsində duran və Avropa burjua tarix elmi metodlarına yiyələnən cavan türk tarixçiləri meydana çıxır.

Türkiyənin öyrənilməsi işinə rus tədqiqatçıları böyük xidmət göstərmişlər. XIX əsrin 40-cı illərində M.P.Vronçenkonun "Kiçik Asiyanın indiki vəziyyətinin təsviri" adlı qiymətli əsəri nəşr edilmişdir. 1873-cü ildə professor V.D.Smirnov özünün "Küçibəy Gömürcülü və XVII əsrin digər osmanlı yazıçıları Türkiyənin tənəzzül səbəbləri haqqında" adlı iri tarixi tədqiqat əsərini nəşr etmişdir. Şərqşünaslardan O.İ.Senkovski, V.V.Qriqoryev türk dilində olan bir sıra mühüm məxəzləri rus dilinə tərcümə etmişlər.

XX əsrin əvvəllərində rus şərqşünaslarından akademik V.V.Bartold islam haqqında, Türkiyə sultanlığı və xilafətin qarşılıqlı əlaqələri haqqında, professor A.E.Krımski "Türkiyə tarixi və ədəbiyyatı", professor V.A.Qordelevski "Yeni osmanlı ədəbiyyatına dair oçerklər" və başqa bu kimi qiymətli əsərlər yaratmışlar.

XIX əsrdə Avropa tarix elmi Türkiyə tarixinə dair bir sıra iri əsərlər vermişdir. XIX əsrin əvvəllərində fransız alimi Olivyenin 6 cildlik əsəri nəşr edilmişdir. O, XVIII əsrin 90-cı illərində imperiyanı gəzdikdən sonra şəxsi təəssüratı əsasında Osmanlı imperiyasının təsvirini vermişdir. Avstriya tarixçisi Yozef fon Hammerin əsərləri, xüsusilə onun türk məxəzləri əsasında yazmış olduğu 10 cildlik "Osmanlı imperiyası tarixi" (1774-cü ilədək çatdırılmışdır) Türkiyə tarixşünaslığına böyük hədiyyədir. Alman tarixçisi Tsinkayzenin 7 cildlik "Avropada Osmanlı dövləti tarixi" də qiymətli əsərdir.

Krım müharibəsindən sonra Türkiyə getdikcə iri Avropa dövlətlərinin yarımmüstəmləkəsinə çevrildiyi zaman həmin dövlətlərin Türkiyəyə marağı daha da artdı. Türkiyənin ictimai-iqtisadi şəraitinin, onun daxili və xarici tarixinin dərindən öyrənilməsi ehtiyacı hiss olunmağa başlayır. Yaxın Şərqi dərindən öyrənmiş olan fransız alimi Belen Türkiyənin iqtisadi tarixinə və Türkiyədə hakim torpaq münasibətlərinə dair əsərlər yazdı ki, bunlar indi də öz əhəmiyyətini itirməmişdir.

İmperializm dövründə Yaxın və Orta Şərqdə ağalıq etmək üstündə dövlətlər arasında mübarizə kəskinləşdiyi zaman Osmanlı imperiyasının müxtəlif beynəlxalq problemlərinə, həmçinin onun ictimai tarixinin ayrı-ayrı məsələlərin həsr edilmiş çoxlu əsərlər yazılmışdır. XX əsrin əvvəllərində rumın tarixçisi professor N.Yorqa Avropa məxəzləri əsasında yazmış olduğu 5 cildlik "Osmanlı imperiyasının tarixi" əsərini alman dilində nəşr etdi.

Türkiyə haqqında Avropada nəşr edilmiş bütün tarix əsərlərinin əsas qüsuru bunların metodologiyasındadır. Bu əsərlərin müəllifləri ictimai inkişaf qanunlarını başa düşmədiklərindən Türkiyənin tarixi inkişafının düzgün mənzərəsini verə bilməmişlər. Çox zaman rəsmi tarixçilər tərəfindən yazılmış olan türk əsərlərində (Cövdət paşa və Lütfi paşa da belə tarixçilər olmuşdur) Türkiyə hakim dairələrinin siyasətinə tənqidi yanaşılmamışdır. Bunlar metodoloji cəhətdən çox zaman Türkiyə haqqında yazan Avropa tarixçilərinin əsərlərindən belə aşağı səviyyədə durur. Göstərilən bu nöqsanlar Avropa və Türkiyə tarixçilərinin əsərlərinə son dərəcə tənqidi yanaşılmasını tələb edir. Lakin bütün bunlara baxmayaraq həmin əsərlərdən bir çoxu məxəzlərə əsaslandığından və ciddi tarixi tədqiqat nəticəsində əldə edilmiş faktlarla zəngin olduğundan indi də qiymətlidir.




1 V.Ulyanov. Əsərləri, 20-ci cild, səh 412.


2 V.Ulyanov. Əsərləri, 15-ci cild, səh 179.


3 V.İ.Lenin. Əsərləri, 31-ci cild, səh 230.


Yüklə 42,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin