TÜRKİYƏ XIX əsrin 70-ci illərinin əvvəllərində iqtisadi böhran


Türkiyənin yarımmüstəmləkəyə çevrilməsi



Yüklə 42,23 Kb.
səhifə2/4
tarix17.11.2019
ölçüsü42,23 Kb.
#29598
1   2   3   4
TÜRKİYƏ


Türkiyənin yarımmüstəmləkəyə çevrilməsi

XIX əsrin ortalarından etibarən Avropada başlanan çevik kapitalizm siyasəti bazarlar uğrunda gedən mübarizənin yeni mərhələyə daxil olması imperializm mərhələsini yetişdirməkdə idi. Bu dövrdə Avropa dövlətlərinin imperialist koalisiyası həmçinin Türkiyəyə qarşı çevrilmişdi. XIX əsrin 70-ci illərinin axırlarında Türkiyənin iqtisadi, siyasi və hərbi tənəzzülü Avropanın qabaqcıl ölkələrində kapitalizmin öz imperializm mərhələsinə keçməsi ilə bir vaxta düşdü. Bu, Türkiyənin müqəddəratına çox fəlakətli təsir göstərdi. Dünya ağalığı uğrunda və müstəmləkələri yenidən bölüşdürmək uğrunda dövlətlər arasında gedən mübarizənin kəskinləşməsinə səbəb olan imperializm dövründə Türkiyə bu mübarizənin bilavasitə diqqət mərkəzinə çevrildi. Bununla yanaşı imperialist dövlətlər arasında gedən rəqabət Türkiyəyə rəsmi surətdə öz istiqlaliyyətini qoruyub saxlamaq və mühafizə etmək imkanı verdi. Lakin bu, zahiri bir istiqlaliyyət idi.

İmperialist dövlətlər ya öz aralarında sövdələşməklə, ya da bir-biri ilə mübarizə gedişində Osmanlı imperiyasının tərkibinə daxil olan müstəmləkələri Türkiyədən qoparmaqda davam edirdilər. Fransa 1881-ci ildə Tunisi , İngiltərə isə 1882-ci ildə Misiri işğal etdi.

Məzlim xalqların üsyanları Türkiyəni daxilən sarsıdır və xarici imperiaslist dövlətlərin Türkiyənin içərilərinə doğru irəliləməsinə və seperatçı qüvvələrin fəallığının artmasına şərait yaradırdı. Eyni zamanda seperatçı qüvvələr xristian həmrəyi yaradaraq birləşirdilər.Bu məqsədlə Fssaliya 1881-ci ildə Yunanıstana bitişdirildi. 1885-ci ildə Şərqi Rumeliyada üsyan qaldıran bolqarlar da bu yerlərin Bolqar knyazlığına birləşdirilməsinə nail oldular.Nəticədə 1898-ci ildə Türkiyə Krit adasını itirdi.

Türkiyənin ərazi itkiləri onu daha da zəiflətdi. Lakin bu itkilərdən sonra da Türkiyənin hakimiyyəti altında çoxlu yerlər qalmışdı. XX əsrin əvvəllərində bu yerlərdə 32,2 milyon əhali, o cümlədən Türkiyənin Avropadakı torpaqlarında 6,3 milyon, Asiyada olan yerlərində 24,6 milyon və Afrikadakı ərazisində 1,3 milyon adam yaşayırdı.

Yaxın Şərqdə hökmranlıq etmək uğrunda İngiltərə, Fransa, Rusiya, Avstriya-Macarıstan və Almaniya arasında mübarizə gedirdi. İqtisadi rəqabət başlıca olaraq İngiltərə, Fransa və Almaniya arasında hələ də davam edirdi. Bu dövlətlər arasındakı mübarizə ildən-ilə kəskinləşirdi. Həmin mübarizədə hansı dövlət üstün gəlirsə gəlsin, zərər çəkən həmişə Türkiyə olurdu.

Avropanın imperialist dövlətləri arasında aparılan müstəmləkə uğrunda mübarizə nəticəsində Türkiyə tamamilə böyük dövlətlər tərəfindən iqtisadi cəhətdən təsir altına düşmüşdü. Kapitalizmin imperializmdən əvvəlki dövründən, yəni 3-cü dərəcəli ölkələr adlandırılan geridə qalmış ölkələrə əmtəə ixracı başlıca məqsəd olduğu üçün yeni dövrün xarakterik cəhəti həmçinin inhisarların kapital ixrac etməsində idi.

Türkiyəyə isə kapital ixracı sistemli deyil pərakəndə xarakteri daşıyırdı. Bu kapitalın çox hissəsi borclar şəklində Türkiyəyə axıb gəlirdi. Türkiyə hökuməti özünü maliyyə cəhətdə müflis elan etdikdən sonra 1881-ci ildə Türkiyə üzərində yeni maliyyə nəzarəti qoyuldu.Və "Osmanlı borcu idarəsi" yaradıldı ki, bura da Avropanın, başlıca olaraq İngiltərə və Fransanın ən iri banklarının nümayəndələri daxil olaraq nəzarət edirdilər.

"Osmanlı borcu idarəsi" başlıca olaraq Türkiyənin kreditorlarına olan borclarının ödənilməsi ilə məşğul idi. Bu məqsədlə ona kəndlilərdən və əhalinin başqa təbəqələrindən bilavasitə vergi toplamaq, o cümlədən feodal əşar vergisini yığmaq ixtiyarı verilmişdi. Həmin "İdarənin" ölkədə 720 şöbəsi olub Türkiyənin bütün maliyyə sisteminə nəzarət edirdi.

İmperialistlər tərəfindən ölkənin iqtisadi və maliyyə əsarəti altına alınmasının başqa bir vasitəçisi xarici banklar idi. Bu banklardan ən böyüyü və qüdrətlisi Osmanlı bankı idi. Hökumət xarici borcların əsas hissəsini həmin bank vasitəsilə alırdı. Osmanlı bankı "Osmanlı borcu idarəsi" ilə əlbir iş aparırdı.

Türkiyəyə təsir etməkdə bankların çox böyük rol oynadığını nəzərə alan Avropa dövlətləri Türkiyədə öz banklarını açırdılar. Dəmiryol konsessiyaları almaq üstündə dövlətlər arasında gedən mübarizə Türkiyəni əsarət altına almaqda böyük rol oynadı. 1878 və 1888-ci illərdə ingilis kapitalistləri İzmir rayonunda dəmiryolu çəkmək konsessiyası aldılar. Alman kapitalistləri daha böyük müvəffəqiyyəq qazanaraq Bağdada və buradan Fars körfəzinə çəkiləcək böyük dəmiryol xəttinin birinci hissəsini, İzmir – Ankara hissəsini çəkməyə icazəni 1888-ci ildə almışdılar.1903-cü ildə isə almanlar ingilislərdən də qabağa gedərək bu dəmiryol xəttini axıradək çəkmək üçün konsessiya almağa müvəffəq oldular.

Nəticədə alman kapitalistləri tərəfindən Bağdad dəmiryolunun çəkilməsi Almaniya ilə İngiltərə araındakı ziddiyyətlərin olduqca kəskinləşməsinə səbəb oldu. Çünki Almaniya bu tədbiri həyata keçirməklə İngiltərənin mənafe dairəsinə və onun ən mühüm müstəmləkələri olan ərazilərə daxil olurdu.

Türkiyədə dəmiryolların çəkilməsində heç də dövlətin xüsusi mənafeyi nəzərə alınmırdı.Eyni zamanda bu yollar iqtisadi cəhətdən daha çox səmərə verən strateji əhəmiyyət kəsb edən yerlərdə deyil, imperialistlərə mənfəət gətirən yerlərə çəkilirdi. Bundan başqa hökumət konsessiyaçılara dəmiryolun hər kilometri üçün sabit gəlir təminatı, yəni "hər kilometr üçün konkretləşdirilmiş məbləğ göstərilməklə gəlir təminatı verirdi.

Avropa dövlətlərinin Türkiyənin içərilərinə doğru irəlilədiyi dövrdə təkcə dəmir yolları deyil, bütün dəniz nəqliyyatı da xarici inhisarların əlində idi. Xarici ticarətdə də əcnəbilər ağalıq edirdilər. Onlar Türkiyənin kənd təsərrüfatı məhsulları istehsalçısına və xarici mallar alıcısına zorla öz qiymətlərini qəbul etdirirdilər. 1883-cü ildən etibarən kənd təsərrüfatında dövlət inhisarı hüququna malik olan "Reji de Tabak Ottoman" adlı (ixtisarla "Reji" deyilirdi) xarici (fransız) tütün inhisarı fəaliyyət göstərirdi. Türkiyənin 140 min tütün istehsalçısı həmin inhisardan asılı idi. "Reji" inhisarı nəticədə Türkiyənin bir sıra tütün fabriklərinin ləğv edilməsinə nail oldu.

Bu dövrdə Türkiyə sənayesinə isə olduqca az xarici kapital cəlb edilir və məhdud sərmayə qoyulurdu. Bundan əlavə xarici kapitalistlər aşağı gömrük haqqının az olmasından və ölkədə hakim mövqe tutduqlarından istifadə edərək Türkiyə bazarını keyfiyyətsiz mallarla doldurur, bununla da Türkiyə sənayesini də istehsal ləngidir və inkişaf istiqamətini sarsıdırdı. Bununla bərabər Türkiyədə sayca az olan ən iri sənaye müəssisələri, başlıca olaraq hasilat sənayesi və şəhər təsərrüfatı sahələrində olan müəssisələr, o cümlədən elektrik stansiyaları, qaz sənayesi müəssisələri, su kəməri, tramvay və s. müəssisələr də xaricilər tərəfindən ələ keçirilmişdi.

Kapitulyasiyalar sayəsində, həmçinin məktəblər, missioner idarələri, Türkiyədə xaricilərin siyasi və iqtisadi ağalığı güclənir,mətbuat vasitəsilə güclü təbliğat aparılırdı.Acınacaqlı hallardan biride o idi ki,yerli mətbuat orqanları rüşvət alaraq xalqı istismar edənləri xarii müdaxiləşilərə tərifləyirdilər.

Beləliklə, XIX əsrin axırıncı rübündə Türkiyə imperialist dövlətlərin yarımmüstəmləkəsinə çevrilmişdi. İmperialist dövlətlər bütün öz fəaliyyəti ilə Türkiyənin inkişafına mane olurdular. Təbiidir ki, imperialist dövlətlər Türkiyənin zəif və geridə qalmış bir ölkə olmasını, ona imperialistlərin iradəsini yerinə yetirən itaətkar bir hökumət başçılıq etməsini istəyirdilər.
Türkiyədə feodalizm qalıqları və ictimai münasibətlər

Türkiyədə mövcud hərbi-siyasi rejim hər cür tərəqqini inkar etməklə özünün tənəzzülünü daha da dərinləşdirirdi. Qılınc rejiminə əsaslanan idarçilik sistemi ölkəni böhrandan xilas etmək iqtidarında deyildi. Həmçinin Türkiyənin ictimai inkişafını "güclü orta əsr qalıqları" da ləngidirdi. Bu qalıqların ən başlıcası sultan-xəlifənin, işin əslində, mütləqiyyətçi hakimiyyəti, feodal və yarımfeodal torpaq sahibliyi sistemi və türk xalqının əsarətli vəziyyəti idi.

II Əbdülhəmid parlamenti qovaraq ölkədə hər hansı bir mütərəqqi təşəbbüsün və qabacıl fikrin qarşısını alan müstəbid idarə üsulu yaratmışdı. Bu istibdad rejimi (türkcə - "zülm" rejimi). Sultan Əbdülhəmidin zülm və istismar üsulu tam 30 il sürdü. II Əbdülhəmid qorxaq və hər şeydən şübhələnən, qəddar və ikiüzlü, lakin o qədər də ağıldan kəm olamayan, diplomatiya sahəsində bacarıqlı və möhkəm xarakterli bir adam idi. Onun son məqsədi konstitusiya uğrunda mübarizə aparanların hamısını məhv etmək idi.

Əbdülhəmid deyirdi: "Mən öz təbəələrimin başına istədiyim kimi ağıl qoya bilərəm, lakin əvvəl öz mövqeyimi möhkəmlətməli və əmimi hakimiyyətdən salan mınfur adamlardan yaxa qurtarmalıyam".

Doğrudan da sultan düşündüyü kimi hərəkət etdi. Konstitusiyanın yaradıcısı Midhət paşa yalançı ittiham əsasında təqsirləndirilərək ömürlük katorqa cəzasına məhkum edilib Ərəbistana sürgün olundu və 1883-cü ildə orada onu boğub öldürdülər. Namiq Kamal Mitilen adasına sürgün edildi və 1883-cü ildə orada öldü. Konstitusiyaçıların bir hissəsi Misirə və Qərbi Avropaya qaçıb özlərini xilas etdilər.

Sultan və onun ətrafındakılar xalqın itaətkar olmasını təmin etmək üçün xalqı cəhalətdə boğur və xarici aləmlə əlaqə saxlamağa qoymurdu. Təhsil almış zabitlər ordudan qovulmuş, savadsız, lakin sultana sədaqətli olan kiçik zabitlərlə əvəz edilmişdi. Ölkə casuslarla dolmuşdu və onların məlumatını hər gün sultan şəxsən özü oxuyurdu. Satqınlıq hökm sürürdü.

II Əbdülhəmid qanlı idarə üsulunun sinfi dayağı feodallar və yarımfeodal mülkədarlar, kürd qəbilə başçıları, ruhanilər, irticaçı zabitlər, yüksəkrütbəli əyanlar və başqaları idi. Vəzifəli şəxslər əsasən qeyri türklər idi. Çünki qeyri terklər üçün vətən anlayışı o qədər də önəmli deyildi.

Bütün becərilən sahələrin 2/3 hissəsi mülkədarların ixtiyarında idi. Ruhanilərin də çoxlu torpaq sahələri (vəqf torpaqları) var idi. Kəndlilər əvvəlki kimi yenə də mülkədar torpaqlarını yardarlıq şərti ilə becərirdilər. Mülkədarlar, sələmçilər, vergi iltizamçıları, məmurlar kəndliləri soyub talayır, onlara kənd təsərrüfatını inkişaf etdirmək imkanı vermir və hər hansı bir təşəbbüsü boğurdular. Türkiyənin şərq rayonlarında tam mənada feodal münaisbətləri hələ də qalmaqda idi. Ölkənin şərq və cənub-qərb vilayətlərində maldar kürd və türk qəbilələri köçəri və yarımköçəri həyat keçirməkdə idi.

Hələ də geniş yayılmış olan sənətkarlıqda və xırda əmtəə sənayesində sex şəklində feodal qalıqları var idi.

XX əsrin əvvəllərində Osmanlı imperiyası əhalisinin əksəriyyətini edən türk millətlərin əsarətli vəziyyətdə olması Türkiyənin tərəqqisi yolunda ən böyük maneələrdən biri idi. İmperiya ərazisində təxminən 8 milyon ərəb, 1,5 milyon erməni, 3 milyon yunan, 1,5 milyon kürd, 1 milyondan artıq alban, yüz minə qədər bolqar, serb və digər slavyan millətlərindən olan şəxslər, lazlar (gürcü qəbilələri), yəhudilər və başqaları yaşayırdılar. Türk olmayan xalqlar, xüsusilə yunanlar ölkənin kənd təsərrüfatında, xüsusilə heyvandarlıqda, sənayesində, ticarətində, maliyyə işlərində və digər gəlir gətirən sahələrdə çalışırdılar.

Osmanlı imperiyasında milli məsələ hələ də problem olaraq qalmaqda idi. Xüsusilə qarışıq əhalisi olan bəzi vilayətlərdə, misal üçün, Makedoniyada və Şərqi Anadoluda, milli məsələ kəskin şəkil alıb nəinki mühüm daxili siyasi, həmçinin beynəlxalq problem səviyyəsinə qaldırıldı.

Xristian məzhəbli məzlum xalqlar milli azadlıq uğrunda bu və ya başqa şəkildə öz mübarizəsini davam etdirirdilər. Bütün dünyanın mütərəqqi ictimaiyyəti onların bu mübarizəsinə rəğbət göstərirdi. Bu xalqları itaətdə saxlamaq üçün sultan hökuməti "parçala və hökmranlıq et" prinsipi ilə hərəkət edirdi. Sultan hökuməti türklərlə türk olmayanlar, müsəlmanlarla müsəlman olmayanlar arasında, həmçinin ayrı-ayrı məzlum xalqlar arasında milli və dini nifaq salırdı. 1894-1896-cı illərdə bütün Türkiyədə, xüsusilə Şərqi Anadoluda və hətta İstanbulun özündə milli münaqişələr baş verdi. Bu münaqişələr zamanı 300 minə qədər ölən və yaralanan oldu. Sultan hökumətinin saldığı milli nifaq nəticəsində Makedoniyada çoxlu adam tələf olmuşdu.

Sultanın milli zülm siyasətindən hamı, çox isə türk olmayan millətlərin geniş zəhmətkeş kütlələri əzab çəkirdilər. Mülkədarlara və burjuaziyaya gəlincə qeyd etmək lazımdır ki, onlar hakim dairələrlə dil taparaq bir sıra hallarda xarici dövlətlərin himayəsi altına keçir və Osmanlı imperiyasında onların siyasəti alətinə çevrilirdilər. Mülkədarlar içərisində, xüsusilə vergi iltizamçıları və sələmçilər, həmçinin xarici kapitalistlərlə əlaqədar və onlardan asılı olan tacirlər içərisində çoxlu erməni və yunan var idi. Bundan istifadə edərək sultan hökuməti dairələri türklərin, kürdlərin və müsəlman kütlələrinin geridə qalmış təbəqələrini yunanların üzərinə qaldırmağa çalışırdı.

Milli məsələdə Türkiyənin hakim dairələrinin irticaçı siyasəti Osmanlı imperiyasının məzlum xalqlarına nəinki dinc yaşayıb çalışmaq imkanı vermirdi, həm də yüz minlərlə adamın və bir çox nəsillərin, xüsusilə gənclərin mənəvi cəhətdən məhvinə səbəb olurdu.

Türkiyənin inkişafına mane olan feodalizm qalıqları, yalnız iqtisadi tərəqqi nəticəsində yaranan yeni mütərəqqi sinfi qüvvələr tərəfindən məhv edilə bilərdi. Lakin Türkiyənin iqtisadi inkişafı, birinci növbədə onun imperialist dövlətlərdən asılı olması nəticəsində ləngiyirdi. Həm də imperialist dövlətlər özləri üçün əlverişli olan sultan idarə üsulunu müdafiə edirdilər. Məhz buna görə də imperializm Türkiyənin ictimai inkişafı yolunda başlıca maneə idi. Sultan-feodal idarə üsulunu məhv etmək üçün mütləq ölkəni imperialist əsarətindən xilas etmək və əksinə, Türkiyə üzərindəki imperialist əsarətini ləğv etmək üçün mütləq feodal idarə üsulunu aradan qaldırmaq lazım idi. XIX əsrin axırı və XX əsrin əvvəllərində Türkiyədə meydana çıxan əsas problemin məzmunu bundan ibarət idi. Sultanın despotik idarə üsulundan bezmiş xalq, xüsusilə gənc türklər Avropaya ona görə meyl edirdilər ki, onlar da Avropa qaydasında yaşamaq istəyirdilər.

XIX əsrin sonu, XX əsrin əvvəllərində dünya kapitalizm sistemində ziddiyyətlərin antoqonizmə çevrilməsi prosesi sürətləndi. Geridə qalmış ölkələri özünə tabe edən xarici kapital eyni zamanda həmin ölkələrdə xarici kapitalın zülmünə qarşı mübarizə üçün maddi zəmin yaradırdı. Kapitalizmin inkişafına xas olan həlledilməz ziddiyyətlər bundan ibarət id: "Əvvəla kapitalizm Asiyanı oyadaraq orada da hər yerdə milli azadlıq hərəkatlarına səbəb olmuşdur"1. Müstəmləkələrdə və yarımmüstəmləkələrdə xarici kapital yeni imperialist müharibəsi hazırlamaqda idi. Dünyanın bölüşdürülməsi üçün hərbi blokların yaradılması üçün layihələr hazırlanırdı.

İmperialist kapitalı əsarət altına almış olduğu ölkələrdə yaradıcı fəaliyyətindən daha çox dağıdıcı fəaliyyət göstərirdi. Buna baxmayaraq xarici kapitalın az da olsa yaradıcı fəaliyyəti nəticəsində meydana gələn yeni ictimai qüvvələr öz ölkəsinin mütərəqqi inkişafı uğrunda mübarizə aparmağa başladılar.

Artıq imperializm mərhələsinin əvvəllərində Türkiyəni öz yarımmüstəmləkəsinə çevirmiş olan xarici kapital Türkiyə iqtisadiyyatında böyük dağıntılar törədərək onun inkişafını olduqca ləngidirdi. Bununla belə Türkiyə iqtisadiyyatında bəzi mütərəqqi təmayüllər də meydana gəlməyə başlamışdı. Birinci növbədə əmək bölgüsünün artması nəzərə çarpırdı. XIX əsrin axırları XX əsrin əvvəllərində Türkiyə iri imperialist dövlətlərin aqrar-xammal bazasına çevrilmişdi. Lakin xarici kapitalın bu dağıdıcı fəaliyyəti ilə yanaşı texniki bitkilərin istehsalı da inkişaf edirdi. Misal üçün, 1884-cü ildən 1903-cü ilədək tütün əkinlərinin sahəsi 3,3 dəfə artmış, pambıq və digər strateji bitkilərin əkilməsi, becərilməsi və yığılması 32 dəfə çoxalmışdı.

Nəticədə kənd təsərrüfatında əmək bölgüsünün artması, kənd təsərrüfatının dünya əmtəə dövriyyəsinə cəlb edilməsi, kapitalist əlaqələrinin kənd təsərrüfatına sirayət etməsi kənddə sinfi təbəqələşmənin qüvvətlənməsinə səbəb oldu. Təbii olaraq təbəqələşmənin mahiyyətinə uyğun olaraq on minlərlə kəndli müflisləşdi. Bir tərəfdən kapitalistlər, mülkədarlar və qolçomaqların simasında kənd burjuaziyası, digər tərəfdən də müasir kənd təsərrüfatı proletariatı təşəkkül tapmağa başladı.

Türkiyə şəhərlərində də mühüm proseslər başlanmışdı. Xarici malların idxalatı, yerli sənayenin tənəzzülünə səbəb oldu. Lakin bununla yanaşı xarici kapitalistlər öz xüsusi mənafeləri üçün Türkiyədə fabriklər, zavodlar, şaxtalar tikməyə başlamışdılar.

Dəmir yolların çəkilməsi ölkənin iqtisadiyyatına xüsusilə böyük təsir göstərirdi. Xarici kapitalistlər yalnız öz təmənnalı mənafeləri üçün dəmir yollarını çəkirdi. Bununla bərabər dəmir yolları çəkilən rayonlarda kənd təsərrüfatı sürətlə inkişaf etməyə başladı və sinfi təbəqələşmə artdı. Sonra dəmir yollarına xidmət göstərmək üçün vaqon və parovoz depoları, emalatxanaları tikilirdi. Yanacağa tələbatın artması nəticəsində Zonquldağ hövzəsində kömür çıxarılması çoxaldı Xatırladaq ki, burada kömür çıxarılması artaraq 1880-ci ildəki 80 min tondan 1908-ci ildə 600 min tona çatmışdır. Ticarətin artması limanlar tikilməsinə səbəb oldu. Nəticədə sahil şəhərlərinin əhalisi xeyli artdı.

Ticarətin inkişafı və sənayenin bir qədər də təkmilləşdirilməsi şəhərlərdə yeni siniflərin, bir tərəfdən ticarət və xeyli az miqdarda sənaye burjuaziyasının, digər tərəfdən də şəhər proletariatının, xüsusilə fabrik-zavod proletariatının yaranmasına səbəb oldu.

Türkiyədə təşəkkül tapmağa başlayan burjua təbəqələrinin özünə məxsus xüsusiyyətləri var idi. Ticarət burjuaziyasının ən nüfuzlu hissəsi xarici bazarla bağlı olub xarici kapitaldan asılı idi (komprador burjuaziya idi). Burjuaziyanın digər hissəsi isə daha çox daxili bazarla əlaqədar idi. Komprador burjuaziya başlıca olaraq türk olmayan millətlərin nümayəndələrindən, yunanlardan, ermənilərdən, yəhudilərdən və başqalarından ibarət idi. Hakim mövqe tutan xarici fabrikantlar nəzərə alınmazsa sənaye burjuaziyası zəif idi. Sənaye burjuaziyasının da çox hissəsi türk olmayan millətlərin nümayəndələrindən ibarət idi.

Bu dövrdə təşəkkül tapmaqda olan Türkiyə proletariatı çoxmillətli proletariat idi. Bununla bərabər ixtisaslı fəhlələr içərisində türk olmayan millətlərin nümayəndələri çoxluq təşkil edirdilər.

XIX əsrin axırları, XX əsrin əvvəllərində burjua ziyalıları təbəqəsi də artmışdı. Müəllimlərin, həkimlərin, vəkillərin, texniklərin, müxtəlif şirkətlərdə işləyən qulluqçuların, yazıçıların, jurnalistlərin, məmurların, zabitlərin sayı çoxalmışdı. Sərbəst peşə sahiblərinin əksəriyyəti türk olmayan millətlərdən idi. Məmurların böyük əksəriyyəti və zabitlərin hamısı isə türklərdən ibarət idi.

Digər ölkələrdə, yəni imperialist dövlətlərin təsir dairəsinə düşmüş dövlətlərdə olduğu kimi, Türkiyədə də imperialistlər və hakim sultan dairələri tərəfindən qızışdırılan və istifadə edilən milli ziddiyyətlər və milli münaqişələr bütün antiimperialist və antifeodal qüvvələrin birləşməsinə mane olurdu. Bütün bunlara baxmayarq birinci növbədə öz sinfi mənafeyi ilə əlaqədar olaraq hərəkətə gələn bütün millətlərin nümayəndələri irticaçı Əbdülhəmid rejimi əleyhinə mübarizəyə başlayırdı. Türkiyənin də oyanması milli qurtuluş uğrunda cihad günü yaxınlaşmaqda idi.


Türkiyədə milli oyanış.

Əbdülhəmid rejiminə qarşı mübarizə məqsədilə hələ 1889-cu ildə hərbi-tibb məktəbinin beş nəfər tələbəsi İstanbulda "İttihadi Osmaniyyə" ("Osmanlıların birliyi") adlı gizli siyasi cəmiyyət yaratmışdı. Türkiyənin mütərəqqi xadimi Əhməd Rza bəy yenə də bu məqsədlə həmin il Parisdə "Məşvərət" qəzeti buraxmağa başladı və öz həmfikirlərindən ibarət bir qrup yaratdı. Az sonra İstanbul cəmiyyəti ilə Paris qrupu arasında əlaqə yarandı. İstanbul cəmiyyətinin adı dəyişdirilib "İttihad və tərəqqi" cəmiyyəti adlandırıldı. Bu cəmiyyət Türkiyənin mülki və hərbi ali məktəblərində dərin kök salmışdı. Cenevrədə, Qahirədə və Türkiyədən xaricdə olan başqa mərkəzlərdə də belə cəmiyyətlər meydana çıxmışdı. Həmin cəmiyyətlərin öz qəzetləri var idi. II Əbdülhəmidin düşmənlərinə, yəni siyasi rəqiblərinə əvvəllər xaricdə, sonralar isə Türkiyənin özündə də gənc türklər deyirdilər. Gənc türklərin xaricdə nəşr etdiyi çoxlu mətbuat, vərəqə və kitabçalar gizli halda Türkiyəyə gətirilib yayılırdı. Gənc türklərin əsas tələbi 1876-cı il konstitusiyasının bərpa edilməsi idi.

İstanbulda olan dövlət hərbi zavodunun fəhlələri də nəhayət 1895-ci ildə gizli fəaliyyət göstərən "Osmanlı fəhlə cəmiyyətini" yaratdılar. Bir il sonra cəmiyyət hökumət tərəfindən qadağan edildi.

Artıq xeyli siyasi təcrübə toplayan "Gənc türklər" 1902-ci ildə Parisdə özlərinin birinci qurultayını çağırdılar. Qurultayda gənc türklər arasında təfriqə düşdü. "Ədəme mərkəziyyət və xüsusi təşəbbüs cəmiyyəti" yarandı. Cəmiyyət belə hesab edirdi ki, Osmanlı imperiyasının süqutunun qarşısını almaq üçün xarici dövlətlərin yardımına arxalanmaq və imperiyanı federativ əsaslar üzərində təşkil etmək lazımdır.

Gənc türklər hərəkatı ilə yanaşı məzlum xalqlar içərisində milli-azadlıq hərəkatı da inkişaf edirdi. Ərəblər və yunanlar içərisində, həmçinin Makedoniyada hərəkat xüsusilə güclü idi. 1903-cü ildə Makedoniyada güclü üsyan baş verdi, lakin türk qoşunları bu üsyanı qəddarlıqla yatırtdı. Rusiya və Avstriya-Macarıstan öz aralarında razılığa gəldilər ki, həmin üsyandan Makedoniyanın işlərinə müdaxilə üçün bir bəhanə kimi istifadə etsinlər.

Gənc türklər hərəkatı ilə məzlum xalqların milli-azadlıq hərəkatı arasında əlaqə olmaması Əbdülhəmidin qanlı idarə üsuluna qarşı mübarizə işinə böyük ziyan vururdu. Sultan hökumət orqanlarının təqibləri nəticəsində 1903-cü ildən sonra Türkiyədə inqilabi fəaliyyət zəiflədi.

Türkiyədə inqilabi hərəkatın inkiaşfında yeni mərhələ Rusiyada 1905-ci il inqilabının ona verdiyi təkan nəticəsində yenidən başlandı. Rusiya zəhmətkeşləri çar mütləqiyyətinə qarşı öz mübarizəsi ilə başqa ölkələrin, o cümlədən Türkiyənin xalqlarına nümunə göstərirdilər. Türkiyədə zülmə və zalımlara qarşı mübarizə gücləndi.

Türkiyədə inqilabi mübarizəsinin yeni mərhələsinin xarakter xüsusiyyəti bir sıra şəhərlərin, xüsusilə Şərqi Anadolu şəhərlərinin geniş zəhmətkeş kütlələrinin mübarizəyə qoşulmasında və ətraf rayonların kəndlilərinin onlara yardım göstərməsində idi. 1906-1907-ci illərdə Ərzurumda, Trabzonda, Kastamonuda, Samsonda, Vanda, Bitlisdə, Diyarbəkirdə, həmçinin Dəməşqdə və başqa şəhərlərdə əhali yerli hökumət orqanlarına qarşı üsyan qaldırır, çox zaman onları qovur, bəzi vergilərin ləğv edilməsinə nail olurdu. Hərəkatı yatırmaq üçün çağırılan qoşun hissələri xalqa atəş açmaqdan boyun qaçırırdı. Hərəkatda türklər, yunanlar, ermənilər birlikdə iştirak edirdilər. Xırda burjua təşkilatı olan "Müsəlman federasiyası" və "Can verir" cəmiyyəti hərəkatda böyük rol oynayırdılar.

Ordu və donanmada da iğtişaşlar başlanmışdı. Əsgərlər və matroslar əsasən kəndlilərdən olduğundan onların hərəkatı xeyli dərəcədə kəndli hərəkatının bir növü idi.

Rusiyadakı 1905-ci il inqilabı Osmanlı imperiyasının çoxmillətli ziyalılarına, o cümlədən türk ziyalılarına, ən başlıcası türk gənclərinə böyük inqilabiləşdirici təsir göstərdi.

Gənc türk məsləkli bəzi qəzetlər rus inqilabından nümunə götürməyə çağırırdı və azadlığın əldə olunmasında ümumxalq birliyinin zəruriliyini göstərirdi.

Rusiyada edam olunmuş rus inqilabçısı leytenant Şmidtin bacısına Türkiyə ordusu və donanmasının 28 zabitinin yazdığı məktub 1905-ci il inqilabının təsirinə parlaq nümunə idi. Həmin məktubda onun müəllifləri Şmidtə and içirdilər ki, "bir çox ən yaxşı vətəndaşlarımızın mübarizə aparıb həlak olduğu amal uğrunda, müqəddəs vətəndaş azadlıqları uğrunda son damla qanımız qalanadək mübarizə aparacağıq. Bir də buna and içirik ki, bütün vasitələrlə çalışıb Türkiyə xalqını Rusiyadakı hadisələrlə tanış edəcəyik ki, əlbir olub özümüzə insan kimi yaşamaq hüququ əldə edək... "

Belə bir şəraitdə, yəni yeni inqilabi yüksəliş dövründə Əbdülhəmid və onun dəstəsi 1905-ci il inqilabının Türkiyəyə təsirindən son dərəcə qorxuya düşmüşdülər.

İnqilabi əhvali-ruhiyyəli ziyalıların çoxlu nümayəndələri gənc türklərin gizli təşkilatlarına daxil olmağa başlamışdı. O zaman gənc zabit olan 1919-1923-cü illərdə Türkiyədə milli-burjua inqilabının gələcək rəhbəri Mustafa Kamal "Vətən" adlı vətənpərvər bir təşkilat yaratmışdı. Çox çəkmədi ki, həmin təşkilat gənc türklər təşkilatı ilə birləşdi. Bununla da milli-azadlıq hərəkatı daha da canlandı.

Türkiyədəki inqilabi yüksəliş gənc türklərin rəhbərlərini öz taktikasını dəyişdirməyə vadar etdi. Paytaxta yaxın olmaq üçün onlar öz mərkəzini Parisdən Salonikə köçürdü, nisbətən radikal proqram hazırlandı və məzlum millətlərin təşkilatları ilə, o cümlədən yunan, serb və makedon təşkilatları ilə yaxınlaşmağa başladılar. Gənc türklərin rəhbərləri sultan Əbdülhəmidin qanlı idarə üsuluna qarşı mübarizə aparan bütün qüvvələri birləşdirmək üçün tədbirlər görməyə başladılar.

1907-ci ildə Parisdə birləşdirici qurultay oldu. Qurultay mübarizə proqramı hazırlayaraq sultan Əbdülhəmidin istibdad rejimini devirmək üçün əsas mübarizə vasitəsi olan silahlı üsyan hazırlamağı irəli sürdü.


Yüklə 42,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin